Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında


Relizin Tarixi: 06.12.1993

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin
statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

№ 755.


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
755 saylı Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin
Statutu

1. Azərbaycan Respublikasının ali hərbi ordeni olan «Şah İsmayıl» ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər.

2. «Şah İsmayıl» ordeni aşağıdakılara görə verilir:

    • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
    • Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin tə’min edilməsində xüsusi xidmətlərinə görə;
    • görkəmli sərkərdəlik fəaliyyətinə görə;
    • respublikada fövqəl’adə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.

3. «Şah İsmayıl» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «İstiqlal» ordenindən sonra taxılır.


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
755 saylı Qanunu ilə
təsdiq edilmişdir.

«Şah İsmayıl» ordeninin təsviri

«Şah İsmayıl» ordeni qızıldan və gümüşdəndir, qızıl tilli ornamentli dairə şəklindədir. Dairənin üstündəki qalxanın ortasında mavi fonda Şah İsmayılın şəkli çəkilmişdir. Qalxan gümüşdəndir, aşağı hissəsində «Şah İsmayıl» sözləri yazılmışdır. Qalxan çarpazlanmış gümüş qılıncın, təbərzinin və toppuzun üstündədir.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Ordenin hündürlüyü 57 mm, eni 43 mm-dir.

Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib tünd qırmızı lentlə birləşən ornamentli iki hissədən ibarətdir. Lentin eni 19 mm-dir.

Qəlibin ölçüsü 54 mm x 22 mm-dir.


© LegalActs