Azərbaycan Respublikası Adından
“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
6 iyul 2017-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, sorğuverən orqanın nümayəndəsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun, cavabverən orqanın nümayəndəsi Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin Mülki qanunvericilik sektorunun müdiri Nadir Sultanovun, ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosent əvəzi, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın, mütəxəssislər Azərbaycan Respublikası Mərkəzi Bankının Hüquq departamentinin böyük hüquq məsləhətçisi Elnur Musayevin, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının Hüquq və icraat departamentinin hüquqşünası Rüfət Məmmədxanlının və Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun icraçı direktor müavini Ramil Tahirovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) sorğusu əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim S.Həsənovanın məruzəsini, sorğuverən və cavabverən orqanın nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu verərək “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmanətlərin Sığortalanması haqqında” Qanun) 27.3-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 13-cü maddəsinin I hissəsinə, 29-cu maddəsinin I, II və III hissələrinə, 149-cu maddəsinin I və III hissələrinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.
Sorğuda göstərilir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 26.1-ci maddəsinə əsasən, Əmanətlərin Sığortalanması Fondu (bundan sonra – Fond) tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə əmanətin 100 faizi həcmində, lakin 30 (otuz) min manatdan çox olmamaq şərtilə kompensasiya ödənilir.
Həmin Qanunun 27.1-ci maddəsinə görə, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Qanunun 27.3-cü maddəsinə əsasən isə bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda, onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.
Sorğuverən qeyd edir ki, fiziki şəxslərin bir bankda, o cümlədən bankın yerli filial və şöbələrində Qanunun tələblərinə uyğun məbləğdə və faiz dərəcəsində həm milli, həm də bir və ya bir neçə xarici valyutada qoyduğu sığortalanmış əmanətlər bankın gələcəkdə ödəmə qabiliyyətini itirdiyi zaman Fond tərəfindən toplanır və bir əmanət kimi manatla kompensasiya olunaraq əmanətçilərə qaytarılır.
Sorğuverənin qənaətinə görə, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin mülkiyyətində olan istənilən valyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış etməlidir.
Sorğu onunla əsaslandırılmışdır ki, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.3-cü maddəsi əmanətçilərin Konstitusiyanın 13 və 29-cu maddələrində nəzərdə tutulmuş mülkiyyət hüququnu pozur, normalar arasında daxili uzlaşmanı istisna etməklə Konstitusiyanın 149-cu maddəsinin normativ hüquqi aktların haqq-ədalətə əsaslanmalı olması tələbinə cavab vermir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
Konstitusiyanın 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir və mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər.
Qeyd olunmalıdır ki, dövlət vətəndaşların iqtisadi vəziyyətini daha da yaxşılaşdırmaq, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etmək məqsədilə bir sıra tədbirlər həyata keçirmişdir.
Yuxarıda göstərilənlərə nail olmaq, eləcə də əmanətçilərin mülkiyyət hüquqlarının təmin edilməsi məqsədilə sığorta hadisəsi baş verdikdə əmanətlər üzrə kompensasiyanın ödənilməsini nəzərdə tutan “Əmanətlərin sığortalanması haqqında” 2006-cı il 29 dekabr tarixli Qanun qəbul edilmişdir. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 9 fevral tarixli Fərmanına əsasən Əmanətlərin Sığortalanması Fondu yaradılmışdır.
“Əmanətlərin sığortalanması haqqında” Qanunun preambulasında qeyd edilmişdir ki, bu Qanun Azərbaycan Respublikasında fəaliyyət göstərən banklarda fiziki şəxslərin əmanətlərinin kollektiv icbari sığortalanması sisteminin yaradılması və fəaliyyəti, o cümlədən əmanətlər üzrə kompensasiya ödənilməsi qaydalarını müəyyən edir.
Həmin Qanunun 1-ci maddəsinə görə, əmanətlərin sığortalanması sisteminin yaradılmasının məqsədi banklar və xarici bankların yerli filialları ödəmə qabiliyyətini itirdikdə, fiziki şəxslərdən əmanətə qəbul olunmuş pul vəsaitinin itirilməsi riskinin qarşısını almaq, maliyyə və bank sisteminin sabitliyini və inkişafını təmin etməkdir.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələyə aydınlıq gətirilməsi, eləcə də “Əmanətlərin sığortalanması haqqında” Qanunun mahiyyətinin dəyərləndirilməsi üçün bu Qanunda istifadə olunan bəzi anlayışların mənalarına diqqət yetirilməsini vacib hesab edir:
• əmanət – hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir (2.1.1-ci maddə);
• qorunan əmanət – sığorta hadisəsi baş verdikdə Fond tərəfindən qorunan əmanətçiyə kompensasiya olunan əmanətidir (2.1.2-ci maddə);
• iştirakçı bank – bu qanunla müəyyən edilmiş qaydada Fonda sığorta haqları ödəmək öhdəlikləri daşıyan bank və ya xarici bankın yerli filialıdır (2.1.6-cı maddə);
• sığorta hadisəsi – iştirakçı bankın məcburi ləğv edilməsi və ya müflis elan olunması, yaxud qanunvericiliyə müvafiq olaraq əmanətlər üzrə öhdəliklərin yerinə yetirilməsinə moratorium tətbiq edilməsi barədə məhkəmə qərarının qüvvəyə minməsi və bankın əmanətçilər qarşısında öz öhdəliklərini qanun və ya müqavilə şərtlərinə uyğun yerinə yetirə bilməməsi faktının maliyyə bazarlarına nəzarət orqanı tərəfindən təsdiq edilməsidir (2.1.9-cu maddə);
• kompensasiya – sığorta hadisəsi baş verdikdə, qorunan əmanətçilərə ödənilən pul vəsaitidir (2.1.11-ci maddə).
Fondun hüquqi statusu adıçəkilən Qanunun 3-cü maddəsində müəyyən edilmişdir. Bu maddəyə görə, Fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır və öz əmlakının mülkiyyətçisidir. Fondun əsas məqsədi mənfəət götürmək deyil və onun fəaliyyəti nəticəsində əldə etdiyi bütün mənfəət sığorta ehtiyatlarının artırılmasına yönəldilir. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasına, “Əmanətlərin sığortalanması haqqında” Qanuna, digər qanunvericilik aktlarına və Fondun Qaydalarına əsaslanır. Bu Qaydalar Fondun Himayəçilik Şurası tərəfindən qəbul edilir və bütün iştirakçı banklar üçün məcburi xarakter daşıyır. Fiziki şəxslərin əmanətlərinin cəlb edilməsi üçün bank lisenziyasına malik olan bütün banklar və xarici bankların yerli filialları Fondun məcburi iştirakçılarıdır. İştirakçı bankların Azərbaycan Respublikası ərazisindən kənarda yerləşən filiallarındakı əmanətlər Fond tərəfindən sığorta olunmur və onlar üzrə kompensasiya ödənilmir.
“Əmanətlərin sığortalanması haqqında” Qanunda nəzərdə tutulmuş sığorta hadisəsi baş verdikdə, əmanətçilər barədə məlumatlar qanunvericiliklə müəyyən edilmiş qaydada Fonda verilir. Sığorta hadisəsi baş vermiş bankın qorunan əmanətçilərinə kompensasiya ödənilməsi Fondun əsas funksiyası və vəzifəsidir. Fond iştirakçı bankın öhdəlikləri üzrə kompensasiya ödədikdə həmin məbləği reqres qaydasında bankdan tələb edir (Qanunun 4.1.8-ci maddəsi).
Qeyd olunduğu kimi, “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27-ci maddəsində sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi qaydaları müəyyənləşdirilmişdir. Belə ki, həmin Qanunun 27.1-ci maddəsinə əsasən, milli valyutada olan əmanətlər üzrə kompensasiya manatla, xarici valyutada olan əmanətlər üzrə isə əmanətlərin valyutasında ödənilir. Əmanətlər ABŞ dolları və ya Avroda olmadıqda, kompensasiya bu valyutaların biri ilə sığorta hadisəsinin baş verdiyi günə Mərkəzi Bankın müvafiq valyutalar üzrə müəyyən etdiyi rəsmi məzənnələr əsasında hesablanmış çarpaz məzənnə üzrə hesablanır və ödənilir.
Bu maddənin məzmununa görə, əgər bir əmanətçinin bir neçə bankda qoyulmuş xarici valyutada əmanətləri olarsa, sığorta hadisəsi baş verdikdə əmanətlər Qanunun 26.1-ci maddəsinin tələbinə uyğun olaraq ayrı-ayrılıqda həmin əmanətin valyutasında kompensasiya edilir.
Göründüyü kimi, qanunverici geniş mülahizə sərbəstliyindən istifadə edərək bu məsələyə liberal yanaşmış, sığorta hadisəsi baş verdiyi zaman iştirakçı banka qoyulmuş əmanətlər üzrə kompensasiyanın ödənilməsini həmin əmanətin valyutasında nəzərdə tutmuşdur.
“Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.3-cü maddəsinin tələbinə görə isə bir əmanətçinin bir bankda, o cümlədən bankın yerli filiallarında və şöbələrində bir neçə əmanəti olduqda, yaxud həm milli, həm də xarici valyutada əmanətləri olduqda onlar toplanır və bir əmanət kimi manatla kompensasiya olunur.
Bununla bağlı qeyd edilməlidir ki, Qanunun 11-ci maddəsinə görə, Fondun sığorta ehtiyatları aşağıdakı mənbələr hesabına formalaşır:
- iştirakçı bankların üzvlük haqları;
- iştirakçı bankların təqvim haqları;
- iştirakçı bankların əlavə haqları;
- iştirakçı banklar tərəfindən ödənilən dəbbə pulları;
- qrant, ianələr;
- kompensasiyanın ödənilməsi üçün çatışmayan məbləğdə alınmış borc vəsaitləri və s.
Beləliklə, Fondun sığorta ehtiyatları yuxarıda qeyd olunan mənbələr hesabına formalaşır, yəni əmanətçilər əmanətlərinin sığortalanmasına görə heç bir haqq ödəmirlər.
Fondun sığorta ehtiyatlarından biri olan iştirakçı bankların təqvim haqları həmin Qanunun 13.6-cı maddəsinə uyğun olaraq əmanətlərin valyutasında ödənilir. Təqvim haqları iştirakçı bankların Fondun reyestrinə daxil edildiyi gündən başlayaraq bank lisenziyasının ləğv edildiyi günədək ödənilir. Fondun digər gəlirləri olan iştirakçı bankların üzvlük haqları və Fondun likvid (nəğd pula tez çevrilən) aktivləri son hesabat dövründə qorunan əmanətlərin bir faizindən aşağı düşdükdə və ya kompensasiyaların ödənilməsi üçün vəsaitin kifayət etməməsi ehtimalı yarandıqda Mərkəzi Bankın aktivləri və ya dövlət hesabına borc vəsaitləri cəlb edilir ki, bu vəsaitlər də yalnız milli pulla ödənilir. Bu səbəbdən də Fondun vəsaitlərinin böyük hissəsi manatla formalaşır.
Qanunun 26.1-ci maddəsi də qorunan əmanətlərin limitini manatla müəyyən etdiyindən fərqli valyutalarda qoyulan əmanətlərin vahid valyutaya çevrilməsi daha məqbul hesab olunur. Belə qayda, həmçinin əmanətçilərə ödənilən kompensasiyaların daha qısa müddətdə ödənilməsinə şərait yaratmış olur. Bu baxımdan, qanunvericinin Qanunun 27.3-cü maddəsində nəzərdə tutulan qaydada ödəniləcək kompensasiyaların limitinin hesablanmasını asanlaşdırmaq mövqeyi başa düşüləndir.
Sorğu, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015-ci il tarixli Qərarında əks olunmuş “kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilər və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir” hüquqi mövqeyi ilə əsaslandırılmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuverənin bu qənaəti ilə bağlı qeyd edir ki, “Əmanətlərin sığortalanması haqqında” Qanun bankla əmanətçi arasında olan münasibətlərə şamil edilmir. Bu Qanun yalnız iştirakçı bankda sığorta hadisəsinin baş verməsi ilə əlaqədar əmanətçilərə kompensasiyanın ödənilməsi məsələlərini tənzimləyir. Həmin Qanunun normalarının təhlilindən görünür ki, banka qoyulmuş əmanətə görə kompensasiya yalnız sığorta hadisəsi, yəni bankın müflis elan olunması, məcburi ləğv edilməsi və s. baş verdikdə və öz öhdəliklərini yerinə yetirə bilməməsi faktı təsdiq edildikdə ödənilir. Belə halda qoyulmuş əmanətin əvəzinə kompensasiya bank tərəfindən deyil, Fond tərəfindən verilir. Əgər belə sığorta hadisəsi baş verməmişdirsə, qoyulan əmanət bankla bağlanan bank əmanəti müqaviləsində nəzərdə tutulmuş müddət bitdikdə bank tərəfindən hansı valyutada qoyulmuşdursa, həmin valyutada da mülkiyyət kimi geri qaytarılmalıdır.
Belə ki, bank və əmanətçilər arasında münasibətlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 51-ci fəslinin normaları və “Banklar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Mülki Məcəllənin 944.1-ci maddəsinə görə, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür. Həmçinin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1-ci maddəsinin məzmununa görə, bankla əmanətçi arasında münasibətlər tərəflər arasında bağlanmış bank əmanəti müqaviləsinin şərtləri ilə tənzimlənir. Göründüyü kimi, hər iki norma əmanətçi ilə bank arasında münasibətlərin tənzimlənməsini bank əmanəti müqaviləsinin şərtləri ilə əlaqələndirmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, sığorta hadisəsi baş verdikdə Fond tərəfindən hər bir iştirakçı bankda sığortalanmış əmanət üzrə kompensasiyanın ödənilməsi heç də bank əmanətinin qaytarılması və ya Fondun bankın öhdəliyini öz üzərinə götürməsi anlamını verməməlidir. Fond tərəfindən kompensasiya əmanətçinin pul vəsaitini itirməsi riskinin qarşısını almaq məqsədi ilə yarana biləcək məhdudiyyətlərin əvəzi kimi ödənilir. Beləliklə, Fondun əsas məqsədi qoyulan əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərin banklarda olan əmanətlərini sığortalamaqla onlara dəyə biləcək maddi və mənəvi ziyanı ən qısa müddətdə qanunvericiliklə müəyyən edilmiş qaydada kompensasiya etməklə ölkənin maliyyə və bank sisteminin inkişafına dəstək olmaqdır.
Bununla yanaşı qeyd olunmalıdır ki, kompensasiya almaq sığorta hadisəsi riskinə məruz qalmış əmanətçinin hüququdur. Əmanətçiyə kompensasiya almaq hüququ və ödənilməsi şərtləri izah olunur və o, kompensasiya almaqdan imtina etdikdə banka qarşı tələb irəli sürmək hüququnu saxlayır. Əmanətçinin banka qarşı irəli sürdüyü tələbə isə bank əmanəti müqaviləsinin şərtlərinə uyğun baxılır.
“Əmanətlərin sığortalanması haqqında” Qanunun 25.2-ci maddəsinə əsasən, qorunan əmanətçi Fonddan aldığı kompensasiya ilə əmanəti arasındakı fərq məbləğində qanunvericiliyə müvafiq qaydada banka qarşı tələb irəli sürə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu sorğuda qaldırılan məsələ ilə bağlı beynəlxalq təcrübəyə diqqət yetirilməsini məqsədə müvafiq hesab edir. Belə ki, bir sıra ölkələrdə (Rusiya, Ukrayna, Qazaxıstan, Türkiyə, Malayziya, Cənubi Koreya, ABŞ, Kanada, Avropa Birliyi ölkələrində və s.) qorunan əmanətlər üzrə kompensasiyalar əmanətin valyutasından asılı olmayaraq, əsasən milli valyuta ilə ödənilir. Bəzi dövlətlərin (Böyük Britaniya, Belçika, Sinqapur, Fransa, Yaponiya və s.) qanunvericiliyinə görə isə xarici valyutada qoyulmuş əmanətlər bir qayda olaraq sığortalanmır və kompensasiya edilmir.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, əmanətçilər sığorta hadisəsi baş verəcəyi təqdirdə kompensasiyaların ödəniş şərtləri barədə əvvəlcədən məlumatlandırıldıqları üçün kompensasiyanın milli valyutada ödənilməsi onların konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirilməməlidir. Belə ki, bank əmanəti müqaviləsində sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi qaydası və şərtləri barədə müddəalar əks olunmalıdır.
Eyni zamanda, kompensasiyaların ödənilməsində milli valyutaya üstünlük verilməsi Azərbaycan Respublikasının pul vahidi olan manatın sabitliyinə nail olunması, onun alıcılıq qabiliyyətinin möhkəmləndirilməsini təmin edən valyuta siyasəti ilə bağlıdır.
Sorğuverənin “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.1-ci maddəsi ilə 27.3-cü maddəsi arasında daxili uzlaşmanın olmaması dəlili ilə bağlı qeyd olunmalıdır ki, həmin Qanunun 27.1-ci maddəsinə münasibətdə 27.3-cü maddəsi xüsusi hallarda kompensasiyaların ödənilməsini nəzərdə tutur. Qanunun 27.1-ci maddəsi ilə 27.3-cü maddəsinin tənzimləmə obyekti kompensasiyaların ödənilməsi olsa da, kompensasiyaların ödənildiyi hallar fərqlidir.
Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iştirakçı bankda sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərə dəyə biləcək maddi ziyanı kompensasiya etmək məqsədi daşıdığı üçün “Əmanətlərin sığortalanması haqqında” Qanunun 27.3-cü maddəsi Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I, II və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə uyğunsuzluq təşkil etmir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VII hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. İştirakçı bankda sığorta hadisəsi baş verdikdə kompensasiyanın ödənilməsi əmanətlərin mülkiyyət kimi geri qaytarılması deyil, əmanətçilərə dəyə biləcək maddi ziyanı kompensasiya etmək məqsədi daşıdığı üçün “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsi Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I, II və III hissələri, 149-cu maddəsinin I və III hissələri ilə uyğunsuzluq təşkil etmir.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
31 İyul 2017, 10:07
21 May 2014, 14:05
"Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamənin və Nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsi və girov qoyulması qaydasının təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarında dəyişikliklər edilməsi haqqında ətraflı...
21 May 2014, 14:05
"Azərbaycan Respublikası dövlət sərhədinin mühafizəsini gücləndirmək tədbirləri haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli 560 nömrəli qərarında dəyişiklik edilməsi barədə ətraflı...
19 May 2014, 12:05
"Azərbaycan Respublikasında avtomobil yollarının təsnifat göstəriciləri"nin və "Ümumi istifadədə olan avtomobil yollarının adlandırılması, indeksasiyası və qeydiyyata alınması Qaydaları"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2004-cü il 1 iyul tarixli 91 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 12:05
"Hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları", "Dövlət reyestr kitabı", "Qeyri-kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Təhsil müəssisələrinin dövlət qeydiyyatı haqqında şəhadətnamə", "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət reyestrindən çıxarışın forması və çıxarışda göstərilən məlumatların həcmi" və "Qeyri-kommersiya qurumlarının və təhsil müəssisələrinin dövlət qeydiyyatına alınması barədə ərizənin forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 13 aprel tarixli 70 nömrəli qərarında dəyişikliklər edilməsi barədə ətraflı...
19 May 2014, 12:05
"Elektron hökumət" portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı"nın və "İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin "Elektron hökumət" portalına qoşulması üçün Texniki Tələblər"in təsdiq edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI ətraflı...
19 May 2014, 09:05
Mingəçevir şəhərinin sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi haqqında Əsasnamənin və Mərkəzin strukturunun təsdiq edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarının təltif edilməsi haqqında ətraflı...
19 May 2014, 09:05
Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əməkdaşlarına “Əməkdar Mədəniyyət İşçisi” fəxri adının verilməsi haqqında ətraflı...