Об утверждении Соглашения «О международном автомобильном сообщении» между правительством Азербайджанской Республики и правительством Латвийской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 2002-ci il, № 72). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 156)

Дата релиза: 01.02.2002

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında «Beynəlxalq avtomobil əlaqələri haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında «Beynəlxalq avtomobil əlaqələri haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında 2001-ci il iyulun 10-da Bakı şəhərində imzalanmış «Beynəlxalq avtomobil əlaqələri haqqında» Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 1 fevral 2002-ci il.

№ 253-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 2002-ci il, № 72) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 156) («LegalActs» LLC).


Azərbaycan Respublikası Hökuməti ilə Latviya Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında

Saziş

Bundan sonra Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Latviya Respublikası Hökuməti,

iki ölkə arasında və onların ərazilərindən tranzitlə avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını inkişaf etdirmək və daşıma şərtlərini sadələşdirmək arzusu ilə,

aşağıdakılar barədə razılığa gəldilər:

I. Ümumi müddəalar

Maddə 1. Təriflər

1. «Göndərən ölkə» termini—avtomobil nəqliyyatı vasitəsinin qeydiyyata alındığı Tərəfin ərazisi deməkdir.

2. «Qəbul edən ölkə» termini—avtomobil nəqliyyatı vasitəsinin qeydiyyata alındığı ölkədən fərqli olaraq, onun daşımalar əməliyyatına cəlb olunduğu Tərəfin ərazisi deməkdir.

3. «Daşıyıcı» termini—Tərəflərdən birinin ərazisində təsis olunmuş və təsis olunduğu ölkədə müvafiq milli qanunvericiliyə uyğun olaraq beynəlxalq sərnişin və yük daşımaları üçün səlahiyyəti olan hər hansı bir hüquqi və ya fiziki şəxs deməkdir.

4. «Avtomobil nəqliyyatı vasitəsi» termini:

a) sərnişin daşımalarında—Tərəflərdən birinin ərazisində qeydiyyata alınmış, sürücünün yeri də daxil olmaqla 9-dan artıq oturacaq yeri olan mexanikləşdirilmiş nəqliyyat vasitəsi,

b) yük daşımalarında—yük daşımalarında istifadə etmək üçün nəzərdə tutulmuş və hər hansı bir Tərəfin ərazisində qeydiyyata alınmış mexanikləşdirilmiş nəqliyyat vasitəsi deməkdir. Bu Sazişin məqsədləri üçün «Avtomobil nəqliyyatı vasitəsi» termini eyni zamanda qoşqu və ya yarımqoşqunun qeydiyyata alındığı yerdən asılı olmayaraq, istənilən mühərrikli nəqliyyat vasitələri ilə bağlı hər hansı bir qoşqu və ya yarımqoşqu, eləcə də yol nəqliyyat vasitələrinin hər hansı bir kombinasiyasına da şamil edilir.

5. «Müntəzəm daşıma» termini—əvvəlcədən təyin olunmuş marşrut və razılaşdırılmış hərəkət cədvəli üzrə sərnişinlərin minib düşə biləcəkləri məntəqələr göstərilməklə həyata keçirilən sərnişin daşımaları deməkdir.

7. «Kabotaj» termini—Tərəflərdən birinin ərazisində qeydə alınaraq, qəbul edən ölkənin ərazisində yerləşən iki məntəqə arasında avtomobil nəqliyyatı vasitəsi ilə həyata keçirilən sərnişin və ya yük daşımaları deməkdir.

Maddə 2. Tətbiq edilmə dairəsi

Bu Saziş iki ölkənin əraziləri arasında və onların ərazilərindən tranzitlə göndərən ölkənin milli qanunvericiliyinə uyğun olaraq, bu cür daşımaları həyata keçirmək səlahiyyəti olan daşıyıcı tərəfindən kirayə etməklə, haqqı ödənilməklə və ya öz hesabına yerinə yetirilən beynəlxalq avtomobil daşımalarını tənzimləyir.

Maddə 3. Birgə Komissiya və səlahiyyətli orqanlar

1. Tərəflərin səlahiyyətli orqanları, Sazişin müddəalarının tətbiqi ilə əlaqədar, onların nümayəndələrindən ibarət Birgə Komissiya yaradırlar.

2. Birgə Komissiya hər bir Tərəfin səlahiyyətli orqanlarının xahişi ilə Tərəflərin birinin ərazisində növbə ilə toplantı keçirəcəkdir.

3. Bu Sazişin tətbiqi və şərhi ilə bağlı hər hansı bir məsələ Birgə Komissiya tərəfindən həll ediləcəkdir.

4. Bu Sazişin məqsədləri üçün səlahiyyətli orqanlar aşağıdakılardır:

    • Azərbaycan Respublikası tərəfindən — «Azəravtonəqliyyat» Dövlət Konserni (Nəqliyyat Nazirliyi formalaşana qədər)
    • Latviya Respublikası tərəfindən — Nəqliyyat Nazirliyi

II. Sərnişin daşımaları

Maddə 4. İcazə

Bu sazişin 6-cı maddəsinin 2-ci bəndində göstərilən daşımalar istisna olmaqla, Tərəflərin əraziləri arasında və ya onların ərazilərindən tranzitlə bütün sərnişin daşımalarını həyata keçirmək üçün qəbul edən ölkənin səlahiyyətli orqanlarının müvafiq icazəsi olmalıdır.

Maddə 5. Müntəzəm daşımalar

1. Tərəflərin əraziləri arasında və onların ərazilərindən tranzitlə müntəzəm daşımaların həyata keçirilməsi üçün səlahiyyətli orqanlar tərəfindən əvvəlcədən verilmiş icazə tələb olunur.

Bu müntəzəm daşımalar qarşılıqlı razılaşmaya əsasən həyata keçirilir. Səlahiyyətli orqanlar icazəni öz ərazilərinə aid olan hissə üçün verəcəklər.

2. Müntəzəm daşımaların həyata keçirilməsi üçün daşıyıcılar öz ölkəsinin səlahiyyətli orqanlarına icazə almaq barədə müraciət edirlər. Əgər müraciət göndərən ölkənin səlahiyyətli orqanı tərəfindən qəbul olunarsa, o, bu müraciəti zəmanətlə birgə qəbul edən ölkənin səlahiyyətli orqanına göndərəcəkdir.

Maddə 6. Qeyri-müntəzəm daşımalar

1. Tərəflərdən birinin ərazisində qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələrindən istifadə etməklə, qəbul edən ölkənin ərazisində aşağıdakı qeyri-müntəzəm daşımaların həyata keçirilməsi üçün heç bir icazə tələb olunmayacaqdır:

a) eyni qrup sərnişinlərin, eyni avtomobil nəqliyyatı vasitəsilə bütün səyahət boyu daşınması və yola düşdükləri yerə qaytarılmasından ibarət ikibaşlı səyahət daşımalarına;

b) birbaşa sərnişinləri aparıb geriyə sərnişinsiz qayıtma şərtilə həyata keçirilən daşımalara;

c) birbaşa sərnişinsiz gedib geriyə sərnişinləri tapmaqla şərtilə həyata keçirilən daşımalarda, bir halda ki, sərnişinlər:

  • təsis olan ölkənin ərazisinə daşınılması məqsədilə digər ölkənin ərazisinə gətirilməzdən əvvəl müqavilə əsasında yaradılmış qrup təşkil edirsə;
  • Tərəfin ərazisinə eyni daşıyıcı tərəfindən əvvəlcədən gətirilmiş sərnişinlərin yenidən təsis ölkəsinin ərazisinə qaytarılırsa;
  • dəvəti göndərən şəxs tərəfindən daşıma haqqını ödəməklə təsis ölkəsi ərazisinə səyahət etmək üçün dəvət olunublarsa;

d) a), b) və ya c) bəndlərində göstərilmiş daşımalara münasib həyata keçirilən tranzit daşımalarına;

e) sıradan çıxan avtobusu əvəz etmək üçün göndərilmiş avtobusun gedişinə.

2. 1-ci bənddə göstərilmiş daşımalar zamanı, avtomobil nəqliyyatı vasitələrində müvafiq şəkildə doldurulmuş, daşıyıcı tərəfindən imzalanmış və səlahiyyətli gömrük orqanları tərəfindən möhürlə təsdiq edilmiş sərnişinlərin siyahısından ibarət olan qaimə olmalıdır.

3. Həmin qaimə göndərən ölkədə doldurulmalı, bütün səyahət boyu avtomobil nəqliyyatı vasitəsində saxlanılmalı və hər hansı bir nəzarət orqanının səlahiyyətli nümayəndələrinin tələbi ilə təqdim olunmalıdır.

III. Yük daşımaları

Maddə 7. İcazələr rejimi

1. Birgə Komissiya tərəfindən digər hallar nəzərdə tutulmayıbsa, daşıyıcılar qəbul edən ölkənin səlahiyyətli orqanları tərəfindən əvvəlcədən verilmiş icazələrə əsasən, Tərəflərin əraziləri arasında, onların ərazilərindən tranzitlə, eləcə də üçüncü ölkələrə/ölkələrdən yük daşımalarını həyata keçirə bilərlər.

2. İcazə yalnız onun verildiyi daşıyıcı tərəfindən istifadə oluna bilər və digər daşıyıcıya verilə bilməz.

İcazə bütün reys zamanı avtomobil nəqliyyatı vasitəsində saxlanılmalıdır və hər hansı nəzarət orqanlarının səlahiyyətli nümayəndələrinin tələbi ilə təqdim olunmalıdır.

3. Tərəflərin səlahiyyətli orqanları yük daşımaları üçün hər il razılaşdırılmış miqdarda icazələri mübadilə edəcəklər.

Maddə 8. İcazə tələb edilməyən daşımalar

1. Aşağıdakı kateqoriya daşımalar üçün icazə tələb edilmir:

a) qoşqunun çəkisi də nəzərə alınmaqla icazə verilən yüklü çəkisi (TPLW) 6 tondan artıq olmayan və ya qoşqu da daxil olmaqla icazə verilən yük tutumu 3,5 tondan artıq olmayan avtomobil nəqliyyatı vasitələri ilə daşımalar zamanı;

b) uçuşun olmamasına təsadüf olunan hallarda hava limanına/limanından daşımalar zamanı;

c) zədələnmiş və ya sıradan çıxmış avtomobil nəqliyyatı vasitələrinin daşınması, eləcə də texniki xidmət avtomaşınlarının gedişi zamanı;

d) sıradan çıxan avtomobil nəqliyyatı vasitəsini digər ölkədə əvəz etmək üçün yüksüz gedən avtomobil nəqliyyatı vasitəsinin, eləcə də sıradan çıxmış avtomobil nəqliyyatı vasitəsinin təmirdən sonra geriyə qaytarılması zamanı;

e) gəmi və təyyarələri təmir etmək üçün ehtiyat hissələrin daşınması zamanı;

f) fövqəladə hallarda, xüsusən təbii fəlakətlər zamanı yardım göstərmək üçün zəruri olan tibbi ləvazimat və digər təchizatların, eləcə də humanitar yardım yüklərinin daşınması zamanı;

g) kommersiya məqsədləri daşımayan yarmarka və sərgilər üçün nəzərdə tutulan incəsənət əsərlərinin və eksponatların daşınması zamanı;

h) kommersiya məqsədləri daşımayan teatr, musiqi, kino və ya idman yarışları, sirk, yarmarka, sərgilər üçün lazım olan mexanizmlər, ləvazimatlar və ya heyvanlar, həmçinin radio və televiziya verilişləri, yaxud filmlərin çəkilişi üçün istifadə olunan əşyaların daşınması zamanı;

i) cənazələrin daşınması zamanı;

j) dövlət xidməti kimi poçt daşınması zamanı;

k) yeni alınan avtomobil nəqliyyatı vasitələrinin ilk boş gedişi zamanı;

l) köçərkən daşınan əmlakın aparılması zamanı.

2. Birgə Komissiya bu maddənin 1-ci bəndində göstərilən icazələrdən azad olunmuş daşıma növlərinin siyahısında düzəlişlər etmək və yuxarıda qeyd olunan daşımaları həyata keçirərkən avtomobil nəqliyyatı vasitəsində aparılacaq sənədləri müəyyən etmək hüququna malikdir.

IV. Digər müddəalar

Maddə 9. Kabotaj

Daşıyıcılar qəbul edən ölkənin ərazisindən kabotaj daşımaları həyata keçirə bilməzlər.

Maddə 10. Milli qanunvericiliyə uyğunluq

Daşıyıcılar və onların ekipajları qəbul edən ölkənin ərazisində daşımaları həyata keçirərkən həmin ölkədə qüvvədə olan qanun və qaydalara riayət etməlidirlər.

Bu Sazişin müddəaları hər hansı bir Tərəfin milli təhlükəsizliyinə xələl gətirə biləcək tranzit daşımalarına məhdudiyyət qoyulmasını istisna etmir.

Maddə 11. Pozuntular və sanksiyalar

1. Hər hansı bir daşıyıcı və ya Tərəflərin birində qeydiyyata alınan avtomobil nəqliyyatı vasitələrinin ekipajları qəbul edən ölkənin ərazisində qüvvədə olan qanunvericiliyə, yaxud bu Sazişin müddəalarına və icazələrin şərtlərinə riayət etmədikdə, qəbul edən ölkənin səlahiyyətli orqanlarının müraciəti ilə göndərən ölkənin səlahiyyətli orqanları onlara qarşı aşağıdakı tədbirləri görə bilər:

a) pozuntuya yol verən daşıyıcıya xəbərdarlıq etmək;

b) pozuntunun baş verdiyi Tərəfin ərazisində daşıyıcını daşımaları həyata keçirmək icazəsindən müvəqqəti olaraq məhrum etmək.

2. Səlahiyyətli orqanlar görülmüş tədbir barədə müraciət etmiş qəbul edən ölkənin səlahiyyətli orqanlarına məlumat verəcək.

3. Bu maddənin müddəaları pozuntu baş verən ölkədə idarəedici orqanlar və ya məhkəmələr tərəfindən tətbiq ediləcək qanuni sanksiyaları istisna etmir.

Maddə 12. Vergi qoyma

1. Tərəflərdən birinin ərazisində qeydiyyata alınan və hazırki Sazişə əsasən aşağıdakı növ daşımaları həyata keçirən nəqliyyat vasitələri qarşılıqlı əsasda qəbul edən ölkənin ərazisində nəqliyyat vasitələrinin hərəkəti və sahibliyi ilə bağlı, eləcə də nəqliyyat əməliyyatları ilə bağlı tutulan vergi və rüsumlardan azad olunacaqlar:

a) müntəzəm sərnişin daşımaları,

b) 6-cı maddənin 1-ci bəndində göstərilən qeyri-müntəzəm daşımalar,

c) kvota əsasında razılaşmaya uyğun olaraq dəyişdirilmiş icazələrlə yük daşımaları,

d) bu Sazişin 8-ci maddəsində göstərilən daşımalar.

2. Eyni zamanda, bu azadolma ayrı-seçkilik qoymamaq prinsipinə əsaslanmaqla həmişə tələb olunacaq yol rüsumları, körpülərdən keçidə görə və digər bu kimi tələb olunan vergilərə aid deyil.

3. Bu maddənin 1-ci bəndində qeyd olunmuş avtomobil nəqliyyatı vasitələri aşağıdakı gömrük xərclərindən azad olunurlar:

a) avtomobil nəqliyyatı vasitələrinə görə;

b) sürtkü materiallarına görə və avtomobil nəqliyyatı vasitələrinin adi ehtiyat çənlərindəki, eləcə də soyuducu təchizatları üçün çənlərdəki qəbul edən ölkədə icazə verilən miqdarda yanacağa görə;

c) avtomobil nəqliyyatı vasitələri sıradan çıxan hallarda qəbul edən ölkənin ərazisinə gətirilən ehtiyat hissələrinə görə. Dəyişdirilmiş hissələr səlahiyyətli gömrük orqanlarının göstərişi ilə geri göndərilir və ya ləğv edilir.

Maddə 13. Təhlükəli yüklər

Təhlükəli yüklərin daşınması zamanı Tərəflərdən birinin ərazisində qeydiyyata alınan daşıyıcı «Təhlükəli yüklərin quru yollar ilə beynəlxalq daşımaları haqqında Avropa Sazişi»nin müddəalarına əsaslanmalıdır. Birgə Komissiya başqa hal nəzərdə tutmazsa, təhlükəli yüklərin daşınması üçün qəbul edən ölkənin səlahiyyətli orqanları tərəfindən verilən xüsusi icazə tələb olunur.

Maddə 14. Çəkilər və ölçülər

1. Avtomobil nəqliyyatı vasitələrinin çəkisi və ölçüsünə gəldikdə, hər bir Tərəf öz ərazisində qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələrinin üzərinə qoyulmuş şərtlərdən daha çox məhdudlaşdırılmış şərtləri, digər Tərəfin ərazisində qeydiyyata alınmış avtomobil nəqliyyatı vasitələri üzərinə qoymamağı öz öhdəsinə götürür.

2. Daşıma zamanı istifadə olunan yüklü və ya yüksüz avtomobil nəqliyyatı vasitəsinin çəki və ölçüsü qəbul edən ölkənin ərazisində qüvvədə olan maksimum icazə verilə bilən məhdudiyyəti keçərsə, həmin ölkənin səlahiyyətli orqanlarının verdiyi xüsusi icazə tələb olunur.

Daşıyıcı bu icazənin tələblərinə tabe olacaq.

Maddə 15. Beynəlxalq öhdəliklər

Bu Sazişin müddəaları Tərəflərin qoşulduğu Beynəlxalq Konvensiyalarda, Sazişlərdə və Nizamnamələrdə əks olunmuş hüquq və öhdəliklərinə təsir etməyəcək.

Maddə 16. Qüvvəyə minmə və davamiyyət

1. Saziş imzalandığı andan müvəqqəti olaraq tətbiq ediləcək və onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirilməsi barədə Tərəflərin bir-birini xəbərdar etdikləri axırıncı diplomatik Notanın alınması tarixindən otuz gün sonra qüvvəyə minəcəkdir.

2. Bu Sazişə əlavə və düzəlişlər Protokollar şəkildə rəsmiləşdiriləcəkdir. Protokollar bu Sazişin ayrılmaz hissəsi olaraq, bu maddənin 1-ci bəndində göstərilən qaydada qüvvəyə minəcəkdir.

3. Bu Saziş, onun qüvvəsini Tərəflərdən birinin diplomatik kanallar vasitəsilə ləğv edənədək qüvvədə qalacaqdır. Bu halda, digər Tərəfin bu barədə xəbərdar edilməsindən altı ay sonra Sazişin qüvvəsi ləğv ediləcəkdir.

Bakı şəhərində 10 iyul 2001-ci ildə Azərbaycan, latış və ingilis dillərində olmaqla iki əsl nüsxədə imzalanmışdır, bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirində fikir ayrılığı olduğu təqdirdə ingilis dilində olan mətnə istinad olunacaqdır.

Azərbaycan Respublikası
Hökuməti adından
Vilayət QULİYEV
Xarici İşlər Naziri

Latviya Respublikası
Hökuməti adından
İndulls BERZİNŞ
Xarici İşlər Naziri


© LegalActs LLC