О «Соглашении о сотрудничестве между исполнительной властью города Баку и Правительством Москвы»


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 1997-ci il, № 1, maddə 53)

Дата релиза: 25.07.1997

«Bakı Şəhər İcra Hakimiyyəti və Moskva Hökuməti arasında əməkdaşlıq haqqında Saziş» barədə

«Bakı Şəhər İcra Hakimiyyəti və Moskva Hökuməti arasında əməkdaşlıq haqqında Saziş» barədə

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 1997-ci il iyunun 13-də Bakı şəhərində imzalanmış «Bakı Şəhər İcra Hakimiyyəti və Moskva Hökuməti arasında əməkdaşlıq haqqında Saziş» təsdiq edilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə və Bakı Şəhər İcra Hakimiyyətinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən Sazişin həyata keçirilməsi üçün lazımi tədbirlər görsün.

Azərbaycan Respubiikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 25 iyul 1997-ci il

№ 634

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (1997-ci il, № 1, maddə 53) («LegalActs» LLC).


Bakı Şəhər İcra Hakimiyyəti və Moskva Hökuməti arasında əməkdaşlıq haqqında

Saziş

Bundan sonra «Tərəflər» adlandırılacaq Bakı Şəhər İcra Hakimiyyəti və Moskva Hökuməti,

Tərəflərin mövcud istehsal imkanlarından və elmi-texniki potensialından daha səmərəli istifadə etməyi arzulayaraq,

bazar münasibətləri şəraitində qarşılıqlı faydalı ticarət-iqtisadi əməkdaşlığı fəallaşdırmağa və inkişaf etdirməyə səy göstərərək,

sahibkarlığın və xüsusi təşəbbüslərin müdafiə edilməsinə, Tərəflərin təsərrüfat subyektləri arasında birbaşa əlaqələrin yaradılmasına və möhkəmləndirilməsinə mühüm əhəmiyyət verərək,

Bakı və Moskva şəhərləri arasında hərtərəfli mədəni əlaqələrin genişləndirilməsinin vacibliyini qeyd edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər qarşılıqlı etimad və mənafelərin qorunması əsasında ikitərəfli əməkdaşlığın aşağıdakı aktual məsələləri üzrə danışıqlar aparılmasına şərait yaradacaqlar:

    • şəhər bələdiyyə maliyyə sistemlərinin səmərəliliyinin yüksəldilməsi üzrə tədbirlər hazırlanması və həyata keçirilməsi;
    • özəlləşdirmə, antiinhisar və vergi siyasəti, qiymətqoyma, əhalinin hüquqi müdafiəsi və məşğulluğu, ictimai asayişin qorunması;
    • paytaxt şəhərlərinin səmərəli idarəetmə sistemlərinin işlənib hazırlanması.

Maddə 2

Tərəflər səylərini rəqabət qabiliyyətli xalq istehlakt mallarının və müxtəlif növlü sənaye məhsulları istehsalı, işlər görülməsi, xidmətlər göstərilməsi sahəsində mülkiyyət formalarından asılı olmayaraq müəssisələrin, firmaların və digər təşkilatların imkanlarından maksimum istifadə edilməsi məqsədilə birgə istehsal, sahibkarlıq, kommersiya və başqa təsərrüfat fəaliyyəti üzrə onlara qarşılıqlı faydalı şərait yaradılmasına yönəldəcəklər.

Maddə 3

Tərəflər təsərrüfat subyektləri arasında ticarət-iqtisadi əməkdaşlığın səmərəliliyini yüksəltmək maraqlarına uyğun olaraq ərazilərindəki müəssisələrin göstərdikləri əsas xidmət növlərinin və ixrac üçün istehsal etdikləri məhsulların siyahılarının müntəzəm mübadiləsini həyata keçirəcəklər.

Maddə 4

Tərəflər birgə müəssisələrin, səhmdar cəmiyyətlərinin, maliyyə-sənaye qruplarının yaradılmasına, bazar konyunkturunun öyrənilməsinə, marketinq strategiyasının müəyyən edilməsinə və reklam fəaliyyətinin həyata keçirilməsinə yardım göstərəcəklər.

Tərəflərin icra hakimiyyəti orqanları qarşılıqlı investisiyalar və onların ərazilərində fəaliyyət göstərən və yaradılan, digər Tərəfin mülkiyyətində olan təşkilatların normal fəaliyyəti üçün əlverişli şəraiti təmin edəcəklər.

Maddə 5

Şəhər təsərrüfatının və bələdiyyə mülkiyyətinin səmərəli idarəetmə strukturlarının işlənib hazırlanması, müxtəlif istehsalatların yerləşdirilməsi zamanı iqtisadi, sosial, ekoloji və demoqrafik vəziyyət nəzərə alınmaqla optimal nisbətlərin əsaslandırılması, sahibkarlığın və xüsusi təşəbbüslərin inkişaf etdirilməsi, əhalinin sosial-hüquqi müdafiəsi və məşğulluğu problemləri üzrə təcrübə mübadiləsi aparacaqlar.

Maddə 6

Təhsil, elm və texnika sahəsində əlaqələr yaratmaq və bu əlaqələri inkişaf etdirmək, Bakının və Moskvanın ali təhsil məktəblərində, sənaye müəssisələrində, elmi tədqiqat idarələrində tətbiqi xarakter daşıyan birgə işlərin yerinə yetirilməsinə kömək göstərmək.

Tərəflər elmi kadrlar hazırlanmasında qarşılıqlı fəaliyyət göstərəcək, elmi seminarların, konfransların, işgüzar görüşlərin təşkilinə kömək edəcək, habelə birgə tədqiqatların və işləmələrin yerinə yetirilməsi zamanı alimlərin, tədqiqatçıların, mütəxəssislərin və təcrübə keçənlərin, elmi-texniki informasiyanın, sənədlərin və ədəbiyyatın mübadiləsini həvəsləndirəcəklər.

Maddə 7

Mədəni-texniki irsdən, arxivlərdən, informasiya məlumat banklarından və fondlarından sərbəst istifadə etməyə və onlara daxil olmağa kömək göstərməklə yanaşı, mədəniyyət, incəsənət sahəsində əlaqələri genişləndirmək və dərinləşdirmək.

Tərəflər ənənələrə əsaslanaraq peşəkar, özfəaliyyət və uşaq kollektivlərinin xalq yaradıcıhğı festivalları, baxışları və müsabiqələrində iştirakına, bədii və muzey sərgilərinin, teatr-konsert qastrollarının, dövri və bədii ədəbiyyatın mübadiləsinə hər vasitə ilə kömək göstərəcəklər. Mədəniyyət orqanları, milli teatrlar, kitabxanalar, muzeylər, mədəniyyət və asudə vaxt mərkəzləri, klub müəssisələri, həvəskarlar birlikləri, gənclər təşkilatları arasında əməkdaşlığı və birbaşa əlaqələri inkişaf etdirəcəklər.

Maddə 8

Ekoloji cəhətdən təmiz qida məhsulları istehsalının təşkili və onların istehlakçılara çatdırılması zamanı müəyyən edilmiş normativlərə əməl edilməsinə nəzarət məsələləri daxil olmaqla, əhalinin sağlamlığının qorunması sahəsində qarşılıqlı fəaliyyət göstərmək. Bazarının vəziyyəti və dərmanlar, tibb texnikası və tibbi təyinatlı digər məmulatlar göndərilməsi imkanları haqqında bir-birinə məlumat vermək.

Digər Tərəfin əhalisinin müalicəsinə və məsləhət yardımı almasına kömək göstərmək.

Tərəflər birgə fəaliyyət zəruriliyini etiraf edərək, səhiyyə problemləri üzrə birgə forumların və mütəxəssislərin işgüzar görüşlərinin keçirilməsinə imkan yaradacaqlar.

Maddə 9

Turizm və idman sahəsində əməkdaşlığın inkişafına və möhkəmləndirilməsinə maksimum əlverişli şərait yaradılması üçün razılaşdırılmış tədbirlər keçirmək, turist və idman nümayəndə heyətləri mübadiləsini həvəsləndirmək, idmanın, mütəşəkkil və fərdi turizmin inkişaf etdirilməsi məqsədilə birgə sahibkarlıq fəaliyyətini həyata keçirən assosiasiyalar və müəssisələr arasında işgüzar əlaqələr yaradılmasına kömək göstərmək.

Maddə 10

Ekoloji təhlükəsizliyin təmin edilməsi və ətraf mühitin çirklənməsinə qarşı mübarizə işinə öncül əhəmiyyət verməklə, birgə təbiəti mühafizə proqramları və layihələrinin işlənib hazırlanmasına və həyata keçirilməsinə şərait yaratmaq.

Təbii və texnogen xarakterli fövqəladə şərait yaranan hallarda qarşılıqlı yardım göstərmək.

Maddə 11

Bakı və Moskva şəhərlərində yaşayan milli azlıqların hüquqlarının qorunmasını, bütün mülkiyyət formalarından olan birgə müəssisələrin və fiziki şəxslərin əmlakının hüquqi mühafizəsini təmin etmək.

Maddə 12

Tərəflərin hüquq mühafizə orqanları özlərinin dövlətlərinin qanunvericilik aktlarına əməl etməklə və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında qüvvədə olan hüquqi yardım haqqında müqaviləyə və idarələrarası sazişlərə müvafiq surətdə öz səlahiyyətləri çərçivəsində fəaliyyət göstərərək mütəşəkkil cinayətkarlığa, o cümlədən terrorçuluğa, narkotik maddələrin qeyri-qanuni dövriyyəsinə, qaçaqmalçılığa və mədəni sərvətlərin qanunsuz çıxarılmasına qarşı mübarizə tədbirlərində fəal əməkdaşlıq edəcəklər.

Maddə 13

İş təcrübəsi mübadiləsi, regionlararası münasibətlərin inkişafında üstün istiqamətlərin aşkara çıxarılması, daha məhsuldar əməkdaşlıq üçün şərait yaradılması, ümumi problemlərin həllində səylərin birləşdirilməsi və birgə fəaliyyətin əlaqələndirilməsi məqsədilə Tərəflər özlərinin icra və səlahiyyətli hakimiyyət orqanları arasında işgüzar əlaqələr yaradılmasına kömək göstərəcəklər.

Maddə 14

Bu Sazişin maddələrinin və yaxud ayrı-ayrı müddəalarının təfsirinə və tətbiqinə toxunan mübahisəli məsələləri Tərəflər danışıqlar və məsləhətləşmələr yolu ilə həll edəcəklər.

Bu Sazişə dəyişikliklər və əlavələr Tərəflərin qanunvericilik aktlarına uyğun olaraq onların qarşılıqlı razılığı ilə rəsmiləşdirilən və Sazişin ayrılmaz hissəsinə çevrilən xüsusi protokollarla aparılır.

Maddə 15

Bu Saziş qüvvəyə mindikdən sonra Bakı Şəhər İcra Hakimiyyəti və Moskva Şəhər Meriyası arasında bağlanmış 1992-ci il 26 oktyabr tarixli Sazişə xitam verilir.

Maddə 16

Bu Saziş imzalandığı andan qüvvəyə minir və beş il müddətinə qüvvədə olacaqdır. Əgər Sazişin müddətinin qurtarmasına altı ay vaxt qalanadək Tərəflərdən heç biri ona xitam verilməsi niyyəti barədə digər Tərəfi xəbərdar etməzsə, Sazişin müddəti avtomatik olaraq növbəti beşillik müddətə uzadılacaqdır.

Bu Sazişə xitam verilməsi onun qüvvədə olduğu zaman başlanmış və xitam verildiyi anadək başa çatdırılmamış proqram və layihələrin icrasına təsir etməyəcəkdir.

1997-ci il 13 iyun tarixində Bakı şəhərində hər biri Azərbaycan və rus dillərində olmaqla iki nüsxədə imzalanmışdır, həmçinin bütün mətnlər eyni qüvvəyə malikdir.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı
(imza)

Moskva şəhərinin meri
(imza)


© LegalActs LLC