Azərbaycan Respublikası adından
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun QƏRARI

3 mart 2020-ci il            Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin nümayəndələri Şəki Apellyasiya Məhkəməsinin hakimi Mirbahəddin Hüseynov və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Kəmalə Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi İlqar Cəfərov və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Probasiya xidmətinin rəis müavini Musa Hümbətovun iştirakı ilə, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə müvafiq olaraq xüsusi konstitusiya icraatı qaydasında açıq məhkəmə iclasında Şəki Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin və mütəxəssislərin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN    ETDİ:

Şəki Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı müraciətdə göstərmişdir ki, Zərdab Rayon Məhkəməsinin 3 sentyabr 2019-cu il tarixli hökmü ilə V.Quliyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 1 il 5 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır.

Azərbaycan Respublikası Baş Prokurorunun müavini Zərdab Rayon Məhkəməsinin 3 sentyabr 2019-cu il tarixli hökmündən apellyasiya protesti verərək həmin hökmün dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya protesti onunla əsaslandırılmışdır ki, V.Quliyev Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin (bundan sonra – Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmə) 21 fevral 2007-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 10 iyun 2013-cü il tarixində “Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 90 illik yubileyi münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 7 may 2013-cü il tarixli Qərarının (bundan sonra – Qərar) 1.1-ci bəndinə müvafiq olaraq cəzadan azad olunmuşdur.

Protestverənin mövqeyinə görə, V.Quliyev ikinci cinayət əməlini 23 may 2019-cu il tarixində törədərkən onun əvvəlki məhkumluğu ödənilməmiş və götürülməmişdir. Bu səbəbdən də onun əməlində cinayətlərin residivi mövcud olmuşdur.

Belə ki, Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə uyğun olaraq, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır.

Həmin Məcəllənin 61.1.1-ci maddəsinə görə, cinayətlərin residivi cəzanı ağırlaşdıran haldır.

Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən, residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdəikisindən, xüsusi təhlükəli residivə görə isə dörddəüçündən az ola bilməz.

V.Quliyev də Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 21 fevral 2007-ci il tarixli hökmünə əsasən Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Qərarın 1.1-ci bəndinə əsasən 10 iyun 2013-cü il tarixində cəzadan azad olunmuşdur. Yəni V.Quliyev Qərarın qüvvəyə mindiyi 7 may 2013-cü il tarixində cəzadan azad edilmiş olsaydı, 23 may 2019-cu il tarixində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə törətdiyi cinayətə görə residiv yaranmayacaqdı.

Protestverən hesab edir ki, V.Quliyevin Ağır Cinayətlərə dair İşlər üzrə Məhkəmənin 21 fevral 2007-ci il tarixli hökmü üzrə Cinayət Məcəlləsinin 234.4.1-ci maddəsi ilə yaranmış məhkumluğunun ödənilməyə başlanılması müddəti ona tətbiq olunmuş amnistiya aktının qəbul edildiyi 7 may 2013-cü il tarixindən deyil, həmin amnistiya aktının ona münasibətdə icra edildiyi 10 iyun 2013-cü il tarixindən hesablanmalıdır.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Şəki Apellyasiya Məhkəməsi vahid məhkəmə təcrübəsinin formalaşdırılması məqsədilə Cinayət Məcəlləsinin 83.4-cü maddəsinin “məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır” müddəasının amnistiya aktının tətbiqi əsasında cəzadan azad edilmiş məhkumlara münasibətdə Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60 və 71-ci maddələri, eləcə də “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6 və 7-ci maddələri baxımından şərh edilməsini Konstitusiya Məhkəməsindən xahiş etmişdir.

Müraciətdə qaldırılan məsələ ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir. Bu vəzifələri həyata keçirmək üçün Cinayət Məcəlləsi cinayət məsuliyyətinin əsaslarını və prinsiplərini, şəxsiyyət, cəmiyyət və dövlət üçün təhlükəli olduğuna görə cinayət sayılan əməllərin dairəsini və həmin cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların növlərini, həddini və həcmini, habelə digər cinayət-hüquqi xarakterli tədbirləri müəyyən edir.

Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş institutlardan biri olan cəzadan azadetmənin əsasları həmin Məcəllənin bir neçə maddəsində nəzərdə tutulmuşdur. Bu əsaslara cəzadan şərti olaraq vaxtından əvvəl azadetmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəzetmə, xəstəliyə görə cəzanı çəkməkdən azadetmə, hamilə qadınlar və azyaşlı uşaqları olan şəxslər tərəfindən cəzanın çəkilməsinin təxirə salınması, ittiham hökmünün icrası müddəti ilə əlaqədar cəza çəkməkdən azadetmə, amnistiya və əfvetmə aiddir (Cinayət Məcəlləsinin 76-82-ci maddələri).

Cəzadan azadetmənin digər növlərindən fərqli olaraq, amnistiya və əfvetmənin tətbiqi ali dövlət orqanlarının səlahiyyətlərinə aid olduğundan onlar Konstitusiyada öz əksini tapmışdır. Konstitusiyanın 65-ci maddəsinə əsasən, məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır. Konstitusiyanın 109-cu maddəsinin 22-ci bəndinə görə, əfvetmə səlahiyyəti Azərbaycan Respublikasının Prezidentinə məxsusdur. Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 19-cu bəndinə müvafiq olaraq amnistiya məsələlərinin həlli Azərbaycan Respublikası Milli Məclisinin səlahiyyətlərinə aiddir.

Amnistiya və əfvetmə hüquqi təbiətinə görə humanizm, mütənasiblik prinsipləri və cinayətkarlıqla mübarizə sahəsində konstitusiya dəyərlərinin tarazlığı nəzərə alınmaqla dövlət tərəfindən həyata keçirilən mərhəmət aktıdır. Bu konstitusiya səlahiyyətinin həyata keçirilməsi nəinki siyasi və iqtisadi məqsədəuyğunluqdan, ilk növbədə, ədalət və xeyirxahlığa olan inamdan, belə humanist addımın sosial şərtləndirilməsindən irəli gəlir. Bununla belə həmin səlahiyyətlər həyata keçirilərkən Konstitusiyadan irəli gələn insan hüquqlarının birbaşa qüvvəsi, sağlamlıq, mənəviyyat, ictimai asayişin qorunması, təhlükəsizlik və s. dəyərlərə xüsusi diqqət yetirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, əfvetmə və amnistiya aktları hökmlərin qanuniliyi və ədalətliliyini şübhə altına almır. Belə ki, amnistiya və əfvetmə şəxsə bəraət qazandıran və cinayətin törədilməsi faktını aradan götürən hal deyil, barəsində tətbiq ediləcəyi şəxsə göstərilən humanizmin təzahürüdür.

Cinayət Məcəlləsinin 81-ci maddəsinə əsasən, amnistiya aktı fərdi qaydada müəyyən edilməyən şəxslər barəsində Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən qəbul edilir. Cinayət törətmiş şəxslər amnistiya aktı ilə cinayət məsuliyyətindən azad edilə bilərlər. Cinayət törətməyə görə məhkum olunmuş şəxslər isə cəzadan azad edilə bilərlər, yaxud onlara təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxslərin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər və yaxud belə şəxslər əlavə cəzadan azad edilə bilərlər. Amnistiya aktı ilə cəzasını çəkmiş şəxslərin məhkumluğu götürülə bilər.

Məcəllənin 82-ci maddəsinə uyğun olaraq, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxs barəsində Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata keçirilir. Cinayət törətməyə görə məhkum olunmuş şəxs əfvetmə aktı ilə cəzanın qalan hissəsini çəkməkdən azad edilə bilər, yaxud ona təyin olunmuş cəzanın müddəti azaldıla bilər və ya belə şəxsin cəzasının çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edilə bilər. Ömürlük azadlıqdan məhrumetmə cəzası əfv qaydasında iyirmi beş ildən çox olmayan müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilə bilər. Əfvetmə aktı ilə cəzasını çəkmiş şəxsin məhkumluğu götürülə bilər.

Cinayət Məcəlləsinin 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır.

Məhkumluq yalnız şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh edilməsinə dair” 2009-cu il 25 may tarixli Qərarı).

Cinayət qanunvericiliyində cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, habelə yetkinlik yaşına çatmayan şəxslər barəsində fərqli məhkumluğun ödənilməsi müddətləri nəzərdə tutulmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 83.3-cü maddəsinə müvafiq olaraq, böyük ictimai təhlükə törətməyən cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən bir il keçdikdə, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə, ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə, xüsusilə ağır cinayət törətməyə görə məhkum edilmiş şəxslər barəsində isə onlar cəzanı çəkib qurtardıqları gündən səkkiz il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.

Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır (Məcəllənin 83.4-cü maddəsi).

Məcəllənin bu normasının mənasından da göründüyü kimi, amnistiya aktı əsasında əsas cəzasını çəkməkdən vaxtından əvvəl azad edilmiş şəxsin əlavə cəzası olduğu hallarda məhkumluğun ödənilməsi müddəti əlavə cəzanın çəkilib qurtardığı vaxtdan hesablanır.

Məhkəmə tərəfindən təyin edilən cəzaların icrası və çəkilməsi, habelə cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqi qaydalarını və şərtlərini müəyyən edən Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 6-cı maddəsinə görə, cəzaların icrasının və cinayət-hüquqi xarakterli digər tədbirlərin tətbiqinin əsaslarını məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, qərarları, habelə amnistiya və ya əfvetmə aktları təşkil edir. Həmin Məcəllənin 167.0.5-ci maddəsində göstərilmişdir ki, digər əsaslarla yanaşı məhkumlar cəza çəkməkdən amnistiya və ya əfvetmə aktına əsasən azad edilirlər.

Hər iki akt birdəfəlik tətbiqetmə üçün nəzərdə tutulsa da, əfvetmə yalnız qanuni qüvvəyə minmiş hökm əsasında məhkum edilmiş şəxslərə münasibətdə, amnistiya aktı isə cinayət prosesinin istənilən mərhələsində tətbiq edilə bilər.

Bu aktlar arasında daha bir fərq ondan ibarətdir ki, əfvetmə fərdi qaydada müəyyən edilmiş şəxslər, amnistiya isə fərdi qaydada müəyyən olunmayan şəxslər dairəsi barəsində qəbul edilir. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu aktların subyektiv tərkibinin müəyyən olub-olmaması baxımından onların tətbiq edilmə formaları da fərqlənir.

Əfvetmə müraciət əsasında tətbiq edildiyindən, məhkum edilmiş şəxsin işi Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyası tərəfindən araşdırılır, onun əfv edilməsinin mümkünlüyü barəsində müvafiq qurumların rəyləri alınır, baxılmış sənədlər qəti qərar qəbul edilməsi üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim olunur. Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 18 iyul tarixli Fərmanı ilə təsdiq edilmiş "Əfvetmə haqqında Əsasnamə"nin 36-cı bəndinə uyğun olaraq, cəzanı icra edən orqan əfvetmə haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamını təxirə salınmadan icra etməlidir.

Qeyri-müəyyən şəxslər dairəsinə ünvanlanan amnistiyanın elan edilməsi isə birbaşa olaraq cinayəti törədən şəxsin hüquqi vəziyyətini dəyişmir. Bu akt konkret şəxslərin dəqiq hüquq və vəzifələrini deyil, müvafiq şəxslər dairəsinin hüquqi statusunun dəyişməsini şərtləndirən hüquqi faktları müəyyən edir. Belə ki, müəyyən bir şəxsə münasibətdə amnistiya aktının tətbiq edilməsi üçün əsasların olub-olmaması yoxlanıldıqdan sonra hüquqtətbiqedici tərəfindən müvafiq qərar qəbul edilməlidir.

Beləliklə, amnistiya aktının onun təsiri altına düşən şəxslər barəsində tətbiq edilib-edilməməsinin mümkünlüyünün yoxlanılması Qərarla müəyyən edilmiş müvafiq orqan tərəfindən həyata keçirilir.

Yuxarıda qeyd edildiyi kimi, V.Quliyev 10 iyun 2013-cü il tarixində Qərarın 1.1-ci bəndinə əsasən cəzadan azad olunmuşdur.

Həmin Qərarın 15-ci bəndinə əsasən, Qərarın 1.1 və 2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində amnistiya cəzaçəkmə müəssisələri, 1.2, 1.3 və 4.1-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində intizam xarakterli hərbi hissənin və hərbi hissələrin komandanlığı, 1.4-1.7 və 4.2-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində icra məmurları tərəfindən tətbiq edilir. Qərarın 1.8, 3, 4.3-4.5-ci bəndlərində nəzərdə tutulan şəxslər barəsində isə amnistiyanın tətbiq edilməsi məsələsinə birinci instansiya məhkəmələri tərəfindən baxılır.

Qərarın 16-cı bəndinə uyğun olaraq, 15.1-15.3-cü bəndlərində nəzərdə tutulmuş orqanlar amnistiya tətbiq edərkən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydalara riayət etməklə, qərarları müvafiq prokurorlarla razılaşdırmalıdırlar.

Qərarın 21-ci bəndinə görə isə bu Qərar onun təsiri altına düşən hər bir şəxs barəsində ayrı-ayrılıqda tətbiq edilir.

Amnistiya tətbiq edilərkən məhkumun şəxsi işi öyrənilməli və amnistiyanın tətbiqi məsələlərinin həlli üçün zəruri sənədlər göstərilən qərara əlavə edilməlidir. Amnistiyanı tətbiq edən orqanlar amnistiyanın tətbiqi barədə qərar qəbul edilməsi üçün zəruri sənədləri müvafiq orqanlardan tələb etməyə haqlıdırlar. Bu sorğular dərhal icra edilməlidir (Qərarın 22-ci bəndi).

Qeyd edilməlidir ki, amnistiya haqqında yuxarıda göstərilən Qərar dərc olunduğu gündən qüvvəyə minmiş və onun həmin gündən dörd ay müddətində tətbiq edilməsi nəzərdə tutulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, amnistiya aktının dərc olunduğu gündən qanuni qüvvəyə minməsi, aktın barəsində tətbiq ediləcək şəxslərin hüquqi statusunun həmin gündən dəyişməsini nəzərdə tutmur. Amnistiya aktının dərc edildiyi gündən qanuni qüvvəyə minməsi barəsində tətbiq edilən şəxslərin dairəsinin müəyyən edilməsi və aktın tətbiq edilməsi üçün nəzərdə tutulmuş müddətin axımının başlanması üçün zəruri olan zamanı ifadə edir.

Yuxarıda göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti amnistiyanın həmin şəxs barəsində tətbiq edildiyi, yəni müvafiq səlahiyyətli orqan tərəfindən konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərar qəbul edildiyi gündən hesablanmalıdır.

Bununla belə Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulayır ki, amnistiyanın tətbiq edilməsinə dair qərar barəsində tətbiq olunacaq şəxslər üçün mühüm hüquqi nəticələr yaratdığından, səlahiyyətli orqanların belə işlərə mümkün qədər qısa müddət ərzində baxmaları məqsədəmüvafiqdir.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA   ALDI:

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə uyğun olaraq, məhkum edilmiş şəxs amnistiya aktı əsasında vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə, məhkumluğun ödənilməsi müddəti şəxsin cəzanı çəkməkdən azad edildiyi, yəni səlahiyyətli orqanın konkret şəxs barəsində amnistiya aktının tətbiq olunması barədə qərarının qüvvəyə mindiyi gündən hesablanmalıdır.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

Sədr                   Fərhad Abdullayev

28 апреля 2020, 19:04

http://www.azertag.az

2691—2700 из 3607

30 июня 2015, 09:06

О награждении орденом «Достлуг» сотрудников Операционного комитета Европейских игр «Баку 2015», обеспечивших проведение I Европейских игр   подробно...

30 июня 2015, 09:06

О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» сотрудников Операционного комитета Европейских игр «Баку 2015»   подробно...

30 июня 2015, 09:06

О награждении орденом «Достлуг» председателя Координационной комиссии по Европейским играм «Баку 2015» Спиридона Капралоса   подробно...

30 июня 2015, 09:06

О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» членов Исполнительного комитета Европейских Олимпийских комитетов   подробно...

30 июня 2015, 09:06

О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» заместителя председателя Координационной комиссии по Европейским играм «Баку-2015» Златко Матесы   подробно...

30 июня 2015, 09:06

О награждении «Почетным дипломом Президента Азербайджанской Республики» спортсменов, выступавших на I Европейских играх   подробно...

29 июня 2015, 09:06

О награждении орденом «Достлуг» Исмаила Серагельдина   подробно...

29 июня 2015, 09:06

О награждении орденом «Достлуг» Вайры Вике-Фрейберги   подробно...

25 июня 2015, 09:06

О награждении медалью «Терегги» работников морского транспорта   подробно...

25 июня 2015, 09:06

О награждении орденом «Шохрат» Г.Ф.Мираламова   подробно...