Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair

 

23 fevral 2016-cı il                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Quba rayon Məhkəməsinin hakimi Zamin Tahirovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati qanunvericilik sektorunun müdiri Fuad Məmmədovun,ekspert Bakı Dövlət Universitetinin Mülki proses, əmək və ekologiya hüququ kafedrasının dosenti, hüquq elmləri doktoru Mövsüm Mövsümovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əsəd Mirzəliyevin və Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Raqib Qurbanovun iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Quba rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Quba Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 82.3-cü maddəsinin şərh edilməsini xahiş etmişdir.

 

Müraciətdən görünür ki, Quba rayon Məhkəməsinin icraatında iddiaçılar S.Mirəliyeva və S.Mirəliyevin cavabdeh R.Bağırova qarşı pul tələbinə dair iddiası üzrə mülki iş vardır. İddia ərizəsində digər tələblərlə yanaşı, iddiaçılar cavabdehdən 3800 manat məbləğində pul tələb etmişlər.

İddiaçılar iddia tələbini bu hissədə onunla əsaslandırmışlar ki, başqa mülki iş üzrə qəbul edilmiş və qanuni qüvvəyə minmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Bakı Apellyasiya Məhkəməsinin MK) 18 dekabr 2014-cü il tarixli qətnaməsi ilə iddiaçı R.Bağırovun cavabdeh S.Mirəliyevə 3800 manat məbləğində borcunun olması faktı müəyyən edilmişdir.

Həmin qətnamədə qeyd edilmişdir ki, cavabdehin iddia ərizəsinə etirazından və birinci instansiya məhkəməsində cavabdeh tərəfindən şahid qismində dəvət edilən şəxslərin ifadələrindən müəyyən edilir ki, iddiaçının cavabdehə 3800 manat borcu olmuşdur. 2013-cü ilin sentyabr-oktyabr aylarında iddiaçı bir neçə dəfə həmin məbləği cavabdehə gətirmiş və bildirmişdir ki, əgər cavabdeh razı olsa, həmin pula maşın alar, sonra isə cavabdehin borcunu qaytarar. Cavabdeh buna razılıq vermiş və bundan sonra o, avtomabil almışdır. Qeyd olunan qətnamədə məhkəmə kollegiyası cavabdehin iddia ərizəsinə və apellyasiya şikayətinə etirazına hüquqi qiymət verərək qeyd etmişdir ki, iddiaçının cavabdehə pul borcunun olması və kredit müqaviləsi üzrə götürülmüş 6048 manat pulun tam olaraq avtomaşının əvvəlki mülkiyyətçisinə ödənilməməsi barədə cavabdehin özünün tələb hüququ vardır. Hazırkı işdə cavabdehin belə bir iddiası olmadığından həmin məsələlərə baxıla bilməz.

Müraciətdə qeyd olunur ki, Bakı Apellyasiya Məhkəməsinin MK iddia tələbinə aid olmayan sübutları araşdırmış və həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan halı (R.Bağırovun S.Mirəliyevə 3800 manat borcunun olması faktını) 18 dekabr 2014-cü il tarixli qətnaməsi ilə müəyyən etmişdir.

Quba rayon Məhkəməsinin icraatında olan hazırkı mülki işin materiallarından isə görünür ki, Quba şəhəri Dəvədabanı yaşayış massivində yerləşən 0.04 ha torpaq sahəsi cavabdeh R.Bağırovun atası X.Bağırovun xüsusi mülkiyyətində olmuş və həmin torpaq sahəsini R.Bağırov deyil, məhz X.Bağırov notarial qaydada təsdiq olunmuş 22 noyabr 2013-cü il tarixli alqı-satqı müqaviləsi ilə 3000 manata satmışdır. Məhkəmə qeyd edir ki, həmin alqı-satqı müqaviləsi qüvvədədir və orada göstərilən məlumatlar qəbul edilməlidir.

Müraciətedənin fikrincə, qanunvericilikdə preyudisial əhəmiyyət daşıyan faktın mülki iş üzrə iddia predmetinə aid olub-olmamasına dair birmənalı göstəriş mövcud deyildir. Bu səbəbdən həmin məsələyə müxtəlif yanaşmaların olması hüquq tətbiqetmə təcrübəsində müəyyən çətinliklər yaradır. Belə ki, bəzi yanaşmalara görə, faktın preyudisiallığı yalnız iddianın predmetinə aid hallarla bağlı olmalıdır. İddianın predmetinə aid olmayan tələblə bağlı məhkəmə qətnaməsi ilə müəyyən olunmuş faktlar preyudisial əhəmiyyət daşıya bilməz. Digər yanaşmaya görə isə preyudisiallığın təkcə iddianın predmetinə aid hallarla bağlı olması düzgün deyildir. İddianın predmetindən asılı olmayaraq, məhkəmənin işdəki sübutlar əsasında gəldiyi nəticəni əks etdirən istənilən məsələ ilə bağlı qanuni qüvvəyə minmiş qətnamə əsasında müəyyən olunmuş fakt preyudisial əhəmiyyət daşıyır.

Quba rayon Məhkəməsi mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, bu sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə aydınlıq gətirilməsi, eləcə də məhkəmə təcrübəsində bu məsələ ilə bağlı fikir ayrılığının aradan qaldırılması üçün Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd edir.

Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsini dövlətin ali məqsədi kimi təsbit etməklə yanaşı, məhkəmələr tərəfindən onların müdafiəsinə də təminat vermişdir (Konstitusiyanın 12 və 60-cı maddələrinin I hissəsi).

Konstitusiyanın 60-cı maddəsi ilə hər kəsin həm Konstitusiya ilə təsbit edilmiş, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir.

Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmə hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Konstitusiyanın qeyd edilən norması həmçinin müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici Mülki Prosessual Məcəllədə məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirməklə, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Həmin Məcəllə mülki məhkəmə icraatının ümumi qaydalarını, habelə icraatın prinsip və şərtlərini müəyyən etməklə yanaşı, ümumi yurisdiksiyalı məhkəmələr tərəfindən mülki icraatın aparılması, son nəticədə işin ədalətli həllinə yönəlmiş qaydalara riayət olunmaqla məhkəmə aktlarının qəbulu, onlardan şikayət verilməsi və bu şikayətlərə baxılması qaydasını da tənzimləyir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə qaldırılan məsələyə aydınlıq gətirilməsi üçün Mülki Prosessual Məcəllənin bəzi müddəalarının hər kəsin hüquq və azadlıqlarının məhkəmədə səmərəli müdafiəsinin təmin edilməsi baxımından təhlil edilməsini zəruri hesab edir.

İlk növbədə qeyd olunmalıdır ki, mülki işlər üzrə məhkəmə icraatının əsas vəzifəsi hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

Bu baxımdan mülki prosessual qanunvericiliyin tələblərinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi, çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır (Mülki Prosessual Məcəllənin 8.1, 9.1 və 9.3-cü maddələri).

Qeyd edilməlidir ki, çəkişmə prinsipi onun əsasını təşkil edən tərəflərin hüquq bərabərliyi prinsipindən ayrılmazdır. Məhz bərabər hüquq və vəzifələr tərəflərə məhkəmə qarşısında çəkişmək imkanı verir və onlar öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən istifadə etmək imkanına malik olurlar.

Mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir.

Mülki Prosessual Məcəllədə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar.

Mülki Prosessual Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

Həmin Məcəllənin 77-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər.

Beləliklə, mülki məhkəmə icraatında çəkişmə prinsipi əsasən iki şərti nəzərdə tutur:

- işin faktiki tərəfi ilə, yəni iş üçün əhəmiyyət kəsb edən faktların mülki icraatın tərəfləri tərəfindən sübut edilməsi;

- məhkəmədə tərəflərin hüquqi mövqeyinin əsaslandırılması və müdafiəsi.

Bununla yanaşı, qanunverici bütün hallarda prosesin çəkişmə prinsipini təmin etmək vəzifəsini hakimin üzərinə qoymuşdur. Bu ilk növbədə hakimin öz qərarını çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, təqdim edilən sübutlarla, tərəflərin verdiyi izahatlarla və sənədlərlə əsaslandırması ilə şərtləndirilmişdir.

Belə ki, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88-ci maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmununu qətnamədə şərh etməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir (S.Əliyevanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli Qərarı).

Mülki Prosessual Məcəllənin 216.1-ci maddəsinə əsasən, işi mahiyyəti üzrə həll edən birinci instansiya məhkəməsinin aktı qətnamə formasında çıxarılır.

Həmin Məcəllənin 217-ci maddəsinə müvafiq olaraq, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Qətnamənin əsaslılığı ilə bağlı Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu 11 iyul 1997-ci il tarixli 2 saylı Qərarında qeyd etmişdir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilənləri nəzərə alaraq qeyd edir ki, məhkəmə qətnaməsinin əsaslılığı ondan aslıdır ki, məhkəmənin iş üzrə gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar aydınlaşdırılsın, bu hallar sübut olunsun və qətnamədə göstərilən nəticələr işin faktiki hallarına uyğun gəlsin.

Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsinə görə, qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Qeyd olunan maddənin tələblərinə görə, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür.

Bununla yanaşı, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsində göstərilir ki, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Göründüyü kimi, qanunverici mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. İddia tələbindən kənara çıxmanı isə yalnız qanunla nəzərdə tutulan müstəsna hallarla şərtləndirmişdir. Belə ki, məhkəmə iddiaçının verdiyi tələbləri onlardan kənara çıxmaq yolu ilə tamamlaya bilər. Məhkəmənin belə bir hüquqa malik olması iddianın predmetinin dəyişdirilməsinə yönəlməmişdir. Məhkəmə yalnız iddianın göstərilən ünsürlərinin hüdudlarından kənara çıxmaq, bununla da iddiaçıya verilən hüququn sərhədlərini genişləndirmək hüququna malikdir. Məhkəmənin həmçinin, məhkəmə araşdırılmasının gedişində aşkara çıxan yeni hallara istinad edərək, iddianın əsasına əlavə etmək hüququ vardır. Məhkəmə qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxdıqda, bu barədə qətnamənin əsaslandırıcı və nəticə hissəsində göstərməlidir.

Beləliklə, Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinin mənasına görə, məhkəmələr qanunla nəzərdə tutulmuş müstəsna hallar istisna olmaqla, əsas və qarşılıqlı iddianın predmetinə aid olmayan halları və faktları araşdıra və qətnamədə bunlara hüquqi qiymət verə bilməzlər.

Mülki Prosessual Məcəllənin yuxarıda göstərilən normalarını ümumiləşdirərək bir daha qeyd etmək lazımdır ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilənləri təhlil edərək belə nəticəyə gəlir ki, mülki iş üçün əhəmiyyətli olan faktlar və hallar iddia tələbinə və (və ya) etirazların predmetinə aid olmalı, məhkəmədə araşdırılmalı, eləcə də məhkəmə qətnaməsində əks olunmalı və qiymətləndirilməlidir.

Mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə iddia tələbinə aid olmayan sübutların araşdırılıb, həmin sübutlar əsasında iddianın predmetinə aid olmayan hallarla bağlı müəyyən edilən faktların həmin şəxslərin iştirak etdiyi başqa bir iş üzrə preyudisial əhəmiyyət daşıyıb-daşımaması məsələsinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Məcəllənin bu normasının mənasına görə eyni tərəflər arasında olan mülki iş üzrə qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş faktlar həmin tərəflər arasında başqa bir mülki işdə təkrar sübut edilə bilməz. Bu, məhkəmə aktının qanuni qüvvəsi ilə əlaqədardır və əvvəlki prosesdə müəyyən edilmiş halın sonrakı məhkəmə üçün preyudisial əhəmiyyətə malik olmasını göstərir.

Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərinin nəticəsidir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir. Preyudisiallığı tənzim edən normalar sübut etmə prosesini sadələşdirməyə, işlərə baxılma müddətinin qısaldılmasına, məhkəmələrin, eləcə də məhkəmə prosesi iştirakçılarının vəsaitinə qənaət edilməsinə yönəlmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə əsasən preyudisiya institutunun əsas funksiyası eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni və məhkəmə qərarları arasındakı stabilliyi təmin etməkdir. Preyudisiya institutunun mülki prosesdə eyni faktiki hallar arasındakı qarşılıqlı əlaqəni təmin etmək funksiyasının mahiyyəti eyni faktiki halların təkrarən, lüzumsuz olaraq araşdırılması və onlar barəsində yenidən nəticəyə gəlinməsinin qarşısını almaqdan ibarətdir (Konstitusiya Məhkəməsi Plenumunun Q.Məmmədova və digərlərinin şikayəti üzrə 15 iyul 2015-ci il tarixli Qərarı).

Müki hüquqda faktlar dedikdə, mülki-hüquq münasibətlərinin əmələ gəlməsinin, dəyişdirilməsinin və ya xitam olunmasının əsası kimi mülki qanunvericilikdə nəzərdə tutulan hallar başa düşülür. Başqa sözlə faktlar mülki-hüquqi nəticələrin baş verməsi ilə mülki qanunvericiliyin əlaqələndirdiyi və bağladığı həyati hallardır. Bu faktlar olmadan hər hansı bir mülki-hüquq münasibətinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitam olunması mümkün deyildir.

Yalnız məhkəmə tərəfindən qanunla nəzərdə tutulmuş qaydada müəyyən edilmiş, yoxlanılmış və qiymətləndirilmiş faktlar preyudisial əhəmiyyət daşıyır. Mülki prosessual qanunvericiliyə görə isə məhkəmə tərəfindən faktların, halların müəyyən edilməsi, yoxlanılması və qiymətləndirilməsi yalnız məhkəmə aktının əsaslandırıcı hissəsində öz əksini tapmalıdır. Qətnamənin əsaslandırıcı hissəsi baxılan işin mahiyyəti üzrə nəticə çıxarılması üçün əsas yaradaraq mühüm əhəmiyyət daşıyır. Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir (Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsi).

Beləliklə, məhkəmə qərarının preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının əsaslandırıcı hissəsində müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyü deməkdir.

Faktın preyudisiallığı qanuni qüvvəyə minmiş məhkəmə qərarının hüquqi təbiətinə əsaslanır və onun subyektiv və obyektiv hədləri ilə müəyyənləşdirilir, tərəflər və işdə iştirak edən digər şəxslər bu hədlərdən kənara çıxa bilməzlər. Bununla yanaşı, yekun məhkəmə qərarlarının preyudisial əhəmiyyəti mütləq deyildir və prosessual qanunla müəyyən edilmiş hədlərə malikdir. Məhkəmə aktının preyudisiallığının tanınması üçün preyudisiallığın obyektiv və subyektiv hədlərinin məcmusu vacib şərtdir. Preyudisiallığın subyektiv həddi əvvəl baxılmış işdə və yeni baxılan işdəki şəxslərin dairəsinin, yəni subyekt tərkibinin eyniliyini şərtləndirir.

Mülki Prosessual Məcəllənin 233.3-cü maddəsinə əsasən, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərinin, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Göründüyü kimi, preyudisiallıq prinsipi yalnız əvvəlki və ya sonrakı proseslərdə iştirak edən tərəflərə, işdə iştirak edən digər şəxslərə və onların hüquq varislərinə aid edilir. Müstəqil tələbi olan üçüncü şəxslər məhkəmə prosesində iştirak etməmişlərsə, müvafiq əsaslar olduqda müstəqil tələblə məhkəməyə müraciət edə bilərlər. Həmin şəxslərə məhkəmə qətnaməsinin preyudisiallığı aid edilmir. Onlar iştirak etmədikləri mülki iş üzrə qəbul edilən qətnamə ilə müəyyən edilmiş faktları mübahisələndirə bilərlər. Əvvəlki məhkəmə qətnaməsinin preyudisiallığı, həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə yeni açılmış hallar üzrə baxılmasına da aid edilir.

Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli Qərarının 7-ci bəndində qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 82.2 və 82.3-cü maddələrində qeyd olunan məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi ilə müəyyən edilmiş hal dedikdə, qətnamənin təsviri hissəsində göstərilmiş işdə iştirak edən şəxslərin, şahidlərin göstərdikləri və ya digər sənədlərdə əks olunan hallar deyil, toplanmış sübutlara əsasən məhkəmənin müəyyən etdiyi hallar nəzərdə tutulur.

Nəzərə alınmalıdır ki, insan hüquq və azadlıqlarının qorunması və müdafiəsi prosessual hüquq normalarına dəqiq riayət etməklə müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) məhkəmələr tərəfindən ədalətli məhkəmə araşdırılması hüququ ilə bağlı irəli sürülən tələblərə əməl edilməməsini həmin hüququn pozulması kimi qəbul edərək bir sıra qərarlarında bununla bağlı öz hüquqi mövqeyini ifadə etmişdir.

Avropa Məhkəməsi Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərarında sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

Yuxarıdakıları nəzərə alaraq, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 Sədr      Fərhad Abdullayev

6 Aprel 2016, 09:04

http://www.azertag.net

491—500 / 10511

4 Avqust 2022, 12:08

“Şuşa Şəhəri Dövlət Qoruğunun mühafizə zonasının mühafizə rejimi”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

4 Avqust 2022, 12:08

“Turizm Reyestrinin aparılma Qaydası”nın təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 23 yanvar tarixli 16 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı   ətraflı...

3 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Prezidentinin “Tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı nəzarətin gücləndirilməsinə dair tədbirlər haqqında” 2017-ci il 28 aprel tarixli 1349 nömrəli, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 25 aprel tarixli 649-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2017-ci il 18 may tarixli 1415 nömrəli, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının 2017-ci il 30 iyun tarixli 765-VQ nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 5 avqust tarixli 1569 nömrəli, “Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyri-rezidentlərə elektron imza sertifikatının verilməsi Qaydası”nın və “www.azexport.az” internet portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 12 sentyabr tarixli 1598 nömrəli, “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 13 noyabr tarixli 1681 nömrəli, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2017-ci il 29 dekabr tarixli 963-VQD nömrəli Qanununun tətbiqi haqqında” 2018-ci il 5 fevral tarixli 1816 nömrəli, “Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət qurumlarına təqdim etdiyi hesabatların formaları və onların təqdim edilməsi Qaydası”nın və “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 15 may tarixli 72 nömrəli və “Yerin təkindən istifadə olunmasının, onun mühafizəsi və idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsi, bu sahəyə dövlət nəzarətinin gücləndirilməsi tədbirləri haqqında” 2018-ci il 16 iyul tarixli 205 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Prezidentinin “Şəhərsalmanın əsasları haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 1999-cu il 30 avqust tarixli 187 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” 2004-cü il 29 yanvar tarixli 22 nömrəli və “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 416-IVQD nömrəli Qanununun tətbiqi barədə” 2012-ci il 4 sentyabr tarixli 698 nömrəli fərmanlarının ləğv edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 16:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa və "Atçılıq haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavə edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” 2009-cu il 21 dekabr tarixli 192 nömrəli, “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 470-VQD nömrəli Qanununun tətbiqi barədə” 2017-ci il 25 yanvar tarixli 1211 nömrəli, “İctimai iaşə fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 19 aprel tarixli 1341 nömrəli və “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın və “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2017-ci il 16 iyun tarixli 1460 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015–2020-ci illər üçün Strategiya”nın təsdiq edilməsi haqqında” 2015-ci il 23 dekabr tarixli 1645 nömrəli, “Azərbaycan Respublikasında əmək münasibətlərinin tənzimlənməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 17 mart tarixli 2760 nömrəli, “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 28 iyun tarixli 260 nömrəli, “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında” 2018-ci il 16 noyabr tarixli 711 nömrəli sərəncamlarında dəyişiklik edilməsi və “Azərbaycan Respublikası Vergilər Nazirliyi kollegiyasının tərkibinin təsdiq edilməsi haqqında” 2001-ci il 29 mart tarixli 665 nömrəli Sərəncamının ləğv edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 454-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” 2016-cı il 23 dekabr tarixli 1171 nömrəli, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının 2016-cı il 16 dekabr tarixli 461-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 23 dekabr tarixli 1175 nömrəli və “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” 2017-ci il 21 yanvar tarixli 1205 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “İnvestisiya təşviqi sənədini almış hüquqi şəxslərə və fərdi sahibkarlara texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı üçün təsdiqedici sənədin verilməsi Qaydası”nın təsdiq edilməsi, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 19 yanvar tarixli 107-VQD nömrəli Qanununun tətbiqi və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 30 avqust tarixli 393 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 797 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 2016-cı il 20 aprel tarixli 877 nömrəli, “Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Qaydası”nın təsdiq edilməsi haqqında” 2016-cı il 12 iyul tarixli 985 nömrəli və “İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının 2016-cı il 29 noyabr tarixli 447-VQ nömrəli Qanununun tətbiqi barədə” 2016-cı il 14 dekabr tarixli 1158 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 14 fevral tarixli 906-IVQD nömrəli Qanununun tətbiqi və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 696 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 6 mart tarixli 120 nömrəli, “Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında” 2014-cü il 16 aprel tarixli 152 nömrəli, “Azərbaycan Respublikasının Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv edilməsi haqqında” 2015-ci il 5 fevral tarixli 453 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 24 fevral tarixli 1198-IVQD nömrəli Qanununun tətbiqi haqqında” 2015-ci il 18 mart tarixli 487 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...

3 Avqust 2022, 14:08

Azərbaycan Respublikası Prezidentinin “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 826-IVQD nömrəli Qanununun tətbiqi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli 621 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” 2013-cü il 10 dekabr tarixli 43 nömrəli və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD nömrəli Qanununun tətbiqi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli 113 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” 2014-cü il 3 fevral tarixli 101 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin Fərmanı   ətraflı...