"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 117
Bakı şəhəri, 30 aprel 2014-cü il
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə
"Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamının 4.1.1-ci yarımbəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin Nizamnaməsi" təsdiq edilsin (1 nömrəli əlavə).
2. "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin strukturu" təsdiq edilsin (2 nömrəli əlavə).
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 aprel tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmişdir 1 nömrəli əlavə
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin
N İ Z A M N A M Ə S İ
1. Ümumi müddəalar
1.1. "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra - Cəmiyyət) "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamına əsasən yaradılmışdır.
1.2. Cəmiyyətin bütün səhmləri dövlətə məxsusdur.
1.3. Cəmiyyət öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, digər qanunvericilik aktlarını və bu Nizamnaməni rəhbər tutur.
1.4. Cəmiyyətin aparatı, idarə, nümayəndəlik və filiallar, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarCəmiyyətin strukturunu təşkil edir.
1.5. Cəmiyyətin rəsmi adı aşağıdakı kimidir:
* tam halda - "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyəti;
* qısaldılmış halda - "APİK" QSC.
Cəmiyyətin ingilis dilində tam adı -"Azerbaijan Steel Production Complex" Closed Joint Stock Company;
Cəmiyyətin ingilis dilində qısaldılmış adı - "ASPC" CJSCo.
1.6. Cəmiyyətin hüquqi ünvanı: Azərbaycan Respublikası, Bakı şəhəri, Binəqədi rayonu, M.K. Atatürk prospekti 57 C.
2. Cəmiyyətin hüquqi statusu
2.1. Cəmiyyət hüquqi şəxsdir, müstəqil balansa, banklarda hesablaşma hesabına (o cümlədən xarici banklarda) və digər hesablara malikdir.
2.2. Cəmiyyətin ayrıca əmlakı vardır və öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir. Cəmiyyət qanunvericiliyə uyğun olaraq əqdlər, sazişlər, müqavilələr bağlamaq, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmələrdə, həmçinin arbitrajlarda iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malikdir.
2.3. Cəmiyyət üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir edilmiş və Cəmiyyətin adı göstərilmiş möhürə, müvafiq ştamplara və blanklara, bayraq, emblem, loqotip və digər fərqləndirici nişanlara malikdir.
2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ya ləğv edilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamına uyğun olaraq həyata keçirilir.
2.5. Dövlət Cəmiyyətin öhdəlikləri üçün cavabdeh deyildir və Cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün dövlətə məxsus səhmlərin dəyəri həddində risk daşıyır.
2.6. Cəmiyyət dövlətin üzərinə götürdüyü hər hansı öhdəliklərinə görə cavabdeh deyildir.
3. Cəmiyyətin əsas məqsədi və fəaliyyət istiqamətləri
3.1. Cəmiyyətin əsas məqsədi dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən polad istehsalı kompleksinin layihələndirilməsindən, tikintisindən və idarə olunmasından, bu sahədə yeni texnologiyaların tətbiqindən, maddi-texniki bazanın müasirləşdirilməsindən və ondan səmərəli istifadədən, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsindən və gəlir əldə etməkdən ibarətdir.
3.2. Cəmiyyət bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə nail olmaq üçün aşağıdakı istiqamətlərdə fəaliyyət göstərir:
3.2.1. dəmir filizi yataqlarının axtarışı, kəşfiyyatı, hazırlanması, işlənməsi və onlardan səmərəli istifadə olunması;
3.2.2. dəmir filizinin hasilatı, daşınması, emalı, daxili və xarici bazarlarda satışı;
3.2.3. yeni texnologiyaları, texniki vasitələri tətbiq etməklə yüksəkkeyfiyyətli poladın, digər qara metalların istehsalı, emalı, onlardan müasir tələblərə cavab verən rəqabətədavamlı məhsulların istehsalı, daxili və xarici bazarlarda satışı;
3.2.4. dəmir filizinin hasilatından polad istehsalına qədər bütün mərhələləri əhatə edən, habelə poladdan, digər qara metallardan hazır məhsulların istehsalı üzrə müasir zavodların və istehsal sahələrinin mühəndis-axtarış, layihələndirmə və tikintisi işlərinin həyata keçirilməsi;
3.2.5. Cəmiyyətin davamlı fəaliyyətinin və inkişafının təmin edilməsi, strukturuna daxil olan qurumların iqtisadi və istehsal imkanlarından istifadə edilməklə, vahid kompleks kimi etibarlı və səmərəli idarə olunması;
3.2.6. Cəmiyyətin maddi-texniki bazasının, istehsalatın müasirləşdirilməsi, inkişaf etdirilməsi, səmərəli istifadə olunması, ümumi qəbul olunmuş beynəlxalq standartların tələblərinə uyğun məhsul istehsalı güclərinin formalaşdırılması;
3.2.7. Cəmiyyətdə yeni texnologiyaları, texniki vasitələri tətbiq etməklə ətraf mühitə təsirin minimuma endirilməsi və ətraf mühitin qorunması və bərpasına yönəldilmiş tədbirlərin həyata keçirilməsi;
3.2.8. fəaliyyət məqsədlərinə uyğun sahələrdə kadrların hazırlanması, ixtisaslarının artırılması üzrə tədbirlərin görülməsi, təhsil və tədrisin təşkil edilməsi;
3.2.9. fəaliyyət məqsədlərinə uyğun sahələrdə elmi tədqiqat və təcrübə konstruktor işlərinin, innovasiya layihələrinin, marketinq araşdırmalarının və rəqabətədavamlı məhsul istehsalının inkişafına xidmət edən digər tədbirlərin həyata keçirilməsi;
3.2.10. Cəmiyyətin intellektual mülkiyyətinin idarə olunması və onun barəsində sərəncam verilməsi;
3.2.11. fəaliyyət məqsədlərinə uyğun sahələrdə investisiya və xarici iqtisadi-ticarət fəaliyyətlərinin, xarici dövlətlərin müvafiq qurumları, hüquqi və fiziki şəxsləri ilə əməkdaşlığın həyata keçirilməsi;
3.2.12. dövlət orqanları, ictimai təşkilatlar, sahibkarlarla qarşılıqlı əlaqələrin gücləndirilməsi;
3.2.13. Cəmiyyətin fəaliyyəti ilə bağlı daxil olan ərizə, şikayət və müraciətlərə qanunla müəyyən olunmuş qaydada və müddətdə baxılması;
3.2.14. təsərrüfat fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar malların (işlərin və xidmətlərin) satın alınması üçün qanunla müəyyən olunmuş qaydada tədbirlərin görülməsi;
3.2.15. Cəmiyyətin işçilərinin sosial müdafiəsinin və əmək şəraitinin yaxşılaşdırılması, əməyin mühafizəsi tədbirlərinin həyata keçirilməsi, onların müvafiq sosial xidmətlərlə təmin edilməsi;
3.2.16. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının iqtisadi və maliyyə vəziyyətinin təhlil edilməsi, onların fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, əlverişli istehsal-texnoloji əlaqələrinin gücləndirilməsi məqsədi ilə tədbirlərin görülməsi;
3.2.17. Cəmiyyətin sərəncamında olan dövlət əmlakının qorunmasının və ondan səmərəli istifadə olunmasının təmin edilməsi;
3.2.18. fəaliyyət məqsədlərinə uyğun sahələrin inkişafına dair proqnozların, istehsal, elmi-texniki, iqtisadi və sosial proqramların işlənilib hazırlanması, dövlət proqramları da daxil olmaqla, onların icrasının təmin edilməsi;
3.2.19. Cəmiyyətin mühafizəsi məqsədi ilə qanunla müəyyən edilmiş qaydada mühafizə qurumlarının fəaliyyətinin təşkili, onların tələb olunan avadanlıqlar və xüsusi vasitələrlə təmin edilməsi;
3.2.20. Cəmiyyətin normal fəaliyyətinin və inkişafının təmin edilməsində zəruri olan qabaqcıl idarəetmə sistemlərinin və informasiya texnologiyalarının tətbiq edilməsi;
3.2.21. fəaliyyət məqsədlərinə uyğun sahələrdə müxtəlif sərgilərin, təqdimatların, treninq və seminarların keçirilməsi;
3.2.22. Cəmiyyətin aparatının, idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının işçilərinin sosial-məişət şəraitinin və rifahının yaxşılaşdırılması, peşəkarlıq səviyyəsinin artırılması, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, habelə sosial təyinatlı obyektlərin (mənzil-tikinti kooperativləri, idman-sağlamlıq qurğuları, tibb, idarə sanitariyası, məktəbəqədər təhsil müəssisəsi, sanatoriya və istirahət sahələri, bağçılıq təsərrüfatları) yaradılması və idarə olunması;
3.2.23. Cəmiyyətin fəaliyyətinə aid olan məsələlər üzrə elmi tədqiqat işlərinin həyata keçirilməsi və elmi nailiyyətlərin istehsalatda tətbiq edilməsi.
4. Cəmiyyətin nizamnamə kapitalı, əmlakı və mənfəəti
4.1. Cəmiyyətin nizamnamə kapitalı onun Nizamnaməsinə uyğun olaraq, təsisçinin qərarı ilə Cəmiyyətin mülkiyyətinə verilmiş və qanunla müəyyən edilmiş qaydada qiymətləndirilmiş aktivlərin balans dəyərindən təşkil olunur.
4.2. Cəmiyyətin əmlakı əsas fondlardan, dövriyyə vəsaitlərindən və digər maddi və qeyri-maddi aktivlərdən ibarətdir. Cəmiyyətin əmlakı onun müstəqil balansında əks olunur. Cəmiyyət əmlakı üzərində sahiblik, istifadə və sərəncam vermək hüquqlarını həyata keçirir.
4.3. Cəmiyyətin əmlakının dəyəri onun balansında göstərilir.
4.4. Cəmiyyətin nizamnamə kapitalı 2000000 (iki milyon) manatdır, onun səhmlərinin nominal dəyərindən təşkil olunur və nominal dəyəri 1(bir) manat olan 2000000 (iki milyon) ədəd adi səhmlərdən ibarətdir.
4.5. Cəmiyyətin əmlakı aşağıda göstərilən mənbələr hesabına təşkil olunur:
4.5.1. nizamnamə kapitalına daxil olan əmlak;
4.5.2. maliyyə-təsərrüfat fəaliyyətinin həyata keçirilməsindən daxil olan gəlirlər;
4.5.3. qanunla qadağan olunmayan digər mənbələr.
4.6. Cəmiyyətin nizamnamə kapitalının artırılması və ya azaldılması Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.
4.7. Cəmiyyətin nizamnamə kapitalına qoyulan maya puldan, qiymətli kağızlardan, başqa əmlakdan, əmlak hüquqlarından və pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər.
4.8. Cəmiyyət qanunlarda nəzərdə tutulmuş vergiləri və digər məcburi ödənişləri müəyyən edilmiş qaydada ödədikdən sonra Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının fəaliyyətindən əldə edilmiş mənfəəti mərkəzləşdirilmiş fondlarda cəmləşdirmək və həmin vəsaitlər üzərində müstəqil sərəncam vermək hüququna malikdir.
5. Cəmiyyətin ali idarəetmə orqanı
5.1. Cəmiyyətin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır.
5.2. Ümumi yığıncağın müstəsna səlahiyyətlərinə aid edilmiş məsələlər "Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 aprel tarixli 2875 nömrəli Sərəncamına uyğun olaraq həll edilir.
6. Cəmiyyətin icra orqanı
6.1. İdarə Heyəti Cəmiyyətin kollegial icra orqanıdır.
6.2. İdarə Heyəti qanunvericiliklə və bu Nizamnamə ilə Cəmiyyətin səhmdarlarının ümumi yığıncağına və sədrinə verilmiş müstəsna səlahiyyətlər istisna olmaqla, Cəmiyyətin idarə edilməsi ilə bağlı bütün məsələləri həll edir.
6.3. İdarə Heyətinin tərkibi 4 nəfərdən - Cəmiyyətin sədrindən və 3 sədr müavinindən ibarətdir.
6.4. İdarə Heyətinin işinə Cəmiyyətin sədri rəhbərlik edir. Cəmiyyətin sədrini və sədr müavinlərini (İdarə Heyətinin üzvlərini) Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.
6.5. İdarə Heyəti:
6.5.1. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş hallarda və qaydada hesabat verir;
6.5.2. Cəmiyyətin illik hesabatlarının, mühasibat balanslarının, mənfəət və zərər hesablarının təsdiq edilməsi, mənfəətinin və zərərinin bölüşdürülməsi üçün müvafiq təklifləri təqdim edir;
6.5.3. Cəmiyyətin Nizamnaməsində, strukturunda, habelə nizamnamə kapitalında dəyişikliklər edilməsi üçün müraciət edir;
6.5.4. Cəmiyyətin xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanılmasına razılıq verilməsi üçün müraciət edir;
6.5.5. Cəmiyyətin fəaliyyətinə dair illik iş proqramlarını, onların yerinə yetirilməsi haqqında hesabatları təsdiq edir;
6.5.6. Cəmiyyətin xarici şirkətlərlə birgə işinin məqsədəuyğunluğu barədə məsələlərə baxır;
6.5.7. Cəmiyyətin inkişaf strategiyasının formalaşdırılması barədə təkliflər verir;
6.5.8. Cəmiyyətin işçilərinin vəzifə maaşlarının, vəzifə maaşlarına əlavələrin, mükafatların və digər ödənişlərin verilməsini əməkhaqqı fondu dairəsində təşkil edir;
6.5.9. yeni texnologiyaların tətbiqi ilə bağlı qərarlar qəbul edir;
6.5.10. Cəmiyyətin daxili intizam qaydalarını müəyyən edir;
6.5.11. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının rəhbərlərinin səlahiyyətlərini müəyyən edir;
6.5.12. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının maliyyə-təsərrüfat fəaliyyətinin auditinin keçirilməsi ilə bağlı qərarlar qəbul edir;
6.5.13. Cəmiyyətin perspektiv inkişaf planı və digər hüquqi şəxslərə kapital qoyuluşu barədə qərarlar qəbul edir;
6.5.14. Cəmiyyətin saxlanılması və ona həvalə olunmuş vəzifələrin yerinə yetirilməsi üçün qanunda nəzərdə tutulmuş mənbələrdən (kreditlər, qrantlar, texniki yardımlar, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən daxilolmalar və s.) Cəmiyyətin sərəncamına daxil olan məqsədli vəsaitlərin təyinatı üzrə xərclənməsini təmin edir;
6.5.15. qanunvericiliyə uyğun olaraq, Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının balansında olan əmlaka münasibətdə sərəncam vermək hüququnu həyata keçirir, o cümlədən, həmin əmlakı balansdan balansa, icarəyə və istifadəyə verir, Cəmiyyətin iştirak etdiyi birgə layihələrə pay şəklində qoyur, silir (ləğv edir), qiymətləndirir, habelə təyinatını dəyişdirir;
6.5.16. qanunvericiliyə uyğun olaraq, Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının istifadəsi üçün ayrılmış dövlət torpaqlarının istifadə edilməsinə, bu torpaqlardan istifadə hüquqlarının Cəmiyyətə, onun idarə, nümayəndəlik və filiallarına, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarına ötürülməsinə və həmin torpaqların mülkiyyətçiyə geri qaytarılmasına müvafiq qaydada razılıq verir;
6.5.17. Cəmiyyətin bu Nizamnamənin 2.4-cü bəndində nəzərdə tutulmuş qaydada idarə, nümayəndəlik və filiallarının yaradılması və ya ləğv edilməsi, tabeliyində olan hüquqi şəxs statuslu qurumların yaradılması, yenidən təşkili və ləğv edilməsi ilə əlaqədar qərarlar qəbul edir.
6.6. İdarə Heyətinin iclasları müvafiq qaydada protokollaşdırılır və müzakirə edilmiş məsələlər üzrə qərarlar qəbul edilir. Həmin qərarlar Cəmiyyətin sədri tərəfindən imzalandıqdan sonra qüvvəyə minir.
6.7. Cəmiyyətin İdarə Heyətinin qərarları sadə səs çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə, Cəmiyyətin sədrinin (Cəmiyyətin sədri olmadıqda, onu əvəz edən müavininin) səsi həlledicidir.
7. Cəmiyyətin sədri
7.1. Cəmiyyətin sədri:
7.1.1. Cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir;
7.1.2. sədrin müavinləri arasında vəzifə bölgüsünü müəyyənləşdirir;
7.1.3. Cəmiyyətin İdarə Heyətinin fəaliyyətini təşkil edir və reqlamentini təsdiq edir;
7.1.4. Cəmiyyətin üzərinə düşən vəzifələrin yerinə yetirilməsi, onun hüquq və öhdəliklərinin həyata keçirilməsi üçün zəruri tədbirlər görür;
7.1.5. Cəmiyyət adından etibarnaməsiz fəaliyyət göstərir, habelə Cəmiyyəti bütün dövlət orqanlarında, idarə, müəssisə və təşkilatlarda (o cümlədən, beynəlxalq təşkilatlarda) təmsil edir;
7.1.6. Cəmiyyətin işçilərinin say həddini və xərclər smetasını təsdiq edir;
7.1.7. Cəmiyyətin səmərəli fəaliyyət göstərməsini təmin edir;
7.1.8. Cəmiyyətin aparatının struktur bölmələrini müəyyən edir və onların əsasnamələrini və ştat cədvəlini təsdiq edir, müəyyən olunmuş qaydada aparatın işçilərini, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının rəhbərlərini, onların müavinlərini, baş mühasiblərini və digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir, onlar barədə həvəsləndirmə və tənbeh tədbirlərini tətbiq edir;
7.1.9. Cəmiyyətin aparatının struktur bölmələrinin, idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının nizamnamələrini (əsasnamələrini) təsdiq edir, onlarda dəyişikliklər edilməsi haqqında qərarlar qəbul edir;
7.1.10. Cəmiyyətin qərarlarının yerinə yetirilməsinə nəzarəti təşkil edir;
7.1.11. Cəmiyyətin əmlakı barədə qanunlarla və bu Nizamnamə ilə müəyyən edilmiş qaydada sərəncam verir;
7.1.12. Cəmiyyətin idarə olunması ilə əlaqədar daxili sənədləri təsdiq edir;
7.1.13. müqavilələr (o cümlədən, xarici şirkətlərlə) bağlayır və onların yerinə yetirilməsini təmin edir;
7.1.14. etibarnamələr verir, banklarda hesablaşma hesabı və digər hesablar açır, hesabları və tədiyyə tapşırıqlarını imzalayır;
7.1.15. Cəmiyyətin idarə edilməsi, cari fəaliyyətinin tənzimlənməsi üçün ona verilmiş səlahiyyətlər daxilində icrası məcburi olan əmrlər, sərəncamlar və göstərişlər verir;
7.1.16. Cəmiyyətdə, onun idarə, nümayəndəlik və filiallarında, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarında beynəlxalq maliyyə, kadr, təchizat və digər idarəetmə qaydalarının və standartlarının tətbiqi ilə bağlı tədbirlər görür;
7.1.17. fəaliyyət məqsədlərinə uyğun olaraq komissiyalar, komitələr və işçi qrupları yaradır;
7.1.18. Cəmiyyətin mərkəzləşdirilmiş fondlarının yaradılması və istifadə olunması qaydaları barədə qərarlar qəbul edir;
7.1.19. Cəmiyyətin idarə, nümayəndəlik və filialları, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumları arasındakı münasibətlərdə yaranan mübahisələri həll edir;
7.1.20. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının işinin təşkil edilməsi və onların təsdiq edilmiş gəlir və xərclər smetası üzrə xərclərinin ödənilməsini həyata keçirir;
7.1.21. Cəmiyyətin fəaliyyətini səmərəli təşkil etmək üçün hüquqi şəxs yaratmaqla (birgə müəssisələr) və ya hüquqi şəxs yaratmadan (alyanslar, ittifaqlar) birgə layihələri həyata keçirir və bu layihələri təsis sənədlərinə uyğun olaraq idarə edir.
7.2. Cəmiyyətin sədri öz vəzifələrini yerinə yetirə bilmədikdə, ezamiyyətdə və ya məzuniyyətdə olduqda, onun səlahiyyətlərinin icrası Cəmiyyətin sədri tərəfindən təsdiq edilmiş vəzifə bölgüsünə əsasən həyata keçirilir.
7.3. Cəmiyyətin sədri özünün ayrı-ayrı səlahiyyətlərinin icrasını Cəmiyyətin komissiya və komitə rəhbərlərinə həvalə edə bilər.
8. Cəmiyyətdə mühasibat uçotunun, maliyyə və statistik hesabatlarının aparılması
8.1. Cəmiyyət mühasibat uçotu, maliyyə və statistik hesabatları "Mühasibat uçotu haqqında" və "Rəsmi statistika haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq aparır.
8.2. Cəmiyyətin birinci maliyyə ili dövlət qeydiyyatına alındığı tarixdən başlayır və həmin ilin dekabrın 31-də başa çatır. Növbəti maliyyə ili isə yanvarın 1-dən başlayır və dekabrın 31-də başa çatır.
8.3. Cəmiyyət xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) bağlanması barədə məlumatı mətbu orqanda dərc etdirməlidir.
8.4. Cəmiyyət mühasibat uçotunu təşkil edir, idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının rüblük və illik maliyyə hesabatına baxır və təsdiq edir, icmallaşdırır, həmçinin maliyyə‑təsərrüfat fəaliyyəti barədə ümumi hesabatı, balansı tərtib edir.
8.5. Cəmiyyət idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının maliyyə-təsərrüfat fəaliyyətinin yoxlanılmasının aparılmasını təmin edir.
9. Daxili audit və maliyyə nəzarəti
9.1. Cəmiyyət sədrə tabe olan daxili audit xidmətini təsis edir. Daxili audit xidmətinin əməkdaşları öz funksiyalarını yerinə yetirərkən, müstəqil qiymət vermək və nəticə çıxarmaq hüququna malikdirlər.
9.2. Cəmiyyətin daxili audit xidmətinin əməkdaşları ali iqtisadi və ya hüquqi təhsilə və ya digər ixtisas üzrə ali təhsilə və audit və yaxud əlaqədar sahələrdə azı 4 (dörd) il iş stajına malik olmalıdırlar.
9.3. Daxili audit xidməti aşağıdakıları yerinə yetirir:
9.3.1. Cəmiyyətin, onun idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının fəaliyyətinin Azərbaycan Respublikasının qanunvericiliyinə və Cəmiyyətin daxili sənədlərinə uyğunluğunu yoxlayır;
9.3.2. Cəmiyyətin təsərrüfat fəaliyyətinin, habelə maliyyə vəziyyətinin dəqiq qiymətləndirilməsi məqsədi ilə bütün sahələrdə aparılan əməliyyatlara mütəmadi nəzarəti həyata keçirir;
9.3.3. daxili audit yoxlamalarının nəticələri və aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması haqqında Cəmiyyətin sədrinə məlumat və təkliflər verir.
9.4. Cəmiyyətin bütün əməkdaşları daxili auditi həyata keçirən əməkdaşların tələbi ilə zəruri olan sənədləri təqdim etməyə, onlara öz vəzifələrinin icrası üçün lazımi şərait yaratmağa borcludurlar.
10. Cəmiyyətin müstəqil (kənar) auditi
10.1. Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətinin müstəqil (kənar) auditi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə və "Auditor xidməti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.
11. Cəmiyyətin idarə, nümayəndəlik və filialları, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətləri
11.1. Cəmiyyətin idarə, nümayəndəlik və filialları, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətləri Azərbaycan Respublikasının qanunlarına, bu Nizamnaməyə, habelə onların nizamnamələrinə (əsasnamələrinə) və Cəmiyyətin daxili sənədlərinə uyğun olaraq tənzimlənir.
11.2. Cəmiyyət idarə, nümayəndəlik və filialları, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumları ilə qarşılıqlı münasibətlərdə aşağıdakı səlahiyyətlərə malikdir:
11.2.1. Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının balansında olan əmlakın hüquqi və fiziki şəxslərə icarəyə verilməsinə razılıq vermək;
11.2.2. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının idarəetmə orqanlarını formalaşdırmaq;
11.2.3. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının təsərrüfat fəaliyyəti üzrə proqnoz göstəricilərinin formalaşdırılmasına və hesabatlara nəzarət etmək, bu məsələlərə aid tövsiyələr və təkliflər vermək, habelə müzakirələrdə iştirak etmək;
11.2.4. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının fəaliyyətinin yekunlarına baxılmasını təmin etmək;
11.2.5. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının təqsiri üzündən Cəmiyyətə dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək;
11.2.6. Cəmiyyətin idarə, nümayəndəlik və filiallarının, həmçinin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının maliyyə-təsərrüfat fəaliyyətini təhlil və təftiş etmək;
11.2.7. Cəmiyyətin idarələri, filialları və tabeliyində olan hüquqi şəxs statuslu qurumları tərəfindən Azərbaycan Respublikasının normativ hüquqi aktlarına, bu Nizamnaməyə, onların nizamnamə və ya əsasnamələrinə, Cəmiyyətin idarəetmə orqanlarının qərarlarına zidd olaraq qəbul edilmiş qərarları ləğv etmək.
11.3. Cəmiyyətin tabeliyində olan hüquqi şəxs statuslu qurumlarının blanklarında, möhür və ştamplarında, digər fərqləndirici nişanlarında həmin müəssisələrin adı ilə yanaşı Cəmiyyətin adı göstərilir.
12. Cəmiyyətin yenidən təşkili və ləğvi
12.1.Cəmiyyətin yenidən təşkili və ləğv edilməsi barədə qərarlar Azərbaycan Respublikasının Prezidenti tərəfindən qəbul edilir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 30 aprel tarixli 117 nömrəli qərarı ilə təsdiq edilmişdir 2 nömrəli əlavə
"Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin
S T R U K T U R U
1. "Azərbaycan Polad İstehsalı Kompleksi" Qapalı Səhmdar Cəmiyyətinin aparatı.
2. Cəmiyyətin idarə, nümayəndəlik və filialları.
3. Cəmiyyətin tabeliyində olan hüquqi şəxs statuslu qurumlar:
3.1. "Daşkəsən Filizsaflaşdırma" Açıq Səhmdar Cəmiyyəti.
6 мая 2014, 17:05
26 февраля 2014, 09:02
О награждении А.А.Али Заде орденом «Истиглал» подробно...
26 февраля 2014, 09:02
О некоторых мерах, связанных со второй стадией эксплуатации газоконденсатного месторождения «Шахдениз» и другими проектами по созданию Южного газового коридора подробно...
26 февраля 2014, 09:02
О дополнительных мерах по ускорению социально-экономического развития города Сумгайыт подробно...
25 февраля 2014, 17:02
Президент Азербайджана назначил второго заместителя председателя Агентства по обслуживанию граждан и социальным инновациям подробно...
25 февраля 2014, 15:02
В Азербайджане принят закон об экозащите Каспия подробно...
25 февраля 2014, 15:02
Законопроект о морских портах принят в первом чтении подробно...
25 февраля 2014, 12:02
Техническая пауза взята на переговорах о дополнительном финансировании модернизации судебной системы Азербайджана подробно...
25 февраля 2014, 11:02
Министерство экономики и промышленности и университет ADA разработают стратегию маркетинга и брендинга экономических зон подробно...
25 февраля 2014, 10:02
Дифференцированные взносы по страхованию депозитов начали изучать в Азербайджане подробно...
24 февраля 2014, 16:02
Министерство туризма Азербайджана поручило прибрежным курортам защищать окружающую среду подробно...