Azərbaycan Respublikası Adından

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair

 

5 mart 2015-ci il                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Elməddin Hüseynovun, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin hakimi Ramin Quliyevin, Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Eldar Əsgərovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının baş müəllimi Elşad Nəsirovun, mütəxəssis Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Əhməd Nurməmmədovun iştirakı ilə,Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı üzrə açıq məhkəmə iclasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin müraciəti ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssisin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Bakı şəhəri Nərimanov rayon Məhkəməsi (bundan sonra – Nərimanov rayon Məhkəməsi) Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İXM) 332.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsini xahiş etmişdir.

Müraciətdə göstərilir ki, F.Ələkbərov Nərimanov rayon Məhkəməsinə müraciət edərək “Bakıelektrikşəbəkə” Açıq Səhmdar Cəmiyyətinin 1 saylı Müştəri Xidmətləri Mərkəzində (bundan sonra – “Bakıelektrikşəbəkə” ASC-nin 1 saylı MXM) xidmətdə olan “TRUST” mühafizə şirkətinin əməkdaşı barəsində inzibati xəta haqqında iş üzrə icraatın başlanılmasını və İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş məsuliyyətə cəlb edilməsini xahiş etmişdir.

F.Ələkbərov öz şikayətini onunla əsaslandırmışdır ki, elektrik enerjisinin istifadəsinə görə borcunu ödəmək üçün “Bakıelektrikşəbəkə” ASC-nin 1 saylı MXM-nə gəldikdə binanın mühafizəsini təmin edən “TRUST” şirkətinin əməkdaşı onun şəxsiyyət vəsiqəsini girov məqsədi ilə tələb etmişdir. F.Ələkbərov mühafizə xidməti əməkdaşının hərəkətlərini qanunsuz hesab etsə də, məcburiyyət qarşısında qalaraq şəxsiyyət vəsiqəsini həmin şəxsə təqdim etmiş və binaya daxil olub elektrik enerjisinin istifadəsinə görə borcunu ödəmişdir. Sonradan isə mühafizə xidməti əməkdaşının hərəkətini qanunsuz hesab edən F.Ələkbərov həmin şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə polis və prokurorluq orqanlarına şikayətlə müraciət etmişdir. Həmin orqanlar İXM-in 332.1-ci maddəsi ilə əlaqədar olan işlərin onların səlahiyyətlərinə aid olmadığını bildirdikdən sonra F.Ələkbərov şikayətlə Nərimanov rayon Məhkəməsinə müraciət etmişdir.

Nərimanov rayon Məhkəməsi müraciətdə göstərmişdir ki, şəxsiyyət vəsiqəsinin qanunsuz alınması və ya girov götürülməsi İXM-in 332.1-ci maddəsinə əsasən inzibati xəta kimi tövsif olunur və bu inzibati xətalar haqqında işlərə baxmaq İXM-in 360-cı maddəsinə müvafiq olaraq rayon (şəhər) məhkəmələrinin səlahiyyətlərinə aid edilmişdir. Lakin inzibati xətalar haqqında qanunvericilikdə həmin xətanın törədilməsinə görə protokolu tərtib edən və ittihamı irəli sürən səlahiyyətli orqan müəyyən edilmədiyindən, Nərimanov rayon Məhkəməsi aşağıdakı məsələlərə aydınlıq gətirilməsini Konstitusiya Məhkəməsindən xahiş etmişdir:

• İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda inzibati xəta haqqında protokol tərtib edilmədən icraatın başlanılması üçün həmin Məcəllənin 360-cı maddəsinin tələblərinə müvafiq olaraq birbaşa rayon (şəhər) məhkəməsinə müraciət edilməsinin mümkünlüyü məsələsi;

• İXM-in 332.1-ci maddəsinin subyektinin İXM-in 16-cı maddəsi baxımından vəzifəli şəxs (xüsusi subyekt) və ya həmin Məcəllənin 15-ci maddəsi baxımından fiziki şəxs (ümumi subyekt) hesab edilməsi məsələsi;

• İXM-in 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi halda, hansı orqanın (vəzifəli şəxsin) inzibati xəta haqqında protokol tərtib etmək səlahiyyətinə malik olması.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə əlaqədar aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) əsasən insan hüquq və azadlıqları prioritet dəyərdir. Onların təminatı dövlətin əsas vəzifəsidir. Konstitusiyanın 12-ci maddəsində insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədi kimi müəyyən edilmişdir.

Dövlət orqanları insan hüquq və azadlıqlarının qanunsuz məhdudlaşdırmasından çəkinməklə yanaşı cəmiyyətdə qanunçuluğun təmin edilməsini həyata keçirirlər. Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur (Konstitusiyanın 71-ci maddəsinin I hissəsi).

Qeyd edilən Konstitusiya norması insan hüquq və azadlıqlarının müdafiə vasitələri ilə yanaşı, həmin hüquqların təminatı kimi cinayət, inzibati və digər repressiv və preventiv hüquq sahələrinin qoruyucu normalarının mövcudluğunu da nəzərdə tutur. Belə ki, hər bir dövlət orqanı öz səlahiyyətləri çərçivəsində insan hüquq və azadlıqlarını qorumaq şərti ilə qanunçuluğu təmin etməlidir.

İnzibati idarəçilik sahəsində inzibati münasibətlərin qoruyucu normaları İXM-də əks olunmuşdur. İXM-in maddi normaları xəta növünü müəyyən etməklə inzibati idarəçilik sahəsində hər bir subyektin hüquq və qanuni maraqlarını təmin edir. İnzibati xətalar (inzibati-delikt) qanunvericiliyi səlahiyyətli orqanla fiziki və hüquqi şəxslər arasında inzibati xətalarla bağlı yaranan mübahisələri tənzimləyir və bu münasibətlərdə əsas subyekt kimi səlahiyyətli dövlət orqanı çıxış edir.

Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariya-epidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (İXM-in 2-ci maddəsi).

İnzibati xətalar sahəsində yaranan münasibətlər təbiətinə görə repressiv və preventiv xarakter daşıyır. İlk növbədə ona görə ki, səlahiyyətli orqan (vəzifəli şəxs) xəta törətmiş subyektə qarşı məsuliyyət tədbirlərini tətbiq edərkən inzibati xarakterli məcburetmə səlahiyyətlərinə malikdir.

İnzibati xətalar qanunvericiliyi (inzibati-delikt hüququ) təbiətinə görə cinayət qanunvericiliyinə daha yaxındır. Bu hüquq sahələri müəyyən etdikləri qanun pozuntularının ictimai təhlükəlilik dərəcəsinə görə fərqlənir. İnzibati-delikt normalarının cinayət qanunvericiliyi normalarından fərqi birincinin nisbətən yüngül ictimai təhlükəli əməlləri qadağan etməsi ilə əlaqədardır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) inzibati xəta və ya intizam pozuntusu ilə bağlı tətbiq olunan müəyyən tənbeh növlərini onların ağırlıq dərəcəsinə görə cinayət məsuliyyəti ilə eyniləşdirir.

Avropa Məhkəməsi Engel və digərləri Niderlanda qarşı iş üzrə 8 iyun 1976-cı il tarixli Qərarında hər hansı bir cəzanın cinayət cəzası sayıla bilməsinə dair üç ünsürlü yanaşma tələbini müəyyən etmişdir. Lutz Almaniyaya qarşı iş üzrə 25 avqust 1987-ci il tarixli Qərarda isə qeyd edilmişdir ki, məhkəmə cəzanın xarakteri (ağırlığı) və növünə görə onun cinayət məsuliyyətli olub-olmamasını müəyyən edə bilər. Avropa Məhkəməsi bu qərarlarında cəzanın ağırlığına görə inzibati və ya cinayət məsuliyyəti olduğunu göstərərkən xəta ilə cinayətin oxşarlığını qeyd edir.

Cinayət və ya inzibati xəta ilə əlaqədar təqibi həyata keçirən səlahiyyətli orqanlar müvafiq qaydada cinayət və ya inzibati xətalar haqqında işlər üzrə ittiham tərəfi hesab edilirlər.

Səlahiyyətli orqanlar inzibati xəta törədən şəxsləri inzibati məsuliyyətə cəlb etməklə ictimai (publik) maraqların qorunmasına xidmət edirlər. İctimai (publik) maraqların təmin edilməsi isə digər şəxslərin hüquq və azadlıqlarının müdafiəsi deməkdir. Məhz bu baxımdan səlahiyyətli dövlət orqanları ictimai (publik) maraqların qorunması məqsədilə qanuni tədbirlər görmək və inzibati tənbeh tətbiq etmək səlahiyyətinə malikdirlər.

İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan orqanlar (vəzifəli şəxslər) İXM-in 357-ci maddəsində göstərilmişdir. Həmin maddəyə əsasən inzibati xətalar haqqında işlərə rayon (şəhər) məhkəmələri, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar (kollegial orqan), habelə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, Mərkəzi Bankı, Mərkəzi Bank yanında Maliyyə Monitorinqi Xidməti (vəzifəli şəxslər) baxırlar.

İXM-in həmin maddəsində göstərilən orqanlar və vəzifəli şəxslərdən fərqli olaraq, rayon (şəhər) məhkəmələri tərəfindən nisbətən ağır sanksiya (tənbeh) ilə nəticələnən inzibati xətalara dair işlərə baxılır. İXM-in 360.1-ci maddəsi rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işləri nəzərdə tutan normaları göstərir. Həmin maddədə nəzərdə tutulmuş hallarda inzibati xətalar haqqında işlərə baxmaq hüququ təkcə səlahiyyətli orqanlara (vəzifəli şəxslərə) deyil, habelə məhkəmələrə də aid olduqda icraatına inzibati xətalar haqqında işlər daxil olmuş səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xətalar haqqında işlər baxılması üçün məhkəməyə göndərildikdə, bu işlərə məhkəmələr tərəfindən baxılır (İXM-in 360.2-ci maddəsi). İnzibati xətalar haqqında işlər üzrə qərarlarla bağlı məsələlər məhkəmədə həll olunduğu halda inzibati tənbehin tətbiqi və ya hər hansı inzibati protokolun tələbləri əsassız sayılaraq inzibati icraata xitam verilə və inzibati qaydada ittiham olunan şəxsə bəraət qazandırıla bilər.

İnzibati xətalar haqqında işlər üzrə icraat ümumi qaydada xüsusi mərhələlərlə aparılır. Bu mərhələlərə aşağıdakıları aid etmək olar:

• inzibati xətalar haqqında işlər üzrə icraata başlanılması;

• inzibati araşdırma;

• protokola (prokurorun qərarına) baxılması;

• inzibati xətalar haqqında işlərə apellyasiya qaydasında baxılması;

• qərarın icrası (inzibati tənbehin tətbiqinə dair icraat).

Nəzərə alınmalıdır ki, qeyd edilən təsnifat ümumi xarakter daşıyır və bu mərhələlər sadələşdirilmiş icraata mütləq (tam) qaydada şamil edilmir.

İnzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasının səbəbləri və əsasları İXM-in 409-cu maddəsində müəyyən edilmişdir. Bu səbəblər sırasında fiziki şəxsin ərizəsi də nəzərdə tutulur (İXM-in 409.1.3-cü maddəsi). İXM-in 409.2-ci maddəsində isə qeyd edilir ki, ərizələrdə inzibati xətanın əlamətlərini göstərən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır.

İXM-in 409.4-cü maddəsi inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının mütləq olan şərtlərini müəyyən edir. Bunlara aşağıdakılar aiddir:

• İXM-in 396-cı maddəsində nəzərdə tutulan tədbirləri tətbiq etmə haqqında ilk protokolun tərtib edilməsi;

• inzibati xəta haqqında protokolun tərtib edilməsi, yaxud inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında prokuror tərəfindən qərarın qəbul edilməsi;

• inzibati xəta haqqında iş üzrə icraatın inzibati araşdırılması zəruri hesab edildiyi hallarda inzibati xəta haqqında iş üzrə icraata başlama haqqında qərardadın qəbul edilməsi.

Beləliklə, inzibati xəta haqqında iş üzrə icraatın başlanmasının əsas şərti səlahiyyətli orqan tərəfindən protokolun tərtib edilməsi və ya prokuror tərəfindən qərar qəbul edilməsidir. İXM-in 410.1-ci maddəsində birbaşa qeyd edilir ki, İXM-in 368-ci maddəsi istisna olmaqla, digər hallarda inzibati xətanın törədildiyi halda protokol tərtib edilir. Bu norma ilə inzibati xətalar haqqında qanunvericilik istisna hal kimi prokuror nəzarəti qaydasında prokurora ittiham tərəfi qismində inzibati xətalar haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmək səlahiyyətini verir. Belə ki, İXM-in 368.2-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir.

İXM-in 414-cü maddəsinə görə inzibati xəta haqqında protokol (prokurorun qərarı) tərtib edildiyi vaxtdan 48 saatadək müddətində hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə), inzibati həbs nəzərdə tutan inzibati xəta haqqında işlərdə isə dərhal baxılması üçün yalnız hakimə göndərilir.

Beləliklə, inzibati xətalar haqqında işlər üzrə icraatın başlanmasını və inzibati araşdırmanın keçirilməsini təsdiqləyən əsas element inzibati protokolun mövcudluğudur. İXM-in 410-cu maddəsinə əsasən protokolda bu sənədin tərtib edildiyi tarix və yer; protokolu tərtib etmiş şəxsin vəzifəsi, soyadı, adı, atasının adı; barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat; inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və s. məlumatlar göstərilir. İnzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) vacib prosessual sənəddir. Belə ki, xəta törədilməsi ilə əlaqədar inzibati məsuliyyətə cəlb edilməsinə dair ittiham məhz inzibati protokol (prokurorun qərarı) əsasında yaranır. Bu prosessual sənəd olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti, yəni inzibati xətaya dair işə baxılması mərhələsinə keçmək mümkün deyil.

İnzibati xətalar haqqında işlər üzrə icraatın mərhələləri hər bir xəta üzrə subyektin inzibati məsuliyyətə cəlb edilməsi prosesinə aiddir. Buna əsaslanaraq qeyd etmək lazımdır ki, İXM-in 332.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törədildiyi halda, inzibati xəta haqqında protokol tərtib edilmədən icraatın başlanılması üçün həmin Məcəllənin 360-cı maddəsinin tələblərinə müvafiq olaraq birbaşa rayon (şəhər) məhkəməsinə müraciət edilə bilməz.

İXM-in 332.1-ci maddəsinə əsasən vətəndaşlara onların şəxsiyyət vəsiqələrinin və ya pasportların verilməsindən əsassız imtina edilməsinə, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsinə və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsinə, qanunsuz alınmasına və ya girov götürülməsinə görə səksən beş manatdan doxsan manatadək miqdarda cərimə nəzərdə tutulur.

İXM-in qeyd edilən maddəsinin məzmunundan aydın olur ki, xətanın obyektiv tərəfi şəxsiyyət vəsiqələrinin və ya pasportlarının verilməsindən əsassız imtina edilməsi, verilməsi üçün qanunla nəzərdə tutulmayan əlavə sənədlər tələb edilməsi və ya onların verilməsində (dəyişdirilməsində), habelə vətəndaşın şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısındakı məlumatların dəyişdirilməsində süründürməçiliyə yol verilməsi, qanunsuz alınması və ya girov götürülməsində ifadə olunur. Bu xətanın subyektiv tərəfi isə əməlin qəsdən törədilməsində ifadə olunur. Həmin maddənin dispozisiyasından aydın görünür ki, qeyd edilən hərəkət və ya hərəkətsizlik yalnız vəzifəli şəxs tərəfindən törədildiyi halda məsuliyyət yaranır. Məhz buna əsaslanaraq İXM-in 332.1-ci maddəsinin subyekti xüsusi subyekt olaraq həmin Məcəllənin 16-cı maddəsi baxımından vəzifəli şəxs hesab edilir.

Məsələn, “Pasportlar haqqında” Azərbaycan Respublikasının 1994-cü il 14 iyun tarixli Qanununun 3-cü maddəsinin dördüncü hissəsində qeyd edilir ki, pasport Azərbaycan Respublikasının mülkiyyətidir, onun vətəndaşdan alınması və ya girov götürülməsi Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan hallar istisna olunmaqla qəti qadağandır.

Həmin Qanunun 16-cı maddəsində isə pasportların qorunması məqsədi ilə məsuliyyətin ümumi şərtləri müəyyən edilərək qeyd edilir ki, pasporta yalan məlumatlar daxil edildikdə, pasport itirildikdə, qəsdən korlandıqda, oğurlandıqda, saxtalaşdırıldıqda, satıldıqda, qanunsuz hazırlandıqda və ya istifadə edildikdə təqsirli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada inzibati və cinayət məsuliyyəti daşıyırlar. Bu tələb isə ümumi subyektə aid edilir və müvafiq qanunvericiliklə təmin edilir.

Azərbaycan Respublikasının Cinayət Məcəlləsində (bundan sonra – CM) və İXM-də şəxsiyyət vəsiqəsinin, pasportun və ya şəxsiyyəti təsdiq edən digər rəsmi sənədin itirilməsinə, qəsdən korlanmasına, girov götürülməsinə, saxlanmasına, oğurlanmasına və ya sənədlərlə bağlı digər qanunsuz hərəkətləri törətməyə görə ümumi subyekti nəzərdə tutan müvafiq olaraq inzibati xəta və cinayət növləri mövcuddur. Məsələn, CM-in 144-3.4 və 326.2-ci və İXM-in 331-ci maddələrində nəzərdə tutulan qanuna zidd əməllərə görə hüquqi məsuliyyəti müvafiq yaş həddinə çatmış, anlaqlı olan ümumi subyekt daşıyır. Bu inzibati xəta və cinayət növlərinin dispozisiyaları qanunsuz əməlin törədilməsində ümumi subyekti nəzərdə tutur və onlara dair işlərə baxmağa səlahiyyətli olan dövlət orqanları (vəzifəli şəxslər) müvafiq qanunvericiliklə tənzimlənir.

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 avqust tarixli Fərmanının 3.54-cü bəndində səlahiyyət bölgüsü aparılaraq müəyyən edilmişdir ki, İXM-in 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi (şəxsiyyət vəsiqəsi, pasport və Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə aid hissədə), Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (pasport və Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinə aid hissədə), Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti (Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılmasına dair qərar və Azərbaycan Respublikasının ərazisində müvəqqəti və ya daimi yaşamaq üçün sənədlərə aid hissədə) və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası (dənizçinin şəxsiyyət sənədinə aid hissədə) baxırlar.

“İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 28 sentyabr tarixli Fərmanının 2.5-1-ci bəndində isə qeyd edilmişdir ki, İXM-in 331-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə - şəhər, rayon polis idarələrinin (şöbələrinin) və ərazi polis bölmələrinin rəisləri, onların müavinləri, pasport, qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbələrinin, bölmələrinin, qruplarının rəisləri, baş inspektorları və inspektorları baxırlar.

Göründüyü kimi, Azərbaycan Respublikası Prezidentinin yuxarıda qeyd edilən Fərmanlarında İXM-də nəzərdə tutulan inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan dövlət orqanlarının və vəzifəli şəxslərin dairəsi müəyyən edilmişdir. Hər iki Fərmanda İXM-in 332-ci maddəsinə aid səlahiyyət bölgüsü nəzərdə tutulmamışdır. Yalnız İXM-in 360.1-ci maddəsində rayon (şəhər) məhkəmələri tərəfindən baxılan inzibati xətalar haqqında işlərin sırasında İXM-in 332-ci maddəsi nəzərdə tutulmuşdur.

Qeyd edildiyi kimi, İXM-in 368.2-ci maddəsinə əsasən prokuror inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar qəbul etmək, inzibati xətalar haqqında işlərin baxılmasında iştirak etmək, işin baxılması zamanı baş verən məsələlər üzrə rəy və ya vəsatət vermək, inzibati xəta haqqında iş üzrə qəbul edilən qərardan və ya qərardaddan protest vermək hüququna malikdir. Prokuror tərəfindən inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında qərar İXM-in 411-ci maddəsində müəyyən edilmiş müddətdə qəbul edilir və qərarda həmin Məcəllənin 410-cu maddəsində olan məlumatlar göstərilir (İXM-in 368.3-cü maddəsi). Bununla da, İXM-in 368.3-cü maddəsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması haqqında prokurorun qərarına İXM-in 410 və 411-ci maddələrinə müvafiq inzibati xəta haqqında protokola qoyulan tələbləri və həmin protokolun tərtib edilməsi müddətlərini şamil edir.

Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu inzibati xətalar haqqında qanunvericiliyə əsaslanaraq qeyd edir ki, İXM-in 332.1-ci maddəsi üzrə inzibati xətalar haqqında işlər üzrə icraatın başlanması prokurorun səlahiyyətinə aiddir.

Qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- İXM-in 332.1-ci maddəsinin məzmununa və mənasına uyğun olaraq, bu maddədə nəzərdə tutulmuş inzibati xətanın subyekti vəzifəli şəxs hesab edilir;

- İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə şikayət əsasında icraatın başlanması prokurorun səlahiyyətinə aiddir;

- İXM-in 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda, inzibati xəta haqqında prokurorun qərarı olmadan həmin Məcəllənin 360-cı maddəsinin tələblərinə müvafiq olaraq birbaşa rayon (şəhər) məhkəməsinə şikayət verilə bilməz.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA ALDI:

 

1. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsinin məzmununa və mənasına uyğun olaraq, bu maddədə nəzərdə tutulmuş inzibati xətanın subyekti vəzifəli şəxs hesab edilir.

2. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlər üzrə şikayət əsasında icraatın başlanması prokurorun səlahiyyətinə aiddir.

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 332.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədildiyi halda, inzibati xəta haqqında prokurorun qərarı olmadan həmin Məcəllənin 360-cı maddəsinin tələblərinə müvafiq olaraq birbaşa rayon (şəhər) məhkəməsinə şikayət verilə bilməz.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində, “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

Sədr         Fərhad Abdullayev

21 апреля 2015, 09:04

http://www.azertag.net

521—530 из 3607

31 декабря 2020, 15:12

Закон Азербайджанской Республики О прожиточном минимуме в Азербайджанской Республике на 2021 год   подробно...

31 декабря 2020, 15:12

Распоряжение Президента Азербайджанской Республики О награждении сотрудников Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики   подробно...

29 декабря 2020, 20:12

Распоряжение Президента Азербайджанской Республики О мерах по реализации пилотного проекта по строительству ветряной электростанции с установленной мощностью 240 МВт   подробно...

26 декабря 2020, 23:12

Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики медалью «За освобождение Джебраила»   подробно...

22 декабря 2020, 20:12

Распоряжение Президента Азербайджанской Республики О призыве с 1 по 30 января 2021 года граждан Азербайджанской Республики на срочную действительную военную службу   подробно...

16 декабря 2020, 19:12

Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики медалью «За Отчизну»   подробно...

16 декабря 2020, 19:12

Распоряжение Президента Азербайджанской Республики О присвоении сотрудникам Министерства по чрезвычайным ситуациям Азербайджанской Республики высшего воинского и высшего специального званий   подробно...

16 декабря 2020, 19:12

Распоряжение Президента Азербайджанской Республики Об отзыве Э.Т.Абдуллаева с должности чрезвычайного и полномочного посла Азербайджанской Республики в Федеративной Демократической Республике Эфиопия, Республике Кения, Республике Джибути и Республике Руанда, одновременно с должности постоянного представителя Азербайджанской Республики при Африканском союзе и отделении ООН в городе Найроби   подробно...

16 декабря 2020, 19:12

Распоряжение Президента Азербайджанской Республики О назначении Э.Т.Абдуллаева постоянным представителем Азербайджанской Республики при ЮНЕСКО   подробно...

16 декабря 2020, 19:12

Распоряжение Президента Азербайджанской Республики О награждении военнослужащих Вооруженных сил Азербайджанской Республики   подробно...