Sərbəst toplaşmaq azadlığı haqqında
«Azərbaycan» qəzetində dərc edilmişdir (14 noyabr 1998-ci il, № 265) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1998-ci il, № 11, maddə 649)
Relizin Tarixi: 30.05.2008Sərbəst toplaşmaq azadlığı haqqında
Azərbaycan Respublikasının Qanunu
I fəsil. Ümumi müddəalar
Maddə 1. Sərbəst toplaşmaq azadlığı
I. Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr ilə təmin edilir. Həmin azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması bu Qanunla müəyyən edilir.
II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin edir və bu Qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görür.
Maddə 2. Sərbəst toplaşmaq azadlığının tətbiqi
I. Sərbəst toplaşmaq azadlığı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq bu Qanun əsasında tətbiq edilir.
II. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsi zamanı şəxslərin bərabərlik hüququna təminat verir.
Maddə 3. Toplantının formaları
Bu Qanunda istifadə edilən «toplantı» anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər.
Maddə 4. Bu Qanunla nizamlanmayan toplantılar
I. Xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan aşağıdakı yerlərdə keçirilən toplantılar bu Qanunla tənzimlənmir:
- şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə;
- ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış qapalı yerlərdə.
II. Toplantıların aşağıdakı formaları bu Qanunla tənzimlənmir:
- toy və dəfn mərasimləri;
- bayram və matəm tədbirləri;
- dini mərasimlər.
Toy və dəfn mərasimlərindən, bayram və mətam tədbirlərindən, dini mərasimlərdən yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirilməsi üçün istifadə olunarsa, həmin toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.
III. Bu maddənin I və II hissələrində nəzərdə tutulmuş dinc toplantıların hər bir iştirakçısı Azərbaycan Respublikası qanunvericiliyinin ümumi tələblərinə riayət etməlidir.
II fəsil. Toplantılar təşkil edilməsi qaydaları
Maddə 5. Toplantının keçirilməsi barədə xəbərdarlıq
I. Bu Qanunun 3-cü maddəsində sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 gün əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 gündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.
II. Yazılı xəbərdarlıqda aşağıdakı məlumatlar olmalıdır:
1) keçirilməsi nəzərdə tutulmuş toplantının forması;
2) toplantının ümumi məqsədi;
3) toplantının keçirilmə yeri və vaxtı;
4) iştirakçıların təxmini sayı;
5) küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer);
6) toplantı təşkilatçılarının adı, soyadı, atasının adı və ünvanı;
7) yazılı xəbərdarlığın təqdim edildiyi tarix;
8) əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı.
Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər.
III. Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar.
IV. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar bu Qanunun 7-ci və 8-ci maddələrində müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.
Maddə 6. Toplantının təşkilatçısı
I. Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən şəxsdir.
II. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər.
III. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər siyasi məqsədi olan dinc toplantının təşkilatçısı ola bilməzlər.
III. Toplantı keçirmək təklifini irəli sürən siyasi partiya, ictimai birlik, həmkarlar ittifaqı təşkilatı və ya təşəbbüs qrupu həmin tədbirin təşkilatçısını təyin etməlidir.
IV. Toplantının təşkilatçıları və ya onların nümayəndələri toplantıda şəxsən iştirak etməlidirlər. Bu mümkün olmadıqda təşkilatçılar və ya onların nümayəndələri toplantıya gələ bilməyəcəkləri barədə müvafiq icra hakimiyyəti orqanına tədbirin başlanmasına azı 3 saat qalmış məlumat verməli, eyni zamanda toplantı iştirakçılarını xəbərdar etməlidirlər. Toplantının təşkilatçılarından heç biri toplantıda şəxsən iştirak etmədikdə toplantı keçirilə bilməz.
III fəsil. Dinc toplantının məhdudlaşdırılması və ya qadağan edilməsi əsasları və qaydası
Maddə 7. Sərbəst toplaşmaq azadlığına qoyulan qanuni məhdudiyyətlər
I. Sərbəst toplaşmaq azadlığı yalnız qanunda nəzərdə tutulan və demokratik cəmiyyətdə zəruri olan hallarda, milli təhlükəsizlik və ya ictimai təhlükəsizlik mənafeləri üçün, iğtişaşların və ya cinayətin qarşısının alınması, sağlamlığın və mənəviyyatın, digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər.
II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığı müxtəlif formalarda, o cümlədən toplantı vaxtının və yerinin dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.
II. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır.
III. Bu maddənin I hissəsində nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır.
IV. Sərbəst toplaşmaq azadlığı yalnız bu maddənin I hissəsində nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.
Maddə 8. Toplantının qadağan edilməsi və ya dayandırılması
I. Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çığırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən tonlantılar qadağan edilir.
II. Müharibəni təbliğ edən toplantılar qadağan edilir.
III. Siyasi məqsədlə dinc toplantının keçirilməsi aşağıdakı hallarda qadağan edilir:
1) Azərbaycan Respublikası prezidentinin seçkiləri (ölkə ərazisində), Azərbaycan Respublikası Milli Məclisi deputatlarının seçkiləri (ölkə ərazisində), Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri (Naxçıvan Muxtar Respublikasının ərazisində), bələdiyyə seçkiləri (müvafiq şəhər və rayonun ərazisində) gününə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək;
2) referendumun keçirildiyi günə 24 saat qalmışdan səsvermə məntəqələri bağlananadək;
3) müvafiq icra hakimiyyəti orqanının qərarı ilə müəyyən edilmiş mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərə hazırlıq dövründə və onların keçirildiyi günlərdə həmin tədbirin keçirildiyi şəhər və rayonların ərazilərində.
IV. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər.
V. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda və bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər.
VI. Zəruri hallarda toplantı bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə dayandırıla bilər.
VII. Bu maddənin IV, V və VI hissələrinə uyğun olaraq toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir.
VIII. Fövqəladə vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə Fövqəladə vəziyyət haqqında» Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər.
Maddə 9. Dinc toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi
I. Dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər bu Qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur.
II. Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir toplantı təyin edilibsə və əks-toplantının keçirilməsinin tərəflər arasında qarşıdurma törədəcəyi barədə kifayət qədər əsaslar varsa, müvafiq icra hakimiyyəti orqanı əks-toplantının təşkilatçılarına başqa vaxtın və yerin müəyyən edilməsini təklif etməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Əks-toplantı keçirildiyi halda polis orqanları toplantı və əks-toplantı iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməlidir.
III. Aşağıdakı yerlərdə yığıncaqların, mitinqlərin, nümayişlərin və küçə yürüşlərinin keçirilməsi qadağan edilə bil:
1) Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində;
2) körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında;
3) xüsusi dövlət tədbirlərinin keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanıtərəfindən ayrılmış yerlərdə;
4) hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə;
5) penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə.
IV. Siyasi məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər.
V. Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.
VI. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün təklif olunan yerlərin birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər.
VII. Küçə yürüşünün təşkilatçıları onun marşrutunu müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmalıdırlar.
VII. Bu Qanunun 7-ci maddəsinin tələblərinə uyğun olaraq toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla bilər.
Maddə 10. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanının qərarlarının toplantı təşkilatçılarına çatdırılması
Toplantı haqqında bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının bütün qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır.
Maddə 11. Şikayət hüququ
Bu Qanunun 7—9-cu maddələrində nəzərdə tutulmuş bütün qərarlardan inzibati qaydada və (və ya) müvafiq məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə tərəfindən 2 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər.
IV fəsil. Toplantıların keçirilməsi qaydası
Maddə 12. Dinc toplantı təşkilatçılarının hüquq və vəzifələri
I. Bu Qanunun 7-ci maddəsində göstərilən hallardan başqa, dinc toplantının keçirilməsinə dair hazırlıq işlərinə məhdudiyyətlər qoyula bilməz.
II. Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq toplantı keçirilən zaman təşkilatçıların söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun məhdudlaşdırıla bilər.
III. Toplantının təşkilatçıları tədbirin dinc və qanuni qaydada, yazılı xəbərdarlıqda göstərilmiş və toplantıya qoyulmuş şərtlərə uyğun olaraq keçirilməsini təmin etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.
IV. Bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş haldan başqa, toplantı təşkilatçılarının onları fərqləndirən açıq-aşkar görünən nişanı olmalıdır.
V. Toplantı təşkilatçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə, taxta və dəmir parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.
VI. Bu Qanunun 8-ci maddəsinin V hissəsində nəzərdə tutulmuş hallarda qadağan olunmuş toplantının təşkilatçısı toplantının qadağan edilməsi barədə onun iştirakçılarını xəbərdar etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidir.
VII. Bu Qanunun 8-ci maddəsinin VI hissəsində nəzərdə tutulmuş hallarda sərəncamla dayandırılmış toplantının təşkilatçısı bu sərəncamın yerinə yetirilməsi üçün bütün mövcud imkanlardan istifadə etməlidir.
VIII. Toplantının təhlükəsizliyini təmin etmək dövlətin vəzifəsidir. Lakin toplantının təşkilatçıları dövlət tərəfindən təmin olunan təhlükəsizlik tədbirləri hüdudlarından çıxan toplantının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə əvəzi ödənilmək şərti ilə əlavə polis qüvvələrinin cəlb olunması barədə müraciət edə bilərlər.
Maddə 13. Dinc toplantı iştirakçılarının hüquq və vəzifələri
I. Dinc toplantıda işitrak edən hər bir şəxs bu Qanunun 7-9-cu maddələrinə uyğun qoyulmuş məhdudiyyətlərə və şərtlərə əməl etməlidir.
II. Şəxslər toplantıda könüllü iştirak edirlər. Heç kəs toplantıda iştirak etməyə məcbur edilə bilməz. Kimi isə toplantıda iştirak etməyə məcbur edən şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyət daşıyırlar.
III. Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq toplantı zamanı iştirakçıların şifahi və yazılı fikir və söz azadlığı vardır. Bu azadlığın həyata keçirilməsi Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquq normalarına uyğun məhdudlaşdırıla bilər.
IV. Toplantı zamanı iştirakçılar ictimai qaydanın qorunmasına köməklik göstərməli və təşkilatçıların, habelə müvafiq icra hakimiyyəti orqanı nümayəndələrinin qanuni tələblərinə əməl etmək üçün bütün mövcud imkanlardan istifadə etməlidirlər.
V. Bu Qanuna uyğun keçirilən toplantının iştirakçısı həmin toplantıda iştirak etməsinə görə sonradan hüquqi məsuliyyətə cəlb edilə bilməz. Yalnız hüquq pozuntusuna yol vermiş bu Qanuna uyğun keçirilən toplantının iştirakçıları hüquqi məsuliyyətə cəlb edilə bilərlər. Dinc toplantı qeyri-dinc toplantıya çevrildiyi halda hüquq pozuntusu törətməyən toplantı iştirakçısı, habelə toplantının dinc olmadığından qabaqcadan xəbərdar olmamış toplantı iştirakçısı yalnız həmin toplantıda iştirak etdiyinə görə məsuliyyətə cəlb edilə bilməz.
VI. Toplantı iştirakçılarının odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatı, güclü təsir edən, zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallar gəzdirməsi qadağandır.
VII. Toplantının iştirakçıları bu Qanunun 8-ci maddəsinin VI hissəsində və 14-cü maddəsinin II hissəsində nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanının, toplantı təşkilatçılarının və ya təşkilatçıların nümayəndələrinin toplantının dayandırılması haqqında qərarından sonra dağılışmalıdırlar.
Maddə 14. Toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının səlahiyyətləri
I. Bu Qanunun 7-ci maddəsinin tələbləri nəzərə alınmaqla, toplantının keçirilməsi ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:
1) toplantının təhlükəsizliyini təmin etmək məqsədi ilə yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin keçirilməsinə bir gün qalmış toplantı yerini yoxlamaq;
2) bu Qanunun 5-ci maddəsinin IV hissəsində nəzərdə tutulmuş toplantılar istisna olmaqla keçirilməsi barədə qabaqcadan yazılı xəbərdarlıq verilməyən toplantını zəruri hallarda dayandırmaq;
3) yazılı xəbərdarlıqda göstərilən toplantının keçirilmə yeri və vaxtı, küçə yürüşünün marşrutu (yürüşün başlanacağı və bitəcəyi yer) əsaslandırılmış səbəb olmadan dəyişdirilərsə, toplantını dayandırmaq;
4) toplantıya odlu və ya soyuq silah, habelə insanların həyat və sağlamlığı üçün təhlükə yarada bilən və ya əmlaka zərər vura bilən daş-kəsək, şüşə və taxta parçaları, dəyənəklər, bədən xəsarəti yetirmək üçün xüsusi düzəldilmiş əşyalar, partlayıcı maddələr və ya pirotexnika məmulatları, güclü təsir edən zəhərli, tez alışan və ya aşındırıcı maddələr, radioaktiv materiallarla gəlmiş şəxsləri saxlamaq və tədbirin keçirildiyi yerdən uzaqlaşdırmaq;
5) bu maddənin I hissəsinin 4-cü bəndində nəzərdə tutulmuş əşya və ya maddələri gəzdirməsi barədə əsaslı şübhə doğuran adamlara şəxsi baxış keçirmək.
II. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrində nəzərdə tutulmuş qadağanların və 7-ci maddəsində, habelə 8-ci maddəsinin V və VI hissələrində nəzərdə tutulmuş sərəncamların icrası ilə əlaqədar polis orqanlarının aşağıdakı hüquqları vardır:
1) toplantının dayandırılması və dağılışması barədə təşkilatçılara və iştirakçılara məlumat vermək;
2) toplantının təşkilatçılarına və iştirakçılarına toplantının dayandırılması və iştirakçıların dağılışması üçün bütün mövcud imkanlardan istifadə etmək barədə əmr vermək;
3) toplantının dayandırılması və iştirakçıların dağılışması barədə əmrin yerinə yetirilmədiyi halda onlara qarşı fiziki qüvvə və ya xüsusi vasitələrin tətbiq ediləcəyi barədə təşkilatçıları və iştirakçıları xəbərdar etmək;
4) toplantının dayandırılması və iştirakçıların dağılışması üçün Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fiziki qüvvə və ya xüsusi vasitələr tətbiq etmək;
5) toplantını dayandırmaq və dağılışmaq barədə əmri yerinə yetirməyən şəxsləri saxlamaq.
III. Bu maddədə nəzərdə tutulmuş hallarda polis orqanları qayda-qanunu bərpa etmək məqsədi ilə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq son dərəcə zəruri olan xüsusi vasitələrdən istifadə etməlidirlər.
IV. Toplantı zamanı ictimai asayişi qorumaq, ictimai qaydanı bərpa etmək və insanların təhlükəsizliyini təmin etmək üçün daxili qoşunlardan istifadə edilə bilər.
V. Toplantının bu maddədə nəzərdə tutulan hallarda güc tətbiq edilməklə dağıdılması zamanı polis işçiləri və daxili qoşunlar əl-qolu bağlama vasitələrindən, qalxanlardan, dəyənəklərdən, su atan vasitələrdən, xüsusi təyinatlı qazlardan, rezin güllələrdən və bu məqsədlər üçün nəzərdə tutulmuş digər xüsusi vasitələrdən istifadə edə bilərlər.
VI. Polis əməkdaşları tərəfindən fiziki qüvvənin və ya xüsusi vasitələrin tətbiqi hər bir halda yaranmış təhlükəyə mütənasib olmalıdır.
VII. Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş polis orqanlarının səlahiyyəti bu Qanunla məhdudlaşdırılmır.
Maddə 15. Toplantının təşkilatçıları ilə polis orqanları arasında əməkdaşlıq
Polis orqanları və toplantının təşkilatçıları əməkdaşlıq etməlidirlər. Polis orqanları təşkilatçılara sərbəst toplaşmaq hüququnu həyata keçirməkdə bacardıqca kömək etməli, eyni zamanda toplantının təşkilatçıları polis orqanlarına ictimai asayişin qorunmasında kömək göstərməli və onların qanuni tələblərinə əməl etməlidirlər.
V fəsil. Yekun müddəaları
Maddə 16. Bu Qanunun pozulmasına görə məsuliyyət
I. Bu Qanunun 8-ci maddəsinin I—III hissələrinin, 12-ci maddəsinin III, V, VI və VII hissələrinin, 13-cü maddəsinin VI hissəsinin pozulmasında təqsiri olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyəti daşıyırlar.
II. Toplantı keçirilməsi ilə əlaqədar öz vəzifələrini yerinə yetirən polis əməkdaşlarının məsuliyyəti «Polis haqqında» Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.
Maddə 17. Bu Qanunun qüvvəyə minməsi
Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 noyabr 1998-ci il
№ 537-IQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (14 noyabr 1998-ci il, № 265) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 noyabr 1998-ci il, № 11, maddə 649) («LegalActs» LLC).
4 mart 2005-ci il tarixli, 856-IIQD nömrəli; 9 oktyabr 2007-ci il tarixli, 430-IIIQD nömrəli; 30 may 2008-ci il tarixli, 609-IIIQD nömrəli qanunlara əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).
© LegalActs LLC