О присоединении к Соглашению «О почтовых посылках»
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 169)
Дата релиза: 19.02.2002«Poçt bağlamaları haqqında» Sazişə qoşulmaq barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası 1994-cü il sentyabrın 14-də Seul şəhərində imzalanmış «Poçt bağlamaları haqqında» Sazişə qoşulsun.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 19 fevral 2002-ci il.
№ 266-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (4 aprel 2002-ci il, № 75) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, II kitab, maddə 169) («LegalActs» LLC).
Poçt bağlamaları haqqında
Saziş
İttifaq üzvü olan ölkələrin Hökumətlərinin aşağıda imza etmiş Səlahiyyətli nümayəndələri Ümumdünya Poçt İttifaqının Vyanada 1964-cü ilin 10 iyulunda qəbul olunmuş Nizamnaməsinin 22 maddəsinə əsasən, qarşılıqlı razılaşma əsasında və yuxarıda barəsində bəhs olunan Nizamnamənin 25-ci maddəsinin 4-cü paraqrafındakı müddəaların yerinə yetirilməsi şərtilə aşağıdakı Sazişi işləyib hazırladılar.
Birinci hissə. İlkin müddəalar
Maddə 1. Sazişin mövzusu
1. Bu Saziş razılığa gəlmiş tərəflər arasında poçt bağlamalarının mübadiləsini tənzimləyir.
2. Bu Sazişdə, onun Yekun protokolunda və onun İcra Reqlamentində qısaca olaraq «bağlama» kimi işlənilmiş təbir hər cür poçt bağlamalarına tətbiq edilir.
Maddə 2. Nəqliyyat müəssisələri tərəfindən xidmətin istismarı
1. Sazişə qoşulmuş və Poçt müdiriyyəti bağlamaların daşınmasını öz üzərinə götürməyən istənilən ölkə bu Sazişin müddəalarının yerinə yetirilməsini nəqliyyat müəssisələrinə həvalə edə bilər. Eyni zamanda o, həmin xidmətin dairəsini bu müəssisələrin xidmət göstərdikləri yaşayış məntəqələrindən çıxan və ya onlara daxil olan bağlamalarla məhdudlaşdıra bilər. Poçt müdiriyyəti Sazişin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
İkinci hissə. Xidmətlərin təklifi
Fəsil 1. Ümumi müddəalar
Maddə 3. Prinsiplər
1. Bağlamaların mübadiləsi ya bilavasitə, ya da bir və ya bir neçə ölkənin vasitəçiliyi ilə həyata keçirilə bilər. Çəkisi 10 kq-dan artıq olan bağlamaların mübadiləsi fakultativ hesab olunur və bu halda hər bir bağlamanın çəkisi 31,5 kq həddini aşa bilməz.
2. Hava yolu ilə prioritet qaydada daşınan bağlamalar «aviabağlamalar» adlanır.
3. Çəki hüdudlarının, ölçülərin və qəbul edilmə şərtlərinin xüsusiyyətləri Reqlamentdə təyin edilmişdir.
Maddə 4. Çəki sistemi
1. Bağlamaların çəkisi kiloqramlarla ifadə olunur.
Maddə 5. Əsas tariflər
1. Müdiriyyətlər göndəricilərdən alınası əsas tarifləri müəyyən edirlər.
2. Əsas tariflər ayırmalar ilə bağlı olmalıdır. Bir qayda olaraq, onların məbləği Müdiriyyətlər tərəfindən 34—36-cı maddələr əsasında təyin olunan ayırmaların ümumi miqdarından çox olmamalıdır.
Maddə 6. Əlavə aviatariflər
1. Müdiriyyətlər aviabağlamalardan ötrü alınmalı əlavə tariflər müəyyən edirlər.
2. Əlavə tariflər hava yolu ilə daşınma xərclərinə uyğun olmalıdır. Onların məbləği, bir qayda olaraq, bütövlükdə bu daşınmaya çəkilən xərclərdən artıq olmamalıdır.
3. İstifadə olunan istiqamətdən asılı olmadan eyni bir təyinat ölkəsinin bütün ərazisi üçün əlavə tariflər eyni olmalıdır.
Maddə 7. Xüsusi tariflər
1. Aşağıdakı hallarda Müdiriyyətlərə daxili xidmətlərdə istifadə etdikləri ilə eyni olan tariflər tətbiq etməyə icazə verilir.
1.1. Əməliyyat pəncərələrindəki işlər başa çatdıqdan sonra qəbul edilmiş göndərişi üçün göndəricidən tutulan tarif.
1.2. Göndərişi göndəricinin evindən götürərkən ondan alınan tarif.
1.3. «Tələb edilənə qədər» ünvanlanmış istənilən bağlamanın verilməsi zamanı təyinat Müdiriyyəti tərəfindən tələb edilənə qədər saxlanılmaq üçün alınan tarif. Göndəriciyə qaytarıldığı və ya yerdən yerə göndərildiyi halda alınan tarifin məbləği 0,49 XAH-dan artıq ola bilməz.
1.4. Bağlamaların tələb edilənə qədər və ya evə ünvanlanmasından asılı olmayaraq təyin edilmiş müddətdə alınmamış hər bir bağlamanın saxlanılması üçün tutulan tarif. Həmin tarif çatdırılmanı həyata keçirən Müdiriyyət tərəfindən xidmətlərində bağlama nəzərdə tutulmuş müddətdən artıq saxlanılmış Müdiriyyətin xeyrinə olaraq tutulur. Sahibinə qaytarıldığı və ya yerdən yerə göndərildiyi zaman alınan məbləğ 6,53 XAH-dan çox ola bilməz.
2. Adətən bağlama ünvan sahibinə evində çatdırılırsa, belə hallarda sonuncudan heç bir çatdırılma tarifi alına bilməz. Bağlamanın adətən ünvan sahibinin evinə çatdırılmadığı hallarda, bağlamanın alınması haqqında bildiriş pulsuz həyata keçirilməlidir. Bu halda bağlamalar alınma barədə bildirişə cavab olaraq ünvan sahiblərinə evlərində seçmə yolu ilə çatdırılarsa, onda ünvan sahibindən çatdırılma üçün haqq tutula bilər. Bu tarif daxili xidmətdə tətbiq olunan tarifə bərabər olmalıdır.
3. Fors-major vəziyyətləri nəticəsində baş vermiş ziyanları ödəməyə razılaşmış Müdiriyyətlər hər bir qiyməti elan edilməmiş bağlama üçün 0,20 XAH-dan çox olmayaraq risq üçün haqq ala bilər. Qiyməti elan olunmuş bağlamalar üçün isə belə tarifin məbləği 11-ci maddənin 4-cü paraqrafında nəzərdə tutulmuşdur.
Maddə 8. Ödəniş
1. Bağlamaların göndərilməsi haqqı poçt markaları ilə və ya qəbul Müdiriyyətinin qaydalarında icazə verilmiş istənilən digər üsullarla ödənilə bilər.
Maddə 9. Pulsuz göndərilmə
1. Xidməti bağlamalar
1.1. Aşağıda adları çəkilən təşkilatlar arasında mübadilə olunan və poçt xidmətinə aid olub «xidməti bağlamaları» adlanan bağlamalar bütün poçt tariflərindən azad edilir:
1.1.1. Poçt Müdiriyyətləri;
1.1.2. Poçt Müdiriyyətləri və Beynəlxalq Büro;
1.1.3. üzv ölkələrin poçt müəssisələri;
1.1.4. poçt müəssisələri və Poçt Müdiriyyətləri.
1.2. Beynəlxalq Bürodan göndərilənlər istisna olmaqla, aviabağlamalara əlavə aviatariflər tətbiq edilmir.
2. Hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin bağlamaları.
2.1. «Hərbi əsirlərin və internə edilmiş mülki şəxslərin bağlamaları» dedikdə, hərbi əsirlər və Konvensiyada göstərilən təşkilatlar üçün nəzərdə tutulmuş və ya onlar tərəfindən göndərilən bağlamalar başa düşülür. Həmin bağlamalar əlavə aviatariflər istisna olmaqla, bütün tarif ödənişlərindən azad edilir.
Fəsil 2. Xüsusi xidmətlər
Maddə 10. Təcili çatdırılan bağlamalar
1. Göndəricilərin xahişi ilə və Müdiriyyətləri bu xidmətləri göstərən ölkələrdə bağlamalar çatdırma müəssisəsinə gəlib çatan kimi xüsusi çatdırıcı ilə ünvan sahibinin evinə çatdırılır. Bu halda onlar «təcili çatdırılan bağlamalar» adlanır.
2. Təcili çatdırılan bağlamalar üçün maksimal ölçüsü 1,63 XAH olan əlavə haqq alınır. Bu tarif tam şəkildə qabaqcadan ödənilir. Hətta bağlamanın özü deyil, onun gəlib çıxması barədə xəbərnamə də təcili çatdırıldıqda həmin məbləğ alınır.
3. Əgər təcili çatdırılma xüsusi çətinliklərlə bağlı olarsa, onda təyinat Müdiriyyəti bu növ göndərişlər üçün daxili xidmətin müddəalarına uyğun olaraq əlavə haqq ala bilər. Bu əlavə haqq hətta o hallarda da alınır ki, bağlama göndəriciyə qaytarılsın və ya yerdən yerə göndərilsin. Lakin həmin halda alınan haqqın həcmi 1,63 XAH-dan artıq ola bilməz.
4. Təyinat Müdiriyyətinin qaydalarında buna icazə vardırsa, ünvan sahibləri çatdıran müəssisədən onlara çatacaq bağlamalar gəlib müəssisəyə daxil olan kimi özlərinə təcili çatdırılmasını xahiş edə bilərlər. Bu halda təyinat Müdiriyyətinin çatdırma zamanı öz daxili xidmətlərində tətbiq edilən tarif üzrə haqq almağa ixtiyarı vardır.
Maddə 11. Qiyməti elan olunmuş bağlamalar
1. Qiyməti elan olunan hər cür bağlama «Qiyməti elan olunmuş bağlama» adlanır. Belə bağlamaların mübadiləsi yalnız o Poçt Müdiriyyətləri arasında aparılır ki, onlar dəyəri elan olunmuş bağlamaların göndərilməsinə yol verirlər.
2. Hər bir Müdiriyyət özünə aid olan qiymət elan edilməsini məhdudlaşdıra bilər və bu halda həmin məbləğ 4000 XAH-dan az ola bilməz. Lakin əgər daxili xidmətdə dəyər elan olunmasında qəbul edilmiş hüdud bu məbləğdən daha aşağıdırsa həmin hüdud tətbiq oluna bilər.
3. Qiyməti elan olunmuş bağlamanın haqqı qabaqcadan alınır. O, əsas tarifdən, fakultativ şəkildə tutulan ekspedisiya rüsumundan və adi sığorta rüsumundan ibarət olur.
3.1. Əsas tariflə yanaşı, zəruri hallarda əlavə aviatariflər və xüsusi xidmətlərə görə tariflər tətbiq edilə bilər.
3.2. Ekspedisiya rüsumu Konvensiya tərəfindən sifarişli göndəriş üçün nəzərdə tutulan tarifdən çox olmamalıdır. Poçt Müdiriyyətləri sifarişli göndərişlər üçün təyin edilmiş tarif əvəzinə öz daxili xidmətlərinə uyğun olan və müstəsna hallarda 3,27 XAH-dan çox olmayan tarif tətbiq edə bilərlər.
3.3. Adi sığorta rüsumu qoyulmuş qiymətin hər 65,34 XAH-ı üçün ən çoxu 0,33 XAH və ya elan olunmuş qiymətin hər 65,34 XAH-ın bir qismi, ya da elan olunmuş qiymətə tətbiq olunan şkalanın 0,5%-inə qədəri ola bilər.
4. Fors-major şəraitində baş vermiş ziyanların əvəzini ödəməyə razı olan Müdiriyyətlərə «fors-major şəraitləri ilə bağlı risqə görə rüsum» almağa icazə verilir. Bu tarif elə müəyyənləşdirilir ki, həmin tarif və sığorta rüsumunun cəminin məbləği 3,3 paraqrafında nəzərdə tutulmuş maksimal məbləğdən yüksək olmasın.
5. Bundan əlavə, müstəsna təhlükəsizlik tədbirləri görmək lazım olan hallarda Müdiriyyətlər göndəricilərə və ya ünvan sahiblərinə öz daxili qanunvericiliklərinə uyğun şəkildə xüsusi tariflər tətbiq edə bilərlər.
Maddə 12. Ödəmə şərtli bağlamalar
1. Qoyulmuş ödəniş məbləğinin tutulması şərti ilə çatdırılan və ödəmə şərtli göndərişlər haqqında Sazişdə göstərilən bağlamalar «Ödəmə şərtli bağlamalar adlanır». Ödəmə şərtli bağlamaların mübadiləsi üçün göndərən Müdiriyyətlə təyinat Müdiriyyəti arasında qabaqcadan saziş bağlanılması tələb olunur.
Maddə 13. Kövrək bağlamalar. İri ölçülü bağlamalar
1. «Kövrək bağlama» içərisində tez sınan predmetlər olan və xüsusi ehtiyatlı davranış tələb edən hər hansı bağlamadır.
2. «İri ölçülü bağlama» dedikdə, ölçüləri Reqlamentdə təyin olunmuş hüdudlardan kənara çıxan və ya qarşılıqlı mübadilədə Müdiriyyətlərin müəyyən edə bildiyi hüdudlardan kənara çıxan hər cür bağlamalar nəzərdə tutulur.
3. «İri ölçülü bağlama» həmçinin istənilən elə bir bağlamadır ki, öz formasına və strukturuna görə digər bağlamalarla birgə asanlıqda yüklənə bilinmir və ya xüsusi ehtiyatlılıq tələb edir.
4. Kövrək və iri ölçülü bağlamalar üçün ən çoxu əsas tarifin 50%-inə bərabər olan əlavə tarif tətbiq edilir. Əgər bağlama kövrək və ya iri ölçülü olarsa, əlavə tarif yalnız bir dəfə tətbiq edilir. Lakin bu bağlamalar üçün əlavə aviatariflər heç bir artıma məruz qoyulmur.
5. Kövrək bağlamalar və iri ölçüləri olan bağlamalar mübadiləsi o Müdiriyyətlər arasında həyata keçirilir ki, onlar həmin göndərişlərə imkan verirlər.
Maddə 14. Qruplaşdırılmış göndəriş xidməti—«Konsiqnasiya»
1. Müdiriyyətlər öz aralarında, bir göndərici tərəfindən qruplaşdırılmaqla xarici ölkəyə göndərilməsi nəzərdə tutulmuş göndərişlər üçün «Konsiqnasiya» adı altında qruplaşdırılmış göndərişlər fakultativ xidmətində iştirak etmək barədə razılığa gələ bilərlər.
2. İmkan daxilində bu xidmət aşağıdakı elementlərdən tərtib olunmuş loqotiplə identifikasiya oluna bilər:
«KONSİQNMENT»
3. Bu xidmət barədə təfərrüatlar Poçt İstismarı Şurasının müəyyən etdiyi müddəalar əsasında qəbul və təyinat Müdiriyyətləri arasında ikitərəfli qaydada müəyyənləşdirilir.
Maddə 15. Alınma barədə xəbərnamə
1. Bağlamanın göndəricisi Konvensiya tərəfindən müəyyən edilmiş şərtlər əsasında onun alınması barədə xəbərnamə tələb edə bilər.
Lakin Müdiriyyətlər bu xidməti o halda yalnız qiyməti elan edilmiş bağlamalara tətbiq edilməsi ilə məhdudlaşdıra bilərlər ki, belə bir məhdudiyyət onların öz daxili qaydalarında da nəzərdə tutulmuş olsun.
2. Alınma barədə xəbərnamə üçün alınan tarif ən çoxu 0,98 XAH qədər ola bilər.
Maddə 16. Tarif və rüsum alınmadan çatdırılan bağlamalar
1. Poçt Müdiriyyətləri arasında münasibətlərdə bu barədə xüsusi razılıq mövcuddursa, göndəricilər qəbul müəssisəsini qabaqcadan bu haqda xəbərdar etmək şərti ilə, bağlamanın təyinat yerində çatdırılması zamanı bu bağlamaya hesablanacaq bütün tarif və rüsumların ödənilməsini öz üzərinə götürə bilər. Belə bağlama «tarif və rüsum alınmadan təhvil verilən bağlama» adlanır.
2. Göndərici öz üzərinə təyinat müəssisəsinin ünvançıdan tələb edə biləcəyi bütün məbləğləri ödəməyə hazır olduğu barədə öhdəçilik götürməlidir. Zərurət yarandıqda o, qabaqcadan ödəniş aparmalıdır.
3. Qəbul Müdiriyyəti bu xidmətə görə göndəricidən hər bağlama üçün ən yuxarı həddi 0,98 XAH-ı ötməyən ölçüdə tarif tutur. Bu tarif qəbul edən ölkədə göstərilən xidmətlərin haqqıdır.
4. Təyinat Müdiriyyətinə hər bağlama üçün ən çoxu 0,98 XAH həcmində komission ödəniş tutmağa icazə verilir. Bu tarif gömrüyə təqdim olunma üçün tutulan tarifdən asılı deyildir. Həmin məbləğ göndəricidən təyinat Müdiriyyətinin xeyrinə olaraq tutulur.
Maddə 17. Yüklənmə barədə xəbərnamə
1. Bu xidməti həyata keçirməyi öz üzərinə götürmüş Müdiriyyətlər arasında münasibətlər əsasında göndərici ona yüklənmə haqqında xəbərnamə göndərilməsini xahiş edə bilər.
2. Yüklənmə haqqında xəbərnamə üçün tarif ən çoxu 0,36 XAH-dır.
Fəsil 3. Xüsusi müddəalar
Maddə 18. Qadağalar
1. Aşağıdakı predmetləri bütün kateqoriyadan olan bağlamaların içərisinə qoymaq qadağandır.
1.1. öz xarakterinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə törədə biləcək, digər bağlamaları və ya poçt avadanlıqlarını çirkləndirə biləcək predmetləri;
1.2. narkotik və psixotrop maddələri;
1.3. göndərici və ünvançı olmayan, yaxud göndərici və ya ünvançı ilə birlikdə yaşamayan şəxslərin mübadilə etdikləri cari və şəxsi yazışma xarakterli sənədləri, eləcə də bütün növ korrespondensiyanı;
1.4. canlı heyvanları, əgər onların poçtla göndərilməsi marağı olan ölkələrin poçt qaydaları ilə icazə verilmirsə;
1.5. partlayıcı, tez alovlanan və digər təhlükəli maddələri;
1.6. radioaktiv maddələri;
1.7. əxlaqa zidd və ya mənəvi dəyərləri pozan predmetləri;
1.8. təyinat ölkəsinə gətirilməsi və orada istifadəsi qadağan olan predmetləri.
2. Qiyməti elan olunmuş bağlamalar mübadiləsinə yol verən iki ölkə arasında qiyməti elan olunmamış bağlamaların içərisinə sikkələr, bank biletləri, kredit biletləri və təqdim edildikdə qiymətə malik hər hansı digər şeylər, platin, qızıl və ya gümüş işlənmiş və ya işlənilməmiş halda qiymətli daşlar, zərgərlik malları və digər qiymətli predmetlər qoymaq qadağandır. Bundan ziyadə, hər bir Müdiriyyət qiyməti elan olunmuş və ya olunmamış şəkildə göndərilən qızıl külçələrin öz ölkəsi ərazilərinə daxil olmasına və ya ondan çıxmasına və ya onun ərazisindən açıq tranzitlə keçməklə göndərilməsinə qadağa qoymaq hüququna malikdir. Müdiriyyət həmin göndərişlərin həqiqi dəyərini məhdudlaşdıra bilər.
3. Qadağalardan istisnalar və səhvən qəbul olunmuş bağlamaların işlənilməsi Reqlamentdə şərh edilir. Lakin içərisində 1.2, 1.5, 1.6 və 1.7 paraqraflarında göstərilən predmetlər olan bağlamalar heç bir halda nə təyinat yerinə göndərilir, nə ünvan sahiblərinə çatdırılır, nə də ki, göndəriciyə qaytarılır.
Maddə 19. Yerdən-yerə çatdırılma
1. Ünvançının öz yaşayış yerini dəyişməsi ilə əlaqədar olaraq bağlamanın yerdən-yerə göndərilməsi həm ölkə daxilində, həm də onun hüdudları kənarına həyata keçirilə bilər. Bu həmçinin 21-ci maddə əsasında ünvanın dəyişdirilməsi və ya düzəliş olunması ilə əlaqədar olaraq yerdən-yerə göndərilməyə aiddir.
2. Göndərici hər cür yerdən-yerə göndərilməni qadağan edə bilər.
3. Öz daxili xidmətlərində bağlamaların yerdən-yerə göndərilməsi barədə bəyanat üçün rüsum tutan Müdiriyyətlərə, bu cür rüsumları beynəlxalq xidmətdə də tətbiq etməyə icazə verilir.
4. Yerdən-yerə göndərilmənin şərtləri Reqlamentdə göstərilir.
Maddə 20. Təhvil verilmə. Çatdırılması mümkün olmayan bağlamalar
1. Bir qayda olaraq bağlamalar ünvançılara ən qısa müddət ərzində və təyinat ölkəsində qüvvədə olan qaydalara müvafiq şəkildə çatdırılır. Saxlanılma müddətləri Reqlamentdə göstərilir. Əgər bağlamalar evdə verilmirsə, ünvançılar təxirsiz olaraq onların gəlib çıxması barədə xəbərdar olunmalıdır və bu halda həmin işin görülməsi mümkün olmayan şəraitlər istisna təşkil edirlər.
2. Ünvançıya verilə bilinməyən və ya xidməti qaydada ləngidilən istənilən bağlama göndərici tərəfindən Reqlamentdə müəyyənləşdirilənlərə uyğun şəkildə verilmiş təlimat əsasında işlənilməlidir.
3. Çatdırılmama barədə xəbərnamənin tərtib edilməsi halında belə xəbərnaməyə cavab üçün 0,65 XAH-dan çox olmayan tarif tətbiq oluna bilər. Əgər xəbərnamə, eyni vaxta, eyni bir göndəricidən, eyni bir müəssisədə, eyni bir alıcının ünvanına qəbul edilmiş bir neçə bağlamaya aiddirsə, bu halda tarif yalnız bir dəfə tutulur. Xəbərnamənin elektrik rabitəsi kanalları ilə göndərildiyi hallarda ona müvafiq tarif əlavə edilir.
4. Çatdırılması mümkün olmayan istənilən bağlama göndəricinin yaşadığı ölkəyə qaytarılır. Qaytarılmanın şərtləri Reqlamentdə göstərilmişdir.
5. Əgər ünvançıya verilə bilməyən bağlamadan göndərici imtina etmişdirsə, onda təyinat ölkəsinin Müdiriyyəti onunla öz daxili qanunvericiliyinə uyğun surətdə hərəkət edir.
6. Bağlamanın içində olan predmetlərdən o qismi qabaqcadan xəbərdarlıqsız və hüquqi formallıqları yerinə yetirmədən satıla bilər ki, onlar tez xarab ola və ya çürüyə bilər. Satış, bu bağlamaya hüququ olan şəxsin xeyrinə olaraq, hətta yolda da (birbaşa və əks istiqamətdə) həyata keçirilir. Əgər satış mümkün deyilsə, onda xarab olmuş və ya çürümüş predmetlər məhv edilir.
Maddə 21. Qaytarılma. Göndəricinin xahişi ilə ünvanın dəyişdirilməsi və ya düzəliş edilməsi
1. Bağlamanın göndəricisi Konvensiyanın təyin etdiyi şərtlərlə onu qaytarmaq və ya ünvanını dəyişdirmək barədə xahiş edə bilər. O, hər hansı yeni bir göndərilmə üçün tələb olunacaq məbləğlərin ödənişinə zəmanət verməlidir.
2. Bununla belə, Müdiriyyətlər öz daxili xidmətlərində belə hallara yol vermirlərsə, 1-ci paraqrafda göstərilən müraciəti qəbul etməməyə ixtiyarlıdırlar.
3. Hər bir belə müraciət üçün göndərici geri qaytarma, ünvanı dəyişdirmə və ya ona düzəliş edilmə üçün müraciətə görə ən çoxu 1,31 XAH həcmində tarif ödəməlidir və bu halda, əgər həmin müraciət elektrik rabitəsi kanalları ilə ötürülərsə, həmin tarifə daha bir müvafiq tarif ödənişi əlavə olunur.
Maddə 22. Reklamasiyalar
1. Müştərilərin reklamasiyaları bağlamanın təqdim edildiyi günün ertəsi günündən hesab olunmaqla bir il ərzində qəbul olunur. Həmin müddət ərzində reklamasiyalar göndərici və ya ünvançı bu problem barədə xəbər verdiyi andan qəbul olunur. Lakin əgər göndəricinin reklamasiyası çatdırılmamış bağlamaya aiddirsə və əgər göndərilmə üçün nəzərdə tutulmuş müddət hələ bitməmişdirsə, bu halda göndəricini həmin müddət barədə xəbərdar etmək lazımdır.
2. Reklamasiyaların işlənilməsi pulsuzdur. Lakin əgər göndəricinin reklamasiyası müştərinin xahişi ilə elektrik rabitəsi kanalları və ya EMS (Beynəlxalq Sürətli Poçt) vasitəsi ilə göndərilirsə, onlara görə tarifin məbləği xahiş edilmiş xidmətin dəyərinə müqabil olmalıdır.
3. Hər bir Müdiriyyət digər Müdiriyyətlərin xidmətlərində qəbul olunmuş istənilən bağlamaya görə reklamasiyaları qəbul etməyə borcludur.
4. Adi bağlamalara və qiyməti elan olunmuş bağlamalara reklamasiyalar ayrı-ayrı tərtib olunmalıdır.
Fəsil 4. Gömrük məsələləri
Maddə 23. Gömrük nəzarəti
1. Qəbul edən ölkənin Poçt Müdiriyyəti və təyinat ölkəsinin Poçt Müdiriyyəti öz ölkələrinin qanunvericiliyinə uyğun surətdə bağlamaları gömrük nəzarətinə məruz qoymaq hüququna malikdir.
Maddə 24. Gömrüyə təqdimat üçün tarif
1. Qəbul edilən ölkədə gömrük baxışı keçməli bağlamalar üçün hər bağlamaya 0,65 XAH-dan çox olmayaraq gömrüyə təqdim edilmə tarifi tutula bilər. Bir qayda olaraq tarif bağlama qəbul olunarkən ödənilir.
2. Gömrük baxışı keçməli bağlamalar üçün təyinat ölkəsində hər bir bağlamaya görə 3,27 XAH-dan çox olmayaraq tarif alına bilər. Bu tarif yalnız üzərinə gömrük rüsumu və ya bu cür xarakterli digər vergilər qoyulmuş göndərişlərin gömrüyə təqdim edilməsi və ya gömrük baxışı üçün tutulur. Əgər məxsusi razılaşma mövcud deyilsə, bu tarifin tutulması bağlamanın ünvan sahibinə verilməsi vaxtı həyata keçirilir. Lakin əgər söhbət tarif və rüsum alınmadan çatdırılan bağlamalardan gedirsə, gömrüyə təqdim olunma üçün tarif qəbul Müdiriyyəti tərəfindən təyinat Müdiriyyətinin xeyrinə olaraq tutulur.
Maddə 25. Gömrük rüsumları və digər haqlar
1. Təyinat Müdiriyyətlərinə ünvançılardan istənilən rüsum, xüsusi halda, gömrük rüsumu tutmağa icazə verilir və bu rüsumlar təyinat ölkəsində göndərişlərə hesablanılır.
Fəsil 5. Məsuliyyət
Maddə 26. Poçt Müdiriyyətlərinin məsuliyyəti. Kompensasiyalar
1. Poçt Müdiriyyətləri 27-ci maddədə nəzərdə tutulmuş hallar istisna olmaqla, bağlamaların itirilmə, oğurluq və ya zədələnmə hallarına görə cavabdehlik daşıyır.
2. Müdiriyyətlər həmçinin fors-major halları baş verdikdə də risq üçün məsuliyyət daşıya bilərlər.
3. Göndərici prinsipcə itkinin, oğurluğun və ya zədələnmənin həqiqi dəyəri müqabilində kompensasiya hüququna malikdir. Dolayısı ilə olan zərərlər və ya əldə olunmamış gəlirlər nəzərə alınmır. Lakin bu kompensasiya heç bir halda aşağıdakı məbləğlərdən çox ola bilməz:
3.1. qiyməti elan edilmiş bağlamalar üçün XAH-la elan olunmuş qiymətin məbləğindən;
3.2. digər bağlamalar üçün tarifin kombinə edilməsi yolu ilə hesablanmaqla hər bağlama üçün 40 XAH və hər kq üçün 4,50 XAH məbləğlərinin cəmindən.
4. Müdiriyyətlər öz aralarında çəkisindən asılı olmayaraq, hər bağlamaya görə 130 XAH məbləğ ödənilməsinin tətbiqi barədə iki tərəfli razılığa gələ bilərlər.
5. Kompensasiya məbləği XAH-a çevirməklə həmin növ malların bağlamanın qəbul olunduğu yerdə və vaxtda mövcud preyskurant qiymətləri üzrə hesablanır. Preyskurant olmadıqda isə kompensasiya malın həmin qayda əsasında müəyyən edilmiş adi qiyməti ilə hesablanır.
6. Əgər kompensasiya bağlamanın itirilməsinə, tam oğurlanmasına və ya tam zədələnməsinə görə alınmalıdırsa, şəraitdən asılı olaraq göndərici və ya alıcı sığorta rüsumündan başqa ödənilmiş bütün tariflərin əvəzini almaq hüququna malikdir; həmçinin bağlamanın pis vəziyyətə salınmasına görə ünvan sahibinin qəbul etməkdən imtina elədiyi və bağlamanın belə pis hala düşməsi poçt xidmətinin günahı üzündən baş verdiyi hallarda bu qaydalar həmin göndərişlərə də tətbiq edilir.
7. Əgər bağlamanın itirilməsi, tam oğurlanması və ya tam zədələnməsi kompensasiyaya imkan verməyən fors-major vəziyyətləri nəticəsində olmuşdursa, bu halda göndərici ödənilmiş tariflərin əvəzini sığorta rüsumu istisna olmaqla geri almaq hüququna malikdir.
8. 3-cü paraqrafda göstərilən müddəalardan kənara çıxaraq ünvançı oğurlanmış və ya zədələnmiş bağlamanı aldıqdan sonra kompensasiyanı almaq hüququna malikdir.
9. Qəbul Müdiriyyəti öz ölkəsində göndəricilərə qiyməti elan edilmiş bağlamalar üçün 3.2 paraqrafında göstərilənlərdən az olmamaq şərti ilə, öz daxili qanunvericiliyində nəzərdə tutulmuş kompensasiyalar ödəmək hüququna malikdir. Həmin hal ünvançıya kompensasiya ödənişi zamanı təyinat Müdiriyyətinə də aiddir. Bununla bərabər 3.2 paraqrafında təyin olunmuş məbləğlərin tətbiqi aşağıdakı hallarla da bağlıdır:
9.1. məsuliyyət daşıyan Müdiriyyətə qarşı iddia irəli sürüldüyü halda;
9.2. əgər göndərici öz hüquqlarından ünvançının xeyrinə imtina edirsə və ya əksinə.
Maddə 27. Poçt Müdiriyyətlərinin məsuliyyətdən azad edilməsi
1. Poçt Müdiriyyətləri öz daxili qaydaları ilə həmin kateqoriyalı göndərişlər üçün müəyyənləşdirilən şərtlər əsasında çatdırılmış bağlamalara görə məsuliyyət daşımaqdan azad edilir. Bununla belə məsuliyyət aşağıdakı hallarda qalır:
1.1. əgər oğurlanma, yaxud zədələnmə bağlama təqdim olunana qədər və ya onun təqdim olunması zamanı aşkar edilmişdirsə;
1.2. daxili qaydalarda buna icazə vardırsa, ünvançı və ya bağlamanın qaytarılması zamanı göndərici, içi oğurlanmış və ya zədələnmiş bağlamanı alarkən qeyd-şərt edirsə;
1.3. ünvançı və ya bağlamanın qaytarılması zamanı göndərici bağlamanı alarkən düzgün şəkildə qəbz verməsinə baxmayaraq, bağlamanı ona çatdırmış Müdiriyyətə bağlamanın zədələnməsini üzə çıxarması barədə dərhal xəbər verirsə və onun zədələnməsinin, yaxud içinin oğurlanmasının bağlamanın alınmasından sonra baş vermədiyinə sübutlar təqdim edirsə.
2. Aşağıda göstərilən hallarda Poçt Müdiriyyətləri məsuliyyət daşımırlar:
2.1. fors-major halları şəraitində, əgər buna 26.2 maddəsi tətbiq olunmursa;
2.2. əgər onlar fors-major şəraiti üzündən xidməti sənədlərin məhv olması nəticəsində bağlamaların taleyi barədə bir şey deyə bilmirlərsə və hər hansı digər bir şəkildə onların məsuliyyəti təsdiq edilməmişdirsə;
2.3. əgər zədələnmə səhv və ya göndəricinin səhlənkarlığı, yaxud bağlamanın içindəkilərin xarakterinə görə baş vermişdirsə;
2.4. bağlamanın içərisindəkilər 18-ci maddədə nəzərdə tutulan qadağalara aid olarsa və həmin bağlamalar aidiyyətli orqanlar tərəfindən içərisindəki şeylərə görə müsadirə olunmuş və ya məhv edilmişlərsə;
2.5. təyinat ölkəsinin qanunvericiliyi əsasında həmin ölkənin Müdiriyyətini məlumatlandırmaqla müsadirə edilən bağlamalar üçün;
2.6. əgər qiyməti bilərəkdən içərisindəkilərin faktiki dəyərindən daha yüksək elan edilmiş bağlamalardan söhbət gedirsə;
2.7. əgər göndərici göndərişin qəbul gününün ertəsi günündən sayılmaqla sonrakı bir il ərzində heç bir reklamasiya irəli sürməmişdirsə;
2.8. əgər söhbət hərbi əsirlərin və internə alınmış mülki şəxslərin bağlamalarından gedirsə.
3. Poçt müdiriyyətləri gömrük bəyannaməsinə görə, onun hansı formada tərtib edilməsindən asılı olmayaraq, heç bir məsuliyyət daşımır. Müdiriyyətlər həmçinin gömrük baxışına məruz qalan göndərişlərin yoxlanılması zamanı gömrük xidmətləri tərəfindən qəbul edilmiş qərarlara görə heç bir məsuliyyət daşımır.
Maddə 28. Göndəricinin məsuliyyəti
1. Daşınmasına icazə olmayan əşyaların göndərilməsi və ya qəbul şərtlərinin pozulması nəticəsində digər poçt göndərişlərinə dəyən zədələnmələrə görə bağlamanın göndəricisi məsuliyyət daşıyır.
2. Göndəricinin daşıdığı məsuliyyət elə Poçt Müdiriyyətinin məsuliyyəti hüdudlarındadır.
3. Qəbul edən müəssisənin belə bağlamaları qəbul etməsi göndəricini məsuliyyətdən azad etmir.
4. Əksinə, Müdiriyyətlər və ya daşıyıcılar tərəfindən səhlənkarlığa və ya səhvə yol verilmişdirsə, göndərici məsuliyyət daşımır.
Maddə 29. Kompensasiyanın ödənilməsi
1. Məsuliyyət daşıyan Müdiriyyətə qarşı iddia qaldırmaq hüququnun olduğu şəraitdə tarif və rüsumların kompensasiyasının ödənilməsi öhdəçiliyi, vəziyyətdən asılı olaraq, qəbul və ya təyinat Müdiriyyətinin üzərinə qoyulur.
2. Göndərici ünvançının xeyrinə öz hüquqlarından imtina etmək hüququna malikdir. Əksinə ünvançı öz hüquqlarından göndəricinin xeyrinə imtina etmək hüququna malikdir. Göndərici və ya ünvançı kompensasiyanın alınması üçün daxili qanunvericilik buna yol verirsə, üçüncü şəxsə icazə verə bilər.
3. Şəraitdən asılı olaraq, qəbul Müdiriyyəti və ya təyinat Müdiriyyəti daşınmada iştirak edən və düzgün məlumatlandırılmaqla iki ay müddətində sorğuya qəti cavab verməyən və ya aşağıdakı məlumatlardan birini Müdiriyyətlərə çatdırmayan Müdiriyyətin əvəzində şikayətçiyə ona çatası müvafiq kompensasiyanı ödəmək hüququna malikdir:
3.1. göndərişin zədələnmə səbəbinin, ehtimal ki, fors-major şəraitin təsiri ilə bağlı olması haqqında məlumat;
3.2. göndərişin içərisindəkinə görə tutulub saxlanılması, müsadirə edilməsi və ya kompetent orqanlar tərəfindən məhv edilməsi, yaxud təyinat ölkəsinin qanunvericiliyinə uyğun olaraq, müsadirə olunması barədə məlumat.
4. Qəbul və ya təyinat Müdiriyyəti şəraitdən asılı olaraq həmçinin o halda kompensasiyanı ödəmək hüququna malikdir ki, reklamasiya blankı kifayət qədər tam şəkildə doldurulmamış və əlavə məlumatların qeyd olunması üçün geri qaytarılmalıdır və bu da 3-cü paraqrafda nəzərdə tutulmuş vaxt müddətinin artmasına gətirib çıxarır.
Maddə 30. Ödənilmiş kompensasiyanın göndəricidən və ya ünvançıdan geri alınma imkanı
1. Əgər ziyan ödənişindən sonra əvvəllər itmiş hesab edilən bağlama və ya onun itmiş qismi tapılarsa, o zaman vəziyyətdən asılı olaraq göndərici və ya ünvançı bu barədə məlumatlandırılır. Onlar bunu üç aylıq vaxt müddəti ərzində aldıqları kompensasiyanı geri qaytarmaqla ala bilərlər. Əgər həmin müddət ərzində göndərici və ya şəraitdən asılı olaraq, ünvançı bağlamanı tələb etməmişdirsə, onda həmin o prosedur marağı olan digər şəxsə aid həyata keçirilir.
2. Əgər göndərici və ünvançı bağlamanı almaqdan imtina edirsə, bu zaman həmin bağlama Müdiriyyətin, yaxud da müvafiq halda ziyan çəkən Müdiriyyətin malına çevrilir.
3. Qiyməti elan edilmiş bağlamanın sonradan tapılması halında onun içindəkilərin dəyəri ödənilmiş kompensasiya məbləğindən az olarsa, onda göndərici və ya şəraitdən asılı olaraq ünvançı bu ödəniş məbləğini geri qaytarmalıdır. Qiyməti elan olunmuş bağlama ona dəyərin qəsdən artıq elan edilməsindən irəli gələn nəticələrdən asılı olmayaraq təqdim edilir.
Üçüncü hissə. Poçt müdiriyyətləri arasında münasibətlər
Fəsil 1. Bağlamaların işlənilməsi
Maddə 31. Xidmətin keyfiyyəti sahəsində məqsədlər
1. Təyinat Müdiriyyətləri öz ölkələrinə göndərilən poçt aviabağlamalarının işlənilməsi müddətlərini təyin etməlidir. Adətən gömrük nəzarəti üçün tələb edilən vaxta qədər artırılan həmin müddət onların daxili xidmətlərinin müvafiq göndərişlərinə tətbiq edilən müddətlərdən az münasib olmamalıdır.
2. Təyinat Müdiriyyətləri öz ölkələrinə göndərilən yerüstü bağlamaların işlənilməsi üçün imkan daxilində vaxt müddətləri müəyyən etməlidirlər.
3. Qəbul Müdiriyyətləri xaricə göndərilmək üçün nəzərdə tutulmuş avia və yerüstü bağlamaların işlənilməsinin keyfiyyətinə aid məqsədlər müəyyən edir və bu halda istinad kimi Təyinat Müdiriyyətləri tərəfindən qoyulmuş vaxt müddətləri götürülür.
4. Müdiriyyətlər faktiki nəticələri xidmətin keyfiyyətləri üzrə məqsədlərlə müqayisə edib yoxlayıblar.
Maddə 32. Bağlamaların mübadiləsi
1. Bağlamaların mübadiləsi Reqlamentin müddəaları əsasında həyata keçirilir.
Fəsil 2. Məsuliyyətin müəyyənləşdirilməsi
Maddə 33. Poçt Müdiriyyətləri arasında məsuliyyətin müəyyənləşdirilməsi
1. Əksi sübut olmayınca, məsuliyyət o poçt Müdiriyyətinin üzərinə danışıqsız olaraq qoyulur ki, qeyd-şərtsiz aldığı bağlamanı araşdırma aparmaq üçün bütün reqlament imkanlarına malik olduğu halda, nə onun ünvan sahibinə çatdırılıb-çatdırılmadığı, nə də ki, müvafiq halda onun digər Müdiriyyətə ötürülməsi barədə faktı təyin edə bilmir.
2. Əgər itirilmə, oğurlanma və ya zədələnmə daşınma zamanı baş vermişdirsə və bunun hansı ölkənin xidmətində və ya ərazisində baş verməsini təyin etmək qeyri-mümkündürsə, həmin Müdiriyyətlər zədənin haqqını bərabər qisimlərlə ödəyirlər. Lakin əgər söhbət sadə bağlamadan gedirsə və kompensasiya məbləği çəkisi 1 kq olan bağlama üçün 26.3.2. maddəsində göstəriləndən artıq deyilsə, həmin məbləğ qəbul və təyinat Müdiriyyətləri tərəfindən bərabər paylarla ödənilir və bu halda aralıq Müdiriyyəti istisna təşkil edir.
3. Qiyməti elan olunmuş bağlamaya gəlincə isə bir Müdiriyyətin digər Müdiriyyətə nisbətən məsuliyyəti heç vəchlə onun qəbul etdiyi dəyər elanı hüdudunu aşa bilməz.
4. Əgər bağlamanın itirilməsi, oğurlanması və ya zədələnməsi aralıq Müdiriyyətin ərazisində və ya xidmətlərində baş vermişdirsə və həmin Müdiriyyət qiyməti elan olunmuş bağlamaların göndərilməsinə yol vermirsə və ya onun qəbul etdiyi qiymət elan edilməsinin maksimum həddi itirilmiş bağlamanın dəyərindən aşağı olarsa, qəbul Müdiriyyəti aralıq Müdiriyyətin ödəmədiyi zərər qisminin əvəzini ödəyir. Həmin qayda ziyanın məbləğinin aralıq Müdiriyyət tərəfindən qəbul edilmiş olan elan edilmiş qiyməti maksimum həddindən daha çox olduqda da tətbiq edilir.
5. 4-cü paraqrafda nəzərdə tutulmuş qayda, dəniz və ya hava daşınması üzrə aralarında razılıq əldə edilmiş ölkələrdən birinə aid olan, lakin qiyməti elan olunmuş bağlamalar üçün məsuliyyət daşımayan Müdiriyyətin xidmətində itki, oğurlanma və ya zədələnmə baş verdiyi hallarda da, həmçinin tətbiq edilir. Buna baxmayaraq, qiyməti elan olunmuş bağlamaların bağlı depeşlərdə tranziti üçün bu Müdiriyyət qiyməti elan olunmamış bağlamalara görə nəzərdə tutulmuş məsuliyyəti daşıyır.
6. Ləğv olunması barədə razılıq əldə edilməmiş gömrük və digər rüsumlar itirilmə, oğurlanma və ya zədələnmə üçün məsuliyyət daşıyan Müdiriyyətlər tərəfindən ödənilir.
7. Kompensasiyanı ödəniş Müdiriyyət həmin məbləğ hüdudlarında onu almış şəxsin hüquqlarını öz üzərinə götürməklə ünvançıdan, göndəricidən və ya üçüncü şəxslərdən ziyanın əvəzinin mümkün tutulması hallarında onları əvəz edir.
Fəsil 3. Tarif payları və aviadaşınmalar üzrə xərclər
Maddə 34. Daxil olan bağlamalar üçün quruyol tarif payı
1. İki Müdiriyyət arasında mübadilə olunan bağlamalara tətbiq edilən quruyol tarif payları daxil olan bağlamalara görə hər bir ölkə üçün və hər bir bağlama üçün ayrılıqda hesablanılır və bu hesablama hər bağlamaya görə və hər kq-a görə kombinə edilməklə, aşağıda göstərilən oriyentir tarif əsasında həyata keçirilir.
- bir bağlamaya 2,85 XAH;
- brutto çəkili depeşin hər kq-ına 0,28 XAH
2. Yuxarıda göstərilən istinad tariflərini nəzərə alaraq, Müdiriyyətlər daxil olan bağlamalar üçün öz quruyol tarif paylarını elə təyin edirlər ki, bunlar öz xidmətlərinin xərclərinə müqabil olsun.
3. 1-ci və 2-ci paraqraflarda göstərilən tarif payları, əgər bu Saziş həmin müddəadan yayınmaları nəzərdə tutmursa, qəbul ölkəsinin Müdiriyyəti tərəfindən ödənilir.
4. Daxil olan mübadilə üzrə quruyol ayırmaları hər bir ölkənin bütün ərazisi üçün eyni olmalıdır.
Maddə 35. Tranzit üçün quruyol tarif payı
1. İki Müdiriyyət arasında və ya eyni bir ölkənin iki müəssisəsi arasında bağlama mübadilələri bir və ya bir neçə digər Müdiriyyətlərin yerüstü xidmətləri vasitəsilə həyata keçirilirsə, bu zaman tranzit üçün aşağıdakı yerüstü ayırmalar, məsafə vahidlərindən asılı olaraq hər bağlama və onun hər kiloqramı üçün alınan tariflərin kombinə edilməsi yolu ilə hesablanır.
Məsafə vahidləri |
Bağlama üçün tariflər |
Depeş bruttosu üçün hər kq çəkiyə tarif |
XAH |
XAH | |
600 km-ə qədər |
0,77 |
0,10 |
600-dən 1000 km-ə qədər |
0,77 |
0,19 |
1000-2000 km-ə qədər |
0,77 |
0,29 |
2000 km-dən çox |
0,77 |
0,29 |
2. Açıq tranzitlə göndərilən bağlamalarla əlaqədar aralıq Müdiriyyətlərinə hər göndəriş üçün təyin edilmiş 0,40 XAH tarif payını tələb etməyə icazə verilir.
3. 1-ci və 2-ci paraqraflarda göstərilən tarif paylarının ödənilməsi, bu Saziş həmin müddəadan istisnalar nəzərdə tutmursa, qəbul ölkəsinin Müdiriyyəti tərəfindən ödənilir.
4. Poçt İstismarı Şurası iki Konqresarası müddətdə 1-ci paraqrafda verilən cədvələ yenidən baxıb onu dəyişdirmək səlahiyyətinə malikdir. Həmin yenidən baxılma tranzit üzrə əməliyyatlar keçirən Müdiriyyətlərin haqqını ədalətli surətdə ödəməyə imkan verən metodologiyaya uyğun surətdə həyata keçirilə bilər və bu halda o, səbatlı və dürüst maliyyə və iqtisadi göstəricilərə istinad etməlidir. Mümkün dəyişikliklər haqqında qərar Poçt İstismarı Şurasının təyin etdiyi tarixdən qüvvəyə minir.
5. Tranzit üçün aşağıdakı hallarda heç bir quruyol tarif payı ödənilmir:
5.1. eyni şəhərə xidmət edən iki təyyarə limanı arasında aviadepeşlərin yüklənib-boşaldılması zamanı;
5.2. depeşlərin şəhərə xidmət edən aeroportla həmin şəhərdə yerləşən anbar arasında daşınması, həmçinin bu depeşlərin yerdən-yerə göndərilməsi məqsədi ilə qaytarılması zamanı.
Maddə 36. Dəniz tarif payı
1. Bağlamaların dəniz yolu ilə daşınmasında iştirak edən ölkələrdən hər birinə 2-ci paraqrafdakı cədvəldə göstərilən dəniz paylarını almağa icazə verilmişdir. Həmin payları qəbul ölkəsinin Müdiriyyəti o hallarda ödəyir ki, bu Sazişdə həmin müddəadan istisnalar nəzərdə tutulmuş olmasın.
Məsafə vahidləri |
Bağlama üçün tarif |
Depeşin brutto çəkisinin hər kq-ı üçün tarif | |||
A) dəniz mili (d.m.) ilə |
B) km-lərə çevirməklə 1 dəniz mili-1,852 km |
XAH |
XAH | ||
500 d.m.-nə qədər |
926 km-ə kimi |
0,58 |
0,06 | ||
500 d.m.-dək |
1000 d.m.-ə qədər |
926 km–dən çox |
1852 km–ə qədər |
0,58 |
0,09 |
1000 d.m.-dək |
2000 d.m.-ə qədər |
1852 km–dən çox |
3704 km–ə qədər |
0,58 |
0,12 |
2000 d.m.-dək |
3000 d.m.-ə qədər |
3704 km–dən çox |
5556 km–ə qədər |
0,58 |
0,14 |
3000 d.m.-dək |
4000 d.m.-ə qədər |
5556 km–dən çox |
7408 km–ə qədər |
0,58 |
0,16 |
4000 d.m.-dək |
5000 d.m.-ə qədər |
7408 km–dən çox |
9260 km–ə qədər |
0,58 |
0,17 |
5000 d.m.-dək |
6000 d.m.-ə qədər |
9260 km–dən çox |
11112 km–ə qədər |
0,58 |
0,19 |
6000 d.m.-dək |
7000 d.m.-ə qədər |
11112 km–dən çox |
12964 km–ə qədər |
0,58 |
0,20 |
7000 d.m.-dək |
8000 d.m.-ə qədər |
12964 km–dən çox |
14816 km–ə qədər |
0,58 |
0,21 |
8000 d.m.-dək |
14816 km–dən çox |
0,58 |
0,21 |
2. İstifadə olunmuş hər bir dəniz daşınması üçün tarifin dəniz payını hesablamaq üçün hər bağlamaya görə tariflə hər kq üçün tarifin kombinasiyasından aşağıda göstərilən cədvəldəki kimi istifadə olunur və bu halda, həmin iş tətbiq olunan məsafə vahidlərinə müvafiq surətdə görülür.
3. Müdiriyyətlər 36,2 maddəsinə müvafiq olaraq hesablanmış tarifin dəniz payını 50% yüksəltmək haqqına malikdirlər. Eyni zamanda onlar öz mülahizələri əsasında onu azalda da bilərlər.
4. Poçt İstismarı Şurası iki Konqresarası müddətdə 2-ci paraqrafda verilən cədvəllərə yenidən baxıb onu dəyişdirmək səlahiyyətinə malikdir. Həmin yenidən baxılma tranzit üzrə əməliyyatlar keçirən Müdiriyyətlərin haqqını ədalətli surətdə ödəməyə imkan verən metodologiyaya uyğun surətdə həyata keçirilə bilər və bu halda o, səbatlı və dürüst maliyyə və iqtisadi göstəricilərə istinad etməlidir. Mümkün dəyişikliklər haqqında qərar Poçt İstismarı Şurasının təyin etdiyi tarixdən qüvvəyə minir.
Maddə 37. Tarif paylarının mənsubiyyəti
1. Tarif payları marağı olan Müdiriyyətlərə bir qayda olaraq hər bir bağlama üçün hesablanır.
2. Xidməti bağlamalara və hərbi əsirlərin, eləcə də internə olunmuş mülki şəxslərin bağlamaları üçün hava yolları ilə daşınma xərclərindən savayı heç bir tarif payları tətbiq edilmir.
Maddə 38. Aviadaşıma xərcləri
1. Hava daşınmaları üçün Müdiriyyətlər arasında hesabların ödənilməsi zamanı tətbiq olunan başlıca tarif Poçt İstismarı Şurası tərəfindən təsdiq olunur. O, Beynəlxalq Büro tərəfindən Konvensiyanın İcra Reqlamentində göstərilən düstur əsasında hesablanır.
2. Bir neçə ayrı-ayrı aviaxidmətlər tərəfindən ardıcıl olaraq daşınan aviabağlamaların yol zamanı eyni bir aeroportda yüklənib-boşaldılması ödənişsiz həyata keçirilir.
3. Bağlı depeşlərin və açıq tranzitlə göndərilən aviabağlamaların aviadaşınma xərclərinin hesabatı Reqlamentdə göstərilir.
Fəsil 4. Müxtəlif müddəalar
Maddə 39. Məlumatların təqdim edilməsi, sənədlərin saxlanılması, blanklar
1. Poçt xidmətlərinin yerinə yetirilməsi barədə məlumatların təqdiminə, sənədlərin saxlanılmasına və işlədilmiş blanklara aid müddəalar Reqlamentdə verilmişdir.
Maddə 40. Sazişdə iştirak etməyən ölkələrə daxil olan və onlardan çıxan bağlamalar
1. Bu Sazişlə iştirak edən ölkələrin Müdiriyyətləri ilə onda iştirak etməyən ölkələrin Müdiriyyətləri arasında bağlama mübadiləsi mövcuddursa və sonuncular tərəfindən buna etiraz yoxdursa, bu Sazişə qoşulmuş bütün ölkələrin Müdiriyyətləri həmin əlaqələrdən istifadə edə bilərlər.
Maddə 41. Konvensiyanın tətbiqi
Bu Sazişdə aşkar şəkildə nəzərdə tutulmamış bütün hallar üçün Konvensiya tətbiq olunur.
Dördüncü hissə. Yekun müddəalar
Maddə 42. Bu Saziş və onun İcra Reqlamentinə dair təkliflərin təsdiqi şərtləri
1. Konqresdə baxılması üçün təqdim olunan və bu Sazişə və onun Reqlamentinə aid olan təkliflər iştirak edən və bu Sazişə qoşulmuş səs verən üzv ölkələrin əksəriyyətinin bəyənməsi ilə qüvvəyə minir. Həmin səsvermədə Konqresdə təmsil olunan üzv ölkələrin ən azı yarısı iştirak etməlidir.
2. Bu Sazişin İcra Reqlamentinə aid olan və qərar qəbul edilməsi üçün Konqres tərəfindən Poçt İstismarı Şurasına göndərilən təkliflər və ya iki Konqres arası müddətdə göndərilən təkliflər bu Sazişi imzalamış Poçt İstismarı Şurası üzvlərinin əksəriyyəti tərəfindən bəyənildikdə qüvvəyə minir.
3. İki Konqres arası müddətdə irəli sürülmüş və bu Sazişə aid olan təkliflər aşağıdakı şəkildə qəbul olunduqda qüvvəyə minir:
3.1.əgər təkliflərdə yeni müddəalar əlavə etmək, yaxud bu Sazişin və onun Yekun protokolunun maddələrinin mahiyyəti üzrə dəyişdirmək məqsədi güdülürsə, Sazişi imzalamış üzv ölkələrin ən azı yarısının məsləhətləşmələrə cavab verməsi şərti ilə, səslərin üçdə iki hissəsi ilə;
3.2. aşağıdakılardan söhbət gedirsə, səslərin əksəriyyəti ilə;
3.2.1. bu Sazişin və onun Yekun müddəalarının araşdırılması barədə;
3.2.2. Paraqraf 3.2.1-də sadalanmış Aktlara redaksiya qaydasında dəyişikliklər edilməsi barədə.
4. 3.1. paraqrafında nəzərdə tutulmuş müddəalara baxmayaraq, milli qanunvericiliyi təklif olunmuş dəyişikliklə hələ uyğunlaşa bilməyən hər hansı üzv ölkə Beynəlxalq Büronun Baş direktoruna, bu dəyişikliyin qəbul edilməsinin onun üçün qeyri-mümkün olduğu barədə yazılı bəyanatla müraciət etmək hüququna malikdir və bu bəyanat məlum dəyişiklik haqqında məlumatın alındığı andan doxsan gün müddətində təqdim edilməlidir.
Maddə 43. Sazişin qüvvəyə minməsi və qüvvədə olması müddəti
1. Bu Saziş 1996-cı ilin 01 yanvar tarixindən qüvvəyə minir və növbəti Konqresin Aktları qüvvəyə minənə kimi qüvvədə qalır.
Bunu təsdiq edərək üzv ölkələrin Hökumətlərinin səlahiyyətli nümayəndələri hazırkı Sazişi bir nüsxədə imzaladılar və saxlanılmaq üçün Beynəlxalq Büronun Baş direktoruna çatdırdılar. Tərəflərdən hər birinə Konqresin keçirildiyi ölkənin Hökuməti tərəfindən onun nüsxəsinin surəti veriləcək.
Seulda 1994-cü ilin 14 sentyabrında icra olundu.
© LegalActs LLC