Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair

 

14 may 2015-ci il       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Teymur Ocaqverdovun, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Aparatının Elmi-Analitik sektorunun müdiri Mahir Məmmədovun, Göyçay rayon Məhkəməsinin hakimi Elxan Babayevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdir müavini Rövşən Muradovun, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Azad Talıbovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirovun, Bakı Apellyasiya Məhkəməsinin hakimi Mehti Əsədovun, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru Rəşad Orucovun və Hüquq departamentinin direktoru Rəna Məlikovanın iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və VII hissələrinə müvafiq olaraq konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması ilə bağlı Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsmanın) sorğusu və Göyçay rayon Məhkəməsinin həmin maddələrin bəzi müddəalarının şərh edilməsi ilə bağlı müraciəti əsasında konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

M Ü Ə Y Y Ə N   E T D İ:

 

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) (bundan sonra – Ombudsman) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) sorğu ilə müraciət edərək, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 19-cu maddəsinin III hissəsinə, 149-cu maddəsinin III və VII hissələrinə, habelə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun (bundan sonra – “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanunu) 25-ci maddəsinə uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Sorğu onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsinin qadağan edilməsi ilə bağlı Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil edir.

Bundan başqa, sorğuverənin fikrincə, Mülki Məcəllənin 439.2-ci maddəsinin “yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır” müddəası Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinin tələblərinə uyğun olmamaqla fiziki və hüquqi şəxslərin maddi durumuna, sosial rifah halına mənfi təsir edir.

Sorğuverən həmçinin hesab edir ki, Mülki Məcəllənin 439.2-ci maddəsinin “yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə aparılır” müddəası ilə Mülki Məcəllənin 439.7-ci maddəsinin “öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir” müddəası arasında daxili uzlaşmanın olmaması, eyni məsələ ilə bağlı fərqli mövqeyin ortaya çıxmasına səbəb olur. Bu isə “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununun 25.1-ci maddəsinin “normativ hüquqi aktlar daxilən uzlaşdırılmalı, məntiqli qurulmalı və normayaratma texnikasına uyğun olmalıdır” müddəası ilə ziddiyyət təşkil edir.

Eyni zamanda, Göyçay rayon Məhkəməsi icraatında olan mülki iş üzrə tətbiq edilməli olan Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin şərh edilməsinin zəruri olması qənaətinə gələrək Konstitusiya Məhkəməsinə müraciət etmişdir.

Müraciətdə göstərilir ki, Mülki Məcəllənin 439.1-ci maddəsindən fərqli olaraq, həmin Məcəllənin 439.2-ci maddəsində tərəflərdən birinin xarici fiziki və ya hüquqi şəxs olduğu halda pul öhdəliyinin xarici valyutada müəyyənləşdirilməsi birbaşa göstərilmədiyindən, təcrübədə maddi hüquq normalarının tətbiqində çətinliklər yaranır.

Bundan başqa müraciətedənin fikrincə, Mülki Məcəllənin 439.7-ci maddəsinin “ödəniş müddəti çatanadək” müddəasının kredit müqaviləsi üzrə aylıq faizin ödənildiyi günü, yaxud kredit müqaviləsi üzrə borcun ödənildiyi müddəti ehtiva etməsi, “öhdəliyin əmələ gəldiyi vaxt” dedikdə, aylıq faizlərin ödənildiyi gün, yaxud kredit müqaviləsinin bağlanıldığı və ya kredit məbləğinin verildiyi günün başa düşülməsi, həmçinin pul vahidinin dəyərinin (məzənnənin) dəyişilməsi ilə valyuta dəyişməsinin nədən ibarət olması kontekstində şərh edilməsinə ehtiyac vardır.

Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 17-ci maddəsinin I hissəsinə uyğun olaraq sorğu və müraciət eyni predmetə aid olduğundan bir icraatda birləşdirilmişdir.

Sorğu və müraciətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, Konstitusiya əsas norma və prinsipləri müəyyən etməklə, Azərbaycan Respublikasının qanunvericilik sisteminin əsasını təşkil edir. Bu norma və prinsiplər isə digər qanunvericilik aktlarında inkişaf etdirilir.

Bununla əlaqədar olaraq, Konstitusiya Məhkəməsinin Plenumu sorğu və müraciətdə qaldırılan məsələlərə dair Konstitusiyanın və qanunvericiliyin müvafiq müddəalarının təhlil edilməsini zəruri hesab edir. Belə təhlil isə sorğu və müraciətdə qaldırılan məsələlərin ardıcıllığı qaydasında aparılmalıdır.

İlk növbədə, kreditlərin xarici valyutada verilməsinin Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə zidd olub-olmaması məsələsinə aydınlıq gətirilməlidir.

Konstitusiyanın 19-cu maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasının pul vahidi manatdır. Həmin maddənin III hissəsinə görə Azərbaycan Respublikasının ərazisində manatdan başqa pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi qadağandır.

Bu normanın “pul vahidlərinin ödəniş vasitəsi kimi işlədilməsi” müddəası pulun hansı hallarda ödəniş vasitəsi kimi çıxış etməsinin və ödəniş vasitəsinin hüquqi anlayışının müəyyən edilməsini tələb edir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, pulun ödəniş vasitəsi kimi işlədilməsi hallarına hər hansı malın, işin, xidmətin və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması aid olunur.

 

Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbi də ölkə ərazisində manatdan başqa digər pul vahidlərinin məhz ödəniş vasitəsi kimi işlədilməsini qadağan edir. Bununla belə, Konstitusiyanın həmin tələbi fiziki və hüquqi şəxslər tərəfindən xarici valyutanın sərbəst istifadə edilməsini, həmçinin xarici valyutada bank əməliyyatlarının həyata keçirilməsini istisna etmir. Əksinə, mülki dövriyyə iştirakçıları arasında əmanət və borc münasibətlərində xarici valyutadan istifadə edilməsinə məhdudiyyət qoyulması Konstitusiya ilə mülkiyyət hüququna verilmiş təminatla ziddiyyət yaratmış olardı.

Belə ki, Konstitusiyanın mülkiyyət hüquqlarını təsbit edən 29-cu maddəsinin III hissəsinə görə, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

Konstitusiyanın tələblərinə əsaslanaraq valyuta, bank və mülki qanunvericilik kredit və əmanət üzrə münasibətlərin obyekti kimi xarici valyutanın dövriyyəsini nəinki istisna edir, əksinə onun mülkiyyətçilərinin hüquqlarının müdafiəsinə təminat verir.

Belə ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 3-cü bəndinin “a” yarımbəndində xarici valyutanın anlayışı verilərək göstərilmişdir ki, müvafiq xarici dövlətin və ya dövlətlər qrupunun ərazisində tədavüldə olan və qanuni ödəniş vasitəsi sayılan, eləcə də tədavüldən çıxarılmış və ya çıxarılan, lakin həmin ərazidə tədavüldə olan pul nişanlarına dəyişdirilə bilən banknotlar, xəzinə biletləri və sikkələr şəklində pul nişanları xarici valyutadır.

Həmin Qanunun 1-ci maddəsinin 3-cü bəndinin “b” yarımbəndində isə göstərilmişdir ki, xarici valyuta anlayışına xarici dövlətlərin pul vahidlərində, beynəlxalq pul və hesablaşma vahidlərində hesablarda olan vəsaitlər də daxildir.

Qanunun 1-ci maddəsinin 4-cü bəndinin “a” və “b” yarımbəndlərində “valyuta sərvətləri”nə xarici valyuta və xarici valyutada qiymətli kağızlar da aid edilmişdir.

Qeyd edilən Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında valyuta sərvətləri həm rezidentlərin, həm də qeyri-rezidentlərin mülkiyyətində ola bilər. Onlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, valyuta sərvətləri ilə hər hansı əqdlər bağlamaq və əməliyyatlar aparmaq hüququna malikdirlər. Azərbaycan Respublikasında digər mülkiyyət obyektləri ilə yanaşı, valyuta sərvətləri üzərində mülkiyyət hüququ da dövlət tərəfindən müdafiə olunur.

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Əmanətlərin sığortalanması haqqnda” Qanun) 2.1.1-ci maddəsinə görə əmanət - hesablanmış faizlər də daxil olmaqla bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləridir.

Həmin Qanunun 27.1-ci maddəsində isə nəzərdə tutulmuşdur ki, xarici valyutada olan əmanətlər üzrə kompensasiya əmanətlərin valyutasında ödənilir.

“Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda (bundan sonra – “Banklar haqqında” Qanun) “pul” anlayışı xarici valyutanı da ehtiva edir. Belə ki, həmin Qanunun 1-ci maddəsinə əsasən bank krediti - bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.

Göründüyü kimi, yuxarıda göstərilən qanunlarda istifadə olunan “pul” və “valyuta” terminləri milli valyuta ilə yanaşı, həm də xarici valyutanı nəzərdə tutur.

Mülki qanunvericilik də “pul” termini ilə təkcə milli valyutanı deyil, həmçinin xarici valyutanı da ehtiva edir.

Belə ki, Mülki Məcəllənin 4-cü maddəsi əmlak və qeyri-əmlak dəyəri olan, qanunvericiliklə mülki dövriyyədən çıxarılmamış maddi və ya qeyri-maddi nemətləri mülki hüquq münasibətlərinin obyekti kimi tanıyır.

Mülki Məcəllənin 135.1-ci maddəsinə əsasən bu Məcəlləyə uyğun olaraq yalnız fiziki obyektlər əşya sayılırlar. Pullar və qiymətli kağızlar da əşyadır.

Həmin pullar mülki hüquq münasibətlərinin obyekti qismində sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

Belə ki, əşyaların mülki dövriyyəsindən bəhs edən Mülki Məcəllənin 136.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, əşyalar dövriyyədən çıxarılmayıbsa və ya onların dövriyyəsi məhdudlaşdırılmayıbsa, universal hüquq varisliyi qaydasında (vərəsəlik, hüquqi şəxsin yenidən təşkili) və ya başqa üsulla əşyalar sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

Mülki Məcəllənin 136-cı maddəsində əşyaların mülki hüquq münasibətlərinin obyekti olmaq qabiliyyəti müəyyən edilmişdir.

Həmin maddədə əşyalar üç qrupa ayrılmışdır:

- mülki dövriyyədən çıxarılmamış əşyalar;

- mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar;

- mülki dövriyyədən çıxarılmış əşyalar.

Mülki Məcəllənin 136.2-ci maddəsində müəyyən edilmişdir ki, mülki dövriyyədə olmasına yol verilməyən əşyalar (mülki dövriyyədən çıxarılmış əşyalar) qanunvericilikdə birbaşa göstərilməlidir.

Mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə, mülki dövriyyədən çıxarılmış əşyalar isə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmişlər.

Hər iki Qanunda xarici valyutanın Azərbaycan Respublikasının ərazisində dövriyyəsinə məhdudiyyət qoyulmamışdır. Bu isə bir daha təsdiq edir ki, Azərbaycan Respublikasının ərazisində xarici valyuta ödəniş vasitəsi rolunda çıxış etmədiyi hallarda özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər.

Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

Məcəllənin 739.2-ci maddəsinə görə isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

Mülki Məcəllənin 944.1-ci maddəsində deyilir ki, bank əmanəti (depozit) müqaviləsinə görə bir tərəf (bank) başqa tərəfdən (əmanətçidən) və ya başqa tərəf (əmanətçi) üçün daxil olmuş pul məbləğini (əmanəti) qəbul edərək müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada əmanət məbləğini əmanətçiyə qaytarmağı və onun üçün faizlər ödəməyi öhdəsinə götürür.

Qeyd edildiyi kimi “Əmanətlərin sığortalanması haqqında” Qanunun 2.1.1 və 27.1-ci maddələrinin mənasına görə, qorunan əmanətə hesablanmış faizlər də daxil olmaqla, bankın milli və xarici valyutada qəbul etdiyi və müvafiq qanunvericiliyə və ya müqaviləyə əsasən geri ödəməli olduğu pul vəsaitləri aiddir və sığorta hadisəsi halında xarici valyutada olan əmanətlər üzrə kompensasiya əmanətin valyutasında ödənilir.

Qanunvericiliyin yuxarıda göstərilən müddəalarının mənasından göründüyü kimi, kredit və əmanət müqaviləsi üzrə verilmiş pul kredit verənin (əmanətçinin) mülkiyyətində olan istənilən valyutada ola bilir və müqavilənin predmetini təşkil etməklə qaytarılmalı olan mülkiyyət kimi çıxış edir.

Qeyd etmək lazımdır ki, bank qanunvericiliyinə əsasən bank, kreditləri faizlə verir, yəni əmanət münasibətlərində olduğu kimi kredit məbləği də faiz şəklində müvafiq artımla qaytarılmalıdır. Təbii ki, əmanətlər üzrə ödənilən faizlər kimi, kredit üzrə faizlər də adətən əsas borc məbləğinin valyutasında müəyyən edilir, çünki bank qanunvericiliyinə əsasən banklar valyuta risklərini tənzimləyərkən aktiv və öhdəliklər üzrə ödənilən faizləri açıq valyuta mövqelərinin hesablanmasına daxil edirlər.

Konstitusiya Məhkəməsinin Plenumu qanunvericiliyin yuxarıda göstərilən müddəalarına əsaslanaraq belə nəticəyə gəlir ki:

- Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur;

- manat ödəniş vasitəsi ilə yanaşı, fiziki obyekt kimi əşya hesab edilir (Mülki Məcəllənin 135.1-ci maddəsi);

- xarici valyuta həmçinin əşya olmaqla, sərbəst surətdə özgəninkiləşdirilə və ya bir şəxsdən başqasına keçə bilər (Mülki Məcəllənin 135.1 və 136.1-ci maddələri);

- kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir (Mülki Məcəllənin 739.1-ci maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu nəticələr baxımından Mülki Məcəllənin 439.1, 439.2 və 439.7-ci maddələrinin mahiyyətinə də qiymət verilməlidir.

Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər.

Bu maddə təhlil olunarkən nəzərə alınmalıdır ki, kredit müqaviləsi pul öhdəliyinin əmələ gəlməsinin əsaslarından biridir. Pul öhdəliyi alğı-satqı, icarə, podrat, xidmət və digər müqavilələr əsasında da əmələ gələ bilər. Həmin müqavilələr üzrə pul ödəniş vasitəsi kimi çıxış edir və onları tənzimləyən Mülki Məcəllənin normalarında söhbət pulun məhz ödənilməsindən gedir.

Alğı-satqı, icarə, podrat və s. pul öhdəliklərindən fərqli olaraq, kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Başqa sözlə kredit müqaviləsində pul nə verildiyi, nə də qaytarıldığı zaman ödəniş vasitəsi funksiyasını yerinə yetirmir, mülkiyyət kimi verilir və mülkiyyət kimi geri qaytarılır.

Belə nəticə həmçinin bank qanunvericiliyinin tələblərindən də irəli gəlir.

Belə ki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində də müəyyən olunur ki, banklar kreditləri öz adından və öz hesabına verirlər.

Beləliklə, borcun predmeti kimi məhz pul özü çıxış edir və onun ödəniş vasitəsi kimi istifadəsi anlamına gətirilməsini düzgün hesab etmək olmaz.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası əqdin predmetini pulun özü təşkil etdiyi hallara şamil olunmur və bu maddə Konstitusiyanın 19-cu maddəsinin III hissəsində təsbit olunmuş Azərbaycan Respublikasının ərazisində ödəniş vasitəsi kimi yalnız manatın işlədilməsi müddəasını inkişaf etdirir.

Bu baxımdan, Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsində “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” müddəası ölkə ərazisində ödəniş vasitəsi kimi xarici valyutanın istifadəsini deyil, tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda, müqavilənin qiymətini (dəyərini) xarici valyutada müəyyənləşdirmək hüququnu təsbit edir.

Mülki Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsinə görə əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir.

Mülki Məcəllənin 439.1-ci maddəsinin ikinci cümləsindən fərqli olaraq, Məcəllənin 439.2-ci maddəsinin birinci cümləsində xarici valyutada olan pul öhdəliyinin tərəflərindən birinin xarici fiziki və ya hüquqi şəxs olması müəyyənləşdirilməmişdir. Həmçinin bu maddə müəyyən edir ki, xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə və ödənişin xarici valyutada aparılması müqavilədə nəzərdə tutulmursa, o, manatla ödənilir və yenidən hesablama ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılır. Konstitusiyanın 19-cu maddəsinin III hissəsindən çıxış edərək belə nəticəyə gəlmək olar ki, bu norma əqdin predmeti kimi yalnız pulun özü çıxış etdiyi hallara şamil olunur.

Qeyd edilməlidir ki, oxşar qayda xarici dövlətlərin qanunvericiliyində də mövcuddur.

Belə ki, Rusiya Federasiyasının Mülki Məcəlləsinin 317-ci maddəsinin 2-ci hissəsinə əsasən pul öhdəliklərində öhdəliyin xarici valyuta və ya şərti maliyyə vahidində (ekü, “xüsusi borclanma hüquqları” və s.) müəyyən olunmuş məbləğə ekvivalent məbləğdə rublla ödənilməsi nəzərdə tutula bilər. Bu halda, rublla ödənilməli olan məbləğ müvafiq valyutanın və ya şərti pul vahidlərinin ödəniş gününə mövcud olan rəsmi məzənnəsi əsasında müəyyən edilir, bu şərtlə ki, digər məzənnə, yaxud onun müəyyənləşdirilməsinin digər tarixi qanunda və ya tərəflərin razılaşmasında təsbit edilməsin.

Xarici ölkələrin mülki qanunvericiliyində pul öhdəliyi üzrə ödənişin icrası dispozitiv hüquq kimi müəyyən olunmuşdur. Belə ki, tərəflər arasında hər hansı bir razılıq yoxdursa, borclu müqavilə əsasında həyata keçirməli olduğu ödənişi, ödənişin icra ediləcəyi yerin milli valyutasında ödəyə bilər.

“Beynəlxalq kommersiya müqavilələrinin prinsipləri haqqında” sənədin (UNİDROİT Prinsipləri) 6.1.10-cu maddəsində qeyd olunur ki, pul öhdəliyi ilə bağlı müqavilələrdə tərəflər ödənişin hansı valyuta vasitəsi ilə icra edəcəklərini göstərmədiyi təqdirdə, ödəniş, ödənişin icra olunacağı yerin milli valyutasında həyata keçirilməlidir.

Həmçinin, “Avropa müqavilə hüququnun Prinsipləri haqqında” sənədin 7:108-ci maddəsi müəyyən edir ki, tərəflər pul öhdəliyinin icrasını istənilən valyutada razılaşdıra bilərlər. Lakin tərəflər arasında belə razılıq olmadığı halda, pul öhdəliyində göstərilmiş xarici valyuta məbləği ödənişin icra olunacağı yerin milli valyutasında ödəniş gününün məzənnəsi ilə həyata keçirilə bilər.

Mülki Məcəllənin 439.2-ci maddəsinin ikinci cümləsi də məhz yuxarıda göstərilən yanaşmaya tam uyğundur.

Mülki Məcəllənin 439.7-ci maddəsinə əsasən əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə, mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir.

Maddənin mətnindən göründüyü kimi, bu maddə iki halı tənzimləyir:

1) pul vahidinin (məzənnənin) dəyərinin artması və ya azalması;

2) valyutanın dəyişməsi.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, hər iki hal manatda olan pul öhdəliklərinə aiddir. Belə ki, Konstitusiyaya görə Azərbaycan Respublikasının pul vahidi manatdır. Digər tərəfdən, Mülki Məcəllənin 439.2-ci maddəsi xarici valyutada olan pul öhdəliyinin manatla icrası zamanı öhdəliyin icrasının ödəniş anında ödəniş yerinin məzənnə qiyməti ilə aparılmasını birmənalı müəyyən edir.

Mülki Məcəllənin 439.7-ci maddəsi isə o halları tənzimləyir ki, manatda olan hər hansı müqavilə üzrə pul öhdəliyinin icrası anına məzənnə dəyişikliyi baş verir və bunun nəticəsində manatın dəyəri xarici valyutaya nisbətdə artır və ya azalır. Tərəflər arasında müqavilədə ayrı qayda nəzərdə tutulmadıqda, borclu yalnız öhdəliyin əmələ gəldiyi vaxta müəyyənləşdirilmiş müqavilə qiymətini ödəyir. Yəni məzənnə dəyişikliyi nəticəsində manatın dəyəri azalarsa, kreditor borcludan müqavilə üzrə artıq məbləğin ödənilməsini tələb edə bilməz və ya əksinə, dəyəri artarsa, borclu manatda daha az məbləğin ödənilməsini iddia edə bilməz.

Həmin maddənin “ödəniş müddəti çatanadək” və “öhdəliyin əmələ gəldiyi vaxt” müddəaları isə Mülki Məcəllənin 386.1, 427.3 və 445-ci maddələrinin tələbləri baxımından şərh edilməlidir.

Belə ki, Mülki Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Bu belə nəticəyə gəlməyə əsas verir ki, tərəflər arasında müqavilələrdən irəli gələn öhdəliklər, yəni “öhdəliyin əmələ gəldiyi vaxt” müqavilənin bağlanması vaxtı ilə üst-üstə düşür.

Mülki Məcəllənin 427.3-cü maddəsində göstərilir ki, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Göründüyü kimi, öhdəliklər üzrə “ödəniş müddəti çatanadək” müddəası öhdəliyin müqavilədə müəyyən edilmiş icra vaxtının çatmasını nəzərdə tutur. Öhdəliyin icra vaxtı borclu tərəfindən gecikdirilərsə, Mülki Məcəllənin 445-ci maddəsinə müvafiq qaydada kreditor zərərin ödənilməsini tələb edə bilər.

Pul vahidinin dəyişməsi dedikdə, ölkənin pul vahidinin digər valyuta ilə fiziki əvəz edilməsi başa düşülür (məsələn, Avropa İttifaqına üzv olan dövlətlərin milli valyutası avro ilə əvəz olunur). Ölkənin valyutası digər valyuta ilə əvəz edildikdə, ödəniş yeni valyuta ilə mübadilə əməliyyatının aparıldığı məzənnə əsasında aparılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumuna təqdim olunmuş sənədlərdən göründüyü kimi, xarici valyutada olan kreditlər üzrə borcların ödənilməsi zamanı borcalanların maliyyə yükünün müqavilədə nəzərdə tutulmuş ödəniş qrafikindən çox fərqlənməməsi üçün banklar tərəfindən aylıq ödənişlərin əvvəlki səviyyədə aparılmasına imkan verən restrukturizasiya tədbirləri həyata keçirilir və bununla da borcalanların borc yükünün bir hissəsi banklar tərəfindən qarşılanır.

Bununla belə Konstitusiya Məhkəməsinin Plenumu əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsini məqsədəmüvafiq hesab edir.

Göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki:

- Mülki Məcəllənin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir;

- Konstitusiyanın 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur;

- Mülki Məcəllənin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur;

- Mülki Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir;

- Mülki Məcəllənin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur;

- əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilməlidir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI və VII hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər” və həmin Məcəllənin 439.2-ci maddəsinin “əgər xarici valyutada olan pul öhdəliyi Azərbaycan Respublikasında ödənilməlidirsə, ödənişin xarici valyutada aparılmalı olduğunun şərtləşdirildiyi hallardan başqa, o, manatla ödənilir” müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin tələbləri ilə ziddiyyət təşkil etmir.

2. Azərbaycan Respublikası Konstitusiyasının 19-cu maddəsinin III hissəsinin “ödəniş vasitəsi” müddəası görülmüş iş, göstərilmiş xidmət, satılmış mal və s. müqabilində ödənişin həyata keçirilməsi, habelə icbari ödənişlərin (vergi, sosial sığorta və s.) aparılması hallarını nəzərdə tutur.

3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur.

4. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, borclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir.

5. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.7-ci maddəsi manatla olan pul öhdəliklərinə şamil olunur və bu zaman həmin maddənin “ödəniş müddəti çatanadək” müddəası müqavilədə öhdəliyin müəyyən edildiyi icra müddətini, müqavilədən irəli gələn “öhdəliyin əmələ gəldiyi vaxt” müddəası isə müqavilənin bağlandığı vaxtı nəzərdə tutur.

6. Əhalinin maraqlarını nəzərə alaraq, xarici valyutada verilmiş kreditlər üzrə kredit müddətinin uzadılması, faiz dərəcələrinin aşağı salınması və digər güzəştli şərtlərin tətbiqi üzrə tədbirlərin bankların maliyyə imkanlarından asılı olaraq həyata keçirilməsi məqsədəmüvafiq hesab edilsin.

7. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

8. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

9. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr                       Fərhad Abdullayev

18 мая 2015, 09:05

http://www.azertag.net

2041—2050 из 3607

8 ноября 2016, 10:11

О награждении К.С.Иманова орденом «Шохрат»   подробно...

8 ноября 2016, 10:11

О награждении работников телевидения и радио Азербайджанской Республики   подробно...

8 ноября 2016, 10:11

О награждении работников телевидения и радио «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

8 ноября 2016, 10:11

О предоставлении персональной пенсии Президента Азербайджанской Республики   подробно...

8 ноября 2016, 10:11

О присвоении почетных званий работникам телевидения и радио Азербайджанской Республики   подробно...

7 ноября 2016, 09:11

О дополнительных мерах по строительству автомобильной дороги Балакен-Сарыбулаг-Габагчель-Халатала Балакенского района   подробно...

7 ноября 2016, 09:11

О мерах по строительству автомобильной дороги Сабунчи-Рамана Сабунчинского района города Баку   подробно...

3 ноября 2016, 09:11

О дополнительных мерах по строительству автомобильной дороги Самух-Физули-Ляк-Алибайрамлы-Гарабаглар-Чобанабдаллы-Самух Самухского района   подробно...

2 ноября 2016, 10:11

О дополнительных мерах по строительству автомобильной дороги Нода-Шингадулан-Ханагях Лерикского района   подробно...

1 ноября 2016, 09:11

О дополнительных мерах по строительству автомобильной дороги Сиязань-Беюк Гамья-Баладжа Гамья-Джандахар Сиязаньского района   подробно...