Azərbaycan Respublikasının «İstiqlal» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında


«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 677)

Relizin Tarixi: 06.02.1998

Azərbaycan Respublikasının «İstiqlal» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «İstiqlal» ordeninin
statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «İstiqlal» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 dekabr 1993-cü il

№ 754

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs»).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 677) («LegalActs»).

6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli Qanuna əsasən dəyişikliklərlə («LegalActs»).


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli,
754 saylı Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «İstiqlal» ordeninin
Statutu

1. Azərbaycan Respublikasının «İstiqlal» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına aşağıdakılara görə verilir:

    • Azərbaycan Respublikasında milli-azadlıq hərəkatında müstəsna xidmətlərinə görə;
    • Azərbaycan Respublikasının dövləti və xalqı qarşısında xüsusilə görkəmli xidmətlərinə görə;
    • Azərbaycan Respublikasının milli-dövlət quruculuğu işlərində xüsusi xidmətlərinə görə.

2. «İstiqlal» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda onlardan əvvəl taxılır.


Azərbaycan Respublikasının
1998-ci il 6 fevral tarixli,
429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«İstiqlal» ordeninin təsviri

«İstiqlal» ordeni bir-birinin üzərinə qoyulmuş, biri digərinə nisbətən ox ətrafında dönmüş və ikiüzlü hamar şüaları olan iki gümüş səkkizguşəli ulduzdan ibarətdir.

Üstdəki ulduzun ortasında mavi mina ilə örtülmüş girdə lövhə yerləşir. Bu lövhənin üzərində qanadları açılmış quş və qanadların arasında — yuxarıda səkkizguşəli ulduz təsvir olunmuşdur. Ulduzdan yuxarıda qanadlar arasında çevrə boyunca «İstiqlal» sözü yazılmışdır. Quşun, ulduzun təsviri və yazı qabarıqdır, qızıl suyuna çəkilmişdir.

Arxa tərəfi hamar səthlidir, ortasında ordenin nömrəsi həkk olunmuşdur.

Təltif dəstinə aşağıdakılar daxildir:

    • boyundan asmaq üçün 27 mm enində, göy çalarlı lenti olan, 50 mm qabarit ölçülü orden;
    • paltara bərkidilmək üçün elementi olan, beşguşəli 27 mm x 47,5 mm ölçüdə göy çalarlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilən, 35 mm qabarit ölçülü orden;
    • paltara bərkidilmək üçün elementi olan, göy çalarlı, üzərində alov simvolu təsvir edilmiş, ölçüsü 27 mm x 9 mm olan qəlib.

© LegalActs