Bələdiyyələrin maliyyəsinin əsasları haqqında
Relizin Tarixi: 30.10.2018
Bələdiyyələrin maliyyəsinin əsasları haqqında
Azərbaycan Respublikasının Qanunu
Maddə 1. Qanunun təyinatı
Bu Qanun bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsinin prinsiplərini, yerli büdcə prosesinin əsaslarını və bu sahələrdə bələdiyyələrin səlahiyyətləri və onların müvafiq icra hakimiyyəti orqanları ilə qarşılıqlı münasibətlərini müəyyən edir.
Maddə 2. Bələdiyyələrin maliyyəsinin əsasları haqqında qanunvericilik
Bələdiyyələrin maliyyəsinin formalaşması və istifadəsi ilə əlaqədar yaranan münasibətlər Azərbaycan Respublikasının Konstitusiyası ilə, bu Qanunla, «Bələdiyyələrin statusu haqqında», «Büdcə sistemi haqqında», «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikasının qanunları və digər normativ hüquqi aktları ilə tənzimlənir.
Maddə 3. Bələdiyyə maliyyəsinin iqtisadi əsasları və formalaşması prinsipləri
1. Bələdiyyə maliyyəsinin iqtisadi əsaslarını bələdiyyə əmlakı, bələdiyyə torpaqları, yerli büdcə və büdcədənkənar fondlar, bələdiyyənin istehsal, xidmət və digər iqtisadi fəaliyyəti təşkil edir.
2. Bələdiyyənin maliyyə vəsaitinin formalaşması və istifadəsi özünüidarəetmə, müstəqillik, aşkarlıq və yerli mənafenin respublika mənafeyi ilə uzlaşması prinsiplərinə əsaslanır.
Maddə 4. Yerli büdcə
1. Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini reallaşdırmaq, Azərbaycan Respublikasının Konstitusiyası və qanunları ilə müəyyənləşdirilmiş bələdiyyə səlahiyyətlərini həyata keçirmək üçün formalaşan və istifadə olunan maliyyə vəsaiti.
Yerli büdcə bələdiyyə büdcəsi olub dövlət büdcəsinin tərkib hissəsi deyil.
2. Bələdiyyələrin qanunvericiliyə uyğun olaraq yerli büdcənin tənzimlənməsi prosesində dövlət büdcəsindən vəsait almaq hüququ vardır.
3. Yerli büdcənin tərtibi və icrası prosesində büdcə sisteminin qanunvericiliklə müəyyən edilmiş ümumi prinsipləri və Azərbaycan Respublikasında tətbiq olunan büdcə təsnifatından istifadə olunur.
4. Büdcə ili yanvarın 1-də başlanır və dekabrın 31-də qurtarır.
Maddə 5. Yerli büdcənin müstəqilliyi
1. Yerli büdcənin müstəqilliyi öz mədaxil mənbələrinin olması və bələdiyyənin yerli büdcə vəsaiti barədə sərəncam vermək müstəsna hüququ ilə təmin edilir.
2. Azərbaycan Respublikası qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrin büdcə fəaliyyətinə müdaxiləsinə, Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmuş hallar istisna olmaqla, yol verilmir.
3. Bələdiyyə yerli büdcənin maliyyə ilinin sonuna əmələ gəlmiş sərbəst qalıqlarına müstəqil sərəncam verir.
4. Bələdiyyə yerli büdcəni iqtisadi qanunların tələblərinə uyğun müstəqil olaraq tərtib, müzakirə, təsdiq, icra və onun icrasına nəzarət edir.
Maddə 6. Büdcələrarası və dövlət hakimiyyəti orqanları ilə münasibətlər
1. Yerli büdcələrin müstəqilliyinə dövlət zəmanət verir və onun öhdəliklərinə məsuliyyət daşımır. Dövlət zəmanəti aşağıdakılara əsaslanır:
1.1. investisiya və pul-kredit siyasəti əsasında istehsal və xidmət sferasının inkişafına şərait yaratmaq;
1.2. yerli sosial-iqtisadi inkişaf proqramlarını yerli büdcə gəlirləri hesabına maliyyələşdirmək mümkün olmadıqda, yerli büdcə kəsirini ödəmək üçün dövlət büdcəsinin imkanlarını nəzərə alaraq əlavə gəlir mənbələrinin müəyyən edilməsi və ya dövlət büdcəsindən dotasiya və subvensiyaların ayrılması.
2. Qanunvericilik və icra hakimiyyəti orqanları bələdiyyələrə əlavə səlahiyyətlər həvalə etdikdə, onları bu səlahiyyətlərin həyata keçirilməsi üçün zəruri maliyyə vəsaiti ilə təmin edirlər.
3. İcra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə uyğun, azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur.
4. Bələdiyyə qanunvericiliklə nəzərdə tutulmuş qaydada yerli büdcənin icrasına dair məlumatı statistika orqanlarına və müvafiq icra hakimiyyəti orqanına təqdim edir.
Maddə 7. Yerli büdcənin gəlirləri
1. Yerli büdcənin gəlirlərinə aşağıdakılar aid edilir:
1.1. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda fiziki şəxslərin torpaq vergisi;
1.2. fiziki şəxslərdən əmlak vergisi;
1.3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi;
1.4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlardan mənfəət vergisi;
1.5. bələdiyyə mülkiyyətində olan daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödəniş;
1.6. kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün rüsum, bələdiyyə yollarında təşkil edilmiş parklanma yerlərindən daxil olan vəsait və qanunla müəyyən edilən digər yerli ödənişlər;
1.7. Azərbaycan Respublikasının dövlət büdcəsindən verilən dotasiya, subvensiya və ssudalar;
1.8. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bələdiyyə əmlakının özəlləşdirilməsindən, icarəyə və istifadəyə verilməsindən gəlirlər, lotoreyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən digər gəlirlər;
1.9. fiziki və hüquqi şəxslərin, beynəlxalq təşkilatların və fondların maliyyə yardımları və qrantları;
1.10. dövlət əhəmiyyətli tədbirlərin və dövlət orqanlarının qərarları nəticəsində yaranan xərclərin ödənilməsi üçün maliyyə vəsaiti.
1.11. Yerli (bələdiyyə) vergilər və ödənişlərə görə qanunvericiliklə müəyyən edilmiş qaydada hesablanmış faiz və sanksiyalar.
2. Bu maddənin 1.1-1.4-cü, 1.6-cı yarımbəndlərində göstərilən yerli vergi və ödənişlərin hesablanması, ödənilməsi və güzəştlərin verilməsi qaydası, habelə dərəcələrinin aşağı və yuxarı həddi qanunla müəyyən edilir, tətbiqinin zəruriyyəti və konkret dərəcələri isə bələdiyyələrin qərarları ilə müəyyənləşdirilir.
Bu maddənin 1.5-ci yarımbəndində göstərilən bələdiyyə mülkiyyətində olan
daşınmaz əmlak üzərində reklam daşıyıcısının yerləşdirilməsi ilə bağlı ödənişin məbləği «Reklam haqqında» Azərbaycan Respublikası Qanununun 35-ci
maddəsinə əsasən müəyyən edilir. Bu maddənin 1.7-ci yarımbəndində göstərilən dövlət büdcəsindən yerli büdcələrə
ayrılan dotasiya və subvensiyalar «Büdcə sistemi haqqında» Azərbaycan
Respublikası Qanununun 32.2.2-ci və 34.4-cü maddələri ilə müəyyən edilmiş
qaydada verilir.
3. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada bələdiyyələr yerli əhəmiyyətli məsələlərin maliyyələşdirilməsi üçün bu maddənin 1.6-cı yarımbəndində göstərilən yerli ödənişlər, habelə könüllü birdəfəlik ödənişlər barədə qərarlar qəbul edə bilərlər. Könüllü birdəfəlik ödənişlər barədə qərarlar nəticəsində əldə olunan vəsait yalnız məqsədli təyinatı üzrə istifadə olunur.
Maddə 8. Yerli büdcələrin xərcləri
1. Yerli büdcələrin xərclərinin həcmi və istiqamətləri bələdiyyələr tərəfindən müəyyənləşdirilir.
2. Yerli büdcə bələdiyyənin idarəetmə xərcləri, sosial-məişət, yaşayış, mədəniyyət və idman obyektlərinin, habelə əhalinin ümumi istifadəsində olan küçə, həyət və bağların saxlanması xərcləri nəzərə alınmaqla bələdiyyələrin müəyyən etdiyi xərc normativləri əsasında formalaşdırılır.
Yerli büdcələrdə həmçinin yerli sosial müdafiə, sosial və iqtisadi inkişaf, habelə ekoloji proqramların maliyyələşdirilməsi üçün xərclər nəzərdə tutula bilər.
Bələdiyyələrin ərazisində qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə olunması, abadlaşdırılması və bələdiyyələrin ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məqsədi ilə yerli büdcədə zəruri xərclər nəzərdə tutulur və təyinatı üzrə sərf edilir.
Yerli büdcənin xərc istiqamətləri müəyyən edilərkən əməkhaqlarına ayırmalar ümumi büdcənin əlli faizindən çox ola bilməz.
Bələdiyyə büdcəsindən pul vəsaiti yalnız bələdiyyə iclasının qərarı ilə ayrılır və bu qərarda həmin vəsaitin təyinatı, məqsədi və dəqiq miqdarı göstərilməlidir.
3. Dövlət büdcəsindən dotasiya subvensiya və ssuda alan yerli büdcənin xərclərinin hesablanmasında tətbiq olunan normativlər dövlət büdcəsinin xərclərinin hesablanması üçün tətbiq olunan xərc normativlərindən yüksək ola bilməz.
4. Dotasiyanın yuxarı həddinin hesablanmasında bələdiyyənin ərazisində yaşayan əhalinin sayı və ölkənin maliyyə ehtiyatlarının formalaşmasında onun xüsusi çəkisi və digər amillər nəzərə alına bilər.
5. Əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün qanunvericilik və icra hakimiyyətləri tərəfindən ayrılan məqsədli vəsait, o cümlədən subvensiya hesabına xərclərin maliyyələşdirilməsi yerli büdcənin məxaric hissəsində ayrıca sətrlə göstərilir.
6. Xərclərinin öz gəlirləri ilə təmin olunmayan hissəsi (yerli büdcənin kəsiri) dövlət büdcəsindən alınan dotasiya ilə örtülə bilər.
Maddə 9. Yerli büdcənin tərtibi
1. Yerli büdcənin layihəsi bələdiyyə ərazisində fəaliyyət göstərən bələdiyyə müəssisələrinin və digər hüquqi şəxslərin, habelə fiziki şəxslərin təsərrüfat fəaliyyətinin qiymətləndirilməsi, sosial-iqtisadi proqnozlar və məqsədli proqramlar əsasında formalaşır.
2. Bələdiyyələr dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcə layihəsini tərtib edərkən müvafiq icra hakimiyyəti orqanına mayın 1-dək lazımi hesablamalar verirlər.
3. Yerli büdcə layihəsinin tərtibi prosesi növbəti büdcə ilinə 11 ay qalmış başlanır və büdcə layihəsinin bələdiyyə iclasına təqdim edildiyi günədək davam edir. Yerli büdcə layihəsinin tərtibinə və bələdiyyə iclasına təqdim edilməsinə bələdiyyə sədri cavabdehdir və bu məqsədlə o, bələdiyyənin daimi və başqa komissiyalarını, bələdiyyə qulluqçularını və mütəxəssisləri cəlb edə bilər.
Maddə 10. Yerli büdcənin müzakirəsi və təsdiqi
1. Növbəti büdcə ili üçün yerli büdcə haqqında qərar layihəsi müvafiq sənədlərlə birlikdə cari ilin oktyabr ayının 15-dən gec olmayaraq, bələdiyyə iclasının müzakirəsinə və təsdiqinə təqdim edilir. Yerli büdcənin layihəsi bələdiyyə iclasına təqdim edildiyi tarixdən 10 gün ərzində yerli əhalinin onunla tanış olması məqsədi ilə dərc edilir.
2. Növbəti büdcə ili üzrə yerli büdcənin layihəsi bələdiyyə iclasında cari ilin dekabr ayının 20-dən gec olmayaraq təsdiq edilir.
3. Növbəti maliyyə ili üçün dövlət büdcəsindən dotasiya nəzərdə tutulan yerli büdcənin layihəsi cari ilin dekabr ayının 25-dən gec olmayaraq bələdiyyənin qərarı şəklində təsdiq edilir.
4. Təsdiq edilmiş yerli büdcə bələdiyyənin qərarı ilə dəqiqləşdirilə bilər.
Maddə 11. Yerli büdcənin icrası
1. Bələdiyyər dövlət büdcəsindən alınmış məqsədli vəsaitlər istisna olmaqla, yerli büdcənin icrası prosesində mədaxil və məxaric maddələrində büdcə təsnifatı üzrə təsdiq edilmiş təxsisat həddində dəyişikliklər apara bilərlər.
2. Yerli büdcələrin icrası zamanı qəbul edilmiş öhdəliklər üzrə əməliyyatlar büdcə ili qurtardıqda başa çatır və istifadə olunmayan vəsait bələdiyyələrin sərəncamında qalır.
3. Bələdiyyələr öz nizamnaməsində müəyyən edilmiş qaydada yerli büdcənin icrası haqqında yarımillik və illik hesabatı bələdiyyə iclasına təqdim edir. Yarımillik maliyyə hesabatları hesabat dövründən sonrakı ayın 15-dək, illik maliyyə hesabatları növbəti ilin yanvarın 30-dək təqdim edilməlidir. Bələdiyyələr təqdim edilmiş maliyyə hesabatlarını bələdiyyə iclasının qərarı ilə 15 (on beş) gün müddətində təsdiq edirlər. Yerli əhalini tanış etmək məqsədilə bələdiyyələr illik hesabatı onlara elan, bülleten, vərəqə, yerli mətbuat, internet saytı və s. vasitələrlə çatdırırlar.
Maddə 12. Yerli büdcənin tarazlaşdırılması
Əgər bələdiyyə büdcəsinin icrası prosesində mədaxil mənbələri üzrə daxil olan vəsait azalarsa və bu, kəsrin son həddi aşmasına gətirib çıxararsa, məxaricin ixtisarı mexanizmi tətbiq edilə bilər. Məxaricin ixtisarı müdafiə olunmuş maddələr istisna olmaqla, büdcənin bütün maddələri üzrə məxaricin mütənasib surətdə azaldılmasından ibarətdir.
Maddə 13. Yerli büdcəyə nəzarət
1. Yerli büdcənin icrasına, o cümlədən sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna bələdiyyə nəzarət edir və bu məqsədlə ildə bir dəfədən az olmayaraq, müstəqil auditorları cəlb edir. Yerli əhalini tanış etmək məqsədi ilə auditin nəticələri onların bələdiyyəyə təqdim edildiyi gündən bir ay müddətinə bələdiyyə binasının qarşısında xüsusi lövhələrdə yerləşdirilir.
2. Qanunvericilik və icra hakimiyyəti orqanlarının bələdiyyələrə verdikləri səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitindən istifadəyə həmin orqanlar nəzarət edirlər.
Maddə 14. Bələdiyyələrin maliyyə-kredit və sığorta təşkilatları ilə qarşılıqlı əlaqəsi
1. Bələdiyyələr öz maliyyəsinin təşkili işini həm müvafiq bələdiyyə ərazisində, həm də onun hüdudlarından kənarda fəaliyyət göstərən Azərbaycan Respublikasının rezidenti olan kredit təşkilatları ilə qarşılıqlı əlaqədə yerinə yetirirlər.
2. Bələdiyyələrlə kredit və sığorta təşkilatları arasında qarşılıqlı münasibətlər müqavilə əsasında həyata keçirilir.
3. Bələdiyyələrin qanunvericiliklə müəyyən edilmiş qaydada:
3.1. özünün hesablaşma və kassa əməliyyatlarının aparılması üçün müvəkkil bankı seçmək və xəzinadarlığı yaratmaq və ya yerli büdcənin kassa icrasını qanunvericiliyə uyğun olaraq dövlət xəzinədarlığı vasitəsilə həyata keçirmək;
3.2. Azərbaycan Respublikasının rezidenti olan banklardan və digər kredit təşkilatlarından qısamüddətli və uzunmüddətli kreditlər almaq;
3.3. bələdiyyə mülkiyyətində olan obyektlərin, bələdiyyə qulluqçularının sığortalanması haqqında qərar qəbul etmək hüququ vardır.
4. Kredit təşkilatları qarşısında bələdiyyələrin öhdəlikləri üzrə dövlət məsuliyyət daşımır.
Maddə 15. Keçid müddəaları
Bələdiyyələrin vergi xidməti orqanları formalaşanadək bu Qanunun 7-ci maddəsinin 1-ci bəndində göstərilən vergi və ödənişlərin yığılması və yerli büdcələrə köçürülməsi bələdiyyələrin müraciəti əsasında bağlanılan müqavilə ilə dövlət vergi xidməti orqanları tərəfindən həyata keçirilir.
2000-ci ildə yerli büdcələrə dotasiyalar «Azərbaycan Respublikasının 2000-ci il dövlət büdcəsi haqqında» Qanunun 11-ci maddəsinə uyğun olaraq verilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 7 dekabr 1999-cu il
№ 772-IQ
«Azərbaycan» qəzetində dərc olunmuşdur (28 dekabr 1999-cu il, № 297) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 690) («LegalActs» LLC).
23 noyabr 2001-ci il tarixli, 219-IIQD nömrəli; 23 aprel 2002-ci il tarixli, 312-IIQD nömrəli; 9 mart 2004-cü il tarixli, 603-IIQD nömrəli; 30 dekabr 2004-cü il tarixli, 819-IIQD nömrəli; 23 oktyabr 2007-ci il tarixli, 466-IIIQD nömrəli; 12 fevral 2010-cu il tarixli, 954-IIIQD nömrəli; 25 oktyabr 2011-ci il tarixli, 216-IVQD nömrəli ; 16 dekabr 2014-cü il tarixli, 1146-IVQD nömrəli; 14 oktyabr 2016-cı il tarixli, 351-VQD nömrəli; 7 aprel 2017-ci il tarixli, 582-VQD nömrəli; 31 may 2017-ci il tarixli, 709-VQD nömrəli; 15 dekabr 2017-ci il tarixli, 951-VQD nömrəli; 1 oktyabr 2018-ci il tarixli, 1259-VQD nömrəli; 30 oktyabr 2018-ci il tarixli, 1309-VQD nömrəli Qanunlara əsasən əlavələr və dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC