Об Уполномоченном по правам человека (омбудсмене) Азербайджанской Республики
«Azərbaycan» qəzetində dərc edilmişdir (6 mart 2002-ci il, № 53) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 115)
Дата релиза: 28.12.2001Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında
Azərbaycan Respublikasının Konstitusiya Qanunu
I fəsil. İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) fəaliyyətinin və təyin edilməsinin əsasları
Maddə 1. İnsan hüquqları üzrə müvəkkilin fəaliyyətinin əsasları
1.1. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsi (bundan sonra «müvəkkil» adlandırılacaq) Azərbaycan Respublikası Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş və Azərbaycan Respublikasının dövlət və yerli özünüidarə orqanları, vəzifəli şəxsləri tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilir.
1.2. Müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsini, pozulmuş insan hüquq və azadlıqlarının bərpasını təmin edən digər dövlət orqanlarının səlahiyyətlərini məhdudlaşdırmır və əvəz etmir.
1.3. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan Respublikası hakimlərinin fəaliyyətinin yoxlanılması müvəkkilin səlahiyyətlərinə aid deyil.
1.4. Müvəkkil əfv, vətəndaşlıq, siyasi sığınacaq verilməsi məsələlərinin həlli ilə bağlı Azərbaycan Respublikası Prezidentinə təkliflər verə bilər.
1.5. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə insan hüquq və azadlıqlarının təmin edilməsi məqsədilə qanunların qəbul edilməsinə və ya yenidən baxılmasına dair təkliflər verə bilər. Müvəkkil Azərbaycan Respublikasının Milli Məclisinə amnistiya elan edilməsi barədə təklif verə bilər.
1.6. Müvəkkilin məhkəmələrdə süründürməçilik, sənədlərin itirilməsi və vaxtında verilməməsi, habelə məhkəmə qərarlarının icrasının gecikdirilməsi ilə əlaqədar insan hüquqlarının pozulmasına dair şikayətlərə baxmaq hüququ vardır.
1.7. Müvəkkilin fəaliyyəti aşkarlıq, şəffaflıq, qanunçuluq, ədalət, qərəzsizlik prinsipləri əsasında qurulur.
Maddə 2. Müvəkkilin seçilməsi
2.1. Müvəkkili Azərbaycan Respublikası Prezidentinin təqdim etdiyi üç namizəd arasından Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə seçir.
2.2. Azərbaycan Respublikasının Milli Məclisi müvəkkilin seçilməsi ilə bağlı qərarı qəbul etmədikdə, Azərbaycan Respublikasının Prezidenti 15 gün müddətində digər üç şəxsin namizədliyini Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
Maddə 3. Müvəkkilin namizədliyinə aid tələblər
3.1. Yaşı 30-dan aşağı olmayan, ali təhsilli, insan hüquqlarının müdafiəsi sahəsində təcrübəyə və yüksək əxlaqi keyfiyyətlərə malik olan Azərbaycan Respublikasının vətəndaşı müvəkkil vəzifəsinə seçilə bilər.
3.2. İkili vətəndaşlığı olan, başqa dövlətlər qarşısında öhdəliyi olan, qanunvericilik, icra və məhkəmə hakimiyyəti sistemlərində qulluq edən, elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla, başqa ödənişli fəaliyyətlə məşğul olan, fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən, ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxs müvəkkil ola bilməz.
3.3. Müvəkkil siyasi fəaliyyətlə məşğul ola və heç bir siyasi partiyanın üzvü ola bilməz. Müvəkkil hər hansı qeyri-hökumət təşkilatının rəhbərliyində təmsil oluna bilməz.
3.4. Müvəkkil vəzifəsinə seçildiyi gündən 5 gün müddətində onun statusuna uyğun olmayan fəaliyyəti dayandırmalıdır.
3.5. Müvəkkil vəzifəyə seçildiyi gün Azərbaycan Respublikası Milli Məclisinin iclasında and içir: «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili vəzifəsində səlahiyyətlərimi şərəf və ləyaqətlə yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına əməl edəcəyimə, müstəqil və qərəzsiz fəaliyyət göstərəcəyimə and içirəm».
Maddə 4. Müvəkkilin səlahiyyət müddəti
4.1. Müvəkkil 7 il müddətinə seçilir.
4.2. Eyni şəxs müvəkkil vəzifəsinə yalnız bir dəfə seçilə bilər.
4.3. Müvəkkilin səlahiyyətlərinin bitməsinə 30 gün qalmış Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
Maddə 5. Müvəkkilin müstəqilliyinin təminatları
5.1. Müvəkkil müstəqildir və yalnız Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına tabedir.
5.2. Müvəkkilin müstəqilliyinə aşağıdakı təminatlar verilir:
5.2.1. dəyişilməzliyi;
5.2.2. toxunulmazlığı;
5.2.3. hər hansı dövlət və ya yerli özünüidarə orqanı, vəzifəli şəxs tərəfindən onun fəaliyyətinə müdaxilə edilməsinin yolverilməzliyi;
5.2.4. maddi və sosial təminatlar.
5.3. Fövqəladə və ya hərbi vəziyyətin elan edilməsi müvəkkilin fəaliyyətini dayandırmır və ya məhdudlaşdırmır.
Maddə 6. Müvəkkilin toxunulmazlığı
6.1. Müvəkkil səlahiyyət müddəti ərzində toxunulmazdır.
6.2. Müvəkkil səlahiyyət müddəti ərzində cinayət başında yaxalanma hallarından başqa, cinayət məsuliyyətinə cəlb edilə bilməz, tutula və ya saxlanıla bilməz, onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, axtarışa məruz qala bilməz, şəxsi müayinə edilə bilməz. Müvəkkil cinayət başında yaxalanarsa, onu tutan orqan bu barədə 24 saat müddətində Azərbaycan Respublikası baş prokuroruna və Azərbaycan Respublikasının Milli Məclisinə xəbər verməlidir.
6.3. Müvəkkilin toxunulmazlığına yalnız Azərbaycan Respublikası baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə xitam verilə bilər.
6.4. Müvəkkilin toxunulmazlığı həmçinin onun mənzilinə, xidməti otağına, nəqliyyat və rabitə vasitələrinə, poçt-teleqraf yazışmalarına, şəxsi əmlakına və sənədlərinə də şamil edilir.
6.5. Müvəkkil işləmiş şəxs vəzifədən getdikdən sonra müvəkkil səlahiyyətlərini həyata keçirdiyi dövrdəki fəaliyyətinə və söylədiyi fikirlərə görə toxunulmazdır. Bu dövrdə törətdiyi cinayətlərə və məhkəmə qaydasında inzibati tənbeh tədbirləri nəzərdə tutulmuş hüquq pozuntularına görə həmin şəxsin məsuliyyətə cəlb edilməsi bu qanunun 6.3-cü maddəsində müəyyən olunmuş qaydada həyata keçirilir.
Maddə 7. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi
7.1. Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
7.1.1. müvəkkilə aid tələblər pozulduqda;
7.1.2. müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə.
7.2. Azərbaycan Respublikası Milli Məclisinin iclasında aşağıdakı hallar elan edildikdə, Azərbaycan Respublikası Milli Məclisinin sədri öz sərəncamı ilə müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verir:
7.2.1. müvəkkil vəfat etdikdə;
7.2.2. müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
7.2.3. müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.
7.3. Müvəkkilin səlahiyyətlərinə vaxtından əvvəl xitam verildikdə, Azərbaycan Respublikasının Prezidenti 30 gün müddətində Azərbaycan Respublikası Milli Məclisinə yeni müvəkkilin seçilməsi üçün üç şəxsin namizədliyini təqdim edir. Azərbaycan Respublikasının Milli Məclisi 15 gün müddətində müvəkkilin seçilməsi ilə bağlı müvafiq qərar qəbul edir.
II fəsil. İnsan hüquqlarının pozulmasına dair şikayətlərə baxılması
Maddə 8. İnsan hüquqlarının pozulmasına dair şikayətlərin verilməsi qaydası
8.1. Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, hüquqi şəxslərin (bundan sonra «ərizəçi» adlandırılacaq) insan hüquqlarının pozulmasına dair şikayətlərinə baxır.
8.2. Şikayəti insan hüquqları pozulmuş şəxsin razılığı ilə üçüncü şəxslər, o cümlədən qeyri-hökumət təşkilatları verə bilərlər. İnsan hüquqları pozulmuş şəxsin razılığını almaq mümkün olmadıqda (həmin şəxs vəfat etdikdə, fəaliyyət qabiliyyətini itirdikdə və s.), şikayəti üçüncü şəxslər və ya qeyri-hökumət təşkilatları razılıq almadan da verə bilərlər.
8.3. Dövlət orqanları müvəkkilə şikayət verə bilməzlər.
8.4. Şikayət ərizəçinin hüquqlarının pozulduğu və ya ona bu barədə məlum olduğu gündən bir il müddətində verilə bilər.
8.5. Cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslər tərəfindən ünvanlanmış şikayətlər senzuradan keçirilmədən 24 saat müddətində müvəkkilə göndərilməlidir.
Maddə 9. İnsan hüquqlarının pozulmasına dair şikayətin məzmunu
9.1. İnsan hüquqlarının pozulmasına dair şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilməli, eləcə də ərizəçinin hüquqlarını pozmuş qərar və ya hərəkətin (hərəkətsizliyin) mahiyyəti, şikayətin tərtib edilmə yeri, vaxtı və ərizəçinin imzası olmalıdır. Şikayətlə bağlı başqa materiallar və ya məhkəmə tərəfindən çıxarılmış qərar olduqda, şikayətə əlavə edilə bilər.
9.2. Şikayətdə ərizəçinin adı, atasının adı, soyadı, ünvanı göstərilmədikdə müraciət anonim hesab edilir və həmin şikayətlərə, bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, baxılmır.
9.3. Anonim şikayətdə göstərilən hallar kifayət qədər sübutlu və əsaslı faktlarla təsdiq edilirsə, həmin şikayətlər müvəkkil tərəfindən baxılmaq üçün qəbul edilə bilər.
9.4. Şikayət şifahi verildikdə müvəkkil aparatının işçisi şikayətin məzmununu xüsusi blankda qeyd edir və ərizəçi həmin vərəqi imzalayır.
9.5. Ərizəçinin xahişi ilə müvəkkil onun barəsində məlumatları gizli saxlamalıdır.
Maddə 10. İnsan hüquqlarının pozulmasına dair şikayətlə bağlı qərarın qəbul edilməsi
10.1. Ərizəçi tərəfindən insan hüquqlarının pozulmasına dair şikayət daxil olduqda, müvəkkil aşağıdakı qərarlardan birini qəbul edə bilər:
10.1.1. şikayət baxılmaq üçün qəbul edilsin;
10.1.2. şikayətə baxılmasından imtina edilsin.
10.2. Müvəkkil şikayətə baxılmasından imtina etdiyi halda ərizəçiyə 10 gün müddətində yazılı şəkildə əsaslandırılmış cavab verir.
Maddə 11. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmasından imtina edilməsi üçün əsaslar
11.1. Müvəkkil aşağıdakı hallarda şikayətə baxmır:
11.1.1. bu qanunun 8.4-cü maddəsinin tələbləri pozulduqda;
11.1.2. şikayət müvəkkilin səlahiyyətlərinə aid olmadıqda;
11.1.3. bu qanunun 9.3-cü maddəsində göstərilən hallar istisna olmaqla, şikayət anonim olduqda;
11.1.4. şikayətlə bağlı məhkəmə icraatı getdikdə;
11.1.5. təkrar təqdim edilmiş şikayətdə yeni məlumatlar, faktlar və sübutlar olmadıqda.
Maddə 12. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılma qaydası
12.1. Müvəkkil insan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı barəsində şikayət verilən orqanın və ya vəzifəli şəxsin həmin şikayətlə bağlı mülahizələrini öyrənməlidir. 10 gün müddətində mülahizə müvəkkilə təqdim edilməlidir.
12.2. İnsan hüquqlarının pozulmasına dair şikayətdə əks etdirilmiş halların araşdırılması zamanı müvəkkilin aşağıdakı hüquqları vardır:
12.2.1. maneəsiz və əvvəlcədən xəbərdarlıq etmədən dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarına, hərbi hissələrə, cəzaçəkmə müəssisələrinə, istintaq təcridxanalarına, müvəqqəti saxlanılma yerlərinə daxil olmaq; cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, müvəqqəti saxlanılma yerlərində saxlanılan şəxslərlə görüşmək və təkbətək söhbət etmək; onların həmin yerlərdə saxlanılmasının qanuniliyini təsdiq edən sənədlərlə tanış olmaq;
12.2.2. dövlət hakimiyyəti və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən zəruri məlumat, sənəd və materialları 10 gün müddətində almaq;
12.2.3. cinayət, mülki və inzibati işlərə dair qanuni qüvvəyə minmiş qərarlarla, həmçinin cinayət işlərinin başlanmasının rədd edilməsi barədə materiallarla tanış olmaq;
12.2.4. şikayətin araşdırılması zamanı vəzifəli şəxslərdən yazılı arayışlar almaq;
12.2.5. şikayətdə əks etdirilmiş halların yoxlanılması üçün müvafiq orqanlara tapşırıq vermək (yoxlama, qərarından və ya hərəkətindən (hərəkətsizliyindən) şikayət edilən orqana və ya vəzifəli şəxsə tapşırıla bilməz);
12.2.6. müvafiq dövlət orqanları və təşkilatlarına ekspert rəyinin hazırlanmasını tapşırmaq;
12.2.7. dövlət və yerli özünüidarə orqanlarının rəhbərləri və digər vəzifəli şəxsləri, hərbi hissələrin komandirləri, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının və müvəqqəti saxlanılma yerlərinin rəhbərliyi tərəfindən təxirəsalınmadan qəbul edilmək.
12.3. İnsan hüquqları pozulmuş şəxsin razılığı ilə xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda və ya öz hüquqlarını müstəqil şəkildə müdafiə etmək qabiliyyəti olmayan şəxslərin maraqlarına toxunulduğu hallarda müvəkkil öz təşəbbüsü ilə araşdırma apara bilər.
12.4. Araşdırma zamanı şikayətdə qeyd olunmayan digər hallar aşkar edilərsə, araşdırma müvəkkilin səlahiyyətlərinə aid olduqda onun tərəfindən aparılır, onun səlahiyyətlərinə aid olmadıqda isə materiallar digər səlahiyyətli dövlət orqanlarına göndərilir.
12.5. Şikayətə 30 gün müddətində baxılır. Şikayətə baxmaq üçün əlavə yoxlama aparmaq və ya material tələb etmək zərurəti yarandıqda müraciətə baxılma müddəti 30 gün də uzadıla bilər. Ərizəçinin yazılı razılığı ilə əlavə yoxlama aparmaq lazım gəldiyi halda müraciətin baxılma müddəti yenidən uzadıla bilər.
Maddə 13. İnsan hüquqlarının pozulmasına dair şikayətə baxılmanın nəticələri
13.1. Müvəkkil şikayətə baxılması ilə bağlı görülmüş tədbirlər və nəticələr barədə 5 gün müddətində ərizəçiyə yazılı surətdə məlumat verir.
13.2. Müvəkkil şikayətin araşdırılması zamanı insan hüquqlarının pozulması hallarını aşkar etdikdə, aşağıdakı tədbirləri həyata keçirə bilər:
13.2.1. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş dövlət və yerli özünüidarə orqanlarından, vəzifəli şəxslərdən həmin hüquqların bərpasını tələb etmək (müvafiq orqanlar, vəzifəli şəxslər 10 gün müddətində müvəkkilə görülən tədbirlər barədə yazılı surətdə məlumat verməlidirlər. Məlumat verilmədiyi və ya müvəkkilin tələbləri həyata keçirilmədiyi hallarda müvəkkil həmin təşkilatın yuxarı orqanına və ya digər dövlət orqanlarına müraciət edə bilər);
13.2.2. cinayət əlamətləri aşkar edildikdə müvafiq orqanlara cinayət işinin başlanması barədə müraciət etmək;
13.2.3. əlavə kassasiya qaydasında şikayət etmək hüququna malik olan subyektlərə müraciət etmək;
13.2.4. qərar və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində insan hüquqlarını pozmuş vəzifəli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi barədə müvafiq orqanlara təkliflər vermək;
13.2.5. insan hüquqlarının pozulması ilə əlaqədar aparılmış yoxlamaların nəticələri ilə kütləvi informasiya vasitələrini tanış etmək;
13.2.6. insan hüquqlarının pozulması xüsusi ictimai əhəmiyyət kəsb edən hallarda onların bərpası üçün müvəkkilin səlahiyyətlərində olan təsir imkanları kifayət etmədikdə, Azərbaycan Respublikasının Prezidentinə müraciət etmək, Azərbaycan Respublikasının Milli Məclisi qarşısında məruzə ilə çıxış etmək;
13.2.7. dövlət və ya yerli özünüidarə orqanının, vəzifəli şəxsin qərarı və ya hərəkəti (hərəkətsizliyi) nəticəsində pozulmuş hüquqların bərpası üçün məhkəməyə müraciət etmək;
13.2.8. şəxsin hüquqları qüvvədə olan normativ aktlarla pozulduqda Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə sorğu ilə müraciət etmək.
Maddə 14. Müvəkkilin illik məruzəsi
14.1. Cari il bitdikdən sonra 2 aydan gec olmayaraq müvəkkil ölkədə insan hüquqlarının qorunması haqqında Azərbaycan Respublikası Prezidentinə illik məruzəni təqdim edir və həmin məruzə ilə Azərbaycan Respublikası Milli Məclisi qarşısında çıxış edir.
14.2. İllik məruzədə insan hüquqlarını pozan müvəkkilin tələbləri ilə hesablaşmayan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin adları çəkilir və bununla əlaqədar görülmüş tədbirlər barədə məlumat verilir.
14.3. Müvəkkilin illik məruzəsində insan hüquqlarının təmin edilməsi ilə əlaqədar ümumi fikir, rəy və tövsiyələr öz əksini tapmalıdır.
14.4. İllik məruzə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə və Azərbaycan Respublikasının baş prokuroruna göndərilir.
14.5. Məruzə «Azərbaycan» qəzetində və «Azərbaycan Respublikasının qanunvericilik toplusu»nda dərc olunur.
Maddə 15. Müvəkkilin bəzi məlumatları gizli saxlaması
15.1. Müvəkkilin fəaliyyəti ilə əlaqədar ona məlum olmuş dövlət sirri təşkil edən məlumatların mühafizəsi «Dövlət sirri haqqında» Azərbaycan Respublikası Qanununa müvafiq surətdə həyata keçirilir.
15.2. Şikayətdə əks etdirilmiş halların müvəkkil tərəfindən araşdırılması zamanı ərizəçilərin şəxsi və ailə həyatı barədə bəlli olmuş məlumatların yayılmasına onların razılığı olmadan yol verilmir.
III fəsil. Müvəkkilin fəaliyyətinin təşkili və təminatları
Maddə 16. Müvəkkilin sosial, maliyyə və digər təminatları
16.1. Müvəkkil Azərbaycan Respublikası Milli Məclisi sədrinin birinci müavininin aylıq əmək haqqına bərabər məbləğdə əmək haqqı alır.
16.2. Müvəkkil hərbi çağırışdan və hərbi toplantıdan azad edilir.
16.3. Müvəkkilə səlahiyyət müddəti ərzində diplomatik pasport verilir.
16.4. Müvəkkilə Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən olunmuş qaydada məzuniyyət verilir.
16.5. Müvəkkilin səlahiyyət müddəti onun ümumi, xüsusi və fasiləsiz iş stajına daxil edilir.
16.6. Müvəkkil məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı məbləğində ona pul təminatı verilir.
16.7. Vaxtından asılı olmayaraq müvəkkil vəzifəsində işləmiş şəxs pensiya yaşına çatdıqda hazırkı dövrdə müvəkkil üçün müəyyən edilmiş vəzifə maaşının 80 faizi məbləğində pensiya alır.
Maddə 17. Müvəkkilin aparatı
17.1. Müvəkkilin fəaliyyətinin hüquqi, təşkilati, elmi-analitik, informasiya, maddi-texniki, maliyyə və təsərrüfat təminatının həyata keçirilməsi üçün onun aparatı yaradılır.
17.2. Müvəkkilin aparatı üzərində Azərbaycan Respublikasının Dövlət gerbi təsvir olunmuş möhür və blanklara malikdir.
17.3. Aparat müvəkkil tərəfindən təsdiq olunan «Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin aparatı haqqında» Əsasnaməyə uyğun fəaliyyət göstərir.
17.4. Müvəkkilin aparatının strukturu, ştat cədvəli və smeta xərcləri müvəkkil tərəfindən müəyyən edilir.
Maddə 18. Müvəkkil aparatının işçilərinin hüquq və vəzifələri
18.1. Müvəkkilin aparatının işçilərini müvəkkil işə götürür və işdən azad edir.
18.2. Müvəkkil aparatının işçilərinin hüquqları, vəzifələri və məsuliyyəti Azərbaycan Respublikasının Əmək Məcəlləsi, «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının digər qanunvericilik aktları ilə müəyyən edilir.
Maddə 19. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi
19.1. Müvəkkilin və onun aparatının fəaliyyəti Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına maliyyələşdirilir.
19.2. Müvəkkilin fəaliyyətinin maliyyələşdirilməsi üçün ayrılan illik vəsait ötən maliyyə ilinə nisbətən azaldıla bilməz.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 28 dekabr 2001-ci il
№ 246-IIKQ.
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 115) («LegalActs» LLC).
© LegalActs LLC