Об утверждении Соглашения «О статусе Габалинской радиолокационной станции (РЛС «ДАРЬЯЛ»), принципах и условиях ее использования» между Азербайджанской Республикой и Российской Федерацией


«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 175)

Дата релиза: 19.03.2002

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında «Qəbələ radiolokasiya stansiyasının (RLS «DARYAL») statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında «Qəbələ radiolokasiya stansiyasının (RLS «DARYAL») statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 2002-ci il yanvarın 25-də Moskva şəhərində imzalanmış «Qəbələ radiolokasiya stansiyasının (RLS «Daryal») statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında» Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 19 mart 2002-ci il

№ 276-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 175) («LegalActs» LLC).


Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Qəbələ radiolokasiya stansiyasının (RLS «DARYAL») statusu, istifadəsinin prinsipləri və şərtləri haqqında

Saziş

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası və Rusiya Federasiyası,

mehriban qonşuluq və əməkdaşlıq ruhunda çıxış edərək,

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqaviləni nəzərə alaraq,

Qəbələ radiolokasiya stansiyasının (RLS «Daryal») statusunu, istifadəsinin prinsiplərini və şərtlərini müəyyən etmək niyyətində olaraq,

aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1

1. Qəbələ radiolokasiya stansiyası (RLS «Daryal»), bu Sazişlə müəyyən edilən informasiya-analitik mərkəzi statusuna malikdir.

2. İnformasiya-analitik mərkəzi Azərbaycan Respublikasının mülkiyyətidir.

Tərəflər arasında razılaşma əsasında Rusiya Federasiyasının mülkiyyətinə aid ediləcək daşınan əmlak istisna təşkil edəcəkdir. Bu məqsədlə Tərəflər Sazişin imzalanmasından sonra iki ay müddətində Rusiya Federasiyasının mülkiyyətinə verilən daşınan əmlakın tərkibinin müəyyən edilməsi üçün ikitərəfli komissiya yaradırlar. Onun verilməsi şərtləri ayrıca sənədlə rəsmiləşdiriləcəkdir.

Bu Saziş imzalandıqdan sonra informasiya-analitik mərkəzin fəaliyyətini təmin etmək üçün onun ərazisinə gətirilən əmlak Rusiya Federasiyasının mülkiyyətidir.

3. İnformasiya-analitik mərkəzin istismarı Rusiya Tərəfindən yalnız informasiya-analitik məqsədlərlə, qarşılıqlı maraq kəsb edən hissəsində isə, Tərəflər arasında razılaşma əsasında həyata keçirilir.

Rusiya Tərəfi informasiya-analitik mərkəzin fəaliyyətinin birbaşa və ya dolayısı ilə Azərbaycan Respublikasının suverenliyi və təhlükəsizlik maraqlarının əleyhinə yönəldilməyəcəyini öhdəsinə götürür.

4. Bu Sazişdə istifadə olunan anlayışların mənaları, Sazişin ayrılmaz hissəsi olan 1 №-li Əlavədə verilir.

Maddə 2

1. Azərbaycan Tərəfi informasiya-analitik mərkəzin daşınan və daşınmaz əmlakını 10 (on) il müddətinə Rusiya Tərəfinə icarəyə verir.

İcarəyə verilən torpaq sahələrinin hüdudları bu Sazişin ayrılmaz hissəsi olan 2 №-li Əlavədə müəyyən edilir.

Maddə 3

1. Rusiya Tərəfi icarəyə verilən daşınan və daşınmaz əmlak üçün hər il 7 (yeddi) milyon ABŞ dolları məbləğində icarə haqqı ödəyir.

Rusiya Tərəfi informasiya-analitik mərkəzinin 2002-ci il 1 yanvar tarixdən 2002-ci il 31 dekabr tarixədək istismarı üçün hesablaşmanı 2003-cü ilin yanvar ayında həyata keçirir. Sonrakı illər Rusiya tərəfi icarə haqqını ildə iki dəfə hər yarımilliyin axırıncı ayında bərabər hissələrlə ödəyir.

2. Rusiya Tərəfi 1997-ci il 4 iyul tarixdən 2001-ci il 31 dekabr tarixədək informasiya-analitik mərkəzin istismarı ilə bağlı 31 (otuz bir) milyon ABŞ dolları məbləğində olan məsrəfləri Azərbaycan Tərəfinə ödəyir. Göstərilən ödəmələri Rusiya Tərəfi 5 il ərzində, hər il 6,2 milyon ABŞ dolları məbləğində akkreditiv formasında həyata keçirir. Rusiya Tərəfi birinci akkreditivi 2003-cü ilin yanvar ayında açır. Sonrakı akkreditivlərin açılması hər sonrakı ilin birinci rübündə aparılır. Tərəflər bu Sazişin imzalandığı gündən iki ay müddətində informasiya-analitik mərkəzinin bu bənddə göstərilən istifadəsi ilə bağlı akkreditivlərin açılması və akkreditiv formasında məsrəflərin ödənilməsinin istifadəsi qaydalarını müəyyən edirlər.

Maddə 4

1. Rusiya Tərəfinə icarəyə verilən informasiya-analitik mərkəzin daşınan və daşınmaz əmlakı yalnız öz təyinatı məqsədilə istifadə edilməlidir. Azərbaycan Tərəfi ilə razılaşdırılmadan informasiya-analitik mərkəzin daşınan və daşınmaz əmlakı Rusiya Tərəfindən subicarəyə və ya başqa fiziki və ya hüquqi şəxslərə istifadəyə verilə bilməz.

Bu Saziş qüvvədə olduğu müddətdə Rusiya Tərəfi informasiya-analitik mərkəzinin daşınan və daşınmaz əmlakının saxlanmasını müəyyən edilmiş istismar normalarına uyğun olaraq təmin edir.

Rusiya Tərəfi Azərbaycan Tərəfinin razılığı olmadan üçüncü tərəf ilə informasiya-analitik mərkəzə dair saziş bağlamaq hüququna malik deyil.

Bu Saziş imzalandıqdan sonra informasiya-analitik mərkəzin funksional təyinatını dəyişdirən bütün tikinti işləri, əlavə avadanlığın, proqram təminatının və başqa komponentlərin qurulması və ya dəyişdirilməsi, modernləşdirilməsi, Rusiya Tərəfindən Azərbaycan Tərəfi ilə razılaşdırılmaqla həyata keçirilir.

2. Rusiya Tərəfi İnformasiya-analitik mərkəzin saxlanma, istismar və istifadə şərtlərini və qaydalarını müəyyən edir, habelə bu məqsədlər üçün xərclərin maliyyələşdirilməsini həyata keçirir.

Maddə 5

Azərbaycan Tərəfi informasiya-analitik mərkəzin icarəsi müddətində onu demontaj etməməyi, üçüncü şəxslərə, beynəlxalq təşkilatlara, hüquqi və fiziki şəxslərə verməməyi və onun əmlakına ziyan vurmamağı öhdəsinə götürür.

Maddə 6

1. İnformasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvləri Azərbaycan Respublikasının suverenliyinə hörmət edir, onun qanunvericiliyinə riayət edir və onun daxili işlərinə müdaxilə olunmasına yol vermirlər.

2. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları informasiya-analitik mərkəzinin heyətinin tərkibinə daxil olan şəxslərə qarşı onların öz funksional vəzifələrinin yerinə yetirilməsini çətinləşdirən qeyri-qanuni hərəkətlərə yol vermirlər, habelə onların və onların ailə üzvlərinin təhlükəsizliyinin təmin edilməsi üçün tədbirlər görürlər.

3. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları informasiya-analitik mərkəzinin fəaliyyətinə qarşı yönəlmiş qeyri-qanuni hərəkətlərə yol verilməməsi və qarşısının alınması üçün tədbirlər görürlər.

4. İnformasiya-analitik mərkəzin icarədə olan ərazisində rejim tədbirləri və daxili mühafizə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq Rusiya Tərəfindən həyata keçirilir.

Maddə 7

1. İnformasiya-analitik mərkəzinin idarə edilməsini Rusiya Tərəfi həyata keçirir. İdarəetmə komandalarının translyasiya edilməsi rus dilində həyata keçirilir. Azərbaycan Tərəfi informasiya-analitik mərkəzin funksional təyinatının saxlanmasına nəzarəti həyata keçirmək hüququna malikdir.

2. Azərbaycan Tərəfi ayrıca saziş əsasında informasiya-analitik mərkəzin çıxış məlumatları ilə təmin oluna bilər. Bu halda Tərəflər məxfi məlumatların qorunmasını təmin edəcəklər.

3. İnformasiya-analitik mərkəzinin hava hücumundan müdafiəsi Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən həyata keçirilir. Rusiya Federasiyası razılaşma əsasında Azərbaycan Respublikasının Hava Hücumundan Müdafiə Qüvvələrinin modernləşdirilməsi üçün zəruri olan maddi və texniki yardım göstərir.

4. Tərəflər informasiya-analitik mərkəzinin radioelektron vasitələri ilə Azərbaycan Respublikasının radioelektron vasitələri arasında qarşılıqlı maneələrin aradan qaldırılması üçün, o cümlədən texniki radionəzarətin keçirilməsi də daxil olmaqla, təxirəsalınmaz tədbirlərin görülməsini öhdələrinə götürürlər.

5. Azərbaycan Tərəfi Azərbaycan Respublikasında müəyyən edilmiş qaydada informasiya-analitik mərkəzin radioelektron vasitələrinin istifadə etdiyi radiotezliklər zolaqlarını (nominallarını) bu Saziş imzalandıqdan sonra bir ay ərzində Rusiya Tərəfindən təqdim olunan ilkin göstəricilər əsasında qeydiyyatdan keçirir.

Azərbaycan Tərəfi Rusiya Tərəfindən informasiya-analitik mərkəzinin radioelektron vasitələri üzrə ilkin göstəricilər təqdim edildikdən sonra bir ay ərzində informasiya-analitik mərkəzin radioelektron vasitələrinin istifadə etdiyi radiotezliklər zolaqlarını (nominallarını) qeydiyyatdan keçirir.

Azərbaycan Tərəfi bu Sazişin imzalandığı an informasiya-analitik mərkəzin radioelektron vasitələri tərəfindən istifadə edilən radiotezliklər zolaqlarının (nominallarının) istifadəsi hüququnu informasiya-analitik mərkəzdə saxlayır.

Maddə 8

1. Tərəflər qarşılıqlı maraq kəsb edən istiqamətlərdə birgə elmi tədqiqatlar üçün informasiya-analitik mərkəzin imkanlarının istifadəsinə dair işlərin aparılmasında əməkdaşlıq edirlər.

2. İnformasiya-analitik mərkəzin Azərbaycan Respublikasının elmi, təsərrüfat və digər tələbatları üçün istifadəsi məsələləri Tərəflər arasında razılaşmalar əsasında həll edilir.

Maddə 9

1. İnformasiya-analitik mərkəzin istismarı Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş sanitariya qaydalarına, normalarına və ekoloji tələblərə riayət etməklə həyata keçirilir.

2. Azərbaycan Tərəfi əhalinin sağlamlığının və təbii ətraf mühitin monitorinqini Rusiya Tərəfi ilə birgə, o cümlədən beynəlxalq ekspertləri cəlb etməklə həyata keçirəcəkdir.

Rusiya Tərəfi Azərbaycan Tərəfinə bu məsələ ilə bağlı hər cür kömək göstərməyi öhdəsinə götürür.

3. İnformasiya-analitik mərkəzin fəaliyyəti nəticəsində əhalinin sağlamlığına və təbii ətraf mühitə ziyan vurulduğu müəyyən edildiyi halda, Rusiya Tərəfi bu ziyanın əvəzinin ödənilməsi, habelə onun yaranması səbəblərinin aradan qaldırılması üçün tədbirlərin həyata keçirilməsini öhdəsinə götürür. Əhalinin sağlamlığına və təbii ətraf mühitə vurulan ziyanın miqdarının müəyyən edilməsi və onun əvəzinin ödənilməsi qaydaları, beynəlxalq təcrübəni nəzərə almaqla, birgə komissiya tərəfindən həyata keçirilir.

4. Tərəflər bu Saziş imzalandığı gündən altı ay ərzində əhalinin sağlamlığının və təbii ətraf mühitin birgə monitorinqi keçirilməsi metodikalarını, habelə informasiya-analitik mərkəzin fəaliyyəti nəticəsində əhalinin sağlamlığına və təbii ətraf mühitə mümkün ziyanın əvəzinin ödənilməsinin kompensasiya mexanizmlərinin tətbiqinin prinsiplərini işləyib hazırlayırlar.

Maddə 10

Azərbaycan Tərəfi müqavilələr əsasında və razılaşdırılmış həcmlərdə informasiya-analitik mərkəzin ərzaq, yanacaq, elektrik enerjisi, su, əşya və digər əmlakın ayrı-ayrı növləri, habelə rabitə xidmətləri ilə təmin edilməsində köməklik göstərir.

Rusiya Tərəfi bu Saziş imzalandığı gündən iki ay müddətində müvafiq müqavilələrin bağlanmasını və yuxarıda göstərilən xidmətlərə görə, ödəniş gününə Azərbaycan Respublikasında müəyyən edilmiş tariflərlə, ödənişlərin vaxtında həyata keçirilməsini öhdəsinə götürür.

Tərəflər, həmin müddətdə informasiya-analitik mərkəzinin təchizatının təmin edilməsi üzrə, tarif siyasəti daxil olmaqla, tədbirləri müəyyən edəcəklər.

Maddə 11

1. İnformasiya-analitik mərkəzin heyətinin sayı 1500 (min beş yüz) nəfərdən artıq olmayacaqdır.

İnformasiya-analitik mərkəzin heyətinin komplektləşdirilməsini Rusiya Tərəfi həyata keçirir. İstismar heyətinin, daxili mühafizə bölmələri heyətinin, təminat heyətinin, texniki heyətin və müvəqqəti heyətin informasiya-analitik mərkəzə göndərilməsini Rusiya Tərəfi Azərbaycan Tərəfini məlumatlandırmaqla həyata keçirəcəkdir.

2. Azərbaycan Respublikası vətəndaşları və Rusiya Federasiyası vətəndaşları informasiya-analitik mərkəzə işə qəbul oluna bilərlər. Onların informasiya-analitik mərkəzlə əmək münasibətləri müvafiq olaraq Azərbaycan Respublikasının və Rusiya Federasiyasının əmək qanunvericilikləri ilə tənzimlənir.

3. Üçüncü ölkələrin vətəndaşlarının işə qəbul edilməsi Azərbaycan Tərəfi ilə razılaşdırılacaqdır.

Maddə 12

1. İnformasiya-analitik mərkəzin istismar heyəti və daxili mühafizə bölmələrinin heyəti müəyyən edilmiş geyim forması daşıyır, informasiya-analitik mərkəzdə xidməti vəzifələrini yerinə yetirərkən, Rusiya Federasiyasının qanunvericiliyi ilə müəyyən edilən qaydada tabel silahına malik ola və onu gəzdirə bilər.

2. İnformasiya-analitik mərkəzdə olan tabel silahı, silah və hərbi texnika, nəqliyyat vasitələri Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq qeydiyyat yığımları alınmadan qeydiyyatdan keçirilməlidirlər. İnformasiya-analitik mərkəzinin nəqliyyat vasitələri fərqlənmə nişanları olan nömrələrə malikdirlər.

3. Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanları informasiya-analitik mərkəzinin heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə Rusiya Federasiyasının dövlət hakimiyyəti orqanları tərəfindən verilmiş sürücülük vəsiqələrini qüvvədə olan kimi tanıyır.

4. İnformasiya-analitik mərkəzin heyəti tərəfindən Azərbaycan Rsepublikasının ərazisinə gətirilmiş şəxsi nəqliyyat vasitələri onların sahiblərinin informasiya-analitik mərkəzdə vəzifələrini icra etdikləri bütün müddət ərzində gömrük rüsumları alınmadan, özgələşdirmə hüququ olmadan rəsmiləşdirilməlidir.

5. İnformasiya-analitik mərkəzin heyətinin şəxsi nəqliyyat vasitələri qeydiyyat nömrələrini və Rusiya Federasiyasının nəqliyyat vasitələrinin qeydiyyatı haqqında şəhadətnamələrini saxlayır və gömrük öhdəliyi müddətində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Yol Polisi orqanlarında müvəqqəti qeydiyyata alınır, bu barədə qeydiyyat sənədlərində qeyd aparılır.

Maddə 13

İnformasiya-analitik mərkəzin heyətinə daxil olan şəxslərə və onların ailə üzvlərinə beynəlxalq hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə uyğun olaraq hüquq və azadlıqların verilməsinə təminat verilir.

Maddə 14

1. Bu Saziş imzalandıqdan sonra informasiya-analitik mərkəzin fəaliyyətinin təmin edilməsi üçün texnoloji avadanlıq və digər əmlak Azərbaycan Respublikasının dövlət sərhədindən rüsumsuz keçirilir.

2. İnformasiya-analitik mərkəzin heyətinə daxil olan şəxslər və onların ailə üzvləri Azərbaycan Respublikasının qanunvericiliyinə və Tərəflər arasında qüvvədə olan ikitərəfli sazişlərə uyğun olaraq, onlara məxsus olan şəxsi əmlakı Azərbaycan Respublikasının dövlət sərhədindən keçirmək hüququna malikdirlər.

Maddə 15

1. İnformasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan şəxslərin və onların ailə üzvlərinə münasibətdə cinayət və mülki işlər, habelə inzibati hüquqpozmalara dair işlər Azərbaycan Respublikasının ərazisində, bu maddənin 2-ci bəndində nəzərdə tutulan hallar istisna olmaqla, Azərbaycan Respublikasının yurisdiksiyasına aid edilir.

İnformasiya-analitik mərkəzi heyətinin tərkibinə daxil olan Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvləri Azərbaycan Respublikasının idarələrində Azərbaycan Respublikasının vətəndaşları ilə eyni prosessual hüquq və vəzifələrə malikdirlər.

2. İnformasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvlərinə münasibətdə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq aşağıdakı hallarda Rusiya Federasiyası yurisdiksiyasını həyata keçirir:

a) onların törətmiş olduğu cinayət və inzibati hüquqpozmalar Rusiya Federasiyasına, habelə informasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan Rusiya Federasiyasının vətəndaşları və onların ailə üzvlərinə qarşı yönəldikdə;

b) informasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan Rusiya Federasiyasının vətəndaşları tərəfindən xidməti vəzifələrini yerinə yetirərkən cinayət və inzibati hüquqpozmalar törədilmiş olduqda.

3. Tərəflərin səlahiyyətli orqanları bu maddədə göstərilən ayrı-ayrı iş və ya şəxslərə münasibətdə yurisdiksiyaya verilmə və ya qəbul edilmə barədə bir-birinə xahişlə müraciət edə bilərlər.

Verilmə, cinayət təqibi, habelə istintaq tapşırıqlarının icrasına dair məsələlər üzrə qarşılıqlı fəaliyyət Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında 1992-ci il 22 dekabr tarixli mülki, ailə və cinayət işləri üzrə hüquqi yardım və hüquqi münasibətlər haqqında Müqavilədə müəyyən edilmiş qaydada həyata keçirilir.

Maddə 16

Azərbaycan Respublikasının səlahiyyətli orqanları informasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan Rusiya Federasiyasının vətəndaşlarına və onların ailə üzvlərinə qarşı cinayət işi qaldırdıqda, habelə onların həbsi və ya saxlanılması hallarında Rusiya Federasiyasının səlahiyyətli orqanlarını bu barədə təxirəsalınmadan xəbərdar edirlər.

Maddə 17

Azərbaycan Tərəfin səlahiyyətli orqanlarının saxladığı və ya həbs etdiyi informasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan Rusiya vətəndaşları və onların ailə üzvlərinə münasibətdə istintaq hərəkətlərinin aparılmasında Rusiya tərəfinin səlahiyyətli orqanlarının nümayəndələri iştiraketmə hüququna malikdirlər.

Maddə 18

Rusiya Tərəfi informasiya-analitik mərkəzin heyətinin xidməti vəzifələrini yerinə yetirərkən hərəkət və ya hərəkətsizliyi ilə Azərbaycan Tərəfinə və ya Azərbaycan Respublikası vətəndaşlarına vurduğu ziyanı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilən həcmdə və qaydada ödəyir.

Maddə 19

Azərbaycan Tərəfi informasiya-analitik mərkəzin əmlakına, onun tərkibinə daxil olan şəxslərə və onların ailə üzvlərinə Azərbaycan Respublikasının Dövlət hakimiyyəti orqanlarının fəaliyyəti və ya fəaliyyətsizliyi nəticəsində vurulmuş ziyanı Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş həcmdə və qaydada Rusiya Tərəfinə ödəyir.

Maddə 20

Bu Sazişin icrası və hazırki Sazişə uyğun olaraq informasiya-analitik mərkəzində olan heyətlə bağlı məsələlərin tənzimlənməsi üçün Tərəflər Sazişin imzalandığı gündən bir ay müddətində özlərinin səlahiyyətli nümayəndələrini təyin edir və hökumətlərarası protokolla onların statusunu müəyyənləşdirir.

Maddə 21

Bu sazişə Tərəflərin razılığı əsasında, ayrıca protokollarla rəsmiləşdirilən və bu Sazişin 22-ci maddəsində müəyyən edilmiş qaydada qüvvəyə minən əlavə və dəyişikliklər edilə bilər.

Maddə 22

Bu Saziş imzalandığı gündən müvəqqəti olaraq tətbiq olunur və Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən axırıncı yazılı bildirişin tarixindən qüvvəyə minir.

Bu Saziş 10 il müddətinə bağlanır və Tərəflərdən heç biri Sazişin qüvvədə olması müddətinin bitməsinə altı ay qalmış onun ləğv edilməsi barədə digər Tərəfə yazılı formada öz niyyətini bildirmədikdə avtomatik olaraq növbəti üçillik müddətlərə uzadılır.

Moskva şəhərində 25 yanvar 2002-ci ildə iki nüsxədə olmaqla Azərbaycan və rus dillərində tərtib edilmişdir, hər iki mətn eyni qüvvəyə malikdir.

Azərbaycan Respublikası adından

Rusiya Federasiyası adından


Azərbaycan Respublikası və
Rusiya Federasiyası arasında
Qəbələ Radiolokasiya stansiyasının (RLS «Daryal») statusu,
istifadəsinin prinsipləri və şərtləri haqqında Sazişə
1 №-li Əlavə

Bu Sazişdə istifadə olunan terminlərin mənaları aşağıdakıları bildirir:

1. «informasiya-analitik mərkəzin heyəti» — informasiya analitik mərkəzin istismar heyəti, daxili mühafizə bölmələrinin heyəti, təminat heyəti, texniki heyəti və müvəqqəti heyəti:

    • «informasiya-analitik mərkəzin istismar heyəti» — inzibati heyətə, əməliyyat və mühəndis heyətinə daxil olan Rusiya Federasiyası vətəndaşları;
    • «informasiya-analitik mərkəzin daxili mühafizə bölmələrinin heyəti» — informasiya-analitik mərkəzin daxili mühafizəsi üzrə vəzifələri yerinə yetirən Rusiya Federasiyası vətəndaşları;
    • «informasiya-analitik mərkəzin təminat heyəti, texniki heyəti» — təmir, maddi-texniki, məişət və tibbi təminatı həyata keçirən, administrasiya tərəfindən əmək sazişi və ya müqaviləsi üzrə işə qəbul edilən Azərbaycan Respublikası və Rusiya Federasiyası vətəndaşları;
    • «informasiya-analitik mərkəzin müvəqqəti heyəti — Rusiya Tərəfindən Azərbaycan Tərəfi ilə razılaşdırmaqla müvəqqəti ezam edilən şəxslər;

2. «informasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan şəxslərin ailə üzvləri» — informasiya-analitik mərkəzin heyətinin tərkibinə daxil olan şəxslərin həyat yoldaşları, uşaqları və habelə onlarla birlikdə yaşayan və onların himayəsində olan digər şəxslər;

3. «informasiya-analitik mərkəzin daşınmaz əmlakı» — icarə olunan torpaq sahələri, radiolokasiya stansiyasının binaları və qurğuları, əsas azaldıcı yarımstansiyalar, suburaxıcı qurğular, radiolokasiya stansiyasının mühəndis kompleksləri, rabitə və məlumatları ötürmə məntəqələri, saxlama anbarları, texnikanın təmiri məntəqələri, yaşayış binaları, mədəni-məişət, inzibati, tibbi təyinatlı bina və qurğular, çıxış yolları, mühafizə maneələri və digər stasionar obyektlər;

4. «informasiya-analitik mərkəzin daşınan əmlakı» — nəqliyyat vasitələri, radiolokasiya stansiyasının, rabitə və məlumatların ötürmə məntəqələrinin, texnikanın təmiri məntəqələrinin, mühəndis komplekslərinin, mədəni-məişət təyinatlı binaların, inzibati binaların və tibb müəssisələrinin texnoloji aparatları və avadanlığı, nəzarət-ölçü cihazları, informasiya-analitik mərkəzin heyətinin silahları və onlar üçün sursatlar və informasiya-analitik mərkəzin fəaliyyətinin təmin edilməsi üçün zəruri olan digər əmlak.


Azərbaycan Respublikası və
Rusiya Federasiyası arasında
Qəbələ Radiolokasiya stansiyasının (RLS «Daryal») statusu,
istifadəsinin prinsipləri və şərtləri haqqında Sazişə
2 №-li Əlavə

İnformasiya-analitik mərkəzin torpaq sahələrinin hüdudları

s/s

Obyektin adı

Coğrafi koordinatlar

Obyektin sahəsi

şimal en dairəsi

şərq uzunluq dairəsi

1.

Yaşayış şəhərciyi
1

40’56’47’’

47'49'37''

2

40'56'47''

47’49’35’’

3

40'56'29''

47'49'25''

37,20ha

4

40'56'24''

47'49'43''

5

40'56'48''

47'49'57''

6

40'56'48''

47'49'38''

Təmizləyici qurğular
1

40’56’11’’

47'49'49''

2

40'56'12''

47'49'47''

0,30ha

3

40'56'09''

47'49'47''

4

40'56'09''

47'49'49''

Cəmi

37,50 ha

2.

Suburaxıcı qurğular qovşağı
Suburaxıcı qurğular
1

40’54’26’’

47'49'33''

2

40'54'25''

47'49'41''

3

40'54'29''

47'49'41''

1,91 ha

4

40'54'29''

47'49'34''

5

40'54'27''

47'49'34''

6

40'54'27''

47'49'33''

Quyular
Cəmi 11 quyu
60m = 0,36 ha

3,96 ha

11 x 0,36 ha = 3,96 ha
Cəmi

5,87 ha

3.

İnzibati təsərrüfat ərazisi
1

40’52’22’’

47'46'54''

2

40’52’28’’

47'46'34''

3

40’52’11’’

47'46'21''

30,11 ha

4

40’52’06’’

47'46'40''

5

40’52’12’’

47'46'46''

4.

Texniki mövqe
1

40’52’01’’

47'47'30''

2

40’51’58’’

47'47'50''

3

40’52’18’’

47'48'50''

4

40’52’34’’

47'48'44''

5

40’52’42’’

47'48'26''

6

40’52’44’’

47'48'16''

192,05 ha

7

40’52’43’’

47'48'06''

8

40’52’42’’

47'47'42''

9

40’52’21’’

47'47'28''

5.

«Ləki» Relsyanı bazası
1

40’34’06’’

47'25'07''

2

40'34'07''

47'25'04''

1,61 ha

3

40'34'13''

47'25'09''

4

40'34'13''

47'25'12''

Cəmi

267,14 ha


© LegalActs LLC