Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında Saziş
Дата релиза: 18.06.1997
Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində əməkdaşlıq haqqında
Saziş
Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Özbəkistan Respublikası Hökuməti,
iki dövlət arasında tarixən təşəkkül tapmış münasibətləri nəzərə alaraq,
elmi və mədəni əməkdaşlığın və münasibətlərin xalqlar arasında anlaşmaya yardım etdiyinə, həmçinin dövlətlərarası əlaqələrin möhkəmlənməsinə kömək göstərəcəyinə inam hissini təsdiqləyərək,
elm, ədəbiyyat və incəsənət əsərlərindən istifadə etməklə mədəni sərvətlərin qarşılıqlı mübadiləsi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinə çalışaraq;
milli mədəni potensialın formalaşmasında, beynəlxalq mədəni mübadilədə, həmçinin bərabərhüquqlu dövlətlərarası ticarət-iqtisadi və elmi-texniki əlaqələrin inkişaf etdirilməsində müəlliflik hüququ və əlaqəli hüquqların müasir rolunu nəzərə alaraq;
bu məqsədlə müəlliflik hüququ və əlaqəli hüquqların qorunması üçün qarşılıqlı əlverişli şəraitin yaradılmasının vacibliyini dərk edərək;
Tərəflərin hər ikisinin iştirakçısı olduğu 6 sentyabr 1952-ci il tarixli Müəlliflik hüququ haqqında Ümumdünya Konvensiyasına əlavə olaraq və 24 sentyabr 1993-cü il tarixli Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişin müddəalarını inkişaf etdirmək istəyini rəhbər tutaraq
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflərdən hər biri digər tərəfin fiziki və hüquqi şəxslərinə və onların hüquqi varislərinə məxsus əsərlərə və əlaqəli hüquqların obyektlərinə ilk dərc olunma yerindən asılı olmayaraq, müəlliflik hüququnu və əlaqəli hüquqları tanıyır və həmin hüquqların qorunmasını özünün fiziki və hüquqi şəxsləri üçün daxili qanunvericiliyin yaratdığı əsasda və hüquqi müdafiənin vasitələrindən həmin əsaslarla və həcmdə istifadə etməklə təmin edir.
Maddə 2
Tərəflər və bu Sazişə və üzvü olduqları və ya olacaqları digər beynəlxalq müqavilələrə uyğun olaraq qarşılıqlı fayda və bərabərlik əsasında elm, ədəbiyyat və incəsənət əsərlərinə hüquqların qorunması və istifadəsi sahəsində əməkdaşlığı həyata keçirir.
Maddə 3
Tərəflər digər Tərəfin vətəndaşları və hüquqi şəxsləri tərəfindən yaradılmış elm, ədəbiyyat və incəsənət əsərlərindən öz ərazilərində istifadəni həvəsləndirirlər.
Maddə 4
Tərəflərin əməkdaşlığı aşağıdakı istiqamətlərdə aparılacaq:
- Müəlliflik hüququ və əlaqəli hüquqların obyektlərinə olan hüquqların qorunması və istifadəsi ilə bağlı məsələlərin tənzimlənməsi;
- Müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində milli hüquqi aktların uyğunlaşdırılması, müəlliflik hüququ və əlaqəli hüquqların qorunması sahəsində informasiya, normativ və digər sənədlərin, habelə təcrübə və mütəxəssislərin mübadiləsi.
Maddə 5
Tərəflər 27 may 1973-cü ilə qədər yaradılan, lakin həmin tarixə qədər Tərəflərin ərazisində və yaxud digər ərazidə kütləyə çatdırılmamış digər Tərəfin vətəndaşlarının əsərlərinə və ya əsərlərə hüquqlarına münasibətdə qorunma 6 sentyabr 1952-ci il tarixli Müəlliflik hüququ haqqında ümumdünya Kovensiyasının tələbləri səviyyəsində təqdim edirlər.
Lakin, belə əsərlər bu Sazişin qüvvəyə mindiyi ana qədər digər Tərəfin dövlətinin ərazisində qorunmayan əsərlər kimi dərc olunmuşdursa, onda həmin əsərlər bu Saziş qüvvəyə minəndən sonra da göstərilən ərazidə qorunmayan əsərlər sayılacaqlar. Burada kütləyə çatdırılma anlayışı 6 sentyabr 1952-ci il tarixli Müəlliflik hüququ haqqında Ümumdünya konvensiyasının 6-cı maddəsində göstərilən mənada başa düşülür.
Maddə 6
Müəlliflik hüquqlarının qorunması müddəti hələ bitməmiş 5-ci maddədə göstərilən əsərlərdən istifadəyə münasibətdə bu Sazişin qüvvəsi şamil edilir.
Maddə 7
Tərəflər 24 sentyabr 1993-cü il tarixində Moskva şəhərində imzalanmış Müəlliflik hüququ və əlaqəli hüquqlar sahəsində əməkdaşlıq haqqında Sazişə uyğun olaraq, bundan sonra da müəlliflik hüquqlarının ədəbi-bədii əsərlərin qorunması haqqında Bern Konvensiyasının, Fonoqram istehsalçılarının fonoqramların icazəsiz surət çıxarılmadan (təkrarlanmasından) qorunması haqqında Cenevrə Konvensiyasının, Artist-ifaçıların, fonoqram istehsalçılarının, radio-televiziya təşkilatlarının hüquqlarının qorunması haqqında Roma Konvensiyasının tələbləri səviyyəsində qorunmasını təmin edən qanun layihələrinin qəbul edilməsinin lazımlığını təsdiq edir, həmçinin göstərilən Konvensiyaların üzvü olmaq üçün tədbirlər görəcəklər.
Maddə 8
Bu Sazişin 5-ci maddəsinin tətbiqindən irəli gələn bütün ödəniş və hesablaşmalar Tərəflərin hər birinin mövcud valyuta qanunvericiliyinə uyğun olaraq sərbəst dönərli valyuta ilə həyata keçiriləcək, lakin müvafiq hüquq sahibinin arzusu ilə ödəniş və hesablaşmalar ödənişi aparan Tərəfin milli valyutası ilə həyata keçirilə bilər.
Maddə 9
Tərəflər öz ölkələrinin bu Sazişin əməli tətbiqi üçün əhəmiyyət kəsb edən qanunları və digər normativ aktları barədə bir-birinə məlumat verəcəklər.
Maddə 10
Müəlliflik hüquqlarının yaranması, məzmunu və ləğv edilməsi, ərazisində onların istifadəsi, yaxud pozulması faktının baş verdiyi Tərəfin dövlətinin qanunvericiliyi ilə müəyyən olunmalıdır.
Maddə 11
Bu Sazişin həyata keçirilməsi gedişində Tərəflərin bir-birinə göndərdiyi bütün sənədlər rus dilinə tərcümə olunmaqla dövlət dilində göndərilir, bu halda işçi dil rus dilidir.
Maddə 12
Bu Sazişin həyata keçirilməsinə məsuldurlar:
- Özbəkistan Respublikasında — Özbəkistan Respublikası Müəlliflik Hüquqları Dövlət Agentliyi (Öz.MHDA)
- Azərbaycan Respublikasında — Azərbaycan Respublikası Müəlliflik Hüquqları Agentliyi (Az.RMHA)
Müvafiq orqanlar arasında əməkdaşlığın qayda və şərtləri onlar arasında bağlanacaq ayrı-ayrı Sazişlərlə müəyyən ediləcəkdir.
Maddə 13
Bu Sazişdən irəli gələn, yaxud onun yerinə yetirilməsi ilə əlaqədar məsələlər üzrə fikir ayrılığı yarandığı halda, Tərəflərin nümayəndələri müvafiq məsləhətləşmələr keçirir və bu fikir ayrılıqlarının tənzimlənməsi üçün zəruri səylər göstərəcəklər.
Maddə 14
Bu Saziş Tərəflərin müəlliflik hüquqi və əlaqəli hüquqların qorunması sahəsində digər dövlətlərlə ikitərəfli və çoxtərəfli əməkdaşlıqda iştirakına mane olmur.
Maddə 15
Bu Saziş Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə digər Tərəfə axırıncı bildirişi göndərdiyi tarixdən qüvvəyə minir və Tərəflərdən birinin digər Tərəfə onun qüvvəsinin ləğv edilməsi barədə bildiriş göndərdiyi tarixdən altı ay sonra qüvvəsini itirir.
Daşkənd şəhərində 1997-ci ilin iyun ayının 18-də iki nüsxədə, hər bir Azərbaycan, özbək və rus dillərində imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Sazişin müddəalarının təfsiri məqsədi üçün rus dilində olan mətn istifadə ediləcəkdir.
Azərbaycan Respublikasının Hökuməti adından (imza) |
Özbəkistan Respublikasının Hökuməti adından (imza) |
Azərbaycan Respublikasının 26 iyun 1997-ci il tarixli, 354-IQ nömrəli Qanunu ilə təsdiq edilmişdir («LegalActs» LLC).
© LegalActs LLC