Azərbaycan Respublikasının Dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 181)

Relizin Tarixi: 13.03.1998

Azərbaycan Respublikasının Dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında

Azərbaycan Respublikasının Dövlət atributlarının
təbliği işinin gücləndirilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının bayrağı, gerbi və himni Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Vətəndaşlarımıza, xüsusən gənclərimizə dövlət atributlarına dərin ehtiram hisslərinin aşılanması cəmiyyətdə vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir.

Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin əhali arasında geniş təbliğ olunması, gənc nəslin Azərbaycanın bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi vətəndaş cəmiyyətinin yaradılmasının mühüm amillərindən biridir. Lakin hal-hazırda Azərbaycan Respublikasının dövlət atributlarına həsr edilən normativ aktlardakı tələblərə əməl edilməsinə müəyyən laqeydlik, qeyri-ciddi münasibət müşahidə olunur. Bu sahədəki tədbirlərin məqsədyönlü şəkildə qurulması, tənzimlənməsi və gücləndirilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi Təhsil Nazirliyi və Elmlər Akademiyası ilə birlikdə «Azərbaycan dövlət rəmzləri» adlı məlumat kitabının hazırlanıb çap olunmasını, dərslik, plakat, təqvim və digər çap məmulatlarında dövlət atributlarının təbliğ olunmasını təmin etsin.

2. Təhsil Nazirliyi ümumtəhsil məktəblərində, texniki peşə, orta ixtisas məktəblərində, ali məktəblərdə və başqa tədris müəssisələrində dövlət atributlarının öyrənilməsi işini gücləndirmək məqsədilə ciddi tədbirlər görsün.

3. Dövlət Televiziya və Radio Verilişləri Şirkəti Azərbaycanın dövlət atributlarına həsr olunmuş silsilə verilişlər hazırlayıb təqdim etsin.

4. Dövlət orqanlarının, müəssisələrin, idarələrin, təşkilatların və ictimai qurumların rəhbərləri dövlət atributlarına həsr edilən normativ aktlarda müəyyən edilmiş tələblərə ciddi əməl olunmasına nəzarəti gücləndirsinlər.

5. Nazirlər Kabineti bu sərəncamdan irəli gələn digər məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 13 mart 1998-ci il.

№ 759.

«Azərbaycan» qəzetində dərc edilmişdir (14 mart 1998-ci il, № 59) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 1998-ci il, № 3, maddə 181) («LegalActs» LLC).

© LegalActs LLC