Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair

 

22 aprel 2014-cü il                                                                            Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim), İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,məhkəmə katibi Teymur Ocaqverdovun,maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi Səyyad Qafarinin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin baş məsləhətçisi Vasif Əmiraslanovun,ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin dekan müavini, Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sərvər Süleymanlının, mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əsəd Mirzəliyevin iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim M.Muradovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1194-cü maddəsinin şərh olunmasını xahiş etmişdir.

Müraciətdə göstərilmişdir ki, Zinaida Yakovlevna Paraskeviç 7 oktyabr 2011-ci il tarixdə Sumqayıt şəhər 1 saylı Notariat Kontorunda ona məxsus Sumqayıt şəhəri, 2-ci mkr. 20 B/35 saylı binada yerləşən 20 saylı mənzilini Esmira Şəmil qızı Abbasovaya vəsiyyət etmişdir. Z.Paraskeviç 27 fevral 2012-ci il tarixdə vəfat etmiş və E.Abbasova 27 fevral 2012-ci il tarixdə həmin mənzilə qeydiyyata düşmüşdür.

Z.Paraskeviçin ölümündən sonra E.Abbasova mənzilə vərəsəlik şəhadətnaməsinin verilməsi barədə Notariat Kontoruna müraciət etdikdə, ona mirasın qəbul edilməsi müddətinin ötürüldüyü və həmin miras əmlakın ½ hissəsinə miras qoyanın nəvəsi Vladimir Paraskeviçə vərəsəlik şəhadətnaməsi verildiyi bildirilmişdir.

E.Abbasova V.Paraskeviçə və Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, miras əmlakın faktiki qəbul edilməsi tələbinə dair iddia ərizəsi ilə, V.Paraskeviç isə Sumqayıt şəhər 1 saylı Notariat Kontoruna və E.Abbasovaya qarşı vərəsəlik hüququnun itirilməsi və mənzildən çıxarılma tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər.

Sumqayıt şəhər məhkəməsinin 29 may 2013-cü il tarixli qətnaməsi ilə E.Abbasovanın iddiası təmin edilmiş, qarşılıqlı iddia tələbi isə rədd edilmişdir.

V.Paraskeviç birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və mirasdan məcburi pay alma hüququnun olması barədə yeni qətnamə qəbul edilməsinə dair apellyasiya şikayəti ilə Sumqayıt Apellyasiya Məhkəməsinə müraciət etmişdir.

Birinci instansiya məhkəməsi ilkin iddia tələbini təmin edərkən Mülki Məcəllənin 1193-cü maddəsinə əsaslanmışdır. Həmin maddədə miras əmlaka məcburi pay hüququ olan vərəsələrin dairəsi konkret müəyyən olunmuşdur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir.

Müraciət edənin qənaətinə görə, bu normanın “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası mübahisə doğurmaqla hüquqtətbiqetmə təcrübəsində müəyyən çətinliklər yaradır.

Müraciətlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu vərəsəlik hüququnun mahiyyətinin, tərkibinin və əsaslarının açıqlanmasını zəruri hesab edir.

Azərbaycan Respublikasının Konstitusiyası (bundan sonra – Konstitusiya) insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsinin dövlətin ali məqsədi olduğunu bəyan etmişdir (12-ci maddənin I hissəsi).

Buna əsasən dövlətin üzərinə həmin hüquq və azadlıqları müdafiə etmək, onları beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına uyğun olaraq həyata keçirmək öhdəliyi qoyulmuşdur.

Konstitusiyanın 29-cu maddəsinin V hissəsinə əsasən dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə bərabər miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur. Mülkiyyətçinin (vəsiyyət edənin) ona məxsus əmlaka dair sərəncam vermək imkanı Konstitusiyanın 29-cu maddəsinin III hissəsində təsbit olunmuş mülkiyyət hüququndan irəli gəlir və bu vəsiyyət etmək azadlığının əsasını təşkil edir.

Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında vərəsəlik hüququnun hüquqi tənzimlənməsi ilə əlaqədar göstərmişdir ki, vərəsəlik institutu müəyyən dərəcədə hər iki normalar qrupunun (ailə və əmlak) spesifik xüsusiyyətlərini özündə əks etdirir. Belə ki, vərəsəlik hüquq institutunun bu xüsusiyyəti həm ona aid olan qaydaların xeyli hissəsinin məcburi xarakter daşımasında, həm də müqavilə azadlığının xüsusi şərtlərlə məhdudlaşdırılmasında özünü göstərir (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 20 oktyabr 2011-ci il tarixli; “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1203.1-ci maddəsinin şərh edilməsinə dair” 13 dekabr 2011-ci il tarixli Qərarlar).

Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir.

Bununla belə, vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

Mülki Məcəllənin 1133.1-ci maddəsinə görə vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (Mülki Məcəllənin 1133.2-ci maddəsi).

Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi varislik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.

Vəsiyyətnamənin olmadığı və ya etibarsız hesab edildiyi hallarda isə miras qoyanın qohumluq münasibətlərinin dərəcəsi, vərəsələrin dairəsi və onların növbəliliyi müəyyən edilərək qərar qəbul edilməsi tələb edilir.

Vərəsəliyin bu növündə vərəsələr arasında növbəlilik prinsipi gözlənilir, bərabər pay hüquqlu vərəsələrin konkret dairəsi göstərilir və əvvəlki növbənin vərəsələrindən heç olmasa birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.

Vərəsəlik institutu fərdilik və ailə-təminat prinsipləri üzərində qurulmuşdur.

Fərdilik prinsipi mülkiyyətçinin mənafeyini üstün tutur və vərəsəliyin tam olaraq miras qoyanın iradəsindən asılı olduğunu nəzərdə tutur. Bu prinsip fərdin yaşadığı dövrdə, eləcə də ölümündən sonra mülkiyyətinin (əmlak nemətlərinin) aqibətini müəyyən etmək səlahiyyətinə malik olmasını ehtiva edir. Beləliklə, mülkiyyət hüququnun əsas şərtləri təmin olunmuş olur.

Vərəsəlik hüququnda ailə-təminatı prinsipi vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olmasını nəzərdə tutur. Bu prinsipə əsasən yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə, miras qoyanın iradəsindən asılı olmayaraq mirasdan məcburi pay ayrılır.

Mülki hüquq münasibətlərinin, o cümlədən vərəsəlik hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişdirilməsi və ya xitamı bu münasibətlərin iştirakçılarının iradə ifadəsini əks ətdirən əqdlərə əsaslanır.

Mülki hüquq subyektlərinin iradə sərbəstliyi prinsipi mülki qanunvericiliyin digər prinsipi olan müqavilə azadlığı prinsipi ilə birbaşa əlaqəlidir.

Hüquqi təbiətinə görə vəsiyyət birtərəfli əqd olmaqla şəxsin (vəsiyyət edənin) iradəsini ifadə edir. Belə ki, vəsiyyət edən öz əmlakını həm vərəsələr sırasından, həm də kənar adamlar sırasından bir və ya bir neçə şəxsə vəsiyyət edə, vərəsələrin miras payını müəyyənləşdirə bilər, qanun üzrə vərəsələrdən birini, bir neçəsini və ya hamısını mirasdan məhrum edə bilər və bunu əsaslandırmağa borclu deyildir. Eyni zamanda, vəsiyyət edən mirasdan məcburi pay almaq hüququndan məhrum etməni öz sağlığında məhkəmə qaydasında həyata keçirə bilər.

Mülkiyyətçinin vəsiyyətnaməni hələ öz sağlığında qanunvericiliyin tələblərinə uyğun olaraq tərtib etməsi və vərəsələrdən birini, bir neçəsini və ya hamısını vəsiyyətnamə ilə mirasdan məhrum edə bilməsi, məcburi pay almaq hüququndan məhrum etməsi onun öz mülkiyyəti üzərində sərəncam vermək hüququnu təmin edən amillərdən biridir.

Əqd kimi vəsiyyətnamənin spesifik xüsusiyyəti ondan ibarətdir ki, o tərtib edildikdən sonra ehtimal olunan vərəsələr üçün heç bir hüquqi nəticə yaratmır. Vərəsəlik hüquq münasibətləri vəsiyyət edən şəxsin ölümü və ya ölmüş elan edilməsi ilə yaranır.

Beləliklə, vəsiyyətnamə - yalnız miras açıldıqdan sonra hüquq və vəzifələr yaradan birtərəfli əqddir.

Bununla yanaşı, qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik hüququna xas olan vəsiyyət etmə azadlığının məhdudlaşdırılması da nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən vəsiyyət edənin uşaqlarının, valideyinlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir.

Belə məhdudlaşdırmanın müəyyən edilməsi vəsiyyət edənin ailə üzvlərinin qanuni maraqlarının müdafiəsinə xidmət edir.

Mirasda məcburi pay – sosial-iqtisadi və əxlaqi əhəmiyyətə malik olmaqla vərəsəlik hüququnun mühüm hissəsini təşkil edir. Məcburi pay hüququ ölən şəxsin yaxınlarının müəyyən kateqoriyasına (məcburi pay üzrə vərəsələrə) münasibətdə sosial təminat rolunu oynayır.

Göründüyü kimi, Mülki Məcəllə ilə şəxsin mülkiyyətinin bir hissəsi üzərində vəsiyyətnamə əsasında sərəncam vermək hüququ, həm də ailə üzvlərinin mirasdan məcburi pay almaq hüququ təmin edilmişdir.

Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi payı tələb etmək hüququ mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Mülki Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş qanun üzrə vərəsələrin (birinci növbə vərəsələrin) qanuni maraqlarının müdafiəsinə yönələn məcburi pay hüququ ilə bağlı tələb və məcburi payı tələb etmək hüququnun vərəsəlik üzrə keçməsi mahiyyətcə fərqli hüquqi nəticələrin yaranmasına səbəb olur.

Mülki Məcəllənin 1151-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Şəxsi xarakter daşıyan əmlak hüquqları və vəzifələr mirasın tərkibinə daxil deyildir (Mülki Məcəllənin 1153-cü maddəsi). Bunlar aliment öhdəlikləri, yaşayış sahəsindən istifadə hüququ, miras qoyanın sağlamlığına dəymiş zərərin ödənilməsi öhdəlikləri və sairdir.

Miras əmlakı təşkil edən maddi dəyərlərə malik olan hüquq (miras əmlaka daxil olan daşınmaz və daşınar əmlakın üzərindəki mülkiyyət və sair əşya hüquqları, tələb hüquqları) və öhdəliklər Mülki Məcəllənin 1133-cü maddəsinə əsasən vərəsəlik qaydasında miras qoyanın vərəsələrinə keçir.

Mirasın açılmasının əsasını bir sıra hüquqi faktların məcmusu (hüquqi tərkibi) təşkil edir: mirası qəbul etmək hüququna malik olan şəxslərin, vəsiyyətnamə üzrə isə məcburi paya malik olan şəxslərin dairəsi; mirasın açıldığı vaxt miras əmlakın kütləsi (miras aktivi və miras passivi); vərəsəlik prosesinin başlanğıcı (mirasın qəbul edilməsi, imtina olunması və s.).

Beləliklə, Mülki Məcəllənin 1193-cü maddəsində göstərilən vəsiyyət edənin sağ olan vərəsələrinin məcburi pay hüququ mirasın açıldığı andan etibarən yarandığından, həmin pay hüququ, bir vərəsəlik payı kimi, onların əmlakına miras qoyanın öldüyü gün və ya ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi gündən etibarən vərəsəlik qaydasında keçir. Göründüyü kimi, vərəsənin (vərəsələrin), o cümlədən məcburi pay üzrə vərəsənin (vərəsələrin) vərəsəlik hüquqları miras əmlakın bölüşdürüldüyü andan deyil, mirasın açıldıgı andan yaranır.

Qeyd olunmalıdır ki, miras əmlakdan vərəsələrə çatası pay, o cümlədən məcburi pay miras açıldıqdan sonra müəyyən edildiyinə görə, həmin payı tələb etmək hüququ da miras açıldıqdan sonra həyata keçirilir. Məhz bu halda, mirasın açıldığı andan mirasda məcburi pay almaq hüququ olan şəxsin (şəxslərin) vəsiyyətnamə üzrə vərəsədən (vərəsələrdən) məcburi payın ödənilməsini tələb etmək hüququ yaranır və vəsiyyətnamə üzrə miras payı almış bütün vərəsələr həmin məcburi payı ödəməyə borcludurlar. Belə ki, Mülki Məcəllənin 1194-cü maddəsinə müvafiq olaraq məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər.

Göstərilənlərdən belə nəticəyə gəlinir ki, Mülki Məcəllənin 1193-cü maddəsində müəyyən edilmiş mirasda məcburi pay almaq hüququ olan şəxslərdən miras açıldığı an sağ olmuş, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən ölmüş şəxsin bu hüququ qanun və ya vəsiyyət üzrə vərəsələrinə keçir. Miras açıldığı andan sonra məcburi pay hüququ olan şəxs öldükdə, onun vərəsəsi (vərəsələri) vəsiyyətnamə üzrə miras qoyanın məcburi vərəsəsi statusunda deyil, yalnız məcburi pay hüququna malik olmuş şəxsin vərəsəsi kimi tələb etmək hüququnu əldə edir. Belə ki, miras qoyan (vəsiyyət edən) öldüyü vaxt məcburi pay almaq hüququ olan şəxs sağ olduğuna görə, həmin hüquq onun əmlakının aktivində əmlak hüququ kimi yaranmış olur. Bununla yanaşı, Mülki Məcəllənin 1194-cü maddəsinə əsasən məcburi pay vərəsəlik qaydasında keçdiyindən, həmin Məcəllənin 1159.1-ci maddəsində müəyyən edilmiş birinci növbə vərəsələrdən digər ailə üzvləri, həmçinin vəsiyyət edənlə qohumluq əlaqəsi olmayan şəxslər də məcburi payı tələb etmək hüququna malik ola bilərlər.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Mülki Məcəllənin 1194-cü maddəsinin “Bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194-cü maddəsinin “bu cür tələb hüququ vərəsəlik üzrə keçir” müddəası məcburi payı tələb etmək hüququ olan şəxsin miras açıldığı an sağ olduğu, lakin məcburi payı tələb etmək hüququnu həyata keçirmədən öldüyü halda, onun bu hüququnun vərəsəlik qaydasında keçməsini nəzərdə tutur.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                                                                          Fərhad Abdullayev

 

30 апреля 2014, 09:04

http://www.azertag.net

291—300 из 3607

14 сентября 2021, 17:09

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Р.А.Джалилова с должности заместителя начальника Государственной службы по вопросам имущества при Министерстве экономики Азербайджанской Республики   подробно...

14 сентября 2021, 17:09

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.А.Джалилова главой Исполнительной власти Джалилабадского района   подробно...

14 сентября 2021, 17:09

Распоряжение Президента Азербайджанской Республики О назначении Р.Э.Тагиева главой Исполнительной власти Шамкирского района   подробно...

13 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по улучшению обеспечения посевных площадей в Агстафинском и Газахском районах оросительной водой и удовлетворению потребностей населения в питьевой воде   подробно...

13 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О награждении Фредерика Стара орденом «Достлуг»   подробно...

10 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О награждении А.Санджара «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

10 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Микаила Абдуллаева   подробно...

9 сентября 2021, 19:09

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Бинагадинского района города Баку   подробно...

7 сентября 2021, 20:09

Распоряжение Президента Азербайджанской Республики О назначении Ф.Ф.Гайыбова министром молодежи и спорта Азербайджанской Республики   подробно...

6 сентября 2021, 17:09

Распоряжение Президент Азербайджанской Республики О награждении членов Национальной паралимпийской команды Азербайджана   подробно...