Об утверждении «Соглашения между Правительством Азербайджанской Республики и Правительством Республики Беларусь о принципах удержания косвенных налогов при экспорте и импорте товаров (работ, услуг)»


«Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 2002-ci il, № 72). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 157)

Дата релиза: 01.02.2002

Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında «Malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında «Malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında» Sazişin təsdiq edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli məclisi qərara alır:

I. Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında 2001-ci il avqustun 8-də Bakı şəhərində imzalanmış «Malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında» Saziş təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 1 fevral 2002-ci il

№ 254-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (31 mart 2002-ci il, № 72) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 157) («LegalActs» LLC).


Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında malların (işlərin, xidmətlərin) ixracı və idxalı zamanı vasitəli vergilərin tutulması prinsipləri haqqında

Saziş

Bundan sonra Razılığa gələn Tərəflər adlandırılan Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti, qarşılıqlı əlverişli iqtisadi münasibətlərin və iqtisadi inteqrasiyanın inkişafına, təsərrüfat subyektləri üçün bərabər imkanların yaradılmasına və ədalətli rəqabət üçün şəraitin müəyyən olunmasına çalışaraq, beynəlxalq ticarətin ümumi qəbul edilmiş qaydalarına əsaslanaraq, aşağıdakılar barədə razılığa gəldilər:

Maddə 1. Ümumi təriflər

Sazişdə istifadə edilən terminlər ifadə edir:

    • vasitəli vergilər – əlavə dəyər vergisi və aksizlər (aksiz vergisi və ya aksiz yığımı);
    • mal – istənilən əmlak (enerjinin bütün növləri daxil olmaqla), qeyri-maddi aktivlər, habelə, sərnişinlərin və malların beynəlxalq daşınması üçün istifadə edilənlər istisna olmaqla, nəqliyyat vasitələri (konteynerlər və digər nəqliyyat avadanlığı daxil olmaqla);
    • ixrac – geriyə gətirmək öhdəliyi olmadan Razılığa gələn Tərəflərin dövlətlərinin gömrük ərazisindən malların (işlərin, xidmətlərin) çıxarılması. Bu Sazişin məqsədləri üçün «xidmətlər» anlayışının tərifinə maliyyə xidmətləri daxil deyildir;
    • idxal – geriyə aparmaq öhdəliyi olmadan Razılığa gələn Tərəflərin dövlətlərinin gömrük ərazisinə malların (işlərin, xidmətlərin) gətirilməsi. Bu Sazişin məqsədləri üçün «xidmətlər» anlayışının tərifinə maliyyə xidmətləri daxil deyildir;
    • saxta ixrac – malların (işlərin, xidmətlərin) Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisindən faktiki kənara çıxarılması baş vermədən, malın (işin, xidmətin) Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisindən ixrac edilən kimi saxta sənədli rəsmiləşdirilməsi;
    • təyinat ölkəsi prinsipi – Razılığa gələn bir Tərəfin dövlətinin gömrük ərazisindən ixrac zamanı sıfır dərəcəsinin tətbiqi və ya vergiqoymadan azad edilmə və idxal zamanı Razılığa gələn digər Tərəfin dövlətinin qanunvericiliyi ilə müəyyən edilmiş mövcud dərəcə ilə vasitəli vergilərin tutulması;
    • vasitəli vergilərdən azad edilmə – malların satışı zamanı və işlərin görülməsi (xidmətlərin göstərilməsi) zamanı vergiqoymadan azad edilmə, bu halda sonuncu satıcı əvvəl ödənilmiş verginin əvəzləşdirilməsi və ya qaytarılması hüququnu əldə etmir;
    • sıfır dərəcəsi – vasitəli vergilərə sıfır dərəcəsi ilə cəlb etmə vergi ödəyicisi üçün tam azad edilməni və vergi məbləğinin əvəzləşdirilməsi və ya büdcədən qaytarılması hüququnun ona verilməsini ifadə edir;
    • səlahiyyətli orqanlar:
    • Azərbaycan Tərəfindən – Maliyyə Nazirliyi, Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsi;
    • Belarus Tərəfindən – Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi, Dövlət Vergi Komitəsi.

Maddə 2. İxrac zamanı vergilərin tutulması prinsipi

Razılığa gələn bir Tərəf Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə ixrac etdiyi malları (işləri, xidmətləri) əlavə dəyər vergisinə sıfır dərəcə ilə cəlb edəcək və ya əlavə dəyər vergisindən azad edəcək.

Razılığa gələn bir Tərəfin dövlətinin ərazisindən Razılığa gələn digər Tərəfin dövlətinin ərazisinə ixrac edilən aksizli mallar, Razılığa gələn Tərəflərin milli qanunvericiliklərinə uyğun olaraq aksizlərə cəlb edilməyəcək və ya sıfır dərəcə ilə cəlb ediləcək.

Maddə 3. İdxal zamanı verginin tutulması prinsipi

Razılığa gələn bir Tərəfin dövlətinin gömrük ərazisinə idxal edilən Razılığa gələn digər Tərəfin dövlətinin gömrük ərazisindən ixrac edilmiş mallar (işlər, xidmətlər), idxal edən dövlətdə onun qanunvericiliyinə uyğun olaraq, milli mənşəli analoji malların cəlb edildiyi dərəcələrdən çox olmayan dərəcələrlə vasitəli vergilərə cəlb edilir. Vasitəli vergilərin tutulması malların bu Razılığa gələn Tərəfin dövlətinin gömrük ərazisinə gətirildiyi zaman həyata keçirilir.

Maddə 4. Mübahisəli məsələlərin həlli

Bu Sazişin müddəalarının təfsiri və ya tətbiqi ilə bağlı Razılığa gələn Tərəflər arasında fikir ayrılıqları səlahiyyətli orqanlar arasında aparılan danışıqlar və məsləhətləşmələr yolu ilə həll ediləcək.

Maddə 5. Malların hərəkətinə və vasitəli vergilərin ödənilməsinə nəzarət

Malların (işlərin, xidmətlərin) idxalı zamanı vasitəli vergilərin tam yığılmasını təmin etmək məqsədilə, habelə saxta ixraca yol verməmək üçün Razılığa gələn Tərəflərin dövlətlərinin gömrük və vergi orqanları vergilərin alınması mexanizmini və Razılığa gələn Tərəflərin dövlətlərinin gömrük sərhədlərindən malların (işlərin, xidmətlərin) hərəkətinə nəzarət mexanizmini hazırlayacaq və tətbiq edəcəklər.

Maddə 6. Razılığa gələn Tərəflərin maraqları

Bu Saziş, beynəlxalq hüququn ümumi qəbul edilmiş prinsiplərinə uyğun olaraq, Razılığa gələn Tərəflərin daxili əmtəə istehsalçılarının maraqlarının və milli bazarın qorunması üçün zəruri tədbirləri həyata keçirmək hüququna mane olmur.

Maddə 7. Sazişin beynəlxalq müqavilələrlə münasibəti

Bu Saziş, Razılığa gələn Tərəflərin, onların iştirakçısı odluqları digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və öhdəliklərinə toxunmur.

Maddə 8. Dəyişikliklərin və əlavələrin edilməsi

Razılığa gələn Tərəflər qarşılıqlı razılıq əsasında, bu Sazişə, 9-cu maddədə nəzərdə tutulmuş qaydada qüvvəyə minən və bu Sazişin ayrılmaz hissəsi olan ayrıca protokollarla rəsmiləşdirilmiş zəruri əlavələr və dəyişikliklər edə bilərlər.

Maddə 9. Son müddəalar

Bu Saziş, Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə sonuncu yazılı bildiriş verildiyi tarixdən qüvvəyə minir.

Bu Saziş, onun qüvvəyə minməsindən sonra göndərilən mallara (işlərə, xidmətlərə) münasibətdə tətbiq ediləcək.

Razılığa gələn hər bir Tərəf, bu Sazişin qüvvədə olduğu dövrdə yaranmış maliyyə və digər öhdəlikləri tənzimləyərək, Sazişdən çıxmasına altı ay qalmışdan gec olmayaraq, digər Razılığa gələn Tərəfə yazılı xəbərdarlıq göndərməklə bu Sazişdən çıxa bilər.

Bakı şəhərində 8 avqust 2001-ci il tarixdə, hər biri Azərbaycan, belarus və rus dillərində olmaqla iki nüsxədə imzalanmış, bütün mətnlər eyni qüvvəyə malikdir.

Bu Sazişin mətninin təfsiri zamanı fikir ayrılığı yarandıqda, Razılığa gələn Tərəflər rus dilində olan mətnə əsaslanacaqlar.

Azərbaycan Respublikası
Hökuməti adından

Belarus Respublikası
Hökuməti adından


© LegalActs LLC