İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində zəruri dövlət dəstəyinin gücləndirilməsi və “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncamının icrasını təmin etmək məqsədilə qərara alıram:
1. “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması Qaydası” təsdiq edilsin (əlavə olunur).
2. Müəyyən edilsin ki:
2.1. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinə verilən 500,0 (beş yüz) milyon manat kredit portfeli 450,0 (dörd yüz əlli) milyon manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilir;
2.2. bu Fərmanın 2.1-ci bəndində nəzərdə tutulan dövlət zəmanəti Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Biznesinin İnkişafı Fondu arasında bağlanılan, bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
3.1. bu Fərmanın 5.1-ci bəndində nəzərdə tutulan “Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsini altı ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
3.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:
4.1. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, sahibkarlıq subyektlərinin dövlət zəmanəti verilmiş, lakin icra edilməmiş borc öhdəliyini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun vəsaiti hesabına yerinə yetirsin;
4.2. bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydaya uyğun olaraq faiz subsidiyasının verilməsi üçün tələb olunan vəsaitin 2023-cü ildə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilməsini təmin etsin, habelə həmin vəsaitin növbəti illərin dövlət büdcəsində nəzərdə tutulması məqsədilə tədbirlər görsün.
5. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi:
5.1. “Elektron kredit və zəmanət” informasiya sisteminin yaradılmasını Azərbaycan Respublikasının 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla altı ay müddətində təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görsün;
5.2. bu Fərmandan irəli gələn digər məsələlərin həlli üçün lazımi tədbirlər görsün.
6. Azərbaycan Biznesinin İnkişafı Fondu “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək, Azərbaycan Biznesinin İnkişafı Fondunun bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilən Qaydadan irəli gələn səlahiyyətləri Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondu tərəfindən həyata keçirilsin.
7. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 18 dekabr tarixli 410 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2567; 2020, № 1, maddə 5; 2021, № 11, maddə 1211; 2022, № 5, maddə 447) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası adından borc alınması və zəmanət verilməsi Qaydası”na aşağıdakı məzmunda 1.2-3-cü bənd əlavə edilsin:
“1.2-3. Bu Qaydanın müddəaları işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin olunmasına şamil edilmir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 yanvar 2023-cü il
İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi və kredit faizlərinin subsidiyalaşdırılması QAYDASI
Azərbaycan Respublikası Prezidentinin
2023-cü il 9 yanvar tarixli
Fərmanı ilə təsdiq edilmişdir
1. Ümumi müddəa
Bu Qayda “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən, “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 10 dekabr tarixli 3037 nömrəli Sərəncamının 1.5-ci bəndinin icrasını təmin etmək məqsədilə hazırlanmışdır və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla alacaqları kreditlərə zəmanətin, o cümlədən dövlət zəmanətinin verilməsinə və həmin kreditlərə hesablanmış faizlərin bir hissəsinin subsidiyalaşdırılmasına dair tələbləri, müraciət qaydasını, zəmanət və faiz subsidiyası üzrə ödəniş şərtlərini və digər məsələləri müəyyən edir.
2. Əsas anlayışlar
2.1. Bu Qaydanın məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə edilir:
2.1.1. əməkdaşlıq müqaviləsi ‒ zəmanətin və faiz subsidiyasının verilməsi ilə bağlı Azərbaycan Biznesinin İnkişafı Fondu (bundan sonra ‒ Fond) ilə müvəkkil kredit təşkilatının qarşılıqlı münasibətlərini tənzimləyən hüquqi sənəd;
2.1.2. müvəkkil kredit təşkilatı – Fond tərəfindən müəyyən edilən və Fondla əməkdaşlıq müqaviləsi bağlayan kredit təşkilatı;
2.1.3. sahibkarlıq subyekti ‒ əsas məqsədi müstəqil surətdə əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (gəlir) götürmək olan və işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən hüquqi və fiziki şəxslər;
2.1.4. zəmanət ‒ sahibkarlıq subyekti kredit üzrə əsas borc öhdəliyini yerinə yetirmədikdə, onun əsas borcunun 90 (doxsan) faizədək hissəsinin ödənilməsinə dair Fondun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyi;
2.1.5. dövlət zəmanəti – zəmanət üzrə Fondun müvəkkil kredit təşkilatı qarşısında öhdəliyinin yerinə yetirilməsinə dair Azərbaycan Respublikasının üzərinə götürdüyü maliyyə öhdəliyi;
2.1.6. zəmanətin kreditə nisbəti – kreditin verilməsi tarixinə zəmanətin məbləğinin kreditin əsas məbləğinə nisbəti (örtülmə əmsalı);
2.1.7. faiz subsidiyası ‒ bu Qaydaya uyğun olaraq sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla aldıqları kreditlərə zəmanət verildiyi təqdirdə, həmin kreditlər üzrə hesablanmış faizlərin bir hissəsinin ödənilməsi üçün dövlətin verdiyi əvəzsiz maliyyə vəsaiti;
2.1.8. kredit üzrə güzəşt müddəti ‒ kredit müqaviləsinin şərtlərinə uyğun olaraq əsas borcun ödənilməsinə verilmiş möhlət;
2.1.9. kredit hesabatı ‒ “Kredit büroları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş məlumat;
2.1.10. Elektron kredit və zəmanət informasiya sistemi (bundan sonra - informasiya sistemi) – zəmanətlə kredit almaq istəyən sahibkarlıq subyektlərinin müraciət etməsini, müraciət əsasında həmin sahibkarlıq subyektləri barəsində bu Qaydanın 3.3.5–3.3.10-cu yarımbəndlərində nəzərdə tutulmuş halların mövcudluğunun müəyyən edilməsini, Fondun və müvəkkil kredit təşkilatlarının müvafiq qərarlarının yerləşdirilməsini təmin edən, Fondun operatoru olduğu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin informasiya sistemi;
2.1.11. müvəkkil kredit təşkilatına aidiyyəti olan şəxslər – “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq müəyyən edilmiş şəxslər.
2.2. Bu Qaydada istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarında müəyyən edilmiş mənaları ifadə edir.
3. Zəmanətin və faiz subsidiyasının verilməsi halları
3.1. Zəmanət işğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından manatla almaq istədikləri kreditlərə verilir.
3.2. Faiz subsidiyaları zəmanət verilən kreditlərə hesablanaraq ödənilir.
3.3. Zəmanət aşağıdakı hallarda verilmir:
3.3.1. sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatından almaq istədiyi kreditin cəlb ediləcəyi layihə (bundan sonra - layihə) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilmədikdə;
3.3.2. kredit hesabatına əsasən sahibkarlıq subyektinin kredit almaq üçün müraciət etdiyi tarixə 60 (altmış) gündən artıq (zamin durduğu öhdəliklər istisna olmaqla) davam edən gecikməsi olduqda;
3.3.3. sahibkarlıq subyektinin hesabları üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda;
3.3.4. sahibkarlıq subyekti zəmanət üçün müraciət edən müvəkkil kredit təşkilatına aidiyyəti olan şəxs olduqda;
3.3.5. sahibkarlıq subyektinin nizamnamə kapitalında dövlətin iştirak payı 50 (əlli) faizdən çox olduqda;
3.3.6. sahibkarlıq subyekti barəsində (habelə hüquqi şəxsin icra orqanının rəhbəri barəsində həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı) vergiləri, işsizlikdən sığorta, icbari tibbi sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma ilə bağlı cinayət təqibi və ya inzibati xəta üzrə icraat həyata keçirildikdə;
3.3.7. sahibkarlıq subyekti Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi meyarlara əsasən riskli vergi ödəyicisi olduqda;
3.3.8. sahibkarlıq subyektinin fəaliyyət növü təsərrüfat subyektinin (obyektinin) uçota alınmasını tələb etdiyi halda, belə təsərrüfat subyekti (obyekti) vergi orqanında uçota alınmadıqda;
3.3.9. sahibkarlıq subyektinin kreditin alınması üçün müraciət etdiyi tarixə fəaliyyəti dayandırılmış olduqda və (və ya) sahibkarlıq subyekti ləğvetmə prosesində olduqda;
3.3.10. sahibkarlıq subyektinin faktiki fəaliyyəti və göstəriciləri ilə onun vergi ödəyicisinin uçot məlumatları arasında uyğunsuzluqlar aşkar edildikdə.
3.4. Balansarxası öhdəliklərə zəmanət və faiz subsidiyası verilmir.
3.5. Faiz subsidiyası, dövlət tərəfindən yaradılmış maliyyə institutlarının və fondlarının resursları hesabına verilən güzəştli kreditlər istisna olmaqla, bu Qaydada nəzərdə tutulan şərtlər əsasında zəmanət verilən kreditlərə şamil edilir.
3.6. Faiz subsidiyası kreditin illik faiz dərəcəsinin 10 (on) faiz bəndi həcmində və 36 (otuz altı) aydan çox olmayan müddətə verilir. Kreditin illik faiz dərəcəsi 10 (on) faizdən aşağı olarsa, faiz subsidiyası kreditin illik faiz dərəcəsi həcmində verilir.
3.7. Zəmanət və faiz subsidiyası verilmiş kredit vəsaitindən sahibkarlıq subyektləri yalnız təyinatına uyğun istifadə etməli və bunu müvafiq təsdiqedici sənədlərlə rəsmiləşdirməlidirlər.
4. Dövlət zəmanətinin verilməsi şərtləri
4.1. Dövlət zəmanəti ilə təmin edilən kreditlər aşağıdakı tələblərə cavab verməlidir:
4.1.1. bir sahibkarlıq subyektinin bütün müvəkkil kredit təşkilatları üzrə dövlət zəmanəti verilən cəmi kreditlərinin məbləği 5 000 000 (beş milyon) manatdan çox olmamalı;
4.1.2. kreditin illik faiz dərəcəsi 15 (on beş) faizdən çox olmamalı;
4.1.3. kreditin müddəti 7 (yeddi) ildən çox olmamalı;
4.1.4. kredit üzrə güzəşt müddəti kreditin müddətinin yarısından çox olmayaraq, 36 (otuz altı) ayadək olmalı;
4.1.5. bir kredit üzrə verilən dövlət zəmanətinin kreditə nisbəti 90 (doxsan) faizdən çox olmamalıdır.
4.2. Dövlət zəmanəti bu Qaydanın 4.1-ci bəndində nəzərdə tutulan tələblərə cavab verən kreditlərə Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra ‒ Nazirlik) tərəfindən bu Qaydaya Əlavə – “İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə verilən kreditlərin dövlət zəmanəti ilə təmin edilməsi barədə Çərçivə Zəmanət Sazişi” əsasında verilir.
4.3. Fond bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişi əsasında verilmiş dövlət zəmanətindən istifadə edilməsi barədə Nazirliyə növbəti ayın 10-dək hesabat təqdim edir. Hesabatın forması Fond və Nazirlik tərəfindən təsdiq edilir.
4.4. Dövlət zəmanəti üzrə öhdəliklərin icrası və bu öhdəliklərlə bağlı edilmiş ödənişlərin bərpası müvafiq olaraq bu Qaydanın 8-ci və 12-ci hissələrinə uyğun həyata keçirilir.
5. Müvəkkil kredit təşkilatlarına zəmanət
üzrə limitlərin ayrılması
5.1. Fondun müəyyən etdiyi müvəkkil kredit təşkilatları Fondla əməkdaşlıq müqaviləsi bağlayırlar. Əməkdaşlıq müqaviləsinin nümunəvi formasını, bu Qaydanın tələbləri nəzərə alınmaqla, Fond təsdiq edir. Əməkdaşlıq müqaviləsində azı aşağıdakı şərtlər öz əksini tapmalıdır:
5.1.1. müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılmış kredit müqaviləsi əsasında verilmiş zəmanət bu Qaydanın 10.4.1–10.4.4-cü yarımbəndlərində nəzərdə tutulan hallarda ləğv ediləcəyi təqdirdə, faiz subsidiyası həcmində kredit faizlərini aşağı salmaq öhdəliyinin təsbit olunması;
5.1.2. zəmanət verilmiş kredit üzrə öhdəliyin icra edilməsi üçün sahibkarlıq subyektinə qarşı tələb hüquqlarının Fonda güzəşt edilməsi.
5.2. Hər bir müvəkkil kredit təşkilatı üçün onun müraciəti əsasında Fond limit müəyyən edir. Müvəkkil kredit təşkilatının müraciəti əsasında 30 (otuz) təqvim günü ərzində Fondun qərarı ilə ona əlavə limit müəyyən edilə bilər. Müvəkkil kredit təşkilatı tərəfindən istifadə edilməmiş limit Fondun qərarı ilə azaldıla və ya ləğv edilə bilər.
5.3. Fond müvəkkil kredit təşkilatlarına limitlərin ayrılması məqsədilə onların prudensial və bank statistikası hesabatlarından zəruri olan göstəricilər (maliyyə statistik göstəriciləri) barədə məlumat almaq üçün Azərbaycan Respublikasının Mərkəzi Bankına müraciət edir.
6. Zəmanətin və faiz subsidiyasının verilməsi qaydası
6.1. Zəmanət və faiz subsidiyası aşağıdakı qaydada verilir:
6.1.1. sahibkarlıq subyekti zəmanətlə kredit almaq üçün müvəkkil kredit təşkilatını seçməklə, informasiya sistemi vasitəsilə Fonda müraciət edir;
6.1.2. Fond tərəfindən informasiya sistemi vasitəsilə sahibkarlıq subyekti barəsində bu Qaydanın 3.3.5–3.3.9-cu yarımbəndlərində nəzərdə tutulmuş halların mövcudluğu dərhal, 3.3.10-cu yarımbəndində nəzərdə tutulmuş halın mövcudluğu isə 4 (dörd) iş günü müddətində yoxlanılır. Bu Qaydanın 3.3.5–3.3.10-cu yarımbəndlərində nəzərdə tutulmuş hallar müəyyən edildikdə, dərhal bu barədə sahibkarlıq subyektinə bildiriş göndərilir, müəyyən edilmədikdə isə müraciət baxılmaq üçün sahibkarlıq subyektinin seçdiyi müvəkkil kredit təşkilatına göndərilir;
6.1.3. müvəkkil kredit təşkilatı bu Qaydanın 6.1.2-ci yarımbəndində nəzərdə tutulmuş qaydada göndərilmiş müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində sahibkarlıq subyekti barəsində bu Qaydanın 3.3.1–3.3.4-cü yarımbəndlərində nəzərdə tutulmuş halların mövcudluğunu yoxlayır, sifariş üzrə maliyyə-kredit təhlili aparır, müvafiq qərarını (imtina edildikdə səbəbləri göstərilməklə) informasiya sistemində yerləşdirir və müsbət qiymətləndirdiyi müraciətlərlə bağlı zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması üçün bu Qaydanın 6.2-ci bəndində nəzərdə tutulan sənədləri təqdim etməklə Fonda müraciət edir;
6.1.4. Fond bu Qaydanın 6.1.3-cü yarımbəndində nəzərdə tutulmuş qaydada göndərilmiş müraciət daxil olduğu gündən 10 (on) iş günü müddətində müvəkkil kredit təşkilatının zəmanət və subsidiya ilə bağlı müraciətinə dair göndərdiyi məlumatları təhlil edərək qərar qəbul edir, müvafiq qərarını (imtina edildikdə səbəbləri göstərilməklə) informasiya sistemində yerləşdirir və müsbət qiymətləndirdiyi müraciətlərlə bağlı müvəkkil kredit təşkilatına zəmanət məktubu göndərir.
6.2. Zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması üçün müvəkkil kredit təşkilatı, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 30.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, aşağıdakı sənədləri Fonda təqdim etməlidir:
6.2.1. kreditin ayrılmasına və həmin kreditə zəmanət verilməsi üçün Fonda müraciətə dair müvəkkil kredit təşkilatının qərarından çıxarış;
6.2.2. layihənin xüsusiyyətindən, kreditin məbləğindən asılı olaraq sahibkarlıq subyekti və layihə barədə sənədlər və məlumatlar;
6.2.3. sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatına aidiyyəti şəxs olmadığını təsdiqləyən və müvəkkil kredit təşkilatının səlahiyyətli nümayəndəsinin imzaladığı sənəd;
6.2.4. sahibkarlıq subyektinin kredit hesabatı.
6.3. Bu Qaydanın 6.2.2-ci yarımbəndində nəzərdə tutulan təsdiqedici sənədlərin və məlumatların siyahısını Fond müəyyən edir.
6.4. Zəmanət məbləği, bu Qaydanın 4.1.5-ci yarımbəndi nəzərə alınmaqla, müvəkkil kredit təşkilatının müraciəti əsasında müəyyən edilir. Zəmanətin qüvvədə olduğu müddətdə zəmanətin kreditə nisbəti müvəkkil kredit təşkilatının müraciəti əsasında azaldıla bilər.
6.5. Zəmanətin verilməsi və faiz subsidiyasının ayrılması ilə bağlı məlumat müvəkkil kredit təşkilatı və sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində qeyd olunur. Zəmanət bu Qaydanın 7.2-ci bəndində nəzərdə tutulan birdəfəlik zəmanət haqqı Fondun hesabına ödənildiyi tarixdən qüvvəyə minir. Fondun zəmanət məktubu verildiyi tarixdən 30 (otuz) təqvim günü müddətində kredit müqaviləsi imzalanmadığı halda, zəmanət məktubu etibarsız sayılır.
6.6. Müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında kredit müqaviləsi bağlanıldıqdan sonra müvafiq kredit müqaviləsinin bir nüsxəsi (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin təsdiq olunmuş surəti və ya bir nüsxəsi (olduqda), birdəfəlik zəmanət haqqının ödənilməsini təsdiq edən sənəd müvəkkil kredit təşkilatı tərəfindən 5 (beş) iş günü müddətində Fonda təqdim edilir.
6.7. Fond müvəkkil kredit təşkilatı tərəfindən hər bir sahibkarlıq subyektinə ayrılan kredit vəsaiti, kredit vəsaitinin istifadə istiqamətləri, kreditin faiz dərəcəsi, müddəti (güzəşt müddəti ayrıca göstərilməklə), ayrılan kredit müqabilində götürdüyü girov (olduqda) barədə məlumatları hər növbəti ayın 10-dək Nazirliyə təqdim edir.
6.8. Müraciətindən imtina edilmiş sahibkarlıq subyekti imtinaya əsas olmuş hallar aradan qaldırıldıqdan sonra yenidən bu hissədə nəzərdə tutulmuş qaydada müraciət edə bilər.
7. Birdəfəlik zəmanət və komissiya haqları
7.1. Müvəkkil kredit təşkilatı zəmanət verilməsinə görə Fonda birdəfəlik, geri qaytarılmayan zəmanət və illik komissiya haqları ödəyir.
7.2. Birdəfəlik zəmanət haqqı verilmiş zəmanət məbləğinin 1 faizi həcmində hesablanır və kredit müqaviləsinin imzalandığı tarixdən 3 (üç) iş günü müddətində müvəkkil kredit təşkilatı tərəfindən Fonda ödənilir. Fond birdəfəlik zəmanət haqqının 50 faizini Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fonduna köçürülməsinin təmin edilməsi üçün 2 (iki) iş günü müddətində Nazirliyin hesabına köçürür və bu barədə müvafiq təsdiqedici sənədləri təqdim edir.
7.3. Müvəkkil kredit təşkilatı birdəfəlik zəmanət haqqı ödənilməklə kredit müqaviləsinin imzalandığı tarixdən həmin kredit təşkilatına verilmiş zəmanət məbləğinin 0,5 faizi həcmində illik komissiya haqqı ödəyir. Komissiya haqqı gündəlik əsasda zəmanətin qalıq məbləğinə hesablanır və aylıq qaydada ödənilir.
7.4. Müvəkkil kredit təşkilatı hər ay üçün növbəti ayın ilk 3 (üç) iş günü müddətində illik komissiya haqqı ödəyir və bu barədə hesabatı Fonda təqdim edir. Həmin vəsait qeyd olunan müddət ərzində ödənilməzsə, qalıq komissiya haqqının məbləğinin hər təqvim günü üçün 0,1 faizi həcmində cərimə hesablanır.
7.5. İllik komissiya haqqının ödənilməsi qaydası müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.
7.6. Bu Qaydanın 7.4-cü bəndində qeyd olunmuş hesabatın formasını Fond müəyyən edir.
8. Zəmanət üzrə öhdəliyin icrası
8.1. Zəmanət verilmiş kredit üzrə ödənişlərin gecikmə müddəti 120 (yüz iyirmi) günü keçdikdə, müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququ yaranır. Tələb hüququ yarandığı gündən etibarən 60 (altmış) gün müddətində qüvvədə olur. Bu müddətdə müvəkkil kredit təşkilatı ödəniş tələbini bu Qaydanın 8.2-ci bəndində göstərilən sənədlərlə birlikdə irəli sürmədikdə, zəmanət qüvvəsini itirir. Tələb hüququ müddəti müvəkkil kredit təşkilatının zəmanət üzrə tələb hüququnu irəli sürdüyü müddətə və bundan əlavə, çatışmayan müvafiq sənədlərin tam şəkildə təqdim edilməsi müddətinə şamil olunur.
8.2. Müvəkkil kredit təşkilatı verilmiş zəmanət üzrə ödəniş aparılması üçün Fonda yazılı müraciət edir. Müraciətə aşağıdakı məlumat və sənədlər əlavə olunur:
8.2.1. müvəkkil kredit təşkilatı tərəfindən sahibkarlıq subyektinə kreditin verilməsi zamanı tələb olunan sənədlər;
8.2.2. həmin kredit öhdəliyinin təminatı kimi müvəkkil kredit təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş və ya girov qoyulmuş əmlakın yüklülüyünə dair sənədlər;
8.2.3. zəmanəti təsdiq edən sənədin, zəmanət verilmiş kredit üzrə sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqaviləsinin və bu müqavilə ilə əlaqəli digər müqavilələrin surətləri;
8.2.4. zəmanət verildiyi tarixdən zəmanət üzrə ödəniş aparılması üçün müraciət etdiyi tarixədək sahibkarlıq subyektinin müvafiq cari və (və ya) ssuda hesabından çıxarış, o cümlədən müvəkkil kredit təşkilatlarında yerləşdirilmiş vəsaiti barədə məlumat;
8.2.5. sahibkarlıq subyektinə, o cümlədən zaminlərə, girov qoyanlara və digər təminat verənlərə göndərilmiş bildirişlər və (və ya) pretenziya məktublarının və bu məktublara cavabların (olduğu təqdirdə), habelə sahibkarlıq subyektlərinə qarşı məhkəmədə iddia qaldırılmasını təsdiq edən sənədlərin surətləri.
8.3. Zəmanət üzrə ödənişin məbləği kredit üzrə əsas borcun icra edilməmiş hissəsinə münasibətdə qüvvədə olan zəmanətin kreditə nisbəti həcmində hesablanır.
8.4. Fond bu Qaydanın 8.1‒8.3-cü və 10.4-cü bəndlərində göstərilənləri nəzərə almaqla, tələbin irəli sürüldüyü tarixdən etibarən 5 (beş) iş günündən gec olmayaraq, zəmanətin ödənilməsi ilə bağlı qərar qəbul edir və müvəkkil kredit təşkilatına bu barədə bildiriş göndərir. Bildiriş əsasında müvəkkil kredit təşkilatı 3 (üç) iş günü müddətində sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit ilə bağlı tələb hüquqlarını tam həcmdə tələbin güzəşti müqaviləsi və adlı qiymətli kağız üzrə (olduqda) indossament yolu ilə Fonda güzəşt edir.
8.5. Tələb hüquqları Fonda güzəşt edildikdən sonra Fond əməkdaşlıq müqaviləsinin, müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılmış kredit müqaviləsinin (ödəniş cədvəli də daxil olmaqla), girov (ipoteka) müqaviləsinin (olduqda) təsdiq edilmiş surətlərini, müvəkkil kredit təşkilatının rekvizitlərini və Fonda rəsmi müraciətini əlavə etməklə, zəmanət üzrə ödənişin həyata keçirilməsi üçün Nazirliyə müraciət edir. Nazirlik Fondun müraciəti əsasında 30 (otuz) iş günü müddətində zəmanət üzrə ödənişi müvəkkil kredit təşkilatının hesabına köçürür. Zəmanət üzrə ödəniş birdəfəlik həyata keçirilir və hissə-hissə ödənilməsinə yol verilmir.
8.6. Dövlət zəmanəti üzrə edilmiş ödənişlərin bərpa edilməsi şərtləri bu Qaydanın 4.2-ci bəndində nəzərdə tutulan Çərçivə Zəmanət Sazişi ilə müəyyən edilir.
9. Faiz subsidiyasının ödənilməsi
9.1. Müvəkkil kredit təşkilatı hər ay üzrə hesablanmış faizin subsidiyası nəzərə alınmaqla 10 (on) faiz bəndi çıxıldıqdan sonra qalan hissəsinin sahibkarlıq subyektləri tərəfindən ödənilməsinə dair hesabatı və faiz subsidiyasının ödənilməsinə dair müraciəti növbəti ayın ilk 3 (üç) iş günü müddətində Fonda təqdim edir. Hesabatın forması Fond tərəfindən təsdiq edilir.
9.2. Fond bu Qaydanın 9.1-ci bəndində nəzərdə tutulmuş müraciət daxil olduqdan sonra 5 (beş) iş günü müddətində faiz subsidiyasını aşağıdakı məbləğlərdə müvəkkil kredit təşkilatının hesabına köçürür:
9.2.1. bu Qaydanın 9.1-ci bəndində qeyd olunmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz subsidiyasının məbləğindən çox olduqda – ödəniş cədvəlində göstərilən məbləğdə;
9.2.2. bu Qaydanın 9.1-ci bəndində qeyd olunmuş hesabata əsasən ödənilməli faiz subsidiyası bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz subsidiyasının məbləğindən az və ya ona bərabər olduqda – hesabatda göstərilən məbləğdə.
9.3. Sahibkarlıq subyektinin zəmanət verilmiş krediti üzrə ödənilən faiz subsidiyasının cəmi məbləği bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz subsidiyasının cəmi məbləğindən artıq ola bilməz.
9.4. Bu Qaydanın 9.1-ci bəndində qeyd olunmuş hesabata müvəkkil kredit təşkilatı tərəfindən təhrif olunmuş məlumatların daxil edildiyi aşkar edildikdə, artıq ödənilmiş faiz subsidiyasını müvəkkil kredit təşkilatı Fonda geri qaytarır.
9.5. Faiz subsidiyası yalnız bu Qaydanın 6.6-cı bəndində nəzərdə tutulmuş ödəniş cədvəlində göstərilən faiz dərəcəsinə uyğun (dəbbə pulu nəzərə alınmadan) ödənilir.
10. Zəmanətin verilməsinin dayandırılması və zəmanətə xitam verilməsi
10.1. Bir müvəkkil kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsait çıxılmaqla) və müvəkkil kredit təşkilatının cari ödəniş tələbinin ümumi məbləği Fondun həmin müvəkkil kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizini keçdikdə, müvəkkil kredit təşkilatına verilmiş zəmanətlər üzrə ödənişlər dayandırılır. Bu zaman son 4 (dörd) ayda verilmiş zəmanətlər bütün zəmanətlərin qalıq məbləğlərinin hesablanmasında nəzərə alınmır.
10.2. Bir müvəkkil kredit təşkilatına zəmanətlər üzrə edilmiş ödənişlərin (zəmanətə görə ödəniş edilmiş kreditlər üzrə Fonda daxil olan vəsaitlər çıxılmaqla) ümumi məbləği Fondun həmin müvəkkil kredit təşkilatına verdiyi bütün zəmanətlərin 20 faizindən aşağı düşdükdə, zəmanətlər üzrə ödənişlər bərpa edilir.
10.3. Aşağıdakı hallarda müvəkkil kredit təşkilatına yeni zəmanət verilmir:
10.3.1. bu Qaydanın 10.1-ci bəndində müəyyən olunmuş hal baş verdikdə;
10.3.2. zəmanətin verilməsi üçün müraciət zamanı müvəkkil kredit təşkilatı bilərəkdən Fonda yanlış məlumat təqdim etdikdə.
10.4. Aşağıdakı hallarda verilmiş zəmanətə xitam verilir:
10.4.1. müvəkkil kredit təşkilatının həmin kredit üzrə zəmanətə xitam verilməsi barədə müraciəti olduqda;
10.4.2. zəmanət verilməsinə görə ödəmə vaxtı çatmış komissiyanın ödənişi 1 (bir) aydan çox gecikdirildikdə;
10.4.3. zəmanətlə təmin olunmuş kreditlər üzrə tələb hüquqları Fondun yazılı razılığı olmadan müvəkkil kredit təşkilatı tərəfindən üçüncü tərəfə ötürüldükdə;
10.4.4. sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqaviləsinin, girov və digər təminat müqavilələrinin şərtləri bu Qayda ilə müəyyən edilmiş tələblərə uyğun olmadıqda və ya Fondun qabaqcadan yazılı razılığı olmadan dəyişdirildikdə;
10.4.5. hərbi əməliyyatlarla bağlı yaranmış şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar restrukturizasiya edilmiş kreditlər istisna olmaqla, zəmanət verilmiş kredit restrukturizasiya olunduqda;
10.4.6. zəmanət verilmiş kredit məbləğindən kredit müqaviləsinə uyğun olaraq təyinatı üzrə istifadə edilmədikdə;
10.4.7. zəmanətin verilməsi üçün müraciət zamanı müvəkkil kredit təşkilatının bilərəkdən Fonda yanlış məlumat təqdim etdiyi müəyyən olunduqda;
10.4.8. “Dövlət borcu haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş digər hallarda.
10.5. Zəmanətə bu Qaydanın 10.4.6-cı və 10.4.7-ci yarımbəndlərində nəzərdə tutulmuş əsaslarla xitam verildikdə, cari tarixə faiz subsidiyasına görə ödənilmiş bütün vəsait geri qaytarılır.
10.6. Müvəkkil kredit təşkilatı ilə bağlanılmış əməkdaşlıq müqaviləsi həmin müqavilədə nəzərdə tutulmuş hallarda yalnız qarşılıqlı öhdəliklər tam icra edildikdən sonra ləğv edilə bilər.
10.7. Bu Qaydanın 10.3-cü bəndində nəzərdə tutulan hallar baş verdikdə, müvəkkil kredit təşkilatı zəmanətlər üzrə komissiya ödənişini əməkdaşlıq müqaviləsi qüvvədə olduğu müddətdə davam etdirir.
11. Faiz subsidiyasının ödənilməsinin dayandırılması və ləğvi
11.1. Aşağıdakı hallarda faiz subsidiyasının ödənilməsi dayandırılır:
11.1.1. faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatında olan hesabı üzərində məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə, habelə qanunla müəyyənləşdirilmiş və ya kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında müqavilədə nəzərdə tutulmuş hallarda pul vəsaitinin silinməsinə dair müvafiq sərəncam olduqda – həmin borc tam məbləğdə ödənilənədək (öhdəlik icra edilənədək);
11.1.2. faiz subsidiyasının ödənilməsinə dair müvəkkil kredit təşkilatının Fonda müraciət tarixinə 1 (bir) iş günü qalanadək sahibkarlıq subyekti tərəfindən kredit üzrə əsas borc və (və ya) hesablanmış faizlər üzrə ödənişlərdə gecikmə olduqda – gecikdirilmiş borc tam məbləğdə ödənilənədək.
11.2. Bu Qaydanın 11.1-ci bəndində nəzərdə tutulmuş hallar aradan qaldırıldıqdan sonra faiz subsidiyasının ödənilməsi bərpa edilir və həmin dövrlər üçün ödənilməli faiz subsidiyası bu Qaydanın 9-cu hissəsində nəzərdə tutulmuş qaydada müvəkkil kredit təşkilatının hesabına köçürülür.
11.3. Aşağıdakı hallarda faiz subsidiyasının ödənilməsi ləğv edilir:
11.3.1. sahibkarlıq subyektinin tələbi əsasında müvəkkil kredit təşkilatı bu barədə Fonda müraciət etdikdə;
11.3.2. sahibkarlıq subyekti barəsində iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü (cinayət-hüquqi tədbirlərin tətbiq edilməsi haqqında qərarı) olduqda;
11.3.3. müvəkkil kredit təşkilatının zəmanət üzrə ödəniş aparılması üçün bu Qaydanın 8.2-ci bəndində nəzərdə tutulmuş qaydada Fonda yazılı müraciəti daxil olduqda.
11.4. Müvəkkil kredit təşkilatı bu Qaydanın 11.3.2-ci yarımbəndində nəzərdə tutulmuş hal ona məlum olduğu gündən 3 (üç) iş günü müddətində Fonda məlumat verir.
12. Zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaitin bölüşdürülməsi
12.1. Zəmanətə görə ödəniş edilmiş kredit üzrə sahibkarlıq subyekti tərəfindən müvəkkil kredit təşkilatına daxil olan vəsait, bir hissəsi həmin kredit üzrə zəmanətin kreditə faiz nisbətinə müvafiq olaraq, zəmanət ödənişi həddində Fonda, qalan hissəsi isə müvəkkil kredit təşkilatına ödənilir.
12.2. Fondla müvəkkil kredit təşkilatı arasında bağlanılmış əməkdaşlıq müqaviləsi ləğv edildikdə, ödəniş edilmiş kreditlər üzrə daxil olan vəsait Fondun tələbləri bitənədək bütünlüklə Fondun tələblərinin ödənilməsinə yönəldilir.
12.3. Bu Qaydanın 12.2-ci bəndində göstərilən tələblər tam ödənildikdə, Fond 3 (üç) iş günü müddətində müvəkkil kredit təşkilatına bu barədə məlumat verir və sahibkarlıq subyektinə münasibətdə zəmanət verilmiş kredit üzrə tələb hüququnu müvəkkil kredit təşkilatına geri qaytarır.
12.4. Fond zəmanətə görə ödəniş edilmiş kredit üzrə daxil olan vəsaiti 3 (üç) iş günü müddətində Nazirliyin hesabına köçürür.
12.5. Zəmanət verilmiş krediti olan sahibkarlıq subyektinin müvəkkil kredit təşkilatında bir neçə krediti olduqda, bu kreditlər üzrə daxil olan vəsait aşağıdakı hallarda müvəkkil kredit təşkilatı tərəfindən zəmanət verilmiş kredit üzrə ödənişlərin həyata keçirilməsinə yönəldilir:
12.5.1. zəmanət verilmiş kredit gecikmədə olduqda – həmin kredit gecikmədən çıxanadək;
12.5.2. zəmanət verilmiş kredit üzrə zəmanət ödənişi həyata keçirildikdə – həmin kredit tam ödənilənədək.
12.6. Bu Qaydanın 12.5-ci bəndində qeyd olunan şərtlər sahibkarlıq subyekti ilə bağlanılmış kredit müqaviləsində nəzərdə tutulmalıdır.
12.7. Zəmanət üzrə ödənilmiş vəsaitin geri qaytarılması üçün sahibkarlıq subyektinə və kredit üzrə təminat verən digər şəxslərə (girov (ipoteka) qoyana, zaminə və s.) qarşı Fondun adından və onun xeyrinə tələb hüquqlarını müvəkkil kredit təşkilatı həyata keçirir. Zəmanət üzrə ödəniş edildikdən sonra müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsinin şərtlərinə uyğun olaraq kredit üzrə daxil olan ödənişlərin təmin edilməsi üzrə tələb hüquqlarını Fond (və ya Fondun müəyyən etdiyi üçüncü şəxs) həyata keçirə bilər.
12.8. Fondun tələb hüquqlarının həyata keçirilməsi ilə bağlı yaranan xərclərin ödənilməsi müvəkkil kredit təşkilatı və Fond arasında bağlanılmış əməkdaşlıq müqaviləsi ilə tənzimlənir.
13. Monitorinq
13.1. Müvəkkil kredit təşkilatı ildə azı bir dəfə kredit verdiyi sahibkarlıq subyektində kreditdən təyinatı üzrə istifadənin monitorinqini aparır və bu barədə Fonda hesabat verir.
13.2. Zəmanət və faiz subsidiyası verilmiş kreditdən təyinatı üzrə istifadəyə nəzarət məqsədilə Fond sahibkarlıq subyektlərində monitorinqlər apara bilər.
13.3. Müvəkkil kredit təşkilatı ilə sahibkarlıq subyekti arasında bağlanılan kredit müqaviləsində sahibkarlıq subyektinin Fond tərəfindən monitorinq keçirilməsi üçün zəruri şərait yaratmaq, kreditdən istifadəyə dair tələb olunan sənədləri və məlumatları təqdim etmək öhdəliyi nəzərdə tutulmalıdır.
13.4. Fond aparılmış monitorinqlərin nəticəsi barədə rübdə bir dəfə Nazirliyə məlumat verir.
9 января 2023, 18:0127 января 2015, 09:01
Об индексации страховой части трудовых пенсий подробно...
27 января 2015, 09:01
О назначении Н.У.Магеррамова членом Национального совета телевидения и радио Азербайджанской Республики подробно...
19 января 2015, 09:01
О повышении учебной нагрузки и заработной платы работающих в государственных общеобразовательных учреждениях педагогов, знания и способности которых проходят диагностическую оценку подробно...
15 января 2015, 09:01
О проведении 90-летнего юбилея Бахтияра Вагабзаде подробно...
15 января 2015, 09:01
СПИСОК документов, удостоверяющих приобретение прав на объекты недвижимости, приобретенных и образовавшихся до вступления в силу Закона Азербайджанской Республики «О государственном реестре недвижимости» подробно...
15 января 2015, 09:01
Об утверждении «Списка документов, удостоверяющих приобретение прав на объекты недвижимости, приобретенных и возникших до вступления в силу Закона Азербайджанской Республики «О государственном реестре недвижимости» подробно...
15 января 2015, 09:01
О предоставлении Х.Б.Юсифзаде «Почетного диплома Президента Азербайджанской Республики» подробно...
14 января 2015, 09:01
Об объявлении 2015 года в Азербайджанской Республике «Годом сельского хозяйства» подробно...
12 января 2015, 09:01
О мерах по строительству автомобильной дороги Гарасу-Абдулабад-Талыш-Мейниман-Муган Гаджигабульского района подробно...
9 января 2015, 09:01
О дополнительных мерах по строительству автомобильной дороги Чуханлы-Гянджали-Пиратман-Парча Халадж-Сеидан Сальянского района подробно...