Об утверждении Положения и описания медали Азербайджанской Республики «За заслуги в военном сотрудничестве»


Дата релиза: 17.05.2002

Azərbaycan Respublikasının «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 may 2002-ci il

№ 328-IIQD.

«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 254) («LegalActs» LLC).


«Azərbaycan Respublikasının
«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə»
medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
328-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı haqqında

Əsasnamə

1. «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı ilə Azərbaycan Respublikası ilə hərbi əməkdaşlığın möhkəmləndirilməsində göstərdikləri xidmətlərə görə Azərbaycan Respublikasının və xarici ölkələrin hərbi qulluqçuları və digər şəxslər təltif edilirlər.

2. «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Sərhəddə fərqlənməyə görə» medalından sonra taxılır.


«Azərbaycan Respublikasının
«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə»
medalının Əsasnaməsinin və
təsvirinin təsdiq edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
328-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalının təsviri

«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş qızılı rəngli, dairəvi formalı, diametri 35 mm olan lövhədən ibarətdir.

Medalın ön tərəfində üzərində səkkizguşəli ulduz yerləşdirilmiş qalxan təsvir edilmişdir.

Qalxandan yuxarıda çevrə boyunca «Azərbaycan Respublikası», ulduzun ortasında «Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» sözləri yazılmış, qalxandan aşağıda iki çarpazlaşdırılmış qılınc, qalxanın sol tərəfində dəfnə yarpağından, sağ tərəfində isə palıd yarpağından çələnglər yerləşdirilmişdir. Çevrənin daxili və ulduzun xarici konturlarının arasında relyefli şüalar vardır.

Ulduz ağ, qılınclar gümüşü rəngdə, qalan təsvirlər isə qızılı rəngdədir.

Arxa tərəfi hamar səthlidir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə yaşıl rəngli fonda, kənarlarından mərkəzə doğru ardıcıl olaraq 1 mm enində qızılı rəngli, 3 mm enində göy və qırmızı rəngli şaquli zolaqlar təsvir edilmişdir.

Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.


«Hərbi əməkdaşlıq sahəsində xidmətlərə görə» medalı


© LegalActs LLC