Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında


Relizin Tarixi: 17.08.2011

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin yaradılması haqqında

Qərar № 90

Bakı şəhəri, 5 iyun 2002-ci il

«Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanının 1-ci bəndinin beşinci abzasının icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi yaradılsın.

2. «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Əsasnaməsi və strukturu» təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilsin.

4. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 375) («LegalActs» LLC).

28 fevral 2007-ci il tarixli, 42 nömrəli; 30 yanvar 2008-ci il tarixli, 19 nömrəli; 17 avqust 2011-ci il tarixli, 137 nömrəli Qərarlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 5 iyun tarixli
90 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin
Əsasnaməsi

1. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzi (bundan sonra—Mərkəz) «Dövlət vergi orqanlarında xidmət haqqında» Əsasnamənin təsdiq edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyul tarixli 539 nömrəli Fərmanına əsasən yaradılmışdır.

1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarına, Azərbaycan Respublikası Vergilər Nazirliyinin müvafiq normativ-hüquqi aktlarına, bu Əsasnaməyə müvafiq fəaliyyət göstərən, habelə digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarını və elmi-metodik tövsiyələrini rəhbər tutan ixtisasartırma və yenidən hazırlama tədris müəssisəsi statusu elm və təhsil ocağıdır.

1.3. Mərkəz dövlət vergi orqanlarının (bundan sonra—vergi orqanları) vəzifəli şəxslərinin peşə hazırlığının təkmilləşdirilməsini və ixtisaslarının artırılmasını, habelə vergi siyasətinə dair elmi tədqiqatların aparılmasını təmin edir.

1.4. Mərkəzin fəaliyyətinin əsas istiqamətləri aşağıdakılardır:

    • yerli vergi orqanlarının vəzifəli şəxslərinin peşə hazırlığı, yenidən hazırlanması və ixtisaslarının artırılması;
    • vergi orqanlarında kadr siyasətinə dair təkliflərin işlənib hazırlanması;
    • vergi sisteminin formalaşdırılması, inkişafı və hüquqi təminatına dair elmi tədqiqatların aparılması.

1.5. Mərkəz hüquqi şəxsdir, əmlaka, müstəqil balansa, xəzinə hesablarına malikdir, öz adından müqavilələr bağlaya bilər, əmlak və qeyri-əmlak hüquqları əldə edə və qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq öhdəliklər daşıya bilər.

Mərkəzin Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı olan möhürü, müvafiq ştampı və habelə müəyyən olunmuş nümunəvi blankları vardır.

1.6. Mərkəzə verilmiş əmlak dövlət mülkiyyətidir. Mərkəz fəaliyyətinin həyata keçirilməsi üçün ona idarəetmə hüquqları ilə verilmiş əmlaka və bu əmlakdan təhsil müəssisələri üçün müəyyən edilmiş istifadə hüququna malikdir.

1.7. Mərkəz Şamaxı rayonunda yerləşir.

2. Mərkəzin əsas vəzifələri və funksiyaları

2.1. Öz fəaliyyətinin əsas istiqamətlərinə uyğun olaraq Mərkəz aşağıdakı vəzifələri yerinə yetirir:

    • vergi orqanlarının vəzifəli şəxslərinin (bundan sonra—Mərkəzin dinləyiciləri) peşə hazırlığının təkmilləşdirilməsini, yenidən hazırlanmasını və ixtisaslarının artırılmasını həyata keçirir;
    • Azərbaycan Respublikasının iqtisadi maraqlarının qorunmasını təmin etmək məqsədi ilə vergi sisteminin təkmilləşdirilməsi və vergi orqanlarının müasir metodoloji bazasının yaradılması sahəsində elmi tədqiqatlar aparır;
    • Mərkəzin dinləyicilərinin vergilərin müxtəlif sahələri üzrə əvvəllər qazanılmış biliklərinin, habelə mövcud qanunvericiliyə edilən dəyişiklik və əlavələr üzrə biliklərinin elmi, nəzəri və praktiki baxımdan təkmilləşdirilməsini təmin edir;
    • təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirir, bunun əsasında onların sonrakı istifadəsi üzrə tövsiyələr hazırlayır;
    • tədris planlarını işləyib hazırlayır və təsdiq edilmək üçün Azərbaycan Respublikasının vergilər nazirinə təqdim edir;
    • tədris prosesini yüksək səviyyədə, mövcud standartlara uyğun təşkil edir;
    • tədris, elmi-tədqiqat işləri və digər fəaliyyətlərin planlaşdırılmasını və təşkilini həyata keçirir;
    • vergi orqanlarının təcrübəsinin dərindən öyrənilməsini təşkil edir;
    • dinləyicilərin ixtisasının artırılması sahəsində tələbatları öyrənir və buna müvafiq təkliflər hazırlayır;
    • əməli fəaliyyət prosesində müasir elmi-texniki informasiyadan və vasitələrdən səmərəli istifadəni təmin edir;
    • təlimin keyfiyyətini yaxşılaşdırır, əldə edilən bilikləri və vərdişləri konkret məsələlərin praktiki həllinə istiqamətləndirir;
    • öz profili üzrə elmi iclaslar, tədris və metodik konfranslar, seminarlar və yığıncaqlar keçirir;
    • digər ixtisasartırma müəssisələri və elmi-tədqiqat təşkilatları ilə əməkdaşlığı həyata keçirir;
    • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olan digər vəzifələri həyata keçirir.

3. Mərkəzin strukturu və idarə edilməsi

3.1. Mərkəzin strukturu, işçilərin say həddi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

Mərkəzin strukturuna bunlar daxildir: İqtisadiyyat və menecment kafedrası; Vergi metodologiyası kafedrası və Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrası, elmi-tədqiqat bölməsi, tədris və metodika şöbəsi, maliyyə və təsərrüfat şöbəsi, mühasibat və hüquqi şəxs statusu olmayan digər köməkçi bölmələir.

Mərkəzin göstərilən şöbələri və bölmələri Mərkəzin Elmi Şurasının təqdimatı ilə Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən yaradılır, yenidən təşkil olunur və ləğv edilir. Onların fəaliyyəti Azərbaycan Respublikasının vergilər naziri tərəfindən təsdiq olunan əsasnamələrlə həyata keçirilir.

3.2. Mərkəzə ümumi rəhbərliyi Mərkəzin rəisi, o olmayanda müavinlərdən biri həyata keçirir.

Rəis Azərbaycan Respublikasının vergilər naziri tərəfindən təyin olunur.

Mərkəzin rəisinin birinci müavini, təhsil və elmi tədqiqat və maliyyə-təsərrüfat sahələri üzrə rəis müavinləri və digər vəzifəli şəxslər Mərkəzin rəisinin təqdimatına əsasən Azərbaycan Respublikasının vergilər naziri tərəfindən təyin olunurlar..

3.3. Mərkəzin rəisi;

    • bütün dövlət orqanlarında, idarələrində və təşkilatlarında Mərkəzi təmsil edir;
    • öz səlahiyyətləri çərçivəsində Mərkəzin maliyyə fəaliyyətinə dair məsələləri həyata keçirir;
    • Mərkəzin bütün işçilərinin və dinləyicilərinin icra etməli olduğu əmr və sərəncamlar verir;
    • Mərkəzin vəzifəli şəxslərindən başqa digər işçiləri ilə əmək müqaviləsi bağlayır və onu ləğv edir;
    • qanunvericiliyə uyğun olaraq tədris yükünün miqdarını müəyyən edir;
    • aylıq tarif stavkalarını təsdiq edir;
    • Mərkəzin işçilərinin əmək haqqının ödənilməsini və onların mükafatlandırılmasını təşkil edir;
    • Elmi-tədqiqat işlərinin yerinə yetirilməsi və digər işlər üçün ödənilməli olan haqqın məbləğini müəyyən edir;
    • Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq digər hüquq və vəzifələri həyata keçirir.

3.4. Azərbaycan Respublikası vergilər nazirinin əmrinə əsasən Mərkəzin fəaliyyətinin əsas məsələlərinə baxılması üçün rəisin rəhbərliyi ilə Mərkəzin Elmi Şurası yaradılır.

Mərkəzin Elmi Şurasının tərkibinə rəis, onun müavinləri, kafedra müdirləri, elmi-tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin rəhbərləri, Mərkəzin bölmə və şöbələrindən seçilmiş aparıcı alim və işçilər, habelə digər təhsil və elm müəssisələrinin aparıcı alimləri daxildir.

Mərkəzin Elmi Şurası:

    • tədris, tədris-metodik, elmi-tədqiqat işinin aparılmasına, kadrların ixtisasının artırılması məsələlərinə rəhbərlik edir;
    • kafedra müdirlərini seçir;
    • Mərkəzin kafedralarının, elmi-tədqiqat bölməsinin, tədris və metodika şöbəsinin, maliyyə və təsərrüfat şöbəsinin və digər bölmələrinin yaradılması, yenidən təşkili və ləğv edilməsi barədə təqdimat verir;
    • Mərkəzin şöbə və bölmə rəhbərlərinin hesabatlarını dinləyir;
    • tədqiqatçılarla iş qaydasını müəyyən edir;
    • əlaqədar kafedraların, bölmə və şöbələrin iştirakı ilə işlənib hazırlanan elmi proqramları və ayrı-ayrı dinləyici qruplar üçün tədris planlarını təsdiq edir;
    • mərkəzin müəllimlərinə və əməkdaşlarına dosent və professor elmi adlarının verilməsi barədə təkliflər hazırlayır, onların dissertasiyalarının mövzularını və planlarını təsdiq edir, hazır olan dissertasiya işlərinin ilkin müzakirəsini həyata keçirir.

Mərkəzin Elmi Şurasının fəaliyyətinin əsas istiqamətləri Mərkəzin təqdimatına əsasən Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən təsdiq edilən «Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin Elmi Şurası haqqında Əsasnamə» ilə müəyyən edilir.

4. Mərkəzdə ixtisasların artırılması və kadrların yenidən hazırlanması

4.1. Vergi orqanlarının vəzifəli şəxslərinin mərkəzin dinləyicilərinin sırasına daxil edilməsi Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən həyata keçirilir.

4.2. Mərkəzdə qrupların komplektləşdirilməsi dinləyicilərin iş profili və vəzifəsi nəzərə alınmaqla aparılır. Bundan asılı olaraq Mərkəzdə müxtəlif təlim müddətli qruplar təşkil olunur, müvafiq tədris planları və proqramları işlənib hazırlanır.

4.3. Mərkəzdə dinləyicilərin təlim müddəti Azərbaycan Respublikasının Vergilər Nazirliyi tərəfindən müəyyən edilir.

4.4. Mərkəzdə təlimin forması, məzmunu və metodları tədris planlarına uyğun olaraq müəyyən edilir, hər bir kateqoriya dinləyicilər qrupuna uyğun dəqiqləşdirilir.

4.5. Mərkəzdə məşğələlərin aşağıdakı əsas növləri müəyyən edilir: mühafizə, seminar, təcrübə və səyyar məşğələ, konkret məsələlərin araşdırılması və s.

Məşğələlər elə qaydada təşkil edilir ki, nəzəri biliklər peşəkar vəzifələrin yaranmasına kömək edən təcrübi misallarla möhkəmləndirilsin. Təhsilin məqsədi nəzərə alınaraq təhsil vaxtı elə bölüşdürülür ki, onun böyük hissəsi təcrübi məşğələlərə və təhsilin aktiv formalarına düşsün.

4.6. Mərkəzin dinləyicilərinin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:

    • öz peşə və hüquqi biliklərini, işgüzar keyfiyyətlərini təkmilləşdirmək və ictimai-mədəni səviyyələrini artırmaq;
    • tədris planları və proqramlarında nəzərdə tutulmuş bütün təlim növlərini yerinə yetirmək;
    • ixtisasına uyğun olaraq zəruri və praktik əhəmiyyət kəsb edən problemlər üzrə buraxılış işi (referat) yazmaq;
    • tədris prosesinin təkmilləşdirilməsi və digər problemlər üzrə təkliflər vermək;
    • kabinetlərdən, auditoriyalardan, kitabxanalardan, oxu zalından, hesablama texnikasından və digər köməkçi tədris vasitələrindən istifadə etmək;
    • daxili intizam qaydalarına əməl etmək.

4.7. Mərkəzdə ixtisasını artıran və yenidən hazırlanan dinləyicilərin bilik səviyyələrinin qiymətləndirilməsi tərkibi Azərbaycan Respublikasının vergilər naziri tərəfindən təsdiq edilməklə yaradılan komissiyanın keçirdiyi məqbul və buraxılış imtahanları zamanı aparılır.

4.8. Mərkəzdə tədris planının tələblərini yerinə yetirən dinləyicilərə ixtisasın səviyyəsi barədə müvafiq şəhadətnamə verilir.

4.9. Mərkəzdə tədris planını yerinə yetirməyən, yaxud daxili intizam qaydalarını pozan dinləyicilər Azərbaycan Respublikasının vergilər nazirinə məlumat verilməklə Mərkəzin rəisinin əmrinə əsasən Mərkəzdən xaric edilirlər.

4.10. Mərkəzdə məşğələlər il ərzində davam etdirilir.

4.11. Mərkəzdə dinləyicilərin ixtisasının artırılmasına və yenidən hazırlanmasına dair təsdiq edilmiş tədris planına mane olmamaq şərtilə, Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırılmaqla müqavilə əsasında müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisasının artırılması üçün ödənişli əlavə qruplar yaradıla bilər.

Əlavə qruplarda dinləyicilərin təlim müddəti Mərkəzin Elmi Şurası tərəfindən müəyyən edilir.

5. Mərkəzdə elmi-tədqiqat işlərinin təşkili

5.1. Mərkəzdə elmi-tədqiqat işlərinin əsas vəzifələri aşağıdakılardır:

    • elm və elmi-texniki problemlərin həll edilməsində ixtisasartırma və yenidən hazırlanma sistemi kadrlarının elmi potensiallarından səmərəli istifadə etmək yolu ilə təlimin keyfiyyətini yüksəltmək;
    • professor-müəllim heyətinin ixtisas səviyyəsini artırmaq;
    • elmi-təqdiqat nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;
    • vergi orqanlarının kadrlarının ixtisasartırma problemlərinin elmi cəhətdən təkmilləşdirilməsi üzərində tədqiqatlar aparmaq, yeni ideyaları eksperiment qaydasında tətbiq etmək.

5.2. Həmin tədqiqatların və işlərin üstün istiqamətləri və mövzuları hər il Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəhbərliyi tərəfindən müəyyən edilir.

5.3. Mərkəz özünün elmi-pedaqoji kadrlarının hazırlanması və ixtisaslarının artırılmasını aşağıdakı və qanunvericiliklə nəzərdə tutulmuş başqa yollarla həyata keçirir:

    • aparıcı təhsil və elmi- tədqiqat idarə və təşkilatlarına, dövlət hakimiyyəti orqanlarına təcrübə keçmək üçün göndərilməsi;
    • mütəxəssislərin iştirakı ilə konfrans və seminarların təşkil edilməsi.

5.4. Mərkəz vergi orqanlarında kadr siyasəti problemləri üzrə araşdırmalar aparır, vergi orqanlarının kadrlarının təhsil sisteminin lazımi metodik və proqram-metodik təminatını işləyib hazırlayır.

5.5. Elmi-tədqiqat fəaliyyəti Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəhbərliyi ilə razılaşdırılmaqla və sonradan Mərkəzin Elmi Şurası tərəfindən təsdiq edilməklə perspektiv və cari elmi planlara uyğun olaraq həyata keçirilir.

5.6. Mərkəzdə elmi-tədqiqat işləri ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş qaydalarla və şərtlərlə kafedralarda, şöbələrdə həyata keçirilir.

6. Mərkəzin kollektivi

6.1. Mərkəzin kollektivinə professor-müəllim heyəti, elmi əməkdaşlar, inzibati, köməkçi və müqavilə üzrə işləyən digər şəxslər daxildir.

6.2. Əmək müqaviləsi bağlanmazdan əvvəl müəllim və elmi işçi əməkdaş vəzifələrinə namizədlərin müsabiqəsi keçirilir.

6.3. Mərkəzin bütün kateqoriyalı işçilərinin hüquq və vəzifələri Azərbaycan Respublikasının qanunvericiliyi, mərkəzin Əsasnaməsi, daxili intizam qaydaları, struktur bölmə və şöbələrinin əsasnamələri, vəzifə təlimatları və əmək müqavilələri ilə müəyyən olunur.

Mərkəzin professor-müəllim heyətinin hüquq və vəzifələri aşağıdakılardır:

    • tədris, elmi-metodiki və təlim işinin təkmilləşdirilməsi üzrə təkliflər işləyib hazırlamaq;
    • tədris prosesində hesablama texnikasından, laboratoriyalardan, kabinetlərdən, auditoriyalardan, oxu zalından, digər tədris və köməkçi bölmələrdən istifadə etmək;
    • sahə və idarələrarası, respublika, eləcə də beynəlxalq konfrans, simpozium, qurultay və iclaslarda iştirak etmək;
    • elmi tədqiqatlar aparmaq, əldə edilmiş nailiyyətlərdən tədris prosesində istifadə etmək;
    • dinləyicilərə müstəqil işin təşkilində kömək etmək, fərdi məsləhətlər vermək;
    • tədris prosesini yüksək səviyyədə qurmaq.

6.4. Mərkəzin işçilərinin sosial təminatı məsələləri qüvvədə olan qanunvericilik əsasında həll olunur.

7. Mərkəzin maliyyə-təsərrüfat fəaliyyəti

7.1. Mərkəz dövlət büdcəsinin vəsaitləri və dövlət vergi orqanlarının büdcədənkənar fondundan ayırmalar və Azərbaycan Respublikası Vergilər Nazirliyinin maddi həvəsləndirmə və inkişaf fondundan ayırmalar hesabına, habelə bağlanmış müqavilələr əsasında ödənişli əsaslarla müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisaslarının artırılmasından, həmçinin elmi-tədqiqat işlərindən əldə edilən vəsait hesabına və qanunvericiliyə zidd olmayan digər mənbələr hesabına maliyyələşdirilir.

7.2. Mərkəz ona fiziki və ya hüquqi şəxslər tərəfindən hədiyyə, ianə şəklində və ya vəsiyyətlə verilən pul vəsaitləri, əmlak və başqa mülkiyyət obyektləri, habelə Mərkəzin öz fəaliyyətindən götürülən gəlirlər hesabına əldə edilən mülkiyyət obyektləri üzərində istifadə hüququna malikdir.

Mərkəz yuxarıda göstərilən gəlirlərdən və mülkiyyət obyektlərindən tədris, elmi və maddi bazanın inkişaf etdirilməsi və öz fəaliyyəti ilə bağlı digər ehtiyaclar üçün istifadə edir.

7.3. Mərkəz öz fəaliyyətinin nəticələrinin operativ və mühasibat uçotunu aparır, Azərbaycan Respublikasının Vergilər Nazirliyinə statistik və mühasibat hesabatlarını təqdim edir.

7.4. Mərkəz bu Əsasnamədən irəli gələn səlahiyyətlər çərçivəsində müqavilələr bağlanması ilə əlaqədar məsələləri sərbəst həll edir.

8. Mərkəzin yenidən təşkili və ləğv edilməsi

Mərkəzin yenidən təşkili və ləğv edilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilir.


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 5 iyun tarixli
90 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikası Vergilər Nazirliyinin Tədris Mərkəzinin
Strukturu

Rəhbərlik

İqtisadiyyat və menecment kafedrası

Vergi metodologiyası kafedrası

Vergi qanunvericiliyi və təsərrüfat hüququ kafedrası

Elmi-tədqiqat bölməsi

Tədris və metodika şöbəsi

Maliyyə və təsərrüfat şöbəsi

Mühasibat


© LegalActs LLC