Azərbaycan Turizm və Menecment Universitetinin NİZAMNAMƏSİ

Azərbaycan Respublikası Prezidentinin

2015-ci il 21 dekabr tarixli

Fərmanı ilə təsdiq edilmişdir

 

1. Ümumi müddəalar

1.1. Azərbaycan Turizm və Menecment Universiteti (bundan sonra - Universitet) Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 22 dekabr tarixli 945 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında yaradılmışdır.

1.2. Universitet ali təhsilin bütün səviyyələrində turizm və menecment sahələri üzrə mütəxəssis hazırlığını, əlavə təhsil proqramlarını həyata keçirən, fundamental və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsidir.

1.3. Universitet Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun hüquqi varisidir və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində fəaliyyət göstərir.

1.4. Universitet hüquqi şəxsdir, onun müstəqil balansı, istifadəsində olan dövlət əmlakı, xəzinə və bank hesabları, üzərində Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və öz adı həkk olunmuş möhürü, ştampları və blankları vardır.

1.5. Universitetin fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi və Universitetin akkreditasiyası “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun həyata keçirilir.

1.6. Universitet öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin və Azərbaycan Respublikası Təhsil Nazirliyinin normativ hüquqi aktlarını, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin və Azərbaycan Respublikası təhsil nazirinin əmr və sərəncamlarını və bu Nizamnaməni rəhbər tutur.

1.7. Universitet Azərbaycan Respublikasının dövlət orqanları və digər dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq şəraitində fəaliyyət göstərir.

1.8. Universitet “Rəsmi statistika haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq statistik, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq maliyyə və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə fəaliyyətinin nəticələri barədə hesabatlar təqdim edir.

1.9. Universitet Bakı şəhərində yerləşir.

2. Universitetin hüquq və vəzifələri

2.1. Universitetin aşağıdakı hüquqları vardır:

2.1.1. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, tədris prosesini sərbəst həyata keçirmək;

2.1.2. təlim prosesində innovativ texnologiyalardan və yeni təlim üsullarından istifadə etmək;

2.1.3. tədris, metodik, elmi tədqiqat və analitik-informasiya fəaliyyətlərini planlaşdırmaq və təşkil etmək;

2.1.4. tədris prosesinin metodik təminatını təşkil etmək və təkmilləşdirmək, təlimin forma və metodlarını müəyyən etmək, dövlət təhsil standartlarına və ayrı-ayrı ixtisaslar (ixtisaslaşmalar) üzrə təhsil proqramlarına uyğun olaraq, tədris sənədlərini və tədris prosesinin təşkilinə aid digər sənədləri müstəqil hazırlamaq;

2.1.5. dövlət təhsil standartları çərçivəsində ali təhsil proqramlarında dəqiqləşdirmələr aparmaq;

2.1.6. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, təhsilin nəticələrinə görə təhsilalanların peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək və həmin bilik və keyfiyyətlərdən müvafiq xidmət sahələrində istifadə olunması barədə onlara tövsiyələr vermək;

2.1.7. profilinə uyğun elmi tədqiqat işlərini həyata keçirmək və elmi-metodik sənədlər hazırlamaq;

2.1.8. elmi əlaqələr yaratmaq, təhsillə bağlı layihələrdə, o cümlədən beynəlxalq layihələrdə iştirak etmək;

2.1.9. iclaslar, seminarlar, konfranslar, simpoziumlar, olimpiadalar, müsabiqələr, festivallar, sərgilər keçirmək və onların işində iştirak etmək;

2.1.10. Universitetin fəaliyyəti ilə bağlı nəşriyyat işlərini həyata keçirmək, elmi əsərləri, tədris və tədris-metodik ədəbiyyatları hazırlamaq və nəşr etmək;

2.1.11. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, müqavilə əsasında ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq;

2.1.12. maddi-texniki və tədris bazasının inkişafı istiqamətində tədbirlər görmək;

2.1.13. Universitetin işçilərinə fəxri adlar, dövlət təltifləri və mükafatlar verilməsi üçün Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi qarşısında vəsatət qaldırmaq;

2.1.14. dövlət və yerli özünüidarəetmə orqanlarına, fiziki və hüquqi şəxslərə Universitetin fəaliyyət istiqamətləri üzrə məlumatlar (sənədlər) barədə sorğu vermək və onlardan belə məlumatları (sənədləri) almaq;

2.1.15. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq beynəlxalq təşkilatlarla, xarici dövlətlərin müvafiq qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaq, tələbə, magistr, doktorant, müəllim və elmi işçilər mübadiləsi üçün beynəlxalq əlaqələr yaratmaq;

2.1.16. Universitetin fəaliyyətinin təşkili məqsədi ilə qanuna zidd olmayan aktlar qəbul etmək;

2.1.17. Universitetin təminatı, işlərin görülməsi və xidmətlərin göstərilməsi məqsədi ilə müqavilələr bağlamaq;

2.1.18. Universitetin fəaliyyətini təmin etmək məqsədi ilə əqdlər bağlamaq;

2.1.19. elektron resurslar yaratmaq;

2.1.20. konsert və sərgilər təşkil etmək, audio-video materiallar, Universitetin adı ilə bağlı suvenirlər istehsal etmək.

2.2. Universitetin vəzifələri aşağıdakılardır:

2.2.1. ali təhsilin bütün səviyyələrində turizm və menecment sahələri üzrə yüksəkixtisaslı mütəxəssislər hazırlamaq, kadrların əlavə təhsilini həyata keçirmək, elmi və elmi-pedaqoji kadrlar hazırlamaq;

2.2.2. təhsil proqramlarını və tədris planlarını hazırlamaq və həyata keçirmək;

2.2.3. beynəlxalq fəaliyyəti və xarici əlaqələri təmin etmək;

2.2.4. tədris prosesinin maddi-texniki təminatını həyata keçirmək, bina və otaqları mövcud norma və tələblərə uyğun qurmaq;

2.2.5. təlim-tərbiyə prosesini yüksək səviyyədə təşkil etmək, təhsilalanların intellektual, mədəni və mənəvi inkişafını təmin etmək, peşəkarlıq xüsusiyyətlərini formalaşdırmaq;

2.2.6. elmi, ixtisaslaşdırılmış və dissertasiya şuralarının işini təşkil etmək;

2.2.7. təhsilalanların attestasiyasını keçirmək;

2.2.8. təhsil haqqında diplomlar, habelə “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təhsilə dair digər sənədlər vermək;

2.2.9. fəaliyyət istiqamətləri üzrə elmi tədqiqat işlərini təşkil etmək;

2.2.10. fundamental və tətbiqi elmi araşdırmalar aparmaq, dövlət qurumları üçün məlumat-analitik, elmi-metodik materiallar və tövsiyələr hazırlamaq;

2.2.11. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi sistemində ehtiyat kadrların formalaşdırılması işində iştirak etmək;

2.2.12. təhsil prosesinin təmin edilməsi üçün tədris, tədris-metodik, elmi ədəbiyyat, köməkçi materiallar hazırlamaq və nəşr etmək, maddi-tədris bazasını təkmilləşdirmək və inkişaf etdirmək;

2.2.13. Universitetə ayrılan maliyyə vəsaitindən təyinatı üzrə istifadə olunmasını təmin etmək;

2.2.14. öz fəaliyyəti barədə ictimaiyyəti məlumatlandırmaq, internet saytı yaratmaq, malik olduğu və siyahısı “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyanın həmin saytda yerləşdirilməsini və bu informasiyanın daimi yeniləşdirilməsini təmin etmək;

2.2.15. dövlət sirrinin və məxfilik rejiminin qorunması və təhlükəsizliyin təmin olunması üçün zəruri tədbirlər görmək;

2.2.16. Universitetin istifadəsində olan daşınar və daşınmaz əmlakın qorunmasını və məqsədli istifadəsini təmin etmək;

2.2.17. Universitetdə təhsilalanlar və təhsilverənlər üçün idman, sağlamlıq, iaşə və məişət xidmətlərini təşkil etmək;

2.2.18. Universitetdə əməyin mühafizəsini və sanitar-gigiyenik normalara riayət olunmasını təmin etmək.

3. Universitetin strukturu və idarə edilməsi

3.1. Universitetdə fakültələr, kafedralar, şöbələr, kitabxanalar, elmi tədqiqat laboratoriyaları, doktorantura və əlavə təhsil üçün müvafiq bölmələr, qeydiyyat şöbələri, tədris-təcrübə təsərrüfatları, idman zalları, iaşə müəssisələri və digər struktur bölmələri fəaliyyət göstərir.

3.2. Universitetin struktur bölmələri tədris prosesi və elmi tədqiqat işlərinin təşkilində və həyata keçirilməsində bilavasitə iştirak edir, Universitetin Elmi Şurasının qərarlarını, Universitet rektorunun əmr və sərəncamlarını yerinə yetirirlər. Universitetin struktur bölmələrinin rəhbərlərini (filiallar istisna olmaqla) Universitetin rektoru, bu Nizamnamənin tələblərini nəzərə almaqla, təyin edir.

3.3. Universitetin strukturunu və ştat cədvəlini, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırmaqla, Universitetin rektoru təsdiq edir.

3.4. Universitetin fəaliyyətinə rəhbərliyi Universitetin rektoru həyata keçirir.

3.5. Universitetin rektorunu Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin təqdimatına əsasən Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

3.6. Universitetin prorektorlarını (tədris, elm, təlim-tərbiyə, təsərrüfat işləri və beynəlxalq əlaqələr üzrə) Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri vəzifəyə təyin və vəzifədən azad edir.

3.7. Universitetin rektoru:

3.7.1. Universitetin vəzifələrinin yerinə yetirilməsinə və hüquqlarının həyata keçirilməsinə görə şəxsən məsuliyyət daşıyır;

3.7.2. Universitetin təhsil, təlim-tərbiyə, tədris, elmi tədqiqat, nəşriyyat və maliyyə-təsərrüfat fəaliyyətinə rəhbərlik edir;

3.7.3. dövlət qurumlarında, təşkilatlarda, beynəlxalq təşkilatlarla münasibətlərdə Universiteti təmsil edir, Universitetin adından əqdlər bağlayır, etibarnamələr verir, banklarda və digər kredit təşkilatlarında hesablar açır;

3.7.4. Universitetin daxili intizam qaydalarını təsdiq edir;

3.7.5. Universitetdə maddi vəsaitlərin uçotunu təşkil edir, onlardan istifadəyə nəzarət edir, Universitetin əmlakına və vəsaitlərinə dair sərəncam verir;

3.7.6. Universitetin fəaliyyəti ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi kollegiyasının müzakirəsinə çıxarılmasına təşəbbüs göstərir, həmin məsələlərin kollegiyanın müzakirəsinə hazırlanmasını təmin edir;

3.7.7. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin iş planında və kollegiyasının qərarlarında, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin əmr və sərəncamlarında nəzərdə tutulmuş aidiyyəti tədbirlərin yerinə yetirilməsini təmin edir;

3.7.8. bu Nizamnaməyə uyğun olaraq, icrası məcburi olan əmr, sərəncam və digər yazılı göstərişlər verir;

3.7.9. Universitetin işçilərinə fəxri adların, dövlət təltiflərinin və mükafatların verilməsi barədə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə təqdimat verir;

3.7.10. Universitet prorektorlarının, struktur bölmələrinin rəhbərlərinin (filiallar istisna olmaqla) və digər işçilərin səlahiyyətlərini müəyyən edir, vəzifə təlimatlarını təsdiq edir;

3.7.11. Universitetin işçilərinin əməyinin ödənilməsini və onların həvəsləndirilməsini təşkil edir;

3.7.12. Universitetdə kargüzarlıq və arxiv işinin aparılmasını, dövlət sirrinin qorunmasını, təhlükəsizlik tədbirlərinin həyata keçirilməsini və məxfilik rejiminə riayət olunmasını təmin edir;

3.7.13. Universitetdə vətəndaşların qəbulunu və müraciətlərinə baxılmasını təmin edir;

3.7.14. Universitetin fəaliyyəti ilə bağlı Universitet Elmi Şurasının səlahiyyətlərinə aid edilməyən digər məsələləri həll edir.

3.8. Universitetin fəaliyyətinin mühüm məsələlərini müzakirə etmək üçün ali idarəetmə orqanı - Universitetin Elmi Şurası (bundan sonra - Elmi Şura) yaradılır.

3.9. Universitetin struktur bölmələrinin fəaliyyəti Elmi Şuranın qəbul etdiyi və Universitet rektorunun təsdiq etdiyi əsasnamələrlə müəyyən olunur.

3.10. Elmi Şuranın tərkibini Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri təsdiq edir. Elmi Şuranın tərkibinə Universitetin rektoru (Elmi Şuranın sədri), prorektorlar, fakültə dekanları, aparıcı kafedraların müdirləri və digər mütəxəssislər daxil edilir.

3.11. Elmi Şura sədrinin müavinləri və katibi Elmi Şuranın tərkibindən seçilir. Elmi Şuranın səlahiyyət müddəti 3 ildir. Elmi Şura üzvlərinin səlahiyyətlərinə Elmi Şuranın qərarı ilə vaxtından əvvəl xitam verilə bilər. Elmi Şuranın vaxtından əvvəl yenidən yaradılması onun üzvlərinin azı üçdə iki hissəsinin tələbi ilə həyata keçirilir.

3.12. Elmi Şuranın fəaliyyəti Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin normativ hüquqi aktlarının və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Elmi Şura haqqında Əsasnamə”nin tələblərinə uyğun təşkil edilir. Elmi Şura ictimai əsaslarla fəaliyyət göstərir.

3.13. Elmi Şuranın iclasları iki ayda bir dəfədən az olmayaraq keçirilir. Elmi Şuranın qərarları Universitet rektorunun əmri ilə təsdiq edilir.

3.14. Elmi Şura:

3.14.1. Universitetin inkişaf proqramını təsdiq edir, Universitetin fəaliyyəti barədə rektorun illik hesabatını dinləyir;

3.14.2. tədris, təlim-tərbiyə, metodik və elmi tədqiqat işlərinin mühüm məsələlərini həll edir;

3.14.3. kadrların hazırlanması və əlavə təhsili istiqamətində təkliflər verir;

3.14.4. tədris planlarının və proqramlarının layihələrini, metodik, təlim-tərbiyə, elmi tədqiqat, redaksiya-nəşriyyat işlərinin və əlavə təhsil planlarının layihələrini müzakirə edir;

3.14.5. Universitetin struktur bölmələrinin hesabatlarını dinləyir;

3.14.6. dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların, elmi və elmi-metodik ədəbiyyatın digər növlərinin layihələrini müzakirə edir;

3.14.7. yüksəkixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması istiqamətində iş aparır;

3.14.8. Universitetin elmi-pedaqoji işçilərinə elmi adlar verilməsi üçün vəsatət qaldırır;

3.14.9. dissertasiyaların mövzularını təsdiq edir;

3.14.10. Universitetin maddi-texniki bazasının təkmilləşdirilməsi və inkişaf etdirilməsi ilə bağlı məsələləri müzakirə edir;

3.14.11. Universitetin strukturu barədə Universitetin rektoruna təkliflər verir;

3.14.12. elmi tədqiqatların prioritet istiqamətlərini müəyyən edir, elmi tədqiqat planlarını və onların yerinə yetirilməsinə dair hesabatları, pedaqoji kadrların hazırlanması və əlavə təhsili planlarını təsdiq edir;

3.14.13. doktoranturaya qəbul edilməsi, dissertant təhkim olunması, habelə yaradıcılıq məzuniyyətlərinin verilməsi üçün müraciət etmiş şəxslər sırasından namizədləri tövsiyə edir;

3.14.14. Universitetin fəxri adlarını təsis edir;

3.14.15. Universitetin təhsil birliklərinə, assosiasiyalarına və ittifaqlarına daxil olması və onlardan çıxması məsələlərinə dair Universitetin rektoruna təkliflər verir;

3.14.16. Universitetin rektorunun Universitetin illik büdcəsi və onun icrası barədə hesabatını dinləyir;

3.14.17. Universitetdə təhsilalanların geyim formasını müəyyən edir.

3.15. Elmi Şuranın qərarları Universitet rektoru tərəfindən təsdiq olunduqdan sonra qüvvəyə minir. Elmi Şuranın iclasları protokollaşdırılır.

3.16. Fakültə Universitetin tədris, elmi və inzibati bölməsi olub, eyni sahə və istiqamət daxilində bir və ya bir-birinə yaxın olan ixtisaslar üzrə bakalavr və magistr hazırlığını, müvafiq sahə üzrə əlavə təhsili həyata keçirir, eləcə də elmi tədqiqat və tərbiyə işlərinə rəhbərlik edir.

3.17. Universitetin fakültələrinə ümumi rəhbərliyi fakültə elmi şurası həyata keçirir. Fakültə elmi şurası Universitet rektorunun əmrinə əsasən 3 il müddətinə seçilir. Fakültə elmi şurasının sədri dekandır. Fakültə elmi şurasının tərkibini Universitetin rektoru təsdiq edir. Fakültə elmi şurasının tərkibi və səlahiyyətləri Azərbaycan Respublikası Təhsil Nazirliyinin təsdiq etdiyi “Elmi Şura haqqında Əsasnamə” ilə tənzimlənir.

3.18. Kafedra Universitetin (fakültənin) əsas tədris-elm struktur bölməsi olub, bir və ya bir neçə yaxın fənlər üzrə tədris, metodik, elmi tədqiqat fəaliyyətini və əlavə təhsili həyata keçirir.

3.19. Universitetdə elmi-pedaqoji (professor-müəllim heyəti, elmi işçilər), mühəndis-texnik, inzibati, inzibati-təsərrüfat, tədris-köməkçi və digər heyətlər üzrə vəzifələr nəzərdə tutulur.

3.20. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Nizamnaməyə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin razılığı əsasında filiallar açmaq hüququna malikdir. Universitet filialının rəhbərini (direktorunu) Universitet rektorunun təqdimatına əsasən Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri vəzifəyə təyin və vəzifədən azad edir.

4. Universitetə qəbul

4.1. Universitetə ali təhsilin bakalavr səviyyəsinə tam orta təhsili və ya orta ixtisas təhsili olan şəxslər, magistratura səviyyəsinə isə bakalavr səviyyəsini bitirən şəxslər, ixtisasın sərbəst seçimi əsasında, müsabiqə yolu ilə qəbul olunurlar.

4.2. Universitetə tələbə qəbulu biliyin qiymətləndirilməsi üzrə keçirilən imtahanlarda abituriyentlərin əldə etdikləri nəticələrə əsasən Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən həyata keçirilir.

4.3. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Universitetə qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edir. Azərbaycan Respublikasının Nazirlər Kabineti isə qəbul planı barədə təkliflərini Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiyaya təqdim edir. Universitetə qəbul planını Azərbaycan Respublikasının Prezidenti yanında Təhsil üzrə Komissiya müəyyən edir.

4.4. Universitetin doktoranturasına qəbul “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir.

4.5. Universitetin bakalavriat, magistratura və doktorantura səviyyələrinə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin qəbulu “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 1 may tarixli 125 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təhsil alması Qaydaları”na uyğun həyata keçirilir.

5. Universitetin tədris fəaliyyəti

5.1. Universitetdə mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı ali təhsilin bakalavriat, magistratura və doktorantura səviyyələrində həyata keçirilir.

5.2. Universitetdə tədris dili Azərbaycan dilidir. Təlim, Universitetin imkanları nəzərə alınmaqla, xarici dillərdə də aparıla bilər.

5.3. Universitet aşağıdakı təhsil proqramlarını (kurikulumları) həyata keçirir:

5.3.1. bakalavriat;

5.3.2. magistratura;

5.3.3. doktorantura;

5.3.4. əlavə təhsil.

5.4. Universitetdə ali təhsil pilləsində təhsilalma əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) formalarda təşkil olunur.

5.5. Bakalavriat səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 4 ildir. Qiyabi forma üzrə təhsil müddəti bir il artıqdır. Bu müddət ayrı-ayrı ixtisasların təhsil proqramları ilə müəyyənləşdirilir.

5.6. Magistratura səviyyəsində əyani forma üzrə təhsilin normativ müddəti 2 ildir. Qiyabi forma üzrə təhsil müddəti altı ay artıqdır. Bu müddət ayrı-ayrı ixtisaslaşmaların təhsil proqramları ilə müəyyənləşdirilir.

5.7. Universitetdə təhsil dövlət sifarişi və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

5.8. Universitetdə bakalavriat təhsili “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bakalavriat təhsilinin məzmunu və təşkili Qaydaları”na uyğun olaraq təşkil edilir.

5.9. Universitetdə magistratura təhsili “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 12 may tarixli 88 nömrəli Qərarı ilə təsdiq edilmiş “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi Qaydaları”na uyğun olaraq təşkil edilir.

5.10. Universitetin doktoranturasında təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq təşkil edilir.

5.11. Universitetdə çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır. Universitetin əməkdaşlarına elmi dərəcələr və elmi adlar Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 21 fevral tarixli 857 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Elmi dərəcələrin və elmi adların verilməsi qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq verilir.

5.12. Universitetdə əlavə təhsil “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 6 sentyabr tarixli 163 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.

5.13. Universitetdə əlavə təhsil aşağıdakı istiqamətlərdə həyata keçirilir:

5.13.1. ixtisasartırma;

5.13.2. kadrların yenidən hazırlanması;

5.13.3. stajkeçmə və kadrların təkmilləşdirilməsi;

5.13.4. təkrar ali təhsil;

5.13.5. dərəcələrin yüksəldilməsi;

5.13.6. yaşlıların təhsili.

5.14. Universitetdə əlavə təhsil ödənişli əsaslarla həyata keçirilir.

5.15. Universitetdə ixtisaslar üzrə tədris prosesinin təşkili ali təhsil pilləsinin dövlət təhsil standartına və proqramına, habelə müvafiq ixtisaslar üzrə təhsil proqramına uyğun hazırlanmış və Universitetin rektoru tərəfindən təsdiq edilmiş tədris planı əsasında həyata keçirilir.

5.16. Universitet tədris prosesinin forma, metod və vasitələrini müəyyən edərkən, təhsili proqramlarının və tədris planlarının tam həcmdə mənimsənilməsinə şərait yaradır. Universitetdə tədris prosesi Avropa Kredit Transfer Sisteminə uyğun olan kredit sistemi əsasında təşkil edilir.

5.17. Universitetdə eyni zamanda beynəlxalq təhsil proqramları həyata keçirilir. Beynəlxalq təhsil proqramları üzrə mütəxəssis hazırlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və bu Nizamnamə ilə tənzimlənir.

5.18. Təhsilalanların bir təhsil proqramından digərinə və ya Universitetdən digər ali təhsil müəssisəsinə köçürülməsi, xaric edilməsi, Universitetə bərpa olunması, onlara akademik məzuniyyət verilməsi qaydasını Azərbaycan Respublikasının Təhsil Nazirliyi müəyyən edir.

5.19. Ali təhsilin bakalavriat və magistratura səviyyələrinin proqramları təhsilalanların dövlət attestasiyası ilə yekunlaşır. Dövlət attestasiyası bütün təhsilalanlar üçün məcburidir.

5.20. Təhsilalanların yekun attestasiyası Dövlət Attestasiya Komissiyası tərəfindən keçirilir. Dövlət Attestasiya Komissiyasının yaradılması və işinin təşkili qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyən edir.

5.21. Ali təhsilin bakalavriat və magistratura təhsil proqramlarını başa vurmuş və yekun dövlət attestasiyasından keçmiş tələbələrə Universiteti bitirməsi barədə dövlət nümunəli sənəd (diplom) verilir. Həmin diplomun əlavəsində təhsilalanlar tərəfindən mənimsənilmiş fənlər, onların kreditlə həcmi və qiymətlər göstərilir.

5.22. Doktoranturada təhsili başa vurmuş və müvafiq elmi dərəcə almış şəxslərə həmin elmi dərəcəni təsdiq edən vahid formada dövlət nümunəli sənəd - diplom verilir.

5.23. Ali təhsilin müvafiq səviyyəsini bu və ya digər səbəbdən başa vurmayan təhsilalanlara Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada arayış verilir.

5.24. Universitetdə əyani təhsil alanlara “Doktorantlara, ali təhsil, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin tələbələrinə və şagirdlərinə verilən təqaüdlərin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 30 avqust tarixli 3108 nömrəli Sərəncamına uyğun olaraq təqaüdlər verilir.

6. Universitetin elmi fəaliyyəti

6.1. Universitetdə mütəxəssis hazırlığı elmlə təhsilin vəhdəti əsasında həyata keçirilir.

6.2. Universitetin elm sahəsində fəaliyyəti elmi tədqiqat işlərinin aparılmasına, Universitetin profilinə uyğun olaraq, elmin müvafiq sahələrinin inkişafına, elmi tədqiqatların nəticələrinin tədris prosesində tətbiqinə yönəldilir.

6.3. Elmi fəaliyyət Universitetin professor-müəllim heyətinin işinin tərkib hissəsidir.

6.4. Universitet, aparılan elmi tədqiqat işlərinin nəticələrinin istehsalata və tədris prosesinə (mühazirə, məşğələ, seminar, laboratoriya dərslərinə, kurs layihələrinə, kurs və buraxılış işlərinə, magistr dissertasiyalarına) tətbiq olunmasını və monoqrafiyalar, elmi məqalələr, metodik vəsaitlər şəklində dərc olunmaqla və elmi forumlarda məruzə edilməklə yayılmasını təşkil edir.

6.5. Universitetdə aparılan elmi tədqiqat işləri fundamental və tətbiqi xarakter daşıyır.

6.6. Universitetdə həyata keçirilən elmi tədqiqat fəaliyyətinin məqsədi aşağıdakılardır:

6.6.1. fundamental və tətbiqi-nəzəri araşdırmaların aparılmasını, elmi tədqiqat və elmi-texniki işlərin həyata keçirilməsini təmin etmək;

6.6.2. elmi xarakterli tapşırıqları icra etmək;

6.6.3. kadrların elmi potensialından səmərəli istifadə etməklə, təlimin keyfiyyətini yüksəltmək;

6.6.4. təhsilverənlərin ixtisas səviyyəsini artırmaq;

6.6.5. elmi tədqiqatların nəticələrinin və nailiyyətlərinin tətbiqini təşkil etmək;

6.6.6. tədris və elmi proseslərin vəhdətini təmin etmək;

6.6.7. elmi tədqiqat işlərinin nəticələrini tədris prosesində, turizm və menecment sahələrində tətbiq etmək;

6.6.8. elmi tədqiqat işlərinin əsas istiqamətləri üzrə milli və beynəlxalq təcrübəni öyrənmək və ümumiləşdirmək;

6.6.9. müraciət əsasında dövlət və qeyri-dövlət qurumları üçün analitik, məsləhət və proqnozlaşdırma fəaliyyətini həyata keçirmək;

6.6.10. hüquqi aktların layihələrinin hazırlanmasında və ekspertizasının keçirilməsində iştirak etmək;

6.6.11. milli və xarici ekspertlərin iştirakı ilə elmi seminarlar, konfranslar, simpoziumlar və konqreslər keçirmək.

6.7. Universitetin elmi tədqiqat işlərinin istiqamətlərini Elmi Şura müəyyən edir.

6.8. Universitetin elmi tədqiqat fəaliyyəti Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə razılaşdırılmaqla, Elmi Şuranın təsdiq etdiyi perspektiv və cari planlara uyğun həyata keçirilir.

7. Təhsilverənlər, təhsilalanlar və digər işçilər

7.1. Universitetin təhsilverənləri rəhbərlikdən, professor-müəllim heyətindən, elmi işçilərdən və ştat cədvəli ilə müəyyən edilmiş digər işçilərdən ibarətdir.

7.2. Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nomenklaturasına daxil olan Universitetin təhsilverənlərinə aid olan prorektorlar və baş mühasib vəzifələrinə kadrların təyin və azad edilməsi Universitet rektorunun təqdimatı əsasında Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri tərəfindən, digər vəzifələrə kadrların təyin və azad edilməsi Universitetin rektoru tərəfindən həyata keçirilir.

7.3. Təhsilverənlər vəzifələrinə peşə hazırlığına, sağlamlığına və mənəvi keyfiyyətlərinə görə müasir tələblərə uyğun dərs keçmək və elmi tədqiqatlar aparmaq bacarığına malik şəxslər təyin edilirlər. Elmi dərəcəsi və elmi adı, vəzifənin profilinə uyğun ali təhsili, pedaqoji təcrübəsi olan şəxslər professor-müəllim heyəti vəzifələrinə təyinat zamanı üstünlüyə malikdirlər.

7.4. Universitetin işçi heyətinə daxil olan şəxslərin, o cümlədən Universitetin inzibati, inzibati-idarəetmə, inzibati-təsərrüfat, mühəndis-texnik, tədris-köməkçi heyətinə aid şəxslərin hüquq və vəzifələri Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Əmək Məcəlləsi, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, bu Nizamnamə, Universitetin daxili intizam qaydaları, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin normativ hüquqi aktları və işəgötürənlə işçi arasında bağlanılan əmək müqaviləsi ilə tənzimlənir.

7.5. Təhsilverənlərin aşağıdakı hüquqları vardır:

7.5.1. normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti ilə, müasir standartlara cavab verən texnologiyalarla təmin olunmaq;

7.5.2. bu Nizamnaməyə uyğun olaraq, təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək;

7.5.3. tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək;

7.5.4. şərəf və ləyaqətinə hörmətlə yanaşılmasını tələb etmək;

7.5.5. Universitetdə vəzifə tutmaq və uyğun gəldikdə seçkili vəzifələrə seçmək və seçilmək;

7.5.6. əlavə təhsil almaq, elmi dərəcəsini yüksəltmək;

7.5.7. qanunlara və Azərbaycan Respublikası Prezidentinin aktlarına uyğun olaraq mükafatlandırılmaq və təltif olunmaq.

7.6. Təhsilverənlərin vəzifələri aşağıdakılardır:

7.6.1. təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək;

7.6.2. təhsil proqramlarının mənimsənilməsini təmin etmək;

7.6.3. təhsilalanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq, onları vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyə etmək, müstəqil həyata və əmək fəaliyyətinə hazırlamaq;

7.6.4. təhsilalanları elmi fəaliyyətə cəlb etmək;

7.6.5. şəxsi nümunəsi ilə təhsilalanlarda Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına, dövlət rəmzlərinə, Azərbaycan xalqının tarixinə, mədəniyyətinə, dilinə, adət və ənənələrinə, milli və ümumbəşəri dəyərlərə, cəmiyyətə, ətraf mühitə hörmət və qayğı hissləri aşılamaq;

7.6.6. pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, ziyalılıq nümunəsi göstərmək;

7.6.7. təhsilalanların şərəf və ləyaqətinə hörmət etmək;

7.6.8. təhsilalanları fiziki və psixi zorakılığın bütün formalarından qorumaq, onları zərərli vərdişlərdən çəkindirmək;

7.6.9. ixtisas və elmi-pedaqoji səviyyəsini yüksəltmək, elmi araşdırmalar aparmaq, əlavə məşğələlər keçmək;

7.6.10. attestasiyadan keçmək;

7.6.11. Universitetin daxili intizam qaydalarına riayət etmək.

7.7. Təhsilalanların aşağıdakı hüquqları vardır:

7.7.1. dövlət təhsil standartına uyğun keyfiyyətli təhsil almaq;

7.7.2. Universitetin tədris planlarına uyğun olaraq tədris fənlərini, semestrlər üzrə kreditlərin miqdarını, təhsilverənləri və tyutorları sərbəst seçmək;

7.7.3. Universitetin mövcud infrastrukturundan (tədris-istehsalat, elmi tədqiqat, informasiya, mədəni-məişət, idman və sağlamlıq mərkəzlərindən, yataqxanalardan, kitabxanalardan və s.) istifadə etmək;

7.7.4. ali təhsil müəssisəsini və ixtisasını dəyişmək;

7.7.5. elmi tədqiqat fəaliyyəti ilə məşğul olmaq;

7.7.6. sağlamlıq üçün təhlükəsiz və zərərsiz təhsil şəraiti ilə təmin olunmaq;

7.7.7. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi qaydada biliyinin yenidən qiymətləndirilməsini tələb etmək;

7.7.8. təhsil prosesinin təşkilində və idarə olunmasında iştirak etmək, öz fikir və mülahizələrini sərbəst ifadə etmək;

7.7.9. Universitetin elmi, ictimai, sosial və mədəni həyatında iştirak etmək;

7.7.10. elmi-praktik konfransların, seminarların, yığıncaqların, görüşlərin və Universitetin fəaliyyət istiqamətləri ilə bağlı digər tədbirlərin keçirilməsində iştirak etmək.

7.8. Təhsilalanların vəzifələri aşağıdakılardır:

7.8.1. dövlət təhsil standartına uyğun biliyə, bacarığa və vərdişlərə yiyələnmək;

7.8.2. təhsilverənlərin şərəf və ləyaqətinə hörmətlə yanaşmaq;

7.8.3. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə, etik normalara və təlim-tərbiyə prosesi ilə bağlı qaydalara əməl etmək;

7.8.4. bu Nizamnamənin tələblərinə riayət etmək.

8. Universitetin maliyyə-təsərrüfat fəaliyyəti

8.1. Universitetin əmlakı dövlət və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi tərəfindən onun istifadəsinə, hüquqi və fiziki şəxslər tərəfindən onun mülkiyyətinə və ya istifadəsinə verilən və bu Nizamnamədə öz əksini tapan fəaliyyəti nəticəsində əldə etdiyi əmlakdan, o cümlədən ona məxsus əqli mülkiyyət məhsullarından ibarətdir.

8.2. Universitet, mülkiyyətində və istifadəsində olan əmlakın saxlanılması, qorunması və ondan səmərəli istifadə edilməsi üçün məsuliyyət daşıyır.

8.3. Universitet bu Nizamnaməyə əsasən göstərdiyi xidmətlər (tədris, elmi tədqiqat, məsləhət-konsaltinq və digər xidmətlər) nəticəsində daşınar və daşınmaz əmlak, o cümlədən bina, avadanlıq, yeni texnologiya, nəqliyyat vasitələri əldə edə bilər.

8.4. Universitet “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, ödənişli təhsil xidmətləri göstərmək, sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq, ianələr və könüllü yardımlar almaq hüququna malikdir.

8.5. Universitetin əldə etdiyi mənfəət yalnız təhsilin inkişafına, təhsilalanların və təhsilverənlərin sosial müdafiəsinə yönəldilir. Universitet ödənişli təhsildən əldə olunan və digər büdcədənkənar vəsaitlərin xərclənməsi istiqamətlərini və işçilərin maddi həvəsləndirilməsinə ayırmaların xüsusi çəkisini sərbəst müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardımlar göstərir.

8.6. Universitetin maliyyələşdirilməsi təhsilin hər səviyyəsi üzrə müəyyən edilmiş maliyyə normativlərinə əsasən həyata keçirilir. Bu normativlər hər bir təhsilalana düşən məsrəf məbləği nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

8.7. Universitet aşağıdakı mənbələrdən maliyyələşdirilir:

8.7.1. dövlət vəsaitləri hesabına;

8.7.2. ödənişli təhsildən əldə olunan vəsaitlər hesabına;

8.7.3. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Universitetə verilən qrantlar, vəsiyyət olunan vəsaitlər, ianələr və yardımlar hesabına;

8.7.4. müsabiqə əsasında dövlət tərəfindən ayrılan elmi tədqiqat qrantları hesabına;

8.7.5. Universitetin təhsil, elm, istehsal, məsləhət (konsaltinq) və bu Nizamnaməyə uyğun olaraq digər xidmətlərdən əldə etdiyi vəsaitlər hesabına;

8.7.6. hüquqi və fiziki şəxslərin, müqavilə əsasında, əlavə təhsil məqsədi ilə ayırdıqları vəsaitlər hesabına;

8.7.7. Universitetin mülkiyyətində olan fiziki və mənəvi cəhətdən köhnəlmiş avadanlığın, nəqliyyat vasitələrinin və təhsil məqsədləri üçün yararsız olan digər əmlakın satışından əldə edilən vəsaitlər hesabına;

8.7.8. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq əldə olunan digər vəsaitlər hesabına.

8.8. Universitet bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

9. Universitetin beynəlxalq əməkdaşlığı

Universitetin xarici əlaqələri və beynəlxalq əməkdaşlığı, həmçinin kadrların hazırlanması sahəsində beynəlxalq əməkdaşlığı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, o cümlədən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi ilə xarici ölkələrin dövlət orqanları arasında bağlanmış sazişlər əsasında həyata keçirilir.

10. Universitetin yenidən təşkili və ləğvi

10.1. Universitetin yenidən təşkili və ləğvi Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir.

10.2. Universitet ləğv edildikdə, onun əmlakına Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq sərəncam verilir.

22 декабря 2015, 09:12

http://www.azertag.net

1051—1060 из 3607

3 апреля 2019, 08:04

Распоряжение Президента Азербайджанской Республики Об упрощении визовых процедур для иностранцев и лиц без гражданства, которые приедут в Азербайджанскую Республику в связи с участием в 43-й сессии Комитета всемирного наследия ЮНЕСКО   подробно...

2 апреля 2019, 08:04

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству автомобильной дороги Бахрамтепе-Гебектала-Мухаммедли-Имишли-Джафарли-Оруджлу-Агамамедли Имишлинского района   подробно...

2 апреля 2019, 08:04

Распоряжение Президента Азербайджанской Республики О проведении 100-летнего юбилея Солтана Гаджибекова   подробно...

29 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О дополнительных мерах в связи с продолжением работ по реконструкции автомобильных дорог на территории Наримановского района города Баку   подробно...

29 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении Ш.Г.Ханбабаева орденом «Эмек» 1-й степени   подробно...

29 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О создании Комиссии в связи с пожаром в торговом центре «Диглас» на территории Низаминского района города Баку   подробно...

28 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О присвоении О. С. Султанову высшего воинского звания генерал-лейтенанта   подробно...

28 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О награждении А.А. Мустафазаде орденом «Эмек» 2-й степени   подробно...

28 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О присвоении Т. Э. Джафаровой почетного звания «Заслуженный учитель»   подробно...

28 марта 2019, 08:03

Распоряжение Президента Азербайджанской Республики О присвоении высших воинских званий военнослужащим Службы государственной безопасности Азербайджанской Республики   подробно...