Mühasibat Uçotu və Audit İslahatları üçün Qrant
Relizin Tarixi: 21.06.2004
21 iyun 2004-cü il
Azərbaycan Respublikası Maliyyə
Nazirliyi
maliyyə naziri
Cənab Əvəz Ələkbərova
Mövzu: Mühasibat Uçotu və Audit İslahatları üçün Qrant
İnstitusional İnkişaf Fondu Qrantı № 053683
Hörmətli cənab Ələkbərov:
Mən, Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı (Bank) adından onun 340.000 ABŞ dolları (üç yüz qırx min ABŞ dolları) məbləğindən yuxarı olmayan qrantını (Qrant) Azərbaycan Respublikasına (Resipient) ayırmağa razılığını Sizə bildirmək istərdim.
Qrant Resipientin maliyyə yardımı üçün sorğusuna cavab olaraq və bu Məktub-Sazişin Qoşmasında müəyyən edilən şərtlərlə ayrılır. Aşağıdakı sazişi təsdiq etməklə, Resipient ifadə edir ki, o, qeyd olunmuş məqsədlərlə və qeyd olunmuş şərtlərə əsasən Qrantı almağa və istifadə etməyə səlahiyyətlidir.
Diqqətinizə çatdırmaq istərdik ki, Bankın siyasəti bu Məktub-Sazişin qüvvəyə minməsindən və Resipientin açıqlamaya icazə verməsindən sonra ictimaiyyətə bu Məktub-Sazişlə və onunla bağlı hər hansı məlumatla tanış olmaq imkanının yaradılmasını nəzərdə tutur. Resipient bu Məktub-Sazişi imzalamaqla bu cür açıqlamaya öz razılığını verir.
Lütfən imza və tarix qoymaqla və bu Məktub-Sazişin əlavə edilən nüsxəsini bizə göndərməklə Resipient adından yuxarıda qeyd olunanlarla öz razılığınızı təsdiq edin. Məktub-Sazişin Sizin tərəfinizdən imzalanmış nüsxəsi Bank tərəfindən alınanda, bu Məktub-Saziş Sizin imzaladığınız tarixdən qüvvəyə minir.
Hörmətlə
Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı
Donna M. Douset-Koirolo
Azərbaycan üzrə Ölkə Direktoru
Cənubi Qafqaz Bölməsi
Avropa və Mərkəzi Asiya Regionu
Razılaşdırılıb:
Azərbaycan Respublikası
Kim tərəfindən |
____________________ |
Adı: |
Əvəz Ələkbərov |
Vəzifəsi: |
maliyyə naziri |
Tarix: |
10 noyabr 2004-cü il |
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2004-cü il, № 12, maddə 1057) («LegalActs» LLC).
Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2004-cü il tarixli, 569 nömrəli Sərəncamı ilə təsdiq edilmişdir («LegalActs» LLC).
Qoşma
Qrantın məqsədi və şərtləri
1. Məqsəd və Tədbirlər
1.1. Qrantın məqsədləri: (a) mühasibat uçotu və audit standartlarının hazırlanması və müəyyən edilməsi üçün səmərəli institusional çərçivənin yaradılması; və (b) mühasibat uçotu və audit peşəsinin gücləndirilməsi. Qrant məqsədləri üçün nəzərdə tutulan tədbirlər (Tədbirlər) aşağıdakılardır:
(a) Yeni Mühasibat Uçotu haqqında Qanununa uyğun olaraq Mühasibat Uçotu və Audit Qanunvericiliyi sahəsində islahatların həyata keçirilməsi üçün İnstitusional Potensialın Quruculuğu, o cümlədən:
(i) Mühasibat Uçotu üzrə Məşvərət Şurasının və standartların müəyyən edilməsi üzrə səmərəli prosesin yaradılması;
(ii) mühasibat uçotu və maliyyə hesabatverməsi tələbləri sahəsində istifadəçiləri maarifləndirmək üçün ictimai məlumatlandırma kampaniyaları və seminarların keçirilməsi;
(iii) mühasibat uçotu və audit çərçivəsinin təkmilləşdirilməsi üzrə Strategiya və Tədbirlər Planının hazırlanması; və
(iv) mühasibat uçotu standartlarının hazırlanması.
(b) Müxtəlif mövcud hüquqi mexanizmlərin nəzərdən keçirilməsi və mühasibat uçotunu tənzimləyən müxtəlif mənbələrin, xüsusilə də Mülki Məcəllənin və Mühasibat Uçotu haqqında Qanunun uyğunlaşdırılması üzrə tövsiyələrin verilməsi.
(c) Aşağıdakı tədbirlər vasitəsilə Auditorlar Palatasının standartların müəyyən edilməsi ilə məşğul olan peşəkar qurum və tənzimləyici funksiyalarının yerinə yetirilməsi məqsədləri üçün potensialının artırılması:
(i) təşkilatın işçilərinin seçilməsi prosesi daxil olmaqla, Auditorlar Palatası üzrə hüquqi bazanın nəzərdən keçirilməsi;
(ii) beynəlxalq tənzimləyici ilə birgə tədbirlərin keçirilməsi vasitəsilə, Auditorlar Palatası üçün təlimin təşkili; və
(iii) Auditorlar Palatasının islahatı üçün tədbirlər planının hazırlanması.
(d) Aşağıdakılar vasitəsilə mühasibat uçotu və audit peşəsinin, o cümlədən beynəlxalq mühasibat uçotu və audit standartları və praktikası sahəsində təlimin təkmilləşdirilməsi:
(i) təlim proqramlarının tərtib edilməsi və
(ii) təlimçilərin təlimi.
2. Ümumi icra
2.1. Resipient: (a) Tədbirləri əsaslı və səmərəli şəkildə həyata keçirməli; (b) həmin məqsədlə tələb olunan vəsait, avadanlıq, xidmət və digər resursları operativ şəkildə təmin etməli; (c) Bankın əsaslı sorğusuna əsasən bütün Tədbirləri və Qrant vəsaitlərinin xərclənməsini əhatə edən bütün məlumatı təqdim etməli; (d) vaxtaşırı olaraq Bank nümayəndələri ilə Tədbirlərin gedişatı və nəticələri üzrə fikir mübadiləsini aparmalı; və (e) Qrant məqsədləri üçün Bank nümayəndələrinin Azərbaycan Respublikasının ərazisinə gəlməsi üçün imkanların yaradılması sahəsində bütün zəruri tədbirləri həyata keçirməlidir. Yuxarıdakılarla məhdudlaşmayaraq, Bankın sorğusu əsasında, Resipient Tədbirlərin başa çatdırılmasından dərhal sonra Bank üçün ona məqbul forma və məzmunda Tədbirlərin nəticəsi və təsiri haqqında hesabatı hazırlayıb təqdim etməlidir.
3. Satınalma
3.1. Bankın başqa cür razılaşması istisna olmaqla, Tədbirlərin həyata keçirilməsi üçün tələb olunan və Qrant vəsaitləri hesabına maliyyələşdiriləcək məsləhətçi xidmətlərinin və malların satın alınması bu Qoşmaya Əlavənin şərtlərinə əsasən həyata keçiriləcəkdir.
3.2. Resipient təmin etməlidir ki, Qrant vəsaitləri hesabına alınacaq bütün idxal olunan mallar istifadə və ya quraşdırma, yerinə çatdırılma, nəql etmə və alınma ilə bağlı olan bütün təhlükələrə qarşı sığortalansın və sığorta təminatı həmin malların təmir və ya əvəz edilməsi üçün sərbəst istifadə edilə bilən valyutada ödənilsin. Resipient təmin etməlidir ki, Tədbirlərə aid olan bütün vasitələr müvafiq qaydalara əsasən istifadə və istismar edilsin və həmin vasitələri təmir və təzələmə işləri, zərurət olanda, operativ şəkildə həyata keçirilsin.
4. Qrant vəsaitlərindən istifadə
4.1. Qrant məbləği Bankın Resipientin adına açdığı hesaba (Qrant Hesabı) köçürüləcəkdir və bununla da hazırkı 4-cü Bölmənin şərtlərinə əsasən Tədbirlər üçün tələb olunan və Qrant vəsaitləri hesabına alınacaq xidmət və malların münasib dəyəri üzrə xərclərin çəkilməsi məqsədilə Resipient tərəfindən istifadə edilə bilər.
4.2. Aşağıdakı Kateqoriyalar üzrə xərclər Qrant vəsaitləri hesabına çəkilə bilər və yalnız Tədbirlərin həyata keçirilməsi məqsədilə istifadə edilə bilər:
Ayrılmış Qrant vəsaiti
Kateqoriya |
(ABŞ dolları ilə) |
Maliyyələşdiriləcək xərclərin %-i |
(1) Məsləhətçi xidmətləri |
229,950 |
Resipientin ərazisində yerləşən fərdi məsləhətçilərin xidmətləri üçün yerli xərclərin 75%-i, Resipientin ərazisində yerləşən məsləhətçi şirkətlərin xidmətləri üçün yerli xərclərin 95%-i, digər fərdi məsləhətçi və məsləhətçi şirkətlərin xidmətləri üçün xarici xərclərin 85%-i |
(2) Təlim |
70,050 |
100% |
(3) Mallar |
40,000 |
xarici xərclərin 100%-i, yerli xərclərin 100%-i (fabrik qiyməti) və yerli təmin edilən digər mallar üçün yerli xərclərin 80%-i |
Cəmi 340.000
Bu bəndin məqsədləri üçün:
(a) «xarici xərclər» dedikdə, Resipientdən başqa hər hansı digər ölkənin valyutasında Resipientin ərazisindən başqa hər hansı digər ölkənin ərazisindən təchiz olunan mallar və xidmətlər üzrə xərclər başa düşülür;
(b) «yerli xərclər» dedikdə, xarici xərclər olmayan xərclər başa düşülür; və
(c) «təlim» dedikdə, təlim fəaliyyətləri ilə bağlı Resipientin çəkdiyi xərclər başa düşülür, o cümlədən səfərlə bağlı xərclər, təlim keçən və təlim aparanlar üçün gündəlik xərclər, təlim seminar və turları, konfranslar, təlim ocaqlarının, avadanlığın icarəsi, təlim materialları və müvafiq vasitələrin alınması;
4.3. Yuxarıdakı 4.2-ci bəndin müddəalarından asılı olmayaraq:
(a) aşağıdakılara münasibətdə Qrant hesabından vəsaitin çıxarılmasına icazə verilmir: (i) Bank tərəfindən bu Məktub-Sazişin imzalanmasından əvvəl çəkilmiş xərclər üzrə ödənişlərin aparılması üçün (ii) Resipient tərəfindən və ya onun ərazisində tətbiq olunan vergilərin ödənilməsi üçün; (iii) Bank üzvü olmayan hər hansı ölkənin ərazisində və ya həmin ərazilərdə istehsal olunmuş malların və ya həmin ərazilərdən göstərilmiş xidmətlər üzrə çəkilən xərclər üçün; və (iv) hər hansı şəxslərə və ya təşkilatlara ödəniş məqsədləri və ya malların idxal edilməli məqsədləri üçün, əgər Bankın məlumatına əsasən həmin ödəniş və ya idxalın həyata keçirilməsi Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin VII fəslinə uyğun olaraq Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qəbul etdiyi qərara əsasən qadağandırsa;
(b) Resipient tərəfdən bu Məktub-Sazişin imzalanmasında üç il (Başa Çatma tarixi) sonra Qrant Hesabından heç bir vəsait çıxarılmamalıdır. Lakin Başa Çatma tarixindən əvvəl çəkilmiş xərclər üçün vəsaitlərin çıxarılmasına icazə verilir, əgər vəsaitlərin çıxarılması üçün müvafiq ərizə Başa Çatma tarixindən sonra dörd ay ərzində Bank tərəfindən alınmışsa; və həmin müddətdən sonra Qrant Hesabından çıxarılmamış Qrant məbləğinin hər hansı qalığına xitam verilir; və
(c) Bankın rəyinə əsasən, 4.2-ci bəndin cədvəlində göstərilən kateqoriyalara ayrılan Qrantın məbləği həmin kateqoriyanın xərclərinin maliyyələşdirilməsi üçün kifayət deyilsə, Bank Resipientə yazılı surətdə bildiriş göndərməklə, Bankın rəyinə əsasən digər xərclərin çəkilməsi zəruri olmayan digər kateqoriyalardan həmin kateqoriyaya vəsait yönəldə bilər.
4.4. Resipient Qrant Hesabından hər hansı məbləği çıxartmaq niyyətində olduqda, o, həmin məbləğin çıxarılması üçün Bankın müəyyən etdiyi formada Banka yazılı ərizə təqdim etməlidir. Vəsaitlərin çıxarılması üçün ərizələr: (a) Resipient adından maliyyə naziri və ya yazılı surətdə bu məqsədlə səlahiyyət verilmiş şəxs tərəfindən imzalanmalı; və (b) ərizələrə Bankın müvafiq sorğusuna əsasən sübutlar əlavə olunmalıdır. Vəsaitlərin çıxarılması ərizələri imzalamağa səlahiyyət verilmiş şəxsin təsdiq olunmuş imza nümunələri onun imzası olan birinci ərizə ilə birlikdə təqdim olunmalıdır. Qrant hesabından müəyyən məbləğin çıxarılması üzrə hər bir ərizə və əlavə sübutlar Resipientin Qrant hesabından həmin məbləği çıxarmaq səlahiyyətinə malik olması və həmin məbləğdən Tədbirlərin həyata keçirilməsi məqsədilə istifadə edilməsini təsdiq edəcək dərəcədə forma və məzmununa görə Bank üçün məqbul olmalıdır. Bank Resipient tərəfindən Qrant hesabından çıxarılmış məbləğləri yalnız Resipientə və ya onun sifarişinə əsasən ödəyəcəkdir.
4.5. Tədbirlərin həyata keçirilməsini asanlaşdırmaq üçün Resipient Bank üçün məqbul olan şərt və qaydalar əsasında, qarşılıqlı tələb, müsadirə və ya həbsin qoyulmasına qarşı müvafiq müdafiə daxil olmaqla, kommersiya bankında ABŞ dollarında xüsusi depozit hesabı (Xüsusi Hesab) açıb istifadə edə bilər. Həmin Hesaba vəsaitin qoyulması və ya ondan ödənişlərin həyata keçirilməsi bu Qoşmanın II Əlavəsinin müddəalarına uyğun olaraq həyata keçirilməlidir.
4.6. Bank tələb edə bilər ki, Bankın Resipienti verdiyi bildirişdə müəyyən edilmiş şərtlərə əsasən aşağıdakılar üçün Qrant hesabından vəsaitlərin çıxarılması xərc hesabatları əsasında həyata keçirilsin: (a) məsləhət şirkətlərinin dəyəri 50.000 ABŞ dolları ekvivalentindən aşağı olan xidmətləri üçün; (b) fərdi məsləhətçilərin dəyəri 20.000 ABŞ dolları ekvivalentindən aşağı olan xidmətləri üçün; (c) mallar; və (d) təlim.
4.7. Qrant vəsaitləri ABŞ dolları ilə çıxarılmalıdır. Lakin Bank, Resipientin sorğusu ilə və Resipientin agenti kimi hərəkət edərək, ABŞ dolları ilə Qrant vəsaiti hesabına çəkiləcək xərclərin ödənilməsi üçün tələb olunan bütün valyutaları alacaqdır. Bu Məktub-Sazişin məqsədləri üçün müəyyən valyutanın digər valyutaya münasibətdə dəyərinin müəyyənləşdirilməsi zəruri olduqda, həmin Bank tərəfindən əsaslandırılmış şəkildə müəyyən ediləcəkdir.
5. Hesablar və audit
(a) Resipient uçot və hesabatlar daxil olmaqla maliyyə idarəetməsi sistemindən istifadə etməli və ya onun istifadə edilməsini təmin etməli və Bank üçün məqbul olan, davamlı olaraq tətbiq edilən mühasibat uçotu standartlarına uyğun olaraq və Tədbirlərlə bağlı əməliyyat, vəsait və xərclərin əks etdirilməsi üçün münasib olan maliyyə hesabatlarını tərtib etməlidir.
(b) Bankın sorğusuna əsasən, Resipient: (i) bu Bölmənin (a) bəndində istinad olunan maliyyə hesabatlarının hər maliyyə ili üzrə (və ya Bankın razılaşdığı digər dövrlər üzrə) Bank üçün məqbul olan müstəqil auditorlar tərəfindən, Bank üçün məqbul olan audit standartlarının davamlı olaraq tətbiq olunması yolu ilə audit yoxlamasından keçməsini təmin edir; (ii) mümkün olan ən tez zamanda, lakin heç bir halda həmin audit üçün Bank sorğusunun təqdim edilməsi tarixindən altı aydan gec olmamaqla, aşağıdakıları Banka təqdim edir: (A) bu Bölmənin (a) yarımbəndində istinad edilən həmin müddət üzrə audit yoxlamasından keçmiş maliyyə hesabatlarının təsdiq olunmuş nüsxələrini; və (B) belə hesabatlar üzrə sözügedən auditorların Bank üçün məqbul həcmdə və təfərrüatda rəyini; və (iii) uçot və hesablar, maliyyə hesabatlarının auditi və müvafiq auditorlar barədə Bankın vaxtaşırı olaraq əsaslandırılmış şəkildə istəyə biləcəyi bütün əlavə informasiyanı.
(c) Xərclər haqqında Hesabat əsasında Qrant Hesabından çıxarılmış bütün xərclərlə bağlı Resipient: (i) Qrant Hesabından sonuncu vəsait çıxarılmasının baş verdiyi maliyyə ili üzrə audit hesabatının Assosiasiya tərəfindən alınmasından ən azı bir il sonraya qədər belə xərcləri sübut edən bütün qeydləri (kontraktlar, sifarişlər, qaimələr, qəbzlər, çeklər və digər sənədlər) saxlayır; (ii) Bankın nümayəndələrinə belə qeydləri nəzərdən keçirməyə şərait yaradır; və (iii) xərclər haqqında hesabatların yuxarıda göstərilən (b) bəndinə uyğun olaraq Bankın sorğusuna əsasən keçirilən bütün auditlərə daxil edilməsini təmin edir.
6. Müvəqqəti dayandırılma və xitam
6.1. Bank istənilən vaxtda, Resipienti qabaqcadan məlumatlandırmaqla, aşağıdakı halların baş verməsi və davam etməsi şərtilə, Resipientin Qrant Hesabından vəsait çıxarmaq hüququnu müvəqqəti dayandıra bilər: (a) çıxarılmış vəsaitlər Resipient və Bank arasında razılaşdırılmış məqsədlərlə istifadə olunmur; (b) Tədbirlər Resipient və Bank arasında razılaşdırılmış standart və metodlara uyğun olaraq həyata keçirilmir; (c) Resipient burada qoyulan öhdəliklərin hər hansı birinə riayət etmir; və (d) Resipientin və ya Resipientin zəmanəti ilə Bankın kredit verdiyi hər hansı təşkilatın Bank ilə kredit sazişi və ya Beynəlxalq İnkişaf Assosiasiyası ilə inkişaf üçün kredit sazişi çərçivəsində vəsait çıxarmaq hüququnun dayandırıldığı təqdirdə.
6.2. Bank, Resipienti qabaqcadan məlumatlandırmaqla, Resipientin Qrant hesabından vəsait çıxarmaq hüququna və Qrantın çıxarılmamış hər hansı məbləğinə xitam verə bilər: (a) yuxarıdakı 6.1-ci bəndin müddəalarına uyğun olaraq, Qrant Hesabından vəsait çıxarmaq hüquqları dayandırılandan sonra istənilən vaxtda; və ya (b) Resipientin, Bankın Resipientə Qrantın təsdiq olunması haqda məlumatın verilməsindən yeddi ay ərzində Tədbirlərin həyata keçirilməsi ilə bağlı olaraq Bank üçün məqbul olan addımları ata bilmədiyi təqdirdə.
I Əlavə
Satınalma
I bölmə. Ümumi
A. Bütün mallar və xidmətlər (məsləhət xidmətlərindən başqa) Dünya Bankı tərəfindən 2004-cü ilin mayında dərc olunmuş «BYİB borcları və BİA kreditləri çərçivəsində satınalmalar üçün Təlimat»ın (Satınalmalar haqqında Təlimat) I bölməsinin tələblərinə və bu Əlavənin tələblərinə uyğun şəkildə satın alınacaqdır.
B. Bütün məsləhət xidmətləri Dünya Bankı tərəfindən 2004-cü ilin may ayında dərc olunmuş «Dünya Bankının Borcalanları tərəfindən məsləhətçilərin seçilməsi haqqında Təlimat»ın (Məsləhətçilər haqqında Təlimat) I fəsli, IV fəslinin 3.15 — 3.20-ci bəndləri və 2-ci Əlavənin tələblərinə və bu Əlavənin müddəalarına uyğun şəkildə satın alınacaqdır.
II bölmə. Mal və xidmətlərin satın alınması üzrə xüsusi metodlar (Məsləhətçi Xidmətləri istisna olmaqla)
Şoppinq. Malların satın alınması Təlimatın 3.1 və 3.5-ci bəndlərinin müddəalarına uyğun olaraq şoppinq proseduru əsasında bağlanılan müqavilələr vasitəsilə həyata keçirilə bilər.
III bölmə. Məsləhətçi xidmətlərinin satın alınması üzrə xüsusi metodlar
1. Fiksə olunmuş büdcə çərçivəsində seçim.
Bankın fikrincə, Məsləhətçilər üçün Təlimatın 3.5-ci bəndinin tələblərinə cavab verən məsləhət təyinatları məsləhətçilər üçün Təlimatın 3.1 və 3.5-ci bəndlərinin müddəalarına uyğun olaraq fiksə olunmuş büdcə əsasında bağlanan kontraktlar yolu ilə satın alına bilər.2. Məsləhətçinin kvalifikasiyası əsasında seçmə. Hər bir kontrakt üzrə dəyəri 100 000 ABŞ dolları ekvivalentindən aşağı qiymətləndirilən xidmətlər Məsləhətçilər haqqında Təlimatın 3.1, 3.7 və 3.8-ci bəndlərinə uyğun olaraq bağlanmış kontraktlar əsasında satın alına bilər.
3. Yeganə mənbə əsasında seçmə. Məsləhətçi haqqında Təlimatın 3.10-cu bəndinin Yeganə Mənbə üzrə tələblərinə uyğun olaraq tapşırıqların həyata keçirilməsi üzrə xidmətlər, Bank tərəfindən qabaqcadan razılığın verilməsi şərtilə Məsləhətçi haqqında Təlimatın 3.9 — 3.13-cü bəndlərinə uyğun olaraq satın alına bilər.
4. Fərdi məsləhətçilər. Məsləhətçilər üçün Təlimatın 5.1-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş tələblərə cavab verən tapşırıqlar üzrə xidmətlər Məsləhətçilər üçün Təlimatın 5.2 və 5.3-cü bəndlərinin müddəalarına uyğun olaraq fərdi məsləhətçilərlə bağlanmış kontraktlar yolu ilə satın alına bilər.
Bölmə IV. Satınalma barədə qərarlara Bank tərəfindən baxılması
A. Öncədən baxma
Bankın Resipientə bildirişlə başqa cür müəyyənləşdirdiyi hallar istisna olmaqla, aşağıdakı öncədən baxma prosedurları tətbiq olunur:
1. Firmalar tərəfindən göstərilən məsləhətçi xidmətləri
(a) Firma tərəfindən göstərilən və dəyəri 50 000 ABŞ dolları ekvivalentinə bərabər və ya ondan yuxarı qiymətləndirilən hər bir məsləhət xidməti kontraktına münasibətdə Məsləhətçilər haqqında Təlimata I Əlavənin 2,3 və 5-ci bəndlərində müəyyənləşdirilmiş öncədən baxma prosedurları tətbiq olunur.
2. Fərdi məsləhətçi xidmətləri
Aşağıdakı öncədən baxma prosedurları fərdi məsləhətçilərin (yeganə mənbə əsasında seçiləcək məsləhətçilər istisna olmaqla) cəlb edilməsi üçün dəyəri 20000 ABŞ dolları ekvivalentinə bərabər və ya ondan yuxarı qiymətləndirilən hər kontrakta şamil edilməlidir: (i) namizədlərin təcrübə və ixtisaslarının müqayisəsini əks etdirən hesabat, texniki tapşırıq və məsləhətçi ilə müqavilə şərtləri Assosiasiyaya öncədən baxma və təsdiq üçün təqdim edilməlidir; (ii) kontrakt yalnız Assosiasiyanın təsdiqi alındıqdan sonra bağlanır; və (iii) Məsləhətçi Təlimatına 1-ci Əlavənin 3 və 5-ci bəndlərinin şərtləri kontrakta şamil ediləcəkdir.
B. Sonradan baxma
1. Bu Bölmənin A Hissəsi ilə idarə olunmayan mallar, işlər və ya xidmətlər (məsləhət xidmətləri istisna olmaqla) üzrə hər kontrakta münasibətdə Satınalma Təlimatına I Əlavənin 4-cü bəndində müəyyən edilən sonradan baxma prosedurları tətbiq olunur.
2. Bu Bölmənin A Hissəsi ilə idarə olunmayan məsləhətçi xidmətləri üzrə hər kontrakta münasibətdə Məsləhətçi Təlimatına I Əlavənin 4-cü bəndində müəyyən edilən sonradan baxma prosedurları tətbiq olunur.
II Əlavə
Xüsusi hesab
1. Bu Əlavənin məqsədləri üçün:
(a) «qanuni kateqoriyalar» dedikdə, bu Məktub-Sazişin Qoşmasının 4.2-ci bəndində göstərilən kateqoriyalar başa düşülür.
(b) «qanuni xərclər» dedikdə, Tədbirlərin həyata keçirilməsi üçün tələb olunan və Qrant vəsaiti hesabına maliyyələşdiriləcək mal və xidmətlərin münasib qiyməti üzrə çəkiləcək xərclər başa düşülür.
(c) «İcazə verilmiş ayırma» dedikdə, bu II Əlavənin 3(a) bəndinə uyğun olaraq Qrant Hesabından çıxarılacaq və Xüsusi Hesaba qoyulacaq 75.000 ABŞ dolları nəzərdə tutulur.
2. Xüsusi Hesabdan ödənişlər müstəsna olaraq qanuni xərclər üçün bu Əlavənin müddəalarına uyğun olaraq həyata keçirilir.
3. Xüsusi Hesabın müvafiq qaydada açılması haqqında qənaətbəxş sübut Bank tərəfindən alındıqdan sonra İcazə verilmiş ayırma və Xüsusi Hesabı bərpa etmək üçün sonrakı ayırmalar aşağıdakı kimi həyata keçirilir:
(a) İcazə verilən ayırmanı çıxarmaq üçün Resipient ümumi dəyəri icazə verilmiş ayırmadan çox olmayan məbləğdə və ya məbləğlərdə vəsaiti Xüsusi Hesabda yerləşdirmək üçün Banka müraciət və ya müraciətlər edir. Belə müraciətin və ya müraciətlərin əsasında Bank, Resipientin adından, xahiş olunmuş məbləği və ya məbləğləri Qrant Hesabından çıxarır və Xüsusi Hesabda yerləşdirir.
(b) (i) Xüsusi Hesabın bərpa olunması üçün Resipient Xüsusi Hesabda depozit yerləşdirilməsi barədə müraciətləri Banka onun müəyyənləşdirdiyi intervalla təqdim edir.
(ii) Belə müraciət etməzdən əvvəl və ya onun edilməsi zamanı Resipient bu Əlavənin 4-cü bəndinin müddəalarına uyğun olaraq ödənişlərə münasibətdə tələb olunan zəruri sənədləri və digər sübutları Banka təqdim etməlidir. Belə bir müraciətin əsasında Bank, Resipientin adından, Resipientin xahiş etdiyi və həmin sənədlər və digər sübutlarla qanuni xərclər üçün Xüsusi Hesabdan ödənildiyi sübut olunmuş məbləği Qrant Hesabından çıxarır və Xüsusi Hesabda yerləşdirir. Bütün belə depozitlər Bank tərəfindən Qrant Hesabından qanuni kateqoriyalar üzrə və sözügedən sənədlərlə və digər sübutlarla əsaslandırılmış müvafiq ekvivalent məbləğlərdə çıxarılır.
4. Resipientin Xüsusi Hesabdan etdiyi hər bir ödəniş üçün Resipient Banka onun əsaslandırılmış olaraq xahiş etdiyi vaxtlarda belə ödənişlərin müstəsna olaraq qanuni xərclər üçün edildiyini təsdiq etmək üçün sənədləri və digər sübutları təqdim edir.
5. Bu Əlavənin 3-cü bəndinin tələblərindən asılı olmayaraq Bank aşağıdakı hallarda Xüsusi Hesaba depozitlər yerləşdirmir:
(a) əgər hər hansı vaxtda Bank müəyyənləşdirərsə ki, bundan sonra vəsaitin çıxarılması Resipient tərəfindən birbaşa olaraq Qrant Hesabından aparılmalıdır;
(b) əgər hər hansı vaxtda Bank bu Məktub-Sazişə Qoşmanın 6.1-ci bəndinin müddəalarına uyğun olaraq, Resipientin Qrant Hesabından vəsait çıxarmaq hüququnu tam və ya qismən dayandırmaq niyyəti barədə Resipientə məlumat verərsə və ya;
(c) Qrantın çıxarılmamış tam məbləği İcazə Verilmiş Ayırma məbləğinin ikiqat ekvivalentinə bərabər olarsa.
Bundan sonra Qrantın qanuni kateqoriyalara ayrılmış, lakin hesabdan çıxarılmamış qalan məbləğinin Qrant Hesabından çıxarılması Bankın Resipientə məlumat verməklə müəyyənləşdirəcəyi prosedurlara uyğun şəkildə aparılacaqdır. Vəsaitin bundan sonra çıxarılması yalnız o zaman mümkün olacaq ki, Bank bildirişin verilməsi tarixində Xüsusi Hesabda depozitləşdirilmiş qalıq məbləğinin yalnız qanuni xərclər üçün istifadə olunmasına əminlik hasil etsin.
6. (a) Hər hansı vaxtda Bank müəyyənləşdirərsə ki, Xüsusi Hesabdan ödəniş: (i) bu Əlavənin 2-ci bəndinə uyğun olaraq qanuni olmayan xərclər üçün və ya qanuni olmayan məbləğlərdə edilmişdir; və ya (ii) Banka təqdim edilmiş sübutlarla əsaslandırılmamışdır, bu zaman Resipient Bankın bildirişini aldıqdan dərhal sonra: (A) Bankın xahiş edə biləcəyi əlavə sübutu təqdim edir; və ya (B) ödəniş məbləğinə və ya onun qanuni olmayan və ya əsaslandırılmamış hissəsinə bərabər olan məbləği Xüsusi Hesabda yerləşdirir (və ya Bank xahiş edirsə, ona qaytarır). Bank başqa cür müəyyənləşdirməzsə, Resipient belə sübutları təqdim etməyənə qədər və ya vəsaiti depozitləşdirməyənə və ya qaytarmayana qədər Bank Xüsusi Hesaba heç bir yeni depozit qoymur.
(b) Hər hansı vaxtda Bank müəyyənləşdirərsə ki, Xüsusi Hesabda qalan vəsait qanuni xərcləri ödəmək əlavə ödənişlər üçün tələb olunmayacaq, Resipient Bankın müraciəti əsasında belə qalan vəsaiti dərhal Banka qaytarır.
© LegalActs LLC