Azərbaycan Respublikasının «İstiqlal» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında


Relizin Tarixi: 06.12.1993

Azərbaycan Respublikasının «İstiqlal» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «İstiqlal» ordeninin
statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «İstiqlal» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

№ 754.


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
754 saylı Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «İstiqlal» ordeninin
Statutu

1. Azərbaycan Respublikasının «İstiqlal» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakılara görə verilir:

    • Azərbaycan Respublikasında milli-azadlıq hərəkatında müstəsna xidmətlərinə görə;
    • Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;
    • Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə.

2. «İstiqlal» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
754 saylı Qanunu ilə
təsdiq edilmişdir.

«İstiqlal» ordeninin təsviri

«İstiqlal» ordeni qızıldan və gümüşdəndir, düzgün səkkizguşəli qızıl ulduz şəklindədir. Ulduzun guşələri üzərindəki şüalar onun sağanağına dirənir. Ulduz gümüşdən olan ornamentli dairənin fonundadır. Ulduzun ortasındakı dairədə isə qanadları səkkizguşəli ulduza doğru uzanan aypara şəkilli göyərçin təsvir edilmişdir. Göyərçindən arxa tərəfdə mavi səma fonunda doğan günəş təsviri vardır. Göyərçinin təsvirinə ağ rəngli, səmanın təsvirinə mavi rəngli, günəş və ulduzun təsvirinə isə qızılı rəngli mina çəkilmişdir. Ulduzdan aşağıya doğru dairə boyunca sağanaq şəklində uzanan hörmə ornament «İstiqlal» sözü yazılmış lentlə birləşir. Ornamentə ağ mina çəkilmiş, lent gümüşdən düzəldilmişdir.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Ulduzun iki əks ucları arasında ordenin ölçüsü 57 mm-dir.

Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib Azərbaycan Respublikasının dövlət bayrağı şəklində lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin eni 19 mm-dir.

Qəlibin ölçüsü 54 mm x 22 mm-dir.


© LegalActs