Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında
Дата релиза: 21.09.2022
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydalarının təsdiq edilməsi haqqında
Qərar № 187
Bakı şəhəri, 26 noyabr 2002-ci il
«Gənclər siyasəti haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 6 may tarixli 697 nömrəli Fərmanının 1-ci bəndinin 4-cü abzasının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
1. «Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə Qaydaları» təsdiq edilsin (əlavə olunur).
2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 689) («LegalActs» LLC).
2 may 2006-cı il tarixli, 119 nömrəli; 14 fevral 2014-cü il tarixli, 46 nömrəli; 13 may 2016-cı il tarixli, 195 nömrəli; 21 sentyabr 2022-ci il tarixli 365 nömrəli Qərarlara əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).
Azərbaycan
Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 26 noyabr tarixli
187 nömrəli qərarı ilə
təsdiq edilmişdir
Gənclərin dövlət mülkiyyətində olan
bədən tərbiyəsi və idman obyektlərindən
istifadə
Qaydaları
I. Ümumi müddəalar
Gənclərin dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərindən istifadə etməsi bu Qaydalarla tənzimlənir.
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərinin rəhbərləri gənclərin bədən tərbiyəsi və idmanla məşğul olması üçün şərait yaradırlar. Onlar gənclərin bədən tərbiyəsi və idman obyektlərində bədən tərbiyəsi-sağlamlıqla məşğul olması üçün idman növləri üzrə qrupların yaradılmasını təmin edirlər.
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərinin rəhbərliyi, təşkilatlar, müəssisələr, idarələr, idman klubları, idman cəmiyyətləri gənclərin məşğulluğu üçün ayrılan vaxtda ümumi fiziki hazırlıq, «Vətənin müdafiəsinə hazıram» çoxnövçülüyü, atletik və ritmik gimnastika, sağlamlıq qaçışı və yerişi, üzgüçülük, həmçinin ayrı-ayrı idman növləri üzrə fərdi və qrup məşğələlərini təşkil edirlər.
II. Gənclərin bədən tərbiyəsi-sağlamlıq işinin təşkili
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərinin rəhbərliyi gənclərin bədən tərbiyəsi-sağlamlıq qruplarında və ya fərdi məşğulluğunu təşkil etmək məqsədi ilə təlim - tədris prosesinin keçirilməsi üçün idman obyektinin avadanlıq və idman ləvazimatı ilə təchiz olunmasını təmin edir.
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərində gənclərin bədən tərbiyəsi-sağlamlıqla məşğulluğunun təmin olunması, onlara sağlam həyat tərzinin aşılanması, vətənin müdafiəsinə fiziki cəhətdən hazır olması üçün qruplara cəlb olunması bədən tərbiyəsi və idman obyektinin rəhbərliyi və müəssisələr, idarələr, təşkilatlar, idman cəmiyyətləri, bədən tərbiyəsi kollektivləri tərəfindən həyata keçirilir.
Həkim müayinəsindən keçdikdən və sağlamlığı haqqında arayışı obyektin rəhbərliyinə təqdim etdikdən sonra bədən tərbiyəsi-sağlamlıq qruplarında və ya fərdi məşğul olmaq istəyən gənclərə bədən tərbiyəsi və idman obyektlərindən istifadə etməyə icazə verilir.
Bədən tərbiyəsi-sağlamlıq qrupları gənclərin cinsi, yaş həddi, sağlamlıq və fiziki hazırlıq səviyyəsi nəzərə alınmaqla komplektləşir. Bir qrupun tərkibi 20—25 nəfərdən ibarət olur. Əlilliyi olan və fiziki hazırlığı zəif olan gənclər üçün qruplarda məşğul olanların sayı 12—15 nəfər ola bilər.
Bədən tərbiyəsi-sağlamlıq qruplarında və fərdi məşğul olanlarla məşğələlər tədris planına və cədvələ əsasən həftədə 2—3 dəfə olmaqla il boyu keçirilir.
Qruplarda və fərdi məşğul olanların fiziki hazırlığını və yaş həddini nəzərə almaqla təlim məşğələləri 45—90 dəqiqə davam edə bilər.
Bədən tərbiyəsi-sağlamlıq qruplarında və fərdi məşğul olanlara aid tədris planında nəzərdə tutulmuş təlim məşqlərini aparan məşqçi-müəllimlər ali, orta ixtisas təhsilli və ya məşqçi-müəllim işinin aparılmasına icazə verən müvafiq kurslar keçmiş bədən tərbiyəsi mütəxəssisi olmalıdırlar.
III. Bədən tərbiyəsi və idman qruplarından daxil olan vəsait
Bədən tərbiyəsi-sağlamlıq qruplarının maliyyələşməsi məşğul olan gənclərin ödədikləri vəsaitin hesabına həyata keçirilir.
Dövlət mülkiyyətində olan bədən tərbiyəsi və idman obyektlərinin rəhbərləri qruplardan və fərdi məşğul olanlar tərəfindən əldə olunan vəsaitin mədaxil və məxaric xərclər smetasını tərtib və təsdiq edir.
Gənclərin dövlət mülkiyyətində olan bədən
tərbiyəsi və idman obyektlərində məşğul olması üçün ödəniş haqqı qanunvericiliyə
uyğun olaraq İqtisadiyyat və Sənaye Nazirliyi və Maliyyə Nazirliyi ilə
razılaşdırılmaqla Gənclər və İdman Nazirliyi tərəfindən müəyyən edilir.
Gənclər və İdman
Nazirliyi sosial
müdafiəyə xüsusi ehtiyacı olan gənclərin dövlət
mülkiyyətində olan bədən tərbiyəsi və idman
obyektlərindən istifadəsi üçün güzəştli ödəniş
haqqı tətbiq edə bilər.
Məşğələlərdə iştirak edənlərdən daxil olan vəsaitlər nəzdində bədən tərbiyəsi-sağlamlıq qrupları yaradılmış idman təşkilatlarının və idarələrinin kassalarına mədaxil olunur.
Bədən tərbiyəsi və idman obyektlərindən istifadə haqqı qruplarda məşğul olanlar tərəfindən aylıq və yaxud rüblük haqq şəklində hər ayın və ya rübün başlanmasına 10 gün qalmış ödənilir. Üzürlü səbəb olmadan məşğələləri buraxdıqda, habelə məşğul olanın qrupdan çıxdığı zaman ödənilmiş vəsait geri qaytarılmır.
© LegalActs LLC