Bank inzibatçılarının Mərkəzi Bankda attestasiyadan keçməsi


Relizin Tarixi: 03.11.2004

Bank inzibatçılarının Milli Bankda attestasiyadan keçməsi Qaydaları

«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3095
16 noyabr 2004-cü il
Nazir
F.MƏMMƏDOV

«Təsdiq edilmişdir»
Azərbaycan Respublikası
Milli Bankı İdarə Heyətinin
3 noyabr 2004-cü il tarixli
qərarı ilə təsdiq edilmişdir
Protokol № 19
İdarə Heyətinin sədri
E.RÜSTƏMOV

Bank inzibatçılarının Milli Bankda attestasiyadan keçməsi

Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Banklar haqqında», «Azərbaycan Respublikasının Milli Bankı haqqında» Azərbaycan Respublikası Qanunlarına uyğun olaraq hazırlanmış və bank fəaliyyətinə lisenziyaların verilməsi prosesində, həmçinin bankların fəaliyyəti dövründə bank inzibatçıları vəzifəsinə namizəd kimi təqdim edilən şəxslərin attestasiyadan keçirilməsi qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalarda attestasiyadan keçməli olan bank inzibatçıları (bundan sonra—bank inzibatçıları) dedikdə, bankın idarə heyətinin üzvləri, daxili audit bölməsinin rəhbəri, bankın baş mühasibi (mühasibat xidmətinin rəhbəri) və onun imza hüququ olan müavinləri, habelə yerli və xarici bankların yerli filiallarının rəhbərləri və baş mühasibləri (mühasibat xidmətinin rəhbəri) və onların imza hüququ olan müavinləri vəzifələrinə namizəd kimi təqdim olunan şəxslər başa düşülür.

2. Attestasiyanın keçirilməsi proseduru

2.1. Bank lisenziyasının alınması üçün ilkin müraciət edilərkən, bank inzibatçıları vəzifələrinə namizəd kimi təqdim olunan şəxslərin sənədlərinə müsbət baxıldıqda, Milli Bank bu şəxslərin attestasiya yerini və vaxtını təyin edir və attestasiya gününə ən azı 15 (on beş) təqvim günü qalmış bu barədə müraciəti təqdim edən şəxsə(lərə) yazılı məlumat verir.

2.2. Bank lisenziyası alınması üçün yekun müraciətin edilməsi zamanı attestasiyadan keçmiş bank inzibatçıları arasında dəyişiklik baş verdikdə, həmin inzibatçılar barədə «Banklar haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş sənədlər təqdim edilməli və bank inzibatçısı vəzifəsinə təqdim edilən şəxs(lər) yekun müraciətə baxılması üçün həmin qanunda müəyyən olunmuş müddətdə Milli Bankda attestasiyadan keçməlidirlər.

2.3. Yerli və xarici banklar fəaliyyətləri dövründə bank inzibatçıları vəzifələrinə təqdim edilən namizədlər haqqında Milli Banka yazılı bildirişlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

2.3.1. təhsil və əmək fəaliyyəti haqqında sənədlərin notariat qaydasında təsdiq edilmiş surətləri;

2.3.2. namizəd tərəfindən doldurulmuş anket, namizədin bankda və digər hüquqi şəxslərdə mühüm iştirak payını göstərən siyahı;

2.3.3. bankın İdarə Heyətinin üzvlüyünə (xarici bankın yerli filialının rəhbərliyinə) təqdim edilən namizədin bankda nəzarət edəcəyi sahə haqqında yazılı məlumat;

2.3.4. namizəd tərəfindən imzalanmış və imzası notariat qaydasında təsdiqlənmiş vətəndaş qüsursuzluğuna dair ərizə;

2.3.5. inzibatçı əcnəbi olduqda, rezidenti olduğu ölkənin müvafiq hakimiyyət orqanları tərəfindən onun cinayət məsuliyyətinə cəlb olunub-olunmadığı barədə verilmiş və qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış arayış.

2.4. Namizəd haqqında sənədlərə Milli Bankın müvafiq struktur bölmələri tərəfindən 30 (otuz) təqvim günü müddətində baxılır və rəy müsbət olduqda, sənədlər Milli Bankın Attestasiya komissiyasına (bundan sonra—Attestasiya komissiyası) təqdim olunur. Attestasiya komissiyası sənədlərin komissiyaya təqdim olunduğu gündən 7 (yeddi) təqvim günündən gec olmayaraq attestasiya gününü təyin edir.

2.5. Milli Bank attestasiyanın keçirilmə yeri və vaxtı barədə bank inzibatçısı vəzifəsinə namizədi irəli sürmüş banka attestasiya gününə ən azı 3 (üç) iş günü qabaqcadan yazılı surətdə məlumat verir.

2.6. Namizədi təqdim edən bankın rəhbər işçisi(ləri) Milli Bankın Attestasiya komissiyasının iclasında müşahidəçi qismində iştirak edə bilər.

2.7. Bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim olunan şəxs üzürlü səbəbdən Attestasiya komissiyasının iclasına gəlmədikdə, Attestasiya komissiyası attestasiyanı başqa münasib vaxta keçirir və bu barədə müvafiq banka 3 (üç) iş günü müddətində yazılı məlumat verir.

2.8. Bank inzibatçısı vəzifəsinə namizəd kimi təqdim olunan şəxs təyin olunan vaxtda üzrlü səbəb olmadan attestasiyaya gəlmədikdə, Attestasiya komissiyası attestasiyanın keçirilməsi gününü 7 (yeddi) təqvim günü müddətinə təxirə salır və bu barədə müvafiq banka yazılı məlumat verir. Bu hal ikinci dəfə təkrar olunduqda, həmin şəxs attestasiyadan keçməmiş sayılır.

2.9. Attestasiya sual-cavab üsulu ilə keçirilir.

2.10. Sual-cavabın məqsədi namizədin peşəkarlıq səviyyəsini və onun bilik, savad və məntiqinin iddia etdiyi vəzifəyə uyğunluğunu müəyyən etməkdir.

2.11. Suallar hər bir vəzifənin səlahiyyət və məsuliyyət dərəcəsindən, iş xüsusiyyətlərindən asılı olaraq əsasən aşağıdakı sahələr üzrə verilir:

    • Azərbaycan Respublikasının bank qanunvericiliyi;
    • Bankların fəaliyyətinə aid mülki və vergi qanunvericiliyi;
    • Korporativ idarəetmə standartları;
    • Bank hesabatlılığı və mühasibat uçotu;
    • Bankdaxili nəzarət və audit;
    • Ödəniş sistemləri və informasiya texnologiyaları;
    • Azərbaycan Respublikasında valyuta tənzimi və s.

2.12. Attestasiya zamanı verilən sualların və cavabların qısa məzmunu Attestasiya vərəqəsində qeyd olunur (Əlavə 1).

3. Attestasiya komissiyası

3.1. Bank inzibatçılarının attestasiyasını Attestasiya komissiyası həyata keçirir.

3.2. Attestasiya komissiyası 7 (yeddi) nəfərdən az olmamaqla tək sayda Milli Bankın əməkdaşları sırasından Milli Bankın İdarə Heyəti sədrinin sərəncamı ilə yaradılır. Attestasiya komissiyası daimi əsaslarla fəaliyyət göstərir.

Milli Bankın İdarə Heyətinin sədri Milli Bankın əməkdaşları sırasından Attestasiya komissiyasının katibini təyin edir. Attestasiya komissiyasının katibi komissiyanın iclaslarında səsvermə hüququna malik deyildir.

3.3. Attestasiya komissiyasının iclaslarında komissiyanın 5 üzvü iştirak etdikdə səlahiyyətli sayılır.

3.4. Attestasiya komissiyasının işi bu Qaydaların tələblərinə cavab verməli, obyektivlik və qərəzsizlik şəraitində aparılmalıdır. Komissiya öz qərarını açıq səsvermə yolu ilə iclasda iştirak edən üzvlərinin sadə səs çoxluğu ilə qəbul edir. Səslər bərabər olduqda namizəd attestasiyadan keçmiş hesab edilir.

3.5. Attestasiya komissiyası attestasiyanın nəticələrindən asılı olaraq aşağıdakı qərarlardan birini qəbul edir:

    • bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğundur;
    • bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğun deyil.

3.6. Attestasiyanın nəticələri attestasiya günü elan olunur.

3.7. Attestasiyanın nəticələri iki nüsxədə tərtib edilən, Attestasiya komissiyasının sədri, katibi və attestasiya komissiyasının səsvermədə iştirak etmiş üzvləri tərəfindən imzalanan Attestasiya vərəqəsi ilə rəsmiləşdirilir. Nüsxələrdən biri Milli Bankda saxlanılır, digəri isə 3 (üç) iş günündən gec olmayaraq müvafiq banka təqdim olunur.

3.8. Attestasiyada iştirak edən bankın rəhbər işçisi(ləri) attestasiyaya dair öz xüsusi rəyini Attestasiya komissiyasına bildirə bilər. Verilmiş rəy Attestasiya vərəqəsində qeyd edilir.

3.9. Attestasiya komissiyasının qərarından qanunvericilikdə nəzərdə tutulmuş qaydada şikayət verilə bilər.

4. Yekun müddəaları

4.1. Attestasiyadan müvəffəqiyyətlə keçmiş şəxs başqa bankda eyni səlahiyyətli vəzifəyə namizəd kimi təqdim olunduqda, onun yenidən attestasiyadan keçməsi tələb olunmur. Bu zaman namizəd haqqında hazırki Qaydaların 2.3-cü bəndində göstərilən sənədlər qanuna müvafiq qaydada Milli Banka təqdim olunur.

4.2. Barəsində «bank inzibatçısı vəzifəsinə təqdim edilən namizəd vəzifəyə uyğun deyil» qərarı qəbul edilən şəxsin namizədliyi bu və ya digər bankda eyni inzibatçı vəzifəsinə attestasiya günündən ən azı 6 (altı) ay keçdikdən sonra namizəd kimi təqdim oluna bilər.

4.3. Bu Qaydalar dövlət qeydiyyatına alındığı tarixdən qüvvəyə minir.

«Azərbaycan Respublikası Mərkəzi İcra Hakimiyyəti Orqanlarının Normativ Aktlarının Bülleteni»ndə dərc edilmişdir (2004-cü il, № 11, s. 59) («LegalActs» LLC).


«Bank inzibatçılarının Milli Bankda
attestasiyadan keçməsi Qaydaların»a

Əlavə № 1

Attestasiya vərəqəsi

Soyadı, adı, atasının adı_________________________________________________________

Doğulduğu il__________________________________________________________________

Təhsili barədə məlumatlar________________________________________________________

(haranı və nə vaxt bitirmişdir)

_____________________________________________________________________________

(təhsilinə görə peşəsi və ixtisası, elmi dərəcəsi, elmi adı)

_____________________________________________________________________________

(ixtisasını nə vaxt və harada artırmışdır)

Attestasiya keçirilən zaman attestasiya keçənin iddia etdiyi vəzifə ______________________________________________________________________________

Ümumi əmək və bank stajı ______________________________________________________

(o cümlədən namizədliyi irəli sürülmüş bankda əmək stajı)

Əvvəlki attestasiyaların nəticələri__________________________________________________

Attestasiya edilən şəxsə verilən suallar və cavablar*.

Attestasiya Komissiyası üzvlərinin rəyi ____________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ ____________________________________

Namizədi təqdim etmiş bank rəhbərinin rəyi ________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________

Attestasiya edilən şəxsin rəyi _____________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ ____________________________________

Attestasiyanın nəticələrinə görə qəbul edilmiş qərar__________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________

Səslərin miqdarı: lehinə _______________ əleyhinə______________

Qeyd_________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________

Attestasiya komissiyasının sədri ______________________________________

(imza)

Attestasiya komissiyasının katibi ______________________________________

(imza)

Attestasiya komissiyasının üzvləri ______________________________________

(imza)

______________________________________

(imza)

______________________________________

(imza)

______________________________________

(imza)

Attestasiyanın keçirilmə tarixi____________
Attestasiya edilən şəxsə verilən suallar və cavablar.

______________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________ ______________________________________________________________________________


* Sualların və cavabların qısa məzmunu qoşmada verilir.


© LegalActs LLC