“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq qərara alır:

 

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 12, maddə 737; 2003, № 1, maddə 1; 2006, № 3, maddə 225; 2007, № 6, maddə 562, № 12, maddə 1216; 2009, № 7, maddə 517; 2010, № 4, maddə 276; 2014, № 10, maddə 1168; 2016, № 3, maddə 423) aşağıdakı dəyişikliklər edilsin:

 

1. 1-ci maddə üzrə:

1.1. 7-ci hissənin “a” bəndinə “o cümlədən” sözlərindən sonra “valyuta mübadiləsi əməliyyatları, habelə” sözləri əlavə edilsin;

1.2. aşağıdakı məzmunda 7-1-ci və 7.2-ci hissələr əlavə edilsin:

“7-1. “Valyuta mübadiləsi fəaliyyəti” – Azərbaycan Respublikasında xarici valyutanın qanunla müəyyən edilmiş qaydada alınması, satılması və dəyişdirilməsi.

7-2. “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər” – bu Qanunla müəyyən edilmiş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış rezident hüquqi və fiziki şəxslər və qeyri-rezident hüquqi şəxslərin filialları”.

2. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“Maddə 3. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinin ümumi əsasları

1. Rezidentlər və qeyri-rezidentlər Azərbaycan Respublikasının daxili valyuta bazarında qanunla müəyyən edilmiş qaydada xarici valyutanı satmaq, almaq və dəyişdirmək hüququna malikdirlər.

2. Azərbaycan Respublikasında valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək hüququna yalnız maliyyə bazarlarına nəzarət orqanından “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış yerli banklar, xarici bankların yerli filialları, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən lisenziya almış poçt rabitəsinin milli operatoru və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər malikdirlər.

3. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən xarici valyutanın alqı-satqısı yalnız nağd qaydada və müştərilərin sifarişi ilə həyata keçirilir.

4. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər arasında aparılan valyuta mübadiləsi əməliyyatları istisna olmaqla, onlarla digər hüquqi şəxslər və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər arasında sahibkarlıq fəaliyyəti məqsədləri üçün valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə yol verilmir.

5. Valyuta mübadiləsi əməliyyatlarının aparılması qaydaları, o cümlədən bu əməliyyatların həyata keçirilməsi üçün təşkilati, texniki təchizata və təhlükəsizliyə dair tələblər, valyuta mübadiləsi əməliyyatları üzrə uçotun, hesabatın və sənədləşmənin vahid formaları, onların təqdim olunması qaydası və müddətləri, habelə valyuta mübadiləsi fəaliyyəti həyata keçiriləcək obyektlərin yerləşəcəyi ərazilər maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla müəyyən edilir.

6. Azərbaycan Respublikası Mərkəzi Bankı manatın sabitliyini təmin etmək məqsədi ilə xarici valyutanın alqı-satqısı üzrə əməliyyatlar aparmaqla valyuta bazarına müdaxilə edə, valyuta mübadiləsi fəaliyyəti zamanı xarici valyutanın alqı-satqı əməliyyatlarında satış məzənnəsinin alış məzənnəsindən kənarlaşmasına hədd qoya və (və ya) bu əməliyyatların yuxarı həddinə dair tələblər müəyyən edə bilər.

7. Azərbaycan Respublikasında banklar arasında xarici valyutanın alqı-satqısı əqdləri barədə məlumat Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Bu məlumatın forması və təqdim edilməsi qaydası, eləcə də Azərbaycan Respublikası Mərkəzi Bankı ilə banklar arasında aparılan xarici valyutanın alqı-satqısı qaydası Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilir.

8. Banklar arasında xarici valyutanın alqı-satqısı Azərbaycan Respublikası Mərkəzi Bankının maliyyə bazarlarına nəzarət orqanı ilə razılaşdırmaqla müəyyən etdiyi qaydada həyata keçirilir.

9. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatları üzrə gəlirlərin və xərclərin uçotunun aparılması qaydaları maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla müəyyən edilir.”.

3. 11-ci maddənin 8-ci hissəsindən “Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydada” sözləri çıxarılsın.

4. 13-cü maddənin 2-ci hissəsinin “d” bəndi aşağıdakı redaksiyada verilsin:

“d) valyuta əməliyyatları üzrə statistikanın vahid formasını, təqdim olunması qaydasını və müddətini müəyyən edir;”.

5. Aşağıdakı məzmunda II-I fəsil əlavə edilsin:

“II-I fəsil

Valyuta mübadiləsi fəaliyyətinə lisenziyaların verilməsi

 Maddə 13-1. Lisenziyanın alınması üçün müraciət

13-1.1. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirmək istəyən şəxs (bundan sonra – ərizəçi) lisenziyanın alınması üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir. Ərizənin forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

13-1.2. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

13-1.2.1. ərizəçi rezident hüquqi şəxs, qeyri-rezident hüquqi şəxsin filialı olduqda, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

13-1.2.2. ərizəçi rezident fiziki şəxs olduqda, şəxsiyyət vəsiqəsinin surəti;

13-1.2.3. ərizəçinin vergi ödəyicisi kimi dövlət qeydiyyatına alınması barədə şəhadətnamənin surəti;

13-1.2.4. ərizədə qeyd olunan obyektlərdən hər biri üzərində ərizəçinin mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədin notariat qaydasında təsdiq olunmuş surəti;

13-1.2.5. rezident hüquqi şəxsin nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;

13-1.2.6. Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vergilərlə bağlı dövlət büdcəsinə borcu və digər öhdəliyi (Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada borcun ödənilməsinə möhlət verilməsi və (və ya) vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin dəyişdirilməsi halları istisna olmaqla) olmaması barədə müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış;

13-1.2.7. təsisçinin (təsisçilərin) iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkumluğunun olmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış;

13-1.2.8. bu Qanunun 13-10.1-ci maddəsinə əsasən müəyyən olunmuş girov məbləğinin ödənilməsi barədə bank sənədi;

13-1.2.9. bu Qanunun 3-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulan tələblərə əməl edilməsi barədə təsdiqedici sənədlər.

13-1.3. Ərizə maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilir və həmin gün qeydiyyata alınır. Maliyyə bazarlarına nəzarət orqanı ən geci 3 iş günü müddətində ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında ərizəçiyə arayış verməli və ya bu barədə məlumatı sifarişli poçt göndərişi vasitəsilə ona göndərməlidir.

Maddə 13-2. Lisenziyanın verilməsi

13-2.1. Maliyyə bazarlarına nəzarət orqanı ərizəçinin təqdim etdiyi ərizənin və ona əlavə edilmiş sənədlərin bu Qanunun 13-1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Ərizədə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan və lisenziyanın verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, ərizənin qeydiyyata alındığı tarixdən 5 iş günündən gec olmayaraq maliyyə bazarlarına nəzarət orqanı onların aradan qaldırılması barədə məlumatı ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir və formal tələblərə əməl olunmamasının hüquqi nəticələrini ona izah edir. Bütün çatışmazlıqlar, eyni zamanda, ərizəçiyə bildirilməlidir.

13-2.2. Ərizəçi həmin çatışmazlıqları məlumatı aldığı vaxtdan ən geci 10 iş günü ərzində aradan qaldırmalıdır. Bu zaman lisenziyanın verilməsi ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət lisenziyanın verilməsi müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə ərizəçinin müraciəti maliyyə bazarlarına nəzarət orqanına daxil olduqdan sonra müddətin axımı bərpa olunur.

13-2.3. Ərizəçi ərizədə və ona əlavə edilmiş sənədlərdə aşkar olunmuş çatışmazlıqları bu Qanunun 13-2.2-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda maliyyə bazarlarına nəzarət orqanı ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul edir və bu barədə məlumatı 2 iş günü müddətində ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

13-2.4. Bu Qanunun 13-2.3-cü maddəsində nəzərdə tutulmuş halda ərizəçi aşkar olunmuş çatışmazlıqları aradan qaldırdıqdan sonra lisenziyanın alınması üçün təkrar ərizə ilə maliyyə bazarlarına nəzarət orqanına müraciət edə bilər. Həmin müraciətə bu Qanunun 13-1-ci və 13-2-ci maddələri üzrə yenidən baxılır.

13-2.5. Maliyyə bazarlarına nəzarət orqanı təqdim olunmuş ərizəyə və ona əlavə edilmiş sənədlərə baxılmasının nəticəsi əsasında ərizənin qeydiyyata alındığı tarixdən 20 iş günündən gec olmayaraq müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla lisenziyanın verilməsi və ya verilməsindən imtina haqqında qərar qəbul edir.

13-2.6. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 13-2.5-ci maddəsində müəyyən edilmiş müddətdən gec olmayaraq lisenziyanın verilməsi haqqında qərarı ərizəçiyə göndərir. Həmin qərar ərizəçiyə daxil olduqdan sonra lisenziyanın verilməsi üçün dövlət rüsumu 5 iş günü müddətində ərizəçi tərəfindən ödənilir və ödənişi təsdiq edən sənəd maliyyə bazarlarına nəzarət orqanına təqdim edilir. Lisenziyanın verilməsindən imtina haqqında qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-2.7. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd maliyyə bazarlarına nəzarət orqanına ərizəçi tərəfindən təqdim edildikdən sonra lisenziya 2 iş günündən gec olmayaraq ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir. Dövlət rüsumunun ödənilməsi faktını təsdiq edən sənəd maliyyə bazarlarına nəzarət orqanına təqdim edilmədikdə, maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lisenziya ləğv edilir və bu barədə məlumat 2 iş günü müddətində ərizəçiyə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-2.8. Lisenziyada aşağıdakılar göstərilir:

13-2.8.1. lisenziyanın verilmə tarixi və qeydiyyat nömrəsi;

13-2.8.2. lisenziya verən orqanın adı və ünvanı;

13-2.8.3. lisenziyanın sahibi barədə məlumatlar (rezident hüquqi və ya fiziki şəxsin, yaxud qeyri-rezident hüquqi şəxsin filialının adı və hüquqi ünvanı, lisenziya verilmiş obyektin yerləşdiyi ünvan, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi);

13-2.8.4. lisenziya verilən fəaliyyət növü.

13-2.9. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxsə verilən lisenziya müddətsizdir.

13-2.10. Lisenziya maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

13-2.11. Lisenziya maliyyə bazarlarına nəzarət orqanı tərəfindən verildiyi gündən qüvvəyə minir. Lisenziya yalnız onu almış şəxs tərəfindən istifadə edilə bilər. Lisenziya üçüncü şəxslərə ötürülə bilməz. Lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçi (iştirakçı) olduğu hüquqi şəxslərə, habelə lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirildiyi obyektdə valyuta mübadiləsi fəaliyyətindən başqa, digər xidmətlərin həyata keçirilməsi qadağandır.

13-2.12. Valyuta mübadiləsi fəaliyyəti ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda lisenziyanın əlavəsi verilir.

13-2.13. Lisenziyanın əlavəsinin başlığında “lisenziyanın əlavəsi” sözləri yazılır. Həmin əlavədə valyuta mübadiləsi fəaliyyətinin həyata keçirildiyi obyektin ünvanı göstərilir. Fəaliyyətin həyata keçirildiyi hər bir obyekt üçün lisenziyanın ayrıca əlavəsi təqdim olunur.

13-2.14. Lisenziyanın əlavəsini almaq üçün lisenziya sahibi lisenziya verildikdən sonra maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edə bilər. Həmin ərizəyə yalnız bu Qanunun 13-1.2.4-cü, 13-1.2.8-ci və 13-1.2.9-cu maddələrində göstərilən sənədlər əlavə olunur.

13-2.15. Lisenziyanın əlavəsi bu Qanunun 13-2.10-cu maddəsində nəzərdə tutulmuş qaydada imzalanır və təsdiq edilir.

13-2.16. Lisenziyanın yenidən rəsmiləşdirilməsinin, dublikatının verilməsinin, dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyanın əlavəsinə də şamil edilir.

13-2.17. Bu Qanunla lisenziyanın dayandırılması və ya ləğv edilməsi üçün əsaslar lisenziyanın əlavəsinin də dayandırılması və ya ləğv edilməsi üçün əsasdır. Lisenziyanın əlavəsinin dayandırılmasının və ləğvinin hüquqi nəticələri lisenziyaya şamil edilmir.

 

Maddə 13-3. Lisenziyanın verilməsindən imtina

13-3.1. Lisenziyanın verilməsindən aşağıdakı hallarda imtina edilir:

13-3.1.1. ərizədə və ona əlavə olunmuş sənədlərdə qanuna uyğun olmayan məlumatlar olduqda (bu Qanunun 13-2.1-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş hal istisna edilməklə);

13-3.1.2. ərizəçi lisenziya verilməsi şərtlərini yerinə yetirmədikdə.

13-3.2. Lisenziyanın verilməsindən imtina haqqında qərar imtina hallarına istinad edilməklə, əsaslandırılmalıdır. Ərizəçi həmin qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Maddə 13-4. Lisenziyanın verilməsi üçün ödəniş

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya verilməsi üçün tələb olunan dövlət rüsumunun məbləği “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.

Maddə 13-5. Lisenziyanın yenidən rəsmiləşdirilməsi

13-5.1. Lisenziya aşağıdakı hallarda yenidən rəsmiləşdirilir:

13-5.1.1. lisenziyanın sahibi olan rezident hüquqi şəxs yenidən təşkil edildikdə;

13-5.1.2. lisenziyanın sahibi olan rezident hüquqi şəxsin və ya qeyri-rezident hüquqi şəxsin filialının adı və ya hüquqi ünvanı dəyişdikdə;

13-5.1.3. lisenziyanın sahibi olan rezident fiziki şəxsin soyadı, adı, atasının adı və ya fəaliyyət ünvanı dəyişdikdə.

13-5.2. Bu Qanunun 13-5.1-ci maddəsində göstərilən əsaslar olduqda, lisenziyanın sahibi və ya onun hüquqi varisi həmin əsasların yarandığı gündən 5 iş günündən gec olmayaraq lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət etməlidir.

13-5.3. Həmin ərizəyə yenidən rəsmiləşdirilməli olan lisenziya, hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın, rezident fiziki şəxsin şəxsiyyət vəsiqəsinin və vergi uçotuna alınması haqqında şəhadətnamənin surətləri əlavə olunur.

13-5.4. Maliyyə bazarlarına nəzarət orqanı bu Qanunun 13-5.2-ci və 13-5.3-cü maddələrinə uyğun olaraq, ərizə və ona əlavə olunan sənədlər daxil olduqdan 3 iş günü ərzində müvafiq düzəlişləri edərək yenidən rəsmiləşdirilmiş lisenziyanı lisenziyanın sahibinə və ya onun hüquqi varisinə təqdim edir, yaxud sifarişli poçt göndərişi vasitəsilə göndərir.

13-5.5. Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə lisenziyanın sahibi və ya onun hüquqi varisi öz fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanına təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir.

13-5.6. Maliyyə bazarlarına nəzarət orqanının adı dəyişdikdə və ya lisenziya vermə səlahiyyəti digər lisenziya verən orqana keçdikdə, əvvəllər verilmiş lisenziyanın yenidən rəsmiləşdirilməsi yalnız lisenziya sahibinin müraciəti əsasında bu Qanunun 13-5.3-cü və 13-5.4-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılır.

Maddə 13-6. Lisenziyanın dublikatının verilməsi

13-6.1. Lisenziya itirildikdə və ya zədələndikdə lisenziyanın sahibi lisenziyanın dublikatının verilməsi üçün maliyyə bazarlarına nəzarət orqanına ərizə ilə müraciət edir.

13-6.2. Maliyyə bazarlarına nəzarət orqanı ərizənin daxil olduğu tarixdən 3 iş günü müddətində lisenziyanın dublikatını hazırlayaraq ərizəçiyə təqdim edir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərir.

13-6.3. Lisenziyanın dublikatının verildiyi müddətdə lisenziyanın sahibi öz fəaliyyətini maliyyə bazarlarına nəzarət orqanına təqdim etdiyi ərizənin qeydiyyat tarixi və nömrəsi haqqında arayış əsasında həyata keçirir. Həmin arayış maliyyə bazarlarına nəzarət orqanının səlahiyyətli şəxsi tərəfindən imzalanır və möhürlə təsdiq edilir.

13-6.4. Lisenziyanın dublikatı itirilmiş və ya zədələnmiş lisenziya ilə eyni hüquqi qüvvəyə malikdir.

Maddə 13-7. Lisenziyanın dayandırılması

13-7.1. Lisenziya aşağıdakı hallarda dayandırılır:

13-7.1.1. lisenziya sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

13-7.1.2. lisenziyanın sahibi valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi ilə bağlı bu Qanunun tələblərinin, habelə Azərbaycan Respublikası Mərkəzi Bankı və maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qanunla müəyyən olunmuş qaydada qəbul olunan tələblərin pozulması hallarının aradan qaldırılmasına dair maliyyə bazarlarına nəzarət orqanının göstərişlərini yerinə yetirmədikdə (lisenziyanın ləğvi üçün əsas olan hallar istisna olmaqla);

13-7.1.3. qanunla müəyyən edilmiş digər hallarda.

13-7.2. Lisenziya maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə dayandırılır. Həmin qərarda dayandırılmaya əsas verən hallar və lisenziyanın dayandırıldığı müddət göstərilməlidir. Bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsaslar üzrə lisenziyanın dayandırılması haqqında qərarda, həmçinin dayandırılmaya əsas verən halların aradan qaldırılması üçün görülməli olan tədbirlər və lisenziyanın dayandırıldığı müddətdə həmin halların aradan qaldırılmamasının nəticəsi göstərilməlidir.

13-7.3. Lisenziyanın sahibi lisenziyanın dayandırıldığı müddət bitənədək bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən halları aradan qaldırmalı və nəticəsi barədə maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verməlidir.

13-7.4. Bu Qanunun 13-7.1.1-ci maddəsində göstərilən əsas üzrə dayandırılmış lisenziya sahibinin müvafiq ərizəsinə, bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən hallarda dayandırılmış lisenziya isə həmin halların aradan qaldırılması barədə lisenziya sahibinin təqdim etdiyi yazılı məlumata əsasən maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə bərpa olunur.

13-7.5. Bu Qanunun 13-7.1.1-ci maddəsində göstərilən əsas üzrə lisenziyanın dayandırılması müddəti 3 aydan və təqvim ili ərzində 1 dəfədən artıq ola bilməz.

13-7.6. Bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsas üzrə lisenziyanın dayandırılması müddəti 6 aydan artıq ola bilməz.

13-7.7. Lisenziyanın dayandırılması və bərpa olunması haqqında qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-7.8. Lisenziyanın sahibi lisenziyanın dayandırılması haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

 

Maddə 13-8. Lisenziyanın ləğvi

13-8.1. Lisenziya aşağıdakı hallarda ləğv edilir:

13-8.1.1. lisenziyanın sahibi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

13-8.1.2. lisenziyanın sahibi olan rezident hüquqi şəxs, qeyri-rezident hüquqi şəxsin filialı ləğv edildikdə;

13-8.1.3. lisenziya sahibi olan rezident fiziki şəxs vəfat etdikdə, məhkəmə qaydasında ölmüş və ya xəbərsiz itkin düşmüş elan olunduqda;

13-8.1.4. lisenziyanın sahibi olan rezident fiziki şəxsin fərdi sahibkar kimi fəaliyyətinə xitam verildikdə;

13-8.1.5. məhkəmənin müvafiq qərarı olduqda;

13-8.1.6. lisenziyanın verilməsi üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatlar aşkar edildikdə;

13-8.1.7. bu Qanunun 13-7.3-cü maddəsində göstərilənlərlə bağlı maliyyə bazarlarına nəzarət orqanına yazılı məlumat verilmədikdə;

13-8.1.8. lisenziyanın sahibi lisenziya aldıqdan sonra 3 ay ərzində bu fəaliyyətə başlamadıqda;

13-8.1.9. bu Qanunun 13-7.1.2-ci və 13-7.1.3-cü maddələrində göstərilən əsaslar 6 ay müddətində aradan qaldırılmadıqda və lisenziyanın bərpa olunması barədə maliyyə bazarlarına nəzarət orqanının qərarı olmadıqda;

13-8.1.10. qanunla valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya tələb olunmadıqda;

13-8.1.11. bu Qanunun 13-2.11-ci maddəsinin üçüncü cümləsində müəyyən olunmuş qadağaya əməl olunmadıqda;

13-8.1.12. qanunla müəyyən edilmiş digər hallarda.

13-8.2. Lisenziya bu Qanunun 13-8.1-ci maddəsində göstərilən hallara (bu Qanunun 13-8.1.5-ci maddəsi istisna olmaqla) istinad edilməklə, maliyyə bazarlarına nəzarət orqanının qərarı ilə ləğv edilir. Həmin qərar qəbul olunduğu tarixdən 2 iş günü müddətində lisenziyanın sahibinə təqdim edilir və ya sifarişli poçt göndərişi vasitəsilə göndərilir.

13-8.3. Lisenziyanın sahibi lisenziyanın ləğvi haqqında qərardan inzibati qaydada və məhkəməyə şikayət verə bilər.

Maddə 13-9. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsinə nəzarət

Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxsin bu fəaliyyətin həyata keçirilməsi ilə bağlı qanunla, habelə Azərbaycan Respublikası Mərkəzi Bankının və maliyyə bazarlarına nəzarət orqanının normativ xarakterli aktları ilə müəyyən olunmuş tələblərə riayət etməsinə nəzarət maliyyə bazarlarına nəzarət orqanı tərəfindən həyata keçirilir. Nəzarətin həyata keçirilməsi qaydası maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

Maddə 13-10. Valyuta mübadiləsi fəaliyyətinin həyata keçirilməsi üçün girov məbləğinə dair tələb

13-10.1. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs müvəkkil bankda xüsusi hesaba müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş məbləğdə girov vəsaiti yerləşdirməlidir.

13-10.2. Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxs tərəfindən bu fəaliyyət iki və artıq obyektdə həyata keçirildikdə girov məbləğinə dair tələblər hər ikinci və növbəti obyekt üçün bu Qanunun 13-10.1-ci maddəsinə əsasən müəyyən edilmiş məbləğin əlli faizi həcmində müəyyən edilir.

13-10.3. Bu Qanunun 13-10.1-ci maddəsinə əsasən müəyyən edilmiş girovun tam məbləği müvəkkil bankda xüsusi hesabda depozitdə saxlanılır və lisenziyanın qüvvədə olduğu müddətdə geri qaytarılmır.

13-10.4. Bu Qanunun 13-8.1.1–13-8.1.4-cü və 13-8.1.6–13-8.1.11-ci maddələrinə əsasən lisenziyası ləğv edilmiş şəxs maliyyə bazarlarına nəzarət orqanının rəyini təqdim etməklə müvəkkil bankdan girov vəsaitini geri ala bilər. Rəyin forması maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən edilir.

13-10.5. Bu Qanunun 13-8.1.5-ci və 13-11.6-cı maddələrində nəzərdə tutulmuş hallarda girov vəsaitinin geri qaytarılması məhkəmə qərarına əsasən həyata keçirilir.

13-10.6. Müvəkkil bank bu Qanunla müəyyən olunmuş qaydada valyuta mübadiləsi fəaliyyətinə lisenziya almaq istəyən şəxs üçün açılmış hesab və bu hesaba yerləşdirilmiş girov vəsaiti barədə məlumatı 3 iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

13-10.7. Müvəkkil bank bu Qanunla müəyyən edilmiş hallarda geri qaytarılmış girov məbləği ilə bağlı məlumatı 3 iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanına təqdim edir.

Maddə 13-11. Lisenziyası ləğv edilmiş şəxsə maliyyə bazarlarına nəzarət orqanının rəyinin təqdim edilməsi

13-11.1. Bu Qanunun 13-8.1.1–13-8.1.4-cü, 13-8.1.6–13-8.1.9-cu və 13-8.1.11-ci maddələrinə əsasən maliyyə bazarlarına nəzarət orqanı tərəfindən lisenziyanın ləğvi barədə qərar qəbul olunduqdan sonra maliyyə bazarlarına nəzarət orqanı, bu Qanunun 13-8.1.5-ci maddəsində nəzərdə tutulan əsas üzrə məhkəmə baxışı təyin edildikdən sonra isə məhkəmə tərəfindən iki iş günü müddətində bu barədə rəsmi dövri mətbu nəşrdə elan dərc olunur. Elanda aşağıdakılar göstərilir:

13-11.1.1. lisenziyası ləğv edilmiş (barəsində məhkəmə baxışı təyin edilmiş) valyuta mübadiləsi fəaliyyətini həyata keçirən rezident hüquqi şəxsin və ya qeyri-rezident hüquqi şəxsin filialının adı, hüquqi ünvanı və fəaliyyət ünvanı;

13-11.1.2. lisenziyası ləğv edilmiş (barəsində məhkəmə baxışı təyin edilmiş) valyuta mübadiləsi fəaliyyətini həyata keçirən rezident fiziki şəxsin adı, atasının adı, qeydiyyat ünvanı və fəaliyyət ünvanı;

13-11.1.3. lisenziyanın ləğvi (barəsində məhkəmə baxışı təyin edilməsi) barədə qərarın tarixi və nömrəsi;

13-11.1.4. məhkəməyə müraciət etmə qaydası və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən məhkəmə baxışının keçiriləcəyi məhkəmənin adı;

13-11.1.5. bu Qanunun 13-8.1.5-ci maddəsində nəzərdə tutulan əsas üzrə məhkəmə baxışı təyin edildikdə, həmçinin məhkəmə baxışının təyin edilmiş tarixi.

13-11.2. Bu Qanunla müəyyən olunmuş qaydada lisenziyası ləğv edilmiş və ya lisenziyasının ləğv edilməsi ilə bağlı məhkəmə baxışı təyin edilmiş şəxslərə qarşı tələb irəli sürmək istəyən şəxslər bu Qanunun 13-11.1-ci maddəsində nəzərdə tutulan elan dərc olunduqdan sonra iki ay müddətində iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər.

13-11.3. Bu Qanunun 13-11.2-ci maddəsində nəzərdə tutulan iddia ərizəsi məhkəməyə daxil olduqdan sonra məhkəmə tərəfindən iki iş günü müddətində maliyyə bazarlarına nəzarət orqanına məlumat verilir.

13-11.4. Məhkəmələr tərəfindən bu Qanunun 13-11.2-ci maddəsinə əsasən təqdim olunan iddia ərizələrinə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinə əsasən baxılır.

13-11.5. Bu Qanunun 13-11.2-ci maddəsində müəyyən olunmuş müddətdə məhkəməyə iddia ərizəsinin daxil olması barədə maliyyə bazarlarına nəzarət orqanına məlumat daxil olmadıqda, habelə bu Qanunun 13-2.7-ci, 13-8.1.8-ci, 13-8.1.10-cu və 13-8.1.12-ci maddələrində nəzərdə tutulmuş hallarda maliyyə bazarlarına nəzarət orqanı tərəfindən iki iş günü müddətində müvəkkil bankdan girov məbləğinin qaytarılmasına dair rəy verilir.

13-11.6. Bu Qanunun 13-11.2-ci maddəsinə əsasən məhkəməyə müraciət olunduqda müvəkkil bank tərəfindən girov məbləğinin qaytarılması məhkəmə qərarına əsasən həll olunur.

Maddə 13-12. Valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların reyestri

13-12.1. Maliyyə bazarlarına nəzarət orqanı valyuta mübadiləsi fəaliyyətinə verilmiş lisenziyaların ictimaiyyət üçün açıq olan mərkəzi reyestrini tərtib edir. Reyestrə valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslərin adları, hüquqi və faktiki fəaliyyət göstərdiyi ünvanları, onlara verilmiş, dayandırılmış və ləğv edilmiş lisenziyaların qeydiyyat nömrələri və tarixi haqqında məlumatlar daxil edilir.

13-12.2. Valyuta mübadiləsi fəaliyyətini həyata keçirən şəxslər reyestrə daxil edilmiş məlumatlarda dəyişikliklər barəsində maliyyə bazarlarına nəzarət orqanına 5 gün müddətində yazılı bildiriş göndərirlər.”.

6. 16-cı maddənin 2-ci hissənin “a” bəndindən “lisenziya və icazələrin şərtlərinə nə dərəcədə uyğun gəlməsinə, ” sözləri çıxarılsın.

7. 19-cu maddənin 1-ci hissəsinin “v” bəndi ləğv edilsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 25 aprel 2017-ci il.

19 May 2017, 09:05

http://www.azertag.net

6891—6900 / 10511

4 May 2016, 09:05

Ağsu şəhərində çoxmənzilli binaların əsaslı təmiri ilə bağlı tədbirlər haqqında   ətraflı...

4 May 2016, 09:05

S.M.Qasımovun Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində Azərbaycan Respublikasının baş konsulu təyin edilməsi haqqında   ətraflı...

2 May 2016, 09:05

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Azərbaycan Ümid Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

2 May 2016, 09:05

2016-cı il iyunun 18-nə təyin edilmiş 90 saylı Ağdaş seçki dairəsi üzrə Azərbaycan Respublikasının Milli Məclisinə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrinin qeydə alınması haqqında   ətraflı...

2 May 2016, 09:05

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası nəzdində fəaliyyət göstərən Mətbuat qrupunun tərkibində dəyişiklik edilməsi barədə   ətraflı...

2 May 2016, 09:05

Mərkəzi Seçki Komissiyasının Nəzarət-təftiş xidməti tərkibinin yenidən formalaşdırılması barədə   ətraflı...

2 May 2016, 09:05

Mərkəzi Seçki Komissiyasının 17 noyabr, 18 noyabr və 23 noyabr 2015-ci il tarixli, 15 aprel və 16 aprel 2016-cı il tarixli iclas protokollarının təsdiq edilməsi barədə   ətraflı...

2 May 2016, 09:05

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Qazax və Zaqatala filialları barədə   ətraflı...

29 Aprel 2016, 09:04

Azərbaycanın pravoslav xristian icmasına   ətraflı...

29 Aprel 2016, 09:04

“Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 5 aprel tarixli 184 VQD nömrəli Qanununun tətbiqi barədə   ətraflı...