"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
QƏRAR
№ 3
Bakı şəhəri, 14 yanvar 2014-cü il
"Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikası Gömrük Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respubli-kası Qanununun tətbiqi barədə" 2011-ci il 15 sentyabr tarixli 499 nömrəli Fərmanının 1.2.7-ci və "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə" 2013-cü il 4 iyul tarixli 936 nömrəli Fərmanının 1.1.3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti QƏRARA ALIR:
1. "Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi Qaydaları" təsdiq edilsin (əlavə olunur).
2. "Malın mənşə ölkəsinin təyin edilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 29 noyabr tarixli 190 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1188; 2010, № 12, maddə 1122) ləğv edilsin.
Azərbaycan Respublikasının Baş naziri Artur Rasi-zadə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 14 yanvar tarixli 3 nömrəli qərarı ilə təsdiq edilmişdir
Malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi
QAYDALARI
1. Ümumi müddəa
1.1. Bu Qaydalar Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin (bundan sonra - Gömrük Məcəlləsi) 222.5-ci və 223.4-cü maddələrinə, habelə "Gömrük tarifi haqqında" Azərbaycan Respublikası Qanununun 19.6-cı maddəsinə uyğun olaraq hazırlanmışdır və malların preferensial və qeyri-preferensial mənşəyinin müəyyən edilməsi qaydalarını müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydaların məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
2.1.1. franko-zavod şərtilə qiymət - franko-zavod şərtlərinə uyğun olaraq malın sonuncu emala məruz qaldığı müəssisənin istehsalçısına ödənilməli olan qiymət. Franko-zavod şərti istehsalçı tərəfindən mal partiyasının malın istehsal olunduğu yerdə və ya anbarda alıcının sərəncamına verilməsidir (malın istehsal olunduğu yerdən və ya anbardan təyinat yerinə qədər daşınması və sığorta xərclərini isə alıcı daşıyır).
2.1.2. malın kifayət qədər emal meyarı - malın istehsalında iki və daha çox ölkənin iştirak etdiyi halda, ona xarakterik xüsusiyyətlərin verilməsi ilə sonuncu dəfə əhəmiyyətli emala məruz qaldığı ölkəni malın mənşə ölkəsi kimi müəyyən edən emal meyarı;
2.1.3. malın mənşə ölkəsi - gömrük tarifinin, miqdar məhdudiyyətlərinin, yaxud ticarətə aid digər tədbirlərin tətbiqi üçün nəzərdə tutulmuş meyarlara uyğun olaraq, malın tamamilə istehsal və ya kifayət qədər emal edildiyi ölkə.
3. Malların qeyri-preferensial mənşəyi
3.1. Malların qeyri-preferensial mənşəyinin müəyyən edilməsinin məqsədi onlar barəsində gömrük tarifini, mallarla ticarətin xüsusi sahələrini tənzimləyən tədbirləri və malların qeyri-preferensial mənşəyi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş digər tədbirləri tətbiq etməkdir.
3.2. Tamamilə bir ölkədə və ya ərazidə istehsal edilmiş mallar həmin ölkə və ya ərazi mənşəli mallar hesab olunur.
3.3. İstehsalında birdən çox ölkənin iştirak etdiyi mallar həmin malların son dəfə əhəmiyyətli dərəcədə dəyişikliyə məruz qaldığı ölkə mənşəli mallar hesab edilir.
4. Malların preferensial mənşəyi
4.1. Gömrük Məcəlləsinin 218.2.4-cü və 218.2.5-ci maddələrində nəzərdə tutulmuş preferensial tarif tədbirlərindən və ya qeyri-tarif preferensial tədbirlərindən istifadə etmək üçün malların preferensial mənşəyi bu Qaydaların 10-cu hissəsinə uyğun olaraq təsdiq edilməlidir.
4.2. Azərbaycan Respublikasının müəyyən ölkələrlə və ya beynəlxalq təşkilatlarla bağladığı beynəlxalq müqavilələrdə göstərilən preferensial tədbirlərin şamil edildiyi mallar üzrə preferensial mənşə qaydaları həmin müqavilələrdə öz əksini tapır.
4.3. Gömrük orqanları Azərbaycan Respublikasının xarici ölkələrə və ya beynəlxalq təşkilatın üzv ölkələrinə birtərəfli qaydada qəbul etdiyi preferensial tədbirlərin şamil olunduğu mallara münasibətdə bu Qaydaların 5-ci-12-ci hissələrində nəzərdə tutulan tələbləri tətbiq edirlər.
5. Malların mənşəyinin yoxlanılması
5.1. Gömrük orqanları malların gömrük bəyannaməsində göstərilən mənşəyini təsdiq edən sənədin təqdim olunmasını bəyannaməçidən tələb etmək hüququna malikdir.
5.2. Gömrük rəsmiləşdirilməsi zamanı gömrük orqanlarına təqdim olunan gömrük bəyannaməsində və digər sənədlərdə göstərilən məlumatların malların mənşəyinə uyğunluğunun yoxlanılması gömrük bəyannaməsinin təsdiq edildiyi, sənədlərin və malların isə təqdim edildiyi vaxtdan 3 (üç) gündən gec olmayaraq həyata keçirilir.
5.3. Malların mənşəyinin gömrük bəyannaməsində göstərilən məlumatlara uyğunluğunu müəyyən etmək məqsədi ilə onların fiziki yoxlanılması üzrə gömrük orqanları tərəfindən malların yoxlanılması həyata keçirilir.
5.4. Gömrük orqanlarının vəzifəli şəxsləri gömrük ərazisinə daxil olan və ya bu ərazini tərk edən, Gömrük Məcəlləsində nəzərdə tutulmuş müvafiq prosedurlardan keçdiyi ərazidə və ya malların müvəqqəti saxlandığı ərazidə olan şəxsləri Gömrük Məcəlləsinin 92.2.5-ci maddəsinə müvafiq olaraq malların mənşə ölkəsi barədə sorğu-sual etmək hüququna malikdirlər.
5.5. Gömrük rəsmiləşdirilməsi üçün təqdim olunan malların adlar və növlər üzrə ayrı-ayrı qablaşdırılmaması gömrük orqanlarına malların mənşəyi haqqında məlumatın düzgünlüyünün yoxlanılmasına imkan vermirsə, bu Qaydaların 5.2-ci bəndində nəzərdə tutulan müddət mallar barəsində səlahiyyəti olan şəxslər və ya onların nümayəndələri tərəfindən malların adlar və növlər üzrə ayrılması üçün tələb olunan müddətədək gömrük orqanının qərarı ilə uzadılır. Bu müddət 7 (yeddi) gündən çox olmamalıdır.
5.6. Yoxlamanın nəticələri malların yerləşdirildiyi müvafiq gömrük prosedurunun tətbiqi üçün istifadə edilir.
6. Müəyyən ölkədə tam istehsal olunmuş mallar
6.1. Hər hansı ölkədə tam istehsal olunmuş mallar aşağıdakılar hesab edilir:
6.1.1. həmin ölkəyə aid olan yerin təkindən, onun dəniz ərazisindən (ölkənin digər su hövzələrindən) və ya onun dibindən, yaxud həmin ölkə ərazisindəki atmosfer havasından hasil edilmiş təbii ehtiyatlar (faydalı qazıntılar və mineral məhsullar, su, torpaq və hava resursları);
6.1.2. həmin ölkədə becərilmiş və ya yığılmış bitki mənşəli məhsullar (bütün bitki mənşəli məhsullar, həmçinin meyvələr, tərəvəzlər, ağaclar, dəniz bitkiləri, göbələklər);
6.1.3. həmin ölkədə doğulmuş və bəslənilmiş heyvanlar (bütün diri heyvanlar, həmçinin məməlilər, quşlar, xərçəngkimilər, sürünənlər, bakteriyalar və viruslar);
6.1.4. həmin ölkədə bəslənilmiş heyvanlardan əldə olunan məhsullar (sonrakı emala məruz qalmayan diri heyvanlardan alınan məhsullar, həmçinin süd, yumurta, arı balı, tük, yun, toxum və üzvi gübrələr);
6.1.5. həmin ölkədə əldə olunan ovçuluq, balıqçılıq və dəniz vətəgəsi məhsulları;
6.1.6. həmin ölkənin gəmiləri və ya onun icarəyə (fraxta) götürdüyü gəmilər vasitəsilə əldə olunan dəniz məhsulları;
6.1.7. bu Qaydaların 6.1.6-cı yarımbəndində göstərilən məhsullardan həmin ölkənin emal gəmilərinin bortunda əldə olunan məhsullar;
6.1.8. dəniz dibinin və ya dəniz təkinin istismarına həmin ölkənin müstəsna hüquqa malik olması şərtilə, həmin ölkənin ərazi dənizi hüdudlarından kənarda dənizin dibindən və dənizin təkindən əldə olunan məhsullar;
6.1.9. həmin ölkəyə məxsus və ya onun tərəfindən icarəyə götürülmüş kosmik gəmilər vasitəsilə açıq kosmosda alınmış yüksək texnologiya məhsulları;
6.1.10. istehsalat və ya təkrar emal üzrə digər əməliyyatlar nəticəsində əldə olunan tullantılar və qırıntılar (təkrar xammal), həmçinin həmin ölkədə yığılmış, istifadə olunmuş və yalnız xammala təkrar emal edilmək üçün yararlı hesab edilən məmulatlar (sənaye, kimya, emal, kənd təsərrüfatı emalı, tikinti işləri);
6.1.11. bu Qaydaların 6.1.1-ci-6.1.10-cu yarımbəndlərində göstərilən məhsullardan istehsal olunan mallar.
7. Kifayət qədər emal meyarı
7.1. İstehsalında iki və daha çox ölkə iştirak etdiyi halda, malın mənşə ölkəsi kifayət qədər emal meyarı əsasında müəyyən olunur.
7.2. Kifayət qədər emal meyarı aşağıdakı şərtlərin yerinə yetirilməsi ilə ifadə olunur:
7.2.1. həmin ölkə ərazisində emal nəticəsində malın xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (bundan sonra - XİFMN) üzrə mövqeyində ilk dörd rəqəmdən ən azı birinin səviyyəsində mal mövqeyinin (malın təsnifat kodunun) dəyişməsi;
7.2.2. həmin ölkə ərazisində kifayət qədər istehsal əməliyyatlarının və ya texnoloji əməliyyatların yerinə yetirilməsi nəticəsində tamamilə və ya qismən dəyişdirilməklə, XİFMN üzrə yeni mal koduna məxsus malın yaradılması;
7.2.3. xarici mənşəli materialların dəyəri son məhsulun qiymətində müəyyən edilmiş faiz payına bərabər olduğu halda bu Qaydaların 7.3-cü bəndinə uyğun olaraq advalor pay qaydasının tətbiq olunması.
7.3. Advalor pay qaydası tətbiq olunduğu hallarda qiymətlər aşağıdakı kimi hesablanır:
7.3.1. xarici mənşəli materiallar üçün - məhsul istehsalını həyata keçirən ölkəyə materiallar idxal edildikdə, onların gömrük dəyəri və ya mənşəyi barədə məlumat olmadıqda, məhsul istehsalını həyata keçirən ölkə ərazisində bu materialların sənədlə təsdiq edilmiş ilk satış qiymətinə əsasən;
7.3.2. son məhsul üçün - franko-zavod şərtilə qiymətə əsasən.
8. Kifayət qədər emal meyarına cavab verməyən əməliyyatlar
8.1. Malın kifayət qədər emalı meyarına cavab verməyən əməliyyatlar aşağıdakılardır:
8.1.1. adi işləmə formalarına məruz qalmaqla malların qorunması, xarici görünüşünün və keyfiyyətinin yaxşılaşdırılması, satış və daşınma üçün hazırlanması (mal partiyasının bölünməsi, malların göndərilməsi üçün formalaşdırılması, çeşidlənməsi və yenidən qablaşdırılması);
8.1.2. malların sökülməsi, yığılması, süzülməsi, bankalara, flakonlara, torbalara, yeşiklərə, qutulara çəkilib-qablaşdırılması və qablaşdırmaya dair digər sadə əməliyyatların yerinə yetirilməsi;
8.1.3. boyama və ya pardaqlama üzrə əməliyyatların yerinə yetirilməsi;
8.1.4. dənli bitkilərin və düyünün qabıqdan çıxarılması, qismən və ya tam ağardılması, cilalanması və pardaqlanması;
8.1.5. şəkərin boyanması və ya tikə qəndin formalaşdırılması üzrə əməliyyatların yerinə yetirilməsi;
8.1.6. meyvələrin, tərəvəzlərin və qoz-fındıqların qabıqdan təmizlənməsi, toxumlarının çıxarılması və doğranılması;
8.1.7. əldə olunan komponentlərin ilkin maldan əhəmiyyətli dərəcədə fərqlənməsinə səbəb olmayan itilənməsi, üyüdülməsi, kəsilməsi, komponentlərə bölünməsi;
8.1.8. malların ələkdən və ya xəlbirdən keçirilməsi, çeşidlənməsi, seçilməsi, ayrılması (o cümlədən, məmulatların dəstinin tərtib edilməsi);
8.1.9. heyvanların kəsilməsi və ətinin doğranılması (çeşidlənməsi);
8.1.10. bu Qaydaların 8.1.1-ci-8.1.9-cu yarımbəndlərində qeyd olunan iki və ya daha çox əməliyyatın kombinasiyasının həyata keçirilməsi.
9. Malın mənşəyi ilə bağlı xüsusi hallar
9.1. Məhsul dəstlərinin mənşəyinin müəyyən edilməsi zamanı dəstin tərkibinə daxil edilmiş hər bir ayrı-ayrı elementə kifayət qədər emal meyarının tətbiqi obyekti kimi baxılır.
9.2. XİFMN-ə müvafiq olaraq, bir neçə maldan və ya hissələrdən yığılmış vahid mal kimi təsnif edilən məhsula kifayət qədər emal meyarının tətbiq edildiyi vahid mal kimi baxılır.
9.3. Mal partiyası XİFMN-in mal mövqeyində eyni təsnifata aid edilmiş məhsullardan ibarətdirsə, bu zaman hər bir məhsula kifayət qədər emal meyarının tətbiq edilməsi məqsədi ilə ayrı-ayrılıqda baxılır.
9.4. Qablaşdırma içində olan məhsullarla birlikdə təsnif edilirsə, onda malın mənşəyinin müəyyən edilməsi zamanı qablaşdırmaya həmin malın tərkib hissəsi kimi baxılır.
9.5. Malların mənşə ölkəsinin müəyyən olunması zamanı aşağıdakı hallarda sökülmüş və ya yığılmamış şəkildə olan mallara bəyannaməçinin istəyinə əsasən vahid mal kimi baxılır:
9.5.1. istehsalat və ya daşınma şərtlərinə əsasən malların bir partiyada yüklənməsi mümkün olmadıqda, onlar bir neçə partiyalarla göndərildikdə;
9.5.2. mal partiyası yanlış ünvanlanma və ya səhv nəticəsində bir neçə partiyalara bölündükdə.
9.6. Bu Qaydaların 9.5-ci bəndində qeyd edilən hallar aşağıdakı şərtlər daxilində tətbiq edilir:
9.6.1. bütün mal partiyaları eyni ölkədən bir ixracatçı tərəfindən göndərildikdə;
9.6.2. bütün mal partiyaları eyni gömrük orqanı tərəfindən rəsmiləşdirildikdə;
9.6.3. bütün mal partiyaları gömrük bəyannaməsinin təsdiq edildiyi vaxtdan 6 (altı) aydan çox olmayan müddətdə idxal edildikdə;
9.6.4. mal partiyası yanlış ünvanlanma və ya səhv nəticəsində bir neçə partiyalara bölünmüşdürsə, bu halı təsdiq edən sənəd təqdim edildikdə (bölünmənin səbəbi, XİFMN-ə əsasən malların kodu qeyd olunmaqla, hər bir partiyanın ətraflı təsviri, hər partiyaya daxil edilmiş malların qiyməti və mənşə ölkəsi).
9.7. Malların mənşə ölkəsinin müəyyən edilməsi zamanı onun istehsalında istifadə olunan istilik və elektrik enerjisinin, maşınların, avadanlıqların və alətlərin, həmçinin son məhsulun tərkibinə daxil olmayan və daxil edilmək üçün nəzərdə tutulmayan məhsulların mənşəyi nəzərə alınmır.
9.8. Maşınlarda, avadanlıqlarda, cihazlarda və ya nəqliyyat vasitələrində istifadə olunmaq üçün nəzərdə tutulan qurğular, ehtiyat hissələri və alətlər qeyd olunan maşınlar, avadanlıqlar, cihazlar və ya nəqliyyat vasitələri ilə bir komplektdə və həmin qurğularla eyni sayda idxal edilirsə, onların mənşə ölkələri həmin avadanlıqların və nəqliyyat vasitələrinin mənşəyi ilə eyni hesab olunur.
9.9. Gömrük ərazisinə idxal olunan malın üzərində olan qablaşdırmanın mənşə ölkəsi malın məxsus olduğu mənşə ölkəsi ilə eyni hesab edilir. Qablaşdırma maldan ayrı gömrük rəsmiləşdirilməsindən keçirildiyi halda, qablaşdırmanın mənşə ölkəsi ayrıca müəyyən olunur. Qablaşdırma gömrük ərazisində malla eyni mənşə ölkəsinə malik hesab edildikdə, malın mənşəyinin müəyyən edilməsi üçün yalnız pərakəndə ticarətdə satılan malın qablaşdırılması nəzərə alınır.
10. Malın mənşə ölkəsini təsdiq edən sertifikat
10.1. Gömrük orqanları aşağıdakı hallarda malların gömrük bəyannaməsində göstərilən mənşə ölkəsini təsdiq edən sertifikatın (bundan sonra - sertifikat) təqdim olunmasını bəyannaməçidən tələb etməlidir:
10.1.1. mənşəyi gömrük tarifinə görə Azərbaycan Respublikasının imtiyaz verdiyi ölkələrdən olan mallar olduqda;
10.1.2. müəyyən ölkədən gətirilməsi kəmiyyət məhdudiyyətləri (kvota) ilə və ya xarici iqtisadi fəaliyyətin digər üsulları ilə tənzimlənən mallar olduqda;
10.1.3. Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda.
10.2. Gömrük orqanları sertifikatla əlaqədar aşağıdakıları yoxlayırlar:
10.2.1. müvafiq ölkələrin mənşə sertifikatlarının blank nümunələrinin gömrük orqanlarında olan nümunələrlə eyniliyini;
10.2.2. sertifikatları təsdiq etmək hüququna malik olan şəxslərin imza nümunələrini;
10.2.3. səlahiyyətli orqanların möhürlərinin əksini;
10.2.4. səlahiyyətli orqanların adları və ünvanları barədə məlumatları.
10.3. Sertifikatın və ya onda qeyd olunan məlumatların düzgünlüyünə əsaslı şübhə yarandıqda, gömrük orqanları sertifikatı vermiş səlahiyyətli orqanlara və ya malın mənşə ölkəsi kimi göstərilmiş ölkənin digər səlahiyyətli orqanlarına əlavə və dəqiqləşdirici məlumatların verilməsi barədə müraciət edir.
10.4. Sertifikat itdiyi halda, onun rəsmi qaydada təsdiq olunmuş yeni sertifikat blankında dublikatı təqdim edilir.
10.5. Malın mənşəyi haqqında lazımi təsdiqedici və ya tələb olunan məlumatlar təqdim edilməyənədək, göstərilən ölkə malın mənşə ölkəsi hesab edilmir.
10.6. Sertifikat bir mal partiyası üçün qüvvədədir. Sertifikatın qüvvədə olma müddəti onun verildiyi gündən etibarən 1 (bir) ildir.
11. Sertifikatın tanınmaması üçün əsaslar
11.1. Gömrük orqanları tərəfindən aşağıdakı hallarda sertifikat tanınmır:
11.1.1. təqdim edilən sənəddə pozmalar, qaralamalar, təsdiq edilməmiş düzəlişlər mövcud olduqda və ya imzalar, yaxud möhürlər olmadıqda;
11.1.2. sertifikatdakı möhürlərin və ya şəxslərin imzalarının əksi, sertifikatı təsdiq etmək və vermək səlahiyyətinə malik orqanların ünvanları gömrük orqanlarında olan məlumatlarla uyğun olmadıqda;
11.1.3. sertifikatdakı məlumatlar bəyan edilənlərə uyğun olmadıqda və ya malın eyniləşdirilməsini həyata keçirməyə imkan vermədikdə;
11.1.4. sertifikatın blankı gömrük orqanlarında olan blank nümunələri ilə uyğun gəlmədikdə;
11.1.5. sertifikatda sertifikatı təqdimetmə səlahiyyətinə malik olan şəxslərin imzaları faksimil formada yerinə yetirildikdə;
11.1.6. sorğulanan sertifikatın həqiqiliyi barədə gömrük orqanlarına ixrac ölkəsinin və ya malların mənşə ölkəsinin səlahiyyətli orqanlarından 6 (altı) ay müddətində (ilkin sorğu tarixindən etibarən 3 (üç) ay və təkrar sorğu tarixindən etibarən 3 (üç) ay) cavab gəlmədikdə.
12. Yekun müddəalar
12.1. Azərbaycan Respublikasının qanunvericiliyinə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə əsasən, malları Azərbaycan Respubli-kasının ərazisinə buraxılmayan ölkəyə mənsub mallar olmasını təsdiq edən kifayət qədər əsaslar olduqda, gömrük orqanı həmin malların buraxılmasından imtina etməlidir.
12.2. Tələb olunan qaydada rəsmiləşdirilməmiş sertifikatın və ya malın mənşəyi haqqında məlumatın təqdim edilməməsi malın gömrük sərhədindən buraxılmasından imtina edilməsi üçün əsas ola bilməz.
12.3. Mənşəyi dəqiq müəyyən edilməmiş mallar Gömrük Məcəlləsinin 222.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlər tətbiq edilməklə gömrük sərhədindən buraxılır.
12.4. Malların mənşəyindən asılı olmayaraq, gömrük rəsmiləşdirilməsi eyni qaydada həyata keçirilir.
12.5. Gömrük Məcəlləsinin 214-cü və 215-ci maddələrində nəzərdə tutulan hallar istisna olmaqla, bəyannaməçi malları mənşə ölkəsindən asılı olmayaraq, istənilən gömrük proseduru altında yerləşdirə bilər.
12.6. Şəxs konkret mallar və əməliyyatlarla əlaqədar malların mənşə ölkəsini əvvəlcədən müəyyənləşdirmək məqsədi ilə gömrük orqanına yazılı formada müraciət edə bilər. Gömrük orqanları həmin müraciət əsasında bu mallar və əməliyyatlarla əlaqədar malların mənşə ölkəsinin müəyyən edilməsi baxımından Gömrük Məcəlləsinin 50-ci maddəsinə uyğun olaraq məcburi olan qərarlar qəbul edirlər.
28 января 2014, 11:01
11 ноября 2016, 09:11
О дополнительных мерах по строительству Гянджинской государственной филармонии подробно...
10 ноября 2016, 10:11
О создании Бакинского инженерного университета подробно...
10 ноября 2016, 10:11
О создании Парка высоких технологий Национальной Академии Наук Азербайджана (НАНА) подробно...
10 ноября 2016, 10:11
О назначении Р.Г.Бабаева главой Исполнительной власти Шахбузского района Нахчыванской Автономной Республики подробно...
10 ноября 2016, 10:11
Об освобождении Н.Б.Гулиева от должности главы Исполнительной власти Шахбузского района Нахчыванской Автономной Республики подробно...
10 ноября 2016, 10:11
Участникам IV Бакинской Международной театральной конференции на тему «Театр и мультикультурализм» подробно...
8 ноября 2016, 10:11
Об утверждении Меморандума взаимопонимания о сотрудничестве между Государственным агентством по оказанию услуг гражданам и социальным инновациям при Президенте Азербайджанской Республики и Министерством внутренних дел Республики Корея в области э-правительства и оказания государственных услуг подробно...
8 ноября 2016, 10:11
О награждении работников сельского хозяйства подробно...
8 ноября 2016, 10:11
О присвоении сотрудникам Азербайджанского государственного аграрного университета почетного звания «Заслуженный учитель» подробно...
8 ноября 2016, 10:11
О награждении группы работников Бакинского метрополитена медалью «Терегги» подробно...