Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında
Azərbaycan Respublikasının Qanunu
Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci və 20-ci bəndlərinə uyğun olaraq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin aşkar edilməsi, qarşısının alınması və ölkənin iqtisadi sistemindən qeyri-qanuni məqsədlər üçün istifadə olunma imkanlarını istisna edən şəraitin yaradılması, bu istiqamətdə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəliklərin yerinə yetirilməsi, habelə dövlətin və cəmiyyətin maraqlarının qorunması məqsədilə effektiv ölkədaxili və beynəlxalq əməkdaşlığın həyata keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir.
1-ci fəsil
ÜMUMİ MÜDDƏALAR
Maddə 1. Əsas anlayışlar
1.1. Bu Qanunun məqsədləri üçün istifadə olunmuş anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.1.1. cinayət yolu ilə əldə edilmiş əmlak – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi və ya qeyri-maddi əmlak nemətləri, o cümlədən virtual aktivlər və əmlaka mülkiyyət hüquqlarını və maraqlarını təsdiq edən hüquqi alətlər və sənədlər;
1.1.2. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması –Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayət;
1.1.3. terrorçuluğun maliyyələşdirilməsi – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-1-ci maddəsində nəzərdə tutulmuş cinayət;
1.1.4. predikativ cinayət – Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 193-1-ci maddəsində nəzərdə tutulmuş cinayətin predmeti ola bilən əmlakın əldə edilməsi ilə nəticələnən istənilən cinayət;
1.1.5. monitorinq – mənbəyi məlum olan məlumatlar və sənədlər əsasında maliyyə monitorinqi orqanı tərəfindən həyata keçirilən araşdırma tədbirləri;
1.1.6. maliyyə monitorinqi orqanı – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində vahid tənzimləməni və nəzarəti həyata keçirən, fəaliyyəti əlaqələndirən, habelə bu sahədə dövlət siyasətinin formalaşmasında iştirak edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);
1.1.7. öhdəlik daşıyan şəxslər – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə bu Qanunda nəzərdə tutulmuş tədbirləri həyata keçirmək öhdəliyi olan maliyyə institutları, eləcə də qeyri-maliyyə institutları və peşə sahibləri;
1.1.8. maliyyə institutları – kredit təşkilatları, həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan yerli və xarici sığortaçılar, təkrarsığortaçılar və sığorta vasitəçiləri, investisiya şirkətləri, investisiya fondları, bu fondların idarəçiləri, xarici investisiya fondlarının nümayəndəlikləri, mərkəzi depozitar, poçt rabitəsinin milli operatoru, lombardlar, maliyyə lizinqi xidmətləri göstərən şəxslər, virtual aktiv xidməti təminatçıları və valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər;
1.1.9. qeyri-maliyyə institutları və peşə sahibləri – rieltorlar, vəkillər, notariuslar, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər, belə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri;
1.1.10. rieltor – daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxs;
1.1.11. virtual aktiv – ödəniş və ya investisiya məqsədilə mübadilə vasitəsi kimi çıxış edən və virtual aktivlər dövriyyəsi sistemində mövcud olan dəyərin rəqəmsal ifadəsidir. Milli və xarici valyutanın, qiymətli kağızların, habelə törəmə maliyyə alətlərinin rəqəmsal qarşılığı virtual aktiv hesab edilmir;
1.1.12. virtual aktiv xidməti təminatçıları – virtual aktivlərin valyuta sərvətləri, milli valyuta və digər virtual aktivlərlə mübadiləsi, virtual aktivin saxlanılması üçün istifadə edilən virtual aktiv hesabından və ya cüzdanından virtual aktivin digər virtual aktiv hesabına və ya cüzdanına köçürülməsi və ya köçürmənin təşkil edilməsi, virtual aktivlərlə və ya virtual aktivlərə nəzarət etmək imkanı verən alətlərlə əməliyyatların aparılmasının (əqdlərin bağlanmasının) və ya onların saxlanılmasının təşkil edilməsi, virtual aktivlərin alışı, satışı, mübadiləsi, ilkin yerləşdirilməsi və ya saxlanılması ilə əlaqədar maliyyə xidmətlərinin göstərilməsi və ya göstərilməsində iştirak edilməsi fəaliyyətlərini müstəqil sahibkarlıq fəaliyyəti kimi həyata keçirən şəxslər;
1.1.13. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə tələblərə riayət edilməsi (bundan sonra – leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət) – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində hüquqi aktların tələblərinə riayət edilməsi;
1.1.14. maliyyə qrupu (holdinq) – qrupa daxil olan digər üzvlər üzərində qrup nəzarətinin tətbiqini və koordinasiyasını həyata keçirən hüquqi şəxs, o cümlədən qrup səviyyəsində cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində qayda və prosedurların tətbiq edildiyi filiallar və ya törəmə hüquqi şəxslərin məcmusu;
1.1.15. nəzarət orqanları – öhdəlik daşıyan şəxslər, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə nəzarəti həyata keçirən bu Qanunun 16-cı maddəsində nəzərdə tutulan orqanlar (qurumlar);
1.1.16. nəzarət tədbirləri – nəzarət orqanları və maliyyə monitorinqi orqanı tərəfindən öhdəlik daşıyan şəxslərə, habelə bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərə tətbiq edilən bütün növ yoxlama tədbirləri, o cümlədən nəzarət, araşdırma, müşahidə, təftiş, baxış və digər oxşar tədbirlər;
1.1.17. xarici hüquqi təsisat – xarici dövlətdə (ərazidə) qüvvədə olan qanunvericiliyə uyğun olaraq hüquqi şəxs yaratmadan təsis edilən və fiziki və ya hüquqi şəxs olan təsisçi tərəfindən benefisiarın və ya benefisiarlar qrupunun faydalanması və ya xüsusi məqsədlər çərçivəsində xarici hüquqi təsisat təminatçısının nəzarəti şərtilə və ya belə şərt olmadan əmlakın xarici hüquqi təsisat idarəçisinin mülkiyyətinə verilməsi ilə bağlı fəaliyyəti həyata keçirən trast və ya analoji xüsusiyyətlərə malik digər təsisat. Xarici hüquqi təsisatın təsisçisi, idarəçisi, təminatçısı, benefisiarı və ya benefisiarlar qrupu dedikdə xarici hüquqi təsisatın təsis sənədindən irəli gələn müvafiq hüquq və vəzifələri daşıyan şəxslər nəzərdə tutulur;
1.1.18. müştəri – öhdəlik daşıyan şəxslərin hər hansı xidmətindən istifadə edən şəxs və ya xarici hüquqi təsisat;
1.1.19. benefisiar mülkiyyətçi – son nəticədə müştəriyə nəzarəti həyata keçirən və ya hüquqi şəxs, yaxud xarici hüquqi təsisat olan müştərinin əsl sahibi olan və (və ya) xeyrinə əməliyyat aparılan və (və ya) əqdlər bağlanılan, habelə son nəticədə hüquqi şəxs və ya xarici hüquqi təsisat üzərində effektiv nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər);
1.1.20. mühüm iştirak payı – nizamnamə kapitalının, habelə səsvermə hüququnun 10 (on) və ya daha çox faizini təşkil edən, yaxud müqavilə əsasında iştirakçısı olduğu hüquqi şəxsin qərarlarının qəbul edilməsinə mühüm təsir göstərməyə imkan verən paya birbaşa və ya dolayı yolla sahiblik;
1.1.21. valyuta sərvətləri və milli valyuta – nağd milli və ya xarici valyuta, milli və xarici valyutada adsız sənədli qiymətli kağızlar, qiymətli metallar və qiymətli daşlar;
1.1.22. məlumat və sənədlər – yaranma tarixindən, təqdimat formasından və təsnifatından asılı olmayaraq öhdəlik daşıyan şəxslərin, bu Qanunun 12-ci maddəsi ilə müəyyən edilmiş şəxslərin, nəzarət orqanlarının, habelə digər dövlət orqanlarının (qurumların) fəaliyyəti nəticəsində əməliyyatlar (əqdlər) (bundan sonra – əməliyyatlar) və (və ya) işgüzar münasibətlər barədə yaranan, saxlanılan və ya qeydə alınan faktlar, rəylər, xəbərlər və ya digər xarakterli məlumatlar, kağız və ya elektron formada sənədlər. Bu anlayış, eyni zamanda, müxtəlif məlumat bazalarında yaradılan, saxlanılan, qeydə alınan, habelə internet və ya digər informasiya ehtiyatlarında toplanan faktları, xəbərləri və ya digər xarakterli məlumatları və ya sənədləri də əhatə edir;
1.1.23. elektron köçürmələr – maliyyə vəsaitlərinin fiziki və ya hüquqi şəxslər tərəfindən maliyyə institutlarının təqdim etdiyi elektron üsullarla (bank hesabı vasitəsilə, hesab açmadan və ya yeni ödəniş metodları ilə) vəsaiti alana (elektron köçürmə zamanı ödəyici və vəsaiti alan eyni şəxs ola bilər) çatdırılması məqsədilə aparılan transsərhəd və ya ölkədaxili əməliyyatlar. Ödəniş kartlarından istifadə etməklə məhsulların, xidmətlərin alışı zamanı bütün əməliyyat zənciri boyunca kartı müəyyən etməyə imkan verən unikal məlumatların ötürüldüyü köçürmələr və maliyyə institutları arasında öz məqsədləri üçün hesablaşmalar və köçürmələr elektron köçürmə hesab edilmir;
1.1.24. siyasi nüfuzlu şəxslər – hər hansı dövlətdə (ərazidə) və ya beynəlxalq təşkilatda mühüm dövlət və ya ictimai vəzifə tutan və ya əvvəllər belə vəzifəni tutmuş şəxslər (dövlət və hökumət başçıları, dövlət orqanlarının (qurumların) rəhbərləri, onların müavinləri, qanunverici orqanın üzvləri, siyasi partiyaların idarəetmə orqanlarının üzvləri, ali və konstitusiya məhkəmələrinin hakimləri, ali auditi həyata keçirən nəzarət orqanlarının və mərkəzi bankların idarəetmə orqanlarının üzvləri, fövqəladə və səlahiyyətli səfirlər, müvəqqəti işlər vəkilləri, ali hərbi və ali xüsusi rütbəli şəxslər, dövlət müəssisələrinin idarəetmə orqanlarının üzvləri, beynəlxalq təşkilatların rəhbərləri, onların müavinləri, idarəetmə orqanlarının üzvləri);
1.1.25. siyasi nüfuzlu şəxslərin yaxın qohumları – siyasi nüfuzlu şəxslərin valideynləri, babaları, nənələri, əri, arvadı, uşaqları, nəvələri, doğma və ögey qardaşları və bacıları, övladlığa götürənləri (götürülənləri);
1.1.26. siyasi nüfuzlu şəxslərin yaxın münasibətdə olduğu şəxslər – siyasi nüfuzlu şəxslə eyni hüquqi şəxs və ya xarici hüquqi təsisatın ortaq benefisiar mülkiyyətçisi olan və ya onunla istənilən digər sıx sahibkarlıq münasibətində olan fiziki şəxslər, siyasi nüfuzlu şəxslərin faktiki mənfəət əldə etməsi məqsədilə təsis edilmiş hüquqi şəxsin və ya xarici hüquqi təsisatın təsisçisi və ya benefisiar mülkiyyətçisi olan fiziki şəxslər və yaxud adlarına siyasi nüfuzlu şəxsə faktiki məxsus əmlaka hüquqların rəsmiləşdirildiyi şəxslər;
1.1.27. işgüzar münasibətlər – öhdəlik daşıyan şəxslərin peşəkar fəaliyyətinin həyata keçirilməsi zamanı öz müştəriləri ilə formalaşdırdıqları, tərəflərin qarşılıqlı hüquq və vəzifələrinə əsaslanan, birdəfəlik xarakter daşımayan peşəkar münasibətlər;
1.1.28. FATF – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına, terrorçuluğun maliyyələşdirilməsinə və kütləvi qırğın silahlarının yayılmasının maliyyələşdirilməsinə qarşı qlobal maliyyə sistemini qorumaq üçün müvafiq siyasətin formalaşdırılması və yayılmasını təmin edən müstəqil hökumətlərarası qurum;
1.1.29. Maliyyə monitorinqi orqanlarının Eqmont Qrupu – beynəlxalq miqyasda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə monitorinqi orqanları arasında məlumat və sənəd mübadiləsinin və texniki əməkdaşlığın, eləcə də bu qurumların fəaliyyət səmərəliliyinin və potensialının gücləndirilməsi məqsədilə yaradılan əməkdaşlıq şəbəkəsi;
1.1.30. yüksək riskli zonalar – cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində mötəbər mənbələr (beynəlxalq təşkilat və qurumlar tərəfindən dərc edilmiş qarşılıqlı qiymətləndirmə və ya təfsilatlı hesabatlar, habelə tərəqqi hesabatları) əsasında müəyyən edilmiş adekvat mübarizə sistemi olmayan, silahlı separatizmi, ekstremizmi, muzdluluğu və terror fəaliyyətini dəstəkləyən, maliyyə əməliyyatlarının aparılması zamanı eyniləşdirmə məlumat və sənədlərinin açıqlanmasını tələb etməyən və beynəlxalq təşkilatlar tərəfindən barəsində sanksiyalar və ya digər analoji tədbirlər tətbiq edilən dövlətlər və ya ərazilər.
Maddə 2. Bu Qanunun tətbiq dairəsi
2.1. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı əməllərin aşkar edilməsi və qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər, vətəndaşlığı olmayan şəxslər, hüquqi şəxslər, xarici hüquqi təsisatlar, habelə nəzarət orqanları və digər dövlət orqanları (qurumlar) arasındakı münasibətləri tənzimləyir.
2.2. Bu Qanun cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi ilə əlaqədar olan və Azərbaycan Respublikasının yurisdiksiyasından kənarda həyata keçirilən fəaliyyətə münasibətdə Azərbaycan Respublikasının götürdüyü beynəlxalq öhdəliklərə və tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun qaydada tətbiq olunur.
Maddə 3. Bu Qanunun tələblərinin qeyri-maliyyə institutları və peşə sahiblərinə tətbiq olunması
3.1. Bu Qanunun tələbləri qeyri-maliyyə institutları və peşə sahiblərinə münasibətdə aşağıdakı hallarda tətbiq olunur:
3.1.1. rieltorlar daşınmaz əmlakın alqı-satqısı üzrə əməliyyatlar apardıqda;
3.1.2. notariuslar, vəkillər, hüquq, mühasibat və vergi məsləhəti xidmətləri göstərən müstəqil şəxslər aşağıdakı əməliyyatları apardıqda və ya bu cür əməliyyatların aparılmasında iştirak etdikdə:
3.1.2.1. daşınmaz əmlakın alqı-satqısı;
3.1.2.2. müştərinin pul vəsaitlərinin, qiymətli kağızlarının və ya digər əmlakının idarə olunması;
3.1.2.3. müştərinin bank, depo, poçt, ödəniş və pul hesablarının idarə olunması;
3.1.2.4. hüquqi şəxslərin yaradılması, onların fəaliyyətinin təmin və idarə edilməsi, bu məqsədlərlə pul vəsaitlərinin toplanmasının təşkili, habelə hüquqi şəxslərin səhmlərinin və ya paylarının alqı-satqısı.
2-ci fəsil
CİNAYƏT YOLU İLƏ ƏLDƏ EDİLMİŞ ƏMLAKIN LEQALLAŞDIRILMASINA
VƏ TERRORÇULUĞUN MALİYYƏLƏŞDİRİLMƏSİNƏ QARŞI MÜBARİZƏ SAHƏSİNDƏ ÖNLƏYİCİ TƏDBİRLƏR
Maddə 4. Müştəri uyğunluğu tədbirləri
4.1. Maliyyə institutları uydurma adlarla və ya anonim hesablar açmamalı, sənədləri və əmlakı uydurma adlar istifadə edilməklə və ya anonim olaraq saxlanca qəbul etməməli (xüsusi otaqlarda və ya seyf qutularında saxlamamalı), anonim depozit sertifikatları buraxmamalı və anonim bank kitabçaları təqdim etməməlidirlər.
4.2. Öhdəlik daşıyan şəxslər aşağıdakı hallarda müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər:
4.2.1. işgüzar münasibətlərin yaradılmasından əvvəl;
4.2.2. iyirmi min manat məbləğində (bundan sonra – limit) və ya limitdən artıq məbləğdə həyata keçirilməsi gözlənilən hər hansı birdəfəlik əməliyyatdan əvvəl (bu hala, həmçinin limit çərçivəsində həyata keçirilərək bir-biri ilə əlaqəsi olan və ümumi məbləği limitdən artıq olan bir neçə əməliyyat aiddir);
4.2.3. maliyyə vəsaitlərinin elektron köçürülməsi və virtual aktivlərlə əməliyyatların aparılmasına dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq maliyyə vəsaitlərinin birdəfəlik elektron köçürülməsindən və virtual aktivlərlə aparılan birdəfəlik əməliyyatlardan əvvəl;
4.2.4. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;
4.2.5. əldə edilmiş məlumat və sənədlərin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda.
4.3. Əməliyyatın ümumi məbləği əməliyyatın icrasından əvvəl məlum deyilsə, müştəri uyğunluğu tədbirlərinin tətbiqi əməliyyatın məbləğinin limitdən artıq olduğu müəyyənləşdiyi anda həyata keçirilir.
4.4. Öhdəlik daşıyan şəxslər müştəri uyğunluğu tədbirləri çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər:
4.4.1. bu Qanunun 4.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müştərini eyniləşdirməli (müştərinin xidmətlərdən daimi və ya qeyri-müntəzəm istifadə etməsindən, fiziki və ya hüquqi şəxs, habelə xarici hüquqi təsisat olmasından asılı olmayaraq), müştərinin eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər;
4.4.2. şəxsin müştərinin və ya digər şəxsin adından fəaliyyət göstərməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada təsdiq edilmiş səlahiyyətinin olub-olmamasını müəyyən etməli, həmin şəxsi eyniləşdirməli və eyniləşdirmə məlumatlarını etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya etməli və digər müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər;
4.4.3. benefisiar mülkiyyətçinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onu eyniləşdirməli və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlər görməlidirlər;
4.4.4. işgüzar münasibətlərin məqsədini və mahiyyətini aydınlaşdırmalı və bu barədə müştəridən məlumat və sənədlər əldə etməlidirlər;
4.4.5. bu Qanunun 4.4.1–4.4.4-cü maddələrində nəzərdə tutulmuş məlumatlar və sənədlər əsasında müştəri profilini yaratmalıdırlar;
4.4.6. bu Qanunun 4.19-cu və 4.20-ci maddələrində nəzərdə tutulmuş tələblər barədə müştərini məlumatlandırmalıdırlar.
4.5. Öhdəlik daşıyan şəxslər işgüzar münasibətlərə aşağıdakı müştəri uyğunluğu tədbirlərini davamlı olaraq tətbiq etməlidirlər:
4.5.1. aparılan əməliyyatların müştəri barədə əldə edilmiş məlumat və sənədlərlə, habelə müştərinin fəaliyyəti və risk profili, o cümlədən maliyyə vəsaitinin mənbəyi haqqında məlumat və sənədlərlə uyğunluğunun müəyyən edilməsi məqsədilə əməliyyatların təhlil edilməsi;
4.5.2. mövcud olan məlumat və sənədlər nəzərdən keçirilib tədqiq edilərək yüksək riskli müştəriləri prioritetləşdirməklə müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədlərin yenilənməsinin və adekvatlığının təmin edilməsi.
4.6. Müştərisi hüquqi şəxs və ya xarici hüquqi təsisat olan öhdəlik daşıyan şəxslər əlavə olaraq aşağıdakı müştəri uyğunluğu tədbirlərini həyata keçirməlidirlər:
4.6.1. müştərilərin fəaliyyətinin xarakterinin, sahiblik, nəzarət və idarəetmə strukturunun müəyyən edilməsi;
4.6.2. adı, təşkilati-hüquqi forması, mövcudluğuna dair dəlillər, habelə təsis sənədləri, cari fəaliyyətinə rəhbərlik edən vəzifəli şəxslərin adları, hüquqi və faktiki ünvanına dair məlumat və sənədlər əsasında müştərilərin eyniləşdirilməsi və eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumatlar, sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiya edilməsi;
4.6.3. hüquqi şəxsin və xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin kimliyinin müəyyən edilməsinə tam əmin olanadək onun eyniləşdirilməsi və benefisiar mülkiyyətçinin eyniləşdirmə məlumatlarının etibarlı, müstəqil mənbələrdən əldə edilən məlumat və sənədlər və ya informasiya ehtiyatları əsasında verifikasiyası üçün ağlabatan tədbirlərin görülməsi.
4.7. Hüquqi şəxsin (publik hüquqi şəxslər istisna olmaqla) benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır:
4.7.1. son nəticədə hüquqi şəxsdə mühüm iştirak payına (hüquqi şəxsdə iştirak paylarının bölgüsü mühüm iştirak payının mövcudluğunu istisna etmirsə) malik olan fiziki şəxs (şəxslər) müəyyən edilməli;
4.7.2. mühüm iştirak payına malik olan fiziki şəxsin (şəxslərin) hüquqi şəxsin benefisiar mülkiyyətçisi olmasına dair şübhələr olduqda və ya iştirak payı əsasında hüquqi şəxsə nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) mövcud olmadıqda, hüquqi şəxsə başqa formada mövcud nəzarəti həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli;
4.7.3. əgər hüquqi şəxs üzərində iştirak payı əsasında və ya başqa formada nəzarəti həyata keçirən fiziki şəxsi müəyyən etmək mümkün deyildirsə, hüquqi şəxsə rəhbərliyi həyata keçirən fiziki şəxs (şəxslər) müəyyən edilməli.
4.8. Xarici hüquqi təsisatın benefisiar mülkiyyətçisinin eyniləşdirilməsi aşağıdakı ardıcıllığa uyğun olaraq həyata keçirilməli və eyniləşdirmə məlumatlarının verifikasiyası aparılmalıdır:
4.8.1. trastın strukturunda təsisçi, trast idarəçisi, trast təminatçısı (olduğu halda), benefisiar və ya benefisiarlar qrupu, trast üzərində effektiv nəzarəti həyata keçirən hər hansı digər fiziki şəxs (nəzarət və ya sahiblik zənciri də daxil olmaqla) müəyyən edilməli;
4.8.2. digər növ xarici hüquqi təsisatlarda eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər müəyyən edilməli.
4.9. Həyatın yığım sığortası müqaviləsi üzrə müştəri uyğunluğu tədbirlərinə əlavə olaraq faydalanan şəxs müəyyən və ya təyin edilən kimi onun barəsində aşağıdakı tədbirlər həyata keçirilməlidir:
4.9.1. sığorta müqaviləsi üzrə faydalanan şəxs fiziki, hüquqi şəxs və ya xarici hüquqi təsisat olduqda, həmin şəxsin eyniləşdirmə məlumat və sənədləri əldə edilməli;
4.9.2. faydalanan şəxs xüsusiyyətlərinə, təsnifatına və ya digər əsaslara görə təyin edildikdə, ödəniş zamanı faydalanan şəxsi eyniləşdirməyə imkan verən yetərli həcmdə məlumat və sənədlər əldə edilməli;
4.9.3. ödəniş zamanı faydalanan şəxsin barəsində verifikasiya tədbirləri həyata keçirilməli.
4.10. Öhdəlik daşıyan şəxslər bütün mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatların oxşar əməliyyat modelləri ilə müqayisəli şəkildə təyinatını və mahiyyətini ağlabatan səviyyədə aydınlaşdırmalı, belə əməliyyatlar zamanı təqdim edilmiş əmlakın mənbəyini müəyyən etməli və bunlarla bağlı təhlil hesabatı tərtib etməlidirlər.
4.11. Öhdəlik daşıyan şəxslər mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar üzrə risk dərəcəsi yüksək olan hallarda, habelə müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların qiymətləndirilməsi əsasında və risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə riskin yüksək olduğunu müəyyən etdikdə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər.
4.12. Müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri baxımından yüksək və aşağı risk faktorları, müştəri profilinin yüksək, orta və ya aşağı risk qrupuna aid edilməsi qaydası, habelə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələblər maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir.
4.13. Gücləndirilmiş müştəri uyğunluğu tədbirləri çərçivəsində öhdəlik daşıyan şəxslər aşağıdakı tədbirləri görməlidirlər:
4.13.1. cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri yüksək olan hallarda müəyyən edilmiş risklərə mütənasib olaraq gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq etməli və işgüzar münasibətlərin monitorinqinin intensivliyini artırmalı;
4.13.2. həyatın yığım sığortası müqaviləsi üzrə gücləndirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqini müəyyənləşdirmək üçün həyatın yığım sığortası şəhadətnaməsi üzrə faydalanan şəxsin risk dərəcəsini qiymətləndirməli, hüquqi şəxs və ya xarici hüquqi təsisat olan faydalanan şəxsin yüksək riskli olduğu müəyyən edilərsə, faydalanan şəxsə, habelə onun benefisiar mülkiyyətçisinə münasibətdə gücləndirilmiş müştəri uyğunluğu tədbirləri həyata keçirməli;
4.13.3. bu Qanunun 4.9-cu və 4.13.2-ci maddələrinin tələblərinin tətbiqi mümkün deyildirsə, habelə bu Qanunun 4.13.1-ci maddəsində nəzərdə tutulan tədbirlərin tətbiqi zamanı şübhəli əsaslar müəyyən edilərsə, bu barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
4.14. Müştəri uyğunluğu tədbirlərinin tətbiqi mümkün deyilsə, hər hansı əməliyyat həyata keçirilməməli, işgüzar münasibətlər yaradılmamalı, hesab açılmamalı, habelə işgüzar münasibətlərə xitam verilməli və bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir.
4.15. Müştəri uyğunluğu tədbirlərinin həyata keçirilməsinin bu Qanunun 4.13.3-cü və 11.2-ci maddələrində nəzərdə tutulmuş tədbirlər haqqında müştərinin və ya digər şəxslərin məlumatlandırılmasına səbəb olacağına ehtimallar olduqda, müştəri uyğunluğu tədbirləri dayandırılmalı və müştəri haqqında məlum olan məlumat və sənədlər də əlavə edilməklə, bu barədə maliyyə monitorinqi orqanına məlumat verilməlidir.
4.16. Fəaliyyətinin xüsusiyyətləri, risk dərəcəsi və səciyyəviliyi nəzərə alınaraq, bu Qanun qüvvəyə minənədək yaranmış və bu Qanun qüvvəyə mindiyi gündən sonra davam edən işgüzar münasibətlər üzrə müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir. Bu halda qeyd edilən tədbirlərin daha əvvəl tətbiqi, tətbiq edilmə vaxtı və tezliyi, habelə əldə olunan məlumatların yetərliliyi nəzərə alınmalıdır.
4.17. Aşağıdakı hallar istisna olmaqla, əvvəllər həyata keçirilmiş müştəri uyğunluğu tədbirlərinə güvənilə bilər və müştəri uyğunluğu tədbirlərinin təkrar həyata keçirilməsi tələb edilmir:
4.17.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə və ya terrorçuluğun maliyyələşdirilməsində istifadə edilməsinə şübhə yaradan bütün hallarda;
4.17.2. müştəri və ya benefisiar mülkiyyətçi ilə bağlı əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumat və sənədlərinin doğruluğuna və ya uyğunluğuna dair şübhələr olduqda;
4.17.3. müştərinin işgüzar profili ilə uzlaşmayan əhəmiyyətli dəyişikliklər olduqda;
4.17.4. mürəkkəb, qeyri-adi olaraq irihəcmli olan, habelə açıq-aşkar iqtisadi və ya qanuni məqsədi olmayan əməliyyatlar həyata keçirildikdə;
4.17.5. bu Qanunun 4.5-ci maddəsində nəzərdə tutulmuş müştəri uyğunluğu tədbirlərinin davamlı olaraq tətbiq edilməsi zəruri olduqda.
4.18. Müştərilərin, məhsulların, xidmətlərin, əməliyyatların, çatdırılma kanallarının və coğrafi yerləşmənin xüsusiyyətləri ilə bağlı meyarların (faktorların) qiymətləndirilməsi əsasında, risk qiymətləndirmələrinin nəticələrini əsas götürməklə riskin aşağı olduğu müəyyən edildikdə bu Qanunun 4.2.1–4.2.3-cü maddələrində göstərilən hallarda və maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq sadələşdirilmiş müştəri uyğunluğu tədbirlərinin tətbiqinə yol verilir. Sadələşdirilmiş müştəri uyğunluğu tədbirlərinə dair tələblər risk qiymətləndirməsi əsasında maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir.
4.19. Peşəkar fəaliyyət çərçivəsində üçüncü şəxslərə hüquqi şəxsləri və ya onların filial və nümayəndəliklərini təsis etmək, hüquqi şəxslərin qanuni təmsilçisi qismində çıxış etmək, hüquqi şəxslər və ya onların filial və nümayəndəlikləri üçün hüquqi ünvan təmin etmək kimi xidmətləri göstərən şəxslər şirkətin xidmət təminatçıları hesab edilir. Xarici ölkədə (ərazidə) təsis edilən (qeydiyyatdan keçən) hüquqi şəxsin kənar idarəçisi qismində çıxış edən şirkətin xidmət təminatçıları, fəaliyyət istiqamətlərinə uyğun olaraq, öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən, şirkətin xidmət təminatçısı qismində iştirak etdiyini bəyan etməli və bununla əlaqədar zəruri bütün məlumat və sənədləri təqdim etməlidirlər.
4.20. Xarici hüquqi təsisatın idarəçisi qismində çıxış edən şəxslər fəaliyyət istiqamətlərinə uyğun olaraq öhdəlik daşıyan şəxslərlə işgüzar münasibətlər qurarkən xarici hüquqi təsisatın idarəçisi olduğunu bəyan etməli və idarəçisi olduğu xarici hüquqi təsisatın əmlak strukturu, təsisçisi, benefisiarı (benefisiarları, benefisiarlar qrupunu), digər idarəçiləri (olduğu təqdirdə), xarici hüquqi təsisat təminatçıları (olduğu təqdirdə) və ya eyni və ya oxşar hüquq və vəzifə daşıyan şəxslər haqqında məlumat və sənədləri və xarici hüquqi təsisatın təsis sənədinin surətini təqdim etməlidirlər.
Maddə 5. Üçüncü şəxslərə güvənmə
5.1. Öhdəlik daşıyan şəxslər digər öhdəlik daşıyan şəxslərin (üçüncü şəxslərin) bu Qanunun 4-cü maddəsinə uyğun olaraq apardıqları müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin yaradılması məqsədilə yeni müştərinin təqdimatı zamanı digər öhdəlik daşıyan şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvənə bilərlər. Üçüncü şəxslərə güvənilən hallarda bu Qanunun tələblərinə əməl edilməsinin məsuliyyəti güvənən öhdəlik daşıyan şəxslərin üzərinə düşür. Bu zaman öhdəlik daşıyan şəxslər aşağıdakı tədbirləri görməlidirlər:
5.1.1. bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri üçüncü şəxslərdən dərhal almalı;
5.1.2. eyniləşdirmə məlumat və sənədlərinin və müştəri uyğunluğu tədbirlərinin tələblərinə əməl edilməsinə dair müvafiq məlumat və sənədlərin surətlərinin üçüncü şəxsdən sorğu əsasında təxirəsalınmadan (hər bir halda sorğu edilən iş gününün sonundan gec olmayaraq) əldə olunacağına əmin olmaq üçün addımlar atmalı;
5.1.3. bu Qanunun 4.17-ci maddəsinin tələblərinə əməl etməli;
5.1.4. üçüncü şəxslər tərəfindən bu Qanunun tələblərinə əməl edilməsinə, habelə həmin şəxslər üzərində təsis edildikləri, idarə edildikləri və ya fəaliyyət göstərdikləri ölkədə (ərazidə) dövlət tərəfindən effektiv monitorinq və nəzarət mexanizminin olduğuna əmin olmalıdırlar.
5.2. Öhdəlik daşıyan şəxslər xarici yurisdiksiyada yerləşən öhdəlik daşıyan şəxslərin müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin qurulması üzrə vasitəçilik xidmətlərinə və həmin şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə güvəndiyi hallarda, həmin şəxslərin aid olduğu yurisdiksiyanın riskliliyini nəzərə almalıdırlar.
5.3. Öhdəlik daşıyan şəxslər eyni maliyyə qrupu (holdinq) daxilində olan digər öhdəlik daşıyan şəxslərin müştəri uyğunluğu tədbirlərinə və ya işgüzar münasibətlərin qurulması üzrə vasitəçilik xidmətlərinə və həmin şəxslər tərəfindən əldə edilmiş məlumat və sənədlərə yalnız maliyyə qrupu (holdinq) tərəfindən bu Qanunun tələblərinin tətbiqinə və həmin maliyyə qrupu (holdinq) üzərində nəzarət orqanı tərəfindən effektiv nəzarətin həyata keçirildiyinə əmin olduqları halda güvənə bilərlər. Bu zaman, həmçinin daxili nəzarət proqramları çərçivəsində yüksək riskli zonalara münasibətdə risklərin azaldılması tədbirləri həyata keçirilməlidir.
Maddə 6. Məlumat və sənədlərin saxlanılması öhdəliyi
6.1. Öhdəlik daşıyan şəxslər ölkədaxili və transsərhəd əməliyyatlara dair bütün məlumat və sənədləri qanunvericilikdə daha uzun müddət nəzərdə tutulmadıqda, əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar.
6.2. Öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsinə uyğun olaraq müştəri uyğunluğu tədbirləri çərçivəsində əldə edilmiş məlumat və sənədləri, işgüzar yazışmaları, hesablara, habelə aparılmış hər hansı təhlilin nəticələrinə dair məlumat və sənədləri qanunvericiliklə daha uzun müddət nəzərdə tutulmadıqda, işgüzar münasibətlərə xitam verildikdən və yaxud hər hansı birdəfəlik əməliyyat bitdiyi tarixdən sonra ən azı 5 il ərzində saxlamalıdırlar.
6.3. Bu Qanunun 6.1-ci və 6.2-ci maddələrində nəzərdə tutulan müddət maliyyə monitorinqi orqanının və ya nəzarət orqanının qərarı ilə hər bir xüsusi halda uzadıla bilər.
6.4. Əməliyyata dair məlumat və sənədlər cinayət mühakimə icraatı zamanı onların sübut kimi istifadəsinin təmin edilməsi məqsədilə hər hansı əməliyyatın yenidən bərpa edilməsinə imkan verəcək qaydada saxlanılmalıdır.
6.5. Öhdəlik daşıyan şəxslər tərəfindən saxlanılan məlumat və sənədlər maliyyə monitorinqi orqanına, nəzarət orqanlarına, cinayət təqibi orqanlarına və məhkəmələrə (qanunla nəzərdə tutulmuş xüsusi rejimlə mühafizə edilən məlumat və sənədlər onların mühafizə rejiminə uyğun olaraq) sorğuda göstərilən müddətdə təqdim edilməlidir.
Maddə 7. Siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlar
7.1. Öhdəlik daşıyan şəxslər bu Qanunun 4-cü maddəsində nəzərdə tutulan tədbirlərlə yanaşı, siyasi nüfuzlu şəxslər, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslərlə əməliyyatlara münasibətdə aşağıdakı tədbirləri görməlidirlər:
7.1.1. müştərinin və benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğunu müəyyən etməyə imkan verən risklərin idarə edilməsi sistemini tətbiq etməli;
7.1.2. siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətləri yalnız rəhbərliyin razılığı əsasında yaratmalı və ya davam etdirməli;
7.1.3. müştərinin və ya benefisiar mülkiyyətçinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olduğu müəyyən edilən zaman onun təqdim edilən əmlakının, habelə ümumilikdə digər sərvətlərinin mənbəyini müəyyən etmək üçün ağlabatan tədbirlər görməli;
7.1.4. siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxslə işgüzar münasibətlərə davamlı gücləndirilmiş müştəri uyğunluğu tədbirlərini tətbiq etməlidirlər.
7.2. Həyatın yığım sığortası fəaliyyəti ilə məşğul olan sığortaçılar ödəniş həyata keçirilməzdən əvvəl həyatın yığım sığortası şəhadətnaməsi üzrə faydalanan şəxslərin və faydalanan şəxslərin benefisiar mülkiyyətçilərinin siyasi nüfuzlu şəxs, onun yaxın qohumu və ya yaxın münasibətdə olduğu şəxs olmasını müəyyən etmək üçün tədbirlər həyata keçirməli, yüksək risk müəyyən edildikdə, ödənişi rəhbərliyin razılığı ilə həyata keçirməli, şəhadətnamə sahibi ilə işgüzar münasibətləri hərtərəfli araşdırmalı və əməliyyatlar barədə maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
Maddə 8. Yeni texnologiyalar
8.1. Öhdəlik daşıyan şəxslər yeni və inkişaf edən texnologiyalar (bundan sonra – yeni texnologiyalar) vasitəsilə yaradılan işgüzar münasibətlərə və aparılan əməliyyatlara yüksək riskli münasibətlər və əməliyyatlar kimi yanaşmalı və bu münasibətlərin yaradılması və əməliyyatların həyata keçirilməsi zamanı cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və azaldılması üzrə tədbirlər görməlidirlər. Öhdəlik daşıyan şəxslər yeni texnologiyaların tətbiqindən əvvəl onların təhlükəsiz tətbiq edilməsi üçün tədbirlər görməli və yeni texnologiyaların tətbiqinin risk qiymətləndirilməsi mexanizminə malik olmalıdırlar.
8.2. Öhdəlik daşıyan şəxslər yeni texnologiyalar vasitəsilə yaradılan və ya onların tətbiqini nəzərdə tutan işgüzar münasibətlərin, məhsulların və aparılan əməliyyatların tənzimlənməsinə dair daxili qayda və prosedurlara, önləyici tədbirlərə, o cümlədən elektron nəzarət sistemlərinə malik olmalıdırlar.
8.3. Maliyyə institutları müvafiq riskləri yeni məhsulların və biznes praktikalarının tətbiqindən və yeni texnologiyaların istifadəsindən əvvəl qiymətləndirməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən etməlidirlər.
8.4. Öhdəlik daşıyan şəxslərə münasibətdə yeni məhsulların və çatdırılma kanalları da daxil olmaqla yeni biznes praktikalarının yaradılmasından, habelə yeni və inkişaf mərhələsində olan məhsullara münasibətdə yeni texnologiyaların tətbiqindən qaynaqlanan cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi riskləri nəzarət orqanları tərəfindən müəyyənləşdirilməli və qiymətləndirilməli, eləcə də müvafiq risklərin idarə edilməsinə və azaldılmasına münasibətdə önləyici tədbirlər müəyyən edilməlidir.
8.5. Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərini istisna etməməlidir. Müştəri uyğunluğu tədbirləri informasiya texnologiyalarından istifadə etməklə tətbiq edildikdə, məlumat və sənədlər elektron qaydada təqdim olunur. Yeni texnologiyaların tətbiqi zamanı bu Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş verifikasiya tədbirləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada həyata keçirilir.
8.6. Yeni texnologiyalar müştəri uyğunluğu tədbirlərinin tam tətbiqinə imkan vermirsə və ya müştərinin və benefisiar mülkiyyətçinin müəyyən edilməsində, eləcə də təqdim olunmuş məlumat və sənədlərin həqiqiliyinin yoxlanılmasında aradan qaldırılması mümkün olmayan şübhələr və ya uyğunsuzluqlar varsa, yeni texnologiyaların tətbiqindən imtina edilməlidir.
Maddə 9. Yüksək riskli zonalar
9.1. Yüksək riskli zonaların vətəndaşları ilə, qeydiyyat, yaşayış və ya əsas fəaliyyət yeri həmin zonalarda olan şəxslərlə və ya onların vasitəsilə, eləcə də həmin zonalarda qeydiyyatdan keçmiş bankda hesaba malik olan şəxslərlə əlaqədar hər hansı işgüzar münasibətlər və əməliyyatlara münasibətdə yüksək riskli zona hesab edilən ölkədə təsis edilən, idarə edilən və ya fəaliyyət göstərən üçüncü şəxslər tərəfindən təqdim edilən məlumat və sənədlərə güvənmədən bu Qanunun 4.13-cü maddəsində nəzərdə tutulmuş gücləndirilmiş müştəri uyğunluğu tədbirləri tətbiq edilməlidir.
9.2. FATF tərəfindən edilmiş çağırışlar əsasında, habelə bu Qanunun 9.5-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş yüksək riskli zonalara münasibətdə məhdudiyyətlər və xüsusi tələblər tətbiq edilə bilər.
9.3. Yüksək riskli zonalara münasibətdə FATF tərəfindən edilmiş çağırışların mətni maliyyə monitorinqi orqanının rəsmi internet informasiya ehtiyatında dərc edilir və birbaşa və ya müvafiq nəzarət orqanları vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir. Öhdəlik daşıyan şəxslər FATF tərəfindən edilmiş çağırışlarda müəyyən edilmiş tədbirləri həyata keçirməlidirlər.
9.4. Yüksək riskli zonaların müəyyən edilmə əsasları, yüksək riskli zonalara münasibətdə tətbiq edilə bilən məhdudiyyətlərin və xüsusi tələblərin siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
9.5. Yüksək riskli zonaların siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) ilə razılaşdırmaqla, maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.
9.6. Yüksək riskli zonalara münasibətdə tətbiq edilən konkret məhdudiyyətlərin və xüsusi tələblərin növü və müddəti aşkar edilmiş risklərə uyğun olaraq maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilir və birbaşa və ya müvafiq nəzarət orqanlarının vasitəsilə öhdəlik daşıyan şəxslərə göndərilir.
Maddə 10. Daxili nəzarət proqramı
10.1. Öhdəlik daşıyan şəxslər müəyyən edilmiş risklərə, fəaliyyətlərinin miqyasına və xüsusiyyətlərinə uyğun olaraq cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə üzrə daxili nəzarət proqramı çərçivəsində aşağıdakı tədbirləri görməlidirlər:
10.1.1. daxili qayda və prosedurların, nəzarət mexanizmlərinin və onların inkişaf planlarının təsdiq və tətbiq edilməsi;
10.1.2. rəhbərlik səviyyəsində məsul şəxsin və məsul şəxs olmadıqda onu əvəz edən şəxsin müəyyən edilməsi də daxil olmaqla, leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət edilməsi üzrə müstəqil və effektiv sistemin təşkil edilməsi;
10.1.3. işəgötürmə prosesində yüksək peşəkarlıq və vətəndaş qüsursuzluğu tələblərinin təmin edilməsi məqsədilə yoxlama prosedurlarının təsdiq və tətbiq edilməsi;
10.1.4. işçilərin davamlı qaydada təlimlərə cəlb edilməsi;
10.1.5. mövcud sistemin səmərəliliyini daxili audit standartları əsasında qiymətləndirən müstəqil audit mexanizminin təşkil edilməsi.
10.2. Öhdəlik daşıyan şəxslər olan maliyyə qrupları (holdinqlər) həmin qrup (holdinq) miqyasında daxili nəzarət proqramları çərçivəsində bu Qanunun 10.1-ci maddəsində nəzərdə tutulmuş tədbirlərə əlavə olaraq aşağıdakı tədbirlərin bütün filiallara və törəmə hüquqi şəxslərə tətbiq edilməsini təmin etməlidirlər:
10.2.1. müştəri uyğunluğu tədbirləri çərçivəsində və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin idarə edilməsi məqsədilə məlumat və sənədlərin qrupdaxili (holdinqdaxili) ötürülməsinə dair qayda və prosedurların təsdiq və tətbiq edilməsi;
10.2.2. qrup (holdinq) səviyyəsində leqallaşdırmaya və terrorçuluğa qarşı tələblərə riayət, audit və bu Qanundan irəli gələn öhdəliklər çərçivəsində əsas hüquqi şəxsdən, filial və törəmə hüquqi şəxsdən müştərilər, hesablar və əməliyyatlar barədə məlumat və sənədlərin alınması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi;
10.2.3. ötürülmüş məlumat və sənədlərin konfidensiallığını və təhlükəsizliyini, eləcə də yayılmasının qarşısının alınmasını təmin edən mexanizmlərin formalaşdırılması qayda və prosedurlarının təsdiq və tətbiq edilməsi.
10.3. Maliyyə institutunun təsis edildiyi yurisdiksiya cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində maliyyə institutlarının filiallarının və törəmə hüquqi şəxslərinin yerləşdiyi xarici yurisdiksiyada mövcud olan tələblərlə müqayisədə daha sərt tələblər müəyyən edərsə, maliyyə institutları xarici yurisdiksiyanın qanunvericiliyinin imkan verdiyi çərçivədə xarici filiallarının və törəmə hüquqi şəxslərinin daha sərt tələblər əsasında fəaliyyət göstərməsini təmin etməlidir.
10.4. Əgər xarici yurisdiksiyanın qanunvericiliyi daha sərt tələblərin tətbiqini qadağan edirsə, maliyyə qrupları (holdinqlər) risklərin idarə edilməsi məqsədilə tədbirlər görməli və bu barədə nəzarət orqanına məlumat verməlidirlər.
10.5. Maliyyə monitorinqi orqanı daxili nəzarət proqramının cavab verməli olduğu minimum tələbləri müəyyən edir. Nəzarət orqanları nəzarət etdikləri öhdəlik daşıyan şəxslərə münasibətdə maliyyə monitorinqi orqanının müəyyən etdiyi minimum tələblərdən əlavə tələblər müəyyən edə bilər.
3-cü fəsil
MONİTORİNQ OLUNMALI ƏMƏLİYYATLAR
Maddə 11. Monitorinq olunmalı əməliyyatlara dair məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsi
11.1. Maliyyə institutları tərəfindən aşağıdakı əməliyyatlara dair məlumat və sənədlər maliyyə monitorinqi orqanına təqdim edilir:
11.1.1. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı nağd şəkildə həyata keçirilən əməliyyatlara dair məlumat və sənədlər;
11.1.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı maliyyə vəsaitlərinin elektron köçürülməsi əməliyyatlarına dair məlumat və sənədlər.
11.2. Aşağıdakı hallar olduqda məbləğindən asılı olmayaraq, əməliyyatlar və ya belə əməliyyatların aparılmasına cəhdlər barədə məlumat və sənədlər öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim edilir:
11.2.1. əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar;
11.2.2. əmlakın terror aktının hazırlanmasında, təşkil olunmasında və ya törədilməsində, habelə terrorçunun və ya terrorçu qrupun (dəstənin, təşkilatın) maliyyələşdirilməsi üçün istifadə olunacağı ilə bağlı şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar.
11.3. Aşağıdakı əməliyyatlar barədə məlumat və sənədlər məbləğindən və ya şübhəlilik əsaslarının mövcud olub-olmamasından asılı olmayaraq öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər tərəfindən maliyyə monitorinqi orqanına təqdim olunur:
11.3.1. xarici dövlətlərin siyasi nüfuzlu şəxsləri, onların yaxın qohumları və ya yaxın münasibətdə olduğu şəxslər tərəfindən həyata keçirilən istənilən əməliyyatlar;
11.3.2. “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sanksiya tətbiq edilən fiziki şəxslərin və qurumların aktivləri ilə əməliyyatlar;
11.3.3. Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən dini qurumların, qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin bank hesabları üzrə əməliyyatlar.
11.4. Öhdəlik daşıyan şəxslər, habelə auditor xidməti göstərən şəxslər bu Qanunun 4.14-cü, 4.15-ci və 11.1–11.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədləri maliyyə monitorinqi orqanı tərəfindən müəyyən edilmiş qaydada ona təqdim etməlidirlər. Bu Qanunun 11.1-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrində nəzərdə tutulmuş məlumat və sənədlər maliyyə monitorinqi orqanına əməliyyat həyata keçirildikdən sonra 3 iş günü ərzində, bu Qanunun 4.14-cü, 4.15-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda isə məlumat və sənədlərin təqdim edilməsinə dair əsaslar müəyyən edildikdən dərhal sonra, lakin hər bir halda həmin iş gününün sonundan gec olmayaraq təqdim edilməlidir.
11.5. Bu Qanunun 11.2-ci maddəsində nəzərdə tutulan hallar olduqda, aşağıdakı əməliyyatlar maliyyə institutları tərəfindən, bu Qanunun 11.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, 2 iş günü ərzində icra edilmir və məlumat və sənədlər, əməliyyatlar icra olunmadan, dərhal maliyyə monitorinqi orqanına təqdim edilir:
11.5.1. yüksək riskli müştəri profilləri ilə əlaqədar əməliyyatlar;
11.5.2. minimum həddi maliyyə monitorinqi orqanı tərəfindən müəyyənləşdirilən məbləğə bərabər və ya bu məbləğdən yuxarı məbləğdə həyata keçirilən əməliyyatlar;
11.5.3. maliyyə vəsaitlərinin hesabdan çıxarılması ilə nəticələnən əməliyyatlar.
11.6. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulmuş əməliyyatın icra olunmaması mümkün deyildirsə, maliyyə institutları əməliyyatın icrasından dərhal sonra maliyyə monitorinqi orqanına məlumat verməlidirlər.
11.7. Bu Qanunun 11.5-ci maddəsində nəzərdə tutulan müddət ərzində əməliyyatın dayandırılması barədə maliyyə monitorinqi orqanının göstərişi daxil olmazsa, əməliyyat icra edilməlidir. Bu müddət ərzində maliyyə monitorinqi orqanından əməliyyatın dayandırılmasının zəruri olmadığına dair məlumat daxil olduğu halda, əməliyyat 2 günlük müddətin bitməsi gözlənilmədən dərhal icra edilməlidir.
11.8. Əldə edilmə mənbəyindən asılı olmayaraq maliyyə monitorinqi orqanına təqdim edilən məlumat və sənədlər məxfi və konfidensial saxlanılır, yalnız bu Qanunla nəzərdə tutulmuş məqsədlərin həyata keçirilməsi üçün istifadə edilir və qanunla müəyyən edilmiş sirlərin qorunması rejimi çərçivəsində qorunur. Maliyyə monitorinqi orqanı məlumat və sənədlərin təhlükəsizliyinin təmin olunması sistemini təşkil edir.
11.9. Maliyyə monitorinqi orqanı hər 5 ildən gec olmayaraq bu Qanunun 11.1-ci maddəsində nəzərdə tutulmuş əməliyyatların minimum məbləğinin yenilənməsi məsələsinə baxır. 5 illik müddətin axımı maliyyə monitorinqi orqanının əməliyyatların minimum məbləğini müəyyən etdiyi vaxtdan başlayır.
11.10. Bu Qanunun 4.14-cü, 4.15-ci, 11.2-ci və 11.3.2-ci maddələrində nəzərdə tutulmuş hallarda məlumat və sənədlərin maliyyə monitorinqi orqanına təqdim edilməsinə dair müştəriyə məlumat verilməməlidir.
Maddə 12. Auditor xidməti göstərən şəxslər, dini qurumlar, qeyri-hökumət təşkilatları, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəlikləri tərəfindən təqdim olunan məlumat və sənədlər
12.1. “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş auditor xidməti göstərən şəxslər auditor fəaliyyətini həyata keçirən zaman cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə əmlakın cinayət yolu ilə əldə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar, habelə əmlakın terrorçuluq, terror fəaliyyəti, terror təşkilatları və ya terrorçuluğu maliyyələşdirən hər hansı şəxslə bağlı olmasına və ya bu şəxslər tərəfindən istifadə edilməsinə şübhə və ya belə şübhə üçün kifayət qədər əsaslar yaradan hallar müəyyən edərlərsə, bu barədə məlumat və sənədləri bu Qanunun 11.4-cü maddəsinə uyğun olaraq maliyyə monitorinqi orqanına təqdim etməlidirlər.
12.2. Auditor xidməti göstərən şəxslər auditor fəaliyyətini həyata keçirən zaman əldə etdikləri bütün məlumat və sənədləri ən azı 5 il müddətində saxlamalıdırlar. Bu müddət maliyyə monitorinqi orqanı və ya nəzarət orqanının qərarı ilə 5 ilədək uzadıla bilər.
12.3. Terrorçuluğun maliyyələşdirilməsinin qarşısını almaq məqsədilə öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı dini qurum, qeyri-hökumət təşkilatı, o cümlədən xarici dövlətlərin qeyri-hökumət təşkilatının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi qrant və ianə alarkən, habelə verərkən risklərin minimallaşdırılmasına yönəldilmiş qayda və prosedurlara malik olmalı, qrant və ianələr, həmçinin onlardan istifadə üzrə təfsilatlı illik maliyyə hesabatı tərtib etməlidir. Maliyyə hesabatı hər il aprel ayının 1-dən gec olmayaraq nəzarət orqanına təqdim edilməlidir.
Maddə 13. Qanunla qorunan sirr rejiminə dair tələblər
13.1. Dövlət sirri istisna olmaqla, habelə bu Qanunun 13.2-ci maddəsinin müddəaları nəzərə alınmaqla, qanunvericiliklə müəyyən edilmiş bütün digər sirlərin qorunması rejiminə əsaslanaraq bu Qanunun tələbləri çərçivəsində məlumat və sənədlərin maliyyə monitorinqi orqanına və nəzarət tədbirlərinin həyata keçirilməsi ilə bağlı nəzarət orqanlarına təqdim edilməsindən imtina oluna bilməz.
13.2. Bu Qanunun 11.2-ci, 11.3.1-ci və 11.3.3-cü maddələrinin tələbləri müştərinin hüquqi vəziyyətinin müəyyən edilməsi zamanı və ya onun məhkəmə, inzibati, arbitraj və mediasiya qaydasında müdafiə (təmsil) edilməsi ilə əlaqədar əldə edilən (məlumatların məhkəmə icraatından əvvəl, icraat zamanı və ya icraatdan sonra əldə edilməsindən asılı olmayaraq), vəkil və ya digər peşə sirrini təşkil edən məlumat və sənədlərə şamil edilmir. Qeyri-maliyyə institutları və peşə sahibləri müştərinin cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi əməllərində iştirak etdiyi, yaxud müştəriyə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və ya terrorçuluğun maliyyələşdirilməsi əməllərinin törədilməsi məqsədilə hüquqi məsləhətlər verdiyi və ya müştərinin həmin məqsədlərlə hüquqi məsləhət almaq istədiyini bildiyi halda belə hüquqi məsləhətlər verdikdə və ya eyni məqsədlə əqdlərin bağlanmasına, əməliyyatların həyata keçirilməsinə cəhd etdikdə, belə əməllər müştərinin hüquqi vəziyy1 февраля 2023, 08:02
8 мая 2015, 09:05
Об обеспечении деятельности Фонда тюркской культуры и наследия подробно...
8 мая 2015, 09:05
О награждении орденом «Шараф» М.М.Ибрагимбекова подробно...
7 мая 2015, 09:05
О предоставлении деятелям искусств премий Президента Азербайджанской Республики подробно...
7 мая 2015, 09:05
О предоставлении А.Б.Сафаровой персональной пенсии Президента Азербайджанской Республики подробно...
5 мая 2015, 09:05
О награждении Х.Г.Юсифли орденом «Шохрат» подробно...
5 мая 2015, 09:05
Об утверждении Протокола между Правительством Азербайджанской Республики и Правительством Турецкой Республики относительно долга, возникшего в связи с обменом электроэнергией подробно...
5 мая 2015, 09:05
О применении Закона Азербайджанской Республики от 3 апреля 2015 года номер 1249-IVQD «О внесении изменения в Закон Азербайджанской Республики «О воинской обязанности и военной службе» подробно...
5 мая 2015, 09:05
Об освобождении Р.Р.Мамедова от должности начальника Управления Комплекса Площади Государственного флага при Кабинете Министров Азербайджанской Республики подробно...
4 мая 2015, 09:05
О мерах по строительству автомобильной дороги Саатлы-Сарыджалар-Гара Нуру-Ширинбейли-Фаталикенд-Азадкенд Саатлинского района подробно...
1 мая 2015, 09:05
О назначении З.Б.Гаралова генеральным прокурором Азербайджанской Республики подробно...