О некоторых вопросах, вытекающих из Кодекса Азербайджанской Республики об административных проступках


Дата релиза: 16.12.2016

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsindən irəli gələn bəzi məsələlər haqqında

Qərar № 36

Bakı şəhəri, 2 mart 2002-ci il

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) tapşırığı ilə gördükləri işlər tərcüməçinin, ekspertin və mütəxəssislərin xidməti vəzifələrinə aid deyildirsə, onlara gördükləri işlərin əvəzinə haqq ödənilir. Ödənilən haqqın məbləği hər iş saatı üçün 0,33 manat müəyyən edilsin.

2. Ekspetlərə, mütəxəssislərə və tərcüməçilərə ödənilən haqqın məbləği inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin və səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarında göstərilir.

3. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) zərər çəkmiş, şahid, onların qanuni nümayəndələri, ekspert, mütəxəssis, tərcüməçi və hal şahidləri kimi çağırılan şəxslərin işdə olmadıqları müddət ərzində iş yerində onların əmək haqqı müəyyən edilmiş qaydada saxlanılır.

4. Əmək münasibətlərində olmayan zərər çəkmişlər, şahidlər, onların qanuni nümayəndələri və hal şahidləri adi məşğuliyyətlərindən ayrıldıqlarına görə faktiki sərf olunmuş vaxt və əməyin ödənilməsinə görə hər gün üçün 1,65 manat əvəz alırlar.

5. «İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclərin ödənilməsi Qaydası» təsdiq edilsin (əlavə olunur).

6. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 140) («LegalActs» LLC).

7 oktyabr 2006-cı il tarixli, 223 nömrəli; 16 dekabr 2016-cı il tarixli, 512 nömrəli Qərarlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikası
Nazirlər Kabinetinin
2002-ci il 2 mart tarixli
36 nömrəli qərarı ilə
təsdiq edilmişdir

İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclərin ödənilməsi

Qaydası

1. Bu Qayda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 56-cı maddəsində nəzərdə tutulmuş icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar olaraq zərər çəkmişlərin, şahidlərin, onların qanuni nümayəndələrinin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclərin ödənilməsi qaydasını tənzimləyir.

2. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə və hal şahidlərinə icraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana (vəzifəli şəxsin yanına) gəlməklə əlaqədar nəqliyyat xərcləri (taksidən başqa), kommunal xərcləri və gündəlik xərclər ödənilir.

3. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilməli məbləğlər inzibati xətalar haqqında işlər fiziki şəxslər barəsində olduqda dövlət hesabına ödənilir, hüquqi şəxslər barəsində olduqda isə həmin şəxslərin üzərinə qoyulur.

4. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə qərarda göstərilən məsrəflər həmin hüquqi şəxs tərəfindən müvafiq depozit xəzinə hesabına keçirilir və bu barədə məlumat və təsdiqedici sənəd həmin hüquqi şəxs barəsində işə baxan müvafiq məhkəməyə və ya səlahiyyətli orqana (vəzifəli şəxsə) təqdim edilir.

5. Zərər çəkmişlərə, şahidlərə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə, ekspertlərə, mütəxəssislərə və tərcüməçilərə verilməli məbləğlər inzibati xətalar haqqında işlər fiziki şəxslər barəsində olduqda həmin işə baxan məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında dövlət büdcəsində həmin məqsədlər üçün nəzərdə tutulmuş vəsait hesabına, hüquqi şəxslər barəsində olduqda isə həmin hüquqi şəxslər tərəfindən müvafiq depozit xəzinə hesabına keçirilmiş vəsait hesabına ödənilir.

Bu bənddə nəzərdə tutulan məbləğ məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) inzibati tənbeh tətbiq edilməsi və ya inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərarı əsasında zərər çəkmişə, şahidə, onların qanuni nümayəndələrinə, hal şahidlərinə və tərcüməçilərə onların yaşadığı yer üzrə, ekspert və mütəxəssislərə isə onların iş yeri üzrə ərazi maliyyə orqanları tərəfindən həmin şəxslər tərəfindən ərizə və məhkəmənin və ya səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarı təqdim edildikdən sonra bir ay müddətindən gec olmayaraq verilir.


© LegalActs LLC