Özəlləşdirilən dövlət müəssisələrinin və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə edilməsi barəsində


Relizin Tarixi: 05.06.1997

Özəlləşdirilən dövlət müəssisələrinin və obyektlərinin yerləşdiyi torpaq sahələrindən istifadə edilməsi barəsində

Özəlləşdirilən dövlət müəssisələrinin və
obyektlərinin yerləşdiyi torpaq sahələrindən
istifadə edilməsi barəsində

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1995-ci il 29 sentyabr tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı» na müvafiq olaraq özəlləşdirilən dövlət müəssisə və obyektlərinin mülkiyyətçilərinin hüquqlarının tə`min edilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki:

    • Özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrindən qüvvədə olan normativ-hüquqi aktlara uyğun olaraq istifadə qaydalarını və bu torpaq sahələrindən istifadə hüququna dair şəhadətnaməni 15 gün müddətində təsdiq etsin;
    • «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı» na müvafiq olaraq özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında əsasnamə layihəsini və bu torpaq sahələrinə mülkiyyət hüququna dair şəhadətnaməni, habelə bununla əlaqədar olaraq Azərbaycan Respublikasının qanunlarına müvafiq dəyişikliklər və əlavələr edilməsi barədə təkliflərini hazırlayıb 2 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

2. Müəyyən edilsin ki, bu fərmanın 1-ci bəndinin ikinci abzasında göstərilən torpaq sahələrinin özəlləşdirilmiş müəssisə və obyektlərin mülkiyyətçilərinin ilk növbədə satın almaq hüququ vardır.

3. Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsinə tapşırılsın ki, 10 gün müddətində bu fərmanın 1-ci bəndində göstərilən əsasnamə layihəsini və şəhadətnamələrin nümunələrini hazırlayıb Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.

Müəyyən edilsin ki, bu fərmanın 1-ci bəndində göstərilən şəhadətnamələr Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsi tərəfindən verilir.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 5 iyun 1997-ci il.

№ 594.

«Azərbaycan» qəzetində dərc edilmişdir (06 iyun 1997-ci il, № 114) ( «LegalActs» LLC).

24 avqust 2002-ci il tarixli, 760 nömrəli fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC