О дополнительных мерах по внедрению контрольно-кассовых аппаратов


Дата релиза: 23.06.2009

Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının tətbiqinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti

Azərbaycan Respublikasında nəzarət-kassa aparatlarının
tətbiqinə dair əlavə tədbirlər haqqında

Qərar № 113

Bakı şəhəri, 19 avqust 1996-cı il.

Nəzarət-kassa aparatlarının tətbiqini başa çatdırmaq məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır:

1. Qeyd edilsin ki, Baş Dövlət Vergi Müfəttişliyi, Ticarət Nazirliyi, Azərittifaq, Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsi, habelə Bakı, Əli-Bayramlı, Lənkəran, Sumqayıt, Şəki, Yevlax, Gəncə, Mingəçevir və Naftalan şəhərlərinin İcra hakimiyyətləri tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq edilmiş Qrafik üzrə nəzərdə tutulmuş müddətlərdə nəzarət-kassa aparatlarının tətbiqi üçün lazımi tədbirlər görülməmişdir.

Bu cür halların yolverilməzliyi adları çəkilən orqanların rəhbərlərinin nəzərinə çatdırılsın.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 28 dekabr tarixli 266 nömrəli qərarı ilə təsdiq olunmuş nəzarət-kassa aparatlarının tətbiqi Sumqayıt, Əli-Bayramlı, Lənkəran və Şəki şəhərlərində 1996-cı il oktyabr ayının 1-nə kimi, Bakı və digər şəhər və rayonlarda 1997-ci il yanvar ayının 1-nə kimi başa çatdırılsın, Naxçıvan Muxtar Respublikası ərazisində isə nəzarət-kassa aparatlarının tətbiqi müddətləri Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilsin.

3. Dövlət Xüsusi Maşınqayırma və Konversiya Komitəsinə tapşırılsın:

    • texnologiyanın təkmilləşdirilməsi, kənardan alınan zəruri komplektləşdirici hissələrin çeşidlərinin azaldılması və istehsalın səmərəliliyinin artırılması yolu ilə nəzarət-kassa aparatlarının qiymətlərinin aşağı salınmasını təmin etsin;
    • qısa müddət ərzində respublikanın bütün şəhər və rayonlarında nəzarət-kassa aparatlarının servis xidmətinin təşkili və göstərilən aparatların istifadəsi üzrə kadr hazırlığı barədə kompleks tədbirlər işləyib həyata keçirsin;
    • bu qərarın ikinci bəndinə uyğun olaraq nəzarət-kassa aparatlarının istehsalı cədvəlini Azərbaycan Respublikasının Vergilər Nazirliyi ilə razılaşdırsın.

4. Baş Dövlət Vergi Müfəttişliyi 1996-cı il sentyabr ayının 1-dək nəzarət-kassa aparatları qoyulacaq obyektlərin siyahısını dəqiqləşdirsin və Nazirlər Kabinetinin qərar qəbul edəcəyi məsələlər barəsində təklif versin.

5. Nəzarət-kassa aparatları üzrə Sahələrarası Ekspert Komissiyasına tapşırılsın ki, «Azərbaycan Respublikası ərazisində istifadəsinə icazə verilən nəzarət-kassa aparatlarının Dövlət Reyestri»nin genişləndirilməsi üzrə təkliflərini iki həftə ərzində Azərbaycan Respublikası Nazirlər Kabinetinə təqdim etsin.

6. Müəyyən edilsin ki, 1996-cı il sentyabr ayının 1-nə kimi obyektlərdə quraşdırılmış, lakin Dövlət Reyestrinə daxil edilməmiş nəzarət-kassa aparatları 1997-ci ilin sonunadək əvəz olunmalıdır.

7. Şəhər və rayon İcra hakimiyyətlərinə tapşırılsın ki, bu qərarın 2-ci bəndi ilə müəyyən edilən müddətlərdə nəzarət-kassa aparatlarının tətbiqinin başa çatdırılması məqsədilə Baş Dövlət Vergi Müfəttişliyi tərəfindən tərtib olunmuş qrafiklər üzrə işlərin həyata keçirilməsinə hərtərəfli köməklik göstərsinlər.

8. Bu qərarın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər Kabineti İşlər İdarəsinin iqtisadiyyat və maliyyə-kredit siyasəti, ticarət və pullu xidmətlər, müdafiə sənayesi şöbələrinə tapşırılsın.

Baş nazirin birinci müavini

A.RASİ-ZADƏ

23 iyun 2009-cu il tarixli, 100 nömrəli Qərara əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs