Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 138)

Relizin Tarixi: 05.11.2004

Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş

Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında sənaye mülkiyyətinin mühafizəsi sahəsində əməkdaşlıq haqqında Saziş

Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti,

iki dövlət arasında tarixən qurulan dostluq münasibətlərini nəzərə alaraq, ticarət-iqtisadi və elmi-texniki əməkdaşlığı inkişaf etdirmək istəyərək, sənaye mülkiyyətinin səmərəli və adekvat mühafizəsinin bu cür əməkdaşlığın inkişafı üçün zəruri şərt olduğunu etiraf edərək, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Bu Sazişin məqsədləri üçün «sənaye mülkiyyəti» anlayışı altında, Sənaye mülkiyyətinin mühafizəsi haqqında 20 mart 1883-cü il tarixli, 14 iyul 1967-ci ildə Stokholmda yenidən nəzərdən keçirilmiş və 2 oktyabr 1979-cu ildə dəyişikliklər edilmiş Paris Konvensiyasının (bundan sonra—Paris Konvensiyası) 1-ci maddəsində nəzərdə tutulan məna başa düşülür.

Maddə 2

Tərəflər iştirakçısı olduqları və ya olacaqları bu Sazişə və digər beynəlxalq müqavilələrə müvafiq olaraq qarşılıqlı fayda və bərabərlik əsasında sənaye mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi sahəsində əməkdaşlığı həyata keçirir və inkişaf etdirirlər.

Tərəflərin əməkdaşlığı aşağıdakı istiqamətlərə yönəldiləcəkdir:

sənaye mülkiyyəti obyektlərinə dair hüquqların mühafizəsi və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsinə;

Tərəflərin iştirakçısı olduqları beynəlxalq müqavilələrə müvafiq olaraq sənaye mülkiyyətinin mühafizəsi sahəsində Tərəflərin dövlətlərinin milli qanunvericiliklərinin uyğunlaşdırılmasına;

informasiya, normativ sənədlər və başqa sənədlər, həmçinin sənaye mülkiyyətinin mühafizəsi sahəsində iş təcrübəsi üzrə mübadiləyə.

Tərəflərin qarşılıqlı şəkildə razılığa gəldikləri digər əməkdaşlıq formalarına.

Maddə 3

Sənaye mülkiyyətinin mühafizəsi sahəsində bir dövlətin fiziki və hüquqi şəxsləri digər dövlətin ərazisində, onun öz fiziki və hüquqi şəxslərinə hal-hazırda verilmiş və ya həmin bu digər dövlətin hüquqi və fiziki şəxsinə hüquqi aktlarla veriləcək hüquqlardan, özünün fiziki və hüquqi şəxslərinə verilmiş həmin hüquqi mühafizə vasitələrindən və o həcmdə istifadə edəcəklər.

Bu Sazişlə tənzimlənməyən məsələlər üzrə Tərəflər Paris Konvensiyasının müddəalarını tətbiq edəcəklər.

Maddə 4

Tərəflər etiraf edirlər ki, Azərbaycan Respublikasının və ya Belarus Respublikasının istənilən fiziki və ya hüquqi şəxsi lisenziya müqaviləsi bağlamadan ixtira və ya sənaye nümunəsini istifadə etmək hüququnu özündə saxlayır, bu şərtlə ki, barəsində SSRİ müəlliflik şəhadətnaməsinin verildiyi ixtira və ya sənaye nümunəsinə milli patentin verilməsi haqqında digər şəxslər tərəfindən verilən vəsatətin təqdim edildiyi tarixədək ondan qanuni şəkildə istifadə edilmiş olsun.

Bu halda mükafatların ödənilməsi, ərazisində göstərilən ixtira və ya sənaye nümunəsinin istifadə edildiyi və ya ediləcəyi dövlətin normativ hüquqi aktları ilə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 5

Bir dövlətin fiziki və hüquqi şəxsləri digər dövlətin ərazisində sənaye mülkiyyətinin mühafizəsinə aid olan patent fondlarından, kitabxanalardan, məlumatlar bankından onun öz fiziki və hüquqi şəxslərinə verilmiş şərtlərlə istifadə edəcəklər.

Maddə 6

Bu Sazişin həyata keçirilməsi üçün aşağıdakılar məsuliyyət daşıyırlar: Azərbaycan Respublikasında—Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi;

Belarus Respublikasında—Belarus Respublikasının Dövlət Elm və Texnologiya Komitəsi.

Bu Sazişin həyata keçirilməsi üçün məsul olan dövlət orqanlarının əməkdaşlıq şərtləri və qaydaları onlar arasında xüsusi sazişlərlə müəyyən ediləcəkdir.

Maddə 7

Bu Sazişə müvafiq olaraq Sazişin həyata keçirilməsi üçün məsul olan dövlət orqanları arasında yazışmalar rus dilində aparılacaqdır.

Maddə 8

Bu sazişdən irəli gələn, yaxud onun yerinə yetirilməsi ilə bağlı məsələlər üzrə fikir ayrılığı yarandığı halda, Tərəflərin nümayəndələri müvafiq məsləhətləşmələr aparacaq və bu fikir ayrılığının tənzimlənməsi üçün zəruri tədbirlər görəcəklər.

Maddə 9

Bu Saziş Tərəflərin sənaye mülkiyyətinin mühafizəsi sahəsində digər ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.

Maddə 10

Bu Sazişə Tərəflərin qarşılıqlı razılığı əsasında, bu Sazişin 11-ci maddəsində nəzərdə tutulan qaydada qüvvəyə minən və bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilən əlavə və dəyişikliklər edilə bilər.

Maddə 11

Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurları yerinə yetirməsi barədə diplomatik kanallarla sonuncu yazılı bildiriş alındığı gündən qüvvəyə minir.

Bu Saziş 5 (beş) il müddətinə bağlanılır və Tərəflərdən biri bu müddətin başa çatmasına ən azı 6 (altı) ay qalmış diplomatik kanallarla Sazişi ləğv etmək niyyəti barədə digər Tərəfə yazılı şəkildə məlumat vermədiyi təqdirdə, onun qüvvəsi avtomatik olaraq hər sonrakı beşillik müddətlərə uzadılır.

Saziş belə bildirişin alındığı tarixdən 3 (üç) ay sonra qüvvədən düşür.

Bu Sazişin qüvvədən düşməsi, hər iki dövlətin fiziki və hüquqi şəxslərinə verilmiş və ya veriləcək mühafizə sənədlərinə təsir etmir.

Bakı şəhərində 5 noyabr 2004-cü il tarixində hər biri Azərbaycan, Belarus və rus dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır və bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin müddəalarının təfsiri zamanı fikir ayrılığı yarandıqda rus dilindəki mətn üstün tutulur.

Azərbaycan Respublikası
Hökuməti adından
(imza)

Belarus Respublikası
Hökuməti adından
(imza)

Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli, 827-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 138) («LegalActs» LLC).

© LegalActs LLC