Azərbaycan Respublikasında lizinq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi barədə


Relizin Tarixi: 09.03.1998

Azərbaycan Respublikasında lizinq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasında lizinq fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi Qaydalarının
təsdiq edilməsi barədə

Qərar № 47

Bakı şəhəri, 9 mart 1998-ci il

«Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Azərbaycan Respublikasında lizinq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları» təsdiq edilsin (əlavə olunur).

2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc olunmuşdur (31 mart 1998-ci il, № 3, maddə 202) («LegalActs»).

7 noyabr 2002-ci il tarixli, 173 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («LegalActs»).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
1998-ci il 9 mart tarixli
47 nömrəli qərarı ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasında lizinq fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

I. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Lizinq xidməti haqqında», «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında Əsasnamə»yə və «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli Fərmanına əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının ərazisində lizinq fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra lisenziya) qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən İqtisadiyyat Nazirliyi tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra «ərizəçilər») lizinq fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən lizinq fəaliyyətini ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Xarici hüquqi şəxslər, onların filialları və nümayəndəlikləri öz ölkələrində lizinq fəaliyyəti ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda onlar lizinq fəaliyyəti ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almalıdırlar.

1.5. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

II. Lisenziyanın verilməsi qaydası

2.1. Lizinq fəaliyyəti ilə məşğul olmaq hüququ verən lisenziyanın alınması üçün ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • təşkilatın adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi, xidmət edildiyi bankın adı, fəaliyyət növü*;

2.1.2. müəssisənin təsis sənədlərinin surəti;

2.1.3. müəssisənin dövlət qeydiyyatına alınması haqqında şəhadətnamənin surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti.

2.2. Ərizəçidən lizinq fəaliyyətinin lisenziyalaşdırılması qaydalarında nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir və baxılır. Çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

2.4. Lizinq fəaliyyətinə lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. lisenziya verilməsi qaydalarında nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. təqdim olunmuş sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. ərizəçinin əvvəllər lizinq fəaliyyəti üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.4.4. ərizəçi, əvvəllər lizinq fəaliyyəti üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.5. qanunvericilikdə və bu qaydalarda nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq İqtisadiyyat Nazirliyinə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Lizinq müəssisəsi ləğv edildikdə onlara verilən lizinq lisenziyası da öz hüquqi qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 15 gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lizinq fəaliyyəti ilə məşğul olan, öz fəaliyyətini lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə İqtisadiyyat Nazirliyinin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. İqtisadiyyat naziri (o olmadıqda, nazirin müavini) tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

III. Lisenziya

3.1. Lizinq fəaliyyəti icazə verən lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. lisenziya verən orqanın adı;

3.1.2. lisenziya verilən müəssisə, təşkilat və idarənin adı və hüquqi ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü — lizinq;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lizinq fəaliyyəti həyata keçirilməsi qaydası;

3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya İqtisadiyyat naziri (o olmadıqda isə, nazirin müavini) tərəfindən imzalanır və nazirliyin möhürü ilə təsdiq olunur.

IV. Lisenziyanın müddəti

4.1. Lizinq fəaliyyəti üçün lisenziya ərizəçinin ərizədə göstərildiyi müddət nəzərə alınmaqla iki ildən az olmayaraq müddətə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

V. Lisenziyanın surəti

5.1. Lisenziyalaşdırılan lizinq fəaliyyəti ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün İqtisadiyyat Nazirliyinə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.5 yarımbəndində tələb olunan sənədlər.

5.3. İqtisadiyyat Nazirliyi lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu Qaydaların 2.3 və 2.4 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lizinq lisenziyasının surəti — lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilməklə doldurulmuş, iqtisadiyyat naziri və o olmadıqda müavini tərəfindən imzalanan, nazirliyin möhürü ilə təsdiq edilən və həmin obyektə lizinq fəaliyyəti ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti İqtisadiyyat Nazirliyi tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün İqtisadiyyat Nazirliyinə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün haqq alınmır.

VI. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri lizinq fəaliyyətini həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

6.1.1. qanunvericilik və digər normativ hüquqi aktlara, habelə bu Qaydalara riayət etmək;

6.1.2. lizinq müəssisəsi kimi fəaliyyətin həyata keçirilməsi (lisenziyanın qüvvədə olma xidməti ərzində reallaşma mərhələsində olan heç olmasa bir lizinq müqaviləsinin mövcudluğu);

6.1.3. lizinq müəssisəsinin həyata keçirdiyi lizinq fəaliyyətinin təsərrüfat fəaliyyətinin digər növlərinə nisbətən üstünlüyü (il ərzində təsərrüfat fəaliyyətinin yekunları üzrə lizinq müəssisəsinin gəlirlərinin ümumi həcmində lizinq xidmətlərinin reallaşdırılmasından gələn gəlirlərin 40 faizdən az olmaması).

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti İqtisadiyyat Nazirliyi həyata keçirir.

6.3. Nəzarət qaydasında İqtisadiyyat Nazirliyinin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən lizinq fəaliyyəti növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı İqtisadiyyat Nazirliyinin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə iki nüsxədən ibarət akt tərtib edilir. Akt İqtisadiyyat Nazirliyinin nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. İqtisadiyyat Nazirliyi zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

VII. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. Lizinq fəaliyyətinə lisenziya verən İqtisadiyyat Nazirliyi aşağıdakı hallarda lisenziyanın fəaliyyətini dayandırır:

7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. lisenziya sahibi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. lisenziya sahibinin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. lizinq fəaliyyətinin həyata keçirilməsi üçün bu Qaydalarda tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

7.1.5 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

İqtisadiyyat Nazirliyi lisenziyanın fəaliyyətinin dayandırılması və onun ləğv edilməsi haqqında müvafiq qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti bərpa edilə bilər. İqtisadiyyat Nazirliyi tərəfindən müvafiq qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edildiyi andan 5 gün müddətində bu barədə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.2. İqtisadiyyat Nazirliyi lizinq fəaliyyətinə lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.2.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.2.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.2.3. lisenziyanın qüvvədə olma qaydaları lizinq təşkilatı tərəfindən pozulduqda;

7.2.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.2.5. hüquqi şəxs ləğv edildikdə;

7.2.6 Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.3. İqtisadiyyat Nazirliyi lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.4. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.5. İqtisadiyyat Nazirliyi verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

VIII. Məsuliyyət

8.1. Lisenziya verilməsini həyata keçirən İqtisadiyyat Nazirliyinin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikası qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyır.

8.2. Lisenziya verilməsini həyata keçirən İqtisadiyyat Nazirliyinin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəmə orqanlarına şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən lizinq fəaliyyəti ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.


* Ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilir.


© LegalActs