Bioloji müxtəliflik haqqında Konvensiyaya Biotəhlükəsizliyə dair Kartagena Protokolu


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 147)

Relizin Tarixi: 19.01.2000

Bioloji müxtəliflik haqqında Konvensiyaya Biotəhlükəsizliyə dair Kartagena Protokolu

Bioloji müxtəliflik haqqında Konvensiyaya Biotəhlükəsizliyə dair
Kartagena Protokolu

Bu Protokolun Tərəfləri,

Bioloji müxtəliflik haqqında Konvensiyanın (bundan sonra «Konvensiya» adlanacaq) Tərəfləri olaraq,

Konvensiyanın 19-cu maddəsinin 3 və 4-cü bəndlərinə, eləcə də 8g) və 17-ci maddələrinə əsaslanaraq,

habelə Bioloji müxtəliflik haqqında Konvensiyanın Tərəflərinin 1995-ci il 17 noyabr tarixli Konfransının II/5-ci qərarına,—bu qərarda Konfrans, xüsusən qabaqcadan əsaslandırılmış razılaşmanın müvafiq prosedurlarını baxılmaq üçün hazırlamaqla, biotəhlükəsizliyə dair protokol işlənib hazırlanmasını və burada müasir biotexnologiyanın tətbiqi nəticəsində alınmış və bioloji müxtəlifliyin saxlanmasına və davamlı istifadəsinə mənfi təsir göstərə bilən dəyişdirilmiş hər hansı bir canlı orqanizmin transsərhəd yerdəyişməsinə xüsusi diqqət yetirilməsini qərara almışdır,—istinad edərək,

ətraf mühit və inkişaf üzrə Rio-de-Janeyro bəyannaməsinin 15-ci Prinsipində öz əksini tapmış ehtiyat tədbirlərinin görülməsi prinsipini bir daha təsdiq edərək,

müasir biotexnologiyanın sürətlə yayılmasından, eləcə də onun insan sağlamlığı üçün təhlükə yaratmaq riskini nəzərə almaqla bioloji müxtəlifliyə mənfi təsir göstərə bilmə potensialı ilə əlaqədar olaraq ictimaiyyətin artan narahatlığından xəbərdar olaraq,

müasir biotexnologiya ətraf mühit və insan sağlamlığı üçün müvafiq təhlükəsizlik tədbirlərinə riayət olunmaqla inkişaf etdirilərsə və istifadə olunarsa, onun insanların rifahının yaxşılaşdırılması üçün geniş imkanlar açdığını etiraf edərək,

eləcə də mənşə mərkəzlərinin və genetik müxtəliflik mərkəzlərinin bəşəriyyət üçün müstəsna əhəmiyyətini etiraf edərək,

dəyişdirilmiş canlı orqanizmlə bağlı məlum və potensial risklərin xarakterinə və miqyasına münasibət göstərməkdə bir çox ölkələrin, o cümlədən inkişaf etməkdə olan ölkələrin imkanlarının məhdudluğunu nəzərə alaraq,

sabit inkişafa yetişmək məqsədilə ticarət və təbiəti mühafizə sazişlərinin qarşılıqlı şəkildə bir-birini tamamlamalı olduğunu etiraf edərək,

bu Protokolun bütün mövcud beynəlxalq sazişlərə uyğun olaraq Tərəflərin hüquq və öhdəliklərinin dəyişməsini nəzərdə tutan bir sənəd kimi şərh edilmədiyini qeyd edərək,

yuxarıdakı təsdiqetmə hissəsində bu Protokolu digər beynəlxalq sazişlərdən asılı etmək məqsədinin güdülmədiyi anlamından çıxış edərək,

aşağıdaklar haqqında razılaşdılar:

Maddə 1. Məqsəd

Ətraf mühit və onun inkişafı üzrə Rio-de-Janeyro Bəyannaməsinin 15-ci Prinsipində təsbit edilmiş ehtiyat tədbirlərinin görülməsi prinsipinə uyğun olaraq bu Protokolun məqsədi transsərhəd yerdəyişməsinə xüsusi diqqət yetirməklə, müasir biotexnologiyanın tətbiqi nəticəsi olan və insan sağlamlığına risk də nəzərə alınmaqla bioloji müxtəlifliyin saxlanmasına və davamlı istifadəsinə mənfi təsir göstərə biləcək dəyişdirilmiş canlı orqanizmlərin təhlükəsiz ötürülməsi, emalı və istifadə olunması sahəsində lazımi mühafizə səviyyəsinin təmin edilməsinə yardım göstərməkdən ibarətdir.

Maddə 2. Ümumi müddəalar

1. Tərəflərin hər biri bu Protokol çərçivəsində nəzərdə tutulan öz öhdəliklərini yerinə yetirmək üçün lazımi və müvafiq hüquqi, inzibati və digər tədbirləri görür.

2. Tərəflər təmin edirlər ki, dəyişdirilmiş hər hansı canlı orqanizmin alınması, emalı, daşınması, istifadə olunması, ötürülməsi və sərbəstləşdirilməsi elə həyata keçirilsin ki, insan sağlamlığına olan risk də nəzərə alınmaqla, bioloji müxtəliflik üçün risklərə yol verilməsin və ya onlar azaldılsın.

3. Bu Protokolun müddəaları dövlətlərin beynəlxalq hüquqla müəyyən edilmiş ərazi sularına münasibətdə suverenliyinə, bu dövlətlərin beynəlxalq hüquqla müəyyənləşdirilmiş müstəsna iqtisadi zonalarında və kontinental şelfləri hüdudlarında malik olduqları suveren hüquqlarına və yurisdiksiyaya, habelə beynəlxalq hüquqla nəzərdə tutulmuş və müvafiq beynəlxalq sənədlərdə təsbit edilmiş naviqasiya hüquq və azadlıqlarının bütün dövlətlərin dəniz və hava gəmiləri tərəfindən həyata keçirilməsinə qətiyyən xələl gətirməyəcəkdir.

4. Bu Protokolun müddəaları Tərəfin bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsi ilə əlaqədar bu Protokolda nəzərdə tutulan fəaliyyətlərdən daha əhəmiyyətli olan tədbirləri həyata keçirmək hüququnu məhdudlaşdırmır, bu şərtlə ki, həmin tədbirlər bu Protokolun məqsədlərinə və müddəalarına uyğun gəlsin və beynəlxalq hüquq çərçivəsində həmin Tərəfin digər öhdəlikləri ilə uzlaşsın.

5. Tərəflər müvafiq hallarda mövcud ekspert bilgilərini, razılaşmaları və insan sağlamlığı üçün risk sahəsində səriştəli beynəlxalq forumlarda görülən işin nəticələrini nəzərə almağa həvəsləndirilir.

Maddə 3. Terminlərdən istifadə

Bu Protokolun məqsədləri üçün:

a) «Tərəflərin Konfransı»—Konvensiya Tərəflərinin Konfransını bildirir;

b) «qapalı sistemlərdə istifadə»—dəyişdirilmiş canlı orqanizmlərlə bağlı olan, onların xarici mühitlə təmasını və ona edilə biləcək təsiri səmərəli şəkildə məhdudlaşdıran xüsusi tədbirlərlə tənzimlənən qurğu, tikili və ya digər fiziki struktur hüdudunda həyata keçirilən istənilən bir əməliyyatı bildirir;

c) «ixrac»—bir Tərəfdən digər Tərəfə məqsədli şəkildə transsərhəd yerdəyişməsini bildirir;

d) «ixracatçı»—ixrac edən Tərəfin yurisdiksiyasında olan və dəyişdirilmiş canlı orqanizmlərin ixracını təşkil edən hər hansı hüquqi və ya fiziki şəxsi bildirir;

e) «idxal»—digər Tərəfdən bir Tərəfə məqsədli şəkildə transsərhəd yerdəyişməsini bildirir;

f) «idxalçı»—idxal edən Tərəfin yurisdiksiyasında olan və dəyişdirilmiş canlı orqanizmin idxalını təşkil edən hər hansı hüquqi və ya fiziki şəxsi bildirir;

g) «dəyişdirilmiş canlı orqanizm»—müasir biotexnologiyadan istifadə olunması sayəsində əldə edilmiş yeni kombinasiyalı genetik materiala malik hər hansı canlı orqanizmi bildirir;

h) «canlı orqanizm» dedikdə, genetik materialı ötürmək və ya yenidən hasil etmək qabiliyyətli hər hansı bioloji törəmə, o cümlədən steril orqanizmlər, viruslar və ya viroidlər başa düşülür;

i) «müasir biotexnologiya»:

təbii fizioloji reproduktiv və ya rekombinasiya maneələrini dəf etməyə imkan verən və ənənəvi yetişdirmə və seleksiya üsulları olmayan.

a. nuklein turşularının süni hazırlanma üsulları, o cümlədən rekombinant dezoksiribonuklein turşusu (DNT) və nuklein turşularının birbaşa toxumalara və ya orqanellaya inyeksiyası, və ya

b. müxtəlif taksonomik statuslu orqanizm hüceyrələrinin birləşməsinə əsaslanan üsulların tətbiqi deməkdir.

j) «iqtisadi inteqrasiya üzrə regional təşkilat»—müəyyən regionun suveren dövlətləri tərəfindən yaradılmış və üzv dövlətlərin bu Protokolla tənzimlənən məsələlər üzrə öz səlahiyyətlərini onun ixtiyarına verdikləri və öz daxili prosedurlarına uyğun olaraq Protokolu imzalamaq, ratifikasiya etmək, qəbul etmək, bəyənmək və ya ona qoşulmaq üçün lazımınca səlahiyyətlərin verildiyi təşkilatı bildirir;

k) «transsərhəd yerdəyişməsi»—dəyişdirilmiş canlı orqanizmin, 17 və 24-cü maddələrin məqsədləri üçün transsərhəd yerdəyişməsinin Tərəflərlə Tərəf olmayan dövlətlər arasında yerdəyişməyə şamil edilməsi istisna olmaqla, bir Tərəfdən digər Tərəfə keçirilməsini bildirir.

Maddə 4. Fəaliyyət dairəsi

Bu Protokol, bioloji müxtəlifliyin saxlanmasına və davamlı istifadəsinə, insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, mənfi təsir göstərə bilən dəyişdirilmiş bütün canlı orqanizmlərin transsərhəd yerdəyişməsinə, tranzitinə, emalına və istifadəsinə tətbiq edilir.

Maddə 5. Əczaçılıq preparatları

4-cü maddənin müddəalarından asılı olmayaraq və idxala dair qərarlar qəbul edilənə qədər dəyişdirilmiş bütün canlı orqanizmlər barədə Tərəfin risk səviyyəsini qiymətləndirməyə dair hər hansı hüququna xələl gətirmədən, bu Protokol, insan üçün əczaçılıq preparatları kimi istifadə olunan, transsərhəd daşınması digər müvafiq beynəlxalq sazişlər və ya təşkilatlar tərəfindən tənzimlənən dəyişdirilmiş canlı orqanizmlərin transsərhəd daşınmasına tətbiq olunmur.

Maddə 6. Tranzit və qapalı sistemlərdə istifadə

1. 4-cü maddənin müddəalarından asılı olmayaraq və tranzit Tərəfinin dəyişdirilmiş canlı orqanizmlərin öz ərazisindən daşınmasını tənzimləmək və dəyişdirilmiş konkret canlı orqanizmin onun ərazisindən tranziti barədə 2-ci maddənin 3-cü bəndinə uyğun olaraq həmin Tərəfin hər hansı qərarını bio-təhlükəsizlik üzrə vasitəçilik mexanizminə təqdim etmək sahəsindəki hər hansı hüququna xələl gətirməməklə, qabaqcadan əsaslandırılmış razılaşma proseduru barədə bu Protokolun müddəaları tranzit olunan dəyişdirilmiş canlı orqanizmlərə tətbiq olunmur.

2. 4-cü maddənin müddəalarından asılı olmayaraq və Tərəfin dəyişdirilmiş bütün canlı orqanizmlərin idxal olunması haqqında qərarların qəbul edilməsinədək onların risk səviyyəsinin dəyərləndirilməsini aparmaq və öz yurisdiksiyası daxilində qapalı sistemlərdə istifadə normaları müəyyənləşdirmək sahəsindəki hər hansı hüququna xələl gətirməməklə, qabaqcadan əsaslandırılmış razılaşma proseduru barədə bu Protokolun müddəaları qapalı sistemlərdə istifadə üçün nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərin idxal Tərəfinin normalarına uyğun olaraq həyata keçirilən transsərhəd yerdəyişməsinə tətbiq edilmir.

Maddə 7. Qabaqcadan əsaslandırılmış razılaşma prosedurunun tətbiqi

1. 5-ci və 6-cı maddələrə uyğun olaraq, 8—10 və 12-ci maddələrdə təsbit edilmiş qabaqcadan əsaslandırılmış razılaşma proseduru idxal Tərəfinin ətraf mühitinə məqsədli introduksiya üçün nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərin ilk məqsədli transsərhəd yerdəyişməsinədək tətbiq edilir.

2. Yuxarıdakı 1-ci bənddə nəzərə çatdırılan «ətraf mühitə məqsədli introduksiya» bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərə aid deyildir.

3. 11-ci maddə bilavasitə ərzaq və ya yem kimi, yaxud emal üçün nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərin ilk transsərhəd yerdəyişməsinədək tətbiq edilir.

4. Qabaqcadan əsaslandırılmış razılaşma proseduru bu Protokolun Tərəflərinin Müşavirəsi hesab edilən Tərəflərin Konfransının qərarında insan sağlamlığı üçün riskləri də nəzərə almaqla, bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə mənfi təsir göstərə bilməyən kimi müəyyən edilərək, dəyişdirilmiş canlı orqanizmlərin məqsədli transsərhəd yerdəyişməsinə tətbiq edilmir.

Maddə 8. Bildiriş

1. İxrac Tərəfi bildirir və ya tələb edir ki, ixracatçı idxal Tərəfinin səlahiyyətli milli orqanını 7-ci maddənin 1-ci bəndinin fəaliyyət dairəsinə daxil edilən dəyişdirilmiş canlı orqanizmin məqsədli transsərhəd yerdəyişməsinə qədər onu yazılı şəkildə xəbərlə təmin etsin. Bildirişdə, ən azı, I əlavədə göstərilən məlumat olur.

2. İxracatçı tərəfindən təqdim edilmiş informasiyanın dürüstlüyü üçün hüquqi məsuliyyəti ixrac Tərəfi təmin edir.

Maddə 9. Bildirişin alındığını təsdiqləmə

1. İdxal Tərəfi bildirişi aldığı tarixdən doxsan gün ərzində bu barədə bildiriş göndərənə yazılı şəkildə təsdiqləyici məlumat verməlidir.

2. Təsdiqləyici məlumatda:

a) bildirişin alındığı tarix;

b) prima facie bildirişində 8-ci maddədə göstərilən informasiyanın olması;

c) idxal Tərəfinin milli reqlamentləşdirmə bazasına uyğun şəkildə və ya 10-cu maddədə müəyyən edilmiş prosedura əsasən sonrakı tədbirlərin həyata keçirilməsinə başlamağın mümkünlüyü göstərilir.

3. Yuxarıdakı 2-ci bəndin c) yarımbəndində göstərilən milli reqlamentləşdirmə bazası bu Protokolun müddəalarına uyğun olmalıdır.

4. İdxal Tərəfinin bildirişi almaq haqqında təsdiqləyici məlumat verməməsi onun məqsədli transsərhəd yerdəyişməsinə razılığını bildirmir.

Maddə 10. Qərarların qəbulu proseduru

1. İdxal Tərəfinin qəbul etdiyi qərarlar 15-ci maddənin müddəalarına uyğundur.

2. İdxal Tərəfi 9-cu maddədə göstərilən dövr ərzində məqsədli transsərhəd yerdəyişməsinin həyata keçirməyə qabil olması barədə yazılı şəkildə bildirişçiyə:

a) yalnız idxal Tərəfinin öz razılığını yazılı şəkildə təqdim etdikdən sonra;

və ya

b) növbəti yazılı razılıq olmadan, ən azı doxsan gündən sonra yazılı şəkildə məlumat verməlidir.

3. İdxal Tərəfi bildirişi aldığı tarixdən sonra iki yüz yetmiş gün ərzində bildirişçiyə və biotəhlükəsizlik haqqında vasitəçi mexanizminə yuxarıdakı 2-ci bəndin a) yarımbəndində adı çəkilən qərarı barəsində yazılı şəkildə:

a) müəyyən şərtlərlə və ya bunlarsız idxala icazə verərək və elə həmin dəyişdirilmiş canlı orqanizmin növbəti idxalına bu qərarın necə şamil edilməsi barədə informasiya verir;

b) idxalı qadağan edərək;

c) özünün milli reqlamentasiya bazasına və ya I əlavəyə uyğun olaraq müvafiq əlavə informasiya tələb edərək; idxal Tərəfinin öz cavabını göndərəcəyi müddətlərin müəyyənləşdirilməsi zamanı, idxal Tərəfinin müvafiq əlavə informasiya almaq üçün gözləyəcəyi günlərin sayı hesaba alınmır; və ya

d) bu bənddə göstərilən müddətlərin müəyyən dövrədək uzadılması barədə bildirişçiyə xəbər verir.

4. Qeyd-şərtsiz razılaşmalar istisna olmaqla, 3-cü bənd çərçivəsində qəbul olunan qərarlarda, qərarın əsasını təşkil edən dəlillər gətirilməlidir.

5. Əgər idxal Tərəfi bildirişi alma tarixindən sonrakı iki yüz yetmiş gün ərzində öz qərarı haqqında məlumat vermirsə, bu onun məqsədli transsərhəd yerdəyişməyə razılığını bildirmir.

6. Dəyişdirilmiş canlı orqanizmin idxal Tərəfində insan sağlamlığına risk də nəzərə alınmaqla, bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə göstərə biləcəyi mənfi təsirlə bağlı elmi şəkildə kifayət qədər əsaslandırılmış müvafiq elmi informasiya məlumatları və bilgilərinin olmaması, idxal Tərəfi üçün, yuxarıdakı 3-cü bənddə deyildiyi kimi, belə mənfi təsirin qarşısının alınması və ya maksimum məhdudlaşdırılmasından ötrü dəyişdirilmiş canlı orqanizmin idxalı ilə bağlı müvafiq qərarın qəbul edilməsinə mane ola bilməz.

7. Tərəflərin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı özünün ilk müşavirəsində idxal Tərəfinin qərarlar qəbul etməsinə dəstək verəcək müvafiq prosedur və mexanizmləri müəyyənləşdirir.

Maddə 11. Bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərə dair prosedur

1. Bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməkdən ötrü transsərhəd yerdəyişməsi obyekti ola biləcək dəyişdirilmiş canlı orqanizmin bazarda satışı da daxil olmaqla, daxili istifadəsinə dair son qərar qəbul etmiş Tərəf bu barədə biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmi vasitəsilə Tərəfləri bu cür qərarın qəbul edilməsindən sonrakı on beş gün ərzində məlumatlandırır. Belə informasiyaya, ən azı, II əlavədə göstərilən məlumatlar daxil olmalıdır. Tərəf informasiya materiallarının yazılı surətini hər bir Tərəfin milli əlaqələndirmə mərkəzinə təqdim edir, mərkəz isə biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminə girişin olmaması barədə katibliyə vaxtında məlumat verir. Bu müddəa çöl sınaqları barədə qərarlara şamil edilmir.

2. 1-ci bəndə uyğun olaraq qərar qəbul edən Tərəf sifariş verən subyektin informasiyasının dürüstlüyü barədə hüquqi tələbləri təmin edir.

3. Hər bir Tərəf II əlavənin b) bəndində göstərilən orqandan əlavə informasiya ala bilər.

4. Tərəf milli reqlamentasiya bazası çərçivəsində, bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmin idxalı barədə bu Protokolun məqsədlərinə müvafiq olan qərar qəbul edə bilər.

5. Hər bir Tərəf bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərin idxalına tətbiq ediləcək istənilən milli qanunların, normativ müddəaların və rəhbər prinsiplərin, əgər belələri varsa, surətlərini biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminə təqdim edir.

6. Öz daxili yurisdiksiyasını tətbiq edərkən və yuxarıdakı 4-cü bənddə göstərilən öz daxili reqlamentasiya bazası olmadıqda, Tərəf inkişaf etməkdə olan ölkə və ya keçid iqtisadiyyatında olan ölkədirsə, biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmi vasitəsilə bəyan edə bilər ki, yuxarıdakı 1-ci bəndə uyğun şəkildə barəsində informasiya təqdim olunmuş bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərin ilk ixrac göndərişinə qədər onun qəbul etdiyi qərar aşağıdakı meyarlara uyğun olaraq qəbul olunacaq:

a) 15-ci maddəyə uyğun olaraq riskin dəyərləndirilməsinin keçirilməsi; və

b) iki yüz yetmiş gündən artıq olmamaqla, proqnozlaşdırılmış müddətdə qərarın qəbul edilməsi.

7. Tərəfin öz qərarı barədə yuxarıdakı 6-cı bəndə uyğun şəkildə xəbər verməməsi faktı, əgər Tərəfin başqa qeyd-şərti yoxdursa, onun bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmin idxalı barədə razılığını və ya imtina etməsini bildirmir.

8. İdxal Tərəfində, insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə dəyişdirilmiş canlı orqanizmin mümkün mənfi təsirinin miqyasına dair müvafiq elmi informasiya məlumatı və bilgilərinin azlığı üzündən elmi gerçəkliyin olmaması idxal Tərəfi üçün bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş bu cür canlı orqanizmin idxalı barədə, belə mümkün mənfi təsirin qarşısının alınması və ya maksimum məhdudlaşdırılması məqsədilə müvafiq qərarın qəbul edilməsində maneə sayıla bilməz.

9. Tərəf bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərə dair özünün maliyyə, texniki yardıma və potensial yaratmaq ehtiyaclarını göstərə bilər. Tərəflər bu ehtiyacların təmin edilməsi üçün 22 və 28-ci maddələrin müddəalarına uyğun olaraq əməkdaşlıq edirlər.

Maddə 12. Qərarlara yenidən baxılması

1. İdxal Tərəfi bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə potensial mənfi təsir barədə yeni elmi informasiyanı nəzərə almaqla, eləcə də insan sağlamlığına riski nəzərə almaqla, məqsədli transsərhəd yerdəyişməsi haqqında qərara yenidən baxa və onu dəyişdirə bilər. Belə halda həmin Tərəf, həmin qərarda haqqında danışılan dəyişdirilmiş canlı orqanizmin yerdəyişməsi barədə əvvəllər məlumat vermiş istənilən bildirişçini və biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmini otuz gün ərzində xəbərdar edir, öz qərarını əsaslandıran dəlilləri göstərir.

2. İxrac Tərəfi və ya bildirişçi idxal Tərəfindən 10-cu maddəyə uyğun olaraq bu məsələ ilə bağlı qəbul etdiyi qərarı dəyişdirmək barədə xahiş edə bilər, əgər ixrac Tərəfi və ya bildirişçi hesab edirlərsə ki:

a) barəsində qərarın qəbul edildiyi riski dəyərləndirmə nəticələrinə təsir edə biləcək şərait dəyişmələri olmuş; yaxud da

b) müvafiq əlavə elmi və ya texniki informasiya meydana çıxmışdır.

3. İdxal Tərəfi doxsan gün ərzində belə xahişə yazılı cavab verir və bu cür qərar qəbul olunmasını əsaslandıran dəlilləri göstərir.

4. İdxal Tərəfi istədiyi halda sonrakı idxallarla bağlı risklərin dəyərləndirilməsinin keçirilməsini tələb edə bilər.

Maddə 13. Sadələşdirilmiş prosedur

1. İdxal Tərəfi bu Protokolun məqsədinə uyğun olaraq, dəyişdirilmiş canlı orqanizmlərin təhlükəsizlik məqsədli transsərhəd yerdəyişməsini təmin etmək üçün lazımi tədbirlər görməsi şərtilə biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmi ilə aşağıdakıları qabaqcadan razılaşdıra bilər:

a) onun ərazisinə məqsədli transsərhəd yerdəyişməsinin idxal Tərəfinin bu yerdəyişmə barədə xəbərdar edilməsi ilə eyni zamanda baş verə biləcəyi halları; və

b) onun ərazisinə qabaqcadan əsaslandırılmış razılaşma prosedurunun fəaliyyət sferasından çıxarılmalı olan dəyişdirilmiş canlı orqanizmlərin idxal edilməsini.

Yuxarıdakı a) yarımbəndində nəzərdə tutulan bildirişlər eyni Tərəfə sonrakı analoji yerdəyişmələr baş verdikdə tətbiq edilə bilər.

2. Yuxarıdakı 1a) bəndində adı çəkilən bildirişdə göstərilməsi zəruri olan məqsədli transsərhəd yerdəyişməsinə dair informasiya I əlavədə göstərilən informasiyaya uyğun olmalıdır.

Maddə 14. İkitərəfli, regional və çoxtərəfli saziş və məqavilələr

1. Tərəflər bu Protokolun məqsədinə uyğun olaraq dəyişdirilmiş canlı orqanizmlərin məqsədli transsərhəd yerdəyişməsi ilə bağlı ikitərəfli, regional və çoxtərəfli sazişlər və müqavilələr bağlaya bilərlər, bu şərtlə ki, həmin sazişlər və müqavilələr müdafiə səviyyəsinin Protokolda nəzərdə tutulduğundan aşağı həddə endirilməsinə gətirib çıxarmasın.

2. Tərəflər istər bu Protokolun qüvvəyə minməsi tarixindən əvvəl, istərsə də sonra, aralarında bağlanan hər hansı belə ikitərəfli, regional və çoxtərəfli sazişlər və müqavilələr haqqında bir-birlərini biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmi vasitəsilə xəbərdar edirlər.

3. Bu Protokolun müddəaları bu cür saziş və ya müqavilələrin Tərəfləri arasında həmin saziş və müqavilələrə uyğun olaraq həyata keçirilən məqsədli transsərhəd yerdəyişməsinə şamil edilmir.

4. Hər bir Tərəf öz ərazisinə konkret idxala münasibətdə özünün daxili normativ müddəalarını tətbiq edə bilər və öz qərarı barədə biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmini xəbərdar edir.

Maddə 15. Risklərin dəyərləndirilməsi

1. Risklərin bu Protokola uyğun olaraq dəyərləndirilməsi elmi cəhətdən əsaslandırılmış şəkildə, III əlavəyə uyğun olaraq və qəbul olunmuş risklərin dəyərləndirilməsi üsulları nəzərə alınmaqla həyata keçirilir. Risklərin belə dəyərləndirilməsi, insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, dəyişdirilmiş canlı orqanizmlərin bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə göstərə biləcəyi mənfi təsiri müəyyənləşdirmək və dəyərləndirmək məqsədilə ən azı, 8-ci maddəyə uyğun şəkildə təqdim olunmuş informasiya və mövcud olan digər elmi məlumatlara əsaslanır.

2. İdxal Tərəfi 10-cu maddəyə uyğun olaraq qərar qəbul edilməsi üçün risklərin dəyərləndirilməsinin həyata keçirilməsini təmin edir. O, ixracatçıdan risklərin dəyərləndirilməsinin həyata keçirilməsini tələb edə bilər.

3. Əgər idxal Tərəfi belə tələb irəli sürürsə, risklərin dəyərləndirilməsinin həyata keçirilməsi ilə bağlı xərcləri bildirişçi ödəyir.

Maddə 16. Risklərin tənzimlənməsi

1. Tərəflər Konvensiyanın 8-ci maddəsinin g) bəndini nəzərə alaraq, dəyişdirilmiş canlı orqanizmlərin istifadəsi, emalı və transsərhəd yerdəyişməsi ilə bağlı bu Protokolun müddəaları ilə müəyyənləşdirilmiş risklərin tənzimlənməsi, azaldılması və nəzarətdə saxlanması üçün risklərin dəyərləndirilməsinə aid müvafiq mexanizm, tədbir və strategiyaları işləyib hazırlayır və dəstəkləyirlər.

2. Risklərin dəyərləndirilməsi nəticələrinə əsaslanmış tədbirlər, idxal Tərəfinin ərazisi hüdudlarında dəyişdirilmiş canlı orqanizmlərin insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə göstərə biləcəyi mənfi təsirin qarşısının alınması üçün lazım olduğu qədər tətbiq edilir.

3. Hər bir Tərəf dəyişdirilmiş canlı orqanizmlərin məqsədsiz transsərhəd yerdəyişməsinə yol verilməməsi üçün lazımi tədbirlər görür, o cümlədən dəyişdirilmiş canlı orqanizmin sərbəstləşdirilməsinə başlanılanadək risklərin dəyərləndirilməsinin həyata keçirilməsinə dair tələblər irəli sürür.

4. Yuxarıdakı 2-ci bəndin müddəalarına xələl gətirmədən hər bir Tərəf istər idxal edilən, istərsə də özündə yaradılan dəyişdirilmiş hər hansı canlı orqanizmin nəzərdə tutulan istifadəsinə qədər, onun həyati silsiləsinə, yaxud təkrar istehsalına uyğun lazımınca müşahidə dövrü keçməsini təmin etməyə çalışır.

5. Tərəflər:

a) insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə mənfi təsir göstərə biləcək dəyişdirilmiş canlı orqanizmlərin və ya dəyişdirilmiş canlı orqanizmlərin konkret əlamətlərinin müəyyənləşdirilməsi və

b) dəyişdirilmiş belə canlı orqanizmlərlə və ya onların konkret əlamətləri ilə rəftara dair lazımi tədbirlərin görülməsi məqsədilə əməkdaşlıq edirlər.

Maddə 17. Məqsədsiz transsərhəd yerdəyişmə və fövqəladə tədbirlər

1. Hər bir Tərəf, əgər onun yurisdiksiyası altında olan rayonda baş verən hadisədən xəbər tutursa və bu hadisə nəticəsində sərbəstləşmə hallarına təsadüf edilirsə, bu isə öz növbəsində, belə dövlətlərdə insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə əhəmiyyətli dərəcədə mənfi təsir göstərə bilərsə, o, aidiyyəti dövlətlərə və ya potensial aidiyyəti olacaq dövlətlərə, biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminə və müvafiq hallarda əlaqədar beynəlxalq təşkilatlara bildiriş üçün müvafiq tədbirlər görür. Həmin Tərəf bildirişi yuxarıda göstərilən situasiyanın yaranması barədə məlumat daxil olan kimi göndərir.

2. Hər bir Tərəf biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminə bu maddəyə uyğun olaraq müvafiq bildirişlər almaq məqsədilə əlaqə məntəqəsinin təyin edilməsi haqqında bu Protokolun həmin Tərəf üçün qüvvəyə minməsi tarixindən gec olmayaraq müvafiq ətraflı informasiya təqdim edir.

3. Yuxarıdakı 1-ci bəndə uyğun şəkildə göndərilmiş hər bir bildirişdə aşağıdakılar olmalıdır:

a) dəyişdirilmiş canlı orqanizmin nəzərdə tutulan miqdarı və müvafiq xarakteristikası və/və ya əlamətləri haqqında müvafiq informasiya;

b) hadisənin baş verdiyi Tərəfdə sərbəstləşmə şəraiti və onun ehtimal olunan tarixi haqqında, eləcə də dəyişdirilmiş canlı orqanizmin mənşə Tərəfində istifadəsi barəsində informasiya;

c) insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə ehtimal olunan hər hansı mənfi təsir haqqında hər cür informasiya, eləcə də riskin tənzimlənməsi üzrə mümkün tədbirlər haqqında informasiya;

d) hər hansı digər müvafiq informasiya; və

e) əlavə informasiya almaq üçün əlaqə məntəqəsi.

4. Yuxarıdakı 1-ci bənddə haqqında danışılan dəyişdirilmiş canlı orqanizmin sərbəstləşmə mənbəyinin yurisdiksiyasına aid olduğu hər bir Tərəf insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə dəyəcək hər hansı mənfi təsiri minimuma endirmələri məqsədilə təmasda olmuş və ya təması ehtimal olunan dövlətlərlə təxirə salınmadan məsləhətləşmələr keçirir ki, onlar müvafiq cavab tədbirini müəyyənləşdirə bilsinlər və fövqəladə tədbirlər də daxil olmaqla, zəruri tədbirlər görə bilsinlər.

Maddə 18. Emal, daşıma, qablaşdırma və eyniləşdirmə

1. İnsan sağlamlığı üçün risk də nəzərə alınmaqla, bioloji müxtəlifliyin saxlanması və istifadəsinə ola biləcək mənfi təsirin qarşısının alınması məqsədilə hər bir Tərəf bu Protokolun fəaliyyət dairəsi çərçivəsində məqsədli transsərhəd yerdəyişməsi obyekti olan dəyişdirilmiş canlı orqanizmlərin müvafiq beynəlxalq qayda və normalar nəzərə alınmaqla, təhlükəsizlik şərtlərinə əməl edilməklə emal olunması, qablaşdırılması və daşınması üçün lazımi tədbirlər görür.

2. Hər bir Tərəf lazımi tədbirlər görür ki:

a) bilavasitə ərzaq, yaxud yem kimi və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmləri müşayiət edən sənədlərdə əlavə informasiya almaq üçün əlaqə məntəqəsi də göstərilməklə, həmin dəyişdirilmiş canlı orqanizmlərin tərkibində «ola bilsin ki, dəyişdirilmiş canlı orqanizmlər olduğu» və ətraf mühitə məqsədli introduksiya üçün nəzərdə tutulmaması dəqiq şəkildə müəyyənləşdirilsin. Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı bu məqsədlə geniş tələblər barədə, o cümlədən eyniləşdirmə məlumatları və istənilən müstəsna əlamətlər haqqında bu Protokolun qüvvəyə minməsi tarixindən iki ildən gec olmayaraq qərar qəbul edir;

b) qapalı sistemlərdə istifadə olunmaq üçün nəzərdə tutulmuş dəyişdirilmiş canlı orqanizmləri müşayiət edən sənədlərdə onların təhlükəsiz emalı, saxlanılması, daşınması və istifadəsi ilə bağlı istənilən tələblər, əlavə informasiya almaq məqsədilə əlaqə məntəqəsi, həmçinin dəyişdirilmiş canlı orqanizmlərin göndərildiyi şəxsin adı, ünvanı və müəssisənin adı göstərilməklə, dəyişdirilmiş canlı orqanizm olması dəqiq şəkildə müəyyənləşdirilsin; və

c) idxal Tərəfinin ətraf mühitinə məqsədli introduksiya üçün. Nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmləri və bu Protokolun fəaliyyət dairəsinə düşən dəyişdirilmiş hər hansı canlı orqanizmləri müşayiət edən sənədlərdə onların eyniləşdirmə məlumatları və müvafiq əlamətləri və/və ya xarakteristikaları, təhlükəsiz emalı, saxlanılması, daşınması və istifadəsinə dair hər hansı tələblər, eləcə də əlavə informasiya alınması üçün əlaqə məntəqəsi, müvafiq hallarda idxalçının və ixrac edənin adı və ünvanı göstərilməklə və yerdəyişmənin bu Protokolun ixrac edənə tətbiq olunan tələblərinə uyğun surətdə həyata keçirilməsi barədə deklarasiyası olmaqla, onların dəyişdirilmiş canlı orqanizmlər olması dəqiq müəyyənləşdirilsin.

3. Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı digər əlaqədar beynəlxalq orqanlarla məsləhətləşərək eyniləşdirmə, emal, qablaşdırma və daşıma üsullarına dair normaların işlənib hazırlanmasının zəruriliyi və şərtlərini nəzərdən keçirir.

Maddə 19. Səlahiyyətli milli orqanlar və milli əlaqələndirici mərkəzlər

1. Hər bir Tərəf katibliklə öz adından əlaqə saxlamağa cavabdeh olan bir milli əlaqələndirici mərkəz təyin edir. Bundan əlavə, hər bir Tərəf bu Protokolla tələb olunan inzibati funksiyaları yerinə yetirmək üçün cavabdeh olan bir və ya bir neçə səlahiyyətli milli orqan təyin edir. Həmin orqanlar Tərəfin adından bu funksiyalarla əlaqədar fəaliyyət göstərməyə səlahiyyətlidirlər. Tərəf həmçinin həm milli əlaqələndirici mərkəz, həm də səlahiyyətli milli orqan funksiyalarını yerinə yetirmək üçün bir orqan da təyin edə bilər.

2. Hər bir Tərəf onun üçün bu Protokolun qüvvəyə minməsi tarixindən gec olmayaraq, özünün milli əlaqələndirici mərkəzinin və səlahiyyətli milli orqanı və ya orqanlarının adlarını və ünvanlarını katibliyə bildirməlidir. Tərəf birdən artıq səlahiyyətli milli orqan təyin edərsə, öz bildirişi ilə onlar haqqında, belə orqanların müvafiq vəzifələrinə dair lazımi məlumatı katibliyə göndərməlidir. Tətbiq edilməsi mümkün olan yerdə bu məlumatda ən azı, dəyişdirilmiş canlı orqanizmlərin bu və ya başqa növü ilə hansı səlahiyyətli orqanın məşğul olacağı göstərilməlidir. Hər bir Tərəf özünün milli əlaqələndirici mərkəzinin və ya səlahiyyətli milli orqanı və ya orqanlarının adında, ünvanında və vəzifələrində hər hansı dəyişikliklər barədə dərhal katibliyə məlumat verməlidir.

3. Katiblik yuxarıdakı 2-ci bəndə uyğun olaraq aldığı bildirişlər haqqında Tərəflərə dərhal məlumat verir, eləcə də biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmi vasitəsilə də belə informasiya verir.

Maddə 20. Biotəhlükəsizlik üzrə informasiya mübadiləsi və vasitəçilik mexanizmi

1. Bununla, Konvensiyanın 18-ci maddəsinin 3-cü bəndinə uyğun olaraq yaradılmış vasitəçilik mexanizminin bir hissəsi kimi aşağıdakı məqsədlərlə biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmi təsis edilir:

a) dəyişdirilmiş canlı orqanizmlərlə bağlı elmi, texniki, təbiəti mühafizə və hüquqi informasiyaların və təcrübələrin mübadiləsinə yardım etmək üçün; və

b) Protokolun həyata keçirilməsində Tərəflərə yardım etmək üçün; həm də bu halda Tərəf sayılan inkişaf etməkdə olan ölkələrin, o cümlədən onların arasında ən az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin, keçid iqtisadiyyatlı ölkələrin, eləcə də törəmə mərkəzləri və genetik müxtəliflik mərkəzləri olan ölkələrin xüsusi tələbatları nəzərə alınmalıdır.

2. Biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmi yuxarıdakı 1-ci bəndin məqsədləri üçün informasiya yayan bir vasitədir. O, Protokolun tətbiqi üçün Tərəflərin göndərdikləri informasiyaya girişi təmin edir. O, eləcə də mümkün olan yerlərdə biotəhlükəsizlik sahəsində informasiya mübadiləsi üzrə digər beynəlxalq mexanizmlərə girişi təmin edir.

3. Hər bir Tərəf məxfi informasiyaların qorunmasına xələl gətirmədən, bu Protokola uyğun olaraq biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminə verilməsi tələb olunan istənilən informasiyanı, habelə aşağıdakıları biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminə təqdim edir:

a) Protokolun icrası üçün mövcud olan hər hansı qanunları, normativ müddəaları və rəhbər prinsipləri, eləcə də qabaqcadan əsaslandırılmış razılaşma prosedurunu tətbiq etmək üçün Tərəflərə lazım olan informasiyaları;

b) hər hansı ikitərəfli, regional və çoxtərəfli saziş və müqavilələri;

c) dəyişdirilmiş canlı orqanizmlərə dair onun reqlamentasiya prosesində aparılmış və 15-ci maddəyə uyğun olaraq həyata keçirilmiş risklərin dəyərləndirilməsi yekunlarının və ya ekoloji icmalların xülasəsini, o cümlədən zərurət yarandıqda, onların tərkibində olan məhsullar, məhz dəyişdirilmiş canlı orqanizmlərdən alınan müasir biotexnologiyanın istifadə olunması nəticəsində əldə edilmiş aşkarlana bilən törəmə genetik materialın yeni kombinasiyaları haqqında müvafiq informasiyanı;

d) dəyişdirilmiş canlı orqanizmlərin idxalı və ya sərtləşdirilməsinə dair son qərarı; və

e) qabaqcadan əsaslandırılmış razılaşma prosedurunun icrası haqqında məruzələr də daxil olmaqla, 33-cü maddəyə uyğun olaraq onun göndərdiyi məruzələri təqdim edir.

4. Mexanizmin fəaliyyəti haqqında məruzələrin təqdimi də daxil olmaqla, biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminin fəaliyyət göstərməsi şərtləri, bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransının birinci Müşavirəsində müzakirə və qəbul edilir, sonralar isə vaxtaşırı olaraq onlara yenidən baxılır.

Maddə 21. Məxfi informasiya

1. İdxal Tərəfi bildirişçiyə bu Protokolun prosedurlarına uyğun olaraq təqdim edilmiş və ya idxal Tərəfinin bu Protokol üzrə qabaqcadan əsaslandırılmış razılaşma proseduru çərçivəsində tələb etdiyi informasiyalardan hansına məxfi kimi baxılmalı olduğunu göstərməsinə icazə verir. Belə hallarda, xahiş edildikdə, əsaslandırma təqdim olunur.

2. İdxal Tərəfi bildirişçi ilə bildirişçinin məxfi kimi təqdim etdiyi informasiyanın belə hesab edilə bilmədiyi barədə qərara gəldiyi halda məşvərət keçirir və hər hansı açıqlamaya qədər öz qərarı haqqında bildirişçiyə məlumat verərək, xahiş edildikdə, müvafiq səbəbləri göstərir və açıqlama anına qədər məsləhətləşmələr keçirilməsi və daxildə qərara yenidən baxılması imkanını təmin edir.

3. Hər bir Tərəf bu Protokolun çərçivəsi daxilində alınmış məxfi informasiyanın, o cümlədən bu Protokolda nəzərdə tutulan qabaqcadan əsaslandırılmış razılaşma proseduru kontekstində alınmış hər hansı məxfi informasiyanın mühafizəsini təmin edir. Hər bir Tərəf özündə belə informasiyanın mühafizəsi prosedurunun olmasını təmin edir və belə informasiyanın məxfiliyinin, özünün dəyişdirilmiş canlı orqanizmlərinə məxfi informasiya üçün nəzərdə tutulandan az etibarlı olmayan mühafizəsini təmin edir.

4. İdxal Tərəfi bu cür informasiyadan bildirişçinin yazılı razılığından başqa hallarda kommersiya məqsədləri üçün istifadə etmir.

5. Əgər bildirişçi bildirişini geri götürür və ya götürmüşsə, idxal Tərəfi, tədqiqatlar və istehsalat haqqında olan informasiyaların məxfiliyini, habelə məxfiliyi barədə həmin Tərəflə bildirişçi arasında fikir ayrılığı olan informasiya da daxil olmaqla, kommersiya və sənaye informasiyasının məxfiliyini qoruyur.

6. Yuxarıdakı 5-ci bəndə xələl gətirmədən aşağıdakı informasiya məxfi sayılmır:

a) bildirişçinin adı və ünvanı;

b) dəyişdirilmiş canlı orqanizmin və ya orqanizmlərin ümumi təsviri;

c) bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsinə mənfi təsir risklərinin, insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, dəyərləndirilməsinin xülasəsi; və

d) fövqəladə hallarda görüləcək tədbirlərin hər hansı üsul və planları.

Maddə 22. Potensialın yaradılması

1. Tərəflər biotəhlükəsizliyin təmin olunması üçün lazım olan həddə biotexnologiya da daxil olmaqla, insan ehtiyatlarının və biotəhlükəsizlik üzrə təşkilat potensialının inkişaf etdirilməsi və/və ya möhkəmləndirilməsində, inkişaf etməkdə olan ölkələr sayılan Tərəflərdə, xüsusən zəif inkişaf etmiş ölkələrdə və inkişaf etməkdə olan kiçik ada dövlətlərində, eləcə də keçid iqtisadiyyatlı ölkə olan Tərəflərdə bu Protokolun səmərəli icrası məqsədilə, o cümlədən qlobal, regional, subregional və milli müəssisə və təşkilatlar vasitəsilə və zərurət yarandıqda özəl sektorun cəlb olunmasına yardım etməklə əməkdaşlıq edirlər.

2. Yuxarıdakı 1-ci bəndin məqsədlərinin icrası üçün əməkdaşlıqla bağlı inkişaf etməkdə olan ölkələr sayılan, o cümlədən daha az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətləri də daxil olmaqla, Tərəflərin Konvensiya müddəalarına uyğun olaraq maliyyə ehtiyatları, texnologiya və nou-haunun əlçatarlığı və ötürülməsinə olan ehtiyacları biotəhlükəsizlik sahəsində potensialın yaradılması zamanı bütünlüklə nəzərə alınır. Hər bir Tərəfin şəraitinin, imkanlarının və ehtiyaclarının müxtəlifliyindən asılı olaraq, potensialın yaradılması üzrə əməkdaşlığa biotexnologiyanın lazımi qaydada və təhlükəsiz istifadəsi üçün elmi və texniki kadrların hazırlanması, biotəhlükəsizliyin maraqları üzrə risklərin dəyərləndirilməsi və risklərin tənzimlənməsi, eləcə də biotəhlükəsizlik sahəsində texnoloji və təşkilati imkanların genişləndirilməsindən istifadə daxildir. Keçid iqtisadiyyatlı ölkə olan Tərəflərin ehtiyacları da biotəhlükəsizlik sahəsində belə potensialın yaradılmasında tamamilə nəzərə alınır.

Maddə 23. İctimaiyyətin məlumatlandırılması və onun iştirakı

1. Tərəflər:

a) dəyişdirilmiş canlı orqanizmlərin ötürülməsi, emalı və istifadəsi zamanı bioloji müxtəlifliyin saxlanması və davamlı istifadəsi ilə bağlı təhlükəsizliyin, insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, təmin olunması barədə ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsinə, eləcə də bu işdə iştirakına şərait yaradır və kömək edirlər. Bu zaman Tərəflər, lazım gəldikdə, digər dövlətlər və beynəlxalq orqanlarla əməkdaşlıq edirlər;

b) ictimaiyyətin məlumatlandırılması və maarifləndirilməsi işinin, bu Protokola uyğun olaraq idxal edilə biləcək dəyişdirilmiş canlı orqanizmlərin eyniləşdirilməsi barədə informasiyanın da əlçatarlığı məsələlərini əhatə etməsi üçün səy göstərirlər.

2. Özlərinin müvafiq qanunlarına və normativ müddəalarına riayət edən Tərəflər dəyişdirilmiş canlı orqanizmlərlə bağlı qərarların qəbul edilməsi prosesində ictimaiyyətlə məsləhətləşir və belə qərarların nəticələrini ictimaiyyətə təqdim edirlər, həm də bu zaman 21-ci maddəyə uyğun olaraq informasiyanın məxfiliyinin qorunmasını təmin edirlər.

3. Hər bir Tərəf biotəhlükəsizlik üzrə vasitəçilik mexanizmindən ictimaiyyətin istifadə edə bilməsi vasitələrinə dair öz ictimaiyyətini məlumatlandırmaq üçün səy göstərir.

Maddə 24. Tərəf olmayan dövlətlər

1. Tərəflər və Tərəf olmayan dövlətlər arasında dəyişdirilmiş canlı orqanizmlərin transsərhəd yerdəyişmələri bu Protokolun məqsədlərinə uyğun olmalıdır. Tərəflər belə transsərhəd yerdəyişmələrinə dair Tərəf olmayan dövlətlərlə ikitərəfli, regional və çoxtərəfli saziş və razılaşmalar bağlaya bilərlər.

2. Tərəflər Tərəf olmayan dövlətləri bu Protokola qoşulmağa və onların milli yurisdiksiyası altında olan rayonlarda sərbəstləşdirilmiş və ya bu rayonlara gətirilən, yaxud da bu rayonlardan aparılan dəyişdirilmiş canlı orqanizmlər haqqında informasiyanı biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminə təqdim etməyə təşviq edirlər.

Maddə 25. Qeyri-qanuni transsərhəd yerdəyişmələri

1. Hər bir Tərəf öz ərazisində bu Protokolun icra olunması üzrə dəyişdirilmiş canlı orqanizmlərin daxili qaydaların pozulması ilə transsərhəd yerdəyişmələrinə yol verilməməsi üçün tədbirlər, lazım gəldiyi hallarda isə cəza nəzərdə tutan müvafiq daxili tədbirlər görür. Bu cür yerdəyişmələr qeyri-qanuni sayılır.

2. Qeyri-qanuni transsərhəd yerdəyişmələri hallarında aidiyyəti Tərəf mənşə Tərəfindən dəyişdirilmiş müvafiq canlı orqanizmi, şəraitdən asılı olaraq, repatriasiya və ya məhvetmə yolu ilə öz hesabına aradan götürməyi tələb edə bilər.

3. Hər bir Tərəf ona aid qeyri-qanuni transsərhəd yerdəyişmələri halları barədə biotəhlükəsizlik üzrə vasitəçilik mexanizminə məlumat verir.

Maddə 26. Sosial-iqtisadi mülahizələr

1. Bu Protokol çərçivəsində idxal haqqında qərar, yaxud Protokolun icrası məqsədilə daxili tədbirlər hazırlandıqda Tərəflər öz beynəlxalq öhdəliklərinə uyğun olaraq, dəyişdirilmiş canlı orqanizmin bioloji müxtəlifliyin saxlanmasına və davamlı istifadəsinə mənfi təsiri ilə bağlı, ilk növbədə yerli icmalar üçün bioloji müxtəlifliyin dəyərliliyi baxımından sosial-iqtisadi mülahizələri nəzərə ala bilərlər.

2. Tərəflər, dəyişdirilmiş canlı orqanizmlərlə bağlı ilk növbədə yerli icmalar üçün hər hansı sosial-iqtisadi nəticələr haqqında elmi tədqiqatlar aparılmasında və informasiya mübadiləsində əməkdaşlığa təşviq edilirlər.

Maddə 27. Məsuliyyət və əvəzödəmə

Bu Protokol Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı özünün ilk müşavirəsində, dəyişdirilmiş canlı orqanizmlərin transsərhəd yerdəyişməsi nəticəsində dəymiş zərərə görə məsuliyyət və əvəzödəmə sahəsində, bu məsələlər üzrə beynəlxalq hüquqda nəzərdə tutulan cari proseslərin təhlili və lazımi uçotu əsasında müvafiq beynəlxalq qayda və prosedurların işlənib hazırlanmasına dair proses təşkil edir və bu prosesin dörd il ərzində başa çatdırılmasına səy göstərir.

Maddə 28. Maliyyələşdirmə mexanizmi və maliyyə ehtiyatları

1. Bu Protokolun icrası üçün maliyyə ehtiyatları məsələsinə baxılan zaman Tərəflər Konvensiyanın 20-ci maddəsinin müddəalarını nəzərə alırlar.

2. Konvensiyanın 21-ci maddəsinə uyğun olaraq yaradılmış maliyyələşdirmə mexanizmi təşkilati strukturun həlqəsi sayılır və bu Protokolun maliyyələşdirmə mexanizminin idarə edilməsi ona həvalə olunmuşdur.

3. Bu Protokol Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı bu Protokolun 22-ci maddəsinin həsr olunduğu potensialın yaradılması ilə bağlı yuxarıdakı 2-ci bənddə göstərilmiş maliyyələşdirmə mexanizminə dair rəhbər göstərişlərin hazırlanması zamanı, Tərəflərin Konfransının baxması üçün inkişaf etməkdə olan ölkə sayılan, o cümlədən kiçik ada dövlətləri də daxil olmaqla, az inkişaf etmiş ölkə olan Tərəflərin maliyyə ehtiyatlarına tələbatını nəzərə alır.

4. Yuxarıdakı 1-ci bəndin kontekstində Tərəflər inkişaf etməkdə olan ölkələr sayılan Tərəflərin, o cümlədən zəif inkişaf etmiş ölkələrin və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin, eləcə də keçid iqtisadiyyatlı ölkə olan Tərəflərin, onların bu Protokolun məqsədlərinin icrası üçün imkanlarının müəyyənləşdirilməsi və həyata keçirilməsi üzrə səyləri çərçivəsində tələbatlarını nəzərə alırlar.

5. Tərəflərin Konfransının müvafiq qərarlarında, bu Protokolun qəbul edilməsinədək təsbit edilənlər də daxil olmaqla, Konvensiyanın maliyyələşdirilməsi mexanizminə təqdim olunan rəhbər göstərişlər bu maddənin müddəalarına mutatis mutandis tətbiq edilir.

6. İnkişaf etmiş ölkələr olan Tərəflər də bu Protokolun müddəalarının icrası üçün maliyyə və texnoloji resursları təqdim edə, inkişaf etməkdə olan ölkələr sayılan Tərəflər və keçid iqtisadiyyatlı sayılan Tərəflər isə ikitərəfli, regional və çoxtərəfli kanallarla maliyyə resursları və texnoloji resurslar ala bilərlər.

Maddə 29. Bu Protokolun tərəflərinin müşavirəsi kimi çıxış edən tərəflərin Konfransı

1. Tərəflərin Konfransı bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edir.

2. Bu Protokolun Tərəfləri olmayan Konvensiya Tərəfləri bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransının istənilən müşavirəsinin işində müşahidəçi kimi iştirak edə bilərlər. Tərəflərin Konfransı bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış etdiyi halda, bu Protokol çərçivəsində qərarları yalnız onun Tərəfləri olan iştirakçılar qəbul edir.

3. Tərəflərin Konfransı bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış etdiyi halda, Konvensiyanın bu Protokolun Tərəfi olmayan hər hansı bir Tərəfini təmsil edən Tərəflərin Konfransı Bürosunun üzvü bu Protokolun Tərəflərinin öz aralarından seçdikləri üzvlə əvəz edilir.

4. Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı bu Protokolun müddəalarının icrasını mütəmadi olaraq izləyir və onun səmərəli icrasına yardım məqsədilə öz mandatı çərçivəsində lazımi qərarlar qəbul edir. Tərəflərin Konfransı bu Protokola uyğun olaraq ona həvalə olunmuş funksiyaları yerinə yetirir və:

a) bu Protokolun icrası üçün zəruri olan bütün məsələlər üzrə tövsiyələr verir;

b) bu Protokolun müddəalarının yerinə yetirilməsi üçün zəruri sayılan yardımçı orqanlar yaradır;

c) lazım gəldikdə, səlahiyyətli beynəlxalq təşkilatlara, hökumətlərarası və qeyri-hökumət orqanlarına xidmət, yardım və informasiyalar üçün sorğular edir və bunlardan istifadə edir;

d) bu Protokolun 33-cü maddəsinə uyğun olaraq təqdim olunmalı informasiyanın formasını və göndərilmə dövriliyini müəyyənləşdirir və belə informasiyaları, eləcə də istənilən yardımçı orqan tərəfindən təqdim olunmuş məruzələri nəzərdən keçirir;

e) zərurət yarandıqda, bu Protokola və onun əlavələrinə edilmiş düzəlişlərə, eləcə də bu Protokola bu Protokolun icrası üçün zəruri sayılaraq edilmiş hər hansı digər əlavələrə baxır və qəbul edir;

f) bu Protokolun icrası üçün lazım olan digər belə funksiyaları yerinə yetirir.

5. Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflər Konfransının konsensusla başqa qərar qəbul etdiyi hallar istisna olmaqla, bu Protokol çərçivəsində Tərəflərin Konfransının prosedur qaydaları, habelə Konvensiyanın maliyyə qaydaları mutatis mutandis tətbiq edilir.

6. Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflər Konfransının ilk müşavirəsini katiblik tərəfindən, keçirilməsi bu Protokolun qüvvəyə minməsi tarixindən sonraya planlaşdırılmış Tərəflər Konfransının birinci yığıncağı ilə birlikdə çağırılır. Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransının sonrakı növbəti müşavirələri, əgər bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı başqa qərar qəbul etməzsə, Tərəflərin Konfransının növbəti müşavirələri ilə birlikdə keçirilir.

7. Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransının növbədənkənar müşavirələri bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı bunu zəruri saydığı hallarda və ya istənilən Tərəfin yazılı xahişi ilə çağırılır, bu şərtlə ki, katibliyin xahişi Tərəflərin ünvanına göndərməsindən sonrakı altı ay müddətində həmin xahişi Tərəflərin ən azı üçdə biri dəstəkləmiş olsun.

8. Birləşmiş Millətlər Təşkilatı, onun ixtisaslaşdırılmış idarələri və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, eləcə də onların üzvü olan hər hansı dövlət, yaxud Konvensiyanın Tərəfləri olmayan həmin təşkilatlar yanında müşahidəçilər bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransının müşavirəsində müşahidəçi kimi təmsil oluna bilərlər. Bu Protokolun əhatə etdiyi məsələlər üzrə səlahiyyətə malik hər hansı milli və beynəlxalq, hökumət və qeyri-hökumət orqanları və ya idarələri, bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransının müşavirəsində katibliyə etdikləri müraciət əsasında müşahidəçi kimi, əgər müşavirədə iştirak edən Tərəflərin ən azı üçdə biri buna etiraz etmirsə, təmsil olunmağa buraxıla bilərlər. Bu maddədə nəzərdə tutulan başqa hallar istisna edilməklə, müşahidəçilərin müşavirəyə buraxılması və iştirakı yuxarıdakı 5-ci bənddə xatırlanan prosedur qaydaları ilə tənzimlənir.

Maddə 30. Yardımçı orqanlar

1. Konvensiyanın təsis etdiyi və ya onun çərçivəsində təsis edilmiş hər hansı yardımçı orqan, bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransının qərarına uyğun olaraq Protokola xidmət göstərə bilər və bu halda Tərəflərin Müşavirəsi həmin orqanın yerinə yetirəcəyi funksiyaları müəyyənləşdirir.

2. Bu Protokolun Tərəfləri olmayan Konvensiya Tərəfləri istənilən belə yardımçı orqanın istənilən müşavirəsinin işində müşahidəçi kimi iştirak edə bilər. Konvensiyanın yardımçı orqanının bu Protokolun yardımçı orqanı kimi çıxış etdiyi hallarda Protokol çərçivəsində qərarları yalnız Protokolun Tərəfləri qəbul edirlər.

3. Konvensiyanın yardımçı orqanı bu Protokolla bağlı öz funksiyalarını icra etdiyi hallarda belə yardımçı orqanın bürosunun bu dövrdə Protokol Tərəfi olmayan Konvensiya Tərəfini təmsil edən istənilən üzvü Protokol Tərəflərinin, onların öz arasından seçdikləri üzv ilə əvəz olunur.

Maddə 31. Katiblik

1. Konvensiyanın 24-cü maddəsinə uyğun olaraq təsis edilmiş katiblik bu Protokolun katibliyi kimi çıxış edir.

2. Katibliyin funksiyası haqqında Konvensiyanın 24-cü maddəsinin 1-ci bəndi bu Protokola mutatis mutandis tətbiq edilir.

3. Katibliyin bu Protokola göstərdiyi xidmət xərcləri ilə digər xərclər arasındakı fərqi bu Protokolun Tərəfləri ödəyirlər. Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı özünün birinci müşavirəsində bu məqsəd üçün lazım olan müvafiq büdcə tədbirləri ilə bağlı qərar qəbul edir.

Maddə 32. Konvensiya ilə əlaqə

Bu Protokolda başqa qayda nəzərdə tutulmayıbsa, Konvensiyanın protokollarına aid Konvensiya müddəaları bu Protokola tətbiq edilir.

Maddə 33. Monitorinq və hesabat

Hər bir Tərəf bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransının müəyyən etdiyi dövriliklə bu Protokol çərçivəsində öz öhdəliklərinin icrasına nəzarəti həyata keçirir, Protokolun icrası ilə bağlı gördüyü tədbirlər haqqında bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı qarşısında hesabat verir.

Maddə 34. Riayət etmə

Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı özünün birinci müşavirəsində bu Protokolun müddəalarına riayət edilməsinə və riayət etmənin pozulması hallarının nəzərdən keçirilməsinə yardım üçün əməkdaşlıq ruhunda istifadə olunan prosedurları və təşkilati mexanizmləri nəzərdən keçirir və təsdiq edir. Belə prosedurlar və mexanizmlər müvafiq hallarda məşvərət xidmətləri və ya yardım göstərilməsi ilə bağlı müddəalar nəzərdə tutur. Onlar Konvensiyanın 27-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş mübahisələrin nizama salınması prosedurları və mexanizmlərindən asılı olmadan istifadə edilir və bunlara xələl gətirmədən tətbiq edilir.

Maddə 35. Dəyərləndirmə və icmal

Bu Protokolun Tərəflərinin Müşavirəsi kimi çıxış edən Tərəflərin Konfransı bu Protokolun qüvvəyə minməsindən beş il sonra və bundan sonra ən azı hər beş ildən bir, prosedurları və əlavələri də daxil olmaqla, Protokolun səmərəliliyinin dəyərləndirilməsini keçirir.

Maddə 36. İmzalama

Bu Protokol dövlətlərin və Birləşmiş Millətlər Təşkilatının iqtisadi inteqrasiya üzrə regional təşkilatlarının imzalamaları üçün Birləşmiş Millətlər Təşkilatının Nayrobidəki bölməsində 2000-ci il mayın 15-dən 26-dək və Birləşmiş Millətlər Təşkilatının Nyu-Yorkdakı Mərkəzi idarələrində 2000-ci il iyunun 5-dən 2001-ci il iyunun 4-dək açıqdır.

Maddə 37. Qüvvəyə minmə

1. Bu Protokol Konvensiya Tərəfləri olan dövlətlərin və ya iqtisadi inteqrasiya üzrə regional təşkilatların ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma haqqında əllinci sənədi saxlanmağa verdikləri tarixdən doxsanıncı gün qüvvəyə minir.

2. Bu Protokolu ratifikasiya edən, qəbul edən, yaxud bəyənən və ya yuxarıdakı 1-ci bəndə uyğun olaraq qüvvəyə minməsindən sonra ona qoşulan dövlət və ya iqtisadi inteqrasiya üzrə regional təşkilat üçün Protokol belə dövlət və ya iqtisadi inteqrasiya üzrə regional təşkilat tərəfindən ratifikasiya, qəbul etmə, bəyənmə və ya qoşulma haqqında öz sənədini saxlanmağa verdiyi tarixdən sonrakı doxsanıncı gündə, yaxud da belə dövlət və ya iqtisadi inteqrasiya üzrə regional təşkilat üçün Konvensiyanın qüvvəyə mindiyi gün, bunlardan hansının sonra baş verəcəyindən asılı olaraq, qüvvəyə minir.

3. Yuxarıdakı 1 və 2-ci bəndlərin məqsədləri üçün iqtisadi inteqrasiya üzrə regional təşkilatın saxlanmağa verdiyi sənədlərdən heç biri belə təşkilatın üzvü olan dövlətlər tərəfindən saxlanmağa verilmiş sənədlərə əlavə sayılmır.

Maddə 38. Düzəlişlər

Bu Protokola hər hansı düzəliş etməyə yol verilmir.

Maddə 39. Çıxma

1. Hər bir Tərəf üçün bu Protokolun qüvvəyə minməsindən iki il başa çatdıqdan sonra həmin Tərəf Depozitariyə yazılı bildiriş göndərməklə Protokoldan çıxa bilər.

2. Belə çıxma Depozitari tərəfindən bildirişin alınması tarixindən bir il sonra və ya çıxma barədə təqdim olunan bildirişdə göstərilən daha gec müddətdə qüvvəyə minir.

Maddə 40. Autentik mətnlər

İngilis, ərəb, ispan, Çin, rus və fransız dillərindəki mətnləri autentik olan bu Protokolun əsli saxlanılmaq üçün Birləşmiş Millətlər Təşkilatının Baş katibinə verilir.

Bunun təsdiqi olaraq, lazımi qaydada səlahiyyət verilmiş aşağıda imza edənlər bu Protokolu imzaladılar.

İki mininci il yanvarın iyirmi doqquzunda Monrealda imzalanmışdır.


Əlavə I

8, 10 və 13-cü maddələrə uyğun olaraq bildirişlər çərçivəsində tələb olunan informasiya

a) İxracatçının adı, ünvanı və əlaqə məlumatları.

b) İdxalçının adı, ünvanı və əlaqə məlumatları.

c) Dəyişdirilmiş canlı orqanizmin ixracatçı dövlətdə adı, eyniləşdirmə məlumatları və əgər varsa, təhlükəsizlik səviyyəsinin milli təsnifatı.

d) Əgər bəllidirsə, transsərhəd yerdəyişməsinin icrasının nəzərdə tutulan tarixi və ya tarixləri.

e) Resipient orqanizmin və ya törədici orqanizmlərin biotəhlükəsizliklə bağlı taksonomik statusu, ümumi qəbul olunmuş adı, yığılma və ya alınma məntəqəsi, eləcə de xarakteristikası.

f) Əgər bəllidirsə, resipient orqanizmlərin və/və ya törədici orqanizmlərin törəmə mərkəzləri və genetik müxtəliflik mərkəzləri və orqanizmlərin yaşama qabiliyyətli və ya sürətlə çoxalma qabiliyyətli olmaları üçün məskunlaşma yerlərinin təsviri.

g) Donor orqanizmin və donor orqanizmlərin taksonomik statusu, ümumi qəbul olunmuş adı, yığılma və ya alınma məntəqəsi, eləcə də biotəhlükəsizliklə bağlı xarakteristikası.

h) Dəyişdirilmiş canlı orqanizmin nuklein turşusunun və ya introduksiya edilmiş modifikasiyasının, istifadə olunan üsulun, eləcə də əldə edilmiş xarakteristikalarının təsviri.

i) Dəyişdirilmiş canlı orqanizmin və ya tərkibində onun olduğu məhsulların, yəni dəyişdirilmiş canlı orqanizmin emalı nəticəsində əldə edilmiş və tərkibində müasir biotexnologiyanın tətbiqi nəticəsində alınmış, təkrar istehsal olunan genetik materialın aşkarlana bilən yeni kombinasiyaları olan materialların nəzərdə tutulan istifadəsi.

j) Ötürülməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmin miqdarı və həcmi.

k) III əlavəyə uyğun olaraq keçirilmiş risklərin dəyərləndirilməsi haqqında əvvəlki və ya cari məruzə.

1) Qablaşdırma, markalanma, sənədləşdirmə, ləğvetmə və lazım gəldikdə, fövqəladə hallar meydana çıxdığı vaxtlarda tədbirlər görülməsi ilə bağlı prosedurlar da daxil edilməklə, təhlükəsiz emalın, saxlamanın, daşımanın və istifadənin təmin edilməsi üçün təklif olunan üsullar.

m) İxracatçı dövlətin ərazisi daxilində dəyişdirilmiş canlı orqanizmin reqlamentasiya statusu (məsələn, o, ixracatçı dövlətdə qadağan edilibmi; başqa məhdudiyyətlər varmı; və ya onun ümumi sərbəstləşdirilməsinə icazə verilibmi) və dəyişdirilmiş canlı orqanizmin ixracatçı dövlətdə qadağan edildiyi halda bu cür qadağanın səbəbinin və ya səbəblərinin izahı.

n) Göndərilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmə dair ixracatçı tərəfindən digər dövlətlərə göndərilmiş hər hansı bir bildirişin nəticəsi və belə bildirişi göndərmənin məqsədi.

o) İnformasiyanın faktiki səhihliyinin təsdiq edilməsi barədə ərizə.


Əlavə II

11-ci maddəyə uyğun olaraq bilavasitə ərzaq kimi, yaxud yem və ya emal üçün istifadə edilməsi nəzərdə tutulan dəyişdirilmiş canlı orqanizmlərə dair tələb olunan informasiya

a) Daxili istehlak üçün sifariş verən subyektin adı və əlaqə məlumatları.

b) Qərarın qəbul edilməsinə cavabdeh olan orqanın adı və əlaqə məlumatları.

c) Dəyişdirilmiş canlı orqanizmin adı və uyğunluq məlumatları.

d) Dəyişdirilmiş canlı orqanizmin gen modifikasiyasının, tətbiq olunmuş metodun və nəticədə əldə edilmiş xarakteristikasının təsviri.

e) Dəyişdirilmiş canlı orqanizmin hər hansı müstəsna eyniləşdirmə məlumatları.

f) Resipient orqanizmin və ya törədici orqanizmin biotəhlükəsizliklə bağlı taksonomik statusu, ümumi qəbul olunmuş adı, yığılma və ya alınma məntəqəsi, eləcə də xarakteristikaları.

g) Əgər bəllidirsə, resipient orqanizmlərin və/və ya törədici orqanizmlərin törəmə mərkəzləri və genetik müxtəliflik mərkəzləri və orqanizmlərin yaşama qabiliyyətli və ya sürətlə çoxalma qabiliyyətli olmaları üçün məskunlaşma yerlərinin təsviri.

h) Donor orqanizmin və donor orqanizmlərin taksonomik statusu, ümumi qəbul olunmuş adı, yığılma və ya alınma məntəqəsi, eləcə də biotəhlükəsizliklə bağlı xarakteristikası.

i) Dəyişdirilmiş canlı orqanizmin tətbiqinin təsdiq olunmuş növləri.

j) III Əlavəyə uyğun olaraq risklərin dəyərləndirilməsi haqqında məruzə.

k) Qablaşdırma, markalanma, sənədləşdirmə, ləğvetmə və lazım gəldikdə, fövqəladə hallar meydana çıxdığı vaxtlarda tədbirlər görülməsi ilə bağlı prosedurlar da daxil edilməklə, təhlükəsiz emalın, saxlamanın, daşımanın və istifadənin təmin edilməsi üçün təklif olunan üsullar.


Əlavə III

15-ci maddəyə uyğun olaraq risklərin dəyərləndirilməsi

Məqsəd

1. Bu Protokola uyğun olaraq risklərin dəyərləndirilməsinin keçirilməsindən məqsəd dəyişdirilmiş canlı orqanizmlərin potensial qəbuledici mühitdə bioloji müxtəlifliyin saxlanmasına və davamlı istifadəsinə potensial mənfi təsirinin, insan sağlamlığı üçün risk də nəzərə alınmaqla, aşkarlanması və dəyərləndirilməsindən ibarətdir.

Risklərin dəyərləndirilməsindən istifadə olunması

2. Risklərin dəyərləndirilməsinin nəticələri dəyişdirilmiş canlı orqanizmlərə dair əsaslandırılmış qərarların qəbul edilməsi üçün səlahiyyətli orqanlar tərəfindən istifadə olunur.

Əsas prinsiplər

3. Risklərin dəyərləndirilməsi elmi cəhətdən əsaslandırılmış və transparent şəkildə icra olunmalıdır və bunun həyata keçirilməsində müvafiq beynəlxalq təşkilatların işləyib hazırladığı ekspert təklifləri və rəhbər müddəalar nəzərə alına bilər.

4. Elmi biliklərin və ya elmi konsensusun olmaması heç də mütləq müəyyən risk səviyyəsinin mövcudluğu, riskin yoxluğu və riskin məqbulluğu kimi yozulmamalıdır.

5. Dəyişdirilmiş canlı orqanizmlərlə və ya onların məhsulları ilə, yəni emal olunmuş dəyişdirilmiş canlı orqanizm mənşəli materiallarla bağlı risklərə, müasir texnologiyanın tətbiqi nəticəsində alınmış, təkrar istehsal olunan genetik materialın aşkarlana bilən yeni kombinasiyalarına malik ehtimal olunan potensial qəbuledici mühitdə modifikasiyasız resipientlər səbəbindən və ya törədici orqanizmlər tərəfindən yaranan risklər kontekstində baxılmalıdır.

6. Risklərin dəyərləndirilməsi fərdi qaydada aparılmalıdır. Tələb olunan informasiya hər bir konkret halda dəyişdirilmiş canlı orqanizmin öz xarakterinə və təsnifat səviyyəsinə görə, onun nəzərdə tutulan istifadəsinə və ehtimal olunan potensial qəbuledici mühitə görə fərqlənə bilər.

Metodika

7. Bir tərəfdən, ola bilər ki, risklərin dəyərləndirilməsi üçün konkret məsələlər üzrə əlavə informasiya tələb olunsun; o, dəyərləndirmə prosesinin icrası gedişində aşkarlana və tələb edilə bilər; digər tərəfdən isə, bəzi hallarda başqa aspektlər üzrə informasiya qeyri-aktual ola bilər.

8. Qarşıya qoyulmuş məqsədə çatmaq üçün risklərin dəyərləndirilməsinə, zərurət yarandıqda, aşağıdakı mərhələlər daxil edilir:

a) ehtimal olunan potensial qəbuledici mühitdə bioloji müxtəlifliyə, insan sağlamlığına risk də nəzərə alınmaqla, mənfi təsir göstərə bilən dəyişdirilmiş canlı orqanizmlə bağlı hər hansı yeni genotip və fenotip xarakteristikanın aşkar edilməsi;

b) dəyişdirilmiş canlı orqanizmin ehtimal olunan potensial qəbuledici mühitə təsirinin intensivliyi və xarakteri nəzərə alınmaqla, belə mənfi nəticələrin faktiki meydana gəlmə ehtimalı dərəcəsinin dəyərləndirilməsi;

c) əgər belə mənfi təsir həqiqətən baş vermiş olarsa, onda nəticələrin dəyərləndirilməsi;

d) aşkar edilmiş mənfi təsirin meydana çıxması ehtimalı və nəticələrinin dəyərləndirilməsi əsasında dəyişdirilmiş canlı orqanizmin yaratdığı məcmu riskin dəyərləndirilməsi;

e) əgər zərurət varsa, belə risklərin tənzimlənməsi üçün strategiyanın müəyyənləşdirilməsi də daxil olmaqla, risklərin məqbul və ya tənzimlənən olmasından asılı olmayaraq tövsiyələrin hazırlanması; və

f) riskin səviyyəsi aşkar olmadığı hallarda situasiya, narahatlıq yaradan konkret məsələlər üzrə əlavə informasiya alınması yolu ilə və ya risklərin tənzimlənməsinin müvafiq strategiyasının həyata keçirilməsi və/və ya qəbuledici mühitdə dəyişdirilmiş canlı orqanizmin monitorinqi hesabına həll oluna bilər.

Uçot məsələləri

9. Risklərin dəyərləndirilməsi keçirilərkən, bu və ya digər haldan asılı olaraq, aşağıdakı aspektlər üzrə xarakterik elementlərə dair müvafiq ətraflı elmi-texniki məlumatlar nəzərə alınır:

a) resipient orqanizm və ya törədici orqanizmlər. Taksonomik statusu, ümumi qəbul olunmuş adı, mənşəyi, əgər bəllidirsə, törəmə mərkəzləri və genetik müxtəliflik mərkəzləri və orqanizmlərin yaşama qabiliyyətli və ya sürətlə çoxalma qabiliyyətli olmaları üçün məskunlaşma yerlərinin təsviri haqqında məlumat da daxil olmaqla, resipient orqanizmin və/və ya törədici orqanizmlərin bioloji xarakteristikaları;

b) donor orqanizm və ya donor orqanizmlər. Donor orqanizmlərin taksonomik statusu və ümumi qəbul olunmuş adı, mənbəyi və müvafiq bioloji xarakteristikaları;

c) vektor. Əgər varsa, vektorun eyniləşdirmə məlumatları da daxil olmaqla, xarakteristikaları, onun törəmə mənşəyi və sahibləri dairəsi;

d) modifikasiya əlavəsi və ya əlavələri və/və ya xarakteristikaları. İntroduksiya olunmuş nuklein turşusunun genetik xarakteristikaları və onun müəyyənləşdirdiyi introduksiya olunmuş modifikasiya funksiyası və/və ya xarakteristikaları;

e) dəyişdirilmiş canlı orqanizm. Dəyişdirilmiş canlı orqanizmin eyniləşdirmə məlumatları və dəyişdirilmiş canlı orqanizmin bioloji xarakteristikaları ilə resipient orqanizmin və ya törədici orqanizmlərin xarakteristikaları arasındakı fərq;

f) dəyişdirilmiş canlı orqanizmin aşkarlanması və eyniləşdirilməsi. Təklif olunan aşkarlanma və eyniləşdirmə üsulları və onların dəqiqliyi, həssaslığı və etibarlılığı;

g) nəzərdə tutulan istifadə növünə dair informasiya. Dəyişdirilmiş canlı orqanizmin nəzərdə tutulan istifadə növünə, o cümlədən resipient orqanizmlə və ya törədici orqanizmlə müqayisədə yeni və ya dəyişdirilmiş istifadə növünə dair informasiya; və

h) qəbuledici mühit. Daha çox ehtimal olunan potensial qəbuledici mühitin, bioloji müxtəliflik və törəmə mərkəzləri haqqında müvafiq informasiya da daxil olmaqla, yeri, coğrafı, iqlim və ekoloji xarakteristikaları barədə informasiya.

Azərbaycan Respublikası Prezidentinin 4 mart 2005-ci il tarixli, 841-IIQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2005-ci il, № 3, maddə 147) («LegalActs» LLC).

© LegalActs LLC