20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 708)

Дата релиза: 16.12.1999

20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında

20 Yanvar faciəsinin 10-cu ildönümü haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

1990-cı il yanvarın 20-də Azərbaycan xalqına qarşı ağır cinayət törədilmişdir. Azərbaycanın ərazi bütövlüyünün pozulması cəhdlərinə, keçmiş SSRİ rəhbərliyinin Azərbaycan xalqına qarşı apardığı ədalətsiz və qərəzli siyasətə, yerli rəhbərliyin yarıtmaz fəaliyyətinə etiraz əlaməti olaraq küçələrə çıxmış dinc əhaliyə divan tutmaq məqsədi ilə Bakıya və respublikanın bir neçə rayonuna qanunsuz olaraq sovet qoşun hissələri yeridildi. Görünməmiş qəddarlıqla həyata keçirilən cəza tədbirləri nəticəsində Azərbaycanın yüzlərlə günahsız vətəndaşı yaralandı və qətlə yetirildi. Bununla Azərbaycan xalqına qarşı kütləvi terror aktı həyata keçirildi.

20 Yanvar hadisələri ərəfəsində Sovet İttifaqı Kommunist Partiyası rəhbərliyinin xalqın mənafeyinə zidd siyasəti, Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı Mərkəzin apardığı qeyri-obyektiv və qərəzli xətt respublika əhalisinin hədsiz qəzəbinə səbəb oldu. O zamankı Azərbaycan rəhbərliyinin xüsusilə Dağlıq Qarabağ məsələsində Mərkəzlə sövdələşməsi respublikada kəskin etirazlar doğurdu.

1987-ci ildən başlayaraq ortaya atılan qondarma Dağlıq Qarabağ problemi Azərbaycan xalqı tərəfindən elə ilk günlərdən respublikanın ərazi bütövlüyünə qarşı, vətəndaşların konstitusiya hüquqlarının pozulmasına yönəldilmiş bir cəhd kimi qəbul olundu. Lakin sərhədlərimizin toxunulmazlığı müxtəlif səviyyəli dövlət qurumları tərəfindən rəsmən dəfələrlə təsdiq edilsə də, Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycanın tərkibindən çıxarılması məqsədini güdən siyasət mərhələ-mərhələ həyata keçirilirdi.

Hələ 1988-ci ilin martında Sovet İttifaqı Kommunist Partiyasının Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti Dağlıq Qarabağ Muxtar Vilayətinin sosial-iqtisadi inkişafının sürətləndirilməsi haqqında xüsusi bir qərar qəbul edərək, əslində Dağlıq Qarabağın Azərbaycan SSR-in tabeliyindən çıxarılmasının təməlini qoydu. Heç bir obyektiv əsasa istinad etməyən, qondarma səbəblərlə qəbul edilmiş bu qərarla Dağlıq Qarabağa müstəsna hüquqlar verildi, külli miqdarda vəsait ayrıldı, vilayətin bir çox məsələlərinin həlli birbaşa İttifaqın nazirlik və qurumlarına həvalə edildi. Azərbaycan SSR Ali Sovetinin 1988-ci il 17 iyun tarixli qərarında isə qeyd olunurdu ki, Mərkəzin həmin qərarı ilə həyata keçirilən tədbirlər «Muxtar vilayətin məhsuldar qüvvələrinin inkişafının sürətləndirilməsi, onun istər erməni və azərbaycanlı əhalisinin, istərsə də başqa millətlərinin iqtisadi və mənəvi tələbatının ödənilməsi üçün əlverişli şərait yaradır».

Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycanın tabeliyindən çıxarmaq yolunda Mərkəzin atdığı növbəti addım SSRİ Ali Soveti Rəyasət Heyətinin Muxtar Vilayətdə Xüsusi İdarəetmə Forması yaratmaq haqqında 1989-cu il yanvarın 12-də verdiyi fərman oldu. Dağlıq Qarabağın idarə olunması Mərkəzin nümayəndəsi A. İ. Volskinin başçılığı ilə yaradılmış Xüsusi İdarəetmə Komitəsinə həvalə edildi. Bu, faktiki olaraq Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılması demək idi.

SSRİ rəhbərliyi qəbul etdiyi rəsmi sənədlərində belə bir təsəvvür yaratmağa çalışırdı ki, o, regionda yaranmış vəziyyəti normallaşdırmaq üçün atdığı addımlarda həm Azərbaycana, həm də Ermənistana münasibətdə paritetlik mövqeyindən çıxış edir. Halbuki Mərkəzin Azərbaycana, azərbaycanlılara qarşı qərəzli münasibəti açıq-aşkar göz qabağında idi. Azərbaycanlılar hələ 1988-ci ildən əvvəl də SSRİ-nin mərkəzi kütləvi informasiya vasitələrində və Ermənistanın müxtəlif mətbu orqanlarında məqsədyönlü şəkildə həyata keçirilən ideoloji təcavüzə məruz qalırdılar. «Mənfi azərbaycanlı obrazı» yaratmaq həmin kampaniyanın əsas məqsədi idi. Bu, 1988-ci ildə Ermənistan SSR-də, eləcə də Dağlıq Qarabağ Muxtar Vilayətində başlanmış kütləvi etnik təmizləmə əməliyyatının hazırlıq mərhələsi hesab edilə bilər. Ermənistanda yaşayan azərbaycanlıların misli görünməmiş qəddarlıqla ata-baba yurdlarını tərk etməyə məcbur edilmələri zamanı neçə-neçə soydaşımız, o cümlədən qocalar, qadınlar və uşaqlar qətlə yetirildi. SSRİ-nin rəsmi dövlət qurumları, hüquq mühafizə orqanları və kütləvi informasiya vasitələri Dağlıq Qarabağ probleminə olduqca böyük diqqət yetirdiyi halda, Azərbaycan xalqının böyük faciəsi tam sükutla müşayiət olundu. Azərbaycan rəhbərliyinin bu məsələdə tutduğu laqeyd mövqe isə öz xalqına qarşı əsl cinayət idi.

Ermənistan SSR Ali Soveti Azərbaycan rəhbərliyinin bu mövqeyindən «cəsarətlənərək» 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistan SSR ilə birləşməsi haqqında qərar qəbul etdi. 20 Yanvar hadisələrinə bir neçə gün qalmış, yəni 1990-cı il yanvarın 15-də isə SSRİ Ali Soveti Rəyasət Heyətinin «Dağlıq Qarabağ Muxtar Vilayətində və bəzi digər rayonlarda fövqəladə vəziyyətin elan olunması haqqında» fərmanı ilə əslində azərbaycanlıların Dağlıq Qarabağdakı ev-eşiklərinə qayıtmaq ümidlərinə də son qoydu. Fərmanın başlığından göründüyü kimi, Muxtar Vilayətin və «bəzi digər rayonların» kimə mənsub olması məsələsi də artıq sual altına qoyulurdu.

Mərkəzin Azərbaycana qarşı qərəzli siyasət yeritməsi, respublika rəhbərliyinin xalqın taleyinə açıq-aşkar laqeydlik nümayiş etdirməsi geniş xalq kütlələri içərisində qəzəb və etirazlara səbəb olurdu. Onlar get-gedə daha aydın şəkildə dərk edirdilər ki, Azərbaycan rəhbərliyi respublikanın, xalqın taleyi ilə bağlı gedən oyunların qarşısını almaqda acizlik və qətiyyətsizlik göstərir, bəlkə də rəhbər mövqelərini qoruyub saxlamaq üçün Mərkəzlə sövdələşərək xalqa qarşı gizli xəyanətkar planlar həyata keçirir. Xalqın bütün məsuliyyəti öz üzərinə götürməkdən, bu xəyanətkar planların həyata keçirilməsinin qarşısını almaq üçün ayağa qalxmaqdan başqa bir yolu qalmamışdı.

SSRİ rəhbərliyi də respublikada haqq-ədalətin bərqərar edilməsi uğrunda səsini qaldıran xalqa açıq divan tutmaq yolunu seçdi. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin 1990-cı il yanvarın 20-də fövqəladə vəziyyət elan edilmədən Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edildi.

Ayağa qalxan xalqın inam və iradəsini qırmaq, milli mənliyini alçaltmaq və sovet hərb maşınının gücünü nümayiş etdirmək məqsədi ilə həyata keçirilmiş 20 Yanvar faciəsi totalitar kommunist rejiminin Azərbaycan xalqına qarşı hərbi təcavüzü və cinayəti idi.

Törədilmiş cinayət və onun nəticələri göz qabağında olduğu halda respublika rəhbərliyi baş vermiş faciənin mahiyyətini hər vasitə ilə ört-basdır etməyə cəhd göstərmişdir. Xalqın tələbi və bir qrup deputatın təşəbbüsü ilə Azərbaycan SSR Ali Sovetinin 1990-cı il yanvarın 22-də Yanvar faciəsi ilə bağlı çağırılmış sessiyasına respublikanın əksər siyasi və dövlət rəhbərlərinin gəlməməsi isə onların xalqın taleyinə biganə qaldıqlarını, törədilmiş cinayətdə bu və ya digər dərəcədə iştirak etdiklərini bir daha təsdiq etmişdir. Respublika rəhbərliyi hətta şəhidlərin dəfn mərasiminə gəlməyi belə lazım bilməmişdir.

20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi də hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək üçün öz imkanlarından istifadə etməmişdir. Beləliklə, hadisələrdən uzun müddət keçsə də, keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi tərəfindən xalqa qarşı törədilmiş ağır cinayət açılmamış qalmışdı.

Hələ Azərbaycanda sovet hakimiyyəti mövcud olduğu dövrdə 20 Yanvar faciəsi ilə bağlı olan və geniş xalq kütlələri tərəfindən yığılıb Dövlət İstintaq Komissiyasına təhvil verilmiş konkret dəlil və sübutlar qəsdən Azərbaycandan çıxarılıb aparılmışdı. O dövrdə Azərbaycanın prokurorluq və hüquq mühafizə orqanları müvafiq istintaq tədbirləri həyata keçirməmiş, hətta əksinə, 20 Yanvar faciəsi ilə bağlı bir sıra məxfi sənədlər, o cümlədən mühüm arxiv sənədləri bütövlüklə və ya qismən məhv edilmişdi.

SSRİ-nin digər bölgələrində, o cümlədən Tbilisidə və Baltikyanı ölkələrdə baş vermiş hadisələr sovet rəhbərliyi, xalq deputatları qurultayı səviyyəsində müzakirə edilsə də, 20 Yanvar faciəsi zamanı baş vermiş hadisələr şüurlu şəkildə təhrif edilərək yanlış yozuma və unutqanlığa məhkum edilmişdi.

Yalnız 1994-cü ildə 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atılmışdır. Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikasının Milli Məclisi həmin məsələyə xüsusi sessiya həsr edərək bir neçə gün davam edən iclaslarında Yanvar hadisələrinin əsl səbəblərini açıqlamış, həqiqi günahkarları aşkar etmişdir. 1990-cı il yanvarın 20-də törədilmiş faciəli hadisələrə Milli Məclisin 1994-cü il 29 mart tarixli qərarı ilə siyasi-hüquqi qiymət verilmişdir.

XX əsr tarixində totalitarizmin törətdiyi ən qanlı terror aktlarından biri olan 20 Yanvar faciəsində Azərbaycan xalqına qarşı işlədilmiş cinayət əslində bəşəriyyətə, humanizmə, insanlığa qarşı həyata keçirilmiş dəhşətli bir əməldir. Həmin cinayəti törədənlər indiyədək öz cəzalarını almamışlar. Xalqımız əmindir ki, müqəssirlər tarix, bəşəriyyət, eləcə də Azərbaycan xalqı qarşısında cavab verməli olacaqlar.

Azərbaycan xalqı 20 Yanvarda hərbi, siyasi, mənəvi təcavüzə məruz qalsa da, öz tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu, Vətənin azadlığı və müstəqilliyi naminə ən ağır sınaqlara sinə gərmək, hətta şəhid vermək əzmini bütün dünyaya nümayiş etdirdi. 1990-cı ilin Qanlı Yanvarında Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda şəhidlik zirvəsinə ucalmış Vətən övladları özlərinin fədakarlığı, şəhidliyi ilə xalqımızın qəhrəmanlıq salnaməsinə parlaq səhifə yazdılar. Bu gün də Azərbaycan xalqı onun milli mənliyini qorumaq üçün öz canlarından keçməyə hazır olan övladları ilə fəxr edir.

Azərbaycanın azadlığı uğrunda qəhrəmancasına həlak olmuş vətəndaşlarımızın əziz xatirəsini 20 Yanvar faciəsinin 10-cu ildönümü ərəfəsində dərin hüznlə yad edərək qərara alıram:

1. Qanlı Yanvar faciəsinin Azərbaycan tarixində qəhrəmanlıq və şəhidlik zirvəsi kimi müstəsna əhəmiyyətini nəzərə alaraq faciənin 10-cu ildönümünə həsr olunmuş xüsusi mərasimlər Azərbaycan Respublikasının bütün şəhər, rayon və kəndlərində geniş miqyasda keçirilsin.

2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Qadın Problemləri üzrə Dövlət Komitəsi 20 Yanvar faciəsi ilə bağlı kütləvi tədbirlər, konfranslar və tematik dərslər keçirməklə gənc nəslə vətənpərvərlik, müstəqillik, milli-mənəvi dəyərlərə sadiqlik ideyalarının aşılanmasını təmin etsinlər.

3. Azərbaycan Elmlər Akademiyası və Təhsil Nazirliyi xalqımızın tarix boyu azadlıq və müstəqillik yolunda apardığı mübarizəsinin müxtəlif mərhələlərini əks etdirən fundamental elmi tədqiqatların aparılması ilə yanaşı, bu mübarizədə 20 Yanvar faciəsinin elmi baxımdan obyektiv işıqlandırılmasını, bu hadisəyə həsr olunmuş xüsusi elmi sessiya və konfranslar keçirilməsini, müvafiq nəşrlərin hazırlanmasını təmin etsinlər.

4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 20 Yanvar faciəsinin 10-cu ildönümü münasibəti ilə onun əsl mahiyyətini müxtəlif ölkələrin ictimaiyyətinə çatdırmaq məqsədi ilə Qanlı Yanvarı sovet totalitar rejiminin Azərbaycan xalqına qarşı törətdiyi təcavüz və terror aktı kimi səciyyələndirən tədbirlər proqramı hazırlayıb həyata keçirsin.

5. Azərbaycan Respublikasının Mətbuat və İnformasiya Nazirliyi, Dövlət Televiziya və Radio Verilişləri Şirkəti, qəzet və jurnal redaksiyaları 20 Yanvar faciəsinin 10-cu ildönümü ilə bağlı materialların nəşr və nümayiş etdirilməsini təmin etsinlər.

6. «Azərkinovideo» İstehsalat Birliyi 20 Yanvar hadisələrinə həsr olunmuş tammetrajlı sənədli filmin çəkilişini təmin etsin.

7. Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 16 dekabr 1999-cu il

№ 228

«Azərbaycan» qəzetində dərc olunmuşdur (17 dekabr 1999-cu il, № 288) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 708) («LegalActs» LLC).

© LegalActs LLC