“Lisenziyalar və icazələr” portalı haqqında ƏSASNAMƏ

Azərbaycan Respublikası Prezidentinin

2017-ci il 21 yanvar tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. “Lisenziyalar və icazələr” portalı haqqında Əsasnamə (bundan sonra - Əsasnamə) “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9.2-ci maddəsinə uyğun olaraq hazırlanmışdır və “Lisenziyalar və icazələr” portalının (bundan sonra - portal) fəaliyyətinin hüquqi, təşkilati və texnoloji əsaslarını müəyyən edir.

1.2. Portal sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan lisenziya və ya icazələrin, onların dublikatının və əlavəsinin verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ləğvi (bundan sonra - lisenziya və ya icazənin verilməsi) ilə bağlı müraciətlərin təqdim edilməsini, qəbulunu, emalını, cavablandırılmasını, lisenziya və icazələrin vahid reyestrinin (bundan sonra - reyestr) elektron qaydada aparılmasını, istifadəçilərin və iştirakçıların portaldan sərbəst istifadəsini, ona inteqrasiya olunmuş informasiya sistemlərindən məlumatların (əldə edilməsi qanunla məhdudlaşdırılan informasiya istisna olmaqla) əldə edilməsini və bu Əsasnamədə nəzərdə tutulmuş digər xidmətlərin göstərilməsini təmin edir.

1.3. Bu Əsasnamədə istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.3.1. operator - Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi;

1.3.2. iştirakçı - lisenziya və ya icazə verən, habelə özünə məxsus informasiya sistemi ilə portalda informasiya mübadiləsində iştirak edən orqan;

1.3.3. istifadəçi – portalın təqdim etdiyi xidmətlərdən istifadə edən təşkilati hüquqi formasından asılı olmayaraq hüquqi şəxs, xarici hüquqi şəxsin filial və nümayəndəliyi, fərdi sahibkar, habelə sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan fiziki şəxs;

1.3.4. istifadəçinin elektron kabineti - lisenziya və ya icazənin verilməsi ilə bağlı məlumatların əldə edilməsini və həmin məlumatlarla tanışlığı, ödənişlərin həyata keçirilməsini, həmçinin operatorla və iştirakçılarla qarşılıqlı əlaqəni təmin edən xüsusi fərdi elektron səhifə.

1.4. Bu Əsasnamədə istifadə olunan digər anlayışlar Qanunda nəzərdə tutulmuş mənaları ifadə edir.

1.5. Portalın fəaliyyətinin təşkili, təkmilləşdirilməsi və saxlanması ilə bağlı xərclər dövlət büdcəsi və qanunla qadağan edilməyən digər mənbələr hesabına maliyyələşdirilir.

2. Portalın fəaliyyət prinsipləri

2.0. Portalın fəaliyyəti aşağıdakı prinsiplər əsasında həyata keçirilir:

2.0.1. şəffaflıq - portalın fəaliyyətində aşkarlığın və hesabatlılığın təmin edilməsi, həyata keçirilən prosedurların və onların nəticələrinin izlənməsi imkanının mövcudluğu;

2.0.2. istifadə rahatlığı - istifadəçilər və iştirakçıların portaldan istifadəsinin və informasiya mübadiləsinin rahat, əlavə əməliyyatlar aparılmadan təmin edilməsi;

2.0.3. səmərəlilik - müraciətlərin təqdim edilməsi, qəbulu, cavablandırılması üçün tələb olunan vaxtın və maliyyə xərclərinin optimallaşdırılması, habelə istifadəçilər və iştirakçılar arasında qarşılıqlı əlaqənin, istifadəçilərə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi;

2.0.4. operativlik - müraciətlərin təqdim edilməsinin, qəbulunun, cavablandırılmasının, nəticələrinin göndərilməsinin, informasiyanın əldə olunmasının və mübadiləsinin real vaxt rejimində həyata keçirilməsi;

2.0.5. əlaqəlilik - iştirakçıların informasiya sistemlərinin uzlaşdırılması və qarşılıqlı inteqrasiyasının təmin edilməsi;

2.0.6. təhlükəsizlik - sertifikatlaşdırılmış proqram təminatından və proqram-texniki vasitələrdən istifadə olunması, informasiya mübadiləsi zamanı normativ hüquqi aktların tələblərinə əməl edilməsi, təşkilati, texniki və texnoloji tədbirlər həyata keçirməklə informasiyanın tamlığının, dəyişməzliyinin və mühafizəsinin təmin olunması;

2.0.7. fasiləsizlik - portalda və ona inteqrasiya olunmuş informasiya sistemlərində aparılan təşkilati, inzibati, texniki və digər dəyişikliklərdən asılı olmayaraq fəaliyyətin fasiləsiz həyata keçirilməsi;

2.0.8. modulluq və miqyaslılıq - portalın ən son texnologiyalardan istifadə etməklə davamlı təkmilləşdirilməsi və inkişaf etdirilməsi, funksiya və imkanlarının artırılmasını təmin edən proqram-texniki komponentlərin olması.

3. Portalın infrastrukturu

3.1. Portalın infrastrukturu texniki-texnoloji və funksional baxımdan aşağıdakı əsas komponentlərdən ibarətdir:

3.1.1. proqram-texniki vasitələr;

3.1.2. mobil cihazlar və səyyar qurğular üçün proqram təminatı;

3.1.3. telekommunikasiya kanalları;

3.1.4. elektron lisenziya və icazələr modulu;

3.1.5. idarəetmə sistemi;

3.1.6. reyestr;

3.1.7. ödəniş modulu;

3.1.8. ehtiyat mərkəzi;

3.1.9. arxiv mərkəzi.

3.2. Portalın proqram-texniki vasitələri, mobil cihaz və səyyar qurğular üçün proqram təminatı və telekommunikasiya kanalları bu Əsasnamənin 1.2-ci bəndində nəzərdə tutulan xidmətlərin və informasiya mübadiləsinin həyata keçirilməsini, istifadəçilərin portaldan istifadəsini, portalın fəaliyyətinin etibarlılığını, təhlükəsizliyini və məlumatların mühafizəsini təmin edir.

3.3. Elektron lisenziya və icazələr modulu lisenziya və icazənin elektron qaydada verilməsini, iştirakçıların informasiya sistemlərinin portala inteqrasiyasını və onlar arasında informasiya mübadiləsinin aparılmasını təmin edir.

3.4. Portalın idarəetmə sistemi onun məlumat bazasının formalaşdırılmasını, idarə olunmasını və istifadəsini təmin edir.

3.5. Reyestr lisenziya və ya icazə verən orqanlar tərəfindən verilmiş lisenziya və ya icazənin, onun dublikatının və əlavəsinin, habelə yenidən rəsmiləşdirilmiş, dayandırılmış, bərpa və ləğv edilmiş lisenziya və ya icazələr barədə Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan məlumatları özündə saxlayan informasiya ehtiyatıdır.

3.6. Ödəniş modulu lisenziya və ya icazənin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunun və ya ödənişin elektron qaydada ödənilməsini təmin edir.

3.7. Portalın fəaliyyətinin dayanıqlılığını və təhlükəsizliyini təmin etmək məqsədilə onun ehtiyat mərkəzi yaradılır və portalın proqram-texniki vasitələrinin nüsxəsi bu mərkəzdə saxlanılır. Formalaşan məlumatlar portalın məlumat bazasında, ehtiyat surətləri isə onun məlumat bazasının arxiv mərkəzində saxlanılır.

3.8. Portal, lisenziya və ya icazənin verilməsi üçün gücləndirilmiş elektron imza vasitəsilə daxil olmağa imkan verən autentifikasiya mexanizmləri ilə təchiz olunur. Lisenziya və ya icazənin verilməsi ilə bağlı olmayan müraciətlər üçün isə qeydiyyat prosedurları (elektron imza, istifadəçi adı, şifrəsi və s.) tələb olunmur.

4. Müraciətlərin göndərilməsi və qeydiyyatı

4.1. Lisenziya və ya icazə alınması üçün istifadəçi əvvəlcə gücləndirilmiş elektron imzası vasitəsilə portalda qeydiyyatdan keçərək elektron kabinet yaradır və həmin elektron kabinetdə müvafiq fəaliyyət növünü və ya hərəkəti seçir.

4.2. Portalda seçilən lisenziya və ya icazəyə uyğun olaraq açılan ərizə pəncərəsində tələb edilən məlumatlar portal tərəfindən iştirakçıların informasiya sistemlərindən götürülərək əks olunur. Tələb edilən məlumatlar informasiya sistemlərində olmazsa, seçilmiş fəaliyyət növü və ya hərəkət üzrə tələb edilən sənədlərin skan olunmuş surətləri ərizəyə əlavə edilir və istifadəçi tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənir.

4.3. Sistem məlumatların tamlığını yoxlayır və təsdiq etdikdən sonra məlumatlar istifadəçi tərəfindən göndərilir. Məlumatlar portal vasitəsilə lisenziya və ya icazəni verən orqanın informasiya sistemlərinə yönləndirilir.

4.4. Lisenziya və ya icazə verən orqan müraciəti real vaxt rejimində qeydiyyata alır, bu barədə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərir.

5. Müraciətlərə baxılması

5.1. İstifadəçinin müraciət etdiyi lisenziya və ya icazə verən orqan Qanunda nəzərdə tutulmuş müddətdə və qaydada ərizəyə baxır və nəticə barədə portal vasitəsilə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə məlumat göndərir.

5.2. Elektron qaydada tərtib olunmuş ərizə və ona əlavə edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan, lisenziya və ya icazənin verilməsindən imtinaya səbəb olmayan çatışmazlıqlar aşkarlandıqda, lisenziya və ya icazə verən orqan Qanunun 19.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə həmin çatışmazlıqların aradan qaldırılması və formal tələblərə əməl olunmamasının hüquqi nəticələri barədə portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına, həmçinin mobil nömrəsinə məlumat göndərir. İstifadəçinin elektron kabinetinə göndərilən məlumat lisenziya və ya icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

5.3. İstifadəçi həmin çatışmazlıqları Qanunun 19.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə aradan qaldırdıqda, bunu təsdiq edən məlumatları (sənədləri) portal vasitəsilə lisenziya və ya icazə verən orqana göndərir. Çatışmazlıqların aradan qaldırılması barədə məlumatı istifadəçi gücləndirilmiş elektron imzası ilə təsdiqləyir.

5.4. Lisenziya və ya icazə verən orqan çatışmazlıqların aradan qaldırılması barədə məlumatı qeydiyyata aldıqdan sonra istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bu barədə real vaxt rejimində bildiriş göndərilir.

5.5. İstifadəçi çatışmazlıqları Qanunun 19.2-ci maddəsində göstərilən müddətdə aradan qaldırmadıqda, lisenziya və ya icazə verən orqan ərizənin baxılmamış saxlanılması haqqında inzibati akt qəbul edir və portal vasitəsilə istifadəçinin elektron kabinetinə və poçt ünvanına, həmçinin mobil nömrəsinə məlumat göndərir. İstifadəçinin elektron kabinetinə göndərilən məlumat lisenziya və ya icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiqlənir.

5.6. Lisenziya və ya icazə verən orqan təqdim edilmiş ərizəyə baxarkən sahibkarlıq fəaliyyəti növünün xüsusiyyətlərindən asılı olaraq qanunvericiliklə nəzərdə tutulmuş qaydada aidiyyəti orqan və müəssisələrin rəyinin (razılığının) alınması üçün portal vasitəsilə onlara müraciət edir. Aidiyyəti orqan və müəssisələr həmin müraciətə Qanunun 19.7-ci maddəsində nəzərdə tutulmuş müddətdə baxaraq, portal vasitəsilə lisenziya və ya icazə verən orqana cavab verir.

5.7. Lisenziya və ya icazənin verilməsi üçün qanunvericiliyə uyğun olaraq aidiyyəti orqan və müəssisələrin tələb olunan rəyi (razılığı) və verməli olduğu sənədlər (icazələr, aktlar və s.) lisenziya və ya icazə verən orqan tərəfindən portal vasitəsilə alınır.

5.8. Lisenziya və ya icazə verilməsi üçün daxil olmuş ərizəyə əlavə edilmiş sənədlərin həqiqiliyinə və onlardakı məlumatların doğruluğuna əsaslı şübhələr yarandıqda, lisenziya və ya icazə verən orqan bu cür şübhələrin aradan qaldırılması üçün aidiyyəti orqanlara və müəssisələrə portal vasitəsilə sorğu verir. Bu müddət Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş müddətə daxildir.

5.9. Lisenziya və ya icazənin verilməsindən imtina edildikdə, bu barədə əsaslandırılmış inzibati akt Qanunun 14.1-ci və 14.2-ci maddələrində nəzərdə tutulmuş müddətdə lisenziya və ya icazə verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək istifadəçinin elektron kabinetinə göndərilir. Həmçinin bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.

5.10. Lisenziya və ya icazənin verilməsi barədə qərar qəbul edildikdə, lisenziya və ya icazə alınması üçün qanunla tələb olunan dövlət rüsumunun və ya ödənişin ödənilməsi barədə portal vasitəsilə istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir.

5.11. İstifadəçi qanunla tələb olunan dövlət rüsumunu və ya ödənişi onun elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə göndərilmiş bildirişdəki koda uyğun olaraq portal, “ASAN ödəniş” sistemi, portala inteqrasiya olunmuş digər ödəniş sistemləri və terminalları vasitəsilə ödəyir.

5.12. Lisenziya və ya icazənin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunun və ya ödənişin ödənilməsi portal vasitəsilə təsdiq olunur və istifadəçinin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə bu barədə real vaxt rejimində məlumat ötürülür.

6. Lisenziya və ya icazənin verilməsi

6.1. Bu Əsasnamənin 5.12-ci bəndinə uyğun olaraq dövlət rüsumunun və ya ödənişin ödənilməsi təsdiq olunduqda, lisenziya və ya icazə onu verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiqlənərək istifadəçinin elektron kabinetinə göndərilir. Bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir. Həmçinin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar real vaxt rejimində reyestrə daxil edilir.

6.2. Portal vasitəsilə verilmiş lisenziya və icazədən bilavasitə xarici iqtisadi fəaliyyətin həyata keçirilməsində istifadə olunduqda, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda və ya lisenziya və ya icazə verilmiş sahibkarların istəyi ilə lisenziya və ya icazə kağız daşıyıcıda da təqdim edilir.

6.3. Bu Əsasnamənin 6.1-ci bəndinə uyğun olaraq verilən, dayandırılan, bərpa və ya ləğv edilən lisenziyalar, onların əlavələri və dublikatları, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi siyahıda nəzərdə tutulmuş icazələr barədə Qanunun 8.1-ci maddəsində göstərilən məlumatlar portal tərəfindən real vaxt rejimində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə (və ya müvafiq olaraq, Naxçıvan Muxtar Respublikasının Vergilər Nazirliyinə) göndərilir.

6.4. Qanunun 1 nömrəli əlavəsində nəzərdə tutulmuş fəaliyyət növləri üzrə bu Əsasnamənin 6.1-ci bəndinə uyğun olaraq verilmiş, dayandırılmış, bərpa və ya ləğv edilmiş lisenziyalar barədə məlumatlar portal tərəfindən real vaxt rejimində lisenziya verilmiş fəaliyyət növü üzrə müvafiq nəzarət orqanına göndərilir.

6.5. Lisenziya sahibinin lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən Azərbaycan Respublikası qanunlarının tələblərinə və lisenziyanın şərtlərinə riayət etməməsi hallarını aşkar edən nəzarət orqanı lisenziyanın dayandırılması və ya ləğvi üçün portal vasitəsilə lisenziya verən orqana əsaslandırılmış təqdimat göndərir.

6.6. Lisenziya və ya icazənin dayandırılması, bərpası, ləğvi barədə inzibati akt, yenidən rəsmiləşdirilmiş lisenziya və ya icazə onları verən orqanın rəhbəri və ya onun həvalə etdiyi vəzifəli şəxsin gücləndirilmiş elektron imzası ilə təsdiq edilərək istifadəçinin elektron kabinetinə göndərilir. Bu barədə istifadəçinin elektron poçt ünvanına və mobil nömrəsinə bildiriş göndərilir. Həmçinin Qanunun 8.1-ci maddəsində nəzərdə tutulmuş məlumatlar real vaxt rejimində reyestrə daxil edilir.

7. Portal vasitəsilə göstərilən digər xidmətlər

7.1. İstifadəçilər lisenziya və ya icazələrin verilməsi ilə bağlı qəbul edilmiş inzibati aktlardan portal vasitəsilə inzibati qaydada şikayət verə bilərlər. Həmin şikayətlərə lisenziya və ya icazə verən orqan qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxır, nəticə barədə qəbul edilmiş inzibati aktı istifadəçinin elektron kabinetinə göndərir və bu barədə onun elektron poçt ünvanına məlumat ötürür.

7.2. İstifadəçilər portal vasitəsilə informasiya xarakterli sorğular göndərə, portalda yerləşdirilmiş hüquqi aktların layihələrinə, habelə portalın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər verə bilərlər. Həmin sorğulara (təkliflərə) lisenziya və ya icazə verən orqan qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxır, nəticə barədə istifadəçinin müraciətində göstərilən elektron poçt ünvanına cavab göndərir.

7.3. İstifadəçilər və iştirakçılar reyestrə daxil olaraq Qanunun 8.1-ci maddəsində nəzərdə tutulan məlumatları əldə edə bilərlər.

7.4. Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məlumatlar portalda yerləşdirilir və həmin məlumatlarda dəyişikliklər baş verdikdə, onlar yenilənir.

8. Operatorun funksiyaları

8.0. Operatorun funksiyaları aşağıdakılardır:

8.0.1. portalın fəaliyyətini və idarə olunmasını təşkil etmək, portal vasitəsilə dayanıqlı, fasiləsiz, operativ və təhlükəsiz xidmət göstərilməsini təmin etmək, onun funksional imkanlarının artırılması və təkmilləşdirilməsi istiqamətində tədbirlər görmək;

8.0.2. iştirakçıların informasiya sistemlərinin portala təhlükəsiz inteqrasiyasını və onların qarşılıqlı əlaqəsini təmin etmək;

8.0.3. portala daxil edilən məlumatların etibarlılığını, əlçatanlığını, təhrifolunmazlığını və konfidensiallığını (məxfiliyini), habelə onların ehtiyat surətlərinin saxlanmasını və mühafizəsini təmin etmək;

8.0.4. lisenziya və ya icazələrin verilməsi üçün istifadəçilərin qanunla tələb olunan dövlət rüsumlarını və ya ödənişləri portal, “ASAN ödəniş” sistemi, portala inteqrasiya olunmuş digər ödəniş sistemləri və terminalları vasitəsilə ödəməsi barədə məlumatların qəbulunu, portalın müvafiq iştirakçılarına və istifadəçilərinə çatdırılmasını təmin etmək;

8.0.5. portalın texniki-texnoloji infrastrukturunun təyinatı üzrə istismarını, ona texniki xidməti, təmirini və saxlanmasını təmin etmək, tərtib olunmuş qrafik üzrə profilaktik işlər aparmaq;

8.0.6. portalın təhlükəsizliyinin pozulduğu, əsas avadanlıqlarda qəza (xəta) baş verdiyi hallarda onun ehtiyat mərkəzinin fəaliyyətə başlamasını təmin etmək, iştirakçıları və istifadəçiləri bu barədə məlumatlandırmaq, baş vermiş qəzanın (xətanın) aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;

8.0.7. portala inteqrasiya olunan informasiya sistemlərinin, elektron xidmətlərin dayanıqlı və fasiləsiz fəaliyyətinin iştirakçılar tərəfindən təmin olunmasına nəzarət etmək;

8.0.8. iştirakçıların portal vasitəsilə verdiyi lisenziya və ya icazə, onların əlavəsi, dublikatı, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi haqqında məlumatın istifadəçilərin elektron kabinetinə, elektron poçt ünvanına və mobil nömrəsinə göndərilməsi imkanlarını təmin etmək;

8.0.9. iştirakçı portalın fəaliyyətini ləngidən, dayandıran, ona zərər vuran davranışlara yol verdikdə, həmin iştirakçıya nöqsanların aradan qaldırılması üçün xəbərdarlıq etmək, tələbləri yerinə yetirilmədikdə isə onun portaldakı fəaliyyətini bu nöqsanlar aradan qaldırılanadək dayandırmaq;

8.0.10. portala inteqrasiya olunmuş informasiya sistemlərinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək, həmin sistemlər müəyyən olunmuş texniki tələblərə cavab vermədikdə isə onlarda zəruri dəyişiklik və təkmilləşdirmə aparılması barədə aidiyyəti iştirakçılara bildiriş göndərmək;

8.0.11. normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyini, o cümlədən əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyanın qorunmasını təmin etmək;

8.0.12. Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları portalda yerləşdirmək və həmin məlumatlarda dəyişikliklər olduqda onların yenilənməsini təmin etmək;

8.0.13. sahibkarlıq sahəsinə aid hüquqi aktların layihələrini açıq müzakirə üçün portalda yerləşdirmək;

8.0.14. portal vasitəsilə verilmiş lisenziya və ya icazələrin nömrə ardıcıllığına nəzarət etmək, reyestrin portalla əlaqəli şəkildə aparılmasını təmin etmək;

8.0.15. portal vasitəsilə lisenziya və icazənin, onların əlavəsinin, dublikatının verilməsi, yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpası və ya ləğvi sahəsində qanunvericiliyin, o cümlədən bu Əsasnamənin tələblərinə riayət olunmasına nəzarət etmək;

8.0.16. portal vasitəsilə lisenziya və ya icazə verən orqanlara lisenziya və ya icazənin tətbiqinə dair izahatlar vermək, iştirakçılara metodiki rəhbərliyi və informasiya təminatını həyata keçirmək, portalın iş prinsipləri və funksional imkanları haqqında onlara məlumat vermək və kömək göstərmək, portaldan istifadə qaydaları və onun üstünlükləri barədə maarifləndirmə işi aparmaq;

8.0.17. bu Əsasnamədən irəli gələn digər funksiyaları yerinə yetirmək.

9. İştirakçıların funksiyaları

9.1. İştirakçılar aşağıdakı funksiyaları həyata keçirirlər:

9.1.1. öz informasiya sistemlərinin portala inteqrasiya olunmasını təmin etmək, onların müəyyən edilmiş texniki tələblərə uyğunluğuna dair tələb olunan məlumatları operatora təqdim etmək;

9.1.2. portala inteqrasiya olunmuş informasiya sistemlərinin normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada informasiya təhlükəsizliyinin təmin olunması, o cümlədən əldə edilməsi qanunla məhdudlaşdırılan informasiyanın mühafizəsi ilə bağlı tədbirlər görmək;

9.1.3. sahibkarlıq sahəsinə aid hazırladıqları hüquqi aktların layihələrini portalda yerləşdirilməsi məqsədilə razılaşdırılma üçün göndərildiyi gün portal vasitəsilə operatora təqdim etmək;

9.1.4. portalın fəaliyyətini ləngidən, ona zərər vuran, o cümlədən portalın fəaliyyətinin dayanmasına səbəb ola bilən hərəkətlərə yol verməmək;

9.1.5. portala inteqrasiya olunmuş informasiya sistemlərində operatorun əsaslandırılmış tələbinə uyğun olaraq dəyişiklik və təkmilləşdirmə işləri aparmaq;

9.1.6. portala inteqrasiya olunmuş informasiya sistemlərində nəzərdə tutulan profilaktik, təmir, sazlama və digər texniki işlərin aparılacağı barədə operatoru ən azı iki iş günü əvvəl məlumatlandırmaq;

9.1.7. portalın fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı operatora təkliflər vermək;

9.1.8. bu Əsasnamədən irəli gələn digər funksiyaları yerinə yetirmək.

9.2. portalın lisenziya və ya icazə verən iştirakçıları əlavə olaraq aşağıdakı funksiyaları həyata keçirirlər:

9.2.1. lisenziya və ya icazələrin verilməsi ilə bağlı portal vasitəsilə daxil olmuş ərizələrə Qanunun 14.1-ci maddəsində müəyyən edilmiş müddətdə və qaydada baxılmasını, nəticələrinin rəsmiləşdirilməsini təmin etmək;

9.2.2. Qanunun 12.2-ci maddəsində nəzərdə tutulmuş məlumatları, həmçinin onlarda dəyişikliklər olduqda yenilənmiş məlumatları portalda yerləşdirilməsi üçün portal vasitəsilə operatora təqdim etmək;

9.2.3. lisenziya və ya icazələrin verilməsi ilə bağlı öz informasiya sistemlərində yaranan nasazlıqların, qəzaların (xətaların) aradan qaldırılması üçün tədbirlər görmək.

10. İstifadəçilərin hüquqları

10.0. İstifadəçilərin aşağıdakı hüquqları vardır:

10.0.1. portal vasitəsilə lisenziya və ya icazənin verilməsi üçün müraciət etmək və bununla bağlı elektron kabinet yaratmaq;

10.0.2. lisenziya və ya icazənin verilməsindən imtina edilməsi barədə qəbul olunmuş inzibati aktdan portal vasitəsilə inzibati qaydada şikayət vermək;

10.0.3. portal vasitəsilə lisenziya və ya icazə verən orqanlara sorğular göndərmək, həmin sorğulara dair cavab almaq;

10.0.4. sahibkarlıq sahəsində hazırlanmış və portalda yerləşdirilmiş hüquqi aktların layihələrinə dair təkliflər vermək;

10.0.5. portalın fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər vermək;

10.0.6. bu Əsasnamənin 7.1-ci və 7.2-ci bəndlərində nəzərdə tutulmuş müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada və müddətdə baxılmasını iştirakçılardan tələb etmək;

10.0.7. reyestrə daxil olmaq və oradan məlumatları əldə etmək;

10.0.8. bu Əsasnamədən irəli gələn digər hüquqları həyata keçirmək.

23 января 2017, 09:01

http://www.azertag.net

21—30 из 3607

15 февраля 2023, 15:02

О назначении Н.К.Алиева ректором Азербайджанской академии художеств   подробно...

15 февраля 2023, 07:02

Распоряжение Президента Азербайджанской Республики О назначении Ш.С.Багирова председателем Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

15 февраля 2023, 07:02

Распоряжение Президента Азербайджанской Республики Об освобождении Ш.С.Багирова от должности первого заместителя председателя Государственного таможенного комитета Азербайджанской Республики   подробно...

13 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики О награждении государственных служащих Государственной службы по мобилизации и призыву на военную службу Азербайджанской Республики   подробно...

11 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах по обеспечению деятельности Алятской свободной экономической зоны   подробно...

11 февраля 2023, 11:02

Распоряжение Президента Азербайджанской Республики Об индексации трудовых пенсий   подробно...

9 февраля 2023, 15:02

Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой поддержки Общественной телерадиовещательной компании Азербайджанской Республики   подробно...

9 февраля 2023, 15:02

Распоряжение Президента Азербайджанской Республики О награждении А.Я.Шаровского «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

9 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой помощи религиозным образованиям в Азербайджане   подробно...

8 февраля 2023, 08:02

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Конфедерации профсоюзов Азербайджана   подробно...