О 35-летнем юбилее Бакинского метрополитена
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 noyabr 2002-ci il, № 253) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 661)
Дата релиза: 01.11.2002
Bakı Metropoliteninin 35 illik yubileyi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
2002-ci il noyabrın 6-da Bakı Metropoliteninin birinci növbəsinin işə salınmasının 35 ili tamam olur. 1967-ci ildə metropolitenin «Bakı Soveti», «Sahil», «28 May», «Gənclik» və «Nərimanov» stansiyalarından ibarət olan birinci növbəsinin istifadəyə verilməsi Azərbaycanın həyatında əlamətdar hadisə olmuşdur.
XX əsrin 20-30-cu illərində Bakıda neft sənayesinin sürətlə inkişaf etməsi, yeni sənaye obyektlərinin tikilib istifadəyə verilməsi şəhərə əhali axınının güclü şəkildə artmasına səbəb oldu. Bu da Azərbaycan paytaxtında nəqliyyat sahəsində ciddi problemlər yaradırdı. Bakıda 1924-cü ildə tramvay, 1926-cı ildə şəhərətrafı elektrik qatarı, 1932-ci ildə avtobus, 1941-ci ildə isə trolleybus xətlərinin istifadəyə verilməsi sərnişindaşıma sahəsindəki çətinlikləri nəzərəçarpacaq dərəcədə aradan qaldırdı. Bakı isə günbəgün böyüyür, inkişaf edirdi. Yeni yaşayış massivlərinin salınması əlavə problemlər yaradırdı. Yerüstü nəqliyyat vasitələrinin isə artmaqda olan problemləri həll etmək imkanları məhdudlaşırdı.
Bakıda metropoliten tikintisi ideyası hələ keçən əsrin 30-cu illərində ortaya atılmış və Bakının yenidən qurulmasının baş planında nəzərdə tutulmuşdu. Metropolitenin tikintisi haqqında qərar isə 1947-ci ildə qəbul edilmiş və bu işlərə 1949-cu ildə başlanılmışdır. Metro tikintisi üzrə mürəkkəb geoloji şəraitdə gərgin inşaat işləri aparılmasına baxmayaraq, keçmiş SSRİ hökumətinin 20 sentyabr 1953-cü il tarixli qərarı ilə Bakı Metropoliteninin tikintisi dayandırıldı. Mərkəzdə bəzi qərəzli qüvvələrin səyləri nəticəsində qəbul edilmiş bu qərarın ləğv olunması və tikinti işlərinin bərpası yalnız 1961-ci ildə mümkün oldu. Metro inşaatçılarının böyük zəhməti sayəsində 1967-ci ilin noyabr ayında Bakı Metropoliteninin birinci növbəsi işə salındı. Bunun üçün 1 milyon kubmetrdən artıq monolit və yığma dəmir-beton işləri yerinə yetirilmiş, 120 min ton çuqun elementlər quraşdırılmış, 1500 kilometrdən çox müxtəlif kabellər çəkilmişdir.
Bakı Metropoliteninin birinci növbəsinin istifadəyə verilməsindən sonra da burada tikintinin tempi aşağı düşməmiş, 1968-ci il fevral ayının 22-də «Xətai» stansiyası istiqamətində ilk sərnişin qatarı yola salınmış, 1970-ci ilin aprelində «Nərimanov-Ulduz» xətti istismara verilmişdir. 1972-ci ilin noyabr ayında «Əzizbəyov», «Qara Qarayev» və «Neftçilər» stansiyalarını birləşdirən 5,3 kilometrlik metro xətti istifadəyə verilmiş və bununla, 120 min nəfər əhalisi olan yaşayış massivlərinin Bakının mərkəzi ilə nəqliyyat əlaqəsi xeyli yaxşılaşdırılmışdır. 1976-cı ildə «28 May-Nizami» xətti, 1979-cu ildə, əsasən, Bakı məişət kondisionerləri zavodunun işçiləri üçün yeganə yerüstü stansiya «Bakmil», 1985-ci ilin sonunda «Elmlər Akademiyası», «İnşaatçılar», «20 Yanvar» və «Memar Əcəmi», 1989-cu ilin aprelində «Xalqlar dostluğu» və «Əhmədli», 1993-cü ilin oktyabrında isə «Cəfər Cabbarlı» stansiyaları işə salındı.
Metro tikintisi işləri bu gün də davam etdirilir. Cari ilin sonuna kimi Bakının Əhmədli yaşayış massivində «Həzi Aslanov» metro stansiyasının istismara verilməsi nəzərdə tutulmuşdur. Bu stansiyanın işə salınması ilə Bakı Metropoliteninin sərnişindaşıma məqsədlərinə xidmət edən istismar xətlərinin uzunluğu 31,5 kilometrə, metro xətlərinin ümumi uzunluğu isə 80 kilometrə çatacaqdır. 1993-2002-ci illərdə Bakı Metropoliteninin saxlanılmasına və inkişafına dövlət tərəfindən 180 milyard manatdan çox vəsait sərf edilmişdir. Yalnız cari ildə metropoliten üçün 25 yeni vaqon alınmışdır. Bakı Metropoliteninin tikilib istifadəyə verilməsi ilə Bakı şəhərinin infrastrukturunda əsaslı dəyişikliklər baş vermiş, əhalinin ictimai nəqliyyatla təminatı xeyli yaxşılaşmışdır. Hər gün 400 min nəfərə xidmət edən Bakı Metropoliteninin ümumşəhər sərnişin daşımalarında payı 30 faizə yaxındır. Metro il ərzində, orta hesabla, 120 milyondan çox sərnişinə xidmət edir.
Metronun hər bir stansiyası funksional vəzifəsini yerinə yetirməklə yanaşı, öz tərtibatı baxımından Azərbaycanın milli memarlıq sənətinin gözəl bir nümunəsidir. Azərbaycan xalqının tarixinə, onun sənət incilərinə müraciət edən memarlar müxtəlif tikinti materiallarından, müasir texnologiyalardan, habelə şəbəkə, miniatür kimi milli ornament elementlərindən istifadə edərək, yaraşıqlı zalların yaradılmasına nail olmuşlar.
Bu mürəkkəb texniki qurğunun tikilib istifadəyə verilməsi nə qədər böyük zəhmət tələb etmişdirsə də, onun istismarı, yüksək iş ahənginin təmin olunması, həmişə işlək vəziyyətdə saxlanılması, sərnişinlərə nümunəvi xidmət göstərilməsi, onların təhlükəsizliyinin təmin edilməsi burada çalışan insanlardan böyük texniki hazırlıq, peşəkarlıq və yüksək mədəniyyət tələb edir. Tam qətiyyətlə demək olar ki, ötən dövr ərzində metro işçilərinin bütün bu keyfiyyətlərə malik olan bütöv bir nəsli formalaşmışdır.
Bakı Metropoliteninin şəhər infrastrukturunda tutduğu mühüm yeri, metro inşaatçılarının və istismarçılarının zəhmətini yüksək qiymətləndirərək, ölkəmizin həyatında oynadığı rolun əhəmiyyətini qeyd etmək məqsədi ilə qərara alıram:
1. Bakı Metropoliteninin 35 illik yubileyi Azərbaycan Respublikasında təntənəli şəkildə keçirilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV,
Bakı şəhəri, 1 noyabr 2002-ci il
№ 1080
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 noyabr 2002-ci il, № 253) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 noyabr 2002-ci il, № 11, maddə 661) («LegalActs» LLC).
21 oktyabr 2005-ci il tarixli, 1031-IIQ nömrəli Qanuna əsasən 2006-cı il yanvarın 1-dək mütləq rəqəmlərlə müəyyən olunan 5000 manat 2006-cı il yanvarın 1-dən 1 manata bərabər tutulur («LegalActs» LLC).
© LegalActs LLC