Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında
Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndinə uyğun olaraq, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadənin hüquqi, iqtisadi və təşkilati əsaslarını, habelə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalının təşviq edilməsi üçün dəstək mexanizmlərini müəyyən edir və bu sahədə yaranan münasibətləri tənzimləyir.

1-ci fəsil

Ümumi müddəalar

Maddə 1. Əsas anlayışlar

1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

1.1.1. bərpa olunan enerji mənbələri – ətraf mühitdə daim mövcud olan, yaxud mütəmadi yaranan enerji mənbələri (hidroenerji, külək enerjisi, günəş enerjisi, geotermal enerji, biokütlə enerjisi, dəniz və okeanlarda dalğa enerjisi, qabarma və çəkilmə enerjisi, su axınlarının enerjisi və s.);

1.1.2. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsi – bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı, saxlanması, ötürülməsi, təchizatı və istehlakını əhatə edən fəaliyyət sahəsi;

1.1.3. hərrac – bərpa olunan enerji mənbələri ərazisində müəyyən edilmiş güc üzrə elektrik enerjisi istehsal edəcək istehsalçının seçilməsi və elektrik enerjisinin satınalma müqaviləsində tətbiq ediləcək zəmanətli tarifin müəyyən edilməsi üçün auksion və ya müsabiqə formasında keçirilən prosedur;

1.1.4. elektrik stansiyası – bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üçün lazım olan qarşılıqlı əlaqəli avadanlıq və onlara aid tikililərin kompleksi;

1.1.5. istehsalçı – elektrik stansiyasında elektrik enerjisi istehsalını həyata keçirən şəxs;

1.1.6. bərpa olunan enerji mənbələrinin ərazisi – bərpa olunan enerji mənbələri potensialına malik olan və elektrik enerjisinin istehsalı üçün uyğun olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş torpaq sahəsi (su obyekti);

1.1.7. elektrik şəbəkəsi – elektrik enerjisinin ötürülməsi və təchizatı üçün nəzərdə tutulmuş elektrik qurğularının məcmusu;

1.1.8. istehlakçı – alqı-satqı müqaviləsi əsasında elektrik enerjisini satın alan və ondan elektrik qəbulediciləri vasitəsilə istifadə edən hüquqi və ya fiziki şəxs;

1.1.9. elektrik şəbəkəsinə qoşulma müqaviləsi – istehsalçı ilə ötürücü elektrik şəbəkəsi üzrə dövlət elektroenergetika müəssisəsi, elektrik təchizatı şəbəkəsi üzrə enerji təchizatı müəssisəsi arasında bağlanılan, elektrik stansiyasının elektrik şəbəkəsinə qoşulmasının təmin edilməsi və buna dair xidmətin göstərilməsi haqqında müqavilə;

1.1.10. zəmanətli alıcı – elektrik enerjisinin zəmanətli tariflərlə satın alınmasını, həmçinin onun elektrik enerjisinin topdansatış bazarında satışını təmin edən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum);

1.1.11. zəmanətli tarif – elektrik şəbəkəsinə verilən elektrik enerjisinin hər kilovat-saatı üçün dəstək mexanizmi çərçivəsində bərpa olunan enerji mənbələrinin əraziləri üzrə hərrac və ya birbaşa cəlbetmə yolu ilə müəyyənləşdirilmiş istehsalçılara münasibətdə müəyyən edilən tarif;

1.1.12. aktiv istehlakçı – elektrik enerjisini istehlak etməklə yanaşı, bərpa olunan enerji mənbələri hesabına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi güc həddinədək elektrik enerjisi istehsal edən hüquqi və ya fiziki şəxs;

1.1.13. elektrik enerjisinin satınalma müqaviləsi – bərpa olunan enerji mənbələri ərazilərində istehsal edilmiş elektrik enerjisinin alqı-satqısına dair istehsalçı ilə zəmanətli alıcı arasında bağlanılan müqavilə;

1.1.14. fəaliyyət planı – bərpa olunan enerji mənbələrinin təbiətdə mövcud potensialı, müasir texnologiyaları, elektrik şəbəkəsinin inkişafı, elektrik enerjisinin istehlakı proqnozları və elektrik enerjisi istehlakçılarının maarifləndirilməsi istiqamətində aparılmış tədqiqatlara əsaslanan ümumdövlət, yerli və digər tədbirləri, elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadəyə dair hədəfləri müəyyən edən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilən sənəd;

1.1.15. balanslaşdırma – dövlət elektroenergetika müəssisəsi tərəfindən keyfiyyət göstəricilərinə uyğun elektrik enerjisinin istehsalı, idxalı, ixracı və istehlakı arasında davamlı balansı təmin edən hərəkət və proseslər;

1.1.16. balanslaşdırma məsuliyyəti – elektrik enerjisinin topdansatış bazarı subyektlərinin elektrik enerjisi istehsalının, istehlakının və alqı-satqısının qəbul edilmiş qrafiklərə uyğun olaraq balanslaşdırılmasına dair öhdəlikləri, həmçinin onların dövlət elektroenergetika müəssisəsi qarşısında qeyri-balansın tənzimlənməsindən irəli gələn maliyyə öhdəlikləri üzrə məsuliyyəti.

1.2. Bu Qanunda istifadə olunan digər anlayışlar Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunmuş mənaları ifadə edir.

Maddə 2. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan  Respublikasının qanunvericiliyi

2.1. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən, bu Qanundan və energetika sahəsini tənzimləyən digər normativ hüquqi aktlardan ibarətdir.

2.2. Ələt azad iqtisadi zonasında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.

Maddə 3. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsinin prinsipləri

3.0. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət tənzimlənməsi aşağıdakı prinsiplərə əsaslanır:

3.0.1. dəstək mexanizmlərinin tətbiqi;

3.0.2. dəstək mexanizmlərindən bərabər istifadə imkanı və şəffaflığın təmin edilməsi;

3.0.3. istehsalçılar üçün elektrik şəbəkəsindən bərabər istifadə imkanlarının yaradılması;

3.0.4. bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalında beynəlxalq standartların tətbiqi;

3.0.5. bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadənin təmin edilməsi.

Maddə 4. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri

4.0. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

4.0.1. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dövlət siyasətini formalaşdırmaq və həyata keçirmək;

4.0.2. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində fəaliyyət planlarını qəbul etmək;

4.0.3. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində normativ hüquqi aktları qəbul etmək;

4.0.4. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsinə yerli və xarici investisiyaların cəlb edilməsi məqsədilə əlverişli investisiya mühitinin yaradılmasını təmin etmək;

4.0.5. bərpa olunan enerji mənbələrinin ərazilərini müəyyənləşdirmək;

4.0.6. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmlərini tətbiq etmək;

4.0.7. peşəkar mütəxəssislərin hazırlanması, kadr potensialının gücləndirilməsi və tədris proqramlarının tərtibi ilə bağlı tədbirlər həyata keçirmək.

2-ci fəsil

Elektrik enerjisi istehsalında bərpa olunan

enerji mənbələrindən istifadəyə dəstək

Maddə 5. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində dəstək mexanizmləri

5.0. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində bu Qanunun məqsədləri üçün aşağıdakı dəstək mexanizmləri tətbiq olunur:

5.0.1. bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalının zəmanətli tariflər və digər vasitələrin tətbiqi ilə dəstəklənməsi;

5.0.2. aktiv istehlakçının dəstəklənməsi;

5.0.3. elmi tədqiqatların dəstəklənməsi;

5.0.4. Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan mexanizmlər.

Maddə 6. Bərpa olunan enerji mənbələrinin əraziləri

6.1. Bərpa olunan enerji mənbələrinin potensialından səmərəli istifadə edilməsinin təşkili məqsədilə bu Qanunun 15-ci maddəsində nəzərdə tutulmuş bərpa olunan enerji mənbələri üzrə informasiya sisteminin tərkib hissəsi olan Azərbaycan Respublikasının bərpa olunan enerji mənbələrinin potensialı atlası (bundan sonra - atlas) yaradılır.

6.2. Atlasda ilkin qiymətləndirmə əsasında bərpa olunan enerji mənbələri potensialından istifadə edilə biləcək torpaq sahələri (su obyektləri), onların hər birinin bərpa olunan enerji mənbəyi kimi potensialı, sərhədlərinin hüdudları və digər xüsusiyyətləri barədə aktual məlumatlar əks olunur. Atlasın formalaşdırılması və aktuallığının təmin olunması üçün tələb olunan dövlət torpaq, su, meşə və sair kadastrlarının, habelə digər dövlət informasiya ehtiyatlarının məlumatları atlası aparan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) əvəzsiz olaraq təqdim edilir.

6.3. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) atlasa barəsində məlumatlar daxil edilmiş torpaq sahələrinin (su obyektlərinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən olunması məqsədilə əsaslandırılmış təkliflərini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edə bilər.

6.4. Bu Qanunun 6.3-cü maddəsində göstərilən təklif aşağıdakıları əhatə etməlidir:

6.4.1. torpaq sahəsi (su obyekti) barədə atlasa daxil edilmiş məlumatların məcmusu;

6.4.2. torpaq sahəsinin (su obyektinin) yerləşdiyi yer, ölçüləri və sərhədlərini göstərən yerquruluşu xəritəsi;

6.4.3. torpaq sahəsi (su obyekti) üzərində bərpa olunan enerji potensialına dair aparılmış qiymətləndirmənin nəticələri;

6.4.4. su obyektinin Azərbaycan Respublikasının Su Məcəlləsinə əsasən hidroenergetika ehtiyacları üçün istifadəsi imkanlarının qiymətləndirilməsinin nəticələri;

6.4.5. torpaq sahəsində (su obyektində) tikiləcək elektrik stansiyasının elektrik şəbəkəsinə qoşulmasının mümkünlüyünün dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin iştirakı ilə aparılmış qiymətləndirilməsinin nəticələri;

6.4.6. torpaq sahəsinin (su obyektinin) mülkiyyət növü və kateqoriyaları barədə məlumat, həmin ərazidə yaşayan şəxslərin ilkin hesablanmış sayı, torpaq sahəsi (su obyekti), o cümlədən həmin torpaq sahəsində yerləşən tikinti obyektləri üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslərin sayı, habelə torpaq sahəsinin (su obyektinin) elektrik enerjisi istehsalı məqsədləri üçün istifadəsi nəticəsində onların məruz qalacaqları itki və məhrumiyyətlərin növü və xüsusiyyətləri barədə məlumatlar;

6.4.7. torpaq sahəsi (su obyekti) üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslərin həmin torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsinə, torpaq sahəsindən (su obyektindən) elektrik enerjisi istehsalı məqsədləri üçün istifadə edilməsinə, torpaq sahəsi (su obyekti) üzərində olan hüquqlarının ötürülməsi şərtlərinə dair ilkin razılığı.

6.5. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 6.3-cü və 6.4-cü maddələrinə uyğun olaraq təqdim edilmiş təklifin və ya onun ayrı-ayrı aspektlərinin qiymətləndirilməsi məqsədi ilə həmin təklifi dövlət orqan və qurumlarına, müvafiq bələdiyyələrə göndərə bilər.

6.6. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 6.3-cü və 6.4-cü maddələrinə uyğun olaraq təqdim edilmiş təklifi və bununla bağlı sənədləri, habelə məqsədəuyğun hesab etdiyi digər sənədləri araşdırdıqdan sonra müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təklifini tam və ya qismən nəzərə almaqla, torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərar qəbul edə bilər. Həmin qərara torpaq sahəsinin (su obyektinin) yerləşdiyi yeri, ölçülərini və sərhədlərini göstərən yerquruluşu xəritəsi əlavə olunur.

6.7. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarda torpaq sahəsinin (su obyektinin) elektrik enerjisinin istehsalı məqsədilə Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq elektrik stansiyasının tikintisinə icazə alınması üçün 2 ildən artıq olmayan müddət müəyyən olunur. Müəyyən edilmiş müddət müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əsaslandırılmış müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən 1 ildən çox olmamaqla uzadıla bilər.

Maddə 7. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın hüquqi qüvvəsi

7.1. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarixdən:

7.1.1. həmin torpaq sahəsi (su obyekti) bərpa olunan enerji mənbələrinin ərazisi kimi tanınır;

7.1.2. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 8-ci maddəsinə uyğun olaraq bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalı üçün istehsalçının seçilməsi ilə bağlı tədbirlər görür;

7.1.3. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 6.7-ci maddəsində müəyyən edilmiş müddət nəzərə alınmaqla, torpaq sahəsi (su obyekti) üzərində hüquqların ötürülməsi ilə bağlı müvafiq tədbirlər görür.

7.2. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın və həmin qərarın hüquqi qüvvəsinə dair arayışın surətini bu Qanunun 6.4.7-ci maddəsində nəzərdə tutulan şəxslərin diqqətinə çatdırmaq vəzifəsi daşıyır.

7.3. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərarın qəbul edildiyi tarixdən bu Qanunun 6.7-ci maddəsində müəyyən edilmiş müddətədək elektrik stansiyası istisna olmaqla, digər tikinti obyektlərinin tikintisinə icazə, habelə dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahəsində (su obyektində) tikinti obyektinin inşasına razılıq verilə bilməz.

7.4. Bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilən torpaq sahəsində (su obyektində) elektrik stansiyasının tikintisinə və quraşdırılmasına Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə uyğun olaraq icazə verildiyi andan həmin torpaq sahəsinin kateqoriyası və torpaq sahəsindən yol verilən istifadə növü dəyişdirilmiş hesab edilir.

7.5. Torpaq sahəsinin (su obyektinin) bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi barədə qərar qüvvəsini itirdikdə və ya bu Qanunun 6.7-ci maddəsində nəzərdə tutulmuş müddət sona çatanadək bərpa olunan enerji mənbələri ərazisində elektrik stansiyasının tikintisinə və quraşdırılmasına icazə alınmadıqda, hər hansı hərəkət zərurəti olmadan torpaq sahəsi (su obyekti), o cümlədən torpaq sahəsində yerləşən tikinti obyektləri üzərində mülkiyyət, istifadə və ya icarə hüquqları olan şəxslərin həmin daşınmaz əmlakla bağlı hüquqları bərpa olunmuş hesab edilir.

Maddə 8. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalı üçün istehsalçının seçilməsi

8.1. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi hərrac və ya birbaşa cəlbetmə yolu ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən həyata keçirilir.

8.2. Hərrac auksion formasında keçirildiyi halda bərpa olunan enerji mənbələri ərazisində istehsal olunacaq elektrik enerjisinin zəmanətli alıcı tərəfindən satınalınması üçün ən aşağı qiymət təklifi vermiş şəxs hərracın qalibi hesab olunur.

8.3. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının birbaşa cəlbetmə yolu ilə seçilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) razılığı ilə aşağıdakı hallarda həyata keçirilir:

8.3.1. dövlətin maraqları və strateji əhəmiyyət baxımından zəruri olan pilot və digər layihələr həyata keçirildikdə;

8.3.2. bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac baş tutmadıqda.

8.4. Hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş istehsalçı ilə aşağıdakı müqavilələr bağlanılır:

8.4.1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında investisiya müqaviləsi;

8.4.2. zəmanətli alıcı arasında elektrik enerjisinin satınalma müqaviləsi;

8.4.3. elektrik stansiyasının qoşulacağı şəbəkədən asılı olaraq dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında elektrik şəbəkəsinə qoşulma müqaviləsi.

8.5. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalı üçün seçilmiş istehsalçılar tərəfindən bu ərazilər üzrə təsdiq edilmiş güc həddində quraşdırılan elektrik stansiyasının elektrik şəbəkəsinə qoşulmasına və istehsal ediləcək elektrik enerjisinin satınalma müqaviləsi ilə müəyyən edilmiş müddət ərzində zəmanətli alıcı tərəfindən satınalınmasına təminat verilir.

8.6. Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydası, habelə bu Qanunun 8.4-cü maddəsinə əsasən bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilir.

8.7. Hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçildikdən sonra istehsalçı bu Qanunun 6-cı maddəsinə əsasən bərpa olunan enerji mənbələrinin ərazisinin əhatə etdiyi torpaq sahəsi (su obyekti) üzərində hüquqların əldə edilməsi ilə bağlı müqavilə (müqavilələr) bağlayır. Torpaq sahəsinin icarəyə götürüldüyü müddət və su obyektindən istifadə müddəti bu Qanunun 8.5-ci maddəsində nəzərdə tutulmuş müddətdən az olmamaqla tərəflər arasında razılaşdırılır.

8.8. Hərrac və ya birbaşa cəlbetmə yolu ilə seçilmiş istehsalçıya bərpa olunan enerji mənbələrinin ərazisində tikintiyə və elektrik enerjisi istehsalına icazənin verilməsi Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tənzimlənir.

 Maddə 9. Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin qiymətləri (tarifləri)

9.1. Bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin qiymətləri (tarifləri) elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinin hər kilovatt-saatı üçün hesablanır. Ölçmələrə, ölçü cihazlarına dair tələblər “Ölçmələrin vəhdətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu, elektrik şəbəkəsinə ötürülən elektrik enerjisinə görə hesablaşma, ödənilmə şərtləri və ödəniş müddəti tərəflər arasında bağlanılmış müqavilələrlə müəyyənləşdirilir.

9.2. Bu Qanunun 9.3-cü maddəsi ilə müəyyən edilən tariflər istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən topdansatış qiymətləri (tarifləri) ilə satılır.

9.3. Zəmanətli tariflər bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi üçün keçirilən hərrac vasitəsilə, istehsalçı birbaşa cəlbetmə yolu ilə seçildikdə isə istehsalçı ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) arasında əldə edilmiş razılıq əsasında müəyyən edilir.

9.4. Zəmanətli tariflər bu Qanunun 8.5-ci maddəsinə uyğun olaraq satınalma müqaviləsində müəyyən edilən müddət ərzində tətbiq edilir.

Maddə 10. Aktiv istehlakçının dəstəklənməsi mexanizmi

10.1. İstehlakçılar elektrik enerjisi istehlakını tam və ya qismən təmin etmək üçün elektrik stansiyalarını quraşdıra və bu stansiyalar vasitəsilə istehsal edilmiş elektrik enerjisinin istehlakından artıq hissəsini daha sonra əvəzləşdirmək məqsədilə elektrik təchizatı şəbəkəsinə ötürə, habelə istehlak istehsaldan çox olduğu təqdirdə şəbəkədən elektrik enerjisi qəbul edə bilərlər.

10.2. Əvəzləşdirmə üçün müəyyənləşdirilmiş hesabat dövrü başa çatdıqdan sonra yaranmış qalıq elektrik enerjisinin dəyəri aşağıdakı şəkildə hesablanır:

10.2.1. şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən çox olduqda aktiv istehlakçı qalıq elektrik enerjisinin dəyərini özünün aid olduğu istehlakçı qrupuna uyğun pərakəndə satış tarifi ilə elektrik enerjisinin təchizatçısına ödəyir;

10.2.2. şəbəkədən alınmış elektrik enerjisi şəbəkəyə ötürülmüş elektrik enerjisindən az olduqda elektrik enerjisinin təchizatçısı qalıq elektrik enerjisinin dəyərini mövcud topdansatış tarifi ilə istehlakçıya ödəyir.

10.3. Aktiv istehlakçının dəstəklənməsi mexanizmindən istifadə edən istehlakçılar öz vəsaitləri hesabına elektrik şəbəkəsinə ötürülən və şəbəkədən alınan elektrik enerjisinin hesablanmasına imkan verən sayğac quraşdırmalı və elektrik şəbəkəsinə qoşulmalıdırlar.

10.4. Aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 11. Elmi tədqiqatların dəstəklənməsi

11.1. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində elmi tədqiqatların dəstəklənməsi yeni texnologiyaların, avadanlığın və materialların yaradılması, habelə tətbiqi üzrə innovasiya layihələri çərçivəsində həyata keçirilir.

11.2. Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində elmi tədqiqatların bu Qanun əsasında dəstəklənməsi aşağıdakı istiqamətlər üzrə həyata keçirilən elmi fəaliyyətlərə tətbiq edilir:

11.2.1. elmi nailiyyətlərin və yeniliklərin tətbiqi;

11.2.2. yeni materiallar, texnika və texnologiyaların yaradılması və tətbiqi;

11.2.3. proqram və layihələrin hazırlanması;

11.2.4. araşdırma və təkmilləşdirmə fəaliyyəti.

 3-cü fəsil

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində texniki və təşkilati tələblər və məlumatlandırma

Maddə 12. Elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və quraşdırılması

Elektrik stansiyalarının layihələndirilməsi, tikintisi və quraşdırılması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir.

Maddə 13. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisinin istehsalı üçün torpaq sahəsi (su obyekti) üzərində hüquqların əldə edilməsi

Bərpa olunan enerji mənbələrinin əraziləri kimi müəyyən edilmiş torpaq sahələri (su obyektləri) istisna olmaqla, bərpa olunan enerji mənbələrindən istifadə məqsədilə elektrik stansiyasının tikintisi üçün torpaq sahəsi (su obyekti) üzərində hüquqlar Azərbaycan Respublikasının Torpaq Məcəlləsi, Azərbaycan Respublikasının Su Məcəlləsi və Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq əldə edilir.

Maddə 14. Elektrik enerjisinin istehsalına icazə

Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş güc həddindən yuxarı gücdə bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalına “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq icazə alınır.

Maddə 15. Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi

15.1. Bərpa olunan enerji mənbələri potensialından səmərəli istifadə, fəaliyyət planının icrası, məlumatlandırma işinin təşkili məqsədilə bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi yaradılır.

15.2. Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemində bərpa olunan enerji mənbələri ilə bağlı digər məlumatlarla yanaşı, bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsal edən hər bir stansiya və onların cəmi üzrə aşağıdakı rüblük və illik məlumatlar yerləşdirilir:

15.2.1. stansiyanın layihədə nəzərdə tutulmuş gücü;

15.2.2. hesabat dövründə stansiyada istehsal olunan elektrik enerjisinin həcmi;

15.2.3. hesabat dövründə stansiyanın istehsalı nəticəsində ölkə üzrə qənaət olunmuş təbii qazın həcmi;

15.2.4. qənaət olunmuş yanacağa görə karbon qazı kvotasının satışından əldə edilən gəlirin həcmi.

Maddə 16. Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat

16.1. Elektrik enerjisi təchizatçılarının istehlakçılara satılan elektrik enerjisinin mənbəyinin sənədləşdirilməsi, elektrik enerjisi bazarında alqı-satqı zamanı bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisi mənbəyinin müəyyənləşdirilməsi və izlənilməsi, istehsalçıların bu Qanun çərçivəsində müəyyən edilmiş dəstək mexanizmlərindən istifadə etməsi məqsədilə istehlakçı və ya istehsalçının müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikat verilir.

16.2. Bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydası və forması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

Maddə 17. Elektrik şəbəkələrinə qoşulma və ondan istifadə

17.1. Bərpa olunan enerji mənbələrindən istehsal edilən elektrik enerjisinin ötürülməsi və paylanması ayrı-seçkiliyə yol verilmədən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş tariflərə əsasən təmin edilir.

17.2. Bərpa olunan enerji mənbələrindən elektrik enerjisi istehsalçıları elektrik enerjisinin ötürülməsi və paylanması üçün üstünlüyə malikdir.

17.3. İstehsalçılar ilə dövlət elektroenergetika müəssisəsi və ya enerji təchizatı müəssisəsi arasında elektrik stansiyalarının elektrik şəbəkəsinə qoşulması müqaviləsi bağlanılır.

17.4. Elektrik şəbəkəsinin inkişafı planlaşdırılarkən elektrik stansiyalarının şəbəkəyə vaxtında qoşulmasını və tam istismarını təmin etmək üçün fəaliyyət planı nəzərə alınır.

4-cü fəsil

Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən

istifadə sahəsində hüquq və vəzifələr

Maddə 18. İstehsalçıların hüquq və vəzifələri

18.1. İstehsalçılar aşağıdakı hüquqlara malikdirlər:

18.1.1. bu Qanunla müəyyən edilmiş hallarda dəstək mexanizmlərindən istifadə etmək;

18.1.2. istehsal edilmiş elektrik enerjisini satmaq;

18.1.3. elektrik şəbəkəsinə qoşulmaq və istehsal etdiyi elektrik enerjisinin qoşulduğu şəbəkə vasitəsilə ötürülməsini tələb etmək;

18.1.4. bu Qanunla müəyyən edilmiş digər hüquqlar.

18.2. İstehsalçıların aşağıdakı vəzifələri vardır:

18.2.1. elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə sahəsində mütərəqqi texnologiyadan istifadə etmək;

18.2.2. elektrik şəbəkəsinə qoşulma xərclərini ödəmək;

18.2.3. bu Qanunla müəyyən edilmiş digər vəzifələr.

18.3. İstehsalçılar (gücü 10 MVt-dan çox olan su elektrik stansiyaları istisna olmaqla) balanslaşdırma məsuliyyətindən azaddırlar.

18.4. İstehsalçılar yalnız öz razılıqları ilə balanslaşdırmaya cəlb oluna bilərlər və bundan irəli gələrək balanslaşdırma məsuliyyətini daşıyırlar.

Maddə 19. Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin hüquq və vəzifələri

19.1. Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin aşağıdakı hüquqları vardır:

19.1.1. texniki normativ hüquqi aktlara və elektrik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq elektrik stansiyalarının qoşulması və elektrik enerjisinin ölçülməsi sxemlərini təftiş etmək;

19.1.2. qoşulmaya dair texniki tələblərin pozulduğu, elektrik enerjisi sistemində fövqəladə hallar baş verdiyi və ya fövqəladə halların başvermə təhlükəsi yarandığı hallarda elektrik stansiyalarını ayırmaq və ya elektrik enerjisinin istehsalının məhdudlaşdırılmasını tələb etmək;

19.1.3. elektrik şəbəkəsinə qoşulma müqaviləsinə uyğun olaraq, istehsalçıdan istehsal həcmlərinə dair proqnozlar almaq;

19.1.4. bu Qanunla müəyyən edilmiş digər hüquqlar.

19.2. Dövlət elektroenergetika müəssisəsi və enerji təchizatı müəssisəsinin aşağıdakı vəzifələri vardır:

19.2.1. elektrik stansiyalarını şəbəkədə ən yaxın və ən əlverişli nöqtəyə qoşmaq;

19.2.2. bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisini şəbəkəsi vasitəsilə ötürmək və paylamaq;

19.2.3. elektrik stansiyalarının qoşulması məqsədilə şəbəkəni müasirləşdirmək və genişləndirmək üçün tədbirlər görmək;

19.2.4. bu Qanunla müəyyən edilmiş digər vəzifələr.

5-ci fəsil

Yekun müddəa

Maddə 20. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 may 2021-ci il

13 июля 2021, 09:07

http://www.azertag.az

171—180 из 3607

4 мая 2022, 15:05

Распоряжение Президента Азербайджанской Республики О назначении В.М.Гулиева чрезвычайным и полномочным послом Азербайджанской Республики в Боснии и Герцеговине   подробно...

28 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики О мерах по строительству, капитальному ремонту и восстановлению учебных заведений в городе Баку и его поселках   подробно...

22 апреля 2022, 07:04

Распоряжение Президента Азербайджанской Республики О награждении Б.Г.Керимова и Я.Б.Мусаева «Почетным дипломом Президента Азербайджанской Республики»   подробно...

22 апреля 2022, 07:04

Распоряжение Президента Азербайджанской Республики О присвоении М.А.Эфендиеву и Г.Н.Муршудову почетного звания «Заслуженный деятель науки»   подробно...

22 апреля 2022, 07:04

Распоряжение Президента Азербайджанской Республики О награждении группы лиц за заслуги в развитии азербайджанской диаспоры   подробно...

21 апреля 2022, 08:04

Распоряжение Президента Азербайджанской Республики О проведении 130-летия Ахмеда Джавада   подробно...

20 апреля 2022, 14:04

Распоряжение Президента Азербайджанской Республики О предоставлении единовременной материальной помощи участникам Второй мировой войны 1941-1945 годов, вдовам погибших или скончавшихся впоследствии бойцов, лицам, награжденным орденами и медалями за самоотверженный труд в тылу   подробно...

18 апреля 2022, 16:04

Распоряжение Президента Азербайджанской Республики Об оказании финансовой помощи религиозным образованиям в Азербайджане   подробно...

12 апреля 2022, 18:04

Постановление Милли Меджлиса Азербайджанской Республики Об освобождении Эльмана Рустамова от членства в Правлении Центрального банка Азербайджанской Республики   подробно...

12 апреля 2022, 18:04

Постановление Милли Меджлиса Азербайджанской Республики О назначении Талеха Кязымова на должность члена Правления Центрального банка Азербайджанской Республики   подробно...