О создании Фонда помощи Вооруженным силам Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (20 avqust 2002-ci il, № 189) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 475)

Дата релиза: 17.08.2002

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafı və maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu yaradılsın.

2. «Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu haqqında Əsasnamə» təsdiq edilsin (əlavə olunur).

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.

4. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 17 avqust 2002-ci il

№ 755

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 avqust 2002-ci il, № 189) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 475) («LegalActs» LLC).

8 dekabr 2020-ci il tarixli, 1204 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür (LegalActs» LLC).


Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 17 avqust tarixli,
755 nömrəli Fərmanı ilə
təsdiq edilmişdir

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondunun Əsasnaməsi

I. Ümumi müddəalar

1.1. Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə yardım Fondu (bundan sonra—Fond) Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədi ilə yaradılır.

1.2. Fond öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, digər müvafiq qanunvericilik aktlarını, habelə bu Əsasnaməni rəhbər tutur.

1.3. Fond hüquqi şəxsdir, ayrıca əmlaka, müstəqil balansa, banklarda müvafiq hesablara, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamp və blanklara malikdir.

1.4. Fondun sərəncamçısı Azərbaycan Respublikasının Prezidentidir.

1.5. Fond Bakı şəhərində yerləşir.

II. Fondun maliyyə mənbəyi

2.1. Fondun maliyyə mənbəyi Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki və sosial bazasının möhkəmləndirilməsinə maliyyə köməkliyi məqsədilə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən hüquqi və fiziki şəxslərdən könüllülük əsasında daxil olan maliyyə vəsaiti və qanunvericiliklə qadağan olunmamış digər daxilolmalardır.

III. Fondun əsas vəzifəsi

3.1. Fondun əsas vəzifəsi Azərbaycan Respublikasının etibarlı müdafiəsi üçün Azərbaycan Respublikası Silahlı Qüvvələrinin inkişafını və onun maddi-texniki bazasının möhkəmləndirilməsini, həmçinin hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etməkdir.

3.2. Fond könüllülük əsasında vəsait cəlb edilməsi üçün kütləvi informasiya vasitələrində təbliğat aparılmasını, daxil olmuş vəsaitin təyinatı üzrə bölüşdürülməsini həyata keçirir.

IV. Fondun hüquqları

4.1. Fond hüquqi şəxs kimi öz məqsədi və vəzifəsinə müvafiq surətdə və qüvvədə olan olan qanunvericiliklə müəyyən edilmiş qaydada aşağıdakı hüquqlara malikdir:

    • Azərbaycan Respublikasında, həm də xaricdə sövdələşmələr aparmaq, əqdlər bağlamaq;
    • məhkəmələrdə iddiaçı və cavabdeh kimi çıxış etmək;
    • hüquqi və fiziki şəxslərlə qanunvericiliyə uyğun münasibətlər qurmaq;
    • Azərbaycan Respublikasının banklarında milli və xarici valyutada hesablar açmaq;
    • öz vəzifəsinin yerinə yetirilməsini təmin etmək üçün müstəqil ekspertlərin və məsləhətçilərin xidmətindən istifadə etmək;
    • daşınar və daşınmaz əmlak satın almaq və icrayə götürmək;
    • öz vəzifələrinə uyğun olaraq ölkədə və xaricdə sərgilərdə, seminarlarda və digər tədbirlərdə iştirak etmək.

V. Fondun vəsaitinin istifadə olunması

5.1. Fondun vəsaiti aşağıdakı məqsədlərə istifadə edilir:

    • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin maddi-texniki bazasının inkişaf etdirilməsi;
    • hərbi təyinatlı məmulatların hazırlanması, sınaqların keçirilməsi, onların istehsalı, təmiri və modernləşdirilməsi;
    • hərbi elmi tədqiqat və təcrübəvi-konstruktor işlərinin aparılması;
    • hərbi texnika, silah və sursatların alınması;
    • hərbi kadrların hazırlanması və onların ixtisasının artırılması;
    • hərbi qulluqçuların sosial və məişət problemlərinin həll edilməsi.

5.2. Fondun bütün xərcləri Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi xərclər proqramı çərçivəsində həyata keçirilir.

5.3. Fondun hesabları üzrə pul vəsaitlərinin verilməsi və köçürülməsi Azərbaycan Respublikası Müdafiə Nazirinin sərəncamı əsasında Fondun icraçı direktoru tərəfindən həyata keçirilir.

VI. Fondun idarə edilməsi

6.1. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi Fondun idarə edilməsi ilə bağlı aşağıdakıları həyata keçirir:

    • Fondun fəaliyyətinin əsas istiqamətlərini, uzunmüddətli proqramlarını və onların gəlir və xərclər proqramlarını təsdiq edilmək üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
    • Fondun təşkilati quruluşunu (strukturunu), təqvim ili üçün büdcəsini təsdiq edir;
    • Fondun mədaxil və məxaric smetasının icrasına nəzarət edir;
    • Fondun ştatını, saxlanması xərcləri smetasını təsdiq edir;
    • Fondun əmlak və vəsaitlərindən istifadə edilməsinə dair sərəncam verir;
    • əmək qanunvericiliyinə uyğun olaraq Fondun baş mühasibini işə təyin və işdən azad edir;
    • maliyyə ili başa çatdıqdan sonra ən geci bir ay müddətində Fondun illik hesabatını Azərbaycan Respublikasının Prezidentinə təqdim edir;
    • Azərbaycan Respublikası Prezidentinin razılığına əsasən Fondun icraçı direktorunu vəzifəyə təyin və vəzifədən azad edir;

6.2. Fondun icraçı direktoru aşağıdakıları həyata keçirir:

    • Fondun fəaliyyətini təşkil edir;
    • hüquqi və fiziki şəxslərlə münasibətlərdə Fondu təmsil edir;
    • Fondun adından müqavilələr bağlayır, pul vəsaitləri də daxil olmaqla Fondun əmlakı ilə bağlı verilmiş sərəncamın icrasını həyata keçirir;
    • Fondun cari fəaliyyətinə aid məsələlər üzrə əmr və sərəncamlar verir;
    • əmək qanunvericiliyinə uyğun olaraq əmək müqavilələri bağlayır və onlara xitam verir;
    • Fondun adından tələb və iddialar irəli sürür;
    • Fondun vəsaitinin istifadə olunması ilə bağlı xərclər smetasının layihəsini hazırlayır və Azərbaycan Respublikasının Müdafiə nazirinə təqdim edir;
    • Fondun fəaliyyəti ilə bağlı zəruri analitik sənədlər, habelə daxil olmuş vəsaitin təyinatı üzrə düzgün və səmərəli istifadə olunması barədə arayışlar hazırlayır və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə məruzə edir;
    • Azərbaycan Respublikasının qanunvericiliyinə və bu Əsasnaməyə müvafiq olaraq digər səlahiyyətləri həyata keçirir.

6.3. Fondun maliyyə-təsərrüfat fəaliyyəti Azərbaycan Respublikası Prezidentinin təyin etdiyi auditor tərəfindən ildə bir dəfə yoxlanılır.

6.4. Fond müəyyən edilmiş qaydada uçot və hesabat aparır, onun dürüstlüyü üçün məsuliyyət daşıyır.

6.5. Fondun fəaliyyəti Azərbaycan Respublikasının Müdafiə Nazirliyi aparatının saxlanılması xərcləri hesabına maliyyələşdirilir.

VII. Fondun məsuliyyəti

7.1. Dövlət Fondun, öz növbəsində Fond da dövlətin üzərinə götürmüş öhdəliklərə görə cavabdehlik daşımır.

7.2. Dövlət Fondun qanuni mənafelərinin qorunmasını təmin edir və onun fəaliyyətinin həyata keçirilməsi üçün şərait yaradılmasına təminat verir.

VIII. Fondun yenidən təşkili və ləğv edilməsi

8.1. Fondun yenidən təşkili və ləğv edilməsi Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən mövcud qanunvericilikdə müəyyən olunmuş qaydada həyata keçirilir.

8.2. Fond ləğv edildikdə onun qalan əmlakı dövlətin sərəncamına keçir.


© LegalActs LLC