Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində “ABAD” publik hüquqi şəxsin yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakını təmin etmək, ailə əməyinə əsaslanan təsərrüfatların fəaliyyətini dəstəkləmək, kiçik və orta sahibkarlığın inkişafını stimullaşdırmaq, əhalinin məşğulluğunun artırılması sahəsində əlavə imkanlar yaratmaq məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, kiçik və orta sahibkarlığın inkişafına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına və rəqabətqabiliyyətli ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək məqsədi ilə sosialyönümlü layihələr həyata keçirən “ABAD” (Ailə Biznesinə Asan Dəstək) mərkəzləri yaradılsın.
2. “ABAD” mərkəzləri vasitəsilə aşağıdakılar həyata keçirilsin:
2.1. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara dəstək layihələrinin həyata keçirilməsi, bu layihələrin maliyyələşdirilməsi məqsədi ilə fondun yaradılması;
2.2. “ABAD” layihələri üçün ailə təsərrüfatlarının, kiçik və orta sahibkarların müəyyənləşdirilməsi, təsərrüfat məhsullarının istehsalı üçün müasir texnoloji istehsal avadanlıqlarından istifadə edilməsinə şərait yaradılması;
2.3. ailə təsərrüfatlarına, kiçik və orta sahibkarlara biznes planların hazırlanması, marketinq, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım xidmətlərinin göstərilməsi;
2.4. istehsal olunan məhsulun sertifikatlaşdırılmasının sadələşdirilmiş qaydada “bir pəncərə” prinsipi əsasında təşkili;
2.5. istehsal olunan məhsulun daşınmasının və satışının təşkili;
2.6. istehsal avadanlıqlarından istifadə ilə bağlı təlimlərin keçirilməsi, həmin avadanlıqlara texniki dəstəyin təmin edilməsi, beynəlxalq təcrübə, kənd təsərrüfatı sahəsində istifadə olunan ən qabaqcıl texnoloji yeniliklərlə bağlı məlumatlandırma;
2.7. layihə çərçivəsində nəzarət və qiymətləndirmə aparılması;
2.8. istehsalyönümlü sahibkarlığın inkişaf etdirilməsi ilə bağlı digər tədbirlərin təşkili.
3. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ABAD” mərkəzlərinin vahid şəkildə idarə edilməsini, nəzarət və qiymətləndirmənin aparılmasını təmin edən “ABAD” publik hüquqi şəxsi yaratsın və publik hüquqi şəxsin təsisçisinin “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin.
4. Pilot layihə çərçivəsində “ABAD” mərkəzlərinin fəaliyyətə başlaması üçün Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 1 (bir) milyon manat ayrılsın.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi “ABAD” mərkəzlərinin fəaliyyəti üçün ailə təsərrüfatlarının və təsərrüfat məhsullarının müəyyənləşdirilməsi məqsədi ilə regionlar üzrə iqtisadi təhlil və proqnozlar əsasında təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.
6. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əməkqabiliyyətli aztəminatlı ailələrin “ABAD” mərkəzlərinin göstərdiyi xidmətlərdən istifadəsini təmin etmək məqsədi ilə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim etsin.
7. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bu Fərmanın 2.4-cü bəndində göstərilən xidmətlərin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müəyyən etdiyi qaydada “bir pəncərə” prinsipi əsasında təşkili üçün zəruri tədbirlər görsünlər.
8. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
8.1. qüvvədə olan qanunvericilik aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
8.2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.3. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
8.4. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
9. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.
10. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Fərmanın 4-cü hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
11. Azərbaycan Respublikasının Vergilər Nazirliyi “ABAD” publik hüquqi şəxsin dövlət qeydiyyatı ilə bağlı zəruri tədbirləri həyata keçirsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 23 sentyabr 2016-cı il.
27 Sentyabr 2016, 09:0918 Noyabr 2022, 08:11
X.N.Əhədovun Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Noyabr 2022, 08:11
“Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı ətraflı...
18 Noyabr 2022, 08:11
“Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi” publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 oktyabr tarixli 3548 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Noyabr 2022, 08:11
“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 23 yanvar tarixli 2446 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
15 Noyabr 2022, 07:11
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
C.Ə.Hüseynzadənin Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
S.Ə.Həsənovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
A.S.Şükürovun Azərbaycan Respublikasının Livan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
R.F.Aslanovun Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...
18 Oktyabr 2022, 14:10
M.B.Əhmədzadənin Azərbaycan Respublikasının İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ətraflı...