Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə
Relizin Tarixi: 30.09.2013
Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 7 noyabr 2003-cü il.
№ 515-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (3 dekabr 2003-cü il, № 277) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2003-cü il, № 12, I kitab, maddə 679) («LegalActs» LLC).
20 oktyabr 2006-cı il tarixli, 172-IIIQD nömrəli; 30 sentyabr 2013-cü il tarixli, 736-IVQD nömrəli Qanunlara əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).
AzərbaycanRespublikasının
2003-cü il 7 noyabr
tarixli Qanunu ilə
təsdiq edilmişdir
Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalının
Əsasnaməsi
1. Azərbaycan Respublikasının «Dövlət qulluğunda fərqlənməyə görə» medalı dövlət qulluqçularına aşağıdakılara görə verilir:
- milli dövlət quruculuğu sahəsinə aid mühüm layihələrin hazırlanmasında və onların həyata keçirilməsində fəal iştiraka görə;
- dövlət orqanlarında vicdanlı fəaliyyətə və xüsusi xidmətlərə görə.
2. «Dövlət qulluğunda fərqlənməyə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda, onlardan sonra taxılır.
AzərbaycanRespublikasının
2003-cü il 7 noyabr
tarixli Qanunu ilə
təsdiq edilmişdir
«Dövlət qulluğunda fərqlənməyə görə» medalının təsviri
«Dövlət qulluğunda fərqlənməyə görə» medalı bürüncdəndir, diametri 35 mm olan milli ornamentlərlə naxışlanmış lövhə şəklində tərtib edilmişdir. İkinci səviyyədə lövhənin mərkəzində Azərbaycan Respublikasının Dövlət Gerbi təsvir edilmişdir. Gerbin ətrafı boyunca paylanan şüaların üstündə «Dövlət qulluğunda fərqlənməyə görə» sözləri yazılmışdır. Bütün yazılar və təsvirlər qabarıqdır.
Medalın arxa tərəfi hamar səthlidir, ortasında medalın seriyası və nömrəsi həkk olunmuşdur.
Medal paltara bərkidilmək üçün elementi olan 37 mm x 50 mm ölçüdə qırmızı çalarlı, mərkəzində açıq-qızılı milli ornament, kənarlarında 2 mm ölçülü açıq-qızılı və 1 mm ölçülü qara rəngli şaquli zolaqlar təsvir olunmuş düzbucaqlı xara lenti halqa və ilgək vasitəsi ilə birləşdirilir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, aşağı hissəsinə aypara və səkkizguşəli ulduz yerləşdirilmiş mərkəzindən kənarlarına doğru şüalar istiqamətlənmiş, eni kənarlarda 10 mm, mərkəzdə 7 mm olan bürünc rəngli təbəqə bərkidilir.
Medala paltara bərkidilmək üçün elementi olan, milli ornamentlə naxışlanan eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm ölçülü qəlib əlavə olunur.
© LegalActs LLC