Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə


Relizin Tarixi: 25.11.2013

Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasının Fəxri adları haqqında» Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 22 may tarixli 706 nömrəli Fərmanının tətbiqi ilə əlaqədar qərara alıram:

1. Azərbaycan Respublikasının Fəxri adları haqqında Əsasnamə təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində fəxri adların vəsiqələrinin nümunələrini və döş nişanlarının təsvirlərini və eskizlərini hazırlayıb Azərbaycan Respublikası Prezidentinin təsdiqinə təqdim etsin.

3. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 14 may 1999-cu il

№ 130

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 may 1999-cu il, № 114) («LegalActs»).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 may 1999-cu il, № 5, maddə 300) («LegalActs»).

4 iyul 2001-ci il tarixli, 530 nömrəli; 30 iyun 2002-ci il tarixli, 727 nömrəli; 23 oktyabr 2003-cü il tarixli, 939 nömrəli; 9 fevral 2004-cü il tarixli, 23 nömrəli; 31 oktyabr 2005-ci il tarixli, 306 nömrəli, 13 fevral 2006-cı il tarixli, 364 nömrəli; 3 may 2010-cu il tarixli, 259 nömrəli; 15 fevral 2011-ci il tarixli, 381 nömrəli; 6 iyul 2012-ci il tarixli, 674 nömrəli; 25 noyabr 2013-cü il tarixli 33 nömrəli Fərmanlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs»).


Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 14 may tarixli,
130 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının Fəxri adları haqqında
Əsasnamə

1. Azərbaycan Respublikasının fəxri adları mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, kənd təsərrüfatı, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə verilir.

Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir.

Azərbaycan Respublikasının fəxri adları digər ölkələrin vətəndaşlarına da verilə bilər.

2. Azərbaycan Respublikasının eyni fəxri adı bir şəxsə təkrar verilmir.

Azərbaycan Respublikasının bir fəxri adına layiq görülmüş şəxs, əmək fəaliyyətinin digər sahəsində xidmətlərinə görə müvafiq fəxri ad almağa — bu, fəxri adların verilməsi şərtlərinə zidd gəlmirsə, — təqdim edilə bilər.

3. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş şəxslərə Azərbaycan Respublikasının fəxri adının vəsiqəsi və döş nişanı təqdim olunur.

4. «Xalq yazıçısı» fəxri adı Azərbaycan ədəbiyyatının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə yazıçılara verilir.

«Xalq şairi» fəxri adı Azərbaycan poeziyasının inkişafında böyük xidmətlərinə, xalqın böyük rəğbətini qazanmış yüksək ideyalı və bədii cəhətdən dəyərli ədəbi əsərlər yaratmağa görə şairlərə verilir.

«Xalq artisti» fəxri adı müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli bədii obrazlar, tamaşalar, kinofilmlər və musiqi əsərləri yaratmağa, Azərbaycan incəsənətinin inkişafında kadrlar hazırlamaqda və tərbiyə etməkdə böyük xidmətlərinə görə əvvəllər əməkdar artist və ya əməkdar incəsənət xadimi adına layiq görülmüş teatr, filarmoniya, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına verilir.

«Xalq rəssamı» fəxri adı əvvəllər əməkdar rəssam fəxri adına layiq görülmüş rəngkarlara, heykəltaraşlara, qrafiklərə, dekorativ-tətbiqi sənət rəssamlarına, müstəsna dərəcədə dərin ideyalı və bədii cəhətdən yüksək ustalığa, görkəmli sənət əsərləri yaratmağa, Azərbaycan təsviri sənətinin inkişafında, kadrların hazırlanmasında və tərbiyə edilməsində böyük xidmətlərinə görə verilir.

«Xalq artisti» və «Xalq rəssamı» fəxri adları bir qayda olaraq müvafiq «Əməkdar» Fəxri adının verilməsindən 5 il keçdikdən sonra verilə bilər.

«Əməkdar elm xadimi» fəxri adı elmi-tədqiqat idarələrinin, ali təhsil müəssisələrinin və digər təşkilatların elmlər doktoru elmi dərəcəsi və professor adı olan, elm sahəsində azı on beş il işləmiş alimlərinə, elmi-praktik işçilərinə verilir.

«Əməkdar incəsənət xadimi» fəxri adı görkəmli, bədii cəhətdən yüksək musiqi, dramaturgiya əsərləri, habelə tamaşalar, kinofilmlər, sənət məsələlərinə dair elmi əsərlər yaradan və Azərbaycan incəsənətinin inkişafında kadrların hazırlanmasında və tərbiyə edilməsində xidmətləri olan bəstəkarlara, rejissorlara, dirijorlara, dramaturqlara, ssenaristlərə, kinooperatorlara, sənətşünaslara və ədəbiyyatşünaslara verilir.

«Əməkdar artist» fəxri adı mühüm bədii obrazlar, tamaşalar, kinofilmlər, musiqi əsərləri yaratmış teatr, kino, estrada, sirk, ansambl, kapella artistlərinə, rejissorlarına, orkestr və xor dirijorlarına, baletmeysterlərə, musiqi, xor, rəqs və digər kollektivlərin bədii rəhbərlərinə, musiqiçilərə, televiziya və radio verilişləri diktorlarına Azərbaycan incəsənətinin inkişafında xidmətlərinə görə verilir.

«Əməkdar rəssam» fəxri adı mühüm sənət əsərləri yaratmış rəngkarlara, heykəltaraşlara, qrafiklərə, dekorativ-tətbiqi sənət rəssamlarına Azərbaycan təsviri sənətinin inkişafında xidmətlərinə görə verilir.

«Əməkdar mədəniyyət işçisi» fəxri adı mədəniyyətin inkişafında xüsusi xidmətlərinə görə mədəni-maarif müəssisələrinin, qəzet və jurnal redaksiyalarının, nəşriyyatların, kitab ticarətinin, poliqrafiya müəssisələrinin, televiziyanın, radio verilişlərinin, kinonun, turist-ekskursiya təşkilatlarının, idarələrinin işçilərinə, bədii özfəaliyyət iştirakçılarına və mədəniyyət idarələri və təşkilatları sisteminin digər işçilərinə mədəniyyət sahəsində azı iyirmi il işlədikdə verilir.

«Əməkdar müəllim» fəxri adı təhsil sahəsində xüsusi xidmətlərinə görə məktəbəqədər təhsil müəssisələrinin müdirlərinə və tərbiyəçilərinə, ümumi təhsil, ilk-peşə ixtisas təhsili və orta ixtisas təhsili müəssisələrinin müəllimlərinə və tərbiyəçilərinə və təhsil sisteminin digər işçilərinə bu sahədə azı iyirmi il işlədikdə verilir.

«Əməkdar həkim» fəxri adı səhiyyə sahəsində xüsusi xidmətlərinə görə müalicə-profilaktika, sanitariya, sanatoriya-kurort müəssisələrinin, elmi-tədqiqat institutlarının, apteklərin, əczaçılıq zavodlarının, aptek anbarlarının və digər səhiyyə idarələrinin bu sahədə azı iyirmi il işləmiş işçilərinə verilir.

«Əməkdar dövlət qulluqçusu» fəxri adı dövlət qulluğunda xüsusi xidmətlərinə görə icra hakimiyyəti orqanlarında, qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının aparatlarında işləyən qulluqçularına həmin orqanlarda və aparatlarda azı on il işlədikdə verilir.

«Əməkdar memar» fəxri adı Azərbaycan memarlığının inkişafında böyük xidmətlər göstərmiş, yüksək sənət nümunələri olan xatirə abidələrinin, bina və komplekslərin, şəhərsalma sahəsində memarlıq layihələrinin hazırlanmasında və həyata keçirilməsində xüsusi nailiyyətlər əldə etmiş şəxslərə verilir.

Əməkdar bədən tərbiyəsi və idman xadimi» fəxri adı bədən tərbiyəsi və idmanın inkişafında böyük xidmətlər göstərmiş, bu sahənin elmi-tədqiqat və müalicə-sağlamlaşdırma işində, idman kadrlarının hazırlanmasında və tərbiyə edilməsində yüksək nailiyyətlər əldə etmiş şəxslərə verilir.

«Əməkdar jurnalist» fəxri adı uzun illər mətbuat sahəsində çalışan və onun inkişafında xüsusi xidməti olan, peşəkarlığı və sənətkarlığı ilə fərqlənən istedadlı jurnalistlərə və kütləvi informasiya vasitələrinin rəhbərlərinə verilir.

«Əməkdar mühəndis» fəxri adı sənaye, tikinti, nəqliyyat, rabitə, meliorasiya, aqrar sahə müəssisələrində, elmi-tədqiqat və digər təşkilatlarda xüsusi xidmətlər göstərmiş və ixtisas üzrə azı 15 il işləmiş mühəndislərə verilir.

«Əməkdar hüquqşünas» fəxri adı hüquq elminin və qanunvericiliyin inkişafında böyük xidmətlərinə, hüquqi biliklərin təbliğində və əhalinin hüquq mədəniyyətinin yüksəldilməsində fəal iştirakına, hüquq problemlərinin aşkar edilməsində və həllində elmi nəticələrinə, hakim vəzifəsinin nümunəvi yerinə yetirilməsinə, hüquq və azadlıqların müdafiəsi sahəsində yüksək keyfiyyətli hüquqi yardımın göstərilməsinə görə fərqlənən qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin vəkillikdə, elm, təhsil və digər müəssisə, idarə və təşkilatlarda ixtisas üzrə azı 15 il işləmiş hüquqşünaslara verilir.

«Əməkdar pilot» fəxri adı yeni aviasiya texnikasının öyrənilməsində, uçuş kadrlarının hazırlanmasında və uçuşların təhlükəsizliyinin təmin olunmasında böyük xidmətləri olan, ixtisası üzrə azı 25 il işləyən və ən azı 10000 saat uçuş yerinə yetirən Azərbaycan Respublikasının mülki aviasiya uçuş heyətinin üzvlərinə verilir.

«Əməkdar tibb işçisi» fəxri adı yüksək peşəkarlığına görə müalicə-profilaktika, əczaçılıq, sanitariya, sanatoriya-kurort, elmi-tədqiqat və digər səhiyyə müəssisələrində tibb məntəqəsinin müdiri, tibb bacısı, feldşer, mama, diş texniki, rentgen texniki, laborant, feldşer-laborant, anestezist, instruktor-dezinfektor, sanitar-feldşer, həkim köməkçisi, entomoloq köməkçisi, tibbi statistik, tibb qeydiyyatçısı, müalicə-bədən tərbiyəsi üzrə instruktor və əczaçı vəzifələrində çalışan işçilərə səhiyyə sahəsində azı iyirmi il işlədikdə verilir.

«Əməkdar kənd təsərrüfatı işçisi» fəxri adı kənd təsərrüfatının inkişafında xüsusi xidmət göstərmiş və bu sahədə yüksək nailiyyət əldə etmiş kənd təsərrüfatı məhsulları istehsalçılarına, emalçılarına, aqrar sahədə fəaliyyət göstərən elmi tədqiqat institutlarının, aqrar sahənin xidmət təşkilatlarının işçilərinə, aqrar sahəni idarəetmə orqanlarının əməkdaşlarına verilir.

5. Azərbaycan Respublikasının prezidenti Azərbaycan Respublikasının fəxri adını öz təşəbbüsü ilə, habelə Azərbaycan Respublikası Milli Məclisinin və ya Nazirlər Kabinetinin təqdimatı əsasında verir.

6. Azərbaycan Respublikası fəxri adının verilməsi haqqında yuxarı orqan və ya təşkilat qarşısında vəsatət, bir qayda olaraq, fəxri ada təqdim edilənin işlədiyi əmək kollektivində qaldırılır.

7. Azərbaycan Respublikası fəxri adının vəsiqəsini və onun döş nişanını Azərbaycan Respublikasının prezidenti, yaxud onun vəkil etdiyi digər şəxslər təntənəli və geniş aşkarlıq şəraitində təqdim edirlər.

8. Azərbaycan Respublikası fəxri adlarının vəsiqələri və döş nişanları Azərbaycan Respublikası Prezidenti Administrasiyasında, Milli Məclisdə, Nazirlər Kabinetində, yaxud fəxri ad alanların işlədikləri əmək kollektivlərində, müxtəlif müşavirələrdə, toplantılarda və digər yığıncaqlarda təqdim edilir.

9. Azərbaycan Respublikası fəxri adının vəsiqəsinin və döş nişanının təqdim edilməsi iki nüsxədən ibarət protokolla rəsmiləşdirilir, həmin protokolu fəxri adın vəsiqəsini və döş nişanını təqdim etmiş şəxs imzalayır və protokola təqdimetməni keçirən orqanın möhürü vurulur.

10. Azərbaycan Respublikasının fəxri adına layiq görülmüş şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəştlərdən istifadə edirlər.

11. Dövlət orqanları, ictimai təşkilatlar, müəssisə, idarə və təşkilatların müdiriyyəti, əmək kollektivləri Azərbaycan Respublikasının fəxri adları verilmiş şəxslərin nailiyyətlərini və xidmətlərini təbliğ etmək sahəsində iş aparır, onların qabaqcıl təcrübəsini yayır, vətəndaşları, böyüməkdə olan nəsli fəxri adlara layiq görülmüş şəxslərin xidmətlərinə hörmət və ehtiram ruhunda tərbiyə edirlər.

12. Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş vətəndaşlar fəxri adların döş nişanlarını sağ döşə taxırlar.

13. Azərbaycan Respublikasının fəxri adını almış şəxslər öldükdə fəxri adın vəsiqəsi və döş nişanı yadigar kimi saxlamaq üçün həmin şəxslərin ailələrində qalır və ya onların ailələrinə verilir.

Azərbaycan Respublikasının fəxri adını almış şəxs öldükdə vərəsələrinin razılığı ilə onun fəxri adının vəsiqəsi və döş nişanı saxlamaq və nümayiş etdirilmək üçün muzeylərə, arxivlərə verilə bilər.

Azərbaycan Respublikasının fəxri adını almış şəxs öldükdə vərəsələri olmazsa, onun fəxri adının vəsiqəsi və döş nişanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qaytarılır.

14. Azərbaycan Respublikasının fəxri adını almış şəxslər onların qorunması qayğısına qalmalıdırlar. Fəxri adın vəsiqəsi və döş nişanı itirildikdə həmin şəxslər öz hüquqlarını saxlayırlar.

Azərbaycan Respublikası fəxri adının vəsiqəsi və döş nişanı itirildikdə, bir qayda olaraq, dublikatları verilmir. Həmin fəxri adın vəsiqəsi və döş nişanı döyüş şəraitində, təbii fəlakət nəticəsində, yaxud fəxri ad almış şəxs onların itməsinin qarşısını ala bilmədiyi digər şəraitdə itirildikdə istisna olaraq Azərbaycan Respublikası Prezidentinin razılığı ilə onların dublikatları verilə bilər.

15. Azərbaycan Respublikasının fəxri adını almış şəxs fəxri addan yalnız aşağıdakı hallarda Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə məhrum edilir:

a) fəxri ad almış şəxs ağır və ya xüsusilə ağır cinayət törətməyə görə məhkum olunduqda — həmin şəxsin məhkum olunması barədə hökmün surəti və məhkəmənin təqdimatına əsasən;

b) Fəxri ad almış şəxs onu ləkələyən xata törətdikdə — fəxri adın verilməsi haqqında təqdimat vermək hüququ olan orqanın təqdimatına əsasən.

16. Azərbaycan Respublikasının fəxri adından məhrum edilmiş şəxsə məxsus olan fəxri adın vəsiqəsi və döş nişanı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına qaytarılmalıdır.

17. Azərbaycan Respublikasının fəxri adlarının vəsiqələrinə və döş nişanlarına zahirən bənzəyən vəsiqələrin və döş nişanlarının təsis olunması və hazırlanması qadağandır.


© LegalActs