О внесении изменений и дополнений в некоторые законодательные акты Азербайджанской Республики в связи с применением Закона Азербайджанской Республики «О защите атмосферного воздуха»


Дата релиза: 12.02.2002

«Atmosfer havasının mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

«Atmosfer havasının mühafizəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. «İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, № 10, maddə 606) 12-ci maddəsinə aşağıdakı məzmunda dördüncü hissə əlavə edilsin:

«Atmosfer havasına zərərli təsir göstərən istehsal və məişət tullantılarının xüsusi qurğular olmadan yandırılmasına icazə verilmir.».

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 584; 2001-ci il, № 3, maddə 139, I kitab; 2001-ci il, № 7, maddə 455) aşağıdakı məzmunda 76-1-ci maddə əlavə edilsin:

«Maddə 76-1. Atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliyin pozulması

76-1-0. Atmosfer havasının mühafisəsi sahəsində qanunvericiliyin pozulması, yəni:

76-1.0.1. müvafiq icra hakimiyyəti orqanlarının xüsusi icazəsi olmadan atmosfer havasına zərərli maddələrin atılmasına;

76-1.0.2. atmosfer havasına zərərli maddələrin atılmasına və zərərli fiziki təsirə nəzarət etmək məqsədilə quraşdırılmış qurğulardan, avadanlıqlardan və cihazlardan istismar qaydalarının pozulmasına;

76-1.0.3. atmosfer havasının mühafizəsi haqqında qanunvericiliyin tələblərinə cavab verməyən yeni və yenidən qurulmuş qurğuların və avadanlıqların istismara verilməsinə;

76-1.0.4. atmosfer havasının mühafizəsi sahəsində qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verməyən və atmosfer havasına zərərli maddələrin atılmasına nəzarət üçün texniki vasitələrlə təmin olunmasını nəzərə almayan kəşfləri, ixtiraları, səmərələşdirici təklifləri, yeni texniki sistemləri, maddələri tətbiq edilməsinə, habelə bu cür texnoloji avadanlıqların idxal edilməsinə;

76-1.0.5. sənaye və məişət tullantılarının toplanması, yandırılması, bitki aləmini qoruyan, onların artımını təmin edən vasitələrin, mineral kübrələrin və digər preparatların daşınması, saxlanması, tətbiqi qaydalarının pozulması nəticəsində atmosfer havasının çirklənməsinə;

76-1.0.6. müəssisə, idarə və təşkilatların yerləşdiyi yerlərdə atmosfer havasının vəziyyətinə nəzarət qaydalarına əməl edilməməsinə görə—

    • fiziki şəxslər şərti maliyyə vahidi məbləğinin on mislindən otuz mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidi məbləğinin əlli mislindən səksən mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidi məbləğinin yüz əlli mislindən iki yüz mislinədək miqdarda cərimə edilir.».

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 12 fevral 2002-ci il

№ 262-IIQD

«Azərbaycan» qəzetində dərc olunmuşdur (31 mart 2002-ci il, № 72) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 aprel 2002-ci il № 4, I kitab, maddə 165) («LegalActs» LLC).

© LegalActs LLC