О применении Закона Азербайджанской Республики «О правовой защите топологий интегральных схем»
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 noyabr 2002-ci il, № 265) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 659)
Дата релиза: 16.11.2002«İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiq edilməsini təmin etmək məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında» Azərbaycan Respublikası Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- «İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında» Azərbaycan Respublikası Qanununun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin;
- həmin Qanunun 11.4-cü maddəsində nəzərdə tutulmuş topologiyanın qeydiyyat qaydalarını, şəhadətnamənin verilməsini, topologiyanın qeydiyyatı üçün iddia sənədinə əlavə olunan material və sənədlərin siyahısını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində «İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Müəyyən edilsin ki:
- «İnteqral sxem topologiyalarının hüquqi qorunması haqqında» Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;
- Həmin Qanunun 11.1-ci, 11.5-ci, 11.6-cı və 13.1-ci maddələrində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyi həyata keçirir.
3. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 16 noyabr 2002-ci il.
№ 814
«Azərbaycan» qəzetində dərc edilmişdir (17 noyabr 2002-ci il, № 265) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 659) («LegalActs» LLC).
© LegalActs LLC