Azərbaycan Respublikası Adından
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI
12 aprel 2017-ci il Bakı şəhəri
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə, məhkəmə katibi Elməddin Hüseynovun, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimləri Cahangir Yusifov və Vidadi Məmmədovun, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin məsləhətçisi Kəmalə Qəmərlinin, ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Hüseynovun, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq İdarəsinin Hüquqi təminat və təmsilçilik şöbəsinin rəisi, ədliyyə polkovniki Rövşən Rəsulzadənin iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 81.2-ci maddəsinin şərh edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında konstitusiya işinə baxdı.
İş üzrə hakim K.Şəfiyevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
MÜƏYYƏN ETDİ:
Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 81-ci maddəsində nəzərdə tutulan apellyasiya şikayəti vermək hüququnun işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərə münasibətdə həmin Məcəllənin 81.2-ci maddəsinin tələbləri baxımından şərh edilməsini xahiş etmişdir.
Müraciətdə göstərilir ki, iddiaçılar S.Hüseynova və qeyriləri Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək alqı-satqı müqaviləsi əsasında əldə etdikləri daşınmaz əmlaka, o cümlədən torpaq sahələrinə texniki pasportun və reyestrdən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmənin 1 may 2012-ci il tarixli qərarı ilə iddia təmin edilmişdir.
Həmin qərar qanuni qüvvəyə mindikdən sonra işdə iştirak etməyə cəlb edilməyən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) apellyasiya şikayəti ilə Bakı Apellyasiya Məhkəməsinə müraciət edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etmişdir.
Müdafiə Nazirliyi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qərarı əsasında iddiaçıların adına dövlət qeydiyyatına alınan mübahisəli torpaq sahəsində 1950-ci ildən Müdafiə Nazirliyinin hərbi şəhərciyi yerləşir. Həmin torpaq sahəsi Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinə müddətsiz istifadəyə verilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən ərazinin kimin istifadəsində olmasını müəyyənləşdirməmiş və maraqlarına toxunan Müdafiə Nazirliyini üçüncü şəxs qismində işə cəlb etməmişdir.
Müraciətedənin fikrincə, inzibati prosessual qanunvericilikdə işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ ilə bağlı birbaşa müddəalar mövcud olmadığından, Müdafiə Nazirliyinin apellyasiya şikayətinə mahiyyəti üzrə baxılmasında prosessual çətinliklər yaranmışdır.
Bakı Apellyasiya Məhkəməsi hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin məhkəməyə müraciət etmək hüququnun təmin olunması və vahid məhkəmə təcrübəsinin formalaşdırılması baxımından İnzibati Prosessual Məcəllənin 81.2-ci maddəsinin şərh edilməsinə zərurət yaranmışdır.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələ İnzibati Prosessual Məcəllənin üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb olunmasını tənzimləyən 28-ci maddəsinin şərh edilməsi yolu ilə həll edilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququ ilə hüquqi müəyyənliyin ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin əlaqəli şəkildə təhlil olunmasını zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin VI və VII hissələrinə əsasən, Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Konstitusiyanın 125-ci maddəsinin I hissəsində məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr tərəfindən həyata keçirilməsi təsbit edilmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların səmərəli müdafiəsinin vacibliyini dəfələrlə qeyd edərək bildirmişdir ki, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Sözügedən hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 5 dekabr 2011-ci il tarixli Qərarı).
Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 420-ci maddəsinin şərh edilməsinə dair” 28 fevral 2012-ci il tarixli Qərarında qeyd etmişdir ki, məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi, öz növbəsində, pozulmuş hüquq və azadlıqları qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə və bərpa edə bilən ədalət mühakiməsinin həyata keçirilməsini şərtləndirir. Ədalət mühakiməsi vasitəsilə insan hüquq və azadlıqlarının təminatı sisteminin universal xarakteri, həmçinin şəxsin qanunsuz və əsassız məhkəmə qərarlarından müdafiə olunması məqsədilə müvafiq məhkəmələrə şikayət etmək imkanlarını əhatə edir.
Konstitusiyada nəzərdə tutulmuş təminatların yerinə yetirilməsi baxımından ədalət mühakiməsinin keyfiyyətcə səmərəli və ədalətli həyata keçirilməsi, qanunvericilikdə hüquq və vəzifələrin həcminin prosessual prosedur, qaydalar, xüsusən də müddətlər çərçivəsində balanslaşdırılması zəruriliyini ortaya çıxarır ki, bu da məhkəmə icraatı zamanı məhkəmənin (hakimin), tərəflərin, prosesin digər iştirakçılarının, həmçinin maraqlı şəxslərin qarşılaşa biləcəkləri hüquqi qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət edən mühüm şərtlərdən biridir (Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti ilə əlaqədar 13 fevral 2007-ci il tarixli Qərarı).
Eyni zamanda, qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kasasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
Məhkəmə müdafiəsi hüququ mülki və inzibati işlər üzrə nəinki məhkəmə icraatına başlanması imkanını, o cümlədən məhkəmənin lazımi qaydada təşkili və tərkibini, həmçinin prosesin gedişatı ilə bağlı dövlət təminatını nəzərdə tutur. Prosesin gedişatı tərəflərin iradəsindən asılı olaraq birinci instansiya məhkəməsində, həm də apellyasiya və kasasiya instansiyalarında məhkəmə müdafiəsi imkanlarının tükənməsinə qədər davam etdirilə bilər.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, Konstitusiyanın 60-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququ həyata keçirilərkən konstitusiya hüququnun doktrinasından irəli gələn hüquqi müəyyənlik prinsipinə riayət edilməsi pozulmuş hüquq və azadlıqların qorunmasını daha da səmərəli edir.
Hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı).
Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən formalaşdırılmış hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının qanunvericilikdə nəzərdə tutulmuş müddətlər çərçivəsində deyil, qeyri-məhdud zaman kəsiyində mübahisələndirilməsi imkanının mövcudluğu illüziyasını yaradan belə vəziyyət, hüquqi müəyyənliyin tərkib hissəsi olan “res judicata” prinsipinin, ədalət mühakiməsinin ağlabatan müddətdə həyata keçirilməsi tələbinin inkar edilməsilə yanaşı, artıq həll olunmuş mübahisə üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyinə, davamlılığına xələl gətirir.
Belə mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) qərarlarında da öz əksini tapmışdır. Belə ki, “Brumaresku Rumıniyaya qarşı” iş üzrə 28 oktyabr 1999-cu il tarixli Qərarda göstərilmişdir ki, hüququn aliliyinin əsas aspektlərindən biri olan hüquqi müəyyənlik prinsipi digərləri ilə yanaşı tələb edir ki, məhkəmələr tərəfindən tamamilə həll edilmiş iş üzrə qəbul olunan yekun qərar şübhə doğurmamalıdır.
Avropa Məhkəməsinin “Ryabıx Rusiyaya qarşı” iş üzrə 24 iyul 2003-cü il tarixli Qərarında isə qeyd edilmişdir ki, hüquqi müəyyənlik, “res judicata” prinsipinə hörməti (yəni bir dəfə həll edilmiş işə təkrar baxılmanın yolverilməzliyini) nəzərdə tutur. Prinsip onu əks etdirir ki, tərəflərdən heç biri yalnız işə təkrar baxılması və yeni qərara nail olmaq məqsədilə yekun, qanuni qüvvəyə minmiş qərara yenidən baxılmanı tələb edə bilməz. İşə yenidən baxılması üzrə yuxarı məhkəmə instansiyasının səlahiyyəti işə mahiyyəti üzrə yenidən baxmaq məqsədilə deyil, məhkəmə səhvlərini, ədalət mühakiməsinin qeyri-düzgün aparılmasını aradan qaldırmaq məqsədilə həyata keçirilməlidir. Yenidən baxma şikayətin gizli forması hesab edilə bilməz, eyni zamanda, yalnız bir məsələyə dair iki yanaşmanın mövcud olması yenidən baxma üçün əsas ola bilməz. Yalnız əsaslı və qarşısıalınmaz xarakterli hallara görə məcburiyyət qarşısında qalma bu prinsipdən geri çəkilməyə haqq qazandırır.
Avropa Məhkəməsinin bu hüquqi mövqeyini nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının ləğvi və ya dəyişdirilməsi üçün əsaslar konstitusiya əhəmiyyətli məqsədlərə cavab verməli, hüquqi müəyyənlik və mütənasiblik prinsiplərinə uyğun olaraq məhkəmə qərarının ədalətliliyini, stabilliyini və tarazlığını pozmamalıdır.
Konstitusiya Məhkəməsinin Plenumu öz hüquqi mövqeyini təkrarlayaraq bir daha qeyd edir ki, Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəməyə müraciət etmək hüququ Konstitusiyada bəyan edilmiş hüquq və azadlıqların təminatlarına əsaslanır. Belə ki, məhkəmənin qəbul etdiyi qərarın hüquqa zidd olduğunu yalnız qanunla müəyyən edilmiş qaydada müvafiq instansiya məhkəməsi müəyyən edə bilər. Bu isə hüquqi dövlətə xas olan məhkəmədən başqa heç kəsin məhkəmə qərarının ədalətliliyini və hüquqa uyğunluğunu şübhə altına ala bilməməsi prinsipindən irəli gəlir.
Məhkəmə səhvlərinin aradan qaldırılması məqsədilə konkret işlər üzrə (mülki, cinayət, inzibati) məhkəmə qərarlarına yenidən baxılmasının bu və ya digər formasını seçərkən qanunverici, ilk növbədə, pozulmuş hüquqların real və vaxtında bərpa edilməsi üçün hüquq və azadlıqların adekvat təmin edilməsi zərurətindən çıxış edir. Aydındır ki, səhv məhkəmə qərarı hüquqa uyğun hesab edilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayəti üzrə işə yenidən baxılması məhkəmə səhvlərinin, məhkəmə qərarlarının əsaslı olmamasının, maddi hüquq normalarının məhkəmə tərəfindən düzgün tətbiq edilməməsinin və ya prosessual qanunvericilik normalarının pozulmasının və ya digər məsələlərin yoxlanılması məqsədini daşımamalıdır. Bu zaman məhkəmənin üzərinə düşən əsas vəzifə həmin məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin pozulmuş hüquqlarının bərpa edilməsidir.
Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyindən fərqli olaraq, İnzibati Prosessual Məcəllədə qanuni qüvvəyə minmiş məhkəmə qərarından işdə iştirak etməyə cəlb olunmayan, məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin şikayət vermək hüququ nəzərdə tutulmamışdır.
Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, inzibati prosessual qanunvericiliyin əsas prinsiplərindən biri, inzibati prosesdə iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını, həmçinin insan və vətəndaş hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırılması hallarından müdafiəsini təmin etməkdir. İnzibati prosesin gedişatında hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etmək hüququ vardır.
İnzibati hüquq münasibətləri (idarəçilik sahəsində ümumi (publik) hüquq münasibətləri) dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində yarandığından və bilavasitə dövlət idarəetmə fəaliyyətinin həyata keçirilməsi prosesində inzibati orqanların vəzifə və səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı olduğundan, bu münasibətlərdən yaranan mübahisələrdə iştirakçıların dairəsi mülki münasibətlərdən fərqli olaraq daha məhdud olur. Bu baxımdan qanunverici inzibati məhkəmə icraatı zamanı işdə iştirak etməyə cəlb olunmayan, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxslərin prosessual statusunu müəyyən etməmişdir.
Eyni zamanda, qanunverici Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsindən fərqli olaraq, inzibati prosesdə işə baxan məhkəməyə daha geniş səlahiyyət vermişdir. Belə ki, İnzibati Prosessual Məcəllənin 11-ci maddəsinə əsasən, inzibati məhkəmə icraatı hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur.
Həmin Məcəllənin 12.1 və 12.2-ci maddələrinə görə, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.
Göründüyü kimi inzibati prosessual qanunvericiliyin tələblərinə görə, inzibati işə baxan məhkəmə işi hərtərəfli araşdıraraq mübahisənin düzgün həll edilməsi üçün əhəmiyyət kəsb edən bütün hallara qiymət verməli və mübahisə üzrə gələcəkdə qəbul ediləcək qərarın digər şəxslərin hüquq və mənafelərinə toxuna biləcəyini araşdırmalıdır.
Lakin müraciətdən də göründüyü kimi, təcrübədə məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən maraqlarına toxunan şəxslərin məhkəmə icraatına cəlb olunmaması hallarına rast gəlinir. Belə olan halda həmin şəxslər Konstitusiyanın 60-cı maddəsi ilə nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun pozulduğunu haqlı olaraq qeyd edirlər. Çünki məhkəmə qərarı qanuni qüvvəyə mindiyinə görə həmin şəxslərin İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə uyğun olaraq üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsi mümkün olmur və onlar inzibati məhkəmə icraatının iştirakçısı olmadığı üçün həmin Məcəllənin 81-ci maddəsinə əsasən bu qərardan apellyasiya şikayəti vermək hüququndan məhrum olurlar.
İnzibati Prosessual Məcəllənin 28-ci maddəsinə əsasən, iş üzrə məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər və ya iş yuxarı instansiya məhkəməsinin icraatında olduğu müddətdə, məhkəmə qərarının digər şəxslərin qanunla qorunan maraqlarına toxunacağı hallarda, məhkəmə xidməti vəzifəsinə uyğun olaraq öz təşəbbüsü ilə və ya həmin şəxslərin vəsatəti əsasında onları üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edə bilər. Məhkəmə qərarının qəbul edildiyi, lakin qanuni qüvvəyə minmədiyi dövrdə məhkəmə üçüncü şəxslərin icraata cəlb edilməli olduğu qənaətinə gəldikdə, həmin məhkəmə qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə). Üçüncü şəxslərin inzibati məhkəmə icraatına cəlb edilməsi barədə məhkəmə qərardadı inzibati prosesin bütün iştirakçılarına təqdim olunmalıdır. Qərardadda məhkəmə tərəfindən baxılan işin halları və cəlbetmənin səbəbləri göstərilməlidir. İnzibati məhkəmə icraatına cəlbetmə barədə məhkəmə qərardadından şikayət verilə bilməz. Məhkəmə tərəfindən xidməti vəzifəsinə əsasən məhkəmə icraatına cəlb olunmamış şəxslər, qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunacağını güman etdikləri hallarda məhkəmə icraatına cəlbetmə barədə vəsatət qaldıra bilərlər. Məhkəmə həmin vəsatət barəsində 10 gün müddətində qərardad qəbul edir. Vəsatətin təmin edilməsindən imtina haqqında qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
Həmin maddədə qanunverici cəlbetmənin iki növünü nəzərdə tutmuşdur: adi cəlbetmə və zəruri cəlbetmə. Zəruri cəlbetmə o zaman yaranır ki, hüquqi mübahisənin mahiyyəti üzrə qərar üçüncü şəxslərin maraqlarına bilavasitə təsir etsin. Burada həlledici məqam cəlb edilən şəxslə tərəf arasındakı mövcud hüquq münasibəti deyil, hüquqi mübahisə ilə bağlı qərarın potensial təsiridir.
Zəruri cəlbetmə o zaman mövcud olur ki, qəbul ediləcək məhkəmə qərarı tək inzibati məhkəmə icraatının tərəfləri barəsində deyil, həmçinin üçüncü şəxsə münasibətdə də hüquqi qüvvəyə malik olsun. Əgər məhkəmə qərarını üçüncü şəxsin hüquqlarına müdaxilə etmədən (başqa şəxs üçün hüquq və vəzifələrin yaradılması, təsdiq və ya müəyyən olunması, dəyişdirilməsi və ya ləğv edilməsi) qəbul etmək mümkün deyilsə, həmin şəxs mütləq məhkəmə icraatına cəlb edilməli və bu, zəruri cəlbetmə kimi qiymətləndirilməlidir. Bu hal bir qayda olaraq o zaman mövcud olur ki, üçüncü şəxsin mübahisəli hüquq münasibətlərində birbaşa iştirakı olsun və münasibətin hüquqi taleyi həll edildiyi zaman qəbul edilmiş qərar onun maraqlarına təsir etsin. Bu halda həmin şəxs üçüncü şəxs qismində, yəni iştirakı zəruri olan üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməlidir.
Qeyd olunduğu kimi, məhkəmələr tərəfindən xidməti vəzifəsinə əsasən zəruri cəlb edilməli olan şəxslərin məhkəmə icraatına cəlb olunmaması onların prosessual statusdan məhrum edilməsi ilə nəticələnir və məhkəmə qərarından apellyasiya şikayəti vermək hüququnu məhdudlaşdırır.
Belə ki, İnzibati Prosessual Məcəllənin 27-ci maddəsinə görə, inzibati məhkəmə icraatının iştirakçılarına iddiaçı, cavabdeh və icraata cəlb olunmuş üçüncü şəxslər aiddir.
Həmin Məcəllənin 81.1 və 81.2-ci maddələrinə əsasən, inzibati-iqtisadi məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları tərəfindən baxılır. İnzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.
Göründüyü kimi, inzibati məhkəmə icraatı zamanı apellyasiya şikayəti vermək hüququnun yalnız icraatın iştirakçılarına məxsus olduğu imperativ qaydada müəyyən edilmişdir. Qanunverici həmin normada göstərir ki, istənilən şəxs deyil, yalnız icraata cəlb olunmuş üçüncü şəxslər şikayət vermək hüququna malikdirlər.
Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə müvafiq olaraq üçüncü şəxs qismində işə cəlb edilməsi həmin şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulduğu hallarda mümkün hesab edilə bilər.
Lakin Konstitusiyanın 7-ci maddəsində təsbit olunmuş hakimiyyətlərin bölünməsi prinsipinə görə Konstitusiya Məhkəməsi normayaradıcı, yəni hər hansı hüquq münasibətlərinin tənzimlənməsinə dair normativ hüquqi akt qəbul edən, o cümlədən hər hansı normativ hüquqi akta əlavə və dəyişikliklərin edilməsi təşəbbüsünə malik olan orqan deyil, səlahiyyətli subyektlərin sorğu və müraciətləri, fərdi şikayətlər əsasında qanunverici, icra və məhkəmə hakimiyyəti orqanları və yerli özünüidarəetmə orqanları tərəfindən qəbul olunmuş aktlar üzərində konstitusiya nəzarətini həyata keçirən ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə aktı ilə maraqlarına toxunan şəxsin Konstitusiyanın 60-cı maddəsinin I hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququ qanunvericilik qaydasında tənzimlənməlidir. Konstitusiyanın 94-cü maddəsinin I hissəsinin 6-cı bəndində isə məhkəmə icraatı, məhkəmə qərarlarının icrası qaydalarının müəyyən edilməsi Azərbaycan Respublikası Milli Məclisinin (bundan sonra – Milli Məclis) səlahiyyətinə aid edilmişdir.
Qanunvericilik qaydasında müvafiq tənzimlənmə həyata keçirilənədək Konstitusiyanın 60-cı maddəsinin I hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər. Belə cəlbetmə bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.
Lakin məhkəmə qanuni qüvvəyə minmiş qərarının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılmasının təzələnməsi barədə qərardad qəbul edərkən hüquqi müəyyənliyin mühüm tərkib hissəsi olan məhkəmə qərarlarının stabilliyi prinsipinin qorunması məqsədilə maraqlı şəxsin üçüncü şəxs qismində işə cəlb edilməsi üçün aşağıdakılara xüsusi diqqət yetirməlidir:
- qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının əhəmiyyətli dərəcədə pozulub-pozulmamasına;
- inzibati məhkəmə icraatına cəlb olunmamış şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu vaxtın müəyyən edilməsinə.
Beləliklə, həmin şəxs məhkəməyə müraciətində öz hüquqlarının və qanunla qorunan maraqlarının pozulmasını və bu pozuntunun ona hansı vaxtdan məlum olduğunu əsaslandırmalıdır.
Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:
- inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Konstitusiyanın 60-cı maddəsinin I hissəsindən və Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Milli Məclisə tövsiyə edilməlidir;
- məsələ qanunvericilik qaydasında həll edilənədək Konstitusiyanın 60-cı maddəsinin I hissəsində və Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.
Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, İnzibati Prosessual Məcəllənin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
QƏRARA ALDI:
1. İnzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsindən və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsindən irəli gələn məhkəməyə müraciət etmək hüququnun tənzimlənməsi Azərbaycan Respublikasının Milli Məclisinə tövsiyə edilsin.
2. Məsələ qanunvericilik qaydasında həll edilənədək Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan məhkəməyə müraciət etmək hüququnun təmin edilməsi məqsədilə inzibati məhkəmə icraatına cəlb olunmamış, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə maraqlarına toxunan şəxs, hüquqları və qanunla qorunan maraqları əhəmiyyətli dərəcədə pozulduğu hallarda inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilə bilər.
Belə cəlbetmə bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28.1-ci maddəsinə uyğun həll edilməlidir.
3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.
5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Sədr Fərhad Abdullayev
12 мая 2017, 09:05
7 сентября 2022, 14:09
Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с работами по строительству, ремонту и восстановлению в населенных пунктах (город, село, поселок) на освобожденных от оккупации территориях Джебраильского, Губадлинского и Зангиланского районов, входящих в Восточно-Зангезурский экономический район подробно...
7 сентября 2022, 14:09
Распоряжение Президента Азербайджанской Республики О мерах, связанных с работами по строительству, ремонту и восстановлению в населенных пунктах (город, село, поселок) на освобожденных от оккупации территориях Агдамского, Физулинского, Ходжавендского и Тертерского районов, входящих в Карабахский экономический район подробно...
6 сентября 2022, 14:09
Распоряжение Президента Азербайджанской Республики Об освобождении И.Г.Джафарова от должности ректора Азербайджанского государственного аграрного университета подробно...
26 августа 2022, 09:08
Распоряжение Президента Азербайджанской Республики О мерах по реконструкции автомобильных дорог на территории села Гахбаш Гахского района подробно...
26 августа 2022, 09:08
Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по обеспечению деятельности Алятской свободной экономической зоны подробно...
26 августа 2022, 09:08
Распоряжение Президента Азербайджанской Республики О награждении Ф.Р.Агамалы орденом «За службу Отечеству» 2-й степени подробно...
22 августа 2022, 19:08
Распоряжение Президента Азербайджанской Республики Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, желающих въехать в Азербайджанскую Республику в рамках поездки в Государство Катар в связи с предстоящим в Государстве Катар в 2022 году Чемпионатом мира по футболу в период проведения чемпионата подробно...
22 августа 2022, 19:08
Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Службы безопасности Президента Азербайджанской Республики подробно...
22 августа 2022, 19:08
Распоряжение Президента Азербайджанской Республики О присвоении Э.А.Зейналову высшего воинского звания генерал-майора подробно...
8 августа 2022, 15:08
Распоряжение Президента Азербайджанской Республики О некоторых мерах, связанных с продолжением работ по реконструкции автомобильных дорог на территории Гарадагского района города Баку подробно...