О документах, подписанных 26 марта 2002 года в городе Баку между Азербайджанской Республикой и Грузией


«Azərbaycan» qəzetində dərc edilmişdir (18 iyun 2002-ci il, № 136) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 350).

Дата релиза: 12.06.2002

2002-ci il martın 26-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış sənədlər haqqında

2002-ci il martın 26-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış sənədlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. 2002-ci il martın 26-da Bakı şəhərində Azərbaycan Respublikası ilə Gürcüstan arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:

1) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd nəzarəti sahəsində əməkdaşlıq haqqında Protokol;

2) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında Azərbaycan-Gürcüstan dövlət sərhədində vəziyyət barədə məlumat mübadiləsi qaydası haqqında Protokol;

3) Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında əməliyyat-axtarış fəaliyyətində əməkdaşlıq haqqında Protokol.

2. Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin həyata keçirilməsi üçün tədbirlər görsün.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi haqqında Gürcüstan tərəfini xəbərdar etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 12 iyun 2002-ci il

№ 943.

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 iyun 2002-ci il, № 136) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 350) («LegalActs» LLC).


Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında Azərbaycan-Gürcüstan dövlət sərhədində sərhəd nəzarəti sahəsində əməkdaşlıq haqqında

Protokol

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin şəxsində və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti (bundan sonra — Tərəflər),

18 fevral 1997-ci il tarixli «Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş»in müddəalarını rəhbər tutaraq,

sərhəd nəzarəti sahəsində əməkdaşlığın inkişaf etdirilməsinə səy göstərərək,

aşağıdakılar, barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər arasında sərhəd nəzarəti sahəsində əməkdaşlıq dövlət sərhədinin pozucularının vaxtında aşkar edilməsi və saxlanılması, qeyri-qanuni miqrasiya və mütəşəkkil cinayətkarlıq ilə mübarizə üzrə tədbirlərin işlənib hazırlanması, dövlət sərhədindən buraxılış məntəqələrində vəziyyətin mümkün dəyişilməsinə operativ münasibət bildirilməsi məqsədilə həyata keçirilir.

Maddə 2

Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlıq edəcəklər:

    • saxlanılmış dövlət sərhədinin pozucuları, dövlət sərhədindən buraxılış məntəqəsi rejiminin pozucuları, qeyri-qanuni miqrantlar, Azərbaycan-Gürcüstan dövlət sərhədindən şəxslərin, nəqliyyat vasitələrinin, yüklərin və digər əmlakın qeyri-qanuni keçirilməsi faktları haqqında məlumat mübadiləsi;
    • dövlət sərhədini pozmaq niyyətləri və cəhdləri, aşkar olunmuş qeyri-qanuni miqrasiya kanalları haqqında məlumat mübadiləsi;
    • Azərbaycan Respublikasının və Gürcüstanın qanunvericiliyində sərhəd nəzarətinə aidiyyəti olan dəyişikliklər haqqında məlumat mübadiləsi;
    • sənədlərin saxtalaşdırılmasının yeni üsulları və sərhəd nəzarəti zamanı onların aşkar edilməsi metodları haqqında məlumat mübadiləsi;
    • dövlət sərhədindən buraxılış məntəqələrində ekoloji vəziyyətin gözlənilməz dəyişiklikləri və onların lokallaşdırılması tədbirləri haqqında məlumat mübadiləsi;
    • xəstəlik yoluxdurucularının, karantin və təhlükəli ziyanvericilərin gətirilməsi halları, habelə Azərbaycan Respublikasına və Gürcüstana gedən, təhlükəli infeksion xəstəliklərin əlamətləri aşkar edilmiş şəxslər haqqında məlumat mübadiləsi;
    • dövlət sərhədindən buraxılış məntəqələrində mütəşəkkil cinayətkarlıq və qeyri-qanuni miqrasiyaya qarşı mübarizə üzrə tədbirlərin hazırlanması;
    • sərhəd nəzarətinin təkmilləşdirilməsi üzrə yeni metodların işlənib hazırlanması.

Maddə 3

Əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi məqsədilə zərurət yarandıqca (lakin il ərzində bir dəfədən az olmayaraq) Tərəflərin səlahiyyətli orqanlarının rəhbərlərinin görüşləri keçiriləcəkdir.

Görüşün vaxtı, yeri və gündəliyi Tərəflər arasında əvvəlcədən razılaşdırılır. Görüşlərin nəticələri protokol ilə rəsmiləşdirilir.

Maddə 4

Zəruri halda Tərəflərdən birinin sorğusu əsasında sərhəd nəzarətinin konkret məsələləri üzrə məlumat mübadiləsi həyata keçirilə bilər.

Maddə 5

Tərəflər bu Protokola müvafiq olaraq alınmış məlumatı yaymamaq və məlumatın mülkiyyətçisi Tərəfin əvvəlcədən razılığı olmadan onu ücüncü tərəflərə verməmək barədə öhdəlik götürürlər.

Maddə 6

Zəruri halda, bu Protokolun mətninə Tərəflərin qarşılıqlı razılığı ilə bu Protokolun 7-ci maddəsinin şərtlərinə uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər bu Protokolun ayrılmaz hissəsidir.

Maddə 7

Bu Protokol onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurları yerinə yetirmələri barədə sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir və Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında 18 fevral 1997-ci il tarixli Saziş qüvvədə olduğu müddətdə qüvvədədir.

Protokol 26 mart 2002-ci il tarixdə Bakı şəhərində, iki nüsxədə, hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla imzalanmışdır, hər üç mətn eyni qüvvəyə malikdir. Bu Protokolun müddəalarının təfsirində fikir ayrılığı yarandıqda rus dilində tərtib olunmuş mətn əsas götürülür.

Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyi adından

Gürcüstanın Dövlət Sərhədinin
Mühafizəsi Dövlət Departamenti adından


Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında Azərbaycan-Gürcüstan dövlət sərhədində vəziyyət barədə məlumat mübadiləsinin qaydası haqqında

Protokol

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin şəxsində və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti (bundan sonra — Tərəflər),

18 fevral 1997-ci il tarixli «Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş»in müddəalarını rəhbər tutaraq,

Azərbaycan-Gürcüstan dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsində qarşılıqlı maraqdan çıxış edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər Azərbaycan-Gürcüstan dövlət sərhədində yaranan vəziyyətin məsələləri üzrə məlumat mübadiləsini həyata keçirirlər. Məlumat mübadiləsi aparıldığı məsələlərin siyahısı əlavə olunur. Siyahı bu Protokolun ayrılmaz hissəsidir.

Maddə 2

Azərbaycan-Güürcüstan dövlət sərhədində yaranan vəziyyət barədə məlumat mübadiləsi ayda bir dəfədən az olmamaqla Tərəflərin qərargahları xətti ilə həyata keçirilir. Cari məlumatların mübadiləsi hər gün mövcud olan rabitə kanallarından istifadə edilməklə növbətçi xidmət xətti ilə həyata keçirilir. Zəruri hallarda maraqlı Tərəf məlumatı sorğu edə bilər.

Tərəflər arasında məlumat mübadiləsinin operativliyinin təmin edilməsi məqsədilə bilavasitə şifrlənmiş və faksimil rabitədən istifadə olunur.

Məlumat mübadiləsi ilə əlaqədar çəkilən xərcləri hər Tərəf ayrılıqda ödəyir.

Maddə 3

Bu Protokolun müddəalarının həyata keçirilməsi vəziyyətinin müzakirə edilməsi və məlumat mübadiləsi üzrə əməkdaşlıq prosesində meydana çıxan məsələlərin həll edilməsi məqsədilə tərəflərin rəhbərləri, yaxud onların vəkalətləndirdiyi şəxslər işçi görüşlər və ya məsləhətləşmələr keçirirlər.

Nümayəndə heyətlərinin üzvlərinin və işçi görüşlərin iştirakçılarının qəbul edilməsi ilə əlaqədar xərcləri, beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, qəbul edən Tərəf ödəyir.

Maddə 4

Tərəflər bu Protokola müvafiq olaraq alınmış məlumatı yaymamaq və məlumatın mülkiyyətçisi Tərəfin əvvəlcədən razılığı olmadan onu üçüncü tərəflərə verməmək barədə öhdəlik götürürlər.

Maddə 5

Zərurət olduqda, bu Protokolun mətninə Tərəflərin qarşılıqlı razılığı ilə bu Protokolun 6-cı maddəsinin şərtlərinə uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər bu Protokolun ayrılmaz hissəsidir.

Maddə 6

Bu Protokol onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurları yerinə yetirmələri barədə sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir və Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında 18 fevral 1997-ci il tarixli Saziş qüvvədə olduğu müddətdə qüvvədədir.

Protokol 26 mart 2002-ci il tarixdə Bakı şəhərində, iki nüsxədə, hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla imzalanmışdır, hər üç mətn eyni qüvvəyə malikdir. Bu Protokolun müddəalarının təfsirində fikir ayrılığı yarandıqda rus dilində tərtib olunmuş mətn əsas götürülür.

Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyi adından

Gürcüstanın
Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti adından


Qarşılıqlı məlumat mübadiləsi həyata keçirilən məsələlərin
Siyahısı

1. Azərbaycan-Gürcüstan dövlət sərhədində ümumi vəziyyət üzrə.

2. İkili təyinatlı malların, silahın, sursatların, narkotik vasitələrin, psixotrop maddələrin, radioaktiv materialların qeyri-qanuni keçirilməsi, mədəni sərvətlərin qeyri-qanuni gətirilməsi və çıxarılması, qeyri-qanuni miqrasiya kanallarının, habelə Azərbaycan-Gürcüstan dövlət sərhədində Tərəflərin dövlətlərinin təhlükəsizliyinə ziyan vuran digər hüquqazidd fəaliyyətin aşkar edilməsi haqqında.

3. Dövlət sərhədinin pozucularının hərəkət taktikasındakı yeni metodlar və ünsürlər haqqında.

4. Tərəflərdən birinə məlum olmuş Azərbaycan-Gürcüstan dövlət sərhədində hazırlanan və ya törədilmiş hüquq pozuntuları haqqında.

5. Dövlət sərhədinin keçilməsi üçün sənədlərin yeni nümunələrinin tətbiq edilməsi, onların rəsmiləşdirilməsi qaydası və sənədlərin saxtalaşdırılmasının yeni üsulları, sərhəd nəzarətinin həyata keçirilməsi zamanı onların aşkar edilməsi metodları haqqında.

6. Azərbaycan-Gürcüstan dövlət sərhədində delimitasiya və demarkasiya işlərinin vəziyyəti haqqında.

7. Sərhədyanı rayonlarda ekoloji, epidemioloji və epizootik vəziyyətin dəyişiklikləri barədə.

8. Tərəflər üçün maraq kəsb edən digər məlumatlar. Bu cür məlumatın mübadiləsi Tərəflərin bir-birilərinə verdikləri sorğular əsasında həyata keçiriləcəkdir.


Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti arasında əməliyyat-axtarış fəaliyyətində əməkdaşlıq haqqında

Protokol

Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyi Sərhəd Qoşunları Baş İdarəsinin şəxsində və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti (bundan sonra — Tərəflər).

18 fevral 1997-ci il tarixli «Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında Saziş»in müddəalarını rəhbər tutaraq, Azərbaycan-Gürcüstan dövlət sərhədinin mühafizəsinin təmin edilməsində qarşılıqlı maraqdan çıxış edərək,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

Tərəflər arasında əməliyyat-axtarış fəaliyyətində əməkdaşlıq Azərbaycan-Gürcüstan dövlət sərhədində hüquqazidd fəaliyyətin qarşısının alınması və aradan qaldırılması məqsədilə həyata keçirilir.

Maddə 2

Əməkdaşlıq həyata keçirilir:

    • Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunları Baş İdarəsinin əməliyyat şöbəsi və Gürcüstanın Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamentinin əməliyyat-axtarış İdarəsi arasında — Azərbaycan-Gürcüstan dövlət sərhədində əməliyyat-axtarış fəaliyyətinin ümumi məsələləri üzrə;
    • Tərəflərin bölmə və hissələrinin əməliyyat-axtarış orqanları arasında — Azərbaycan-Gürcüstan dövlət sərhədinin pozulması hallarının qarşısının alınması və aradan qaldırılması ilə bilavasitə əlaqədar olan məsələlər üzrə.

Maddə 3

Tərəflər Azərbaycan-Gürcüstan dövlət sərhədində Tərəflərin sərhəd bölmə və hissələrinin əməliyyat-axtarış orqanları arasında əməkdaşlığı təşkil etməyi öz əməliyyat-axtarış orqanlarına həvalə edirlər.

Maddə 4

Tərəflər aşağıdakı istiqamətlər üzrə əməkdaşlığı həyata keçirirlər:

    • Azərbaycan-Gürcüstan dövlət sərhədində və ondan buraxılış məntəqələrində vəziyyətin, onun inkişaf meyllərinin və hüquqazidd fəaliyyətin xarakterinin birgə təhlili;
    • Azərbaycan-Gürcüstan dövlət sərhədində və ondan buraxılış məntəqələrində hüquqazidd fəaliyyət ilə mübarizə sahəsinə aid məlumatların mübadiləsi;
    • İkili təyinatlı malların, silahın, sursatların, narkotik vasitələrin, psixotrop maddələrin, radioaktiv materialların Azərbaycan-Gürcüstan dövlət sərhədindən qeyri-qanuni keçirilməsinin, mədəni sərvətlərin qeyri-qanuni gətirilməsi və çıxarılmasının, qeyri-qanuni miqrasiyanın, habelə Tərəflərin dövlətlərinin təhlükəsizliyinə ziyan vuran digər hüquqazidd fəaliyyətin qarşısının alınması və aradan qaldırılması üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi;
    • Azərbaycan-Gürcüstan dövlət sərhədini pozmuş (pozmağa cəhd göstərən), yaxud orada hüquqazidd fəaliyyətin həyata keçirilməsinə aidiyyəti olan şəxslərin, o cümlədən üçüncü ölkə vətəndaşlarının aşkar edilməsi, operativ yoxlanılması, operativ axtarışı və yoxlanılması üzrə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi;
    • öz dövlətlərinin dövlət hakimiyyət və idarəetmə orqanlarına təqdim edilməsi üçün Azərbaycan-Gürcüstan dövlət sərhədində qayda-qanunun möhkəmləndirilməsi üzrə tədbirlər haqqında təkliflərin işlənib hazırlanması.

Tərəflərin əməliyyat-axtarış orqanları öz səlahiyyətləri həddində yuxarıda göstərilən istiqamətlər üzrə məlumat mübadiləsini həyata keçirirlər.

Maddə 5

Əməkdaşlığın yekunlaşdırılması Tərəflərin rəhbərləri, yaxud onlar tərəfindən vəkalət verilmiş şəxslər tərəfindən görüşlər zamanı həyata keçirilir.

Əməkdaşlığın cari məsələlərinin həll edilməsi və keçirilən tədbirlərin razılaşdırılması, məlumat mübadiləsi məqsədilə Tərəflərin nümayəndələrinin işçi görüşləri keçirilir.

Tərəflər məlumat mübadiləsi məqsədilə telefon, faksimil və digər rabitə vasitələrindən istifadə edirlər.

Maddə 6

Tərəflərin nümayəndələrinin müqabil əraziyə səfərləri Tərəflər arasında razılaşdırılmaqla həyata keçirilir.

Nümayəndə heyətlərinin üzvlərinin və işçi görüşlərin iştirakçılarının qəbul edilməsi ilə əlaqədar xərcləri, beynəlxalq nəqliyyat xərcləri istisna olmaqla, qəbul edən Tərəf ödəyir.

Maddə 7

Tərəflər bu Protokola müvafiq olaraq alınmış məlumatı yaymamaq və məlumatın mülkiyyətçisi Tərəfin əvvəlcədən razılığı olmadan onu üçüncü tərəflərə verməmək barədə öhdəlik götürürlər.

Maddə 8

Zərurət olduqda, bu Protokolun mətninə Tərəflərin qarşılıqlı razılığı ilə bu Protokolun 9-cu maddəsinin şərtlərinə uyğun olaraq qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər. Əlavə və dəyişikliklər bu Protokolun ayrılmaz hissəsidir.

Maddə 9

Bu Protokol onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurları yerinə yetirmələri barədə sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir və Azərbaycan Respublikası ilə Gürcüstan arasında sərhəd məsələləri üzrə əməkdaşlıq haqqında 18 fevral 1997-ci il tarixli Saziş qüvvədə olduğu müddətdə qüvvədədir.

Protokol 26 mart 2002-ci il tarixdə Bakı şəhərində, iki nüsxədə, hər biri Azərbaycan, gürcü və rus dillərində olmaqla imzalanmışdır, hər üç mətn eyni qüvvəyə malikdir. Bu Protokolun müddəalarının təfsirində fikir ayrılığı yarandıqda rus dilində tərtib olunmuş mətn əsas götürülür.

Azərbaycan Respublikasının
Milli Təhlükəsizlik Nazirliyi adından

Gürcüstanın
Dövlət Sərhədinin Mühafizəsi Dövlət Departamenti adından


© LegalActs LLC