Об утверждении Договора «О принципах отношений дружбы и сотрудничества» между Азербайджанской Республикой и Исламской Республикой Иран


Дата релиза: 02.07.2002

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında «Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında» müqavilənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında «Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında» müqavilənin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında «Dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında» 2002-ci il mayın 20-də Tehran şəhərində imzalanmış müqavilə təsdiq edilsin.

II. Bu qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 2 iyul 2002-ci il

№ 350-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (25 avqust 2002-ci il, № 194) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 460) («LegalActs» LLC).


Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq münasibətlərinin prinsipləri haqqında

Müqavilə

Bundan sonra "Razılığa gələn Tərəflər" adlandırılan Azərbaycan Respublikası ilə İran İslam Respublikası,

siyasi, iqtisadi, ticarət, mədəniyyət və ictimai sahələrdə münasibətləri genişləndirməyə maraq göstərərək,

sivilizasiya, mədəniyyət, tarixi və din ortaqlıqlarını qeyd edərək,

suverenlik, müstəqillik, ərazi bütövlüyünə hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə uyğun olaraq və iki ölkənin dostluq, qarşılıqlı anlaşma münasibətlərinin müxtəlif sahələrdə əməkdaşlığın inkişafı meyarı kimi qiymətləndirilməsinə inanaraq,

Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin məqsəd və prinsipləri, eləcə də beynəlxalq hüquqda qəbul olunmuş meyarlara sadiq olduqlarını bildirərək,

iki ölkə əlaqələrinin regional və beynəlxalq səviyyədə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi ilə qırılmaz bağlılığını vurğulayaraq,

birgə sərhədlərin mövcudluğunu nəzərə alaraq və qarşılıqlı mehriban qonşuluq əlaqələrinin iki ölkə xalqlarının əsas maraqlarına cavab verməsinə inanaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Razılığa gələn Tərəflər qonşu, dost, bərabərhüquqlu və müstəqil dövlətlər olaraq, öz münasibətlərini suverenlik və ərazi bütövlüyünə hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri və digər ümumi qəbul edilən beynəlxalq hüquq prinsip və normaları əsasında inkişaf etdirəcəklər.

Maddə 2

Razılığa gələn Tərəflər iki dövlət arasındakı sərhədlərini dostluq sərhədləri elan edərək, suverenliyə, ərazi bütövlüyünə və sərhədlərin toxunulmazlığına hörmət edilməsinin vacibliyini vurğulayaraq, regional və beynəlxalq səviyyələrdə sülh, sabitlik və təhlükəsizliyin möhkəmləndirilməsi məqsədi ilə davamlı əməkdaşlıq edəcəklər. Razılığa gələn Tərəflər ayrıca sazişlər əsasında sərhəd əməkdaşlıqları sahəsində birgə fəaliyyət göstərəcəklər.

Maddə 3

Razılığa gələn Tərəflər bütün mübahisələri müzakirələr yolu ilə və qarşılıqlı anlaşma şəraitində həll edəcəklər. Həmçinin sülh, sabitlik və təhlükəsizliyin qorunması məqsədi ilə mütəmadi məsləhətləşmələr aparacaq, sülh və sabitliyə təhlükə törədən, təhlükəsizliyi pozan amillərin aradan qaldırılması istiqamətində səy göstərəcəklər.

Maddə 4

Razılığa gələn Tərəflər, BMT Nizamnaməsinin prinsiplərinə uyğun olaraq, dövlətlərarası münasibətlərdə təcavüz aktlarının, zor işlətmək və ya zor işlədəcəyi ilə hədələməyin yolverilməz olduğunu təsdiq edərək, beynəlxalq tanınmış sərhədlərin zor işlətməklə pozulmasının nəticələrini tanımır və münaqişələrin dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsiplərinə əsasən həll edilməsinə tərəfdar çıxırlar.

Maddə 5

Razılığa gələn Tərəflər digərinin siyasi müstəqilliyinə, suverenliyinə və ərazi bütövlüyünə qarşı yönəldilmiş hər hansı hərəkətlərdən və təzyiq formalarından çəkinəcəklər.

Razılığa gələn Tərəflər öz ərazilərində təşkilat, qrup, dəstə və şəxslərin Razılığa gələn digər Tərəfə qarşı fəaliyyət göstərməsinə imkan verməyəcəklər.

Onlar, həmçinin öz ərazisindən Razılığa gələn digər Tərəfə qarşı təcavüz məqsədi ilə istifadə edilməsinə icazə verməyəcəklər.

Maddə 6

Razılığa gələn Tərəflər beynəlxalq təşkilat və konfranslar çərçivəsində qarşılıqlı maraq kəsb edən məsələlərə dair fikir mübadiləsi və qarşılıqlı məsləhətləşmələr aparacaq, üçüncü ölkələrdəki diplomatik nümayəndəlikləri arasında əməkdaşlığı təşviq edəcəklər.

Maddə 7

Razılığa gələn Tərəflər iki ölkənin beynəlxalq və regional təşkilatlar çərçivəsində əməkdaşlığının səviyyəsindən razı qaldıqlarını bildirərək, bu əməkdaşlığın xüsusilə də Birləşmiş Millətlər Təşkilatı, İslam Konfransı Təşkilatı və İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində möhkəmləndirilməsini təkid edirlər.

Maddə 8

Razılığa gələn Tərəflər region ölkələrinin etibarlı təhlükəsizliyinə, sülh və əmin-amanlığın təmin olunmasına yönəldilən əməkdaşlığı artıracaq, beynəlxalq və regional təhlükəsizlik sistemlərinin möhkəmləndirilməsi və səmərəliliyinin artırılması üçün ardıcıl səylər göstərəcəklər.

Maddə 9

Razılığa gələn Tərəflər bütün xəzərsahili dövlətlərin ümumi razılığı əsasında Xəzər dənizinin hüquqi statusuna dair danışıqların sürətləndirilməsinə və mövqelərinin yaxınlaşdırılmasına tərəfdar olduqlarını bildirirlər.

Razılığa gələn Tərəflər Xəzər dənizinin sülh, dostluq və əməkdaşlıq dənizi olmasına əmindirlər və Xəzər dənizinin hərbiləşdirilməsinin əleyhinə olduqlarını elan edirlər, ekologiya və canlı mühitin qorunması üçün sahilyanı ölkələrin daha artıq əməkdaşlıq etməsini arzulayırlar. Onlar Xəzər dənizinin ekoloji vəziyyətinə görə xəzərsahili dövlətlərin məsuliyyətini təsdiq edirlər.

Maddə 10

Razılığa gələn Tərəflər, bir-birinin vətəndaşları üçün sadələşdirmələr məqsədi ilə iki ölkə arasında imzalanmış hüquqi sazişlərin, xüsusilə də hüquqi yardım və cinayət törətmiş şəxslərin ekstradisiyası və azadlıqdan məhrum edilmiş şəxslərin verilməsi haqqında müqavilələrin tam icrasına sadiq olduqlarını bildirirlər.

Maddə 11

Razılığa gələn Tərəflər mütəşəkkil və beynəlxalq cinayətkarlıqla, terrorçuluqla, narkotik maddələrin qeyri-qanuni dövriyyəsi ilə, mülki aviasiyanın təhlükəsizliyinə qarşı yönəldilən aktlarla, mədəni sərvətlərinin ölkədən qeyri-qanuni çıxarılması, nərə balıqlarının qeyri-qanuni ovlanması, kürü və malların qaçaqmalçılığına qarşı mübarizə sahəsində fəal əməkdaşlıq edəcəklər. Razılığa gələn Tərəflər qarşılıqlı maraq doğuran bu və ya digər məsələlərdə əməkdaşlıq haqqında ayrıca sazişlər bağlayacaqlar.

Maddə 12

Razılığa gələn Tərəflər siyasi, iqtisadi, ticarət, kənd təsərrüfatı, elm, texnologiya, nəqliyyat, mədəniyyət, incəsənət, informasiya mübadiləsi, turizm, idman və digər sahələrdə iki ölkə arasındakı münasibətləri ümumi qəbul edilən beynəlxalq prinsiplər, qarşılıqlı etimad, qarşılıqlı faydalı əməkdaşlığa əsasən ayrıca imzalanmış sazişlər əsasında geniş inkişaf etdirəcəklər.

Maddə 13

Ticarət və iqtisadi əməkdaşlığın ikitərəfli münasibətlərin mühüm bir hissəsini təşkil etdiyini nəzərə alaraq, Razılığa gələn Tərəflər ticarət dövriyyəsinin həcmini optimal səviyyəyə çatdırmaq və birgə investisiya qoyuluşuna münasib zəmin yaratmaq barədə razılığa gəlmişlər.

Maddə 14

Razılığa gələn Tərəflər iqtisadi, ticarət, elm, texnologiya sahələrində münasibətlərin inkişafını aşağıdakı səviyyələrdə təmin edəcəklər:

    • dövlət hakimiyyəti və idarəetmə orqanları,
    • bank və maliyyə sistemi,
    • ərazi və yerli özünüidarəetmə orqanları,
    • müəssisələr, birliklər və kooperativlər.

Razılığa gələn Tərəflər bir-birinin ərazilərində qarşılıqlı sərmayə qoyuluşuna imkan yaradacaq, əlverişli iqtisadi, maliyyə, hüquqi şəraitin yaradılmasına, iş adamlarının fəaliyyətinə, bir-birinin layihələri üzrə keçirilən tenderlərdə iştiraka və digər iqtisadi fəaliyyətə kömək edəcəklər. Həmçinin kənd təsərrüfatı, sənaye, mədən məhsulları və avadanlıqlarının istehsalı və bu sahələrdə müştərək müəssisələrin yaradılması məqsədi ilə lazımi imkanlar yaradacaqlar. Əlavə olaraq, Tərəflər kəşfiyyat, istismar, emal, alqı-satqı, neft və qazın nəqli və həmçinin müvafiq sənaye və neft-kimya müəssisələrinin inşasına şamil olunan enerji ehtiyatları sahəsində ikitərəfli əməkdaşlıq səviyyəsinin yüksəldilməsi haqqında razılığa gəlmişlər.

Maddə 15

Razılığa gələn Tərəflər iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafında nəqliyyatın rolunu nəzərə alaraq, özlərinin dəniz və hava limanları, dəmir-yol və avtomobil yolları şəbəkəsi vasitəsi ilə ən əlverişli rejim yaradılmasına əsasən yük və sərnişin daşımalarını təmin etməklə, öz ərazilərindən giriş-çıxış qaydalarına uyğun yük və sərnişin daşınması işinin tənzimlənməsi haqqında ayrıca sazişlər imzalayacaqlar.

Maddə 16

Razılığa gələn Tərəflər hər iki ölkənin universitetləri, ali təhsil müəssisələri, tədqiqat və texnologiya mərkəzləri arasında birbaşa əlaqələri təşviq etməklə, elm və tədqiqat, xüsusilə də qabaqcıl texnologiya sahəsində birgə tədqiqat layihələrinin icrası sahəsində əməkdaşlığı qeyd edərək, iki ölkənin elmi-texniki əməkdaşlığının inkişafına çalışacaqlar. Razılığa gələn Tərəflər bir-birinin müəllim, tələbə, tədqiqatçı və mütəxəssislərinin mübadiləsinə lazımi yardım edəcəklər.

Maddə 17

Razılığa gələn Tərəflər ortaq mədəni irsə malik olan iki ölkənin mədəni sahələrdə mübadilələri üçün lazımi imkanlar yaradacaq, bu məqsədlə iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynayan müştərək mədəniyyət-incəsənət mərkəzlərinin yaradılmasına lazımi yardım edəcəklər. Razılığa gələn Tərəflər tarix və mədəniyyət abidələrinin qorunması sahəsində hərtərəfli əməkdaşlıq edəcək, həmçinin beynəlxalq səviyyələrdə mədəniyyət, memarlıq və incəsənət sahələrində aparılan əməkdaşlığa xüsusi əhəmiyyət verəcəklər. Razılığa gələn Tərəflər iki ölkənin dil və ədəbiyyatı sahəsində əlaqələrin və əməkdaşlığın inkişafını təşviq və himayə edəcəklər. İki ölkə xalqlarının din ortaqlıqlarına diqqət yetirərək, Razılığa gələn Tərəflər din məsələlərinə dair qanunvericilikləri çərçivəsində əməkdaşlıq edəcəklər.

Maddə 18

Razılığa gələn Tərəflər telekommunikasiya, rabitə, mətbuat, poliqrafiya, radio və televiziya, xəbər agentlikləri və digər kütləvi informasiya sahələrində əməkdaşlıq edəcəklər.

Maddə 19

Razılığa gələn Tərəflər parlament, ictimai təşkilat və qurumlar, siyasi partiyalar, ticarət qurumları, həmkarlar təşkilatlarının qarşılıqlı əməkdaşlığına və həmin sahələri təmsil edən nümayəndələrin qarşılıqlı səfərlərinə imkan yaradacaqlar.

Maddə 20

Razılığa gələn Tərəflər ekologiyanın mühafizəsi sahəsində hərtərəfli əməkdaşlığı genişləndirəcək, bu sahədə regional və beynəlxalq səviyyədə qəbul edilmiş qərarların icrasına yardım edəcək, həmçinin beynəlxalq ekoloji təhlükəsizlik sisteminin yaradılması, o cümlədən Xəzər dənizi ekologiyasının bərpası və qorunması sahələrində qarşılıqlı əməkdaşlıq və fəaliyyəti həyata keçirəcəklər.

Maddə 21

Razılığa gələn Tərəflər iki ölkə arasında birgə əməkdaşlığın genişləndirilməsində "Xudafərin" və "Qız qalası" bəndlərinin inşasının əhəmiyyətini nəzərə alaraq, su bəndlərinin inşasına dair Azərbaycan Respublikası və İran İslam Respublikası arasında hidro və elektroenergetika sahələri üzrə əməkdaşlıq haqqında 2 iyul 1994-cü il (11.04.1373) tarixində imzalanmış Memorandumun müddəalarının icrasını vurğulamışlar.

Maddə 22

Razılığa gələn Tərəflər iki ölkə arasındakı münasibətlərin inkişafından razılıqlarını bildirərək, iki dövlət arasında əldə edilmiş razılaşmaların icrasının vacibliyini qeyd etmişlər.

Maddə 23

Razılığa gələn Tərəflər Naxçıvan Muxtar Respublikasında enerji çatışmazlığını nəzərə alaraq, İran qazının Naxçıvana nəql edilməsi üçün Xoy-Culfa qaz kəmərinin çəkilməsi barədə razılığa gəldilər.

Maddə 24

Şimal-Cənub koridorunun gücləndirilməsi və iki ölkə vətəndaşlarının qarşılıqlı gediş-gəlişi üçün müvafiq imkanların yaradılması məqsədi ilə Razılığa gələn Tərəflər nəqliyyat şəbəkələrinin, xüsusilə iki ölkə paytaxtları arasında, inkişafına çalışacaqlar. Razılığa gələn Tərəflər iki ölkə arasında imzalanması nəzərdə tutulan müqaviləyə əsasən Astara-Bakı magistral yolunun çəkilişində maraqlı olduqlarını və bu layihənin həyata keçirilməsinə səy göstərəcəklərini bildirdilər.

Maddə 25

Razılığa gələn Tərəflər müstəqil və bərabərhüquqlu dövlətlər kimi müdafiə sahəsində sıx əməkdaşlıq edəcək və qarşılıqlı fəaliyyət göstərəcəklər. Bu əməkdaşlığın forması ayrıca müqavilə ilə müəyyənləşdiriləcəkdir.

Maddə 26

Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı ilə bu Müqavilədə dəyişikliklər edilə bilər. Dəyişikliklər və əlavələr bu Müqavilənin 29-cu maddəsinə uyğun olaraq qüvvəyə minən ayrı-ayrı protokollarla müəyyənləşdirilir.

Maddə 27

Bu Müqavilənin təfsiri və yerinə yetirilməsinə aid mübahisələr Razılığa gələn Tərəflər arasında məsləhətləşmələr və danışıqlar yolu ilə həll edilməlidir.

Maddə 28

Bu Müqavilə Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə uyğun olaraq BMT Katibliyində qeydiyyata alınacaqdır.

Maddə 29

Bu Müqavilə daxili qanunvericiliyə uyğun olaraq ratifikasiya edilir və ratifikasiya fərmanlarının mübadilə edildiyi gündən qüvvəyə minir.

Maddə 30

Bu Müqavilə 10 il müddətinə bağlanılır. Əgər Razılığa gələn Tərəflərdən biri Müqavilənin müddətinin bitməsinə ən azı 6 ay qalmış yazılı xəbərdarlıq yolu ilə onu ləğv etmək arzusunu Razılığa gələn digər Tərəfə bildirməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 10 il müddətinə uzadılır.

Bu Müqavilə Tehran şəhərində 20 may 2002-ci il tarixində, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə iki nüsxədə, hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır. Hər iki mətn eyni qüvvəyə malikdir. Müqavilənin təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis dilində olan mətnə üstünlük veriləcəkdir.

Azərbaycan Respublikası
adından
Azərbaycan Respublikasının
Prezidenti
Heydər ƏLİYEV

İran İslam Respublikası
adından
İran İslam Respublikasının
Prezidenti
Seyyid Məhəmməd XATƏMİ


© LegalActs LLC