Об утверждении «Порядка ведения учета наркологических больных и срока их учета»


Дата релиза: 19.08.2002

Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydasının və onların qeydiyyatda olma müddətinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Nazirlər Kabineti

Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydasının və onların qeydiyyatda olma müddətinin təsdiq edilməsi haqqında

Qərar № 136

Bakı şəhəri, 19 avqust 2002-ci il

«Narkoloji xidmət və nəzarət haqqında» Azərbaycan Respublikası Qanunun tətbiq edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 17 sentyabr tarixli 581 nömrəli Fərmanını icra etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. «Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydası və onların qeydiyyatda olma müddəti» təsdiq edilsin (əlavə olunur).

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A.RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 547) («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 19 avqust tarixli
136 nömrəli qərarı ilə
təsdiq edilmişdir

Narkoloji xəstələrin qeydiyyatının aparılması Qaydası və onların qeydiyyatda olma müddəti

I. Narkoloji xəstələrin qeydiyyatının aparılması qaydası

1. Narkoloji xəstələr (alkoqolizmə, narkomanlığa və toksikomaniyaya düçar olan şəxslər) və insan psixikasına təsir göstərən maddələrdən (spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdə) sui-istifadə edən şəxslər dövlət narkoloji tibb müəssisələri tərəfindən aşağıdakı hallarda qeydiyyata götürülürlər:

    • könüllü müalicə olunmaq üçün müraciət etdikdə;
    • ibtidai istintaq, prokurorluq, məhkəmə orqanlarının qərarı əsasında məcburi tibbi müayinə zamanı yoxlanılan şəxsdə narkoloji xəstəlik aşkar edildikdə;
    • tibbi müayinə üçün könüllü müraciət edən şəxsdə narkoloji xəstəlik müəyyən edildikdə;
    • işə götürən idarə və ya müəssisənin göndərişi əsasında keçirilən tibbi müayinə zamanı narkoloji xəstəlik aşkara çıxarıldıqda.

2. Konkret şəxsin qeyri-tibbi məqsədlərlə narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdən və onların analoqlarından istifadə etməsi və yaxud narkotik sərxoşluq vəziyyətində olması barədə müxtəlif tibb müəssisələrindən (toksikoloji, travmatoloji, dəri-zöhrəvi, vərəm əleyhinə tibb müəssisələri, QİÇS laboratoriyaları və s.) alınan məlumatlar həmin şəxsin qeydiyyata götürülməsi üçün əsas verir.

3. Narkoloji xəstələr və insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslər qeydiyyata götürülərkən həkim-narkoloq həmin şəxslərə ambulator xəstələrin tibbi kartasını açır və bu kartada qeydiyyatda olduğu müddətdə xəstənin səhhəti barədə müvafiq qeydlər aparır (aparılan müalicə, verilən sorğular, alınan cavablar və s. barədə).

4. Qeydiyyata götürülmüş şəxslər haqqında altı bölmədən ibarət aşağıdakı qaydada dinamik müşahidə kartotekası aparılır:

    • birinci bölmədə — narkomanlığa düçar olan şəxslər haqqında;
    • ikinci bölmədə — toksikomaniyaya düçar olan şəxslər haqqında;
    • üçüncü bölmədə — alkoqolizmə düçar olan şəxslər haqqında;
    • dördüncü bölmədə — həkim təyinatı olmadan narkotik vasitələrdən istifadə edən, lakin narkoloji xəstəliyə tutulmamış şəxslər haqqında;
    • beşinci bölmədə — həkim təyinatı olmadan psixotrop və bihuşedici maddələrdən sui-istifadə edən, lakin narkoloji xəstəliyə tutulmamış şəxslər haqqında;
    • altıncı bölmədə — spirtli içkilərdən sui-istifadə edən, lakin narkoloji xəstəliyə tutulmamış şəxslər haqqında.

5. Qeydiyyatı aparan narkoloji tibb müəssisəsi narkomanlığa düçar olan, habelə narkotik vasitələrdən və psixotrop maddələrdən sui-istifadə edən şəxslər barəsində kəmiyyət göstəricilərinin ümummilli banka daxil edilməsi üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə göndərir.

6. Narkoloji tibb müəssisələri tərəfindən narkoloji xəstələrin və insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslərin qeydiyyatının aparılması zamanı xəstənin səhhəti haqqında məlumatların konfidensiallığı təmin edilir və hər hansı şəxs barəsində narkoloji yardımın həyata keçirilməsinə dair məlumatlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada verilə bilər.

II. Narkoloji xəstələrin qeydiyyatda olma müddəti

1. Narkoloji xəstələrin, spirtli içkilərdən, narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdən sui-istifadə edən şəxslərin qeydiyyatda olma müddəti aşağıdakı kimi müəyyən edilir:

    • narkoloji xəstələr üçün — sağalma (dözümlü remissiya) və ya narkotik vasitələrdən, psixotrop maddələrdən sui-istifadə etməkdən özünüsaxlama müddəti — 5 il;
    • alkoqolizmə düçar olan xəstələr üçün — sağalma müddəti (dözümlü remissiya) — 3 il;
    • insan psixikasına təsir göstərən maddələrdən sui-istifadə edən şəxslər üçün — narkotik vasitələrdən, psixotrop və bihuşedici maddələrdən sui-istifadə etməkdən özünüsaxlama müddəti — 1 il, spirtli içkilərdən sui-istifadə etməkdən özünüsaxlama müddəti — 1 il.

2. Qeydiyyatda olan narkoloji xəstələr aşağıdakı hallarda qeydiyyatdan çıxarılaraq olduğu yeni yer üzrə qeydiyyata götürülürlər:

    • cinayət törəməyə görə 1 ildən artıq azadlıqdan məhrumetmə cəzasına məhkum edildikdə;
    • yaşayış yeri dəyişildikdə;
    • həqiqi hərbi xidmətə çağırıldıqda.

© LegalActs LLC